Rosnano qurumun keçmiş rəhbəri Anatoli Çubays və onunla birlikdə çalışmış 7 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.
TASS xəbər verir ki, Moskva Arbitraj Məhkəməsi Rusnanonun iddiası əsasında Çubays və daha 7 nəfərə məxsus 5,6 milyard rubl məbləğində vəsaitə həbs qoyub. Rusnano bu addımın dövlət şirkətinə dəymiş ziyanın ödənilməsi zərurəti ilə bağlı olduğunu iddia edir.
Rosnano ASC-nin xüsusi tapşırıqlar üzrə direktoru Yevgeni Frolov bildirib ki, iddia “Plastik Məntiq” layihəsinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsinə yönəlib və layihənin maliyyələşdirilməsi ilə bağlı qərarlar qəbul edən şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlib:
“2009-cu ildə Rusiyada çevik planşetlərin istehsalının yaradılması və ölkənin təhsil müəssisələrində tətbiqi məqsədi ilə başlanan layihə ilkin məqsədlərinə çatmadı. 2012-ci ildə bu zavodun açılmasından imtina edilsə də, investisiyalardan müsbət təsirlərin olmamasına və onların qaytarılmamasına baxmayaraq, maliyyələşdirmə 10 ildən artıq davam edib”.
Qeyd edək ki, A. Çubays Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin ilk günlərindən etiraz olaraq ölkəni tərk edib. Onun bu mövqeyinə görə cəzalandırılması tələbləri dəfələrlə yüksək səviyyədə səsləndirilib.