İcbari tibbi sığortanın tətbiqi bölgələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etsə də, bəzi tibb müəssisələrində müayinə aparatlarının işləmədiyi barədə şikayətlər var. Dünən Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Rüxsarə Salmanova Facebook sosial şəbəkə hesabında iş otağında olan rentgen aparatının işləmədiyini, onun təmiri üçün müraciətlərinin bu günədək cavabsız qaldığı barədə paylaşım edib. Onun sözlərinə görə, iki ilə yaxındır skopiya aparatı işləmir və heç kim də problemin həllinə təşəbbüs göstərmir. R.Salmanova iddia edib ki, 44 günlük müharibədən sonra qazilərin müayinəsi üçün bu aparat çox işlədildiyindən xarab olub.
TEREF.AZ bildirir ki, Sputnik Azərbaycan faktı araşdırmaq üçün Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədovla əlaqə saxlayıb.
Baş həkim Sputnik Azərbaycan-a bildirib ki, hazırda Bərdə Mərkəzi Xəstəxanası Bərdə rayonu ilə yanaşı bir neçə rayonun sakinlərinə tibbi xidmət göstərir. R.Salmanovanın kabinetində olan rentgen aparatını ümumi xəstəxanada rentgen aparatının işləməməsi kimi təqdim etməsi düzgün deyil. Bərdə rayon Mərkəzi Xəstəxanasında 4 ədəd stasionar rentgen, 2 ədəd portativ rentgen və 1 ədəd C-qol fəaliyyət göstərir.
Baş həkimin sözlərinə görə, R.Salmanovanın otağında olan rentgen aparatının istifadə müddəti başa çatıb. Aparatın balans dəyəri elə həddə düşüb ki, onun təmirinə maliyyə ayırmaq sərfəli deyil. Amma hazırda xəstəxanada 7 rentgen aparatı mövcuddur və sözügedən xarab aparatı təmir etməyə ehtiyac yoxdur. Şikayətçi həkimə rentgen aparatı olan otaqlarda növbəli işləmək təklif olunsa da o, bununla razılaşmayıb, öz otağı üçün ayrıca aparat qoyulmasını tələb edib.
"R.Salmanova istəyir ki, öz otağında ayrıca rentgen olsun və orda xəstələri qəbul etsin. Çünki, o koronavirusun yayıldığı dövrdə otağında xəstələri rentgen müşahidəsindən keçirməklə yanaşı onlara resept də yazıb. Bu isə qanuna görə yolverilməzdir. Biz buna imkan vermədiyimizdən, o, narazı qalıb", - deyə Baş həkim bildirib.
V. Məmmədov bildirib ki, xəstəxanaya quraşdırılan rentgenlərin birinin qiyməti 200 min manatdan bahadır.
"Biz heç iki ay deyil ki, həmin rentgeni alıb xəstələrin istifadəsinə vermişik. İndi təkrar hər həkimin otağına ayrıca rentgen alınmasına nə ehtiyac var? Digər rentgenlərin də dəyişdirilməsi üçün müraciət olunub. Onlar işlək olsa da, gələcəkdə onları da yeniləyəcəyik", - deyə V. Məmmədov bildirib.
Baş həkim bildirib ki, indiyədək heç bir pasiyent rentgendən keçə bilmədiyinə görə şikayət etməyib: "Bərdə Rayon Mərkəzi xəstəxanası 24 saat işləyir. Hətta Tərtər, Ağcabədi, Ağdamdan avtoqəza keçirənlər gecə saatlarında belə gəlsə Xəstəxanada rentgen müayinəsi ilə təmin olunurlar".
V. Məmmədov şikayət edən R. Salmanovanın işə gəlmədiyini də vurğulayıb. Bildirib ki, R.Salmanova xəstəlik vərəqəsi açdıraraq gedib Sumqayıtda hansısa özəl xəstəxanada çalışır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bərdə RMX-da ümumilikdə 4 stasionar rentgen, 2 portativ rentgen, 1 C-qol rentgen aparatı vətəndaşların xidmətindədir. 2021-ci ildən etibarən tibb müəssisələrində struktur dəyişiklik aparılıb. Aparılan struktur dəyişikliyinə əsasən 2021-ci ilin sonundan etibarən Bərdə Müalicə Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına birləşdirilib və xəstəxananın tabeliyində fəaliyyət göstərir. Aparatlardan 1 C-qol və 1 stasionar rentgen cihazı Bərdə RMX-nın 6-cı korpusunda (yəni keçmiş Bərdə Müalicə Diaqnostika Mərkəzi), digər 2 portativ, 3 stasionar rentgen aparatı isə xəstəxananın binasında yerləşir. Vətəndaşlar sözügedən tibb müəssisəsinə müraciət edərək icbari tibbi sığorta çərçivəsində ixtisaslı həkimin tibbi göstərişinə əsasən rentgen müayinəsindən istifadə edə bilərlər.
TƏBİB-dən o da bildirilib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında hazırda ümumilikdə 4 stasionar rentgen, 2 portativ rentgen, 1 C-qol rentgen aparatı vətəndaşların xidmətindədir. Vətəndaşların ixtisaslı həkimin tibbi göstərişinə əsasən rentgen müayinəsindən istifadə etməsi üçün avadanlıq çatışmazlığı mövcud deyil. Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-rentgenoloqu Rüxsarə Salmanovaya da hazırda mövcud olan rentgen kabinetlərdə fəaliyyət göstərməsi təklif olunub.