Bakı Nəqliyyat Agentliyi texniki dəstək xidməti ilə bağlı tenderin nəticələrini elan edib.
DİA.AZ xəbər verir ki, qalib "Smartech System" MMC seçilib.
Tenderin dəyəri 2 166 480 manatdır.
Bağlanılacaq müqaviləyə əsasən “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” nəzərdə tutulur.
Xatırladaq ki, "Smartech System" MMC eyniadlı tender üzrə BNA-dan 2021-ci ildə 3 249 720 manatlıq sifariş alıb (24.08.2021)
Amma bu da BNA şefi Vüsal Kərimlinin "Smartech System" MMC-yə son "məhəbbət izharı" deyil və buna qədər də - 2020-ci ilin avqustunda BNA-dan eyni şirkətə milyonlar peşkəş edilib. Bunun isə başqa adı yoxdur, hər halda...
2020-ci ilin avqust ayında açıqlanan məlumatda qeyd olunurdu ki, Bakı Nəqliyyat Agentliyi “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 (on iki) aylıq texniki dəstək xidməti üzrə elan etdiyi tenderin qalibi məlum olub.
Tenderin qalibi “Smartech System” MMC olmuşdu və BNA texniki dəstək xidmətinin göstərilməsi üçün “Smartech System” MMC ilə 2 milyon 166 min 480 manatlıq müqavilə bağlamışdı.
DİA.AZ bildirir ki, hər halda bu faktlar gərəkən qurumlar tərəfindən araşdırma mövzusu ola bilər. Ən azından hüquqi qiymətin verilməsi baxımından... Normalda isə prosesə DÖVLƏT MÜDAXİLƏSİ zərurəti mövcuddur.
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...