Deyəsən, bu məsələ 3 məhkəmə hakiminin və 1 məhkəmə sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə nəticələnəcək.
İrandan Naxçıvan üzərindən Şirvana gələn narkotik kimindir..?
Şirvanda “BAYRAM” tədbiri – Narkotacir Samir azadlığa çıxdı...
Bəs, dövlət ittihamçısı niyə ağzına su alıb susdu, protest vermədi..?
Sözün düzü, dövlətimizin bütün sferalarında az-çox islahatlar nəzərə çarpır. Amma min təəssüf ki, məhkəmə-hüquq sistemində islahatın izi-tozu da hiss olunmur. Bir neçə gün öncə uzun illər, daha dəqiq desək 18 il ( 2005-ci ildən ) Azərbaycanın “Baş hakimi” olan, Ali Məhkəmənin sədri Ramiz Rzayev vəzifəsindən azad edildi. Amma ondan sonra ölkənin məhkəmə sistemində deputatların dili ilə desək, fəlakətli durum qaldı. Bəli, məhz fəlakətli durum....
Təsəvvür edirsiniz, birinci instansiya məhkəməsi kiməsə 7 il cəza verir və...yuxarı instansiya məhkəməsi həmin şəxsi azadlığa buraxır. Ortada ciddi arqument, sübut-dəlil də yoxdir. Əgər yuxarı instansiya məhkəməsi haqlıdırsa, birinci instansiya məhkəməsinin hakimi, yaxud müstəntiqlər niyə qanun qarşısında cavab vermirlər..?
Yox, birinci instansiya məhkəməsi ədalətli qərar veribsə, yuxarı instansiya məhkəməsi hansı əsasla 7 il cəza verilən şəxsi azadlığa buraxır..?
Bu dediyimiz misal dənizdən damla kimidir ee....
Hələ məhkəmə sistemində elə iyrənc bazarlıqlar, ədalətsizliklər baş verir ki, bəlkə də bəşər tarixində belə hallar olmayıb...
Nə isə, sözün qısası, məhkəmə sistemimiz ağlamalı gündədir.
Yeri gəlmişkən, məhkəmə sisteminin bu gündə olmasının başlıca səbəblərindən biri də bəzi məmur-oliqarx ordusudur.
Bəli, bəzi milyonçu məmurlar "əziyyət çəkib" öz qohum-əqrəbalarını, məhkəmə sisteminə doldurublar. Və bəzi hakimlər də məmurların “buyruqçu”suna çevrilib. Baxın, araşdırın, görün belə hakimlərdən neçəsi bu gün həbsxana həyatı yaşayır.
Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun, ölkənin məhkəmə sistemində, böyük bir şəbəkəsi var. Onlardan biri də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevdir. Əgər şübhəniz varsa, onun tərcümeyi-halına nəzər salın. Vəli Abdullayev 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir.
İndi inandınızmı, Vəli Abdullayev Vasif Talıbovun kadrosudur.
İndi gəlin ikinci məsələyə nəzər salaq. Adətən, narkotiklərin qanunsuz dövriyyəsindən və satışından söhbət düşəndə, Cənub zonasına diqqət yönəlir. Amma çoxları bilmir ki, narkotik dövriyyəsinin yetərli hissəsi İrandan gələrək Naxçıvan üzərindən Azərbaycana, Şəkiyə, Bakıya, Şirvana yayılır...
Bəli, Vasif Talıbovun şəbəkəsi İrandakı dostları vasitəsilə Azərbaycana uzun illərdir ki, “mal” daşıyır. Bu narkotiklərin əsas istifadəçilərindən, satışı ilə məşğul olan məkanlardan biri də Şirvan şəhərdir.
İndi əsas mətləbə keçə bilərik. İnsaf naminə qeyd edək ki, ölkəmizdə istər DTX, istərsə də DİN tərəfindən narkotacirlərə qarşı aparılan mübarizə son zamanlar özünü daha kəskin şəkildə biruzə verir. İstər DTX-nın, istərsə də DİN-in rəhbərliyi altında son illər narkoşəbəkələrə, narkotacirlərə qarşı qəti, hətta amansız mübarizə gedir. Hüquq Mühafizə Orqanlarımızın işçliəri min bir çətinliklə, riskə gedərək narkotik alverçilərini həbs edir və iş sonda məhkəməyə gəlib çıxır. Sonu dəhşətli bir mənzərə.
Bəli, bir müddət əvvəl Şirvan şəhərində özünü blogger, müxalifətçi hesab edən, əslində narkotacir olan İqbal Mikayılov adlı biri narkotik maddə ilə həbs olunmuşdu.
Yeri gəlmişkən, onun sürücüsü, narkotacitlər arasında böyük nüfuza malik olan, geniş narkotik şəbəkəsinin rəhbərləri ilə əlaqəli olan, narkotacirlər arasında kod adı "BNT" kimi tanınan Samir Qasımov nəzərdə tutulur. Həmin o Samir Qasımov ki, bir müddət öncə, Şirvan polisləri tərəfindən külli miqdarda narkotiklə saxlanılmışdı. Və onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüşdü, hətta Samir Qasımova qarşı CM-nin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüşdü. Və Şirvan əhli sevinirdi ki, narkotikə qarşı mübarizə davam edir. Amma...
Əmması odur ki, qısa müddət sonra İqbal Mikayılov azadlığa buraxıldı. Hələ bu harasıdır..?
İqbalın sürücüsü kimi tanınan narkotacir Samir Qasımovu da azadlığa buraxıblar.
Təsəvvür edirsiniz, barəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılan, birinci instansiya məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilən Samir Qasımovu Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev ( işə baxan hakim İsmayıl Əhmədov ) elə məhkəmə zalından azadlığa, ev dustaqlığına buraxır. Bir soruşan yoxdur ki, axı bu adama qarşı ən ağır maddə ilə, külli miqdarda narkotiklə ( bəlkə də neçə ton ) tutulmağa görə, cinayət işi açılıb və barəsində məhkəmə hökmü var. Heç nə olmamış kimi onu azadlığa buraxmağın bircə adı var: CİNAYƏT ƏMƏLİ. Görəsən, Vəli Abdullayev hansı bazarlığın hesabına Samir Qasımovu ev dustaqlığına buraxıb..? Bəlkə, qohumu Vasif Talıbov tapşırıb..?
Şahidlərin dediyinə görə, Samir Qasımovun çıxmasını gözləyən İqbal Mikayılov məhkəmənin qarşısında ağlayırmış. Hər şeyi, haqq-ədaləti-filanı bir tərəfə qoyaq. Axı, bu təhükəli cinayətkarları Şirvan Polisinin cəsarətli əməkdaşları min bir çətinliklə, riskə gedərək həbs edirlər və....sonra Şirvan Apelyasiya Məhkəməsinin sədri açıb buraxır. Bu insanlar arasında polisin nüfuzuna vurulan ağır zərbədir. Bu təkcə polisin nüfuzuna deyil e, Azərbaycan dövlətinin nüfuzuna zərbədir. Görəsən, bunu Vasif Talıbovun qohumu Vəli Abdullayev başa düşmür..?
Bəlkə, bu qohumlar bunu bilərəkdən edirlər....
Şahidlərin dediyinə görə, İqbal Mikayılovun və Samir Qasımovun azadlığa çıxmasında xidməti olanlardan biri də, yəni “işi düzüb qoşan”lardan biri də Vəli Abdullayevin işçisi kimi tanınan Rafiq adlı şəxsdir. Rafiqin atası aktiv müxalifətçidir, özü isə Şirvan Apelyasiya Məhkəməsində dəftərxanada çalışır.
Şahidlərin dediyinə görə, Rafiq-İqbal cütlüyü hər gün Vəli Abdullayevin kabinetində nəsə müzakirə edirlər. Hətta deyilənə görə, Vəli Abdullayev deyirmiş ki, gəlin Samir Qasımovu buraxaq, yoxsa İqbal Mikayılov hay-küy salacaq.
Bəli, İqbal Mikayılov rayonda narkotikə görə tutulanları Rafiqin, Vəli Abdulalyevin əli ilə buraxdırır və özünün narkotik satışını onların əli ilə davam etdirir. Bir sözlə, "mafiya" işini davam etdirir. Sözün düzü, Vəli Abdullayevin məhkəmənin nüfuzuna vurduğu zərbəni anladıq. Bəs məhkəmə zalında oturan dövlət ittihamçısı niyə ağzına su alıb susub, niyə bu boyda cinayətə qarşı protest verməyib..?
Görürsünüzmü, məsələ heç də sadə deyil...
Bəli, Şirvanda narkoşəbəkənin başında duran İqbal Mikayılov və “kliçkası”-kod şifrəsi BNT ( Böyük Narko Tacir ) olan Samir Qasımov azadlıqdadır. Bu kimlər üçünsə bayramdlr. Amma Şirvan sakinləri üçün fəlakət deməkdir. Buyurun, dünəndən Şirvandan, Hacıqabuldan, Sabirabaddan, Saatlıdan, Masallıdan, Lənkərandan və Azərbaycanın başqa yerlərindən olan bütün narkotacirlər İqbal Mikayılovun fermasındakı ofisində bütün qonaqları qarşılayırlar. Şirvandan olan məlumatlı şəxslər bildirirlər ki, dünəndən Samir Qasımov həbsxanadan çıxan dəqiqədən narkotik satıcıları çox fəallaşıblar. Hətta onlardan bəziləri deyiblər ki, böyüyümüzü tutub buraxdılar, artıq hamı bizim tərəfimizdədir, sərbəst fəaliyyət göstərə bilərik. Polisin bizimlə işi olmayacaq. Samir Qasımovun ətrafında olan şəxslərdən biri deyib ki, İqbal Mikayılovu bu gündən etibarən rəis deyə çağırın, çünki rəis İqbal Mikayılovu və narkobaron Samir Qasımovu həbs elədi, İqbal Mikayılov həm özünü, həm də narkobaron Samir Qasımovu həbsdən ev dustaqlığına çıxartdı.
Görəsən, Şirvan Apelyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədov hansı qlobal imtiyaz tapıb ki, Samir Qasımovu həbsdən azad edib? İctimaiyyət arasında belə bir söz-söhbət varki, biz dərhal bu hadisə ilə bağlı ölkə başçısına müraciət edəcəyik. Əgər, ictimaiyyət nümayəndələri narkobaronun azadlığa çıxmasından narahatdırlarsa, bu məsələ ictimailəşdirilməli və əsl günahkar cəzasını almalıdır.
Deyəsən, bu məsələ 3 məhkəmə hakiminin və 1 məhkəmə sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə nəticələnəcək.
Sonda üzümüzü dövlət rəsmilərinə tutub deyirik:
Cənab nazir !
Cənab Ali Məhkəmənin sədri !
Cənab Məhkəmə-Hüquq Şurasının sədri !
Və digər cənablar !
Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin əməllərinə son qoyun. Ölkəmizin böyük bir bölgəsi olan Şirvanda gənclərin narkotiklə zəhərlənməsinə imkan verməyin.