Bələdiyyə sədri DİN-ə, DTX-ya və Baş prokurorluğa müraciət etdi...
Bir müddət öncə, Azərbaycanda fəaliyyət göstərən aparıcı internet televiziyalarından olan Bakı TV.az İntetnet Televiziyasında diqqətimi bir xəbər cəlb etdi. Həqiqətən, yazının yükü o qədər ağır idi ki, mən o yazını qələmə almaya bilməzdim.
Mövzu yaranmış sosial problemin, cavabdeh şəxslərə seçicilərinin yazılı müraciəti əsasında qaldırılması və vəzifəli şəxslərin Hüquq Mühafizə Orqanlarının rəhbərləri tərəfindən təzyiqə məruz qalması ilə bağlıdır.
Yazıya giriş olaraq qeyd edə bilərik ki, qoy bilməyənlər də bilsin, biri var TƏYİNAT-lı vəzifə, biri də var SEÇKİ-li vəzifə...
Lap loru dildə izah edək. Bir var kəndin SEÇKİ yolu ilə seçilmiş BƏLƏDİYYƏ SƏDRİ və...həmin kəndin aid olduğu bütün rayonun TƏYİN olunan İCRA BAŞÇISI...
Təsəvvür edirsiniz, KƏND və RAYON...
Amma birinci seçilib, ikinci təyin olunub... Yəni birinci ikincidən üstündür.... Nə isə mövzudan uzaqlaşmayaq...
Təsəvvür edirsiniz, sıradan bir məmur olan QAİ-şnik cəmiyyət tərəfindən SEÇİLMİŞ bələdiyyə sədrinə deyir ki, əlini burub soxaram dalına....
Görəsən, böyük bir kəndin bələdiyyə sədrinin günahı nədir ki, QAİ-şnik ona belə tərbiyəsiz söz deyir... Yol polisinin belə bir ağır söyüş işlətməsi çox ciddi məsələdir...
Bizim bu problemin dərin qatlarına enməyə həvəsimiz və vaxtımız yoxdur...amma ciddi məsələdir...
Birincisi, belə bir ağır söyüşü nəinki seçkili orqanın nümayəndəsi olan Bələdiyyə sədrinə, hətta adi vətəndaşa da qarşı işlətmək olmaz. Gəlin görək, binəva Bələdiyyə sədrinin günahı nədir ki, QAİ-şnik ona deyir ki, əlini burub soxaram....
Deməli, İmişli rayonunun Xoşçobanlı və Murğuzalılı kəndinin 61 sakini Xoşçobanlı Bələdiyyəsinin sədri Vüqar Bağırova müraciət edərək yazıblar: Yazıb sizə məlum edirik ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2014-2015-ci illərdə istifadəyə verilmiş Otuziki, Xoşçobanlı, Muğuzalılı, Mürsəlli, Qaraqaşlı kəndləri arasından keçən kəndarası yollar əsaslı təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Yolumuzun əsaslı təmir olunmasına köməklik göstərdiyinə görə cənab Prezidentimizə öz təşəkkürümüzü bildiririk. Ancaq təəssüflər olsun ki, ağır tonnajlı yük maşınları ( şaqmanlar) əsas magistral yolda qurulan tərəzilərdən gizlənərək yüklərin kəndarası yoldan keçməklə daşıyırlar, bunun nəticəsində kəndarası yollar ağır yüklərə davam gətirməyərək sıradan çıxır və məhv olub gedir.
Xahiş edirik ki, bu məsələ barədə aidiyyəti dövlət qurumlarına məlumat verəsiz və təcili tədbir görəsiz. Sakinlərin müraciətindən sonra bələdiyyə sədri Vüqar Bağırov icra nümayəndəsinin müavini Asif Əlişovla birgə sakinlərin şikayətini İmişli Rayon Yol Polisi İdarəsinin rəisi Eldəniz İmamyarova çatdırmaq üçün 2 dəfə qəbula getsələr də rəis onları qəbul etməyib. Axırda məcbur olub rayon prokurorunun qəbuluna gediblər. Prokurorun köməkçisi Fərzi müəllim Eldəniz İmamyarova zəng edərək vətəndaşları qəbul etməsini bildirib. Nəticədə, Eldəniz İmamyarov Vüqar Bağırovla Asif Əlişovu qəbul edərək onlara “ Niyə yalan danışırsınız, siz nə vaxt qəbula gəlmisiniz” deyərək onlarla çox kobud davranıb. Vüqar Bağırov rəisə bildirib ki, iki dəfə gəldik bizi içəri buraxmadılar. Rəis Eldəniz İmamyarov yenə bələdiyyə sədrini və kənd icra nümayəndəsinin müavini təhqir etməyə başlayıb.
Axırda bələdiyyə sədri seçkili orqanın rəhbəri olduğunu deyərək, əlini uzadaraq “Bura dövlət binasıdır, danışığına fikir ver” deyəndə rəisin gül ağzı açılıb və... Və bələdiyyə sədrinə “Əlini burub dalına soxaram... Gedin hara istəyirsinz şikayət edin..” deyərək bələdiyyə sədri ilə icra nümayəndəsinin müavinini qovub. Bələdiyyə sədri və icra nümayəndəsinin müavini bu rüsvayçılıqdan sonra Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, DTX-nın rəisi Əli Nağıyevə müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş ediblər. Bələdiyyə sədri Vüqar Bağırov deyir ki, rəisin məni təhqir etməsi bütün rayona yayılıb, mən seçicilərimin üzünə baxa bilmirəm.
Bələdiyyə sədri onu da deyir ki, bir neçə il əvvəl mən rayonda cənab nazir Vilayət Eyvazovun qəbulunda olmuşam, bizmlə elə mədəni, səmimi, mehriban danışdı ki, edəcəyimiz xahişi də unutduq. Mən nazirdən xahiş edirəm ki, belə kadrları başa salsın ki, insanlarla tərbiyəsiz davranmasınlar. Mən seçicilərimizin, kənd sakinlərinin adından haqqımızı tələb edirəm, rəisi isə pul alaraq ağırtonnajlı maşınları yolumuza yönəldir, yollar dağılır. Bəli, Bələdiyyə sədri Vüqar Bağırov və İcra Nümayəndəsinin müavini Asif Əlişov öz doğma kəndlərinə min bir əzab-əziyyət hesabına çəkilən yolların qorunması üçün müraciət ediblər.
Onlar sözün həqiqi mənasında Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydalara uyğun olaraq, yolun dağılmaması üçün yük avtomobillərinin tərəzidən yayınaraq kənd yolu ilə hərəkət etməsinin qarşısını almaq uğrunda mübarizə aparırlar. Bəs görəsən, ağır tonnajlı yük maşınlarının qaydaları pozaraq, həmin kənd yolundan gizli şəkildə istifadə edərək, yolun dağılması üçün hərəkətlərinin qarşısının alınmamasında mübarizə aparan şəxslər hansı marağı güdür?
Əlbəttə ki, yerli sakinlər özlərinin gələcəyini düşünərək, yolun dağılmamasında maraqlıdırlar. İmişli QAİ-nin rəisi nədə maraqlıdır? Bəs görəsən, baş yoldan oğurlanaraq, gizlin şəkildə kənd yolları ilə ağır tonnajlı maşınlarda kommersiya məqsədi ilə daşınan yüklərin kənd camaatına hansı xeyri dəyə bilər?
Bir məsələni nəzərə çatdıraq ki, maşınların gizlin hərəkətinə şərait yaradan Yol Polisi əməkdaşları qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. İkinci bir tərəfdən yükdaşımalarla bağlı qaydaları pozan sürücülər isə çox yüksək cərimələrə məruz qalmalıdırlar.
Bəli, bu gün xalqın yanında olaraq, onun qaldırdığı məsələnin müdafiə olunması üçün qəbula gedən Bələdiyyə sədrinin qolları burularaq dalına soxulması deyilirsə, deməli İmişlidə problem böyükdür. Belə məsələlərin zamanında araşdırılaraq tədbir görülməsi vacibdir və təxirəsalınmazdır.
Bələdiyyə sədri onu da deyir ki, son günlər akt tərtib edərək bizi tutdurmaq istəyirlər. Görəsən, Bələdiyyə sədri bilmir ki, Azərbaycan hüquqi dövlətdir, onun Konstitusiyası, qanunları, dövlət ərkanı var? Bu haqda növbəti yazımızda.
Biz bir media olaraq ümid edirik ki, dövlət qurumları yaxın zamanda İmişlidən olan Bələdiyyə sədri Vüqar Bağırov və İcra Nümayəndəsi Asif Əlişovun, kənd camaatının onlara ünvanladığı yazılı müraciətlərinə və onlara qarşı edilmiş ədəbsiz hərəkətə görə münasibət bildirəcəklər.