Ardını oxu...
Abşeron rayonunun sürətli məskunlaşma səbəbindən əvvəlcə qəsəbəyə çevrilən, sonra da şəhər statusu alan Xırdalan kəndi ərazisində qanunsuz tikintilər davam etməkdədir. Redaksiyamıza verilən məlumata görə bir qrup dəllal (maklerlər) tərəfindən qanunsuz olaraq tikilən çoxmərtəbəli apartman binalarının sayı son vaxtlar yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Maklerlər əvvəlcə ayrı-ayrı vətəndaşlardan fərdi yaşayış təyinatlı 5-6 sot, bəzən daha çox torpaq sahələri satın alırlar. Sonra da həmin torpaq sahələrinin üzərində binaların tikintisində qanunla yol verilən tikinti əmsalları pozularaq özüllər qazılır, necə gəldi layihələndirilən inşaat işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmadan həyata keçirilir. İnşa olunan apartmanların hündürlüyü 12 metri aşır, özülləri qazılanda qonşu evlərin bünövrələri laxlayır, həmçinin sakinlər narahat olurlar.

“Kimlərsə bəlli yollarla normal yaşayış evinin inşası üçün icazə alır, bir müddət sonra isə həmin yerdə 80-100 ailənin yaşayacağı, 7-8 mərtəbəli binalar peyda olur. Bu binaların ətrafı yaşayış evlərindən ibarətdir. İş o həddə çatıb ki, insanlar öz evlərinin həyətində dincələ, istirahət edə bilmirlər. Çünki apartmanlar birbaşa bu həyətlərə baxır” – deyə şikayətlərdə vurğulanır. Həmin torpaq sahələrində tikinti işlərinin dayandırılması və müvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciətlər ünvanlansa da, baxan yoxdur.

Bakının 14 kilometrliyində yerləşən Xırdalan şəhərində bu cür xaotik şəkildə məskunlaşmanın artmasına rəvac verilməsi yerli sosial infrastrukturu da həddən ziyadə yükləyir: Uşaq bağçaları, məktəblər, poliklinikalar sayı sürətlə artan əhaliyə xidməti çatdırmır, hərəkət intensivliyi yüksələn yolları böyütmək mümkün olmur, kanalizasiya problemi dərinləşir. Həmçinin, ekoloji tarazlıq pozulur. Öz şəxsi, qrup maraqlarına xidmət edən işbazlar aldıqları torpaq sahələrində olan meyvə ağaclarını da kökündən qoparıb atırlar. Xırdalan bələdiyyəsi və Rayon İcra Hakimiyyəti baş verən bu xaosa göz yumur.

Dəryaz qəzetinə daxil olan məlumata görə, hazırda Bəhruz adlı şəxs “Kristal – 2” massivi ilə üzbəüz nahiyədə, “Araz-Market”in qarşısında, ondan 100 metr aralıda (köhnə təcili yardım stansiyasının yanında) İlham Yaşar oğlu Əliyev adlı digər şəxs, ondan 100 metr arxada (uşaq bağçasının qarşısında) Mənsur adlı üçüncü şəxs tikintiyə hazırlıq işləri aparırlar. Bildirilir ki, indiyədək Xırdalanda 100-ə yaxın belə evlər tikmiş bu adamlar hazırda qeyd olunan ünvanlarda ağacları kəsməklə məşğuldurlar. Yəqin ki, tikinti işlərinə yaxın bir ay ərzində, ya da dekabrın sonunda başlanacaq. Hal-hazırda həmin ünvanlarda katlavanlar qazılır. Həmçinin qeyd olunur ki, adları çəkilən şəxslər heç bir tikinti şirkətini təmsil etmirlər. İşlətdiyi işçilərlə heç bir əmək müqaviləsi bağlamayıblar və heç bir təhlüsizlik qaydaların riayyət olunmur.

Xatırladaq ki, keçən il Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsi -38 ünvanda qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuş, onlarla sakin etiraz əlaməti olaraq qanunsuz tikintinin dayandırılmayacağı təqdirdə Bakı-Sumqayıt magistral yolunu bağlayacaqlarını, daha sonra Prezident Administrasiyası önündə etiraz aksiyası keçirəcəklərini bildirmişdilər. Bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, sabiq başçı İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdular.
Mövzuya qayıdacağıq.

Deryaz.az

 

Ardını oxu...
 
 

Deputat Fəzail Ağamalının adamları və Pentensiar Xidmətin əməkdaşı Nəsibova Nənəxanım Firdovsi qızı məni intihar həddinə çatdırıb. Bunu Sarkazm.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda Qazax rayon sakini Fərruxlu Mehriban Yolçu qızı bildirir.

 

Mehriban Fərruxlunun sözlərinə görə, bütün bunlar o Qazaxda kirayə yaşadığı evdən ayrılandan sonra baş verdi. “15 oktyabr 20220-ci ildə Qazax şəhərində Həsənova Rəna İbrahim qızına məxsus evdə kirayə yaşamağa başlamışam. Heç bir rəsmi sənəd olmadan öz aramızda razılaşmaya əsasən Rəna xanıma ayda 100 manat kirayəhaqqı və istifadə etdiyim kommunal xidmətləri ödəməli idim. Bu minvalla bir neçə ay həmin xanıma məxsus evdə övladlarımla birlikdə yaşamışam. Aramızda normal münasibət olub. Evdən ilan çıxdığına görə 10 mart 2021-ci il tarixində kirayədən çıxdım. Kirayə qaldığım müddətdə evin sahibi Rəna xanım qızıl ziynət əşyalarını satdığını bildirib. Ona məxsus qızılları yoxlatmışam. 45 qram olub. 1 qramını 71 manatdan və pulu isə hissə-hissə ödəyəcəyimə razılaşmışıq. Ümumilikdə qızıla görə 3200 manat ödəməli idim. Elə də etdim. İlkin olaraq 2 min manatını ödədim. Yerdə qalan məbləği isə kirayədən çıxandan sonra bir dəfə 800 manat və ikinci dəfə isə 400 manat şəkilində ödəmişəm. Buna baxmayaraq mən kirayədən çıxandan sonra Rəna xanımın özü və övladları mənə düşmən oldular. Kirayə qaldığım müddəti yenidən hesablayaraq 300 manatdan ödəməyimi tələb edirlər. Bunlar anlamır ki, Qazaxda bir otaqlı ev haçandan 300 manat olub, bu qiymətə Bakıda ortabab təmirli 2 otaqlı evdə kirayə yaşamaq olar. Qızıl üçün ödədiyim pulu kirayəni 300 manatdan hesablayaraq kirayəhaqqına çıxdıqlarını bildirirlər və qızıla borcum qaldığını əsas gətirərək məni dələduzluqda ittiham edirlər. Halbuki, biz kirayəni 100 manatdan razılaşmışdıq və ödəmişəm. Rəna xanım kamera qarşısında danışaraq sosial şəbəkələrdə yaydırmağa başladı. Həmin videoları övladlarıma sinif yoldaşları göstərərək anan dələduzdur deyə xitab ediblər. Bundan sonra övladlarım məktəbə getməkdən imtina etdilər. Barəmdə çəkdikləri video internetdə yayılandan sonra Qazax polisi işə qarışdı. Rəna xanım Qazax RPŞ-ya dəvət olundu. Xanım həqiqətləri yazdı və şikayətçi olmadığını bildirdi. Razılaşamamız necə olubsa, elə də izahat yazıb. Lakin evə kirayə pulunu 300 manatdan hesabladığını bildirir. Bundan sonra mən Rəna xanımla əlaqə saxladım. Aramızda olan razılaşmanı niyə pozduğunu və niyə belə video çəkdiyini sual etdim. Rəna xanım bildirdi ki, 80 yaşlı qoca adamam. Mən video çəkənəmmi? Bunu qızım Nənəxanım nəvəmə deyir, o da çəkir(red: etik hesab etmədiyimə görə həmin səs yazısını yayımlamırıq). Xanım və övladları yenə məndən əl çəkməyərək bildirirlər ki, biz kirayəni aylıq 300 manata veririk.”- deyə Mehriban Fərruxlu bildirir.

O, həmçinin bildirir ki, belə şər-böthan, qarayaxma kampaniyası 4 yaşlı övladı “Buta” uşaq bağçasında yıxılandan sonra daha da vüsət aldı. “18 noyabr 2022-cü il tarixində 4 yaşlı övladımı deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus “Buta” uşaq bağçasına qoydum. 22 noyabr 2022-ci il tarixdə övladım yatağın ikinci mrətbəsindən yıxılaraq ayağı sınıb. Məsələni bizdən gizlətməyə çalışsalar da sonda yıxılmasına dair videonu kameranın yaddaşından çıxarıb verdilər. Hadisədən şikayətçi oldum. Şikayətim Nərimanov RPİ-nin 16-ci Polis Bölməsində araşdırıldı. Deputat Fəzail Ağamalı vəzifəsindən və əlaqələrindən istifadə edərək cinayət işi açılmağının qarşısı aldı. Yekunda işi rədd elədilər. Qərarda bildirirlər ki, uşaq öz ehtiyatsızlığında yıxılaraq ayağı sınıb. Ardından mənim uşağımın yıxılmasına dair videonu sosial şəbəkələrdə paylaşdım. Məsələ ictimailəşəndən sonra bağçanın sahibi Günay Ağamalı mənim bağçaya ödədiyim 240 manat ödənişi və övladımın ayağının sağalmasına çəkdiyim xərcin bir qismini, yəni 160 manatını mənə ödədi. Günay xanım toplam 400 manat geri ödəniş etdi. Bundan sonra təzyiqlər başladı. Deputatın köməkçisi və partiya üzvləri məni sosial şəbəkələrdə təhqir etməyə başladılar. Onlar axtarıb Qazaxda evində kirayə qaldığım Həsənova Rəna İbrahim qızı və Pentensiar Xidmətin əməkdaşı Nəsibova Nənənxanım Firdovsi qızı tapdılar. Rəna xanımı danışdırdaraq barəmdə əsassız ittihamlar və şər-böthan səsləndirərək məni dələduz və cinayətkar adlandırdılar. Hətta, Nənəxanım Nəsibova Qazaxda hüquq-mühafizə, güc sturkturları ilə dostluq əlaqəsinin olduğunu əsas gətirirək məni ləyaqətsiz ana kimi analıqdan məhrum edəcəyini bildirir. Bütün bunlardan sonra mən və ailəm çox stress yaşayırıq. Bizi ölüm həddinə çatdırıblar.” – deyə Fərruxlu əlavə edir.

M.Fərruxlu qeyd edir ki, Rəna Həsənova vergidən yayınır. “Məni və övladlarımı qorxu altında saxlayan Nənəxanım Nəsibova və onun anası Rəna Həsənova Qazax rayonu Nərimanov küçəsi ev 46 ünvanında 10-dan çox kirayə saxlayır. Onlar niyə vergi ödəmir? Eynilə mən də onun evində kirayə yaşayanda heç bir müqavilə bağlamadı və aramızda kirayəyə dair heç bir rəsmi razılaşa olmadı. Xahiş edirəm ki, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Rəna Həsənovanı evini yoxlasın və qanun pozuntusunun qarşısını alaraq vergi ödəməyə cəlb etsinlər” – deyə xanım vurğulayır.

Mehriban Fərruxlu aidiyyatı qurumlardan məsələyə köməklik istəyir. Ona qarşı baş verən qanunsuzluqların qarşısı almağı xahiş edir və onu intihar həddinə çatdıran şəxsləri cəzalandırmağı tələb edir.

Məsələ ilə bağlı Mehriban Fərruxlunun adını çəkdiyi şəxslərin və qurumların mövqeyini öyrənmək üçün ilk olaraq Günay Ağamalıya zəng etdik. G.Ağamalı baş verən hadisələri olduğu kimi qeyd etdi. “Mehriban Fərruuxlunun övladı mənim rəhbəri olduğum “Buta” uşaq bağçasında təsadüf nəticəsində yıxılıb. Həmin vaxt lazım olan yardımlar edilib. Hazırda da yenə hansısa köməklik lazımdırsa edə bilərəm. Sadəcə Mehriban xanımın məndən nə istədiyini anlamıram.” – deyə Günay xanım bildirdi.

Atanız deputat Fəzail Ağamalının köməkçisi Xidmət Orucov və atanızın partiyasının üzvləri Mehriban Fərruxlunu niyə təhqir edib sualımızı belə cavablandırdı. “Atamın işinin mənim işimlə heç bir bağlılığı yoxdur. Mən o məsələdə adımın hallanmasını istəmirəm. Yəqin ki, həmin qadın məndən əl çəkmədiyinə görə Xidmət Orucov və digərlərini bunu müdafiə məqsədi ilə edib.” – deyə Ağamalı əlavə etdi.

Məsələ ilə bağlı deputat Fəzail Ağamalının fikirlərini öyrənməyə cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

Yazıda adı keçən Pentensiar Xidmətin əməkdaşı Nənəxanım Nəsibova ilə bağlı PX-in mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirildi ki, adı çəkilən Nənəxanım bizim əməkdaşdır. Ondan şikayəti olan vətəndaş ərizə ilə müraciət etsin. Şikayətlə bağlı müvafiq şöbə araşdıracaq və hüquqi qiymət verəcək.

Məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də mövqeyini öyrənməyə çalışdıq. Xidmətdən bildirildi ki, vətəndaş sözügedən məsələ ilə bağlı şikayət ünvanlasın. Şikayət araşdırılacaq. Əgər həqiqət öz əskini tapsa, evini kirayə verməklə vergidən yayınan Həsənova Rəna İbrahim qızı vergiyə cəlb olunacaq.

Mehriban Fərruxlunun övladının “Buta” uşaq bağçasında yıxılma anı:

M. Fərruxlunun övladının bağçada yıxılması ilə bağlı Nərimanov RPŞ-nın 16-cı Polis Bölüməsində aparılan araşdırmanın yekun qərarı:
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?
Ardını oxu...
Ardını oxu...

Mehriban Fərruxlunun deputat Fəzail Ağamalının adamları tərəfindən nüfuzdan salınması və təhqir olunmasına dair fotofaktlar:
Ardını oxu...
Ardını oxu...

Sarkazm.az

 

XalqXeber.Az

Ardını oxu...
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Ardını oxu...

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Ardını oxu...

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia


 
Ardını oxu...
“Sumqayıtda yaşayış evində ticarət obyekt açırlar. Ağacları artıq yarıya kimi kəsiblər”.

AzToday.az xəbər verir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə. Polad Həşimov küçəsi, bina 11/12 ünvanından bu barədə “Ecofront”-a məlumat veriblər.

“Ecofront” müvafiq qurumlardan ağacları bu cürə kəsən və zədələyənlərin ağır cəzalandırılmasını tələb edib.

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi 2022-ci ilin noyabr ayının 25-də yekun vurduğu satınalma ilə bağlı məlumat vermişdik.

Həmin məlumatda Arıçılıq Mərkəzinin eyni gündə yekun vurğudu "Bitki və toxumların" və "Elmi-Tədqiqat işləri”nin satın alınması lotları üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən təşkilatların hüquqi ünvanlarının qonşu ünvanlarda olması, həmçinin bu təşkilatların fəaliyyət profilləri barədə açıq internet resurslarında heç bir məlumatların olmamasının şübhəli məqamlara yol açdığı deyilirdi.

Arıçılıq Mərkəzi Qlobal.az məsələ ilə bağlı verdiyi açıqlamada eyni gündə qalib elan etdikləri təşkilatların hüquqi ünvanlarının qonşu ünvanda yerləşməsini təsadüf olduğunu qeyd edirdi.
Ardını oxu...
Mahir Hacıyev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru

Məsələ ilə bağlı Arıçılıq Mərkəzinin nəzdində fəaliyyət göstərdiyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutundan mövqe almaq istəsə də, İnstitutut rəhbərliyi bu barədə susmağa üstünlük verdi.
Ardını oxu...
Elnur Bağırov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini

Qlobal.az satınalmada olan şübhəli məqamlara aydınlıq gətirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayıb. Xidmətin rəis müavini Elnur Bağırovun müraciətimizə verdiyi cavabda deyilir:

""Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Əlavə olaraq bildiririk ki, ayrı-ayrı müsabiqələrdə iştirak edən malgöndərənlərin (podratçıların) hüquqi ünvanlarının yaxın ərazilərdə yerləşməsi dövlət satınalmalarını tənzimləyən hər hansı normanın pozuntusu hesab edilmir. Həmçinin Qanunun 10.2-ci maddəsinə əsasən satınalma prosedurları haqqında hesabatın bu Qanunun 10.1.1 və 10.1.2-ci maddələrində göstərilən hissəsi, şəraitdən asılı olaraq tender təklifi, oferta və ya kotirovka aksept edildikdən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında marağı olan şəxsə satınalan təşkilat tərəfindən verilə bilər. Göstərilənləri nəzərə alaraq, Arıçılıq Mərkəzi tərəfindən keçirilmiş müsabiqələrdə iddiaçı olaraq qeydə alınmış malgöndərənlər (podratçılar) barədə məlumatın əldə olunması üçün satınalan təşkilata müraciət etməyiniz tövsiyə olunur".

Qeyd edək ki, Arıçılıq Mərkəzinin 2022-ci ilin noyabr ayının 25-də "Bitki və toxumların" və "Elmi-Tədqiqat işləri”nin satın alınması lotları üzrə yekun vurduğu satınalmanın ümumi məbləği 23.985 manat təşkil edir.

Bu satınalmada "COSMOS-RA" və "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətləri qalib elan edilib.
Ardını oxu...
"COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Allahverdiyev Ruhin Səxavət oğludur. "COSMOS-RA" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır. "COSMOS-RA" MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Ardını oxu...
Arıçılıq Mərkəzinə Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Kamil Mirələm oğludur. "KƏNAN KM" MMC-nin hüquqi ünvanı Arıçılıq Mərkəzinin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda - Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 72 ünvanında yerləşir.

Bu MMC-lərin qanuni təmsilçilərinin əslən Cəbrayıl rayonundan olduğu, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə yaşadıqları, MMC-lərin daha çox şübhəli satınalmalarda iştirak etdiyi barədə mətbuatda bir sıra məlumatlar dərc edilib.
Ardını oxu...
Tamerlan Yusif-zadə, Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul şəxsi

Qlobal.az Arıçılıq Mərkəzinin 2021-2022-ci illər üzrə fəaliyyəti ilə bağlı Hesablama Palatasında münasibət öyrənib. Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin açıqlamasında deyilir: "Bildiririk ki, Hesablama Palatası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində 2021-2022-ci illər üzrə audit aparılmamışdır".
Ardını oxu...
Samir Mahmudov, Arıçılıq Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı

Xatırladaq ki, Arıçılıq Mərkəzi Gəncə şəhərində fəaliyyət göstərir. Mərkəzin tabeliyində təsərrüfat şöbəsi, balverən özül və eksperimental-istehsalat Faxralı Təcrübə şöbəsi, damazlıq işinin təşkili laboratoriyası və arıçılıq məhsullarının tədarükü və analizi laboratoriyası var.

Arıçılıq Mərkəzinin rəisi vəzifəsini 2020-ci ilin mart ayından müvəqqəti icra edən Samir Mahmudovdur.

Qlobal.az
 
Ardını oxu...
Öncə onu qeyd edək ki, uzun illər ölkəmizdə səhiyyə sisteminə Səhiyyə Nazirliyi rəhbərlik edib. Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradıldı. Və beləcə ara qarışdı...
Bir neçə ay öncə redaksiyamıza müraciət edən xəstələr deyirdi ki, qalmışıq Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında... Bütün bunlar azmış kimi, TƏBİB-dən sonra, Allah qoymasa, rayonlarda Tibb Mərkəzləri yaradıldı.
Təsəvvür edirsiniz, rayon ərazisindəki doğum evi, diş poliklinikası, uşaq xəstəxanası, nə bilim ginekologiya-filan hamısını birləşdirib bir nəfərə, yəni Fazil Alməmmədov kimi Tibb Mərkəzlərinin direktorlarına tabe etdilər.
Görəsən, Fazil Alməmmədovun ginekologiyadan, yaxud stomatologiyadan başı çıxırmı..?
Söhbət təkcə Fazil Alməmmədovdan, yaxud hansısa Verməmmədovdan getmir ee...söhbət problemdən gedir. Yadıma maraqlı bir olay düşür.
Sovet dövründə Bayıldakı Doğum Evini V.İ.Leninin adına vermişdilər. Sonra kimlərsə bunlara başa saldı ki, ay gerizəkalılar, Lenin hara, Doğum evi hara..? Sonra səhvlərini düzəldib, Doğum evini Leninin arvadı Hadejda Krupskayanın adına verdilər. Yenə onlara başa saldılar ki, Nadya ömrü boyu doğmayıb. Müstəqillik dönəmində isə, səhv etmirəmsə Doğum evini Məşədi Əzizbəyovun adına verdilər. Sonrasını bilmirəm...
Bax, bu gün Səhiyyə Nazirliyi, İcbari Tibb Sığorta Agentliyi, TƏBİB məsələsi həmin olayı yada salır. Vallah, bir dənə də HƏBİB yaradıb başına da Verməmmədovu qoysalar, səhiyyəmiz göylə gedər. Sözün qısası, rayonlarda Tibb Mərkəzlərinin yaradılmasının bircə adı var: Rüşvəti bir əldə cəmləşdirmək. Vəssəlam. Yoxsa, bir rayon ərazisindəki əksər MÜSTƏQİL tibbi müəssisələrini bir nəfərə tabe etməyin adı nə ola bilər..?
Nə isə, indi keçək konkret olaraq TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun qanunsuz əməllərinə. Təkrarçılıq olsa da, Fazil Alməmmədov haqqında qısa məlumat verək. Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkimi olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub.
Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də keçmiş 6, 7, 8, 18 saylı poliklinikalara da rəhbərlik edir. Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderlər, mətbəə məhsulları adı ilə sildiyi pullar, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə mənimsədiyi dövlət vəsaiti barədə uzun-uzadı yazmaq istəmirik.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov Mühafizə xidmətlərinə 105 800.69 manat pul xərcləyib. Görəsən, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası demir ki, ay Alməmmədov, bu qədər vəsaiti hara xərcləmisən..? Yeri gəlmişkən, Alməmmədov özü də cangüdənlə gəzir, ona hətta öz əməkdaşları yaxın düşə bilmir. Biz Alməmmədovun koronavirusdan qazanmağı, yəni həkimlərə verilən əlavə əmək haqqını mənimsməsindən də bəhs etmək istəmirik. Bütün bu maliyyə maxinasiyaları, qanunsuzluqlar azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir.
Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz, tərbiyəsiz şəkildə… Bəli, Fazil Alməmmədov bu yaxınlarda Şəhla Məmmədovanı Nərimanov Tibb Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən 67 yaşlı Şəhla Məmmədova çoxdan təqaüdə göndərilməli idi. Ən dəhşətlisi isə odur ki, Şəhla Məmmədova 8 saylı poliklinkaya ( indiki 1 saylı şöbəyə) nəzarət edən 55 yaşlı, 35 il iş təcrübəsi olan, şəhid ailəsinin üzvü Gülnarə Əfəndiyevanı əvəz edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnarə Əfəndiyeva orada baş həkimi əvəz edirdi. Alməmmədovdan soruşan lazımdır ki, çoxdan təqaüdə çıxmalı olan, 2 dəfə müddəti uzadılmış Şəhla Məmmədova nə üçün Gülnarə Əfəndiyevanı əvəz etməlidir..? Axı, Gülnarə Əfəndiyevanın təqaüdə çıxmasına hələ 10 il var. Həm də 35 ilin həkiminə, baş həkimi əvəz edən Gülnarə Əfəndiyevaya qarşı edilən hərəkətlər, nəinki insana yaraşan hal deyil, heç...
Belə ki, Gülnarə Əfəndiyeva otağında iş başında olduğu halda, sentyabrın 23-də Fazil Alməmmədovun qoçu dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnarə Əfəndiyevanı işə buraxmırlar.
Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnarə Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnarə Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnarə Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Məşhur filmdə deyilən kimi, görəsən Rüstəm bəy qoca Məşədi İbadın nəyinə aşiq olub..? İndi maraqlıdır ki, Fazil Alməmmədov nənəsi yaşda 76 yaşlı təqaüdçü Şəhla Məmmədovanın nəyinə, olmayan savadına, bəlkə olmayan təcrübəsinə “aşiq” olub ki, onu Gülnarə Əfəndiyevanın yerinə təyin edib və üstəlik şəhid ailəsinin üzvü olan həkim işini də itirib. Redaksiyamıza daxil olan son məlumata görə, Şəhla Məmmədova Fazil Alməmmədovun yerlisidir, hər ikisi Oğuz rayonundandır. Ancaq məncə, yerli olmaq əsas məsələ ola bilməz. Oğrunun, rüşvətxorun, korrupsionerin nəinki yerlisi, heç vətəni də olmur. Əsas məsələ odur ki, bunlar almağı-verməyi, cinayət etməyi bacaran adamları axtarırlar. Bəli, Şəhla Məmmədova kresloya oturan kimi 18 saylı poliklinikadakı ( indiki 2 saylı şöbə ) “sağ əli” Gültəkini yanına gətirmək istəyir. Daxil olan məlumatdan o da bəlli olur ki, Şəhla Məmmədova 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbəyə ) gələn kimi sürücülər və sağlamlıq üçün verilən arayışların qiyməti 15 manatdan 40 manata qalxıb. Sürücülüklə bağlı arayış və sağlamlıq arayışlarının biri 15 manat, o biri isə 30 manat idi. İndi isə hər ikisi 40 manat olub. Şəhla Məmmədova deyir ki, kor olsun, kar olsun, lap mayıf olsun...əsas odur ki, 40 manatını verib arayışını alsın.
Bu hələ harasıdır ? Şəhla Məmmədova mürdəşir kimi ölülərin cibini soymaqla məşğuldur. Belə ki, Şəhla Məmmədova yeni iş yerinə gələn kimi ölüm haqqında qeydiyyat kitabını gətirib qoyub böyrünə. Və deyir ki, ölülər mənlikdir, yəni ölülərə verilən arayışı özü satacaq. Bu hələ harasıdır..? 8 saylı poliklinikanın ( indiki 1 saylı şöbənin ) özünün “troyka” ( qan, sidik və s) analizi, ümumi qan analizi üçün laboratoriyası olduğu halda, “troyka” analizini 1 saylıda götürüb, 5 saylıya, ümumi qan analizini isə özəl klinikalara göndərirlər. Analizlərin pulunu isə İcbari Tibb Sığorta 5 saylıya və özəl klinikalara köçürür..?
Niyə, məqsəd nədir ? Hansı ki, 1 saylı şöbənin özündə laboratoriya cihazlarının üstünü bərk-bərk basdırıb, nəyisə gözləyirlər..?
Yəqin ki, özəl klinikalara satacaqlar. Məlumat üçün onu da qeyd edək ki, TƏBİB-in sədri Vüqar Qurbanovun həyat yoldaşı, hörmətli Sevda xanım 5 saylıda nevrologiya şöbəsinin müdiridir. Görəsən, Sevda xanım iş yerində gördüyü biabırçılıqları evdə həyat yoldaşına demir..? Yeri gəlmişkən, Fazil Alməmmədovun həyat yoldaşı da Respublika Klinik Xəstəxanasında göz şöbəsinin müdiridir. İndi isə keçək Şəhla Məmmədovanın 1 saylı şöbəsində satılan firma dərmanlarına. Bəli, 1 saylı şöbənin “zavxozu”nun əsas işi dərman satan firmalarla biznes əlaqəsini qurmaqdır. Tez-tez şöbənin koridorlarında müxtəlif dərman firmalarının nümayəndələrini görmək olur. İndi isə keçək ƏN ƏSAS MƏSƏLƏYƏ... Axı, yazının girişində sual etdik ki, Alməmmədov Şəhla Məmmədovanın nəyinə...?
Bəli, bu sualın cavabını Şəhla Məmmədova bu yaxınlarda məclislərin birində açıb deyib. Şəhla Məmmədova deyib ki, onsuz da özüm də bilirəm ki, təqaüdə gedəcəm. Amma təqaüddən qabaq əlimdə çox vacib iş var... Belə ki, 1 saylı şöbə ilə üzbəüz yerləşən diş poliklinikasının yerini özəlləşdiriblər. Amma 1 saylı şöbənin yeri tikintiyə mane olduğu üçün buranı özəlləşdirib satacaqlar. Və bu qanunsuz əməlləri Şəhla Məmmədovanın əli ilə edəcəklər. İndi bildinizmi Alməmmədov Şəhlanın nəyinə...?
Bəli, Şəhla Məmmədova deyib ki, 1 saylı şöbənin yerini özəlləşdirib satacağıq və mən də haqqımı alıb rahatca təqaüdə gedəcəm. Hələ üstəlik tikilən obyektin 1-ci mərtəbəsində Şəhlaya obyekt də verəcəklər. Bəli, sözün qısası, səhiyyəmiz cinayətkar şəbəkənin əlində can verir. Hippokrat andı sizə qənim olsun, ay al-ver məmmədovlar... //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
Şəhid ailələri və Qarabağ əlilləri də cərimələnəcək: - Dövlət onlara ev versə də, qurumlar “kupça” vermir
Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinə verilən mənzillərə sakinlərin qeydiyyat problemi öz həllini tapmayıb.

Müharibə əlilləri və şəhid ailələri dəfələrlə bu problemi mətbuatda və sosial şəbəkədə dilə gətiriblər. Onlar faktiki olaraq dövlət tərəfindən onlara verilən, yaşamaq hüququ əldə etdikləri mənzillərə qeydiyyata düşə bilmirlər. Buna səbəb Prezidentin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən şəxslərə verilən mənzillərin mülkiyyət hüququ haqqında sənədin olmaması göstərilir. Ona görə də mənzillərdə yaşamaq hüququ əldə edən şəhid ailəsinin üzvləri və müharibə əlilləri ya polis idarələrində müvəqqəti qeydiyyata alınırlar, ya da hansısa qohumun, dost - tanışın mənzilinə qeydiyyata düşürlər.

Bu da həmişə mümkün olmur. Kiminsə mənzilində qeydiyyata alınmaq asan başa gəlmir, qohumlar bununla asanlıqla razılaşmırlar. Digər tərəfdən, polis idarələrində müvəqqəti qeydiyyat üçün uzun növbələr olur. Yaşadığın mənzilə qeydiyyata düşə bilmədikdə isə xəstəxana, poçt, bank və digər xidmətlərdən istifadə edə bilmirlər.

Şəhid polkovnik Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Sevinc Orucova da məsələ ilə bağlı Cebhe.info-ya danışıb. O, uzun müddətdir bu problemin həllini tapmadığını deyib:

“Şəhid ailələri və qazilərə mənzillər Sosial Xidmətlər Agentliyinin xətti ilə paylanılır. Bu mənzillər evdən istifadə hüququnu təsdiq edən sənəd əsasında verilir. Bu əsasla da ev mülkiyyət sayılmır, yəni mənzil ona verilsə də, vətəndaş o evin tam mülkiyyətçisi deyil. Mülkiyyət hüququnu təsdiq edən, bizim “kupça” adlandırdığımız şəhadətnamə olmadığı üçün vətəndaş qeydiyyata düşə bilmir. Hər bir evin mülkiyyətini təsdiq edən dövlət reyestrindən çıxarış olmalıdır ki, vətəndaş həmin evə qeydiyyata düşsün. Yəni bu problem də buradan qaynaqlanır".

Birlik sədri əvvəllər Vətən Müharibəsi Qəhrəmanlarına verilən evlərdə də eyni problemin yaşandığını qeyd edib:

"Artıq o proses bitib, yəni onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsi başa çatıb. Amma şəhid ailələri və qazilərimizə verilən evlərdə problem hələ də qalır. Bunu dəfələrlə demişik. I Qarabağ müharibəsi əlillərinə verilən evlərdə də bu problem var. Deyirlər ki, məktub hazırlanır. Onda biz gözləyək ki, bunlar nə vaxt o məktubu hazırlayacaqlar. Bu problem bir layihənin başa çatmasında, yürüdülməsində əngəllər yaradır. Bizə vətəndaş məmnunluğu lazımdır. Bir işi başa çatdıra bilmirik, süründürməçilik, uzun-uzadı mübarizələr, bunlar həssas insan kateqoriyasına aiddirlər, inciyirlər, bu da narazılığa gətirib çıxarır".

Sevinc Orucova hesab edir ki, bina qazla təmin olunubsa, bütün texniki göstəricilərə cavab verirsə, vətəndaşın mülkiyyət hüququ da təmin olunmalıdır:

"Vətəndaşa ev dövlət tərəfindən verilibsə, sənədi də verilməli, sakin ora qeydiyyata düşməlidir. Bu adam onsuz da Bakı şəhərində qeydiyyatdadır, qeydiyyatı elə yaşadığı mənzilə vermək lazımdır. Polis qeydiyyatında növbə çoxdur, həm də kiminsə evinə qeydiyyat daxili problemlərə gətirib çıxarır. Dəfələrlə soruşuruq, cavab belə olur ki, proses gedir. Bizim qurumların və məmurların bir sözü var: proses üzrə iş gedir. Biz həmişə deyirik ki, indiki şəraitdə, kommunikasiyanın, elektron hökumətin inkişaf etdiyi dövrdə bu məsələ bu qədər uzanmamalıdır ".

O, hazırda verilən sənədlə qeydiyyata düşməyin mümkün olduğunu iddia edənlərə də səslənib:

"Əgər bunu deyirlərsə, hansı ünvanda olduğunu bizə də bildirsinlər, müraciət edənləri ora yönləndirək. Qeydiyyata düşmək üçün "Asan Xidmət"-ə müraciət edirsən, səndən mütləq evin "kupça"sını tələb edir, yalnız kupçalı evə qeydiyyata düşə bilərsən”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Cebhe.info-ya bildirilib ki, sözügedən mənzillər artıq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Bakı Şəhər İcra Hakimiyyətindən isə qurumun bu məsələ ilə bağlı hər hansı bağlılığının olmadığını bildirərək məlumatı təkzib ediblər. Bir sözlə, vətən uğrunda canından keçən insanların ailə üzvləri, yaralanan insanlar dövlət qurumlarının "ötür-ötür oyunu" nəticəsində dövlətin verdiyi mənzildə qonaq kimi yaşayırlar. Onlara nə qohum evində, nə polis idarələrində, nə də ölkə başçısının imzaladığı sərəncamla dövlətin verdiyi mənzildə qeydiyyat yoxdur.

Nəzərə alaq ki, Daxili İşlər Nazirliyi ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşların cərimələnəcəyi bildirilib. Qanuna əməl etməyən şəxsi Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyət gözləyir: ona xəbərdarlıq edilir və ya o, 30 manat məbləğində cərimə olunur.
Ardını oxu...
Elmir Məhərrəmov şifer satışı ilə məşğuldur. Deyir, 2009-cu ildə "Şərur İnşaat" MTK-ya təxminən 27 min manat məbləğində şifer satıb. Şirkət isə pul ödəyəcəyi tarixə qədər ona girov kimi Yasamal rayonu ərazisində tikilən bir binadan mənzil verib.

Elmir Məhərrəmov tikinti şirkətindən şikayətçi olsa da, məhkəməyə müraciət etməyib.

"Şərur İnşaat" MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova deyir ki, sözügedən mənzil və pul ilə bağlı sənədləşmə onların yox, "MUR-AY" MMC-nin adından aparılıb.

E.Məhərrəmov ona müqavilə bağlananda "MUR-AY" MMC "Şərur İnşaat"-ın podratçısı olduğu üçün sənədləşmənin bu cür aparılmalı olduğunu dediklərini bildirir. Zemfira İsmayılova isə, bu ittihamı rədd edir.

Hüquqşünas Yalçın İmanov hesab edir ki, E.Məhərrəmov məhkəməyə müraciət edəcəyi təqdirdə şikayətinin təmin edilməsi üçün hüquqi perspektiv var.

Muray MMC-nin təsisçi və rəhbərləri 2011-ci ildə həbs olunub. Məhkəmə zamanı verilən ifadələrdən və Şərur MTK-nin təsisçisi İsfəndiyar Axundovun mətbuata müsahibələrindən belə aydın olur ki, Muray MMC-nin əmlakı və öhdəlikləri Şərur MTK-ya verilib.

Bununla belə, yüzlərlə zərərçəkən hələ də məhkəmələrdə və mətbuat vasitəsilə ziyanın ödənməsinə nail olmağa çalışır.

Toplum TV
 

Dünyapress TV

Xəbər lenti