Ardını oxu...
Artıq neçə ildir ki, hər ilin başlanğıcında Avro-5 yanacaq istifadəmizin tezliklə xalqın istifadəsinə veriləcəyi deyilir. Lakin bu modernizasiya layihəsində necə maraqlı hadisələr baş verirsə, ayrılan məbləğlər bir çoxları üçün çox şirin gəlib, layihə bitmək bilmir.

Maraqlısı odur ki, SOCAR-da artıq 3 ildir ki, dəyişiklik olub və layihədə olan məbləğlər də kimlərinsə, başını döndürüb. Əks halda bütün Respublikanın ən böyük modernizasiya layihəsi indiyə bitmiş olmalı idi.

Bildiyiniz kimi SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb. Daha sonra Modernizasiya layihəsinin idarə etməsi bu şirkətə həvalə edilib.

Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib. Nəzərə çatdıraq ki, Axens Fransa mənşəli şirkətdir və hazırda zavodlarımızın lisenziarlarından biridir. Bu o deməkdir ki, hazırki geo-siyasi proseslər çərçivəsində zavodun fəaliyyətində fransada asılılıq yaratmışıq. Görəsən bu hal bilərəkdənmi yaradılıb ya təsadüfən? Araşdırılmalıdır.

Neft Emalı Zavodunun istehsal gücünü artırmaq, ölkəni "Avro-5" standartına uyğun yüksək keyfiyyətli yanacaqla təmin etmək, "Azərkimya"nın xammal sabit təchizatı və neft məhsullarının ixrac potensialının artırılması məqsədi ilə həyata keçirilən modernləşdirmə və yenidənqurma işləri “ugurla” davam etməkdədir.

21 dekabr 2018-ci ildə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyevə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi barədə məlumat verildi. “Ulu Öndərin adını daşıyan neft emalı zavodunun modernləşdirmə layihəsi tarixi əhəmiyyətə malikdir. Layihə tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını artıracaq və ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Artıq bu mühüm və tarixi layihənin ilkin mərhələsi tamamlanıb” kimi cənab Prezidentə məlumatlar verildi. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək.

Artıq 2024-cü ilin ilk yarısı bitmək üzrədir, bu da onu göstərir ki, ölkə başçısına yalan danışılıb. Ola bilər ki, Pandemiya və 2-ci Vətən müharibəsinin başlanması layihənin gedişatına təsir edib. Belə olan halda proyekt 2023-cü ilin sonuna qədər təhvil verilməli idi. Onu da qeyd edək ki, Pandemiya dövründə (2020-ci ildə) layihənin 80% bitmiş olmalı idi. Amma bugün də təhvil-təslim olmayıb.

Bəs layihə çərçivəsində “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlardan və dövlət büdcəsinin mənimsənilmə hallarından müvafiq orqanların xəbəri varmı? İlk illərdən Türk vətəndaşına Rövnəq Abdullayev tərəfindən layihə həvalə edilmiş və bütün yeyinti onun əli ilə edilmişdir. 2020-ci ildən sənədlər araşdırılsa, kifayət qədər fakt vardır. Lakin layihəni idarə edən Məsut İlter bəy olsa, da layihəni idarə edən və bütün kadrları əsas yerlərə təyin etdirən həmin dövrdə layihə rəhbəri Emil Alxaslı olmuşdur. Emil Alxaslının oğlunun kirvəsindən tutmuş qrup yoldaşları, sinif yoldaşları, dostları bu layihədə mühüm postları tutublar. Lakin Rövşən Nəcəfin gəlməsi ilə layihədə bir irəliləyişin olacağına ümid olsa da, Emil Alxaslı adı çəkilən qurumun baş direktoru təyin olunur. Yeni SOCAR prezidentini aldadırlar ki, layihə bitməsi üçün bu adam bu postda qalmalıdır. Amma anlamadılar ki, həmin vaxt işdən çıxarılsa idi layihə daha da sürətlənəcəkdi. İndi bu şəxs o qədər güclənib ki, sahə üzrə vitse-prezident belə onunla bacarmır. 2023-cu idə quruma SOCAR-ın daxili nəzarət şöbəsi yoxlama üçün daxil olmuşdu, maraqlısı odur ki, çox mühüm yeyinti faktları əldə olunsa da, qəfil yoxlama dayandırılmış və müəssisəni tərk etmişdir. Səbəbini bilən olmasa da, məlumdur ki, belə hallarda ya Alxaslı yaxşı xərc çəkib, ya da güclü hamiləri vardır. Onun Zavoddakı fəaliyyəti kimlərisə, ifşa edə bilərdi. Nəzərinizə çatdıraq ki, bu günə qədər layihə üçün 5 milyard manatdan çox vəsait xərclənib.

“SOCAR Downstream Management” şirkəti layihənin idarə etməsini təşkil etmək məqsədi ilə yaradılsa da, sonradan bütün əməliyyəti və istehsalatı nəzarətə götürülür. Təbii ki, bu Məsut İlterin Türkiyədən gətirdiyi mütəxəssislər tərəfindən koordinasiya olunurdu. Bu mütəxəssislərin bəzilərinin Türkiyədəki2-3 ildə əldə etdiykləri villaları da ayrıca araşdırma mövzusudur. Amma bugün layihənin nə səbəbə bitməməsi daha vacib bir məsələdir.

Təbii ki, bu qədər vəsaitin mənimsənilməsi açıq aydın görünür. Layihə çərçivəsində heç bir iş və xidmət “otkatsız” verilməmişdir. Bunu SOCAR rəhbərliyi çox yaxşı bilir və əllərində kifayət qədər faktlar vardır.

İstər Çirkli suların təmizlənməsi qurğusunun tikilməsi barədə “Hazar Arıtım” şirkətinə “tenderlə” verilmiş iş, istər Azfen şirkətinin gördüyü işlər, bütün beton işlərinin yalnız Azkontakt tərəfindən verilməsi, İlk inşaatın fəaliyyəti, Hidroinşaat MMC-nin bağladığı müqavilələr və gördüyü işləri, Zavod ərazisinin asfaltlanması üçün tenderin qalibi olan Teknikon şirkətinin fəaliyyəti araşdırılmalıdır. Bu şirkətlərin necə qalib olması araşdırılmalıdır, təbii ki, əlimizdə faktlar vardır, müvafiq qurumlar tərəfindən araşdırılıb ictimaiyyətə çatdırılsa, daha yaxşı olardı. Görünən odur ki, bugünki SOCAR rəhbərliyi də bu məlumatların üzə çıxmasında maraqlı deyildir. Əks halda Emil Alxaslının atası Aydın kişinin hesabına köçürülmüş vəsaitlər, bacısı Məmmədova Aygün Aydın qızının hesablarına (VÖEN 1306859072)(hesab nömrəsi-AZ31BRES41040AZ0011942289001) HAOR Modernisation və ya HAOR Revamp project adı ilə DSP Laboratory complex Dubai Unit (İntertek) tərəfindən ödənişlərdən, onun İtaliyadakı, Türkiyədəki otellərindən məlumatları olduqları halda o vəzifədə qalmazdı.

Cənab Prezidentin bugün dünyada və ölkəmizdə apardığı çətin mübarizələr zəminində onun aldadılması, düzgün məlumatların verilməsi yolverilməzdi. Əvəz olunmaz insan yoxdur, Alxaslı olmazsa, layihə bitməz kimi nağılllar yalnız yalan bəhanələr ola bilər. Belə çıxır ki, ölkədə yalnız bir kadr var layihəni bitirməyə? Təbii ki, xeyr. Sadəcə Alxaslı və onun havadarları layihəni elə bir bərbad vəziyyətə gətiriblər ki, yeyinti o qədər çoxdur ki, heç bir mütəxəssis layihəni öz üzərinə götürməyi risk etmir. Ümid edirik ki, Rövşən Nəcəfin və onun vitse-prezidentlərinin bacarmadığı Alxaslının öhdəsindən cənab nazir Mikayıl Cabbarov tezliklə gələcək və onun fəaliyyəti ictimaiyyəti məlumatlandırmaqla araşdırılacaqdır. Araşdırmağa başlanılsa, yəqin ki, zavoda daxil olan qeyri-qanuni neft və onun emal edilməsi və hansı yollarla satılması da üzə çıxacaqdır. Daha sonra SOCAR Türkiyənin Star və Petkim zavodlarının son 5 ildəki fəaliyyətinin da yoxlanılmasına növbə çatar.
Ardını oxu...

Qeyd: Yazıda adı keçən şəxs və qurumların mövqeyini yayınlamağa hazırıq.

Mənbə: AFN.az

Ardını oxu...
Azərbaycanda şəhər və kəndlərin qurulması, eləcə də mövcud şəhər və kəndlərdə layihələndirmə işlərinin aparılması məqsədilə 2022-ci ildən indiyədək 33 tender elan edilib.

Dövlət satınalmaları portalı vasitəsilə həyata keçirilən bu tenderlərin ümumi dəyəri 43 milyondan çox olub. Tenderlər daha çox işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məqsədilə həmin ərazilərdə baş tutub.

Tenderləri udan şirkətlərdən biri “Arxin-M LTD” MMC şirkətidir. Sözügedən şirkət 4 tender udaraq dövlət qurumlarından 5 milyon manat dəyərində sifariş alıb.

Milyonluq tenderlərin qalibi olan bu şirkət 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin hazırki qanuni təmsilçisi Niftalı Tağı oğlu Abbasovdur. Şirkət Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov, ev 137, m. 23 ünvanında yerləşir.

“Arxin-M LTD” MMC şirkətinin əsl sahibi kimdir?

Dövrü mətbuatda “Arxin-M LTD” MMC şirkəti ilə “Projekt LTD” MMC adlı şirkətin adı daim yanaşı çəkilir, hər iki şirkətin də müxtəlif dövlət qurumlarının layihələrində iştirak etdiyi, tenderlər qazandığı açıqlanır. Beynəlxalq Şəffaflıq təşkilatının dərc etdiyi hesabatda da, bu hər iki şirkətin bir-biri ilə bağlı olması vurğulanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına görə, “Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi isə Samirə Tahir qızı Bayramovadır.

Diqqətçəkən məsələ odur ki, hər iki şirkət də yarandığı zaman eyni ünvanda qeydiyyatdan keçib. Seçici siyahısına görə, bu ünvan elə 2012-ci ildə şirkətin qanuni təmsilçisi olan Müsəddin Əhməd oğlu Namazovun rəsmi qeydiyyatda olduğu mənzildir: Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23.

Ardını oxu...

Toplanan faktlardan belə nəticəyə gəlmək olur ki, hər iki şirkət də bu şəxsindir, hazırki qanuni təmsilçilər isə proksi şəxslər, yəni əsas adamı gizləmək üçün rəsmiləşdirilən şəxslərdir.

Bəs Musəddin Namazov kimdir?

4 avqust 1963-cü il təvəllüdlü Musəddin Əhməd oğlu Namazov Gürcüstan Respublikasının Saqareco (Qaraçöp) bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. O, 2012-2014-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindəki “Azərdövləttikintilayihə” DLİ-nin direktoru olub.

İlham Əliyevin 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib, həmçinin memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı alıb. 2014-ci ildən indiyə kimi “Azərdövlətlayihə” DBL İnstitutunun direktorudur. 80 ildən artıq inşaat idarəsi kimi təsis edilmiş institut, hazırda dövlət obyektlərinin layihələndirilməsi üçün əsas qurumlardan biridir.

Musəddin Namazovun şirkətləri hansı tenderlərlə nə qədər vəsaitlər udub?

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestr məlumatlarına əsasən, böyük şəhərlərin baş planının hazırlanması üzrə müqavilələrin bağlandığı “Arxin-M LTD” MMC şirkəti indiyə qədər milyonlarla dəyərində olan 52 layihənin, “Projekt LTD” MMC isə 9 layihənin qalibi olub və tikinti həyata keçirib.

Ardını oxu...

Jurnalistlər üçün nəzərdə tutulmuş, ancaq şəhid ailələrinə verilmiş üçüncü binanın layihə-smeta sənədlərini də məhz “Arxin-M LTD” MMC şirkəti icra edib .

Ardını oxu...

Bakıda Cənubi Qafqazın ən hündür göydələni olacaq “Baku Tower”in layihəsi də “Arxin-M Ltd” tərəfindən hazırlanıb.

Dövlət satınalmalar reyestrinə görə isə 2017-2018-ci illərdə “Arxin-M LTD” 1,66 milyon manatlıq tenderlərdə qalib gəlib. Reyestrə görə, şirkət 2020-2022-ci illərdə 850 min manat dəyəri olan tenderlərdə qalib elan olunub.

“Arxin-M LTD” MMC şirkətinin adı “cinayət işi”ndə və korrupsiya iddiası:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2021-ci ilin hesabatında qeyd olunub ki, mətbuat işçiləri üçün inşa edilmiş yaşayış binalarının tikintisi zamanı törətdilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus pul vəsaitinin mənimsəmə yolu ilə talanmasında ittiham olunan şəxslərdən biri də “Arxin-M LTD” MMC-nin Memarlıq şöbəsinin müdiri Telman Nurməhəmməd oğlu Tahirov da təqsirləndirilib.

Bəs qanunlar nə deyir?

Azərbaycan qanunvericiliyinə əsasən icraedici orqan rəhbərlərinin, dövlət məmurlarının, deputat və onun ailəsinin şəxsi bizneslə məşğul olması qadağandır.

2012-ci ildən etibarən Azərbaycan hökuməti “Kommersiya sirri haqqında” qanun layihəsinə dəyişiklik edərək şirkət təsisçisinin adını kommersiya sirri hesab edir. Ona görə də, jurnalistlər şirkətlərin səhmdarlarının kim olduğunu tapa bilməyib.

Amma toplanılan faktlar bu şirkətlərin Musəddin Namazovla əlaqəsi olduğunu göstərir.

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa görə isə “statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək Korrupsiya ilə əlaqədar hüquqpozma hesab olunur”.

Musəddin Namazovun cavabı

“Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutunun direktoru, dövlət məmuru statusunda olan şəxsin, proksi şirkətlər açıb, dövlətin ən vacib qurumlarının, dövlət əhəmiyyətli layihələrin tenderlərini qazanması nə qədər qanunauyğundur?

Meydan TV əməkdaşı bu suallara cavab tapmaq üçün əməkdar memarın özü ilə əlaqə saxlayıb. O isə “Mənə niyə zəng etmisiniz? Mənə zəng vurmayın xahiş edirəm”, – deyərək telefonu qapadıb.

Meydan TV əməkdaşı daha sonra direktorun köməkçisi Orxan İsmayılovla əlaqə saxlayıb. O, jurnalistə şirkətlərin Musəddin Namazovla heç bir əlaqəsinin olmadığını bildirib:

“Bununla bağlı nə işıqlandırmaq və yazmaq fikriniz varsa, nə istəyirsinizsə edə bilərsiniz. Diqqətinizə onu da çatdırım ki, Musəddin müəllim dövlət məmuru deyil”.

Meydan TV
 
Ardını oxu...
Azərbaycanda dilimizə oturan absurd ifadələrdən biri "qanunsuz tikinti" kəlməsidir. Sözün özü səhvdir. Axı tikinti necə qanunsuz ola bilər? Deməli, tikilənə qədər icazəsi verilib, amma düzgün qərar verilməyib, çünki normativləri pozub. Belə desək təməlinə haram qatılıb. Ona görə də belə adlandırmaq lazımdır - məmurların qanundankənar tikinti razılıqları. Çünki məmur sərəncam verir, qanuniləşdirir, sənəd alınır, bununla da mülk sahibi qanuni tikinti aparır, amma icazəni verən orqanın rəhbəri qanunsuzluğa əl atmış olur. Təəssüf ki, sonda zərbə yenə tikinti aparana dəyir. Buna baxmayaraq, Abşeron rayon rəhbərliyini heç nə maraqlandırmır, hazırkı icra başçısı Abdin Fərzəliyev və baş memar demək olar ki harada gəldi tikinti aparılmasına sərəncam verirlər. Nəticədə Abşeronun Masazır, Xırdalan, Mehdiabad, Gorədil və digər ərazilərində qanunla tikinti aparılması icazəsiz olan yerlər böyük bir meydançaya çevrilib. Əslində bu özbaşınalıqlar keçmiş başçı İradə Gülmməmədovanın dövründən tüğyan edirdi, hətta onun rəhbərliyi dönəmində baş memar və bir neçə vəzifəli şəxs həbs olundu, biri də sabiq İH rəhbərinin bacısı oğlu idi. Amma yeni gələn icra başçısına baş verənlərin təsiri olmadı, heç nə olmamış kimi ,, qiymətləri qaldıraraq' "estafeti" davam etdirdi. Odur ki, Abşeron rayonunda tikinti aparmaq iki vur iki, yox-yox, neçə min manatlıq bir işdir. Və qanunsuz tikintilərə rəvac verən məmurlar bir müddət əvvəl də Abşeron İH-də keçirilmiş əməliyyatdan sonra hərəkətlərini bir çərçivəyə salmayıblar. Sanki and içiblər ki, bu "yolda" öldü, tutuldu var, döndü yoxdur...
Hətta qardaş Türkiyədə dəhşətli zəlzələnin qurbanı olan minlərlə insanın faciəsi də Abşeron İH-dəki tikinti mafiozlarının gözünü qorxutmadı. Görünür ki, rüşvət gözlərini elə tutub, ölüm təhlükəsi olsa belə, hər bir tikinti normativlərinin pozulmasına göz yumurlar. Digər tərəfdən, tikintiyə nəzarət məsələsi suallar doğurur. Deyilir ki, tikintiyə nəzarət olunmur. Bu da yanlış baxışdır. Aidiyyatı orqanlar tikintiyə lap yaxşı kontrol edir. Elə bu nəzarətin nəticəsidir ki, səlahiyyət sahibləri, Abşeron İH məmurları "haqq" alaraq qanunsuz inşa aparılmasına şərait yaradırlar. Əks təqdirdə, onların nəzarətindən kənarda Abşeronda daşı daş üstünə qoymaq olmaz. Yəni icazəli qanunsuz tikinti aparmaq Abşeron rayonunun sanki taleyinə yazılıb. İndi isə mənzərə daha dramatikdir. Başçı Fərzəliyev bu sahədə əsl bazarı mühiti yaradıb - pulunu ver, lap istəsən parkın içində ev tik. Bu dərəcədə olmasa belə, tikintilərlə bağlı hədd aşılıb.

Misal üçün hamının gözü qarşısında Xırdalanda "Kristal A" MTK tərəfindən tikilmiş binanın əlavə mərtəbəsi artırılır. Bu da tamamilə qanuna uyğun deyil, tikinti normativlərini pozmaqdır. Lakin Abşeron İH həmin MTK-ya belə bir absurd imkan yaradıb ki, bir mərtəbə də artırılsın. Halbuki tikinti firmasının binanın təməli qoyulmazdan əvvəl eskiz layihəsi olur, bütün çertyoj işlənir, müvafiq qurumlarda təsdiqlənir, Dövlət Arxitektura Komitəsi rəy verir, infrastruktur qabaqcadan müəyyənləşir. Ancaq "Kristal A" MTK Abşeron İH-lə "dil taparaq" daha bir mərtəbə tikilməsinə əl atıb. Ümumiyyətlə, son 6 ay ərzində Abşeron rayon İcra Hakimiyyətinin (RİH) 4 əməkdaşı korrupsiya faktına görə prokurorluq əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Onlar məhz qanunsuz tikintilərə görə həbs ediliblər. Ancaq ki nə fayda?! tutulmasına baxmayaraq Abşeron icra başçısı və əməkdaşları yenə də qanunsuz tikinti biznesindən az qala özləri də həbs edilənə qədər əl çəkməyəcəklərini nümayiş etdirirlər. Eyni zamanda, "Kristal A" MTK-nın əlavə bir mərtəbə artırmasına digər dövlət qurumları da laqeydlik göstərir. Maraqlıdır, niyə? Müvafiq orqanlar nə üçün susqundur? Abşeron icra başçısı və komandasının buradakı istəkləri anlaşılandır, bəs, tikintiyə icazə ilə bağlı rəy verməli olan digər qurumlar nəyə görə buna diqqət ayırmır? Hər halda bir izahı var...

Abşeron İH-nin bir əməliyyatlıq canı var: rüşvətlə verilən tikinti sərəncamları, "makler evi" biznesi, yıxılan evlər - Müdhiş KORRUPSİYA dosyesi...
Amma Abşeron rayonunda geniş vüsət alan qanunsuz tikintilər tək bununla məhdudlaşmır. İH "makler evi" biznesinə də əl-qol açmaq imkanı verib. Masazırda, Xırdalanda yüzlərlə "makler evi" görmək olar. Onlar keyfiyyətsiz tikilmiş, ucuz satılan həyət evləridirlər. Bunu elan saytlarında da görmək olar. Hərçənd o evləri alanlar peşman olurlar - kanalizasiya sistemi yox, otaqların divarları çat verir, nəmişlik, palçıq, su verilməsində problem və başqa çətinliklər var. Ancaq ev dəllalları ucdantutma bu evləri tikir, ucuz qiymətə satır, böyük bir biznes qurur, ən dəhşətlisi odur ki, Abşeron rəhbərliyi bu qədər evin tikintisinə sərəncam verir. Bu sərəncamları kütləvi şəkildə kim verir? - əlbəttə ki icra başçısı, baş memar və bütövlükdə Abşeron İH....
Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə sahə və hündürlüyündən asılı olaraq 2500-4000 manat arası vəsait ödədiyi bildirilir. Bununla bağlı məlumata görə, ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur.
Üstəlik, son illər FHN tərəfindən Xırdalan, Mehdiabad, Masazırda qanunsuz tikintilərin söküldüyü açıqlanıb. Deməli, Abşeron İH tikintiyə icazə verir, vətəndaşdan pul alır, nazirlik isə sökür. Burada itirən təbii ki, vətəndaşdır. Amma nazirlik sökərkən bu tikintiyə hansı qurumun icazə verdiyi aydınlaşdırılmır, demək ki məsələ birtərəfli həll olunur. Qeyd edilir ki, Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib.Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Bildirək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra
Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir. Bütün bu məsələlər "qara maskalı"ların bir yoxlaması ilə ifşa edilə bilər. Nə deyək, eviniz tikilsin!
Qeyd edək ki, söhbət "Kristal A" tikinti firmasından gedir. Bəzi hallarda insanlar bu şirkəti "Kristal Abşeron" tikinti şirkəti ilə qarışdırırlar. Lakin deməliyik ki, onlar ayrı-ayrı şirkətləridir. Bizim bəhs etdiyimiz "Kristal A" şirkətinin sahibi Aydın Cəfərovdur və onun Bakıda, Abşeronda çoxlu layihələri olan "Kristal Abşeron"la hər hansı əlaqəsi, bağlantısı yoxdur. Olsun ki bu da vətəndaşları aldatmaq üçün düşünülmüş taktikadır. Söhbət isə Abşeronda tikdiyi binaya qanunsuz şəkildə əlavə mərtəbələr artıran "Kristal A" şirkətindən gedir".
Araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfin isə mövqeyini dinləməyə hazırıq.

Nişad Mehdiyev
Müstəqil jurnalist
gundemxeber
 
Ardını oxu...
Azərbaycanda tikinti şirkətləri hər zaman öz maraqlarını prioritet tutur. Vətəndaş məmnuniyyəti, alıcının hüquqları, müştərinin arzu-istəkləri sonranın işidir. Bura tikintinin keyfiyyəti, mənzillərin bölgüsü, alqı-satqı müqaviləsində üstünlüyün şirkətə verilməsi daxildir. Misal üçün "Kristal Abşeron” şirkəti bu cəhətdən çox tanışdır. Devalvasiya nəticəsində yüzlərlə ailə zərərə salındı. Niyə?

Çünki şirkətin hüquqşünası "Kristal Abşeron”un maraqlarını əhəmiyyətli hesab edərək ödənişləri dollar ekvivalenti ilə olmasını müqaviləyə əlavə etmişdi. Mənzil alarkən sevincli olan çox ailələr heç müqavilənin bəndlərinə normal diqqət yetirməmişdilər, bundan sui-istifadə edən firma əksəriyyəti müflis etdi. Devalvasiya nəticəsində dollar bahalaşdı və bir çox ailələr evlərini dəyər-dəyməz qiymətinə satmalı oldular. Çünki ödəniş etmək mümkün deyildi. Məsələn, ikiotaqlı mənzil 60-70 minə başa gələcəkdisə, dollar bahalaşanda bu məbləğ gəlib 120-140 civarında oldu. Yəni "Kristal Abşeron” ölkənin milli valyutası olduğu halda, qanunsuz şəkildə dollarla ödəniş tələbi qoymaqla yüzlərlə ailənin həyatını puç etdi. Onların arasında mənzilini su qiymətinə satıb köhnə həyət evlərinə köçməyə məcbur qalanlar belə var. Əlbəttə, rəsmi izah, oluna bilər ki, o zaman müqavilə şərtləri belə idi, amma söhbət ondan gedir ki, yuxarıda qeyd etdiyimiz kimi – "Kristal Abşeron” və onun müftəxor hüquqşünası müqavilənin şərtlərini işləyərkən öz maraqlarını üstün tutub, nəinki vətəndaşların.

Bu da azmış kimi, son illərdə də şirkətin tikdiyi binalardan az şikayət olmayıb. Anaxeber.info mediada yayılan məlumatlara istinadla bildirir ki, "Kristal Abşeron” şirkəti daha yüzlərlə sakini bataqlığa qərq etməyə hazırlaşır. Bundan əvvəl "Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də Yasamal rayonu ərazisində, MiDA evlərinin yaxınlığında bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 tədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Amma "Kristal Abşeron” üçün ölkə rəhbərliyinin hazırlaşdığı beynəlxalq layihə COP29 tədbirinin təşkilinə heç bir məhəl qoyulmadan, bataqlıq bir ərazidə minlərlə vətəndaşın od qiymətinə, yüksək faizlərlə alacağı mənzillərin tikintisi üçün yeni binalar inşa olunmaqdadır. KİV-də gedən xəbərlərə görə, bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində mənzillər, binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur. Amma "Kristal Abşeron” şirkəti izahat vermir və öz işinin başındadır.

Şirkət artıq işlərə start da verib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. "Kristal Abşeron”un indiyə qədər inşa etdiyi digər bütün binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kif olması ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə indidən vəziyyəti təsəvvür etmək mümkündür. Axı əyri bina tikmiş şirkətdən nə gözləmək olar ki?!

Başqa bir fakt – "Kristal Abşeron” tikinti şirkəti reklamlarından biri ilə özünü biabır edib. Şirkət reklamda yeni tikilməkdə olan evlərdə səs keçirməyən materiallardan istifadə etdiyini bildirir. Ancaq həm də etiraf edir ki, bu günə qədər tikdiyi binalarda bu qayda qorunmayıb, divarlar səs keçirir, qonşunun adi danışığı da digər evdə aydın duyulur.

Bundan əlavə, bu ilin yanvarında Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.

Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Kristal Abşeron” tikinti şirkəti indi də "Park Yasamal” layihəsini bəh-bəhlə reklam etdirir. Ölkə KİV-lərində layihənin piarı elə aparılır ki, bilməyənlər yaponların, yaxud almanların proyekti kimi qəbul edəcək.

Amma şirkətin sosial media səhifəsində paylaşımlarına verilən reaksiyalardan, yazılan şərhlərdən görünür ki, vətəndaşlarımız heç də avam deyil.

Xatırladaq ki, Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi "Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi yaranmışdı.

Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb etmişdi. Deputat bildirmişdi ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır.

Həmçinin, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda "Əcəmi 3 layihəsi”ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər.

Gülər Nəsibli adlı vətəndaş "Kristal Abşeron”-un qiymət təklifinə cavab olaraq yazır: "70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?”

Qeyd edək ki, yerli mediada yazılanlara görə "Kristal Abşeron” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyev eyni zamanda "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

Mənbə: Anaxeber.info
Ardını oxu...
Dünən Dövlət İmtahan Mərkəzinin(DİM) keçirdiyi Ali Təhsil məktəblərinə qəbul imtahanında abituriyentlərə verilən suallar kütləvi narazılığa səbəb olub. Abituriyentlər və müəllimlər sualların həddindən artıq çətin, bəzilərininsə hətta “anormal dərəcədə” çətin və anlaşılmaz olmasından gileylənirlər.

Bu mənzərə ilk dəfə deyil ki, müşahidə olunur, əvvəlki illərdə də buna rast gəlinib. Lakin mütəxəssislərin də dediyi kimi, bu dəfə “əndazələr lap aşılıb”...

Məsələn, sosial şəbəkədə coğrafiya müəllimlərinin və bu elm üzrə mütəxəssislərin toplaşdığı “Coğrafiya kabineti” adlı qrupdakı narazılıq dolu paylaşımlardan birində deyilir: “Bir sualda beş sual, doğru sıra, doğru uyğunluq, doğru olan, doğru olmayan... Nə idi bu? Nə suallar idi? Coğrafiyanın başına oyun aça-aça gedirlər. Kimə deyək? Nə edək?”

Digər bir mütəxəssis isə yazır: “Bugünkü “əzələ nümayişi” kimə lazım? Bu imtahan millətin övladları üçündür, sənin “əzələ nümayişin” üçün yox. Bunun adı eqodur, ya nədir? Səriştəsizliyin niyə fənnə olan hörmətin azalmasına xidmət etməli idi?”

Bütün bu iradlar sualları hazırlayan quruma – DİM-ə, onun rəhbərliyinə, “bunker müəllimlərinə” şamil edilir. Coğrafiya fənni üzrə müşahidə edilən mənzərə 2-ci və 3-cü qrupa aid imtahandakı digər fənlərə də aiddir. Yuxarıda qeyd edilən kimi, imtahana salınan suallar sanki DİM sədri Məleykə Abbaszadənin kimlərəsə əzələ nümayişidir.

Mart və aprel aylarında keçirilən buraxılış imtahanında abituriyentlər yüksək nəticələr göstərib və təkcə maksimum göstəricini - 300 balı toplayanların sayı 53 nəfər olub. Görünür, bu nəticə DİM rəhbərliyini qane etməyib. Çünki bu halda Təhsil Nazirliyi sınaqdan uduşlu çıxmış kimi görünür.

Görünür, bu səbəbdən M.Abbaszadənin komandası “düyməni basmaq” və növbəti mərhələdə sualları anormal dərəcədə çətinləşdirmək qərarına gəlib. Ümumiyyətlə, Abbaszadənin uzun illərdən bəri Təhsil Nazirliyi ilə apardığı “intriqanın” səbəb və mahiyyəti barədə bir şey demək çətin olsa da, ötən illərdə bir neçə Təhsil nazirinin dəyişməsinə baxmayaraq, bu münasibətin dəyişməz olaraq qaldığı danılmazdır. Bundan ən çox əziyyət çəkən isə zatən tərifə layiq olmayan Təhsil Nazirliyi yox, abituriyentlərimiz, övladlarımızdır.

Təəssüf ki, onlara gerçək təhsili Təhsil Nazirliyinin tabeliyindəki məktəblərdən daha çox repetitorlar, özəl kurslar verir və bunu DİM-in başında duranlar da gözəl bilirlər. Buna baxmayaraq, öz heyflərini aylarla, illərlə çəkdikləri zəhmət qarşılığında bu cür anormal imtahanla qarşı-qarşıya qalan və nəticədə xəyal qırıqlığı, stres yaşayan abituriyentlərdən çıxırlar.

DİM-ə bu səlahiyyəti kim verib və bu qurum öz ağlına, kefinə uyğun imtahan sualları salmaqda hansı həddə qədər sərbəstdir? Bu qurumun qeyri-adekvat addımları nə vaxta qədər davam edəcək? Bunun hansısa hüquqi, inzibati tənzimlənməsi varmı və varsa, necə həyata keçirilməlidir? Bütün bunlara təkcə hüquqşünaslar deyil, DİM-in işinə nəzarət edən orqanlar da aydınlıq gətirməlidirlər...

“AzPolitika.info”
Ardını oxu...
 

Ardını oxu...
Xırdalan şəhərində yerləşən "Kristal Abşeron-1" yaşayış kompleksindəki park bağlanıb.

Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.

Onlar deyir ki, bir müddətdir parkın bir hissəsi hasarlanıb, ərazidəki ağaclar çıxarılıb və parkın ərazisində tikinti işlərinə start verilib.

Kompleks nümayəndələri sakinlərə parkın ərazisində su anbarı inşa edildiyini söyləyiblər. Sakinlər isə parkda aparılan tikinti işlərindən narazı olduqlarını bildiriblər.

Parkətrafı ərazidən mənzil alan sakinlər deyir ki, su anbarının binaların həyətində inşa edilməsi təhlükəsizlik məsələlərinə xələl gətirə bilər. Eyni zamanda onlar məhz eyvanları park ərazisinə açıldığı üçün vaxtilə buradakı binalardan mənzil aldıqlarını söyləyiblər.

Buna görə də parkın ərazisindəki ağacların çıxarılmasını, burada hər hansısa tikinti işlərinin aparılmasını və bununla da park ərazisinin kiçildilməsini hüquqlarının pozulması kimi qiymətləndirirlər.

İqtisadiyyat.az sözügedən məsələ ilə bağlı 13 may 2024-cü il tarixində "Kristal Abşeron"a sorğu ünvanlayıb. Həmin vaxtdan iki həftə keçməsinə baxmayaraq, sorğumuza cavab verilməyib.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Uzun illərdir ki, "Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verənlər, buradakı bərbad idarətmə və rüşvətxorluq halları mediada, həmçinin ictimaiyyətdə müzakirə olunsa da, ciddi tədbir görülmür.

Ölkədə səhiyyə siyasətinin iflas etdiyi bir dövrdə problemlərin bu şəkildə artması artıq təəccüb doğurmur.

Səhiyyə Nazirliyi kimi yarıtmaz bir qurumun olduğu, buna rəğmən onun səlahiyyətlərinin bölüşdürüldüyü TƏBİB-in mövcud olduğu ölkədə bu problemlərin olduğu da gözləniləndir.

İndi Azərbaycan səhiyyəsi yalnız Afrikanın cəngəllik qanunları ilə idarə olunan ən geridə qalmış ölkələri ilə müqayisə oluna bilər. Təsəvvür edin ki, bir ölkədə ən azı 3 səhiyyə nazirliyi var, amma problemlər həllini tapmır.

İndi də gəlin şikayətlərin və faktların dili ilə danışaq:

"Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan idarəçilik, oradakı özbaşınalıqlar, rüsvayçılıqlar o həddə çatıb ki, adamın tükləri az qala biz-biz olur. Sanki xəstəxana yox, sallaqxanadır. Bir misal var, qulaq hər gün təzə söz eşitməsə, kar olar. İndi "Respublikanski"də baş verənlər haqda hər gün bir söz eşitməkdən ya adam kar olar, ya da, hansısa xəstəlik tapar. Çünki baş direktor Elviz Qasımovun yaratdığı dözülməz mühit haqda xəbərlər insanda əsəb, stress əmələ gətirməyə bilməz. İndi görün ki, xəstəxanada işləyənlər və müraciət edən xəstələr nələr keçirirlər. Bizim məqsədimiz oxucularla bu informasiyaları bölüşməklə onlara hər hansı mənfi enerji ötürmək, stressə səbəb olmaq deyil, sadəcə, Elviz Qasımovun direktor olduğu gündən bəri Respublika Klinik Xəstəxanada nələr baş,verdiyini elə oranın 30 ildən çox cərrah, mama-ginekoloqu Bahar Novruzovanın dilindən eşidək".

"Arqument.az" xəbər verir ki, bu fikirlər "Səngər TV"-nin canlı yayımında jurnalist Aqil Alışovun təqdimatında "Hədəfə doğru" verilişində həkim Bahar Novruzovanın dilindən səsləndirilib.

B. Novruzova adıçəkilən xəstəxanının direktoru Elviz Qasımovu faktlarla "yaş yuyub, quru sərib" və Səhiyyə Nazirliyinin, TƏBİB-in, bütövlükdə ölkə rəhbərliyinin nəzərinə tükürpədici faktlar çatdırıb.

Həkim deyir ki, Elviz Qasımov az qala burada mafioz bir qruplaşma yaradıb.

Onun sözlərinə görə, yanvar ayında Bakıda "oksadin" dərmanı tapılmayıb. O, Türkiyədən həmin dərmanları sifariş edib. Çünki bu dərman olmadan doğuş əməliyyatına girmək risklidir.

Mama-ginekoloq dərmanı həkimlərə paylayıb. Bundan əlavə, xəstəxanada bir il dezinfeksiya aparatı işləməyib, ona görə xəstələrə aldırıblar. Bütün bunlarla yanaşı, direktor Elviz Qasımovun Pərviz adlı mühafizəçisi həkimlərin şkafını dağıdıb-töküb, paltarlarını yerə tullayıb gedib. Yəni bu dərəcədə harınlıq, müştəbehlik, özbaşınalıq və qudurğanlıq hökm sürür.

Bu azmış kimi, mühafizəçi cərrah Novruzovanı xəstəxanaya aid dərmanları oğurlamaqda ittiham edib, halbuki həmin preparatlar ginekoloqun sifarişi ilə şəxsən gətirilib, özünə məxsusdur.



Xəstəxanada olmayan dərmanları gətirib qanaxma, şok əleyhinə istifadə edən cərraha təşəkkür etmək yerinə Novruzova işdən azad edilib. Ümumiyyətlə, məlum olur ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi Respublika Klinik Xəstəxanasına yetərincə dərman, tibbi ləvazimatlar ayırmır. O zaman bu qurumlar ölkənin ən böyük, ən çox tələbat olan bu xəstəxanasını böyrü üstə saxlamaqla nə etmək fikrindədirlər?

Bir sözlə, "Respublikanski" adlanan xəstəxana Elviz Qasımov və onun mafioz komandasının cəngindədir.

Ən dəhşətlisi odur ki, bütün bu faktlar üzə çıxandan sonra yoxlama aparılıb. Nəticədə direktor Elviz Qasımovun katibəsi, özünü ağa kimi aparan və şkafları sındıran mühafizəçi Pərviz, daxili nəzarətin iki xanım əməkdaşı, baş həkimin müavini Mahir doktor işdən çıxarılıblar, amma bu biabırçı şəraitin, hərbə-zorbalığın yaranmasına səbəb olan direktor Elviz Qasımov hələ də işinin başındadır və "gözün üstə qaşın var" deyən yoxdur...

Hər halda, faktlar, sübutlar danışır. Əgər bu qədər həqiqətlər üzə çıxırsa, Elviz Qasımovun qurduğu rejim ifşa olunursa, lakin yenə də ona heç bir töhmət belə verilmirsə, xəstəxanada özbaşınalıqlar davam edirsə, deməli, ciddi şəkildə himayə olunur.

"Arqument.az" həkimin səsləndirdiyi iddialarla bağlı Mirqasımov adına Respublika Klinik Xəstəxanasından mövqe öyrənə bilməyib.

Hər bir halda həmin verilişin və həkimin səsləndirdiyi iddiaları təqdim edirik:


Ardını oxu...
Azərbaycanda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin əksəriyyətindən vətəndaşlar narazılıq edir. Vətəndaşların naazılıqları əsasən tikintilərin keyfiyyətsiz aparılması, qiymətlərin həddindən artıq baha olması və işlərin vaxtında təhvil verilməməsidir. Bu cür fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyətinin arxasında isə yüksək vəzifəli şəxslər, deputatlar dayanır. Qiymətləri od tutub yanan şirkətlərdən biri də “Kristal Abşeron”dur. Layihələrinə cəlbedici adlar qoyaraq insanları ömürlük tora salan “Kristal Abşeron”-un satdığı mənzillər ölkənin əmlak bazarında olan real qiymətlərdən dəfələrlə bahadır. Şirkətin şəhər mərkəzindən kənarlarda vətəndaşlara təklif etdiyi 70 kvadratlıq mənzillərin ümumi qiyməti təxminən 250.000 manat civarındadır.

Məsələn, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda “Əcəmi 3 layihəsi”ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər. Gülər Nəsibli adlı vətəndaş “Kristal Abşeron”-un qiymət təklifinə cavab olaraq yazır: “70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?”. Qeyd edək ki, yerli mediada yazılanlara görə “Kristal Abşeron” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyev eyni zamanda “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. A.Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir: “Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).

Ağalar Vəliyev susmaq üçün mandat alıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 10 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

O istəsə danışa bilər, amma…

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.

Dəniz kənarında çoxqübbəli villa

A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.

Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?

“Mənim bütün biznesim qanunidir”

Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”

Cumhuriyyet.net
Ardını oxu...
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması üzrə 18.03.2024-cü ildə başladığı açıq tenderin qalibini elan edib. Bu “Azərelektrik Tikinti Quraşdırma” MMC olub və tərəflər arasında 5.714.633,86 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Səhmdar Cəmiyyətin qalib seçdiyi və altı milyon manata yaxın dəyəri olan dövlət sifarişi verdiyi “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” (VÖEN 1404754281) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var?

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2019-cu ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN, ev 25, m. 28, qanuni təmsilçisinin isə Əşrəfzadə Ziya Mustafa oğlunun olduğu göstərilir.

Hüquqi şəxslərin reyestrinə daxil edilən məlumatlarda olunan dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisinin və ya təsisçisinin Babayev Baxış Abutalıb oğlu olduğu qeyd olunub.

Kimdir Baxış Babayev?

Hələ 1990-cı illərdə “Azərenerji” İstehsal Birliyi “Azərelektrikşəbəkətikinti” trestinin müdiri olmuş bir şəxs. Rəsmi mənbələrdə Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti Ayaz Mütəllibovun 29 yanvar 1991-ci il tarixli fərmanı ilə Babayev Baxış Abutalıb oğluna “Azərbaycan SSR əməkdar energetiki” adı verilib.

Rəsmi məlumatlarda, 13 yanvar 2013-cü ildə yayılan xəbərlərdə Prezident İlham Əliyevin “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etdiyi bildirilir. Enerji Satışı Departamentinin yeni inzibati binası ilə tanış olan dövlətimizin başçısı “Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşüb. Kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını çatdıranlar arasında Baxış Babayev də olub.
Ardını oxu...
Məlum olduğu kimi hazırda “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri olan Balababa Rzayev həmin dövrdə, daha dəqiqi 2006 – 2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri olub. Bu isə o deməkdir ki, Baxış Babayev vaxtı ilə Baba Rzayevin işçisi olub. Qeyd edək ki, Baba Rzayev “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri təyin olunan qədər, 10 fevral 2015 ildən – 4 sentyabr 2018-ci ilə qədər də “Azərişıq” ASC-nin sədri olub.

Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “Azərelektrik Tikinti Quraşdırma” MMC 15.07.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda isə MMC 04.03.2020-ci ildə, yəni cəmi 7 ay sonra “Azərişıq” ASC-nin Şamaxı rayonu 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə isə tərəflər arasında 2.239.536,08 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Azərelektrik Tikinti Quraşdırma” MMC -nin 30.12.2023-cü ildə 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi-1 YS” EVX-nin giriş-çıxış sxemi ilə “Xankəndi-2” YS-na qoşulması işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “Şuşa YS – Xankəndi 1 YS” EVX-nin tikintisi işlərininsatın alınması üzrə açıq tender üsulu ilə keçirilmiş 3 müsabiqənin, 22.12.2023-cü ildə 330 kV-luq “Cənub Elektrik Stansiyası – Ələt Azad İqtisadi Zona Yarımstansiyası” Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması müsabiqəsi üzrə, 15.09.2023-cü ildə 110 kV-luq ikidövrəli “110/35/10 kV Qorçu YS – 110/35/10 kV-luq Laçın Şəhər YS” arası EVX-nin tikintisi işlərinin satın alınması üzrə, 19.11.2022-ci ildə 220 kV-luq “Qobu” Elektrik Stansiyası- “Pirəkəşkül” Külək Elektrik Stansiyası Elektrik Veriliş Xəttinin tikintisi və elektrik quraşdırma işlərinin satın alınması üzrə,08.04.2022-ci ildə 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarımstansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə keçirilmiş 4 müsabiqənin qalibi olduğu göstərilir.

Göründüyü kimi “Azərenerji” ASC ” “Azərelektrik Tikinti Quraşdırma” MMC 08.04.2022-ci ildən 30.12.2023-cü ilə qədər ayrı ayrı bölgələrdə elektrikquraşdırma işlərinin satın alınması üzrə 10 satınalma müqaviləsi bağlayıb. Bunlardan yalnız 20.02.2024-cü il tarixində 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsi üzrə bağlanmış müqavilənin məbləği açıqlanıb. Amma qalib gəlmiş təşkilatla bağlanan digər 10 satınalma müqaviləsinin məbləği açıqlanmayıb.

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinin sakinlərin ölkə başçısına ünvnladığı müraciətdən də bəlli olur ki, rayonda “İmişli-Cəbrayıl 300 kv-lıq yüksək gərginlikli elektrik xəttinin çəkilişini də “Azərelektrik Tikinti Quraşdırma” MMC-həyata keçirib. Şikayətçilərin məlumatına görə “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin əməkdaşlarının zor gücünə onlara məxsus olan xüsusi mülkiyyətə, torpaq sahəsinə daxil olmaqla 250 mindən artıq Eldar şamı, Tuya, Arizonica (amerikan şamı), Pinius Pinea (italyan şamı), Libanni (Livan sidri), dekorativ şam ağaclarını məhv ediblər. Bu məlumatlar isə “Azərenerji” ASC “-nin daha bir satınalma proseduruna ayrılan vəsaitlərin məbləğini gizlətməsi deməkdir.

Şirkət haqqında məlumatlar bunlarla bitmir. Elektron medianın 23.12.2023-cü ildə yaydığı məlumatda şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Açıq internet axtarış sistemləri üzərindən bu şirkətlə bağlı heç bir məlumata rast gələ bilmədik. “Azərenerji” ASC-nin 5.714.634 manat məbləğində dövlət vəsaitini etbiar etdiyi, böyük bir layihənin icrasını gerçəkləşdirəcək bir şirkətin nəinki əlaqə telefonu, ünvanı, hətta heç Veb-səhifəsi belə yoxdu.

Bəlli olan odur ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC son bir il ərzində külli miqdarda büdcə vəsaitlərinin ayrıldığı dövlət sifarişləri alıb.Bizim şirkətin təsisçisi Baxış Babayevin bir energetik kimi təcrübəsinə şübhəmiz yoxdu. Amma sözügedən sifarişləri “Azərenerji” ASC-dən başqa şirkətlər ala bilərdimi? Təbii ki, yox. Bəlli olan həm də odur ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin təsisçisi Baxış Babayevi “Azərenerji” ASC-nin sədri Baba Rzayevlə sıx dostluq telləri bağlayır. Onların bu dostluqlarından yaranan işbirliyinin arxasında isə təbii ki, böyük pullar durur.

Aktualinfo.org

 
 
 

Ardını oxu...
Bu gün Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindən narazılıqlar var. Əsas şikayətlər isə icra hakimiyyətləri, bələdədiyyələr ilə bağlıdır. Çünki çox vaxt vətəndaşın müraciətlərinə baxılmır. Lakin narazılıqların olduğu qurumlar arasında Dövlət Gömrük Komitəsinin adını çəkə bilərik. Gömrük Komitəsi hər zaman şikayətlərin hədəfindədir, etirazlara səbəb olan qurumdur. Bəs bunun səbəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Gömrük komitəsi ilə bağlı şikayətlərin olmasının səbəbi sahibkarlara qan uddurulmasıdır:

"Son vaxtlar bununla bağlı yumşalmalar var. Sahibkar xaricdən mal gətirir. Gömrük Komitəsi qiymətləri özbaşına artırır. Sahibkar xaricdən gətirilən malın çekini göstərir. Gömrük Komitəsindən isə deyilir ki, bu qiymətdir. Gömrük Komitəsində özbaşınalıq çoxdur. Sahibkar razı olmayanda onun gətirdiyi malı buraxmırlar. Azərbaycanda Gömrük Komitəsinin digər qurumlardan fərqi ondadır ki, məhkəməyə gedəndə o qurumlar ilə bağlı effektiv qərar əldə etmək olur. Məsələn: Vergidən gəlib, sahibkara artıq vergi yazır. Onu məhkəməyə verəndə problem həll olunur".

Ekspert bildirib ki, Gömrük Komitəsini isə Azərbaycanda nadir hallarda məhkəməyə verirlər. Çünki bunun bir mənası yoxdur:

"Sahibkar xaricdən mal gətirir, Gömrük Komitəsi isə buraxmır. Bu qurumla illərdir məhkəmə çürüsək axı xaricdən gətirilən mal burada korlanır. Burada sahibkarın biznesi dayanır. Sahibkar burada məcburdur ki, Gömrük Komitəsi ilə dil tapsın. O biri dövlət orqanları ilə belə deyil. Burada bir mexanizm olmalıdır. Sahibkar və Gömrük Komitəsi arasında mübahisə yaranırsa, sahibkar istəyirsə ki, malı ölkəyə daxil olsun, o zaman qurumu məhkəməyə verməlidir. Məhkəməni udacaqsa, Gömrük Komitəsinə heç bir ödəniş etməyəcək. Əgər məhkəmədə uduzacaqsa Gömrük Komitəsinə ödənişi ödəyəcək. Burada əsas odu mal ölkəyə gəlməlidir. İkinci yol isə müxtəlif bir praktika olmalıdır. Sabah sahibkar Gömrük Komitəsini məhkəməyə verərsə və udursa, qurum ona dəyən ziyanı artıqlaması ilə ödəməlidir. Bu mexanizm yoxdur deyə bu qurumdan şikayət edir".
 

Dünyapress TV

Xəbər lenti