NAZİR GERİ ÇƏKİLDİ, YOXSA...? -
"1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib".

"AzPolitika" xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

O, iddia edib ki, bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır:

"Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir".

Nazir vurğulayıb ki, məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır.

Qeyd edək ki, nazir Emin Əmrullayevin şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olduğunu bildirdikdən sonra həmin məktəblərin rasionallaşdırılması həyata keçiriləcəyini qeyd etməsini başqa mənada başa düşmək mümkün deyildi. Nazir açıq ifadə etməsə də, bu "rasionallaşdırmanın" həmin məktəblərin böyük hissəsinin bağlanlması ilə nəticələnəcəyi şübhə doğurmur. Bundan imtina edildiyi, yoxsa nazirin fikirləri böyük ictimai reaksiya doğurduğu üçün müvəqqqəti olaraq geri çəkildiyini isə zaman göstərəcək.

Hər halda hörmətli nazirimizə bir daha xatırladaq ki, bu sayda məktəbin bağlanması ilə nəticələnəcək "rasionallaşdırma" minlərlə müəllimin işsiz qalması, yüzlərlə kəndin boşalması ilə nəticələnə bilər!

Rasim Əliyev

"AzPolitika.info"

***

Elm və təhsil naziri Emin Əmrullayev "Facebook"- da "Azərbaycan Universitetləri" səhifəsinin paylaşımına şərh yazıb.

"AzPolitika" xəbər verir ki, nazir deputat Ceyhun Məmmədovun xərclərin optimallaşdırılması məqsədilə 4440 məktəbdən 1500-nün bağlanılması ilə bağlı açıqlamasının yer aldığı paylaşımda bunları yazıb:

"Bu doğru məlumat deyil, bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək".

"AzPolitika.info"
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1732730503_1.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti