Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tərkibində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi bir gündə iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən birinin qalibi son zamanların “tender kralı” kimi tanınan “AzerMed” MMC olub.
Satınalma müqaviləsinə əsasən deputat Kəmaləddin Qafarovun şirkəti “Tibbi məsrəf və digər ləvazimatların satınalınması” üçün TSERA-dan 235.437 manat pul alacaq.
Tribunainfo.az xəbər verir ki, bir günün içində ikinci tender isə daha qəribə nəticə ilə sonuclanıb. Belə ki, TSERA “Tibbi tullantıların daşınması və utilizasiyası xidmətləri”ni “AZƏRFOOD-2007” MMMC-yə həvalə edib. Bunun üçün isə Agentlik 18.602 manat xərcləyəcək.
Məsələnin qəribə tərəfi odur ki, “Azərfood” MMC ölkədə elə adından məlum olduğu kimi, yemək bişirmə, çatdırma işləri ilə məşğul olur. Elə rəsmi qeydlərdə həmin şirkətin qida işində olduğu və bir neçə iri tenderlərin qalibi olduğu da aşkar şəkildə qeyd olunub. Şirkətin adının tərcüməsi də təsdiq edir ki, MMC tullantı və utilizasiya işinə baxmır. Çünki adı tərcümədə “Azəryemək” deməkdir.
Bundan başqa, Azərfood-2007 MMC-nin rəhbəri Rəşid Əlizadə barədə internet üzərindən aparılan araşdırma zamanı da aydın olur ki, o, şirkətinin ölkədə yemək üzrə ixtisaslaşmış bir nömrəli şirkət olduğunu iddia edir.
İşin bir başqa tərəfi də odur ki, “Azərfood” Ağcabədi və Şamaxıda da analoji tenderləri udub. Onlar həmçinin bir sıra idarə və müəssiəsələri yeməklə təmin etməyi də öhdələrinə götürüblər.
İndi sual olunur ki, ƏƏSMN yemək və qida işləri ilə məşğul olan və bu sahədə az-çox ad çıxarmış şirkətlə tullantıların daşınması və utilizasiyasını niyə satınalma müqaviləsi bağlayıb? Bu sual ona görə, yaranır ki, bu iki məsələ bir birindən çox fərqli sahələrdir. Hətta bir yerdə olması belə imkansızdır. Çünki qida işinin içinə tullantı məsələsinin qarışması, “Azərfood”un istehsal etdiyi yeməklərin güvənsiz olması barədə rəy yarada bilər.
Hər halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin bununla bağlı məntiqli açıqlaması var və sayt olaraq həmin açıqlamanı dərc etməyə hazırıq.
 

Ardını oxu...
Bir ay ərzində neçənci kütləvi zəhərlənmə xəbəridir ki, alırıq. Əgər bu qədər kütləvi zəhərlənmə halı baş verirsə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərliyi istefa verməlidir. Bu cür hallar qarşısında özünə hörmət edən insan, rəhbər postundən əl çəkməli, xalqdan üzr istəməlidir. Bildirməlidir ki, bu iş mənlik deyil.Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov baş verən kütləvi zəhərlənmə hallarıyla bağlı danışarkən deyib. O bildirib ki, AQTA-nın ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsidir:

“AQTA-nın işi heç bir ekspertiza aparmadan ancaq icazə kağızı verməkdir.Bu yalançı kağızlara, yalançı ekspertiza kağızlarına son qoyulmalıdır. Bu cür kütləvi zəhərlənmələrin səbəbi AQTA-nın verdiyi bu yalançı kağızlardır.

Bu hələ bizim bildiyimiz, mətbuatın üzə çıxara bildiyi zəhərlənmə sayıdır. Bilmədiyimiz, gizlədilən, qeydə alınmayan yüzlərlə qida zəhərlənmələri baş verir. Bütün cəmiyyət təşəkkür etməlidir media işçilərinə ki, məhz onlar üzə çıxarır bu cür halları. AQTA media ilə birgə işləməlidir. medianın üzə çıxardığı faktları diqqətdə saxlamalı, araşdırmalıdır.

Milyon dollarlıq laboratoriyalar, akreditasiyalar AQTA rəhbərliyinin ağlını başından alıb. Onlar elə bilir ki, milyon dollarlıq laboratoriyanı qurub ora qoymaqla nə isə həll etmək olar”.

E.Hüseynov bildirib ki, bu gün şadlıq saraylarında, yas mərasimi keçirilən hər yerdə AQTA nümayəndəsi olmalıdır:

“Ofisdə oturmaqla qidanın təhlükəsizliyinə nəzarət etmək olmur. AQTA-nın əməkdaşları başqa məqsədlərlə yoxlama keçirir. Araşdırma aparmır. Bunun monitor mərkəzi olmalıdır. Qida ilə bağlı olan hər yer həm yerində, həm də monitorlarla yoxlanılmalıdır. AQTA bu illər ərzində heç nə etmədi. Rəhbərlik dəyişmədikcə, sadaladığımız işlər görülmədikcə, mediayla birgə iş aparılmadıqca vəziyyət daha da pis olacaq”
Ardını oxu...
Beyləqanlılar: “Bəsdir, rayon əhlisinə edilən hörmətsizlik”!

Şahin İsmayılovun üçüncü dəfə Beyləqandan deputatlığa namizədliyini YAP-ın irəli sürməsi rayon əhalsinin ciddi etirazına səbəb olub.

Sentyabrın 1-də keçiriləcək növbədəkənar parlament seçkilərində YAP-ın deputatlığa namizəd göstərdiyi birinci siyahıda adı olmayan, lakin ikinci siyahıda dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən 125 şəxs arasında 83 saylı dairədən Şahin İsmayılovun təkrar Beyləqan 83 saylı dairədən III dəfə deputatlığa namizədliyi rayonda ciddi etirazla qarşılanıb.

Noyabr 2015 və fevral 2020-ci illərdə seçicilər adından saxta mandat alan, Beyləqanda deputat olduğu son 9 il ərzində, xüsusən ölkəmiz üçün ən həssas dövrdə, yəni 2020-ci ildə 44 günlük Vətən müharibəsində Beyləqanda şəhid olanların dəfnində iştirak etmədiyi, ona görə 2021- ci ildə Kəbirli kəndində şəhid ailələri, qazilər və seçicilər tərəfindən deputat kimi yerində olmayan Şahin İsmayılov kənddən qovuldu. Az sonra həmin “deputatqovma” hadisəsi Beyləqanın Təzəkənd kəndində təkrar olundu.

Şahin İsmayılov Beyləqandan deputat mandatı aldıqdan sonra seçicilərlərlə görüşməyib, onları düşündürən problemləri həll etməyə təşəbbüs belə etməyib. Rayon sakinlərinin dediyinə görə, deputat Şahin İsmayılovun, hətta rayonda seçiciləri qəbul edib, onları dinləmək üçün deputat otağı belə yoxdur. O, yalnız Bakıda özünün şəxsi biznesini inkişaf etdirməklə məşğul olur, mandat aldığı dairədə seçicilərlə görüşmür və buna görə, beyləqanlılar Şahin İsmayılovun üçüncü dəfə təkrar Beyləqandan deputat seçilməsinə qarşı etiraz edirlər.

Beyləqanlılar rayondakı bütün vəzifələrə rayonda yaşamayan, insanları yaxından tanımayan, yalnız özlərinə var-dövlət və sərvət yığan adamların təyin olunmasından çox şikayətlənir, hətta deputatın da rayon sakinləri içərisindən seçilməməsinə ciddi etiraz edirlər.

Rayonun icra başçısı, RPŞ rəisi, Prokuroru, Məhkəmə hakimləri, DTX bölmə rəhbəri, SHXÇDX-nin rəsi, Regional maliyyə şöbəsinin rəisi, Təhsil sektorunun müdiri və rayonda olan digər həlledici vəzifələrə rayondan kənar insanların təyin edilməsi, hətta deputatın da əslən Beyləqan sakini yox, Bakıda yaşayan Şahin İsmayılovun olmasına rayon əhalisi ciddi etiraz edirlər.

Bundan əlavə, Bakı sakini Şahin İsmayılovun təkrar, 3-cü dəfə YAP tərəfindən Beyləqandan deputatlığa namizəd irəli sürülməsini beyləqanlılar xeyli sayda üzvü öz sırasında birləşdirən YAP Beyləqan RT-na hörmətsizlik kimi qəbul edir.

Eyni zamanda Şahin İsmayılovun heç bir deputat fəaliyyəti göstərmədiyi iki çağırış MM-ə seçkilərdə, yəni 9 il ərzində deputat təcrübəsi, 3-cü dəfə deputatlığa namizəd irəli sürülməsi 31 il ərzində fəaliyyət göstərən YAP Beyləqan RT-nın yerli partiya üzvlərindən bir nəfər deputatı hazırlamağa qabiliyyəti çatmaması deməkdir…

Azərbaycan müstəqillik qazanandan sonra Beyləqanda deputat mandatı alan kənar şəxslərin dosyesinə fikir verin:

1) 1995 – 2000 – ci illər I və II çağırış MM-ə seçkidə – Quliyev Novruz, rəhmətlik akademik Cəlal Əliyevin sumkagəzdirəni, əslən Cəbrayıllı, Bakı sakini;

2) 2005 – 2010 – ci illər, III çağırış MM-ə seçkidə, orta təhsilli Məmmədov Səfər, yerli, əslən Qərbi Azərbaycanlı;

3) 2010 – 2015 – ci illər, IV çağırış MM-ə seçkilərdə, Bakı sakini, Qaçqınlar Fondunun rəhbəri, Quliyev Ayaz İsmayıl oğlu, əslən Qərbi Azərbaycanlı;

4) 2015 – 2024 – ci illər, V – VI çağırış MM-ə seçkilərdə, Bakı sakini, Gənclər təşkilatının sədri İsmayılov Şahin Əmir oğlu, əslən Naxçıvanlı;

5) 2024 – cü il, VII çağırış MM-ə seçkilərdə deputatlığa 3-cü dəfə namizəd, Bakı sakini, Respubıika Gənclər təşkilatənın sədri İsmayılov Şahin Əmir oğlu, əslən Naxçıvanlı…

31 il ərzində YAP-ın Beyləqan rayonunda “at oynadan” yadlardan ibarət olan yağmaçı məmurlarına, deputatlarına yaxşı baxın, həzz alın, əziz beyləqanlılar!..

Qeyd: Şahin İsmayılova saxta mandat verən, sonda korrupsiya əməlinə görə vəzifələrindən azad edilən Beyləqan RİH-in başçıları Vaqif Abdullayevin (aprel 2012 – sentyabr 2018) və Asif Ağayevin ( oktyabr 2018 – iyun 2024) ünvanına beyləqanlılar hələ uzun müddət lənət oxuyacaqlar…paralel.az
 
Ardını oxu...
Avtomobil nömrələrinin verilməsində yol polisinin ayrı-seçkiliyi
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1
maddəsində 001-009 avtomobil nömrələrinin verilməsinə görə ayrı
hərflərin kombinasiyasından ibarət olduqda 2000 manat, eyni hərflərdən
ibarət olduqda 3000 manat; 100-900 nömrələrinin verilməsinə görə
uyğun olaraq 1500 və 2000 manat; 111-777 nömrələrinə görə 1000 və
1500 manat dövlət rüsumu bəlirlənib. Di gəl, nömrələri verməyə təhkim
edilən Baş Dövlət Yol Polisi İdarəsinin uyğun qurumu istehlakçı hüquqlarını
( pullu xidmətin istehlakçı hüquqlarından olması faktdır-M.B.) pozur,
nömrələri gizlədir, ayrı-seçkilik edir. Halbuki, qanunvericiliyin tələbinə görə,
yol polisinin nömrə verilən bölümündə hansı nömrələrin olduğu görünən
yerdə bildirilməlidir. Bu sətirlərin yazarına hələ 15-16 il qabaq BDYPİ rəisi
və müavinləri rəsmi məktublarla istədiyi nömrəni ( 10-001) verməyə söz
versələr də, indi nömrələr sərfiyyatdan “yoxa çıxıb”. Bəs sərfiyyata yenicə
verilən nömrələr?
77 ilə başlayan son Bakı nömrələrindən almaq üçün hələ iki-üç il qabaq
müraciət edilməsinə baxmayaraq, artıq işdən təqaüdə göndərilən Kamran
Əliyev qərəzlə heç bir 77-777 nömrəsinin sərfiyyatda olmadığını
bildirmişdi. Qərəz o həddə çatmışdı ki, elə on ildən çox qabaq öz
pulumuzla aldığımız 007 nömrəsinin də özümüzə verilməyəcəyi rəsmi
məktubla “bronlaşdırılmışdı”. Belə özbaşınalıqla hansı istehlakçı
hüququndan danışmaq olar(dı)? Bu ilin əvvəlində yenidən eyni hərflərdən
ibarət 77-777 nömrəsinin verilməsinə müraciət edilib. Yenə də heç bir
nömrənin sərfiyyatda olmadığı bildirilib.(?)
Bir ara öncə BDYPİ rəisinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova
77-QQ-777 nömrəsini bağışladığı bilgisi yayılıb. Düzdür, bəzi
“ağzıgöyçəklər” bağışlanmanın yüzminlərə oturduğunu vurğulayır, amma
fakt faktlığında qalır ki, general “sandıq”dan-sərfiyyatdan” Qarabağın baş
məşqçisinin adına uyğun 77-QQ-777 nömrəsini “tapıb çıxarıb”. Qurban
bəyə halaldır, elə BDYPİ rəisinə də. Bir sual düşündürür, bəs QARABAĞ
QAZİSİNƏ ( QQ) niyə qoşa hərfli nömrə tapılmır? Dövlət rüsumu 1500
manatdır də! Qurban Qurbanova “QQ” olar, QARABAĞ QAZİSİNƏ yox?
Ayrı-seçkiliyin nədən qaynaqlandığını Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti bəlirləyə bilər. Hər halda maddi marağın üstünlüyü
şübhə doğurmur. Yoxsa QARABAĞ QAZİLƏRİNİN nəyi “QARABAĞ” futbol
klubunun rəhbərliyindən əskikdir?
Məğrur Bədəlsoy
Ardını oxu...
P.S. “Güzgülü” nömrə bağışlanması BDYPİ rəisinin “siftəsi” deyil. On il
qabaq 10-OO-010 nömrəsi Naxçıvanın başçısı Vasif Talıbovun oğlunun
“Mersedes”inə verilib. (Qarabağ qazisinə isə 10-la başlayan nömrələrin
sərfiyyatda olmadığı deyilir(di). Nömrə 18 manata sənədləşdirilib, amma
əvəzində nə əldə edilib, “kommersiya sirridir”...
TEREF
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş VI çağırış Milli Məclisin deputatı Nurlan Həsənov qeybə çəkilib.

Yenicag.az xəbər verir ki, deputatlığa namizəd Nurlan Həsənov digər namizədlərdən fərqli seçki təbliğatı kampaniyası “aparır”.
Ardını oxu...
“Aparır” ona görə dırnaq arasında verilib ki, hələlik Həsənovun təbliğat kampaniyası ilə bağlı mətbuatda və sosial mediada heç bir məlumat paylaşılmayıb.

Axtarış alətlərini istifadə edərək Həsənov haqqında son məlumatlara baxdıqda heç bir informasiyanın olmadığı aydınlaşır. Nurlan Həəsənov hətta sosial mediada belə yoxdur.

Onun sosial media hesabını qapatmasının tarixçəsi ilə Yenicag.az saytında gedən Tarif Şurasının benzinin qiymətinin artırılması ilə bağlı qərarına verdiyi reaksiya ilə bağlıdır.

2021-ci ildə saytımıza verdiyi açıqlamada Tarif Şurasının qərarını müdafiə etməyə çalışan gənc deputat “Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir” kimi bir cümlə işlətmə qəflətinə düşüb. Yenicag.az olaraq onun bu açıqlamasını yaydıqdan sonra sözlərini təkzib edən deputat saytımıza qarşı təhqiramiz ifadələr işlətmiş, sosial media hesabında deputata yaraşmayan paylaşımlar etmişdi. Sonradan deputatın səs yazısını yayımlayaraq onun iddialarının əsassız olduğu üzə çıxarılmışdı.

Bu qalmaqaldan sonra Dr. Həsənov sosail media hesabını bağlamışdı. Görünür, onun sosial media fobiası o qədər dərindir ki, heç seçki ilə bağlı da onu aktivləşdirməyib.

Nurlan Həsənov adlı deputatın varlığından insanların xəbər tutduğu başqa bir hadisə isə Almaniyanın keçmiş kansleri Angela Merkellə bağlı etdiyi paylaşım olub. Merkel aşiqi olduğunu gizlətməyən “siyasətçi”nin paylaşımı birmənalı qarşılanmayıb. Merkellə şəkil çəkdirməyi “şans” kimi qiymətləndirən deputat paylaşımında Azərbaycan dilinin qaydalarını da gözləməmişdi. Hakim partiyasının deputatının Almaniyanı “insanların ən xoşbəxt yaşadığı ölkə” adlandırması isə sosial mediada uzun müddət məzə obyektinə çevrilmişdi.
Ardını oxu...
Həsənovun Milli Məclis göstəricilərinə nəzər saldıqda onun burada da susqun olduğunu görürük. Belə ki, meclis.info-da onun ümumi reytinqinin 8,79 faiz olduğu görülür. Bunun 0,27 faizini media, 4,30 faizini sosial media və 4,22 faizini isə Milli Məclisdəki aktivliyi təşkil edir.

Nurlan Həsənovun bu fəaliyyətsizlik ilə yenidən deputat seçilib-seçilməyəcəyinə isə seçicilər qərar verəcəklər.
 
Ardını oxu...
Peşəkar cərrah Uzm. Dr. Vüqar Ələkbərov kimi təqdim edilən həkim Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində. millət vəkili olmaq üçün namizədliyini irəli sürüb.

32gun.az-ın məlumatına görə, o 13 saylı Yasamal Birinci seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.

Xatırladaq ki, məşhur həkimin adı dəfələrlə qalmaqallı əməliyyatlarda hallanıb.

20019-cu ildə yerli mediada gedən məlumatlara görə, Salyan rayon sakini Əfsanə Axundova məşhur plastik cərrah Vüqar Ələkbərovdan şikayətçi olub. O V. Ələkbərov tərəfindən sinəyə silikon qoyulma və qarın gərilməsi əməliyyatı olub: "Əməliyyatdan sonra 6-7 ay müddətində sinəm və qarnım irin verdi. Məsələ ilə bağlı həkimə nə vaxt yazırdımsa, mənə laqeyd münasibət bildirdi, nömrəmi votsapda bloka atdı. Məlum oldu ki, sinəmdə yad cisim qoyub. Uzun mübahisələrimizdən sonra məni iyun ayında işlədiyi "Can” klinikasına dəvət etdi. Dedi ki, başı qarışıqdı, bu məsələni qaldırmayım. Qeyd elədi ki, başı açılandan sonra məni korreksiya edəcək.

Həkimin atası Əli Ələkbərov məşhur neyrocərrahdır. O, hazırda Mərkəzi Klinikada çalışır. Atasına görə, ona bu işdə kömək ediblər."- deyə qadın qeyd etmişdi.
Ardını oxu...
Elə həmin ildə V.Ələkbərov öz müəlliminin ölmünə səbəb olması yazıldı.

Belə ki, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 65 yaşlı həkim-pediatr Sədaqət Şahsuvarova Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında pasiyentinin ölümündə günahkar olmadığını bildirmişdi, hadisəni boyundan atmışdı.

Əgər ən az 10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub" -deyən V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü və müəllimi olduğunu bildirmişdi.
Ardını oxu...
 
 

 


Ardını oxu...
Əczaçılıq sahəsində fəaliyyət göstərən "Dokta" ticarət qaydalarını pozmaqda ittiham edilir.

Qaynarinfo xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddəsi ilə protokol tərtib edilib.

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatındadır.

452.4-cü maddədə vəzifəli şəxslərin 1500 manatdan 2500 manatadək, hüquqi şəxslərin isə 5000 manatdan 7000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

"Dokta"nın Milli Məclisi V və VI-cı çağırış deputatı Cavanşir Feyziyevə məxsus olduğu deyilir.
 
Ardını oxu...
Milli Məclisdə təmsil olunan bitərəf deputatların sentyabr ayında keçiriləcək parlament seçkilərində işi xeyli çətin olacaq.
Reportyor.info xəbər verir ki, artıq seçicilər uzun illər parlamentdə oturub heç bir problemdən danışmayan deputatlara növbəti dəfə etimad etmək niyyətində görünmür. Hər halda sosial şəbəkələrdə və mediaya yayılan məlumatlardan bu aydın görünür.
Bu tip namizədlərin ümidi yalnız hakimiyyətin dəstəyinədir. Artıq sosial şəbəkələrdə və mediada məlumatlar yayılır ki, həmin namizədlər üçün inzibati resurslar hesabına imza toplanıb. Təbliğat kampaniyasında da onlara büdcə təşkilatlarının yardım edəcəyi bildirilir.
Belə namizədlərdən biri də Azay Quliyevdir. O, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb.
Azay Quliyev III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Onu fəal deputatlar kateqoriyasına aid etmək mümkün deyil.
Azay Quliyev 20 illik deputatlıq karyerası dövründə nadir hallarda çıxış edib. Bu çıxışlarda ölkə daxili problemlər, seçiciləri narahat edən məsələlərə toxunulmayıb.
O, həm də uzun illər QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri vəzifəsində çalışıb. Bir çox hallarda onun fəaliyyətinə tənqidi yanaşılıb. Bu da Azay Quliyevin ictimai-siyasi sferada nüfuzuna ciddi zərbə vurub.
Bütün bunlar sentyabrda keçiriləcək seçkilərdə onun qələbə şansını xeyli zəiflədir.
Biz hələ onu demirik ki, Azay Quliyev ciddi rəqiblə üzləşib. Bu, Ümid Partiyasının namizədi Tamilla Qulamidir.
Tamilla Qulami ictimai-siyasi səhnədə kifayət qədər tanınan şəxsdir.
Gənc yaşlarından siyasi fəaliyyətə başlayan Tamilla Qulami qısa müddət ərzində kifayət qədər nüfuz qazana bilib.
2014-cü ildən Ümid Partiyasında siyası fəaliyyətə başlayan Tamilla Qulami təşkilatın “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, Ali Məclis sədrinin birinci müavini, partiya sədrinin təbliğat və informasiya məsələləri üzrə müavini olub, hal-hazırda partiyanın İdarə Heyətinin üzvüdür.
O, 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində iştirak edib və seçilib. 2014-2019-cu illər Binəqədi Bələdiyyəsinin üzvü olub.
1 noyabr 2015-ci il və 9 fevral 2020-ci il növbədənkənar Parlament Seçkilərində 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd olub.
Tamilla Qulami 2006-cı ildən beynəlxalq tədbirlərdə iştirak edir.
“Gənclər siyasətində ictimai vəkillik”, “Beynəlxalq gənclər işi: Müxtəliflik, mədəniyyətlərarası təhsil” və s. müxtəlif adlı Beynəlxalq təlim kursları keçib.
2014-cü ildə Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Türk Xalqlarının Qurultayı” – Turan şəhərciyinin açılışında, Gürcüstanda keçirilən “Elat Mədəniyyəti Günləri” tədbirində iştirak edib.
2014-cü ilin oktyabr ayında Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III Gənc Liderlərin Akademiyasında “Siyasətdə gənclərin iştirakı: İmkanlar və perspektivlər” forumunda “Cənubi Qafqaz Birliyi” mövzusuyla çıxış edib, Beynəlxalq Diploma layiq görülüb.
2019-2020-ci il Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açılışını etdiyi, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olan “Gender əsaslı Bələdiyyə Akademiyası”nın məzunu olub.
22 fevral – 5 mart 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Konqresinin dəstəyi ilə Vaşinqton və Arkanzas ştatlarında “Açıq Dünya” proqramının “Vətəndaş fəallığı və idarəçilikdə gənc liderlər” mövzusu üzrə təhsil proqramı layihəsində iştirak edib.
Amerikanın Arkanzas ştatının Qubernatoru və Katibinin imzası ilə Fəxri Diploma layiq görülüb.
Tamilla Qulaminin bioqrafik məlumatlarından görünür ki, onun artıq seçki təcrübəsi var. Bundan başqa, 2014-2019-cu illərdə Binəqədi bələdiyyəsinin üzvü olub. Bu o deməkdir ki, o, dairəyə yaxşı bələddir. Gələn məlumatlarda bildirilir ki, Ümid Partiyasının namizədi bələdiyyə üzvü olarkən fəaliyyəti ilə vətəndaşların diqqətini cəlb edə bilib.
Tamilla Qulaminin atası Famil Qulami Birinci Qarabağ savaşında şəhid olub. Bu gün Tərtər şəhərinin mərkəzi küçələrindən biri Famil Qulaminin adını daşıyır.
Qısası, Tamilla Qulami Azay Quliyev üçün kifayət qədər ciddi rəqib hesab edilir. Azay Quliyevə hakimiyyət düşərgəsindən hər hansı bir dəstək verilməyəcəyi təqdirdə onun Ümid Partiyasının namizədinə qalib gələcəyi inandırıcı görünmür.

Reportyor.info
 
 

 

Ardını oxu...
Hakim partiyanın 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi Malik Həsənovdur.

Xatırladaq ki, o, Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır. Əslən cəlilabadlı olan Həsənovları yerli camaat yaxşı tanıyır. Onların rayonda və ölkə üzrə böyük biznes imkanları var. Malik Həsənov IV, V, VI çağırış deputat olub. Yəni 15 ildir ki, parlamentdədir. Onun yenidən mandat sahibi olacağı ehtimalı yüksəkdir. Amma Cəlilabad camaatı deputatın üzünü seçkidən-seçkiyə görür. Onlar qeyd edirlər ki, Malik Həsənov 9 avqustdan 31-dək görünəcək, sonra yenə 5 il onu tapmaq mümkün olmayacaq. Yeri gəlmişkən, Malik Həsənov parlamentin susqun deputatlarından biridir. Onun hər hansı çıxışını və ya mətbuata açıqlamasını görmək mümkün deyil.

O da deyilir ki, “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. O, 2007–2010-cu illərdə “Azinko holdinq” tikinti şirkətinə rəhbərlik edib. İndi də şirkət onun nəzarətindədir.

Tribunainfo.az
 
Ardını oxu...
Milli Məclisə seçkilərin keçirilməsi yaxınlışdıqca, deputat mandatlığının şirinliyin dadmaq istəyən şəxslərin sayı da getdikcə çoxalır.

Sözsüz ki, belə şəxslər, adətən, qazanacaqları təqdirdə, 5 illik parlamentarilik dönəmində seçildiyi dairədə yaşayan insanların yox, əksinə, öz mal-dövlətinin arıtrılmasının qeydinə qalmağı özləri üçün prioritet hesab edirlər.

Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı qalmaqallı şəxslərlə bağlı bugünkü rubrikasının “qonağı” da isə 112 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyi irəli sürülən, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur.

15 fevral 2006-25 iyun 2009-ci illərdə Zaqatala rayonuna, 25 iyun 2009–2 sentyabr 2015-ci illərdə isə paytaxtın Səbail rayonuna rəhbərlik etmiş A. Əsgərovun fəaliyyətinə nəzər saldıqda onunla bağlı heç də yaxşı nüanslarla rastlaşmadıq.

18 ildir icra başçısı kreslosunu buraxmaq istəyən Asif Əsgərov, yəqin ki, ona hakim partiyada etimadın azalmasını görərək, bu dəfə də bəxtini Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə namizəd olmaqda sınamaq niyyətinə düşüb.

Qeyd olunur ki, əgər A. Əsgərov parlamentə yol tapa bilsə, Nəsimi rayonuna 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.

Maraqlısı budur ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov adı da digər icra başçısı həmkarları kimi vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.

Qısa araşdırmadan məlum olur ki, cənab Əsgərov 2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmiş və Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.

Bundan öncə isə stajlı icra başçısı oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Onun oğlu ilə bağlı saytların birində gedən yazını oxucularımıza təqdim edirik:

“2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev isə dünyasını dəyişmişdi. S. Mirzəyev “McDonald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.

İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.

İ. Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı”, – deyə məlumatda qeyd olunub.

Hətta iddialardan biri də budur ki, cənab Əsgərov oğlunu həbsdən qurtarmaq üçün altına yığdığı 1 milyon AZN-i onun yolunda qurban edib.

Lakin buna baxmayaraq, Asif Əsgərov təkcə oğlunun törətdiyi avtoqəza ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını “yaşıl soyqrım”da ittiham ediblər.

Onun bu “məharəti” ilə bağlı isə yazılanları olduğu kimi təqdim edirik:

“İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satırdı. Dəfələrlə sakinlər bu ağac qırğınına etiraz etsələr də icra başçısı etirazlara məhəl qoymurdu.

Ümumiyyətlə, icra başçısı Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti professorla olan yüz minlik rüşvət qalmaqalıdır. Bəli, söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevlə icra başçısı Asif Əsgərov arasındakı 300 min rüşvətdən gedir. Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif Əsgərov 20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir. Bu hadisə başqa bir ölkədə olsaydı, icra başçısını dərhal həbs edərdilər.

Onu da qeyd edək ki, söhbət 1 sot torpaqdan gedir. İndi hesablayın görün Asif Əsgərov Nəsimi rayonu ərazisində minlərlə sot torpaq satıb nə qədər qazanıb…

Bunlar Asif Əsgərovun əməllərindən bircə “damcı”dır. Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət əvvəl açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı 10 minlərlə rüşvət istəyir.

Gələk, məsələnin əsas tərəfinə. 18 illik icra başçılığı fəaliyyəti dövründə yaşadığı əraziyə bir qara qəpik də verməyən cənab Əsgərovun deputat olmaq ehtirası nədən qaynaqlanır? YAP-ın sıralarından Zaqataladan deputat seçilmək istəyən A.Əsgərov 3 il rəhbərlik etdiyi Zaqatalanın niyə yenidən günün qaraltmaq istəyir? Axı bu xalq Asif müəllim kimi icra başçılarının fəaliyyətindən nə görüb ki, indi də gedib ona səs versinlər? Suallarımız çoxdur.

Yəqin ki, Asif müəllim bu suallara normal cavab tapa bilər…
 
 
 

Dünyapress TV

Xəbər lenti