"Yaşıl enerji istiqamətində də çox önəmli addım atılıb və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji, böyük sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq: “Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaq.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun əmlaklarının qaytarılması ilə bağlı qərardan artıq Ali Məhkəməyə şikayət verilib.
Teref.az "Azadlıq radiosu"na istinadla xəbər verir ki, şikayətçi generala qaytarılan əmlaklardan birinin – "8-ci kilometr bazarı"nın keçmiş sahibi Çingiz Əsədovdur. Bu ticarət mərkəzinin səhmlərinin 50 faizi Çovdarovun qızı Aidə Qasımovaya məxsusdur.
Sabiq MTN generalının həbsindən sonra Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunan əmlaklar arasında bu da vardı. Çünki cinayət işinin materiallarında iddia olunur ki, 2005-ci ildə bazarı sahibi, "Maral-Veqa" MMC-nin təsisçisi Cəfər Səfərov və qardaşlarının əlindən zorla alıblar. Sonradan bazarın səhmlərinin 50 faizi Çovdarovun qızının, 50 faizi isə o dövrdə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.
"Pulun 120 minini bankdan kredit götürmüşdüm"
Keçmiş MTN-çilərin cinayət işində bu bazar məsələsi ilə əlaqədar Səfərov qardaşları zərərçəkmiş qismində tanınıb. Qardaşların dediyinə görə, 2005-ci il dekabrın 16-da bazarla üzbəüzdə yerləşən "Maral-Veqa" MMC-nin ofisinə MTN əməkdaşları silahlı basqın edib. Qardaşlardan Qəhrəman Səfərovu, bazarın mühasibi Akif Əzimovu və direktoru Əyyub Novruzovu aparıblar. Az sonra Cəfər Səfərov da ora gətirilib:
"Akif Çovdarov mənə dedi ki, bazarı Fərhad Əliyevgil (keçmiş iqtisadi inkişaf naziri-red.) mənim vasitəmlə əvvəlki sahibindən zorla alıblar. Dedim ki, xeyr, mən özüm bu bazara görə əvvəlki sahibi Çingiz Əsədova 2002-ci ildə 240 min dollar pul vermişəm. Hətta bu pulun 120 minini bankdan kredit götürmüşdüm, bazar da girov qoyulmuşdu. Alqı-satqı müqaviləsinin bağlandığı notariusu da dedim...".
"Başqa yol yox idi"
Səfərovların sözlərinə görə, onlar MTN-ə aparılanda Fərhad Əliyev təxminən iki ay olardı, həbs edilmişdi. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. O, 2007-ci ildə mənimsəmə, rüşvətalma və digər ittihamlarla 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə isə əfv sərəncamı ilə azadlığa çıxıb.
Qardaşların iddiasına görə, onları sərbəst buraxmaq üçün bazarı təhvil vermələri tələb olunub. Cəfər Səfərov razılaşıb: "Başqa yol yox idi. Özləri də bilirdilər ki, götürdüyüm krediti ödəməmişəm, bazar bankda girovdur. Çovdarov özü 70 min dollardan bir qədər artıq krediti ödədi, bankdan arayış alındı...".
Çovdarovgil razı deyillər
Daha sonra bazarın 50 faizi sabiq nazir müavini Hilal Əsədovun qayınatası Ənvər Məmmədovun, qalan 50 faizi isə Elşən İsmayılov adlı şəxsin adına keçir. Ardınca Məmmədov da öz payını qızı Nüşabə Əsədovaya bağışlayır, İsmayılovun aldığı hissə isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçir.
Çovdarov və Hilal Əsədov isə bazarın zorla ələ keçirilməsi ittihamı ilə razılaşmır. Onlar bu məsələ ilə əlaqədar ifadələrində də Səfərov qardaşlarını "Fərhad Əliyevin yaxın adamları" adlandırıb, o bazarın Çingiz Əsədov adlı şəxsdən zorla alındığını iddia ediblər.
"Akif Çovdarov yanıma gəlib dedi ki, Çingiz Əsədov adlı şəxs sahibi olduğu bazarın 2002-ci ildə əlindən alınması barədə MTN-ə şikayət edib. Səfərov qardaşları da bu əməllərini etiraf ediblər. Bu məsələni nazirə məruzə elədim. Sonra məlum oldu ki, qardaşlardan biri bazarı geri qaytarmağa razılıq verib, Çingiz Əsədov da şikayətini geri götürməyə razılaşıb. Sonradan bazar satıldı, qayınatam da bir hissəsini aldı...", – sabiq nazir müavininin ifadəsindəndir.
20 manata alqı-satqı
Çovdarov isə ifadəsində bildirib ki, Çingiz Əsədov bazarı Səfərov qardaşlarından 300 min dollara geri almağa və şikayətindən imtina etməyə razılaşıb. Lakin sonradan deyib ki, bu qədər pulu yoxdur və bazarı geri ala bilmir: "Ona görə də bu məsələ MTN rəhbərliyinə məruzə olundu. Rəhbərlik tərəflərin hər ikisinin (Cəfər Səfərov və Çingiz Əsədovun) halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi...".
Lakin Çingiz Əsədov iddia edir ki, həmin vaxt onu bazarı MTN generallarına verməyə məcbur ediblər:
"O bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib. Həmin bazarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Çingiz Əsədovun adına verdiyi sərəncam bu gün də qüvvədədir. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədov bu məqamların heç birini nəzərə almadan əmlakın Akif Çovdarovun ailəsinə qaytarılmasına qərar verdi...".
Əsədov kassasiya şikayətini Ali Məhkəməyə yanvarın 31-də təqdim edib.
Dövlət ittihamçısının etirazı
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Çovdarovun yaxınlarının adlarına olan əmlaklarla bağlı müsadirə qərarının ləğvi məsələsinə baxılanda dövlət ittihamçısı buna etiraz edib. Prokuror deyib ki, sözügedən əmlakların müsadirə olunması haqda qərar əsaslıdır və dəyişməməlidir. Lakin məhkəmə təxminən 30 milyon manata yaxın dəyəri olan əmlakların müsadirədən azad olunmasına qərar verib. Prokurorluğun da bu qərardan Ali Məhkəməyə kassasiya protesti verib-verməyəcəyi, hələlik, məlum deyil.
Cinayət işlərində Ali Məhkəməyə şikayət və ya protest üçün il yarımlıq müddət müəyyənləşdirilib.
Çovdarovun ailəsinə qaytarılan əmlaklar
Çovdarovun ailəsinə qaytarılanlar arasında "8-ci kilometr bazarı"ndan başqa, aşağıdakı əmlaklar da var:
- Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;
- Novxanı qəsəbəsində iki bağ evi – 800 min və 700 min manat;
- Binəqədi rayonu, 7-ci mikrorayonda 6-mərtəbəli bina – 3 milyon 178 min manat;
- Nəsimi rayonu, Cavadxan küçəsində 7-mərtəbəli bina – 4.5 milyon manat və s.
Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi: "Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətinin sərəncamı əsasında verilib...".
2015-ci ildə həbs olunan və 12 il azadlıqdan məhrum edilən Çovdarov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.
Uzun zamandır Azərbaycanda, xüsusən paytaxt Bakıda və Sumqayıtda ictimai nəqliyyatın fəaliyyətində ciddi problemlər vardı. Bəzi şirkətlər marşruta çıxmaqdan imtina etmək anonsu verirdi. Həmçinin bildirilirdi ki, onlar iflas həddindədirlər, ona görə də nizamlı işləyə bilmirlər. Bu səbəbdən onlar gedişhaqqının artırılması üçün müraciət də etmişdilər.
Bəlli olduğu kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
Qərarda qeyd edilir ki, tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.
Nəzərə çatdıraq ki, 2018-ci ildə də nəqliyyatda qiymətlərin artımı baş verəndə bunun xidmətin keyfiyyətinin yüksəldilməsinə təsir edəcəyi vurğulanmışdı və daşıyıcı şirkətlərin üzərinə öhdəliklər qoyulmuşdu. Ancaq ötən 4 ildə daşıyıcı şirkətlər bu öhdəliyə əməl etmədilər. Köhnə avtobuslar, kobud sürücülər haqda saysız-hesabsız şikayətlər mediada dərc olunub.
Yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım 4-6 manat təşkil edəcək. Tarif artımından sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.
Elməddin Muradlı: “Daşıyıcı şirkətlərin işi “qara mühasibat”lıqla tənzimlənir”
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, daşıyıcılar tərəfindən qiymətlərlə bağlı xeyli müddətdir narahatlıqlar səslənir, çünki pandemiya dövründə ictimai nəqliyyata çox böyük zərər dəyib. O qeyd etdi ki, daşıyıcı şirkətlərin dirçəlməsi üçün dəstəyə ehtiyac vardı: “Daşıyıcılar dəfələrlə hökumətə gediş haqqının artırılması, yaxud da dövlət tərəfindən onlara dotasiya verilməsi ilə əlaqədar təkliflər veriblər. Müzakirələr oldu, təhlillər aparıldı. Bəlli oldu ki, daşıyıcı şirkətlərin əksəriyyəti işini qaydalar çərçivəsində qura bilməyib. Rəsmiyyətdə bir çox problemlər var. Avtobuslar gündəlik plan əsasında işləyir, rəsmi iş yeri göstərilmir, yanacaq, ehtiyat hissələri, qaraj və s. məsələlər “qara mühasibatlıq”la tənzimlənir. Buna görə də dövlət müəyyən edə bilmir ki, kimə, hansı şəkildə dəstək olunmalıdır. Daşıyıcı şirkətlər etiraf edirlər ki, gücləri tükənib. Elə şirkət var ki, milyonlarla manat borcu yaranıb. Yanacaq ala bilmirlər, işçilərin əməkhaqqını vaxtı-vaxtında verə bilmirlər. Dövlət şirkəti olan “BakuBus” belə çökmək üzrədir. Yüzlərlə avtobus təmirə ehtiyac olduğu üçün qarajda qalıb. Nəticədə əziyyət çəkən vətəndaşlar olur. Metroda da sıxlıq yaranır. Yeri gəlmişkən, “Bakı Metropoliteni” də zərərlə işləyir. Son zamanlar yeraltı nəqliyyatda nəzərəçarpan inkişaf var. Cənab prezident “Bakı Metropoliteni”ni şəxsən nəzarətdə saxlayır. Stansiyaların sayı artırılır. Əgər əvvəl iki ilə bir stansiya çətinliklə tikilirdisə, hazırkı plana görə hər il bir və ya iki stansiya təhvil verilməlidir. Daşıyıcı şirkətlər gedişhaqqının minimum 0,50 AZN olmasını tələb edirdilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi araşdırmalar apararaq qənaətə gəliblər ki, ilk mərhələdə gedişhaqqı 10 qəpik artırılsın”.
E.Muradlı hesab edir ki, sərnişinlər komfortlu avtobuslar tələb etməkdə haqlıdırlar, dövlət də bunu tənzimləməli idi. Ekspert dotasiya təklifini daha məqbul hesab edir: “Sonuncu dəfə gedişhaqqı 5 il öncə artırılıb. Bütün sahələrdə qiymət artımı olduğu üçün hökumət bunun qaçılmaz olduğunu hesab edib. Əgər artım olmasa idi, daşıyıcı şirkətlər onlarla avtobusu xəttə buraxmayacaqlarını bildirmişdilər. Təmirə ehtiyacı olan avtobuslar var, lakin ehtiyat hissələri bahalaşdığı üçün bunu etmək mümkün deyil. Bu artım vəziyyətdən çıxmaq üçün daşıyıcı şirkətlərə müəyyən qədər stimul verəcək. Bununla yanaşı, hökumətin dotasiya təklifini nəzərdən keçirməsinin faydalı olduğunu düşünürəm. Bir dəfə risk etmək lazımdır. İctimai nəqliyyatın inkişafı üçün geniş layihə həyata keçirilməlidir. Sonradan ciddi nəzarət altında işlər qaydasına düşəcək”.
Ərşad Hüseynov: “Özəl daşıyıcılar iflasa uğrayaraq bu sahədən çəkiləcəklər”
Hüquqşünas Ərşad Hüseynovun fikrincə, ictimai nəqliyyatda gediş haqlarının artırılmasının hər hansı yaxşı nəticəsi olmayacaq. Ekspert hesab edir ki, istənilən qiymət artımı kimi, gediş haqlarının da artması əhali üçün əlavə xərc deməkdir. Ona görə də bu artım ictimai nəqliyyatdan istifadə edənlərin maddi vəziyyətinə öz mənfi təsirini göstərəcək: “Bu artım ictimai nəqliyyatın maliyyə-iqtisadi çətinliklərini həll etməyəcək. Daşıyıcılar arzuladıqları maliyyə qaynağını ala bilmədilər. Sahənin iqtisadiyyatını araşdıranlar, daşımaların maya dəyərini hesablayanlar birmənalı olaraq vurğulayırlar ki, istər metro, istərsə də avtobusla bir səyahətin maya dəyəri artımdan sonrakı gedişhaqqından da çoxdur. Belə olan halda yeganə gəlir mənbəyi həmin gediş haqları olan daşıyıcılar yenə də mənfəət əldə edə bilməyəcəklər, zərərlə işləyəcəklər, yaxud zərərlə işləməmək üçün bu sahəni tənəzzülə aparan və xərcləri azaldan addımlar atacaqlar. Məsələn, yenə də avtobusların hamısı xəttə çıxa bilməyəcək, intervallar artacaq, pik saatlarından kənar vaxtlarda (avtobusun yarıboş hərəkət edəcəyi hallarda) küçələrdə avtobus tapılmayacaq, sınıq-salxaq avtobuslar istismarda qalacaq və s. Nəticədə ictimai nəqliyyat xidmətinin keyfiyyəti aşağı düşəcək. İctimai nəqliyyatın gəlirləri nəinki bu xidməti günün tələbi səviyyəsində saxlamağa imkan verməli, həm də onun yaxşılaşdırılması və inkişafı üçün maliyyə qaynağı olmalıdır. Bu artımdan sonrakı gediş haqları hətta indiki cari xərcləri qarşılamayacaqsa, deməli, hər hansı inkişaf barədə düşünmək belə yersizdir. Bu isə o deməkdir ki, ictimai nəqliyyat sahəsi nəinki inkişaf etməyəcək, əksinə, çökməkdə davam edəcək. Axı avtobus parkı hər keçən gün bir az da köhnəlir, texniki qulluq xərci bir az da artır və s.
Ekspertin sözlərinə görə, hökumətin ictimai nəqliyyatın iqtisadi vəziyyətini “yaxşılaşdırmağa” yönələn bu addımı uzun illərdir bu sahənin inkişafı ilə bağlı yanlış dövlət siyasətini bir daha bariz şəkildə təsdiq etdi: “Bu artım ictimai nəqliyyat sektoru üçün təxminən belə ifadə edilə bilər: “Alın, sizə daha 10 qəpik veririk, gedin birtəhər başınızı girələyin”. Amma bu sahə baş girələnəcək yer deyil, cəmiyyətin həyatının bütün sahələrinə ciddi təsir edən, insanların həyat keyfiyyətini müəyyən edən bir sahədir. Dəfələrlə vurğuladığımız kimi, yollarımızdakı tixac problemi, bu səbəbdən insanların itirdiyi vaxt (yollarda qısalan ömür), bunun sağlamlığımıza, əmək qabiliyyətimizə, işgüzarlıq səviyyəmizə, elementar qarşılıqlı münasibətimizə (yollardakı aqressiya yalnız artmaqdadır) təsiri və s. diqqətdən kənarda qala bilməz. Həmin problemin əsaslı həlli ilk növbədə ictimai nəqliyyatın inkişafından keçir. Hökumətin bu qərarı isə ictimai nəqliyyat xidmətlərinə hələ də tarifləri dövlət tərəfindən tənzimlənən bir biznes kimi baxıldığını təsdiqləyir. Bu yanlış yoldan dönməli, ictimai nəqliyyatın biznes tərəfi kənara qoyulmalı, ona çox vacib sosial xidmət kimi baxılmalıdır. Bu səbəblərə görə artımdan sonra da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinın qalxmasını gözləməyə dəyməz. Deməli, xidmət keyfiyyətinin ən yaxşı halda indiki kimi qalacağı (real gözlənilən halda isə müəyyən müddətdən sonra tədricən pisləşəcəyi) təqdirdə artan gediş haqları əhalinin ictimai nəqliyyatdan uzaqlaşmasını stimullaşdıracaq. Təbii ki, belə olanda taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq. Küçələrdə fərdi avtomobil və taksi sayının artması isə tıxacların artması və daha sürəkli xarakter alması deməkdir. Yadınızdadırsa, 2022-ci ilin may ayından proqnozlaşdırırdıq ki, sentyabrdan Bakıda tıxaclar artacaq. Təəssüf ki, belə də oldu. İndi də proqnozlaşdırmaq olar ki, ictimai nəqliyyatla bağlı məsələyə hökümətin yanaşması ciddi dəyişməsə, bu ilin sentyabrında ötən ilkindən daha eybəcər tıxaclara şahidlik etməyimiz realdır.
Ə.Hüseynov hesab edir ki, gediş haqlarının indiki artımı və Tarif Şurasının fəaliyyət təcrübəsi onu deməyə əsas verir ki, hökumətin ictimai nəqliyyatın iqtisadi vəziyyəti ilə bağlı məsələyə yenidən qayıtması haradasa 3-4 ildən sonra olacaq: “Əgər belə olarsa, ölkənin, xüsusən də Bakının ictimai nəqliyyatı tam çökəcək. Özəl daşıyıcılar, sadəcə, iflasa uğrayaraq bu sahədən çəkiləcəklər. Yeni özəl daşıyıcıların indiki şərtlərlə bu sahəyə gəlməsi isə təsəvvür edilən bir şey deyil. Bəs çıxış yolu nədir? Bu sahəyə dövlətin yanaşması radikal olaraq dəyişməlidir. İctimai nəqliyyatın yalnız gediş haqları hesabına maliyyələşdirilməsi yığışdırılmalı, dövlətin bu sahəyə çevik və ciddi maliyyə dəstəyi (subsidiya və ya dotasiya, yaxud başqa bir real formada) mexanizmi yaradılmalı və həyata keçirilməldir. Bu sahəyə biznes kimi baxılmamalıdır. Bu sahədə xərclənən pulun birbaşa olaraq insanın inkişafına, həyat keyfiyyətinin yaxşılaşmasına xərcləndiyi dərk edilməlidir. Əks təqdirdə, bu sahə çökəcək. Çökdükdən sonra isə onu ayağa qaldırıb inkişaf etdirmək daha baha başa gələcək. Qeyd etdiklərim təxirə salınmadan edilməlidir”.
Natiq Cəfərli: “Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq”
İqtisadçı Natiq Cəfərlinin fikrincə, nəqliyyatda gediş haqqının artırılması gözlənilən idi: “Bu gün nəqliyyatın idarəedilməsində pərakəndəlik var. Bundan başqa, zaman-zaman dövlətin ayırdığı subsidiyaların bəzi özəl daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb. Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. “Yeganə çıxış yolu gediş haqqının artırılmasıdır” fikri yanlışdır. Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya birdəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var. Ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır. “BakuBus” və “Bakı Metropoliteni” ilə bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır-bizdə isə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayırlar. Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır. Onlar avtobusun alınma xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil, çünki “BakuBus” avtobusları, “Bakı Metropoliteni” nin vaqonları dövlət hesabına alınıb”.
Qeyd edək ki, qiymət artımı dəmir yolu nəqliyyatına aid deyil. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi məlumatında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir. Qeyd edilib ki, hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb. (Yeni Müsavat)
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən "Müxtəlif növ elektrik mallarının satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Electro Service" QSC (VÖEN – 1504224741) olub. “Azərenerji” “Müxtəlif növ elektrik mallarının satın alınması" üçün "Electro Service" QSC-yə 4 milyon 209 min 465 manat 80 qəpik ödəycək. Məlumat üçün bildirək ki, "Electro Service" QSC 08.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşir. "Electro Service" QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur. Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan "Electro Service" QSC barəsidən açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan şirkət cəmi 8-9 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi udub. "Electro Service" QSC təkcə 2022-ci ildə 8 tender müsabiqəsində qalib olub. Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, "Electro Service" QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub. Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda "Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir. Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir. Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur. 4,2 milyonluq tenderin qalibi olan “Electro Service" QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin, açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.
İstilik sarıdan əziyyət çəkən sakinlər qəsəbəyə qaz borularının çəkildiyini, boruların rəngləndiyini, buna baxmayaraq qazın verilmədiyini deyirlər.
DİA.AZ bildirir ki, 200-ə yaxın ailənin yaşadığı qəsəbənin sakinləri evlərini odun və maye qaz ilə isidirlər. Sakinlər bu günə qədər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
Məsələyə münasibət bildirən Azəriqaz İstehsalah Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, sözügedən ərazidə əsas işlər yekunlaşsa da, istismara qəbulu prosesi başa çatmayıb. Vətəndaşlar yaxın zamanda fərdi qazlaşma qaydalarına uyğun olaraq, öz vəsaitləri hesabına daxili qazlaşmanı həyata keçirə biləcəklər.
"Bu şəkil saat 15 20 də , 01 fevral 2023-cü ildə iranpərəstlərin şeytan yuvasına çevirdiyi Qaraçuxur Məscidiində çəkilib." Teref.az yazır ki, bunu sosial şəbəkə fəalı Cavid Damirli öz səhifəsində yazıb. Daha sonra Cavid Damirli yazır: "Azərbaycan respublikasının bayrağı bu məsciddə, əgər məscid demək mümkünsə,(çunki bu məscidə möminlərdən çox şeytanlar var ) tərsinə asılaraq , yuxarısna da qondarma büt əl şəkli taxılıb. Azərbaycanda heç bir şey Azərbaycan dövlətinin atributlarından hörmətli və dəyərli ola bilmez. Bunu edənlər təcilli tapılaraq cəzalandırılsın!! Sizdən vətəndaş olaraq tələb edirəm." Teref.az
Teref.az yazır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor müəllim heyəti adından redaksiyamıza Prezidentə müraciət daxil olub. Müraciətdə ADAU-də baş verən özbaşınalıqlar və daha artıqları ilə bağlı ilginc faktlar açıqlanır. Teref.az olaraq çikayəti təqdim edirik:
Cənab Prezident, ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar. Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınlaıqlar və anarxiya baş alıb gedir. Biz bu barədə dəfələrlə müraciət etmişik, kütləvi informasiya vasitələrində həyəcan təbili çalmışıq. Lakin kənd təsərrüfatı nazirliyi, eləcə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülmədi. Nəticədə bu gün həmin rüşvətxorlardan biri Baytarlıq fakültəsinin dekanı, professor Famil Nəsibov universitetdə korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu. Famil Nəsibov əslən göyçəlidir. Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə dayıoğlu, bibioğludur. Elnur Rzayevin digər qardaşı Bayandur Rzayev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına yığıb. Famil Nəsibov həm də ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun yaxınıdır. Dəfələrlə mətbuatda "Aqrar iqtisadiyyat" fakültəsinin dekanı Asəf Hacıyevin, "Baytarlıq təbabəti və zoomühəndislik" fakültəsinin dekanı Famil Nəsibovun, "Maliyyə və iqtisadi nəzəriyyə" kafedrasının müdiri, professor Məhərrəm Hüseynovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının müdiri Aydın İsayevin, “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının sabiq müdiri Ayaz Həsənovun, "Aqronomluq" fakültəsinin dekanı Məhərrəm İsmayılovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının sabiq müdiri Nazim Nadirovun, "Ekologiya" kafedrasının müdiri Musa Bayramovun cinayətləri və korrupsiya əməlləri haqqında geniş yazılar getmişdir. Universitet rəhbərliyi bunlarla bağlı tədbir görmədiyinə görə daxil olan şikayətlər əsasında universitetdə korrupsiya ilə bağlı əməliyyat keçirilmişdir. Nəticədə adları çəkilən əməkdaşlardan Famil Nəsibov bu gün saxlanılmışdır. Amma biz xahiş edirik ki, adları yuxarıda qeyd olunan yoldaşların da fəaliyyəti yoxlanılsın, onların da korrupsiya əməlləri ifşa olunsun. Bu şəxslər elmdən uzaq olmalarına baxmayaraq rüşvətxorluqla geniş şəkildə məşğul olurlar. Nazim Nadirov universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı. Rektor əvəzi Zəfər Qurbanovun yanında iclas zamanı öz kafedra yoldaşı, professor Qurban Əliyev bu şəxsi elmdən bixəbər,alverçi və rüşvətxor kimi xarakterizə etdi. Bu adam İnam Kərimov tərəfindən göyçəli olduğu üçün Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin olunmaq üzrədir. Digər tərəfdən Nazim Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim Nadirovun bibisi Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır. Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək olar ki, idarə edilmir. Bütün özbaşınalıqların başında duran və bunlara rəvac verən Universitetin aqrar sahədən tam xəbərsiz olan rəhbərliyidir. Bunların yəni, rektor əvəzi Zəfər Qurbanovun, tədris işləri üzrə prorektor Əhməd Məlikovun, elmi işlər üzrə prorektor Azad İbrahimovun başı rektorluq uğrunda savaşa qarışıb. Klanlar arasında mübarizə gedir. Bu mübarizədə İnam Kərimov Zəfər Qurbanovu, Mikayıl Cabbarov isə Əhməd Məlikovu dəstəkləyir. Zəfər Qurbanov isə hər vasitə ilə Əhməd Məlikovu aşağılamağa çalışır. Belə ki, o tədris işləri üzrə prorektor olsa da tədris işləri ilə Azad İbrahimov məşğuldur. Əhməd Məlikova isə bir otaq veriblər. Həmin otaqda yazılı imtahanda tələbələrin bileti ilə yazdığı sualları araşdırır ki, görək tələbə imtahanda öz sualını, yoxsa başqa sualı yazıb. Bu şəxslərə, eləcə də onlarn himayədarlarına çatmır ki, kimin rektor təyin olunması haqqında fərmanı ölkə Prezidenti verir. Cənab Prezident! Xahiş edirik, kollektivin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz. Sizə inanırıq və böyük ümidlə nəticə gözləyirik. Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq Teref.az
İngiltərədə qrip əlamətləri ilə xəstəxanaya müraciət edən 21 yaşlı həvəskar futbolçu Lyui Devinin hər iki ayağı amputasiya edilib.
Demokrat.az xəbər verir ki, İngiltərədəki Willington İdman Klubunun həvəskar futbolçusu, 21 yaşlı Lewi Devey, qrip əlamətləri və nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər gəncə pnevmoniya və B qripi diaqnozu qoyublar. Vəziyyəti pisləşdikdən sonra futbolçu 31 gün süni nəfəs aparatına qoşularaq yuxuya gedib.
Yanvarın 9-da gəncə sepsis (qan zəhərlənməsi) və çoxlu orqan çatışmazlığı diaqnozu qoyulub və hər iki ayağının dizdən yuxarı amputasiyasına qərar verilib. Çətin əməliyyatdan sonra 21 yaşlı futbolçunun ayaqları amputasiya edilib.
Sumqayıt sakinləri sahibsiz küçə itlərinin hücumlarından ciddi narahatdır
Azərbaycanın bu şəhərində bəlkə də 100 mindən çox küçə iti var
Belə bir fikir var ki,”it insanın dostudur”. İtin necə vəfalı və ağıllı olması haqda, Yaponiyada yaşanan gerçək bir həyat hekayəsi əsasında çəkillən “Hatiko: İt Əhvalatı” filminə əlbət çoxları baxıb və təsirlənib.
Əksəriyyət onun əhvalatını bilir;Akita-inu cinsindən olan Hatiko Tokio universitetinin professoru olan sahibinin hər gün dəmiryol vağzalına qədər ötürüb evə qayıdırmış. Axşamüstü yenidən vağzala gedib işdən qayıdan sahibini qarşılayırmış. 1925-ci ilin mayında professor işdə insult keçirir və vəfat edir. Bundan sonra Hatiko 10 ilə yaxın müddətdə sahibini qarşılamaq üçün hər gün vağzala gəlir, amma professor qayıtmır. Vəfalı heyvan 1935-ci il martın 8-də xərçəngdən vəfat edir. Əhvalat haqqında 1987-ci ildə Yaponiyada və 2009-cu ildə ABŞ-da bədii film çəkilib. Köhnə nəslin nümayəndələrin yadında olan “Qaraqulaq ağ Bim” filmindəki Bim itə qarşı xoş hisslər oyadır.
Amma sahibsiz itlər haqda heç də birmənalı “dost” demək olmur.
Ölkədə hər gün orta hesabla 50-100 nəfəri it dişləyir. Qeyri-rəsmi daha çox.
Qeyd edək ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə 28549 nəfər heyvan dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edib. Müraciət edənlərin 23716 nəfəri it tərəfindən zədələnməyə məruz qalanlardır. Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur.
Müraciətlərin ən çox olduğu yerlərdən biri Sumqayıtdır.
Son dövrlər Sumqayıtda sahibsiz küçə itlərinin sakinlərə yaşatdığı ciddi problemlər haqda mətbuatda dəfələrlə yazılıb. Məsələ ilə bağlı bir müddət əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri şəhərdə küçə itlərinin meydan sulayaraq sakinləri narahat etməsi barədə açıqlama verərək bildiriblər ki, Sumqayıtda sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir:”Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”
Amma əfsuslar olsun ki, neçə ay keçsə də şəhərin icra hakimiyyəti, müvafiq aidiyyəti qurumlar açıqlamadan savayı demək olar ki, heç bir “tədbir” görməyiblər.
Ən azından müsbət nəticə yoxdur.
Belə ki, problem aktual olaraq qalıb və üstəlik küçə itlərinin sayı o qədər çoxalıb ki, artıq sumqayıtlılarda daha narahatçılıq və ciddi narazıçılıq doğurur.
Belə ki, əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur.
Hətta ucqar kəndlərdə belə itlərlə bağlı belə açınacaqlı vəziyyət yoxdur.
Suqmayıtın bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil küçə itləridir.
Küçə itləri burada binaların ətrafında, hətta bloklarda uzun müddət məskən saldıqca artıq oranı özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər.
Sahibsiz itlər özlərini bu şəhərdə o dərəcədə komfort hiss edirlər ki, həyətlərin “sahiblərinə” çevriliblər.
Sahibsuz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə başa ağrısına çevriliblər.
Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurarkən maşınlarını zədələməsi halları çoxalıb.
Çoxsaylı şikayətçilərdən biri- Sumqayıt şəhər sakini Aygün Ağayeva bir müddət mətbuata bildirmişdi ki, “Əşya bazarı” adlanan ərazidə küçə itlərinin sayı çoxalıb: “Hətta, dekabr ayının (keçən il) 15-i, saat 16:00 radələrində həmin bu küçə itlərindən biri məni tutdu. Onsuz da uzun illərdir Sumqayıt küçələrində it sürüləri meydan suladığindan qorxurduq. İndi bu hadisədən sonra daha da həyəcanlıyam.
Üç uşaq anasıyam. Övladlarım baxçaya, məktəbə gedirlər. Çox qorxuram onlara nəsə olar. Özüm isə 11 nömrəli tam orta məktəbdə işləyirəm və sözügedən ərazidən gün ərzində 2-3 dəfə keçməli oluram. Yoldaşım da 2-ci Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda quduza qarşı müalicə alıram. Bir ana kimi sizdən xahiş edirəm məsələni ictimailəşdirin ki, şəhərdəki it problemini həll etsinlər. Bizim müraciətlərimizə aidiyyatı qurumlar baxmır.”
Ümumiyyətlə Sumqayıt sahibsiz itlərin çox kompakt şəkildə məskunlaşdığı bir şəhərdir. Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Sumqayıtda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, Sumqayıt Bulvarında, parklarda rahatca sülənirlər .
“Bravo, “Araz” və digər supermarketlərin, restoranların , kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində günün günorta cağı var-gəl edirlər, daimi məskən salıblar.
Buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər.
İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Sumqayıtda az qala qəhrəmanlıq saymaq olar.
Şagirdlər deyirlər ki, onlardan qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar.
Hətta mətbuatda çıxan şikayətlərdə bildirilir ki, küçənin ortasında, məktəblərin həyətlərində itlər hətta bəzən çox rahat şəkildə cinsi əlaqədə olurlar.
Şəhərin bir neçə nöqtəsində küçə itlərinin “qərargahları”, “baş qərargah”ı yerləşir, bütün doğuş, artım prosesi elə də orda gedir.
Sumqayıtda it dişləməsi faktı çox baş verir. İl ərzində yüzlərlə belə hal qeydə alınır. Amma yalnız ölüm faktı olduqda bu məsələ gündəmə gəlir. Bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində it dişləməsindən 20 gün sonra 5 yaşlı Zeynəb Mikayılzadə quduzluq nəticəsində vəfat edib.
Mikayılzadə xəstəxanaya yerləşdirilsə də onu xilas etmək olmayıb. Hücum edən it onu üz və alın nahiyəsindən dişləyib. Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin mənbəyidir. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğurur.
Təsadüfi deyil ki, 2 ay əvvəl Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü .
Hadisə Qubanın İkinci Nügədi kəndində baş verib. Kənd ərazisində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Küçə itləri həmin gün həyətə daxil olub.
Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.
Gecə vaxtı itlərin səs-küy salaraq hürüşməsi və insanların istirahətini pozması adi hala çevrilib.
Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Sumqayıtda insan həyatı, əsasən də azyaşlılar üçün real təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. İcra Hakimiyyəti problemdən xəbərdardır, amma heç bir tədbir görmür,yalnız deyir “tədbir görüləcək”.
Bəzi adamlar səhvən deyirlər ki, küçə itlərinə heçnə etməsən hücum edən deyil,guya zərərsizdirlər.
Lakin ölkədə baş verən yüzlərlə faktlar bunun əksini deyir.
Məsələn, 4 ay əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində 41 yaşlı İnci İsgəndərova sahibsiz itlərin hücumuna məruz qalıb.
Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.
Digər fakt: Göygölün Xasabağı kəndində 84 yaşlı qadını küçə iti parçalayıb . Aldığı xəsarətlərdən qadın xəstəxanada dünyasını dəyişib.
Bu rəsmi faktların heç 1 faizi deyil. Qeyri-rəsmi isə sahibsiz itlərin hücumuna, cırmaqlamasına, dişləməsinə məruz qalanlar dəfələrlə çoxdur.Hansılar ki, tibb müəssisələrinə müraciət etmirlər.
Başqa sözlə heç kim küçədə sahibsiz itlərin hücumundan sığortalanmayıb.
Necə ki, küçə itləri ilə bağlı tədbir görməyən məmurlar da sığortalanmayıblar ki, onlar özləri və yaxınları itlərin hücumuna məruz qalmayacaq.
Təsəvvür edin ki, əgət Sumqayıt şəhərində küçə itləri ilə bağlı vəziyyət belədirsə, görün onun ətrafındakı qəsəbə və kənd tipli yaşayış məskənlərində vəziyyət necədir…
Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır.
Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürülər. Amma bu da çıxış yolu deyil.
Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər.
Sahibsiz itlərin məhəllələrin içinə gətirən səbəblər də var.
Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında daima çoxsaylı itlərə rast gəlinir. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır.
İtlər 6 aydan bir 7-8 bala verir. Heç kim demir ki, sahibsiz itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır.
Sahibsiz itlərin sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.
Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bir sözlə küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq.
Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir.
Bunun üçün qardaş Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır.
Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər
Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi var ki, sahibsiz itlərlə bağlı müəyyən işlər görür.
Araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib.
Müqayisəli hesabla onda Sumqayıtda bəlkə də 100 mindən çox sahibsiz it var.
Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.
Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.
Sumqayitda hər gün yüzlərlə adam küçə itlərinin hücumuna məruz qalır, itlərin insanları dişləməsi hadisəsi baş verir,amma bunun statistikası aparılmır.
Sumqayıtda böyük təhlükə mənbəyi olan , insanların rahatçılığını pozan sahibsiz küçə itləri üçün sığınacaq yoxdur. Guya ki, sahibsiz itlər tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilir.
Görünən odur ki, Sumqayıt şəhər Təmizlik Departamenti Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi demək olar ki, heç bir ciddi tədbir görmür. Sumqayıt İcra Hakimiyyəti isə yalnız açıqlama verir ki, tədbir görülür,ya görüləcək.
Bəs tədbir görülürsə niyə problem bir az da kəskinləşib?!
Sumqayitda problemlə birbaşa məşğul olan aidiyyatı qurum da yoxdur.
Digər çıxış yolu kimi Sumqayıtın böyük şəhər olmasını nəzərə alıb standartlara uyğun sığınacaqlar açmaq olardı.