Ardını oxu...
Ekspert: “Millət vəkilləri Fransa şirkəti ilə sazişə özləri qanun statusu veriblər”

Noyabr ayının 16-da Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanatı müzakirəyə çıxarıb. Həmin bəyanatın 4-cü bəndində çox maraqlı bir müddəa öz əksini tapıb. Həmin bənddə qeyd olunur:

“Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması”.

Milli Məclisin bəyanatında qeyd olunan bu tövsiyə şübhəsiz ki, birbaşa Fransanın ən böyük enerji şirkəti olan “Totalenergies”ə istiqamətlənib. Çünki bu şirkət “Abşeron 1” qaz layihəsində 50%-lik bir paya sahibdir. Bəs rəsmi Bakı “Total”ı Xəzər qazından məhrum edə bilərmi?

Bu sualı Press Klub üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb.

“Əvvəla, onu qeyd edim ki, belə məsələlərə emosional yanaşmaq doğru deyil. Lakin bununla belə parlamentdə bu mövzuda gedən müzakirələri də normal qarşılamaq lazımdır. Parlament elə bu müzakirələr üçün yaradılıb. Ona görə Milli Məclisin bəyanatındakı 4-cü müddəanı da normal qəbul etmək lazımdır. Bu qanunverici orqanın Fransa Senatına adekvat reaksiyasıdır.

Soyuq başla “Total”ın Azərbaycandakı enerji layihələrindən uzaqlaşdırılması mövzusunu təhlil etsək, belə bir arqument irəli sürmək mümkündür ki, hasilatın pay bölgüsü sazişində nə, necə yazılıbsa o cür də olacaq. Çünki bu sazişlər Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub və qanun hökmündədir. Millət vəkillərimiz də bilməlidir ki, onların özlərinin verdikləri səslərlə 2009-cu ildəki bu saziş qanun statusu alıb. Və onu birtərəfli qaydada dəyişdirilməsi mümkün deyil. Əgər bu baş verərsə, “Total” Azərbaycanı Beynəlxalq İqtisad Məhkəməyə şikayət edə və böyük miqdarda təzminat ala bilər. Azərbaycanın əlindəki yeganə rıçaq “Total”ın sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsinə ciddi nəzarət etməkdir. Əgər öhdəliklər yerinə yetirilmirsə şirkət qanunauyğun qaydada cəzalandırıla bilər”.
Ardını oxu...
Ermənistan dramı digər valyutalara yox, məhz rubla bağlıdır. Buna görə rublun məzənnəsinin möhkəmlənməsi drama təsir göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Dünyada gedən proseslər Ermənistana birbaşa yox, dolayı yolla təsir edir. Dramın qalxması isə Ermənistanın Rusiyaya sıx bağlı olmasından irəli gəlir. Rusiya şirkətləri sanksiyadan yan keçmək üçün bu gün daha çox Ermənistanı seçirlər. Şirkətlər və insanlar ölkəyə gələndə özləri ilə valyuta da gətirirlər. Həmin valyutanı drama dəyişərək fəaliyyət göstərən zamansa bu ölkədə dollar və avro təklifini artırır”.

Qeyd edək ki, Ermənistanda dollar 395 drama düşüb. Halbuki bir neçə ay öncə dolar 490 dram səviyyəsində idi.
 
Ardını oxu...
“Amazon”un qurucusu Ceff Bezos 124 milyard dollarlıq sərvətinin böyük hissəsini xeyriyyə təşkilatlarına bağışlayacağını bildirib.
Bloomberg Milyarderlər İndeksinə görə, Jeff Bezos hazırda 124 milyard dollar sərvəti ilə dünyanın dördüncü ən varlı adamıdır.
CNN İnternational-a müsahibə verən amerikalı iş adamı sevgilisi Lauren Sanchezlə “pulunu bağışlamağa hazırlaşdığını” deyib. Pulunu ‘yüksək səviyyəli fayda’ ilə bağışlamaq istədiyini deyən Bezos, “Həqiqətən çətindir, səmərəsiz ianə etməyin bir çox yolu olduğunu düşünürəm” – bildirib.


Belə ki, Ceff Bezos ilk dəfə digər milyarderlər kimi sərvətinin böyük hissəsini bağışlayacağını bildirib. 2020-ci ildə Jeff Bezos “Bezos Earth Fund” adlı təşəbbüsün bir hissəsi olaraq iqlim dəyişikliyi ilə mübarizə üçün 10 milyard dollar bağışlamağı vəd edib.
Qeyd edək ki, ötən şənbə günü Bezos və Sançes müğənni və xeyriyyəçi Dolli Partona “Bezos Cəsarət və Sivilizasiya” Mükafatının bir hissəsi olaraq seçdiyi xeyriyyə təşkilatlarına rəhbərlik etmək üçün 100 milyon dollar qrant verdiklərini açıqlayıblar.
 
Ardını oxu...
Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi möhkəmlənə bilər. Bu barədə maliyyə naziri Samir Şərifov açıqlama verib. Nazir qeyd edib ki, manatın məzənnəsi möhkəmlənərsə, bu, bir sıra mənfi nəticələr doğuracaq. Xüsusilə ixracla məşğul olan şirkətlərin problemlə üzləşə biləcəyi proqnozlaşdırılır.

Məlumdur ki, ABŞ-də səkkiz faizdən yuxarı olan inflyasiyanı önləmək və dolların dəyərini qoruyub-saxlamaq üçün FED (Federal Ehtiyat Sistemi) cari il ərzində uçot dərəcəsini altı dəfə artırıb. Sonuncu qərardan dərhal sonra dolların qiyməti cüzi miqdarda ucuzlaşsa da, bu, müvəqqəti xarakter daşıyıb. Ümumilikdə 2022-ci il ərzində dollar kəskin şəkildə bahalaşıb. Hətta avro tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə dollar ondan yuxarı pillədə qərarlaşıb. Lakin bütün bunlara baxmayaraq, 2016-cı ildən indiyədək manat dollar qarşısında stabilliyini qoruyur. Bu isə özlüyündə manatın da dollarla bərabər digər valyutalar qarşısında bahalaşmasından xəbər verir. Təbii ki, burada ölkənin neft və qaz ixracının kəskin artması, büdcə gəlirlərinin artması aparıcı rol oynayır.

Maraqlıdır, iqtisadiyyatda baş verən bu təlatümlər fonunda manatın getdikcə möhkəmlənməsi nə dərəcədə real səslənir? Bu möhkəmlənmənin doğura biləcəyi fəsadlar nədir?

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli ilk olaraq manatın bahalaşmasına təsir və təzyiq göstərən faktorlardan söz açıb:

“Neftin qiymətinin artması manatın bahalaşmasına birbaşa təsir göstərmir, daha çox təzyiq formalaşdırır. Əgər birbaşa təsir göstərsəydi, neftin qiyməti qalxanda manatın məzənnəsi kəskin qalxar, düşəndə isə düşərdi. Amma manatın məzənnəsinə təzyiq formalaşdıracaq amillər sırasında birinci yerdə neftin qiyməti dayanır. İkinci amil kapital axınıdır. Belə ki, bəzən ölkə vətəndaşlarının, şirkətlərinin xarici valyuta almaq tələbi yüksək səviyyədə olur. Burada isə gözləntilər və psixoloji faktorlar rol oynayır. Əgər insanlar gözləyirlərsə ki, manatın dəyəri düşəcək və ya ölkəylə bağlı ciddi risk olacaq, həmin vaxt çalışırlar ki, manatlarını dollarla əvəzləsinlər. Hazırda isə neftin qiyməti yüksəkdir deyə ölkədən kapital axını yox səviyyəsindədir. Üçüncü amil idxal-ixracla bağlıdır. Doğrudur, ixracın 92 faizi neft-qaz sektorundan formalaşır. Amma burada idxalın həcmi də önəmlidir. Əgər ixrac idxalı üstələyir və ölkəyə daxil olan pul çıxan puldan kəskin üstün olursa, manatın bahalaşması məsələsi gündəmə gəlir və Mərkəzi Bank manatı bahalaşdırmamaq üçün artıq dollarları bazardan yığmağa və öz rezervlərini artırmağa başlayır”.

Ekspert diqqətə çatdırıb ki, manatın məzənnəsinin formalaşdırılmasında Mərkəzi Bankın apardığı intervensiyaların (müdaxilə) rolu var:

“Mərkəzi Bank dollar çox olanda dolları yığıb dövriyyəyə manatı buraxır ki, dollar bahalaşmasın. Manat çox olanda da əksinə, dolları buraxır. Yəni Mərkəzi Bankın intervensiyaları manatın məzənnəsinin formalaşmasında əsas rol oynayır. Tədiyə balansının profisitli və ya mənfi kəsirli olması da burada mühüm rol sahibidir. Azərbaycanda son bir neçə ayda tədiyə balansında rekord həddə profisit yaranıb. Bu da manatın məzənnəsinin artmasına təsir göstərir. Hazırda bu faktorlar manatın xeyrinədir. Neftin qiyməti yüksəkdir, xarici ticarətdə müsbət balans mövcuddur, tədiyə balansında müsbət profisit var, ölkədən kapital axını yoxdur, manatın məzənnəsinin stabil qalacağına dair psixoloji gözləntilər var”.

İqtisadçı manatın bahalaşacağı təqdirdə yaranacaq problemlərdən də söz açıb:

“Manat bahalaşdıqca Azərbaycanda istehsalın təşkili, qeyri-neft sektorunda ixracın həyata keçirilməsi çətinləşir. Yəni manatın məzənnəsi yüksək olduqca iqtisadiyyat ixraca yox, idxala yönəlir. Bu da ölkənin gələcək üçün qeyri-neft sektorunu inkişaf etdirməsi strategiyalarının üstündən xətt çəkir. Ölkə ancaq neft satmaq və idxal həyata keçirmək üzərində dayanır”.

Xalid Kərimlinin sözlərinə görə, manatın möhkəmlənməsinin yeganə müsbət təsiri inflyasiya səviyyəsinin ölkədə aşağı salınmasıdır:

“Ümumi 13-14, ərzaqda isə 22 faiz inflyasiya var. Əgər manat digər valyutalar kimi zəif olsaydı, inflyasiya bundan azı iki dəfə çox olacaqdı. Hökumət elə ona görə manatı stabil saxlayır. Manat bu gün faktiki olaraq bahalaşıb, bunu rubla, lirəyə, avroya nisbətdə açıq şəkildə görürük. Bir dollar qarşısında stabil qalıb, o da hər ikisi birlikdə bahalaşır”.

İqtisadçı-ekspert Fuad İbrahimov isə qeyd edib ki, valyuta daxilolmasını əsas alaraq manatın bahalaşacağını söyləmək vəziyyəti düzgün qiymətləndirməməkdir:

“Maliyyə naziri istənilən valyutanın məzənnəsini şərtləndirən klassik nəzəriyyə əsaslarından istifadə edib. Hazırda ölkəyə daha çox valyutanın daxil olması məzənnənin möhkəmlənməsinə şərait yarada biləcək bir amildir. Amma nəzərə almaq lazımdır ki, bu proses bir ildən çoxdur ki, davam edir və ayrı-ayrı illərdə də bizdə profisit yaranıb. Yəni hansısa bir mənfi saldo yaranmayıb. Bunu əsas tutaraq manatın bahalaşması haqqında fikir söyləmək, düşünürəm ki, vəziyyəti düzgün qiymətləndirməməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan manatı məhz ABŞ dollarına nisbətdə üzən məzənnədən tamamilə kənardadır. Yəni biz onu idarəolunan bir məzənnə dəhlizində saxlamışıq”.

Mütəxəssis hesab edir ki, bu gün ixrac-idxal əməliyyatlarında müsbət saldo yaranıb deyə manatın möhkəmlənməsini düşünmək ciddi əsasa söykənmir:

“Biz bunu qərarla süni şəkildə möhkəmləndirə bilərik. Necə ki 2015-ci ildə ardıcıl iki qərarla ilk növbədə 78 qəpikdən 1,05-ə, sonra isə 1,55 manatadək çatmasını təmin etmişdik, indi də hansısa qərarla buna nail olmaq mümkündür. Ümumilikdə isə Azərbaycan manatının möhkəmlənməsi prosesi tək bir yox, bir neçə amildən asılıdır və bu gün hər hansı möhkəmlənmə prosesi gedə bilməz. Çünki həddən artıq riskli vəziyyətdir. Düşünmürəm ki, hökumət manatın möhkəmlənməsinə gedər. Əgər belə bir addım atılsa, bu, iqtisadiyyat dünyasının ən absurd qərarı olar. Biz bu gün manatı üzən məzənnəyə buraxsaq, onun möhkəmlənməsini yox, daha çox müəyyən bir səviyyəyə qədər ucuzlaşması prosesini izləyə bilərik. Bu gün dollara nisbətdə 1,70 manat olanda Azərbaycan manatının məzənnəsi optimal həddədir. Manatı bu şəkildə qoruyub-saxlasaq, iqtisadiyyatda, ticarət dövriyyəsində müəyyən təlatümlər yaşamaz, ticarət dövriyyəsinin dayanıqlılığına dəstək olmuş olar.

Nazirin fikirləri ilə o baxımdan razıyıq ki, bu dəqiqə manatın bahalaşması iqtisadi aktivliyimizdə passivlik yarada bilər. İxrac əmsalına mənfi təsir göstərə bilər. Ona görə də hazırkı müəyyən olunmuş məzənnədə qalması iqtisadiyyatın elastikliyinə daha çox xidmət etmiş olacaq”. (oxu.az)
 
Ardını oxu...
Təzminatla bağlı qətnamə 94 səslə qəbul edilib

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul edib.

AYNA TASS-a istinadən xəbər verir ki, xüsusi sessiyanın iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini bildirən qətnamə qəbul ediblər.

Qətnamənin lehinə 94 ölkə, əleyhinə 14 ölkə səs verib, 73 ölkə bitərəf qalıb.
Ardını oxu...
Hökumət “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlasa da, bahalaşma sürətlə davam edir. Ekspertlərin fikrincə, bu planın effektiv olmamasının bir sıra səbəbləri var. Əsas səbəb odur ki, proses qlobal miqyasda gedir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,1, əvvəlki ilin sentyabr ayına nisbətən 15,6 faiz yüksəlib. 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 13,4, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3, qeyri-ərzaq məhsulları üzrə 7,6, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. 2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-avqust aylarına nisbətən 13,2, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,9, qeyri-ərzaq məhsulları üzrə 7,2, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10 faiz artmışdı. Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9, əvvəlki ilin avqust ayına nisbətən 14,2 faiz yüksəlmişdi.

TEREF.AZ olaraq mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Rəqəmlərdən də göründüyü kimi inflyasiyanın sürəti azalmır. İlin əvvəlində hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bəs bu plan necə işləyir?

Tədbirlər Planı onsuz da inflyasiyanı dayandıra bilməyəcəkdi

İqtisadçı Xalid Kərimli “Kaspi”yə açıqlamasında dedi ki, inflyasiyanın bir ayda 3,1, illik əsasda təqribən 16 faizə qədər qalxması yüksək rəqəmdir: “Tədbirlər Planı onsuz da inflyasiyanı dayandıra bilməyəcəkdi. Yalnız inflyasiyanın səviyyəsini aşağı sala bilərdi. Görülən tədbirlər olmasaydı inflyasiya nə qədər olardı sualına dəqiq cavab vermək çətindir. Ancaq tədbirlər planı olmasaydı inflyasiya daha sürətli olardı”.

Qiymətlərin artması ilə mübarizə aparmaq qeyri-mümkündürEkspert bildirdi ki, qiymətlərin enməsinə mane olan bir neçə səbəb var: “Planın effektli olmamasının səbəbi ondan ibarətdir ki, inflyasiya ölkəyə idxal vasitəsilə daxil olur. Bunun qarşısını almaq mümkün deyil. Əgər hökumət qiymətləri saxlamağa çalışsa, sahibkarlar məhsul gətirməyəcək və defisit olacaq. Yəni məhsullar çatışmayacaq və daha baha satılacaq. Ona görə də qiymətlərin artması ilə mübarizə aparmaq qeyri-mümkündür. İnflyasiyanın yüksək olmasının səbəblərindən biri də ölkədə istehsalın, yaradılan əlavə dəyərin həcminin aşağı olması, xaricdən ciddi asılılığımız, bazarda rəqabətin arzuolunan səviyyədə olmamasıdır. Bazarda rəqabəti boğan ciddi monopoliya mövcuddur”.

İnflyasiya göstəricisi tədricən düşəcək.

X.Kərimlinin sözlərinə görə, inflyasiya Tədbirlər Planı nəticəsində cilovlanmayacaq: “İnflyasiya tədricən özü aşağı düşəcək. Bunun da əsas səbəbi ümumdünya ərzaq qiymətlərinin indeksinə görə son 6 ayda ərzaq qiymətlərinin dünya bazarında ucuzlaşmasıdır. Həmçinin, daşınma xərcləri də bir qədər aşağı düşüb. Pandemiyadan əvvəlki dövrlərdəki daşıma qiymətlərinə yaxınlaşmasa da, ancaq azalma var. Dünya bazarında metalın, ərzaq qiymətlərinin, buğdanın, duru yağların, digər bu kimi məhsulların qiymətinin ucuzlaşması bizə də təsir göstərəcək. Ancaq bu, Tədbirlər Planı nəticəsində yox, dünyada baş verən proseslərə görə olacaq

2022-ci il bahalaşma ili kimi yadda qalacaq.

İqtisadçı Pərviz Heydərovun fikrincə, bu il ərzində bahalaşma səngiməyib, əksinə, hər keçən müddətdə bir az da sürətlənərək, yüksələn xətt üzrə inkişaf edib: “Bunu sonuncu statistika da əyani olaraq göstərir. 2022-ci il ciddi bahalaşma ili olaraq yadda qalacaq. Ötən 2 ay ərzində bahalaşma ən çox çörək, un, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının qiymətlərində qeydə alınıb. Sentyabrda isə bahalaşma daha çox ət və ət məhsullarında olub. İçkilər və tütün məmulatları isə 18,9 faiz bahalaşıb”.

Qışa doğru bahalaşma davam edəcək

Ekspert qeyd etdi ki, bahalaşmanın səbəbi təkcə ölkəmizlə bağlı deyil: “Yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər nəinki ucuzlaşmadı, heç sabit də qalmadı. Üzü qışa doğru bəzi məhsulların qiymətində artımın daha yuxarı tempinə şahid olacağıq. Bunu deməyə dünyada və o cümlədən Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi əsas verir. Həm də üzü qışa doğru qiymətlər həmişə qalxır. Bu proses sırf ölkəmizlə əlaqədar amillərdən qaynaqlanmır. Söhbət qlobal trenddən, ümumi tendensiyadan gedir. Məsələn, ötən ay Türkiyədə inflyasiya son 25 ildə rekord vurub. Sentyabrda ölkədə inflyasiya 3,08% artıb. İllik əsasda artım 83,45% təşkil edib ki, bu da 1997-ci ildən bəri rekord göstəricidir. Odur ki, bahalaşmanın səngiməsi üçün prosesin qlobal miqyasda dayanması lazımdır. Yoxsa, zəruri istehlak mallarının, qida ilə ərzağın qiymət yüksəlişi hələ uzun müddət davam edəcək”.

Antiinflyasiya tədbirləri istənilən nəticələri vermir

P.Heydərov bildirdi ki, ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri həyata keçirilsə də, ciddi, real nəticə yoxdur: “Bizdə vəziyyət elədir ki, bir sıra məhsulları idxal edirik. Bundan əlavə, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır. Ona görə də bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil. Bu səbəblərdən antiinflyasiya tədbirləri istənilən nəticələri vermir və verə də bilməz. Hesab edirəm, birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxış imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır”.
Ardını oxu...
Böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib. “Report” xəbər verir ki, bu barədə şirkət tviter səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.

Sem Benkmen-Frid kriptosənayenin nüfuzlu adamlarından biri, Vaşinqtonda kriptovalyutalar üçün qaydaların formalaşması üçün lobbiçilik edən güclü fiqur hesab olunur. Onun sərvəti son bir həftədə 1 milyard dollardan da aşağı səviyyəyə düşüb.

FTX-nin problemləri noyabrın əvvəlində, “CoinDesk” portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib - token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar.

Ümumilikdə, FTX 8 milyard dollar borc alıb və rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə sənayedə ən böyük iflas olub.
 
Ardını oxu...
Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Qeyd edilib ki, indiyə qədər bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilib. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən 5-ci – təmiz ətraf mühit və "yaşıl artım ölkəsi” Milli Prioritetinə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrup tərəfindən hazırlanan təkliflər əsasında “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərrikli minik avtomobillərinin mövcud 15% idxal rüsumu 0% müəyyən edilib. Eyni zamanda, qərara əsasən elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də 5%-dən 0%-ə endirilib. 30 gün sonra qüvvəyə minəcək qərar ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi istiqamətində atılan mühüm addımdır.
 
Ardını oxu...
"Son dövrlər Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir. Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir".

"AzPolitika.info" xəbər verir ki, bu barədə deputat, iqtisadçı Vüqar Bayramov Türk dövlətlərinin iqtisadi əlaqələrindəki dinamikanı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub.

"Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstanla 350.1 milyon, Türkmənistanla 156.9 milyon, Özbəkistanla 103.7 milyon, Qırğızstanla isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb", -iqtisadçı qeyd edib.

V.Bayramov əlavə edib ki, ötən ilin ilk 7 ayında ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub: "2021-ci ilin həmin müddətində Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstan ilə 58.4 milyon, Özbəkistan 54.2 milyon, Türkmənistan ilə 41.6 milyon, Qırğızıstan ilə 5.7 milyon dollar dövriyyəyə malik olmuşuq".

İqtisadçı vurğulayıb ki, bu rəqəmlər o deməkdir ki, ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50 faiz artıb.

"Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək"- deyə, o, qeyd edib.

Millət vəkili həmçinin deyib ki, Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirilməkdədir: "Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydılar, o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə ki, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdirlər. Strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da".
 
 
 
Ardını oxu...
Ötən ay ABŞ milyarderləri üçün son 46 ilin ən gəlirli oktyabr ayı olub.

Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, oktyabrda 26 amerikalı milyarderin hər biri ən azı 1 milyard dollar qazanıb.

Ötən ay ən çox pul qazanan “Oracle IT Corporation”ın həmtəsisçisi, sədri və texniki direktoru Larri Ellison olub. Onun sərvəti cəmi bir ay ərzində 16,6 milyard dollar artıb.

“American Express”, “Coca-Cola” və “Chevron” kimi şirkətlərdə pay sahibi olan əfsanəvi investor Uorren Baffet oktyabrda 8,9 milyard dollar qazanıb.

Oktyabr ayı qalibləri arasında baş ofisi Oreqonda yerləşən ayaqqabı və idman geyimləri istehsalçısı “Nike” şirkətinin qurucusu Fil Nayt da var. Ötən ay Nayt xalis sərvətini 2,9 milyard dollar artırıb.

“Forbes” qeyd edir ki, oktyabr ayını uğursuz başa vuran milyarderlər də olub. Dünyanın ən varlı adamı İlon Mask son bir ayda 24,7 milyard dollar zərər edib. Oktyabrda “Amozon” şirkətinin sahibi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott 3,1 milyard dollar, reper və sahibkar Kanye Uest 1,6 milyard dollar itiriblər. “Meta”nın həmtəsisçisi Dastin də daxil olmaqla, beş milyarder oktyabr ayında ən azı 1 milyard dollar itirib.
 

Dünyapress TV

Xəbər lenti