Ardını oxu...
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı barədə məlumatlar var. “Caliber” diplomatik mənbələrə istinadən informasiya yayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 3-də NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə Rusiya və KTMT barədə maraqlı çıxışlar edib.

Məlumatda Qriqoriyanın görüşlərdə səsləndirdiyi fikirlərlə bağlı bir neçə sitat yer alır:

"Biz Azərbaycanın “təcavüzünün” qarşısının alınmasında yalnız ABŞ-ın roluna ümid edirik. Ermənistan üçün nə Rusiya, nə də Avropa İttifaqı Amerikanı əvəz edə bilər. Şarl Mişelin səyləri iflas etdi, Avropa Birliyi dişsizdir;

Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşür və Ermənistan hər üç ölkəyə qarşı mübarizədə Qərbin təbii müttəfiqidir;

Ermənistan xüsusilə Azərbaycanın 13 sentyabr "təcavüzü"ndən sonra KTMT-dən çıxmaq barədə ciddi düşünür. Son sərhəd gərginliyi zamanı Ermənistan hətta ikitərəfli əsasda Rusiyadan kömək istəsə də, Moskva bundan imtina edib;

Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib;

Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib;

Biz başa düşürük ki, Ermənistan KTMT-də qaldığı halda, yüksək keyfiyyətli ABŞ silahlarını ala bilməz;

İlkin məqsədimiz Azərbaycanla sərhəddə beynəlxalq müşahidə missiyasına nail olmaqdır: bir müddət sonra bu missiyanı genişləndirməyə çalışacağıq. Biz bu missiyanı Rusiyanın sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasından sonra gələcəkdə yerləşdirmək istədiyimiz beynəlxalq sülhməramlı qüvvələrin özəyi kimi görürük;

Biz demokratik ölkə olaraq başa düşürük ki, İran orta əsr qaydaları ilə idarə olunan ölkədir, lakin Tehran Azərbaycan və Türkiyə ilə mübarizədə Ermənistanın təbii müttəfiqidir...".

Qriqoryanın KTMT və Rusiya haqqında bu cür fikirlər səsləndirməsi reallığa çox yaxındır. O mənada ki, son vaxtlar bu mövqeyə oxşar mövqe rəsmi İrəvan tərəfindən səsləndirilir. Ermənistan ictimaiyyətində isə Rusiyaya və KTMT-yə qarşı ittihamlar, iradlar daha sərt formada bildirilir. İrəvan küçələrində Rusiya əleyhinə aksiyaların keçirilməsi, Putinin və Rusiya bayraqlarının yandırılması halları Ermənistan-Rusiya gərginliyinin artdığını deməyə əsas verir.

DİA.AZ-ın məlumatına görə, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Ermənistanda KTMT-dən çıxmaq geniş müzakirəyə çıxarılıb:

- Əvvəl bu müzakirələr ictimai şəkildə, media səviyyəsində aparılırdı. Bu gün artıq Ermənistan rəsmilərinin dilindən müəyyən eyhamlar səsləndirilir. Təbii ki, bu, təsadüfi deyil. Rusiyanın təsir dairəsini daraltmaq məqsədilə Qərbin Rusiya ilə mübarizəsi təkcə Ukraynada getmir. Mübarizə Cənubi Qafqazda da getməkdədir. Bu məsələdə Qərbin Cənub Qafqazdakı əsas tərəfdaşı şübhəsiz ki, Paşinyan hakimiyyətidir. Bu, əslində Paşinyan hakimiyyətə gətiriləndə görünürdü.

Rusiyanın istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı mərhələdə Ermənistanı dəstəkləməməsi İrəvanda Moskvaya qarşı münasibəti dəyişdi. Rusiyanın Ermənistanı dəstəkləməməsinin səbəbi də Paşinyan hökumətinin rusiyameyilli yox, qərbyönümlü olmasıdır. Kreml Paşinyan hökumətinin devrilməsi üçün əlindən gələni bu gün də etməkdədir. Rusiya Azərbaycanın addımlarına da göz yumur. Bunun da iki səbəbi var.

- O səbəblər hansılardır?

- Birincisi, Azərbaycanı Rusiya bu vasitə ilə öz nəzarətinə qaytarmaq niyyəti güdür. Eyni zamanda, Ermənistanda hakimiyyəti dəyişmək və Paşinyanı rusiyayönümlü siyasətçilərdən kiminləsə əvəzləmək istəyir. Beləliklə, Rusiya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək siyasəti yürüdür. Təbii ki, İrəvanda bunu anlayırlar, Paşinyan hakimiyyətini dəstəkləyən Qərb dairələrində də yaxşı anlayırlar. Ona görə də Ermənistanın KTMT-dən, dolayısı ilə Rusiyadan uzaqlaşması yavaş-yavaş gündəmə sızdırılır. Düşünürəm ki, bu, mümkün ola biləcək ssenaridir. İrəvan bir neçə dəfə KTMT-yə müraciət edib, amma müsbət cavab almayıb. Bu, İrəvana əsas verir ki, KTMT-dən çıxmaq məsələsini ciddiləşdirsin. Amma burada başqa problem var: Ermənistanın təhlükəsizliyinə kim cavabdehlik daşıyacaq? Çünki bu halda nə Türkiyə Rusiyaya qarşı çıxaraq Ermənistanda mövqelərini gücləndirəcək - erməni cəmiyyətinin rəyi də buna qarşıdır - nə də Qərbin təsiri bölgədə o qədər güclüdür ki, təhlükəsizliyə cavabdeh ola bilsin.

- İrəvan KTMT-dən çıxmaqla bağlı addım atarsa, Rusiyanın reaksiyası necə olacaq?

- Təbii ki, reaksiya neqativ olacaq. Rusiya çalışacaq ki, Ermənistana təzyiqini maksimuma çatdırsın. Rusiyanın təzyiqi artırmaq imkanları isə kifayət qədər genişdir. Bir tərəfdən Azərbaycanı Ermənistana qarşı addımlara təhrik edə bilər, digər tərəfdən Qarabağdakı erməniləri bir qədər də radikallaşdırıb Paşinyan hökumətinə qarşı istifadə edə bilər. Burada söhbət Paşinyana “xəyanət” ittihamlarından, “satqınlıq” damğasından gedir. Ermənistanın daxilində də bu mövqeni bölüşən xeyli ruspərəst siyasi kəsim mövcuddur. Əlbəttə, Rusiyanın gözlənilən cavab addımlarının, təzyiqlərinin nə qədər effektiv olub-olmayacağını indi demək çətindir. İndi görünən odur ki, Rusiya Qarabağdakı separatçıların rəhbərini dəyişmək planının icrasına başlayıb. Yəqin ki, Qarabağdakı ermənilərin İrəvana qarşı radikallaşması prosesi başlayacaq. Ruben Vardanyanın separatçı qondarma qurumun “dövlət naziri postuna” gətirilməsi bu istiqamətdə atılan ilk addım kimi qiymətləndirilə bilər.

- Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması ehtimalı nə qədərdir?

- Bu, elə də problemli məsələ deyil. Bir çoxları fikirləşir ki, əgər Ermənistan bu addımı atsa, Rusiya bu ölkəni az qala işğal edəcək, yaxud hərbi çevriliş həyata keçirəcək. Bugünədək olan təcrübə və müşahidələr göstərir ki, Rusiyanın Ermənistandakı gücü bizim təsəvvür etdiyimiz qədər qeyri-məhdud deyil, əksinə, kifayət qədər məhduddur. Əsas odur ki, Rusiya Ermənistan ictimai rəyində nüfuzunu kəskin şəkildə itirib. Bazaların Ermənistandan çıxarılması mümkündür. Nəzərə almaq lazımdır ki, Paşinyan hökuməti bunu tələb etsə, beynəlxalq səviyyədə kifayət qədər dəstək qazanacaq. Rusiya da sonda bazalarını çıxarmağa məcbur olacaq. Ya Ermənistanı işğal etməlidir, ya çevriliş həyata keçirməlidir, ya da bazalarını çıxarmalıdır. Başqa yol yoxdur. Birincini etmək texniki baxımdan asandır. İkincini etmək o qədər də asan deyil, çünki çevrilişi yalnız Ermənistan ordusunun əli ilə həyata keçirmək lazımdır. Rusiya ordusu bunu edərsə, o zaman bu çevriliş yox, birinci variant olacaq – faktiki işğal. Üçüncü variant Zəngəzur məsələsini qabardaraq Azərbaycanı Ermənistana qarşı əməliyyatlara təhrik etməkdir. Rusiyanın ssenariləri arasında bu da var.

Bütün hallarda isə İrəvan bazaların çıxarılması qərarını verərsə, erməni ictimaiyyətinin böyük kəsimindən dəstək alacaq. Əhaliyə qarşı çıxmaq da Rusiyaya heç nə verməyəcək.

- Rəsmi İrəvandan tez-tez NATO qüvvələrinin Azərbaycanla sərhədə sülhməramlı qismində gətirilməsi məsələsi qaldırılır. Bu, nə dərəcədə mümkündür?

- Görünür ki, bu, Ermənistanın və Qərbin planının tərkib hissəsidir. Ermənistandan çıxarılacaq Rusiyanın NATO qüvvələri ilə əvəzlənməsi planı mövcuddur. Amma burada kiçik nüans var. NATO qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qismində yerləşdirilməsi – başqa adla mümkün də deyil – hər iki tərəfin razılığı şərti ilə mümkündür. Bu günlərdə Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə rəhbəri Cozef Borell açıqlama verib. Bildirib ki, Avropa İttifaqı buna hazırdır, Ermənistan da razıdır, amma Azərbaycan razı deyil. Azərbaycan razı deyilsə, Avropa İttifaqı bu addımı ata bilməz. Demək ki, hər şey bu qədər sadə deyil.

Hazırda görünən odur ki, Rusiya-Qərb qarşıdurması yeni bir coğrafiyaya – Cənubi Qafqaza keçib. Azərbaycana son günlər nümayəndə heyətlərinin intensiv şəkildə səfərləri müəyyən mülahizələrə yol açır. İsrailin müdafiə nazirinin geniş tərkiblə Bakıya gəlişi, danışıqlar aparması, ardınca Türkiyə milli müdafiə naziri başda olmaqla, bütün ordu komandanlarının Azərbaycana səfərini diqqətdən kənarda qoymaq olmaz. Ümumi prosesdən belə görünür ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına cəhdlər edilir. Bu cəhdlərin nə ilə nəticələnəcəyini demək indi çətindir. Ona görə ki, yanvar ayında Qazaxıstanda Çinə məğlub olan, Ukraynada de-fakto Qərbə məğlub olan Rusiyanın Yaxın Şərqə yeganə çıxışı Cənubi Qafqazdır. Söhbət burada Şərq-Qərb dəhlizinin kəsilməsindən gedir ki, bunda da Rusiyanın yeganə şansı Qafqazdır. Əlbəttə ki, Rusiya bu prosesə müqavimət göstərəcək. İki bölgədə uduzan Rusiya Cənubi Qafqazda da məğlub olacaq, yoxsa əksinə, qalib gələcək, hələlik bunu söyləmək çətindir.
Ardını oxu...
Gennadi Qudkov: “Əgər Putin indi nüvə silahından istifadənin cəzasız qalacağını bilsəydi, sizi əmin edirəm, o, çoxdan bundan istifadə edərdi

Rusiyalı siyasətçi, istefada olan FSB polkovniki Gennadi Qudkov UNİAN-a müsahibəsində Rusiya Federasiyasında elan edilən səfərbərlik, Ukraynanın NATO-ya daxil olması ilə bağlı müraciəti, nüvə müharibəsi ehtimalı, Putinin ölümü, müharibənin nə qədər davam edəcəyi barədə sualları cavablanedırıb. AYNA sözügedən müsahibəni istinadla təqdim edir:

- Gennadi Vladimiroviç, siz təkcə siyasətçi deyil, həm də istefada olan FSB polkovnikisiniz. Bu avtomatik olaraq o deməkdir ki, siz Rusiyada adi siyasətçilərdən daha çox şey bilirsiniz?

- Ümid edirəm ki, bir çoxları kimi, biz də indi bütün pərdəarxası sirləri gözdən keçirəcəyik və konspirasiya nəzəriyyəsinin hələ də elmlərin kralı olduğunu bir daha sübut edəcəyik. Hazırda Kremldə oynanılan əsas tamaşadan başlayaq. Putin daha bir ilhaq elan etdi, bu dəfə Ukraynanın dörd bölgəsi ilhaq olundu. Təbii ki, Qərb bunu Rusiyanın “öz torpaqları uğrunda müqəddəs kampaniyası” kimi qəbul etməyəcək. Rusların bu ideyanı dünyaya satması da çətin olacaq. Onlar indi səfərbərlikdən xilas olmaqla məşğuldurlar.

- Məqsədlər nələrdir? Və Rusiya Prezidentinin ambisiyaları...

- Səhv etməyin, Putinin indi o qədər ambisiyaları, böhtan dolu fikirləri yoxdur. Putin indi öz “dərisini” xilas edir, çünki çox yaxşı başa düşür ki, müharibədə qələbə onsuz da itiriləcək. Və onun məğlubiyyətinin ilk “qara qu quşları” artıq uçub gedib. Onun tamamilə aydın praqmatik kinik qanlı planı var. Gələcək nüvə şantajı üçün şərait yaradır. İndi belə edir... Bu referendumlar, ilhaqlar, tribunadan təntənəli təlqinlər, ABŞ-ı hindlilərin, meksikalıların soyqırımında ittiham etməsi... Putin manipulyasiya etməyi, tarixə səyahəti sevir. Amma düşünürəm ki, bütün bunlara diqqət yetirməyə belə ehtiyac yoxdur. Çünki bütün bunlar diqqəti yayındırmaq üçündür. Putin patoloji formalistdir. Onun bir patologiyası, xarakter xüsusiyyəti, ruhu var. Hər pisliyin, hər cinayətin, hər alçaqlığın təsdiqi kimi bir kağız parçası olmalıdır. Yeri gəlmişkən, Stalin də eyni belə idi. Bir növ sənədsiz edam, düşərgələrdə sürgün və ya qətl hadisəsi olmayıb. Putin bu mənada ona çox bənzəyir, ona görə də ona “referendum”, “səsvermə”, hansısa qərar haqqında formal kağızlar lazımdır. İşğal olunmuş ərazilərin ilhaqına səs verən Duma və Federasiya Şurasından ilham alır.

Sosial şəbəkələrdə rusların dilindən belə bir zarafat var: “Yaxşı, ukraynalılar, başa düşürsünüz ki, biz bu illər ərzində Putini necə seçmişik? Səsvermənin nəticələri necədir? 90-95 faiz Rusiyaya “qoşulmağa” səs verib. Biz ümumiyyətlə, seçkiləri belə keçiririk, belə qəsb edirik və küçələrə çıxa bilmirik. Çünki küçələrəı çıxmaq cəhənnəmə getmək kimi bir şeydir”. Bu, rusların dilindən zarafatla deyilən fikir olsa da, həqiqətdir.

- Biz tam saxtalaşdırma görürük. Demək ki, Putinə cinayətin sübutunu ört-basdır etmək üçün rəsmi kağız lazımdır...

- İndi də bir doktrina ilə bütün dünyanı təhdid edəcək. Artıq eyham vurmağa başlayıb. Doktrina hazırdır, Patruşev bunu qəsdən yazıb. Və kimsə qəfil Rusiyaya hücum edərsə, onun mövcudluğuna təhlükə, ekzistensial təhlükə yaratsa, Rusiya nüvə silahından istifadə edə bilər. İndi də Kremldəki bu dəli dünyanı nüvə zərbəsi ilə şantaj edəcək.

- Nüvə arsenalının tıqqıltısının sadəcə bir təhlükə olduğunu hiss edirsiniz, yoxsa real bir ehtimaldır? Yəni ki, Putin nüvə soyqırımına gedəcəkmi?

- Əgər Putin indi nüvə silahından istifadənin cəzasız qalacağını bilsəydi, sizi əmin edirəm, o, çoxdan bundan istifadə edərdi. İndi onu saxlayan yalnız ABŞ, Böyük Britaniya və hətta Çin tərəfindən qəti və dəqiq şəkildə vəd edilən öz ölümü qorxusudur. Çin təbii ki, Rusiyaya nüvə zərbələri endirməyəcək, lakin müvafiq addımlar atacaq. Və Çin açıq şəkildə elan etdi: "Cəsarət etmə!".

- Sizcə, Putin başa düşürmü ki, artıq qırmızı xəttin astanasındadır, onu Miloşeviçin, Səddam Hüseynin, Müəmmər Qəddafinin taleyi gözləyir. Sizcə Putin bunu anlamırmı?

- Ümid edirəm ki, anlayır. İndi bu düşüncəni daimi xəbərdarlıqlarla və sərt hərəkətlərlə onda saxlamaq çox vacibdir, çünki ona başqa heç nə təsir etmir. Putin indi yalnız gücü başa düşür. Makrondan bütün bu çağırışlar, bəzi cəhdlər onun tərəfindən məğlubiyyət və zəiflik kimi qəbul edilir. Başqa yol yoxdur.

Putin başa düşür ki, çox yaxında nüvə silahından istifadə edib-etməmək dilemması ilə üzləşə bilər. Təbii ki, o, nüvə şantajı alətindən sona qədər istifadə edəcək. Bütün bu təlaşın səbəbi də məhz budur. Pution indi cəbhədəki status-kvonu qorumağa və durumu uzun müddətə çəkməyə çalışır.



Əlbəttə ki, Putinin xəstə başında və xəstə təxəyyülündə nüvə zərbəsi mövcuddur və işləyir, amma indi yox. Çünki indi ciddi əks-hücum yoxdur. Tam hərbi məğlubiyyəti gözləmək lazımdır. Ona görə də sizinlə müvəqqəti olaraq rahat nəfəs ala bilərik. Bundan sonra nə olacaq - Allah bilir. Amma mənim onunla birbaşa telefon əlaqəm yoxdur, ona görə də Putinin hansı səviyyəyə qədər dəlilik, axmaqlıq, kinlilik və intihar edə biləcəyini dəqiq deyə bilmərəm.

- Rusiyada itkilərin tempi və Qərbin Ukraynaya silah tədarükünün sürətini nəzərə alsaq, bu remissiya, cəbhədəki gərgin vəziyyət nə qədər davam edə bilər?

- Bilirsiniz, mən bir proqnoz vermişəm. Amma fikirləşdim ki, Putin qədər dəli deyil ki, ümumi səfərbərlik olduğunu elan etsin. Səfərbərlik isə əslində ümumidir. “Qismən səfərbərlik” adı pafoslu bir bəhanədir. Təbii ki, səfərbərlik böyük dövlət şovinizmi virusuna yoluxmuş əhalinin elit təbəqəsi arasında Putinin dəstəklənməsinə çox mənfi təsir göstərdi.

- Və son onilliklər bu diktatorun kvazi-dövlət hakimiyyətini səssizcə qəbul etdilər...

- Onlar başqa cür qavramağa qadir deyillər. Bu bataqlıqdır, amma aqressiv bataqlıqdır. Səfərbərlikdən əvvəl danışsaydıq, deyərdim ki, aprel-maydan əvvəl hər şey bitəcək, amma yeni adamların döyüşə atılması müharibəni ən azı altı ay da uzada bilər.

Öncəki səfərbərliyi nəzərə alsaq, Ukraynanı işğal edən bir ordu var - 200-230 minlik. Ukraynanı sıradan çıxarmaq, vəziyyətini çıxılmaz etmək üçün 7 ay çəkdi. Tutaq ki, indi döyüşə tələsən kontingent artıq döyüşən kontingentdən yarı effektivdir. Amma ora 300 min atılsa və bu mümkün olsa da, müharibə hətta bir il də uzana bilər.

- Bu müddət ərzində daha bir neçə yüz min nəfəri zorla səfərbər edə bilərlər...

- Bəli. Bəs Putin nəyə ümid edir?! Kreml rəhbəri müharibəni uzatmaqla Qərb koalisiyasında baş verə biləcək dəyişikliklərə ümid edir. O, bombardmana məruz qalan, raket atəşi altında olan, uşaqların öldüyü, qadınların öldüyü, sadə insanların, dinc insanların, əsgərlərin döyüş meydanlarında öldüyü müharibədə Ukrayna xalqının səbrinin tükənəcəyinə ümid edir. Putin ümid edir ki, Ukraynanın səbri, cəsarəti və möhkəmliyi kifayət etməyəcək. Ümid edir ki, indi proqnozlaşdıra bilməyəcəyimiz bəzi dəyişikliklər hələ də baş verə bilər.

- İndi Ukraynanın sürətləndirilmiş prosedurla NATO-ya daxil olmaq müraciətilə bağlı xəbəri NATO-nun Rusiyaya və Putinə "oyunu bitirməsəniz, tezliklə bizim əsgərlər sizi tualetdə isladacaq" (“tualetdə isladacaq” Putinin terminologiyasıdır) eyhamı kimi şərh edə bilərikmi?

- Mən çox istərdim ki, NATO-nun belə bir reaksiyası olsun. Yalnız mən hər zaman xəyallarımızı və istəklərimizi əsaslandırmağa öyrəşmişəm. Əmin deyiləm ki, NATO indi bu qədər sərt və kəskin davrana bilər. Əlbəttə, səhv edə bilərəm. Amma NATO Putini hansısa sərsəm hərəkətlərə sövq etmir.

Stoltenberq də bu mövqedən çıxış edir və NATO-nun aparıcı ölkələrinin liderləri də kifayət qədər təmkinli davranırlar. Fikrimcə, NATO və ABŞ belə təmkinli, balanslaşdırılmış, lakin güc mövqeyi tuturlar. Putin indi tam kinlidir, ona görə də Kreml rəhbərinə lazımsız arqumentlər vermək və emosional vəziyyəti gərginləşdirmək lazım deyil.

Maraqlıdır, Putin sülh prosesi arzulayır, ancaq Ukrayna ərazisinin 20 faizinin işğal edildiyi faktının qəbul edilməsi şərtilə. Hər kəsi süfrə arxasına oturtub bazarlığa başlamaq istəyir ki, onunla bazarlıq etsinlər: “Görürsən, mən nə qədər böyüyəm, bütün dünya yanıma gəlib, mənimlə bazarlıq edir, mən də beləyəm, onlar da mənimlə döyüşməkdən qorxurlar”. Bunu göstərmək istəyir. Deyim ki, birdən danışıqlar başlasa, bunu demək arzusu da var. Ona görə də bu axmaq qanlı fikirlərin generatoru özüdür. Ona təzyiq edən yoxdur, amma ən radikal, ən qəddar, mənasız və qanlı mövqeləri tutur. Putin bu müharibənin əsas hərbi cinayətkarıdır. Və əsas təşəbbüskardır, vəssalam.

- İndi bölgələrdə üsyan üçün ilkin şərtlər var. Aydın məsələdir ki, inqilabın qalib gəlməsi üçün paytaxtın etiraza qalxması lazımdır. Bəs etirazlar hər yerdə alovlana bilərmi?

- Regionlar oyana bilər, amma indi onların zəncirvari reaksiyadan keçməsi üçün kifayət qədər ilkin şərtlər yoxdur. Regionlar yalnız detonator rolunu oynaya bilər, lakin rejim dəyişikliyinə səbəb ola bilməz. Əgər onlar bu prosesin detonatoru kimi çıxış etsələr və bir-birinin ardınca regionların zəncirvari reaksiyası başlasa, bəli, Moskvada hansısa inqilab başlaya bilər.

Əlbəttə, üsyan sonucda Putinin həyatına son qoyacaq və ya onu hakimiyyətdən uzaqlaşdıracaq.

Elita indi Putinə nifrət edir. Həm regional, həm də Moskva. Amma məsələ bu deyil. Fakt budur ki, bu nifrətdən liderin aradan götürülməsinə qədər çox böyük bir məsafə var. Mən bu variantın baş verəcəyini deməkdə tərəddüd edirəm, ona görə də proqnoz vermək çətindir. Amma elitanın imkanı olsa, onu məhv edəcək.

Xatırladım ki, bir neçə dəfə sui-qəsd cəhdləri oldu, lakin Hitler sağ qaldı. Fidel Kastronu aradan qaldırmaq üçün çox cəhdlər edildi, lakin o, təbii ölümlə öldü. Putin üçün ilkin şərtlər dediyim kimi, var. Ancaq ilkin şərtlərdən tətbiqə qədər böyük bir məsafə var və bu, heç baş tutmaya da bilər.

Elita xalqdan fərqli olaraq nə baş verdiyini o qədər yaxşı anlayır və onlar çoxdan Putinə nifrət edirlər. Gələcəkdən məhrum olduqlarını başa düşürlər. Elita indi çox şeydən məhrum olub. Ailələrindən, həyatlarından və başqa şeylərdən də məhrum ola bilərlər. Onlar bunu yaxşı başa düşürlər.

- Belarusda Rusiya hərbi qrupunun yaradılması nə dərəcədə təhlükəlidir?

- Hipotetik olaraq, bu, Kiyevə hücumun təkrarı üçün ola bilər. Praktikada mənə elə gəlir ki, Putin indi bunu istəmir. Böyük cəbhə xəttində formalaşan hazırkı status-kvonu saxlamaq onun üçün daha vacibdir. Mənə elə gəlir ki, indi onun üçün cənub dəhlizi daha önəmlidir. İndi deyəcək: “Dəhlizi kəsdik, Krım bizimdir” və s.

Belarus Prezidenti Lukaşenko da başa düşür ki, hansısa yolla sağ qalmalıdır. O, təbii ki, Putindən pul qoparacaq, ona nəsə vəd edib ölkəni icarəyə verəcək. Çünki onun öz pulu yoxdur. İndi o, Belarusu Rusiyaya icarəyə verib. Beləliklə, o, bunu davam etdirəcək. Amma düşünürəm ki, Belarus və Ukraynanın silahlı qüvvələri və güc strukturları birbaşa hərbi toqquşmaya girməyəcək.

Müəllif: Turan Abdulla
 
 
 
Ardını oxu...
Mərkəz rəhbəri: “Hər kəs anlayır ki, səfərbərlik Rusiya ordusunu xilas etməyəcək”

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də “qismən səfərbərlik” elanından sonra bu ölkədə vəziyyət gərginləşib. İstər səfərbərlikdən yayınmaq üçün insanların Rusiyanı tərk etməsi, istərsə də əksər bölgələrdə qərara etirazlar geniş vüsət almaqdadır. Bununla yanaşı, Ukraynanın işğal edilmiş 4 vilayətinin – Donetsk, Luqansk, Xerson və Zaporojyenin ilhaqını nəzərdə tutan “referendumlar”ın keçirilməsi, Dumanın “birləşmə”ni ratifikasiya etməsi bu ölkənin uçuruma yuvarlanmağa doğru getdiyini göstərir. Bir çox yerli və xarici ekspertlər, analitiklər mərkəzlər hesab edirlər ki, Putinin anormal qərarları Rusiyanın çöküşü ilə nəticələnəcək.

Dünyanın mütərəqqi qüvvələri işğala məruz qalan Ukraynanın yanında olduğu halda, Rusiyanın özünə müttəfiq saydıqları da Kremlin ilhaq və işğal siyasətini dəstəkləmirlər. Əhalinin ölkəni kütləvi tərk etməsi, səfərbərliyə, dolayısı ilə müharibəyə etirazların çoxalması, müttəfiqlərin olmaması qarşıda “Şimal ayısı”nı çətin günlərin gözlədiyindən xəbər verir.

Vəziyyəti AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Putinin səfərbərlik qərarı faktiki olaraq rus cəmiyyətinin xoşuna gəlməyib:

-Bir çox əyalətlərdə, şəhərlərdə etirazlar baş verdi, imtinalar gördük. Hesab edirəm ki, etiraz səsləri daha da artacaq. Hələ ki, Rusiyanın hər yerindən etiraz səsləri ucalmır. İnsanlar susurlar, imkanı olanlar ölkədən qaçır. Amma müharibənin uzanması və artan itkilər etiraz səslərini əlbəttə, artıracaq. Hamı anlayır ki, bu, Rusiyanın deyil, Putinin şəxsi müharibəsidir. Rus cəmiyyəti o qədər avam deyil ki, bunu dərk etməsin. Həm də Putinin nağılı da bitdi, inamsızlıq hər gün artır.

- Yəni ki, insanlar səfərbər olmaq istəmirlər...

-Təbii ki, istəmirlər. Çünki bu, ədalətli yox, işğalçı müharibədir. Hər kəs anlayır ki, səfərbərlik Rusiya ordusunu xilas etməyəcək. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladığı fevralın 24-dən bu yana səfərbərlik elan etməkdən çəkinirdi. Çünki Kreml sahibi “xüsusi əməliyyat” adlandırdığı işğalçı müharibəni az qüvvə ilə yekunlaşdırmağı planlaşdırırdı. Səfərbərlik elanı Kreml sahibinin “xüsusi əməliyyat” nağılına rəsmən son qoymuş oldu. Putin bir neçə ay əvvəl “müharibəyə müxtəlif dövlətlərdən muzdluları cəlb edə bilərik” dedi, ancaq bu da onun ordusuna uğur gətirmədi. Muzdlular belə Ukrayna müharibəsində ölmək istəmədilər. Putin belə vəziyyətdə səfərbərlik elan etmək məcburiyyətində qaldı. Ancaq səfərbərlik də çıxış yolu deyil. Çünki müharibəyə göndərəcəyi gəncləri ölüm gözləyir.

- Bir də Ukraynanın 4 ərazisinin “referendumla” ilhaqı baş verdi...

- Bu ilhaq da Krımın ilhaqı kimi heç kəs tərəfindən tanınmayacaq. Onu da qeyd edim ki, Putin Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşdirildiyini” elan etdikdən bir gün sonra Ukrayna ordusu daha bir strateji şəhəri – Limanı işğalçılardan azad etdi. Ukrayna ordusu işğal olunan Luqansk, Donetsk, Zaporojye və Xerson istiqamətində əks-hücumlarını davam etdirəcək. Rusiya bu 4 bölgənin adminstrativ sərhədlərindən geri çəkilməyə məcbur qalacaq. Belə olan halda “birləşmə” ancaq kağız üzərində qalacaq. Saxta referendumun nəticəsinə görə Liman Rusiya “şəhəri” sayılır, ancaq indi Ukraynanın nəzarətinə keçib. Demək istədiyim odur ki, bu “referendumlar” mənasız, Kremlin gözə kül üfürməsindən başqa bir şey deyil.

Yeri gəlmişkən, Putin ilhaqdan sonra tərəfdaşlarından dəstək gözləyirdi və hələ də gözləyir.

- Söhbət hansı tərəfdaşlardan gedir?

-Mərkəzi Asiya ölkələrindən, KTMT üzvlərindən, Çindən, hətta Türkiyədən. Rəsmi Ankara ilk gündən açıqlama verdi ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə bəyanatında Ukrayna torpaqlarının ilhaqının beynəlxalq hüquqa zidd adlandırdı. Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləmədilər. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir. Nəzərə almaq lazımdır ki, Rusiya Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.

Putin Ukrayna torpaqlarının ilhaqından bir gün sonra Çin lideri Si Sinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respbulika Günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini “əziz dostu” adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir” kimi cümlələrdən istifadə edib. Si Sinpin də Putinə yazdığı məktublarda həmkarını “əziz dost” deyə xitab edir. Buna baxmayaraq, Si Sinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq.

- Bəs qınayacaqmı?

- Əlbəttə, ilhaqa görə Kremli tənqid də etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin ilhaqını tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin.

Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. İndi Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır. Yəni vəziyyət mürəkkəbdir. İşğalçı Rusiya küncə sıxıldıqca bütün məkrli yollara əl ata bilər.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
 

 

 

 

 

Ötən ayın sonunda Azərbaycanda ekoloji təmiz məhsul istehsalı üzrə dövlət standartı qəbul edilib. Standartın tələbinə əsasən, ekoloji təmiz məhsulların istehsalı zamanı kimyəvi-sintetik (süni) maddələrin istifadəsi minimuma endirilməli və istehlakçıların sağlamlığının və ətraf-mühitin qorunmasına diqqət yetirilməlidir.

“Report” ölkədə ekoloji təmiz məhsul istehsalı sahəsində mövcud vəziyyət və sözügedən dövlət standartının bazara təsiri ilə bağlı Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Emin Əliyevlə müsahibəni təqdim edir:

– Azərbaycanda ekoloji təmiz məhsulların istehsalında yeni standartın tətbiqi bazara hansı yenilikləri gətirə bilər?

– Bu vaxta qədər ölkədə ekoloji təmiz məhsulların istehsalı, emalı, satışı və markalanması ilə bağlı heç bir standart yox idi. Avropada artıq orqanik standartların beşinci nəsli qəbul edilib. Dəfələrlə təklif etmişdik ki, biz də, heç olmasa, üçüncü nəsil standartı tətbiq edək ki, bu proses gələcəkdə Azərbaycan istehsalçısı və emalçısı üçün dördüncü və ya beşinci nəslə keçid rolunu oynasın.

Azərbaycanda “təbii” yazısı ilə satılan müxtəlif markalar var. Bunların heç biri orqanik deyil. Azərbaycanda orqanik məhsul istehsalı olsa da, vəziyyəti ürəkaçan deyil. Ölkəmizdə ekoloji təmiz məhsul istehsalı üçün kifayət qədər münbit şərait var. Bu baxımdan Qax-Balakən iqtisadi zonası, cənub bölgəsi, işğaldan azad edilmiş ərazilərimizi, xüsusilə Kəlbəcər və Zəngilan rayonlarımızı qeyd etmək olar. Orqanik məhsul ixrac məhsuludur, yəni ölkəyə valyuta axınına müsbət təsir göstərəcək.

Hazırda dünyada “yaşıl” iqtisadiyyat və orqanik məhsul istehsalı bir trenddir. Bu trenddən biz geridə qalmışıq. Azərbaycanda bəzi istehsalçılar orqanik məhsul istehsal edir, amma onu orqanik məhsul adı ilə bazarlara çıxara bilmir və ənənəvi məhsul kimi satırlar. Çünki ekoloji təmiz məhsul istehsalı üzrə ölkədə bu vaxta qədər heç bir standart olmayıb. Nəticədə həmin istehsalçı maddi zərərlə üzləşir. Eyni zamanda onun istehsal etdiyi məhsulun dünya bazarlarına çıxış imkanı da məhdud olur. Ümid edirəm ki, yeni standartın tətbiqi ilə Azərbaycanda orqanik məhsul istehsalı üçün normal şərait yaranar.

– Yeni ekoloji standart hansı məsələləri ehtiva edəcək?

– Hələ ki bu standartın əhatə edəcəyi məsələlərlə bağlı bizə dəqiq məlumat verilməyib. Ümumi olaraq deyə bilərəm ki, orqanik məhsulların istehsalında qeyri-üzvi gübrələrdən, pestisidlərdən, herbisidlərdən, zərərvericilərə qarşı dərmanlardan ya istifadə edilmir, ya da qəbul edilmiş normativlər əsasında istifadə edilir. Azərbaycanda bal istehsalçıları içərisində təbii məhsul istehsal edənlər az deyil.

Ümumiyyətlə, orqanik balın ən əsas istehsalçılarından biri Yaponiyadır.

Son dövrlərdə Azərbaycan balı Yaponiya bazarına girməyə başlayıb. Biz balla özümüzü tam təmin etmirik və xarici ölkələrdən bal idxal edirik. Orqanik bal istehsalı ilə bağlı Avropanın, Amerikanın, Yaponiya və ətrafındakı ölkələrin bir-birindən fərqli standartları var. O bazarlara ancaq həmin standartlara cavab verən məhsullar buraxılır.

Hazırda Avropada orqanik məhsul istehsalı böyük bir trenddir və Azərbaycan məhsullarının o bazarlara girmək şansı var. Amma nəzərə almaq lazımdır ki, dünyada emal prosesi üçün ayrı, istehsal prosesi üçün isə ayrı tələblər var. Üstəgəl istehsal etdiyin məhsul ixrac edəcəyin ölkənin də tələblərinə cavab verməlidir. Azərbaycanda bu tələblərin hamısını bir dövlət standartı halında toplanıb və hesab edirəm ki, bu, mütərəqqi addımdır.

2019-cu ilin oktyabrında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ekoloji təmiz məhsul istehsalı haqqında qanun layihəsi hazırlanıb hökumətə təqdim edilib və hazırda Milli Məclisdə müzakirə olunur. Səhv etmirəmsə, payız sessiyasında bu qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu o deməkdir ki, ölkədə sözügedən sahəyə diqqət yavaş-yavaş artırılır. İki gün öncə ölkədə 15 dövlət orqanının iştirakı ilə ictimai müzakirə keçirildi. Həmin görüşdə kənd təsərrüfatı naziri İnam Kərimova sual verdim ki, Azərbaycanda orqanik məhsul istehsalı olacaq, ya yox. Nazir cavab verdi ki, olacaq.

Strateji Yol Xəritəsində bu məsələ ilə bağlı iki bənd qeyd olunub. Bu sahə ilə bağlı kifayət qədər Prezident fərman və sərəncamları var. Keçən il dekabrın 10-da işğaldan azad olunmuş ərazilərin “yaşıl” iqtisadiyyatın tələblərinə uyğun olaraq inkişaf perspektivləri haqqında ölkə başçısının fərmanı oldu. Nəzərə alaq ki, orqanik istehsal da “yaşıl” iqtisadiyyatın bir hissəsidir.

Hesab edirəm ki, Azərbaycanda ekoloji təmiz məhsul istehsalını koordinasiya edən dövlət orqanı müəyyənləşdirilməlidir. Ekoloji təmiz məhsul istehsalçısı bilmir hansı nazirliyin qapısını döysün. Yəqin ki, yeni qanunda bu məsələyə də aydınlıq gətiriləcək.

– Ümumiyyətlə, bir məhsulun ekoloji təmiz sayılması üçün hansı tələblər olmalıdır?

– Bir misal çəkim. Azərbaycanda satılan südün tərkibinə su qatılmadığı üçün o, təbii süd adlandırılır. Araşdıranda isə həmin südün alındığı inəyin qidasının orqanik sertifikatının olmadığı məlum olur. Dünya standartlarına görə, südün orqanik sayılması üçün onun alındığı inəyin harada və hansı qidalarla qidalanması önəmli məsələdir. Əgər o inəyin qidalandığı məhsulun orqanik sertifikatı yoxdursa, istehsalçı istehsal etdiyi südün orqanik olduğunu iddia edə bilməz. Ot və ya digər qida məhsullarının heyvana verilməsi hələ o demək deyil ki, ondan alınan süd orqanik hesab olunur. Azərbaycanda bu vaxtacan bu məsələlər iri istehsal müəssisələrində belə, nəzərə alınmayıb.

– Zəhmət olmasa, Azərbaycanda ekoloji təmiz məhsul istehsalı və satışının vəziyyəti barədə bir qədər də danışaq. Dediniz ki, bizdə orqanik məhsulların istehsalı ürəkaçan vəziyyətdə deyil. Bu sahədə daha hansı problemlər var? Ölkəmizdə istehlakçıların orqanik məhsul əldə etmələri üçün hansı imkanlar mövcuddur?

– Bizim üzvlərimiz olan bəzi orqanik məhsul istehsalçılarının beynəlxalq sertifikatları var. Yerli sertifikatı isə yoxdur. Bu gün təbii süd, qatıq, pendir, şor adı ilə istehlakçıları aldadırlar. Hətta bəziləri “yüz faiz orqanik” yazılmış loqoları öz məhsullarının üzərinə yapışdırır. Əslində, bunların heç biri orqanik deyil. Orqanik sertifikatı olan məhsulun üzərində “təbii” yazılmır, “orqanik” yazılır. Çünki orqanik sertifikatı almaq əlavə dəyər markası yaratmaq deməkdir. İstehsalçı ona görə məhsulun üzərinə “təbii” yazır ki, sabah kimsə ona irad tutsa, desin ki, mən məhsulun üzərində “orqanik” deyil, “təbii” yazmışam.

Azərbaycanda orqanik məhsul idxalçıları da var. Onlar ölkəyə beynəlxalq sertifikatlı orqanik gübrə, toxum idxal edirlər. Bəzi mağazaların xaricdən idxal etdikləri orqanik məhsullar da var. Onların üzərində orqanik məhsul olduğu yazılır. Dünyada orqanik məhsul istehsalı üzrə ən qabaqcıl ölkə Avstraliyadır. Oradan buraya məhsul gətirilmir. Amma Amerika və Avropadan, az miqdarda Türkiyədən Azərbaycana orqanik məhsullar gətirilir.

– Yerli şirkətlər qeyd etdiyiniz beynəlxalq sertifikatları necə əldə edirlər?

– Yerli şirkətlər bu sertifikatları, əsasən, Türkiyə şirkətlərindən alırlar. Bu gün Azərbaycanda bir istehsalçı orqanik məhsul sertifikatı üçün xarici şirkətlərə ildə təqribən səkkiz min ABŞ dolları ödəməlidir. Amma yeni standartların tətbiqi ilə yəqin ki, ölkədə yerli sertifikasiya şirkətləri də olacaq. Bu standartlar tətbiq ediləndən sonra sertifikasiyaya bir çox şirkət maraq göstərəcək. Çünki belə olanda sertifikat almaq daha ucuz başa gələcək. Bu da dünya və Avropa bazarlarına məhsul çıxarmaq üçün keçid rolu oynayacaq.

– Orqanik məhsulların qiyməti necə olmalıdır?

– Bizdə orqanik məhsul deyəndə təbii üsullarla yetişdirilən məhsullar düşünülür. Əslində isə belə olmalı deyil. Quba-Xaçmaz iqtisadi zonası ölkəmizin meyvə-tərəvəz istehsalının təxminən 50%-ni təmin edir. Amma orada intensiv və superintensiv kənd təsərrüfatı qaydaları tətbiq olunur. Bu da qeyri-üzvi gübrələr, ağır dozalı dərmanlar, pestisidlər, herbisidlər vurulur ki, yetişdirilən meyvə-tərəvəz yüksək məhsuldarlıqlı, zərərverici və xəstəliklərə davamlı olsun. Əgər bir orqanik alma bağında məhsuldarlıq təxminən 15-18 ton olursa, intensiv və superintensiv kənd təsərrüfatı qaydaları tətbiq edilən bağlarda 80 ton olur. Təbii ki, istehsalçı da belə olanda intensiv və superintensiv məhsullar istehsal etməyə maraq göstərir. Ona görə də bütün dünyada orqanik məhsulun bazar dəyəri ənənəvi məhsulun bazar dəyərindən 300-600% baha olur. Burada onun yetişdirilməsində standartların tətbiqi, bitkilərin yetişdirilməsi və ya heyvanların saxlanılmasına sərf edilən vəsait, enerji, vaxt kimi amillər nəzərə alınır.

Ardını oxu...Xeberal.az

Ardını oxu...
“İndi kino çəkilir ki? Hanı “O olmasın, bu olsun”, “Görüş”, “Yeddi oğul”, “Dəli Kür” filmi kimi filmlər? Nə aktyor var, nə də ki, savadlı rejissorlar. Baxırsan ki, aktyordur, amma özünü göstərə bilmir, “quru” oynayır. Mənim atam ixtisasca həkim idi, amma görün necə aktyorluq nümayiş etdirib. Özü də iki filmə çəkilib. Bir “O olmasın, bu olsun” filmində, bir də “Görüş”-də. Çox istərdim ki, atam haqda filmlər, verilişlər çəkilsin. Nəinki atam haqda, böyük sənətkarların heç biri yaddan çıxmamalıdır. Atamın qızı idim, yaxşı ki, atam mənim həyatımda olub. O mənim idealımdır, hər dəfə də idealım olaraq qalacaq. Çünki mən həyatımda onun qədər gözəl insan görməmişəm”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktyor Arif Mirzəquliyevin qızı Teyyubə Mirzəquliyeva deyib. O daha sonra atasının əsas ixtisası olan həkimlikdən danışıb.

“Atam ixtisasca həkim olsa da, Moskvada İncəsənət universitetini bitirib. Babam istəmirdi ki, atam aktyor olsun. Ona görə də ondan tələb edir ki, ixtisasını dəyişsin. O vaxt axı aktyorluğa normal baxmırdılar. Buna görə də atam Tibb Universitetinin nevrpotoloq ixtisasına yiyələnir. Atamın ailədə bizlərlə münasibəti olduqca yaxşı idi. Ailədə iki övlad olmuşuq, hər ikimizin üstündə o “əsib”. Həyatsevər insan idi atam. Nə mənim, nə də ki, qardaşımın üstünə bir dəfə də olsun acıqlanmamışdı. Bəzən işi çox olurdu, bilirdik ki, evə əsəbi gələcək. Atamın kinoya çəkilməsi tam təsadüf olmuşdu. Atam it gəzdirəndə rejissor Hüseyn Seyidzadə onu görüb, “O olmasın, bu olsun” filminə dəvət etmişdi. Atam sevinirdi ki, onu filmə çəkirlər, çünki bu onun ən böyük arzusu idi. Atamın “Görüş” filmindəki Kamil obrazı ilə oxşarlığı var idi, çünki o Kamil kimi sevgisinə hər zaman bağlı olub. Anam atamın yanında təcrübə keçib, eyni sənətin sahibi olublar. Anam incəsənətdən tamamilə uzaq olub. Atam anamın arxasınca düşəndə o heç bilməmişdi ki, bu Sərvərdir. “Görüş” filminin sonluğuna baxanda göz yaşlarımı saxlaya bilmirəm. Anamla bir xəstəxanada, bir otaqda işləyiblər. Anam deyir ki, 10 il sərasər qapımı döyüb baxırdılar ki, görüm Sərvər kiminlə evlənib” deyə sənətkarın qızı deyib.

Teyyubə Mirzəquliyeva atasının vəfasız dostlarından da danışıb.

“Atamın sağlığında evimizin yuxarı başında oturan dostları ölümündən 1 il keçməmiş onu unutdular. Əlbəttə ki, bu mənə çox pis təsir etdi. Atam ailəsini hamıdan, dostlarından da uca tuturdu. Deyirdi ki, dost adamın öz ailəsidir. Amma mən inanmırdım, deyirdim ki, yəqin hansısa dostundan müvəqqəti inciyib deyə belə danışır. Bizim ailəmizi təkcə axtaran Sima adında qız idi. Onun anası ata və anamı işə düzəltmişdi, o da bizə sadiq qaldı. Atamın halı pisləşəndə təcili yardım maşını çağırıblar. O da hadisə yerinə gecikib. Ürəyindən qəflətən sancı tutub, keçinmişdi. Çox siqaret çəkirdi, bundan əvvəl 2 dəfə infarkt keçirmişdi. Anam da 2008-ci ildə dünyasını dəyişib” deyə sənətkarın övladı deyib.

Ardını oxu...
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

“Həşimov rəmzə çevrildi”

- Rais bəy, Milli Qəhrəman Polad Həşimova həsr etdiyiniz portret çox maraqla qarşılandı. Əsər üzərində nə vaxtdan işləyirsiniz?

- Əsərə maraq göstərdiyinizə görə sizə təşəkkür edirəm. Bəli, portreti Feysbuk hesabında paylaşandan sonra insanlar maraqlanmağa başladılar, kimisi bəyəndi, kimisi bəyənmədi. Bir çoxları da görməzlikdən gəldilər.

Təvazökarlıqdan uzaq olsa da deyəcəm, bu şəkil deyil, belə bir şəxsiyyətin portretini yaratmaq bir hadisədir. Müxtəlif məqsədlər üçün istifadə olunan və çəkilən portretlər var: sənəd portretləri, təntənəli iclaslarda istifadə olunan portretlər və sair.

Bir də var “Kamernıy”- yəni dar çərçivəli portretlər – burada daha çox təsvir olunan insanın daxili aləmi, psixoloji durumu əks olunur.

Bir neçə ay öncə Günaz TV-nin qurucusu Əhməd Obalıyla birlikdə Sumqayıtda Polad Həşimovun anasını ziyarət etdik. Orada Polad Həşimova həsr olunan xatirə guşəsi var, insanlar ziyarət edir, gül, əklillər qoyurlar.

Orada Poladın çox şəkillərinə baxdım, onun haqqında materiallarla tanış oldum, ailəsiylə söhbət etdim və sonra əsər üzərində işə başladım.

- Niyə məhz Polad Həşimov?

- Vətən Müharibəsinin ilk qığılcımları olan Tovuz hadisələrində Poladın şücaəti, ermənilərə dərs verməsi, qəhrəmanlığı, şəxsiyyəti ilə insanların qəlbində taxt qurması, rəmzə çevrilməsi – bunlar çox önəmli məsələlərdir.

General idi, amma əsgərlərlə birlikdə səngərlərdə döyüşürdü. Prezident İlham Əliyev ona mənzil bağışlamışdı, amma o mənzilin açarlarını Aprel döyüşlərində şəhid olan əsgərin ailəsinə vermişdi. Halbuki, özü kirayədə qalırdı.

- Ailəsinin əsərə reaksiyası necə oldu?

- Mənə ailəsindən zəng gəldi, təşəkkür etdilər.

- Əsər kolleksiyanızda qalacaq, yoxsa...?

- Düşünürəm ki, bu əsərin ünvanı ailəsidir.

- Bu silsiləni davam etdirəcəksinizmi?

- Fikrim var, təki sağlıq olsun...Planları öncədən deyəndə çoxu baş tutmur.

Ümumiyyətlə, bu sənət - rəngkarlıq çox qısqanc sənətdir. Hər şeyə qısqanır. Hətta həyat yoldaşına da...Bir balaca ara verdin, geri qayıdış çətin olur. Nə çəksən də alınmır.

- Digər tərəfdən fikir axını da insanı rahat buraxmır.

- Zaman keçir fikir özü-özünə formalaşır. İnsan yığır-yığır, bircə təkanı əskik olur. Təkan oldusa, bütün fikirləri oyadır və əsər yetişir.

Bəzən fikirlərini içində saxlayanlar və özləriylə əbədi aparanlar var.

“Xankəndiyə getdik, əməlli-başlı təəccübləndik”

- Rais bəy, Şuşaya getmisiniz?

- Bu sualı mənə çox verirlər. Şuşaya gedirlər, heç dostum Şahin Musaoğlunu da dəvət etmirlər. Halbuki, bu adam vətərpərvərlik mahnılarının ustasıdır: “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant, “, “Vətən əmanəti” və başqa musiqilərin həm söz yazarı, həm bəstəkarıdır. Eləcə də məni hələ dəvət etməyiblər.

Olsun, aparmasınlar. Mən vaxtilə Şuşada olmuşam. 1986-cı ildə dostum Fuad Mustafayevlə qatarla Xankəndiyə getdik, ora çatanda əməlli-başlı təəccüblənmişdik. Elanların hamısı erməni, rus dilində...Bir dənə də olsun Azərbaycan dilində nəsə tapmadıq. Hələ 1986-cı il idi. Sonra avtobusa minib Şuşaya qalxdıq.

- Şuşa necə təsir bağışlamışdı?

- Şuşa cənnət idi. Bir həftə orda qaldıq. Təsəvvür edin ki, yeriyirsiniz, ayaqlarınızın arasında buludlar...

Mən Şuşada elə yerlərdə olmuşam ki, hələki ora gedib çəkiliş edən heç bir operatorun kamerasında o yerləri görməmişəm.

- Ola bilməz ki, orda bir əsər yaranmasın...

- Əlbəttə, yarandı. Şuşa mənə çox təsir etmişdi. Ordan qayıdan kimi mənzərə janrında bir rəsm çəkdim.

(Rais Rəsulzadə kataloqda Şuşaya həsr etdiyi rəsmi göstərir)

- Əsərlərinizi satırsınız?

- Bir dönəm satmadım. Qısqanırdım. Çəkdiklərimi yanımda saxlamaq istəyirdim. Elə işlər var həqiqətən onu satmaq olmur. Amma satdıqlarım da var.

Azərbaycan qalereyası hələ sovet dönəmində sərgilərdə müəlliflərdən əsərlər alıb, fondda saxlayırdı.

Yadımdadır, Amerikadakı sərgidə çox əsərlərim satılmışdı.

Heç vaxt sənətimə qazanc kimi yanaşmamışam. Pul haqda düşünüb əsər yaradanda heç yaxşı alınmır. Şəxsən məndə belədir.

- Çox rəssamların həyatı əzablı olub. Yaratdıqları ölümlərindən sonra dəyərləndirilib. Əsərləri öz zamanında yaxşı satılan çox az rəssamlar var.

- Bəli, doğrudur. Onlardan biri də Amadeo Modilyani idi. Həm italyalı idi, həm də yəhudi. Milyoner qızına vurulur və onunla evlənir. Özü əsərlərini satanda heç kəs almırdı, öləndən sonra qalereyalarda dava-qırğınlar olurdu, milyonlara satılırdı.

Bununla bağlı bir maraqlı hadisə danışım. Siyavuş adlı dostum Şağanda muzey açıb. Orda mənim əsərlərimə baxan bir adam soruşub ki, bunun müəllifi ölüb? Deyiblər yox. Deyib onda öləndən sonra alaram.

Pikasso isə zamanında qiymət gördü. 17 yaşında elə gözəl rəsmlər çəkirdi ki...Əsərlərində humanizmi təbliğ edirdi. Məşhur olandan sonra yanına gəlib deyirdilər ki, yaşamaq çətindir, kömək elə. O da təmiz vərəqə öz imzasını çəkib verirdi onlara və deyirdi, indi nə istəyirsinizsə, çəkin. Nə çəksəydilər də Pikassonun imzasına görə satılırdı.
- Ananızın portretini çəkmisinizmi?

- Yox, amma çəkəcəm. Mən 3 yaşında anamı itirmişəm, məni nənəm böyüyüb. Nənəmə ana deyirdim.

Təhsil aldığım müddətdə onu uzun zaman görmədiyimə görə portretini çəkmişdim.

- Şanlı qələbəmiz bütün yaradıcı insanlara güclü motivasiya oldu. Bəs sizə?

- Əlbəttə, yaradıcılığa güclü təsir edir. Biz müharibə istəmirdik. Amma məcbur idik. Qələbə lazım idi. Mütləq lazım idi. Prinsipial olmalıyıq. Türkiyə hər zaman bizə dəstəkdir.
Ardını oxu...
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə Qarabağ məsələsi daxil olmaya bilər. Bunu cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində deyib.

“Biz gözləyirik ki, Dağlıq Qarabağ məsələsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə daxil edilməyəcək. Parisdə çıxışım zamanı qeyd etdim ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır və Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas benefisiar Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır”, – Paşinyan bildirib. Onun sözlərinə görə, bu məsələni Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla razılaşdırılıb.

“Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini və Qarabağın Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, – deyə baş nazir vurğulayıb.

O, sərhəddəki vəziyyətə toxunaraq bildirib ki, İrəvan Fransa Müdafiə Nazirliyinin müşahidəçilər missiyasının sərhəddə daimi əsaslarla işləməsini istəyir.

Paşinyan Bakı ilə sülh müqaviləsi üzrə substantiv danışıqlara başlamağı zəruri hesab edir. Cenevrədə keçiriləcək görüşdə xarici işlər nazirləri “müqavilə mətninin hazırlanması üzrə danışıqlara” başlayacaqlar, deyib.

“Müqavilənin və sülhün mərkəzində bir-birinin ərazi bütövlüyünün tanınması dayanmalıdır. Əgər Azərbaycan MDB-nin yaradılması haqqında 1991-ci il 18 dekabr tarixli sazişə əsaslanaraq ərazi bütövlüyümüzü tanıyarsa, biz ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazırıq. Dağlıq Qarabağ üzrə danışıqlar aparan şəxs Dağlıq Qarabağın özü ola bilər, amma indiyədək Azərbaycan bu təklifə cavab verməyib”.

“Azərbaycan davamlı olaraq aqressiv bəyanatlar verir, Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışır. Əgər bu ritorika olmasaydı, saziş çoxdan imzalanardı”, o bildirib.

Naxçıvana gedən dəhlizə toxunan Paşinyan deyib: “Biz də Ermənistan vətəndaşının sərhəddə Azərbaycan gömrükçüləri ilə qarşılaşmasını istəmirik, sərhəddə gömrük və sərhəd xidmətlərinin funksiyaları olan ixtisaslaşmış təşkilatların yerləşdirilməsini təklif edirik”, – Paşinyan bildirib. (Turan)
 
 
 

Azərbaycanla Ermənistan arasında baş verən silahlı toqquşma zamanı 12 sentyabrda həlak olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırılıb. O, nazirliyin ona təklif etdiyi bir otaqlı mənzildən imtina edib.

Bununla bağlı “Abzas Media”Sənan Əhmədovdan müsahibə alıb.
Müsahibəni sizə təqdim edirik.

-Sizi nazirliyə kim çağırmışdı və nə haqda danışdınız?

– Murad Həşimov çağırmışdı. O, nazirliyin mətbuat katibliyində işləyir. Bilmirdim məni nəyə görə çağırıblar. Çünki başsağlığı adı ilə getmişdim. Gedəndə mənə dedi ki, sizə ev təklif edirik. Dedim, çox sağ olun, ehtiyac yoxdur. Dedi, bir otaqlı ev verəcəyik sizə. Nə isə uzun-uzadı danışdı. Dedim ehtiyac yoxdur, qardaş. Mən kirayədə qalmışam, qalacam da.

-Amma eviniz olması sizin arzunuz idi

-O hər yetimin arzusudur, hər evsizin arzusudur. Mənim qardaşımın da, mənim də arzum idi. Amma məsələ budur ki, mən “screen”-lər də atmışam, onlara da göstərdim ki, qardaşım yazanda ki, “şəhid olacam, sənə ev verəcəklər”, hələ bunu may ayında deyəndə mən dedim, “başın xarabdır sənin? Neynirəm o evi sən olmayandan sonra?” Bugünkü gündə bəlkə beş-on dəfə çağırıblar, eyni sözü deyirlər ki, “Sən onun ailəsi sayılmırsan”, “Sənə bir otaqlı ev veriləcək əgər istəyirsənsə”. Axır o həddə çatdırdılar ki, dedim ki, yaxşı, tutaq ki, mən bunu qəbul elədim, onu heç olmasa iki otaqlı edin. Özünüz bilirsiniz, insan gələndə kim kimi yataq otağında qəbul etməyi xoşlayar? Ən azından bir otaq, bir də zal olsun. Əgər mənim dövlətim bunu verə bilmirsə, gücü çatmırsa, onda da Allah canını sağ eləsin! Mən heç bir şey istəmirəm. Dedim mən sizdən nə maşın istədim, nə pensiya istədim. İstəmərəm. Mən ona baxmaram da. Hətta Fonddan da (red: Heydər Əliyev Fondu) 10. 000 verəndə onu mənim arvadım götürdü. Mən heç onları da istəmədim. Adamı o qədər əzə-əzə qayıdıb deyirlər ki, “Sən onun ailəsi sayılmırsan”, “Sən onun qardaşısan”… Mən dedim, biz sizə 800-dən çox mesaj yazmışıq. İndi gətirib bir otaqlı ev verirsən və qayıdıb deyirsən ki, “Bunu sənə yetimlər evindən çıxanda verirdik”. Dedim, mən bunu sizə 5-6 il bundan qabaq yazmışdım. Mənim qardaşım da, mən də dəfələrlə nazirliyə yazmışıq. Bütün qurumlara yazmışıq ki, köməklik etsinlər.

 

-Nazirliyə indiyə qədər 800 məktub göndərmişik deyəndə sizə nə cavab verdilər?

-Ancaq söhbəti fırladırlar. Boş şeylər.

-Siz niyə şəhidin ailə üzvü sayılmırsınız? Qardaşısınız. Nə əsas gətirirlər?

-Deyir ki, şəhid ailələrinə verilən ev sizə düşmür. Mən də dedim heç mənə o ev lazım da deyil. Götür, qalsın özündə. Ehtiyacın olsa, gedərsən ora. “Elə danışmayın, qardaş. Həqiqətən biz də istəyərik düşsün, amma qanunən düşmür. Bu evi də sadəcə belə…” Dedim, belə nə? Yazığınız gəldiyi üçün? “Yox, elə deməyək”. Dedim Allah canını sağ eləsin! Ona da ehtiyacım yoxdur. Hamı deyir, mən bir otaqlı ev olduğuna görə imtina etdim. Amma məsələ budur ki, deyir “Sənə bu ev də düşmür”. Düşmürsə nəyə görə verirsən? Dedim yazığınız gəldiyi üçün? Dayanıb, bilmir nə desin. Dedim, Allah canınızı sağ eləsin! Evə görə məni siz çağırmısınız bura. Mən gəlməmişəm. Mən gələsi olsaydım, ev istəyəsi olsaydım, Mehriban xanımın Fonddan adamları bura gələndə, deyərdim ki, evə ehtiyacım var. İndi necə kirayədə qalıramsa, elə də qalacam.

-Siz evdən imtina etdinizmi?

-Onlar dedi ki, iki otaqlı verə bilmirik.

-Niyə verə bilmirlər? Səbəb olaraq nə dedilər?

-“Çünki sən şahid ailəsi deyilsən”.

-Siz hazırda kirayədə yaşadığınız evdə neçə nəfərsiniz?

-Yeddi nəfər- qaynatam, qaynanam, nənəm, baldızım, həyat yoldaşım və övladım.

Mənə dedilər “Ailən var”, “Onun adını yaşatmalısan”. Mən də onda dedim ki, ailəmlə yatdığım yataq otağında qardaşımı necə yaşadım? Mən onunla küçədə də yaşayaram. Amma kimsə gələndə mən yataq otağında onun medallarını, özünü, hekayəsini, həyatını necə danışım? Ümumiyyətlə dedim ki, belə bir şey çox ayıbdır. Əgər verirsinizsə, heç olmasa iki otaq verin. Birində ən azından qardaşımın əşyalarını qoyum, formasını, şəkillərini asım. Onlar da dedi ki, “Sən ailə sayılmırsan”. Dedim Allah canınızı sağ eləsin! Həmin gün mən onsuz da dərman içib intihar eləyəcəkdim. Elyar bəy gəldi, şəhid mayor Vüsalın qardaşı. Onlar gəlib qapını qırıb içəri girməsəydilər, onsuz da mən də getmişdim. Onlar məni qusdurdular.

-Dərman içmişdiniz?

-Hə. Çünki həqiqətən də adama elə sözlər deyirlər ki… Evi mənim qardaşım sağ olanda versəydilər ki, “Yazığımız gəlib sizə, vermişik”, qürurumu sındırıb götürərdim. Amma bugünkü gündə mən də 2 apreldə döyüşmüşəm, qardaşım da iki döyüşdə iştirak edib. Yəni, elə verməkləri adama çox pis təsir edir ki, biz dövlətdən bu vaxtadək heç bir şey götürməmişik, amma dövlətimiz üçün bu qədər şey etmişik. Əlimizdən nə gəlir onu etmişik. Durub indi adama elə minnət edirlər ki…

-İntihara nə vaxt cəhd etmişdiniz?

-Məni çağırıb “Onun ailəsi sayılmırsan” dedilər. Dedilər ki, qanunən ata-anası, həyat yoldaşı, bir də övladı ailəsi sayılır. Dedim, Allah canınızı sağ eləsin. Məni dəfələrlə çağırıblar. İlk dəfə bu təklifi mənə edəndə dedim, biz çöldə qalanda sizə yüzlərlə mesaj yazdıq. Sənin polislərin idi ki, biz yatanda “bura cır-cındır yeridir ki” deyib bizi təpiklə qovurdu. İndi gəlib mənə qanundan danışırsan? Bir ananın iki övladını aparıb soyunu qurudanda, bəs qanun buna yol verirdi? Qanun deyir ki, əgər ailədə iki oğlandırsa, onun birini döyüşə apara bilərsən, birini yox. İndi durub mənə qanundan danışırsan? Bir övladlı ananın nəslini qurutdun. Döyüşə getdi. O, qanun idi? Dedim bəzi şeylərə qanunla, bəzi şeylərə vicdanla qərar verilməlidir. Mən onlara da dedim ki, heç nə istəmirəm. Məni çağırmayın. 5 dəqiqədən bir məni çağırıb yormayın. O üz-bu üzə daşımayın. Gəlib mənimlə baş sağlığı adı ilə görüşüb, aparmayın.

-Sizi baş sağlığı vermək adı ilə başqa hansı idarə çağırmışdı? Hansı ki, gedib başqa mənzərə görmüşdünüz orada.

-Bu barədə məlumat verə bilmərəm. Üzrlü sayın.

-Yəqin bilirsiniz nəyi nəzərdə tuturam?

-Bilirəm. Ona görə deyirəm.

-Sizi ora da baş sağlığı vermək adı ilə aparmışdılar?

-Bəli.

-Hazırda ev məsələsi ilə bağlı ümumi tələbiniz nədən ibarətdir?

-Heç nə istəmirəm. Sadəcə durub orda “Sən onun qardaşısan, ailəsi deyilsən” deməsinlər. Qardaş ailə deməkdir də. Bunlar nəyi nəzərdə tuturlar, bilmirəm. Amma Allah canlarını sağ eləsin! Heç nə istəmirəm. Heç bir şeylərini. Məndən uzaq olsunlar. İmkan versinlər yaşayım. İmkan versinlər heç olmasa rahat ölə bilək. Bu, birbaşa təhqirdir. Adamı da incidən budur. Dünənə kimi qardaşım acından öləndə bizi ümumiyyətlə it yerinə qoymayan adamlar bu gün mənə ailənin nə olduğundan danışırlar. Bu, adama həqiqətən yer eləyir. Siz ailənin nə demək olduğunu bilirsiniz ki? Azərbaycan xalqı deyirlər bir ailədir. Onda de ki, qanunla Azərbaycan xalqı ailə filan deyil. Bu gün deyirlər ki, Azərbaycan xalqı Səbuhinin anası, bacısıdır. De ki, qanunla elə bir şey yoxdur. Bunların hamısı sözlərdir. Mən qardaşımın üstündə gecələr tək qalanda nə 10 milyonluq adam gördüm, nə başqa bir şey.

Mən gedib könüllü də yazılmışam. Hardasa 10 gün bundan qabaq. Mənim qardaşımın 3 mərasimində gedib könüllü yazılmışdım. Heç kimin də bundan xəbəri yoxdur.

-Niyə? Özünüz deyirsiniz ki, qardaşımla döyüşlərdə iştirak etmişik və qiymət vermədilər.

-Vətənimi, xalqımı qorumaq üçün. Orda olanlar üçün, şəhid anaları üçün gedirəm. Nə dövlətim üçün, nə bir başqa şey üçün. Çünki mənim qardaşımın həmişə gülə-gülə dediyi bir söz var idi. O deyirdi ki, bu neçə ildir torpağımı qorumuşam, torpaq üçün döyüşmüşəm, amma bu torpaqdan götürüb bir sot vermədilər bizə. Həmişə də deyib gülürdük. Biz əgər istəyən olsaydıq, o medalları taxıb biz də qazilər kimi nəsə istəyərdik. Mənim qardaşım da, mən də medalları taxmağa utanırdıq.

-Niyə utanırdınız?

-45 qazi etiraz edirdi, özü də qardaşım 45-ni də tanıyırdı. Kimisini polis tutub aparırdı, kimisi özü özünü yandırırdı. Biz bunları sosial şəbəkələrdə görürdük baxıb, dəhşətə gəlirdik. Qardaşımla qorxa-qorxa qalmışdık ki, birdən onu, ya da məni işdən çıxararlar, ac qalarıq. Bizim itirəcəyimiz şeylər var idi. Əvvəlki situasiyada deyildik ki, çıxaq gedək küçədə qalaq. Mənim həyat yoldaşım var idi. Səbuhi də bankdan kredit götürmüşdü. Uşağım var idi. Qardaşım deyirdi ki, ən azından onlara görə… Özünüz yaxşı bilirsiniz ki, nəyə görə çıxmaq olmurdu.

-Hara çıxmağı nəzərdə tutursunuz?

-Qardaşıma deyəndə ki, “komandir, gəl etiraz edək”, o deyirdi ki, “mənlik deyil. Biz özümüz işləyib nə vaxtsa ev alacağıq”. Oldu, olmadı, o da deyirdi ki, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Evə də ehtiyacımız yoxdur. Özümüz işləyib özümüz alacağıq. Kiminsə minnəti lazım deyil.

-İndi qardaşınızla arzuladığınız o ev yenə də sizin ailə üçün xəyal olaraq qalır?

-Qardaşım gedəndən sonra ona “ev” qismət olub. Düzdür balacadır, amma ən rahat yerdir. Mənim də bundan sonra evə ehtiyacım yoxdur. Sadəcə gözləyirəm.

Ardını oxu...
Azər Qasımlı: “Sərhəddəki hərbi toqquşmalara uzun müddət ara veriləcək”

Sentyabrın 13-15-də Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribat və nəticədə baş verən silahlı toqquşma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqların, sülhə doğru əldə olunan xırda razılaşmaların üzərindən xətt çəkmiş oldu. Düzdür, hazırda yenə müəyyən danışıqlar aparılır, amma diplomatik gərkinlik hələ də yaşanmaqdadır.

Artıq tərəflərin ritorikasında da dəyişikliklər müşahidə olunur. Rəsmi Bakının İkinci Qarabağ müharibəsindən sonra təklif etdiyi sülh gündəliyindən İrəvan hər vəchlə yayınmağa çalışır. Vaxt uzatmaq baxımından siyasi oyunlar oynayan Nikol Paşinyan hökuməti müxtəlif bəyanatlarla prosesi pozmaqdadır.

Yaşanan diplomatik gərginliyi, Bakının və İrəvanın mövqeyi ilə bağlı məsələləri AYNA-ya müsahibəsində şərh edən Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı xatırladıb ki, müharibədən sonra xırda atəşkəs pozuntularını nəzərə almasaq, xeyli müddət sakitlik hökm sürürdü:

- Rusiyanın hərbi kontingenti Qarabağda yerləşdirilib və hər iki tərəf də bunu qəbullanmışdı. Qərbin də bölgədə aktivliyini görmürdük. Xatırladım ki, bu il ABŞ-ın Minsk Qrupunun bərpası ilə bağlı çıxışları oldu. Ondan bir il əvvəl, məsələn, 2021-ci ilin Novruz bayramında Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunun mətninə diqqətlə baxsaq, görərik ki, orada Minsk Qrupunun adı çəkilmir. Halbuki müharibədən əvvəl ABŞ-dan gələn məktublarda həmsədrlik institutunun problemin həllində iştirakı məsələsi var idi və s. 2021-ci ildə isə bunu görmürdük, ta ki, bu ilin yayınadək. Bunun səbəbi o idi ki, hər kəs situasiyanın bu şəkildə qalmasından yana idi. Müharibədən sonra yaranan status-kvo qəbul edilirdi. Eyni zamanda, Qərb Ukrayna ətrafındakı prosesləri izləyirdi. Böyük ehtimalla, Qərbin strategiyası o idi ki, Ukrayna məsələsi həll ediləndən sonra postsovet məkanının digər bölgələrinə diqqət ayırsınlar. Bir növ, Ukrayna postmünaqişəsini gözləyirdilər.

Belə alındı ki, sentyabrda Ermənistan-Azərbaycan sərhədində toqquşmalar baş verdi və bu, Qərbi münasibət bildirməyə vadar etdi. Bundan əvvəl də Qarabağda müəyyən insidentlər baş verdi - Fərrux dağı ətrafındakı hadisələr oldu. Fərrux dağı hadisəsindən sonra Qərbin Azərbaycana təzyiqi başlamış oldu. Çünki güclü tərəf Azərbaycandır, Qərb düşünür ki, Bakıya təzyiq daha məqsədəuyğundur. Rusiya Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Moskva susqunluq göstərdi. Qərb də təbii ki, başa düşür ki, müəyyən oyun gedir. Bu səbəbdən də ABŞ Minsk Qrupunun bərpasını yenidən gündəmə atdı.

- Minsk Qrupunun bərpasında İrəvan maraqlıdır. Görünür, ABŞ bu məsələdə Ermənistana dəstək verir...

- Sentyabr döyüşlərindən sonra ABŞ Ermənistana açıq dəstək nümayiş etdirdi. Amma bu, hələlik sözdə olan dəstəkdir. Nensi Pelosinin Ermənistana səfəri də İrəvana dəstəkdir. Düzdür, bir çoxları bunu Konqresə keçirilən seçkilərdə erməni lobbisindən dəstək almaq üçün atılan addım kimi qiymətləndirdi. Amma bu, savadsız və məntiqsiz dəyərləndirmədir. Nəzərə almaq lazımdır ki, Pelosi 30 ildən çoxdur ki, Konqresdədir. İndiyə qədər erməni dəstəyi lazım deyildi, indi lazım oldu? Belə məsələdə manipulyasiya etmək lazım deyil. ABŞ Ermənistana dəstəklə yanaşı, təbii ki, diplomatik kanallar vasitəsilə də rəsmi Bakıya təzyiq etdi. Məsələn, Blinkenin İlham Əliyevə telefon zəngi. Böyük ehtimalla, bizim bilmədiyimiz, mediaya açıq olmayan kontaktlar olub, mesajlar verilib. Hazırda vəziyyət budur və indiki durum həm Paşinyanın, həm də Əliyevin ritorikasında dəyişikliyin olmasına gətirib çıxarıb.

Bir önəmli məsələ də var. Madam ki, Paşinyan BMT-dəki çıxışında Əliyevə "Ermənistanın hansı xəritəsini doğru hesab edirsiniz, təqdim edin" deyir, buna cavab verilməlidir.

- Söhbət hansı cavabdan gedir?

- Düşünürəm ki, Paşinyan bu çıxışı ilə müəyyən mənada sülhə çağırış etdi. Bunu sülhə çağırış kimi qəbul etmək mümkündür. İkincisi, bunu Ermənistan tərəfindən "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyə bilərik" mesajı kimi qəbul etmək mümkündür. Paşinyan bir növ topu Azərbaycan tərəfinə atdı və bütün dünyaya bəyan etmiş oldu ki, İrəvan sülhdən yanadır. İndi top bizim meydançadadır. Hesab edirəm ki, Azərbaycanın, Əliyevin cavabı belə olmalıdır: "Siz Azərbaycanın sərhədlərini, ərazisini necə görürsünüz, həmin xəritəni göstərin". Çünki son yüz ildə Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul olunan iki xəritəsi olub: biri 1919-cu ildə Paris konfransında qəbul olunmuş xəritədir - hansı ki, o xəritədə Zəngəzur bizim ərazidir. İkinci xəritə isə 1991-ci ildə, müstəqilliyimizi bərpa edəndə BMT-yə göndərdiyimiz xəritədir - hansı ki, buna əsasən BMT Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Düzdür, bu xəritədə Zəngəzur bizim ərazi deyil, amma Qarabağ Azərbaycanın ərazisi kimi qəbul olunub. Orada heç bir dəhlizdən söhbət getmir - nə Zəngəzur dəhlizindən, nə Laçın dəhlizindən. İndi rəsmi Bakı bu sualı İrəvana ünvanlamalıdır: "Siz Azərbaycanın ərazisini hansı xəritəyə əsasən qəbul edirsiniz?". Bu sualın Paşinyana verilməməsi Bakının sülh istəmədiyi kimi yozula bilər.

- Azərbaycan Prezidenti Laçında çıxış edərkən xəritələrin olduğunu dedi və bildirdi ki, Bakının İrəvana təkliflərinə cavab verilmir. Bundan sonra Paşinyanın BMT-də xəsritə ilə bağlı sual verməsi erməni Baş nazirin növbəti oyunu deyil?

- Oyundur, ya deyil - göndərilən suala sualla cavab verilməsi məqsədəuyğundur. Paşinyan BMT-də iki məsələyə toxundu. Dünya ictimaiyyətinə dedi ki, "biz demokratik ölkəyik, Azərbaycan bizim demokratiyamızı həzm etmir və s". İkinci mesajı o idi ki, "Azərbaycan bizim ərazilərimizə soxulub, mülki obyektləri vurub və s". Yəni ki, Azərbaycanı aqressor kimi təqdim etdi. Təbii ki, buna Bakıdan cavab verilməlidir. Yenə deyirəm, xəritə ilə bağlı sual verirsə, biz də o iki xəritəni qoymalıyıq ortaya və deməliyik: "buyurun, hansı xəritə əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız". Baxaq görək, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı.

Hər iki xəritədə Qarabağ Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisidir, problem də Qarabağla bağlı idi. Zəngəzur məsələsi sonradan gündəmə gəlib. Azərbaycan Ermənistana bu sualı verəcəksə, özünü sülhdən yana kimi göstərəcək və top yenidən Paşinyanda olacaq. Paşinyan da çıxıb deməlidir ki, "Azərbaycanın ərazisini filan xəritəyə əsasən qəbul edirik". Bəli, bunun yanında deyə bilər ki, Qarabağda ermənilər yaşayır, onların təhlükəsizliyi məsələsi və sair - bu, başqa məsələdir. Hansı xəritəni qəbul etsə, İrəvan Qarabağı Azərbaycanın ərazisi kimi tanımış olacaq. Qarabağdakı ermənilərin təhlükəsizliyi, onların sülh içərisində yaşaması, Azərbaycan vətəndaşlığı və s. bunları sonradan danışmaq olar. Yox, əgər Paşinyan desə ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Qarabağ Azərbaycan ərazisi deyil, bu zaman Azərbaycan tərəfi açıq şəkildə dünyaya bəyan edə bilər ki, Paşinyanın BMT-dəki bəyanatları yalandır, səmimi deyil, manipulyasiyadır.

O zaman deyə bilərik ki, Ermənistan Qarabağa dəhliz istəyirsə, biz də Naxçıvana dəhliz istəyirik, Qarabağdakı ermənilərin hüquqlarını istəyirsə, biz də Zəngəzurdan vaxtilə deportasiya olunan azərbaycanlıların ata-baba yurdlarına qayıdışını, orada təhlükəsizliklərinin təminini istəyirik. Necə olur, Qarabağdakı ermənilər insandır, onların hüquqları var, Zəngəzurdan qovulmuş azərbaycanlılar insan deyil, hüquqları yoxdur? Bu şəkildə danışmaq lazımdır. Amma açığını deyim ki, bu formada danışıqları görmürəm. Amma Paşinyanın BMT-də Bakıya mesaj verməsini müsbət qiymətləndirirəm və hesab edirəm ki, o, dolayı yolla sülhə yaxınlaşmaq istədiyini bildirdi.

- Amma müharibədən sonra rəsmi Bakı İrəvana 5 maddədən ibarət sülh təklifi göndərib. Brüsseldə də liderlər arasında görüşlər keçirilib, müəyyən razılaşmalar əldə edilib. Eyni zamanda, ortada müharibəni bitirən Üçtərəfli Birgə Bəyanat var. Hansı ki, 9 bəndlik bu Bəyanatın müddəalarının çoxu Ermənistan tərəfindən icra edilməyib. Demək olmazmı ki, İrəvandan gələn sualların cavabı öncədən verilib?

- Bilirsiniz, əvvəl təklif verildi, İrəvan da öz istəklərini qeyd etdi. Amma sonradan Brüssel görüşlərində nələr müzakirə olundu, nələr razılaşdırıldı, açığı, bunlardan ictimaiyyət tam məlumatlı deyil. Qapalı qapılar arxasında nələrin danışıldığı, Putinin tərəflərlə nələri müzakirə etdiyini biz bilmirik. Mən açıq olanı deyirəm ki, Paşinyan sual verib, buna cavab verilməlidir.

Digər tərəfdən, Rusiyanın proseslərə susqunluğu müşahidə edilir ki, bunu Qərb görür. Məsələn, Fərrux dağının nəzarətə götürülməsində Moskva susqunluq nümayiş etdirdi. Halbuki həmin ərazi Rusiya sülhməramlılarının nəzarətinə daxil idi. Boş bəhanədir ki, Rusiyanın Ukraynada başı qarışıb. Rusiyanın nə qədər başı qarışsa da, Rusiya Rusiyadır. Onun Azərbaycana da, Ermənistana da təzyiq alətləri nə qədər istəsən, var. Qərb bunu görür və qiymətləndirməsini aparır. Rusiya isə onu görür ki, Ermənistanda onlara qarşı nifrət çoxalır, etirazlar var. Bu baxımdan, Qərb də, Rusiya da təzyiqlərini göstərir.

- Biz görürük ki, Ermənistanda revanşist çağırışlar var. Azərbaycan Prezidenti isə son bəyanatlarında təhlükənin, təxribatın qarşısının dərhal və sərt şəkildə alınacağını bildirdi. Eyni zamanda, Ermənistanın müəyyən hərbi hərəkətliliyi barədə də məlumatlar mövcuddur. Bütün bu proseslər, tərəflərin ritorikası yenidən genişmiqyaslı toqquşmanın baş verməsi ilə nəticələnə bilərmi?

- Toqquşmaların olması ehtimalı yarı-yarıyadır. Azərbaycanda analitika ilə məşğul olanların bir qismi hesab edir ki, bu xətt davam etdiriləcək. Söhbət hərbi toqquşmalar xəttindən gedir. Çünki bunun arxasında dayanan Rusiyadır. Məqsəd də odur ki, kommunikasiyalar açılsın, Rusiya hərbçiləri də həmin yollarda yerləşdirilsin. Bu gün Rusiyanın kommunikasiyaların açılmasına ciddi ehtiyacı var. Yeri gəlmişkən, İlham Əliyev Laçındakı çıxışı zamanı Üçtərəfli Birgə Bəyanata istinad etdi. Bu, çox önəmlidir. Həmin sənədə istinad edilməsəydi, yenə düşünmək olardı ki, tarixi ərazimiz olan Zəngəzurun qaytarılması prosesi gedir. Onu qeyd edim ki, Zəngəzurun qaytarılması mümkünsüz görünür. Buna nə Rusiya, nə də İran imkan verər. Eyni zamanda, bu, beynəlxalq aləmdə bizim əleyhimizə işləyən, böyük fəsadlar yaradan bir hal olardı. Qarabağ məsələsində də biz uduza bilərik. Ona görə də Zəngəzurun qaytarılması ağlabatan deyil. Azərbaycan Prezidentinin də 10 noyabr sənədinə istinad etməsi o deməkdir ki, söhbət Zəngəzurun qaytarılmasından getmir. Bəyanatda nə qeyd edilmişdisə, onun həyata keçirilməsi istinilir. Orada isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol olacaq, orada da rus hərbçilər nəzarəti ələ götürəcəklər. Əslində, edilmək istənilən budur. Rusiyanın susqunluğu əslində bununla bağlıdır, çünki özünün planıdır.

- Ermənistan isə israrla dəhlizi vermək istəmir...

- Bəli. Paşinyan bilir ki, bununla Ermənistan sanki ikiyə bölünəcək, ortadan yol keçəcək və ona da gəlib ruslar nəzarət edəcəklər. Paşinyan da olacaq Rusiyanın Ermənistandakı növbəti oyuncağı. Necə ki, Paşinyandan əvvəl hakimiyyətdə olanların hamısı Moskvanın oyuncağı olub. İkinci Qarabağ müharibəsi həm də ona görə baş verdi ki, Paşinyan başqa siyasi oyun oynamağa başladı, özünü Rusiyanın oyuncağı etmək istəmədi. Kimsə onu savadsız, küçə adamı kimi görə bilər, hiyləgər kimi qəbul edə bilər, amma fakt faktlığında qalır. Rusiyanın nə Köçəryanla, nə Sarkisyanla belə problemləri var idi, Moskvadan nə deyilirdisə, onu yerinə yetirirdilər. Amma Paşinyan yayınır, hər deyiləni yerinə yetirmir.

Dediyim odur ki, bir qism analitik hesab edir ki, kommunikasiyalar açılanadək toqquşma xətti davam edəcək. İkinci kəsim isə hesab edir ki, - bu kəsimə mən də daxiləm - böyük ehtimalla, hərbi toqquşmalara xeyli ara veriləcək. Düşünürəm ki, rəsmi Bakı da anlayır ki, bunun ciddi fəsadları olacaq. Sərhəddəki toqquşmadan sonra Pelosinin İrəvana gəlişi, Makronun bəyanatı, Blinkenin zəngi, mövqeyi siqnallardır. Belə vəziyyətdə Azərbaycan rəhbərliyi çox da riskə getmək istəməz. Amma müəyyən dövr keçəndən sonra hərbi toqquşmalar baş verə bilər.

- İrəvan sülh istəyirsə, yenidən təxribata niyə gedir?

- Kim deyir ki, Ermənistan ordusu tam olaraq Paşinyanın, onun hakimiyyətinin nəzarətindədir?! Əlbəttə ki, burada Rusiyanın təsiri, Rusiyaya bağlı zabitlər var. Bəlkə sentyabr təxribatını Rusiyanın oradakı adamları törətdilər, biz bunu dəqiq bilmirik. Digər tərəfdən, Ukraynadakı müharibədən də çox məsələ asılıdır. Rusiyanın vəziyyətinin necə olacağı qətiləşməyib. Hesab edirəm ki, yaxın müddətdə olmasa da, müəyyən müddətdən sonra hərbi toqquşmalar baş verəcək.

- Bu, sülhün əldə edilməyəcəyi proqnozudur?

- Rusiya faktoru sülhün əldə olunmasına imkan vermir. Sülhə yaxın müddətdə nail olunması çətindir. 44 günlük müharibənin nəticələri var idi, o baxımdan ki, biz torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Mənfi nəticə isə o oldu ki, Rusiya hərbi kontingenti Qarabağda yerləşdi. Hesab edirəm ki, Rusiya hərbi kontingenti Qarabağdan çıxmayacaq. Ya da elə bir fundamental dəyişiklik olmalıdır ki, hərbçilər oradan çıxsınlar. Ukraynada gedən müharibə həmin fundamental dəyişikliyi yarada bilər. Bütün hallarda isə Qarabağda rus hərbçilərinin olması mənfi nəticədir. Neçə ki, onlar oradadır, sülhün əldə olunması mümkünsüz görünür.

Belə baxanda, bu gün Ermənistanın bizə verəcəyi heç nə yoxdur. Sabah İrəvan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə, Paşinyan çıxıb bəyan etsə ki, "Qarabağ Azərbaycandır", bu, Qarabağın məsələsinin həlli demək olmayacaq. Çünki Rusiya faktiki olaraq hərbi baxımdan Qarabağdadır. Rusiya çıxıb deyəcək ki, burada Qarabağ erməniləri var, onların hüququ var, müqəddəratı təyin etmə məsələsi var və s. Hətta Lavrov bir dəfə demişdi ki, delimitasiya və demarkasiya məsələsi Azərbaycanla Ermənistanın məsələsidir, bunun Qarabağa bağlılığı yoxdur.

- Yəni biz həm də məsələmizi Rusiya ilə həll etməliyik...

- Əlbəttə! Sabah Paşinyan desə ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq, bu halda da Xankəndi bizim nəzarətimizə verilməyəcək. Rusiya bunu istəmir. Paşinyan Ermənistanda satqın kimi damğalanacaq, xəyanətkar kimi onun hakimiyyətdən qovulması düyməsi basılacaq. Burada həmçinin oyun bir az da bunun üzərindədir. Biz Qarabağ məsələsini bundan sonra Rusiya ilə danışmalıyıq, çünki Ermənistanla danışmağın mənası yoxdur. İki il ərzində Paşinyan bir dəfə Xankəndiyə gedib? Təbii ki, yox. İmkanı olsa, gedərdi. Amma getmir, ona görə ki, birincisi, Qarabağ erməniləri onu görmək istəmir, ikincisi, Rusiya ona imkan vermir.

Düşünürəm ki, sülhün əldə edilməsi üçün Rusiyanın əlinə oynamaq yox, sülh axtarışları edilməli idi və edilməlidir. Addım-addım sülhə doğru getmək lazımdır. Eyni zamanda, Rusiya ilə konkret danışılmalıdır ki, nəzarətimizdə olan ərazilərdə suverenliyin bərpası hansısa yolla həll edilməlidir. Biz elə etməməliyik ki, münaqişə Fələstin-İsrail davası kimi uzansın, yüz illərə qədər davam etsin. Yaxın Şərqdəki münaqişələr o qədər uzanıb ki, artıq dövlətlər arasında sülh üçün hansısa ortaq məxrəcə gəlmək də mümkün olmur. Biz məsələni o nöqtəyə gətirib çıxarmamalıyıq. Paşinyan ermənidir, amma Köçəryandan, Sarkisyandan yaxşıdır da. Bu, bir şansdır ki, Paşinyan hakimiyyəti ilə problemi ölü nöqtədən çıxara bilək. İmkan verməyək ki, bu, Fələstin-İsrail, İran-İsrail probleminə oxşasın.

Məsələ uzansa, ortaq məxrəcə gəlmək çətin olacaq. Yenə nifrət, yenə kin, şiddət, atəşkəs pozulması, demarkasiya əvəzinə bombaların atılması - bu, bizə lazımdır? Məncə, lazım deyil. Bizə lazımdır ki, əvvəlki anlayışlar kənara qoyulsun, keçmişdə olan anlayışla davranmayaq. Məsələn, dəhliz anlayışı keçmişin anlayışıdır - Minsk Qrupunun, Rusiyanın bizə sırıdığı anlayışdır. Düşünürəm ki, nə Laçın, nə də Zəngəzur dəhlizi olmalıdır. Münasibətlər elə qurulmalıdır ki, Cənubi Qafqazda sərhədlər şəffaf olsun. Ermənilər Azərbaycan ərazisindən gəlib Gürcüstana, Rusiyaya, İrana və s. gedə bilsinlər, azərbaycanlılar da qarşı tərəfdən Türkiyəyə, Gürcüstana və s. gedə bilsinlər.

Vaxtilə avropalılar bir-birini qırıblar, Fransa ilə İngiltərə arasında yüz il müharibə olub, amma bu gün mənzərə fərqlidir. Avropalılar bu prosesi keçib, bir-birinə nifrətdən, davadan, kindən vaz keçiblər. Və indiki Avropanı qura biliblər. Biz Cənubi Qafqazda "Avropa dünyası" qurmalıyıq. Amma nifrət, kin, düşmənçilik davam etsək, Cənubi Qafqaz Avropa kimi olmayacaq, Yaxın Şərq kimi olacaq. Cənubi Qafqazın Yaxın Şərq olmasına imkan vermək olmaz.

Müəllif: Anar Bayramoğlu
 
 
 

Dünyapress TV

Xəbər lenti