Ardını oxu...
ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Sizcə, ABŞ və Avropa Birliyinin bölgədə fəallığını artırdığı vaxtda bu görüşdən hansı nəticələr çıxacaq? Yəni Rusiya Qərbin önünə keçmək üçün prosesi önə apara biləcək addım ata bilərmi?

- Əslində Azərbaycanın təşəbbüsü ilə hər iki istiqamətdə danışıqların aparılması cəhdi doğrudur. Azərbaycan həm Avropa Birliyinin, həm də Rusiyanın moderatorluğu ilə danışıqların aparılmasına nail olmaqla onlar arasında bir rəqabət yaradır. İndi isə Rusiya məcbur qala bilər ki, Avropa Birliyinin önə çıxmasının qarşısını almaq üçün hansısa anlaşmanın əldə edilməsini irəli çəksin. Çünki Soçidə ciddi anlaşma olmasa, görüşün yenidən Brüssel və ya Avropanın hansısa paytaxt şəhərlərindən birində keçirilməsi qaçılmaz olacaq. Artıq bununla bağlı ümumi razılaşma var.

Məncə, iki xətt üzrə danışıqların aparılması bir-birinin önünə keçməyə cəhd edən Rusiya və Avropa Birliyi arasında müəyyən rəqabətin yaranmasına səbəb olur ki, bu da bizim maraqlarımıza uyğundur. Çünki bizim məqsədimiz danışıqların təklif etdiyimiz 5 prinsip üzrə irəliləməsi və müəyyən sənədlərin imzalanmasıdır. Bunun hansı şəhərdə olacağı məsələnin ikinci tərəfidir. Amma mən düşünürəm ki, Soçi görüşündə ən azı çərçivə sənədi imzalanmasa, növbəti Brüssel görüşündə belə bir sənədin imzalanması mümkün ola bilər. Bunu Moskva da bilir. Bu baxımdan, ola bilər ki, Rusiya Avropa Birliyinin önə çıxmasının qarşısını almaq və bölgədə əsas gücün Kreml olduğunu göstərmək üçün Soçidə hansısa bir çərçivə sazişi imzalansın. Amma bu, böyük sülh müqaviləsi olması anlamına gəlmir.

- Ermənistan mediasında müzakirə olunan əsas mövzulardan biri ilin sonunadək sülh müqaviləsinin imzalanacağı ilə bağlıdır. Bununla bağlı son olaraq Ermənistan parlamentinin spikeri Alen Simonyan danışdı. Sizin bu haqda fikriniz necədir?

- Söhbət təkcə Azərbaycan və Ermənistanın oturub, anlaşıb sənədləri imzalaması ilə bitsəydi, bəlkə də bu prosesi daha tez yekunlaşdırmaq olardı. Bölgədə maraqları olan müəyyən güclər var ki, böyük sülh müqaviləsinin imzalanması birbaşa həyati maraqlarına toxunan məsələdir.

Böyük sülh müqaviləsi nə deməkdir? Yəni hər iki ölkə bütün problemləri həll edir, tərəflər arasında kommunikasiyalar açılır, nəhayət sülh şəraitində yaşamağa başlanılır. Bu zaman bölgə ölkələri, xüsusən də İran və Rusiya hər iki dövlətə təsir mexanizmlərini itirmiş, yaxud minimuma enmiş olur. Bu da onu deməyə əsas verir ki, bölgədə dayanıqlı sülhün olması Tehran və Moskvanın maraqlarına uyğun deyil. Amma mənə elə gəlir ki, hər bir halda ilin sonuna qədər iki sənəd imzalana bilər.

Biri Moskva və ya Soçidə ola bilər. Rusiyada kommunikasiyalarla bağlı hansısa sənədin imzalanması mümkündür. Çünki Rusiyanın kommunikasiyaların açılmasında marağı var, amma böyük sülh müqaviləsinin imzalanmasını istəmir.

İkinci sənəd Brüsseldə imzalana bilər. Bunun da sərhədlərin delimitasiyası ilə bağlı ola biləcəyini düşünürəm. Amma bu, demarkasiya anlamına gəlmir. Çünki demarkasiya daha ağır prosesdir, daha uzun zaman alır. Amma delimitasiya ilə bağlı hansısa sənədin imzalanması mümkündür.

Bir sözlə, ilin sonuna qədər böyük sülh müqaviləsi olmasa da, iki vacib məsələ ilə bağlı razılığa gəlməyin mümkün olduğu qənaətindəyəm. Bu da Azərbaycanın maraqlarına uyğundur. Sərhədlərin delimitasiyası qarşılıqlı şəkildə ölkələrin ərazi bütövlüyünün tanınması anlamına gəlir. Kommunikasiyaların açılması da Azərbaycanın çoxdan həllini istədiyi məsələdir.

- Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda səfərdə olarkən Tiflisin vasitəçiliyi məsələsi gündəmə gəldi. Maraqlıdır, Gürcüstan bu prosesdə nə edə bilər?

- Əslində Gürcüstan Azərbaycan və Ermənistanın müxtəlif formatlarda danışıqlar platformasına çevrilmişdi. Zaman-zaman iki ölkə arasında müxtəlif səviyyələrdə keçirilən tədbirlərə ev sahibliyi edirdi. Belə tədbirlərdən birində iştirak etmiş şəxs kimi deyə bilərəm ki, Tiflis bunun üçün çoxdan çalışırdı. Təbii ki, burada Tiflisin də maraqları var. Bu durumda Tiflis Cənubi Qafqazın “sülh paytaxtı”na çevrilir. Bu da Tiflisə böyük layihələrin həyata keçirilməsi imkanları yaradır.

İndi də Gürcüstanın paytaxtının jurnalistlərin, vətəndaş cəmiyyəti, dövlət və hökumət nümayəndələrinin daimi görüş yerinə çevrilməsi fürsəti və imkanı var. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Bir çox məsələlər var ki, bunların ciddi formada müzakirə edilməsinə və yekunda ümumi razılığa gəlinməsinə ehtiyac var. Söhbət qarşılıqlı güvənin təmin edilməsindən getmir, bu, uzun prosesdir.

Adi hüquqi məsələlər də var. Məsələn, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası. Azərbaycan Prezidenti də dəfələrlə bu məsələni gündəmə gətirib. Doğru olan da budur ki, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası həyata keçirilməlidir. Bunun yolları ilə bağlı erməni icmasıyla müəyyən müzakirələrin aparılması və qarşılıqlı güvənin təmin edilməsində Gürcüstan müəyyən rol oyna bilər.

- Bəs ABŞ-ın səylərindən gözləntiniz necədir? Liderlərin gözlənilən Soçi görüşünə münasibət bildirən Dövlət Departamenti Azərbaycan və Ermənistanın ən böyük dəstəkçisinin Rusiya yox, ABŞ olduğunu bildirdi. ABŞ-a inanmalıyıqmı?

- Açığını desək, Rusiyadan fərqli olaraq, ABŞ üçün Azərbaycan və Ermənistanın hansı şərtlərlə razılaşacağı o qədər də maraqlı deyil. Bu mənada ABŞ-ın marağı var ki, bölgədə dayanıqlı sülh yaransın. Rusiyadan fərqli olaraq, ABŞ-ın istədiyi budur ki, məsələ birdəfəlik həllini tapsın. ABŞ-a görə, hansı formada olacağını Azərbaycan və Ermənistan müəyyən etməlidir.

Rusiyanın marağı bir az fərqlidir. Rusiya məsələnin birdəfəlik həllinin bu ölkələrə təsir mexanizmlərini zəiflədəcək deyə, fərqli mövqedən çıxış edir. Buna görə ABŞ-ın da iştirakı vacibdir. Mənə elə gəlir ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-da Ermənistan rəsmiləri ilə görüşü də bunu sübut edir.

Amerika mediasını oxuyanda görürük ki, Vaşinqton ilin sonunadək iki ölkə arasında böyük sülh müqaviləsinin imzalanmasını istəyir. ABŞ düşünür ki, dayanıqlı sülh müqaviləsi imzalanarsa, Ermənistanın tədricən Rusiyanın təsir dairəsindən çıxmaq fürsətləri də artacaq. Yəni Rusiyanın iki ölkə arasındakı gərginliyə təsirləri azaldıqca, regiona təsiri də zəifləyəcək. Amerikanın strateji hədəfi də bundan ibarətdir.

Cənubi Qafqazda Gürcüstan birmənalı şəkildə qərbyönlü siyasət yürüdür. Azərbaycanın siyasəti balanslaşdırılmış olsa da, daha çox iqtisadi olaraq Qərbə bağlıdır. Rusiyanın hərbi, siyasi və iqtisadi təsirlərinin ən güclü olduğu region ölkəsi Ermənistandır. Rusiyanın Cənubi Qafqaza təsirlərinin azaldılmasının yolu da onun Ermənistandakı mövqelərini zəiflətməkdən keçir.
 
Ardını oxu...
AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın, Rusiyanın, Fransanın apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə yol açıb. Dövlət televiziyasının rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda bu ölkələrin apardığı siyasət tənqid edilib. İranla yanaşı Rusiyanın da son dövrlər apardığı siyasi kurs və Rusiyanın dövlət kanallarının Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağı “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi sərt qınanılıb.

SİTAT: “Medianın dövlət siyasətinin təbliğatçısı missiyasını yetirə yetirdiyini nəzərə alsaq, Rusiyanın “Birinci kanal”ının ölkəmizə qarşı açıq təxribat və təhqir xarakterli tok-şounu hazırlaması adi proqram kimi yox, məhz rəsmi dairələrin fikirləri və tapşırıqları qənaətini doğurur. Əgər elədirsə, onda biz də başlayaq. Rusiyanın Ukrayna ərazisində aparığı müharibə məhz zorakılıqdır, işğalçılıq müharibəsidir, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir. Odur ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın ərazisinə qatılması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, işğal faktıdır... Görünür, Rusiya və dırnaqarası həmkarlarımız bizdən məhz bu sözləri eşitmək istəyirdi. O zaman buyurun! Bu gün Rusiyanın Ukrayna ərazisində dinc insanların yaşadığı əraziləri bombalaması müharibə qanunlarının pozulması, insanlığa qarşı törədilən cinayətdir, bəşəri cinayət”.

DİA.AZ bildirir ki, Milli Məclisin üzvü Vahid Əhmədov mövzu ilə bağlı AYNA-ya müsahibəsində Rusiyanın Azərbaycana təzyiqləri və digər məsələlər ətrafında danışıb.

- Müstəqil Azərbaycan tarixində, bəlkə də, ilk dəfə olaraq dövlət televiziyasının efirindən Rusiya sərt formada tənqid olundu. Sizcə, Rusiyanın Azərbaycana qarşı təzyiq siyasətinin kökündə hansı səbəblər dayanır?

- 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra bəzi dövlətlər bunu həzm edə bilmədi. Onlar bu qələbədən sonra mütəmadi olaraq Azərbaycana qarşı müxtəlif təzyiq üsullarından istifadə edirlər. Bu sırada Rusiyanın, İranın və Fransanın adını xüsusi qeyd edə bilərik. Rusiya televiziyalarında ölkəmizin əleyhinə aparılan təbliğat, “Dağlıq Qarabağ Respublikası” kimi mənfur terminlərdən istifadə edilməsi bunun bariz nümunəsidir. Hansı ki, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsi mövcuddur və onlar imzaladıqları bəyannaəmənin tələblərini açıq şəkildə pozurlar. Bunu yerinə yetirməkdən imtina edirlər və dövlət televiziyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılacaq fikirlərə yer ayırırlar. Şübhəsiz ki, bu, müstəqil jurnalist mövqeyi kimi qəbul edilə bilməz və bunun arxasında Kremlin “barmağı” var.

Görülər ki, Azərbaycanın regional əhəmiyyəti artır və bununla barışmaq istəmirlər. Rusiya ona çalışır ki, Qarabağ münaqişəsində dominant mövqeyini qoruyub saxlasın. Uzun müddət bu münaqişəni uzatmağa və siyasi təsir aləti kimi istifadə etməyə cəhd göstərirlər. Lakin artıq nə Rusiya əvvəlki Rusiyadır, nə də Azərbaycan əvvəlki Azərbaycan. Bu münaqişə artıq Rusiyanın təsir dairəsindən çıxmaq üzrədir. Regionda yeni reallıqlar yaranır və yaxşı olar ki, Kremldə oturanlar bununla hesablaşsınlar. Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik münasibətinə malikdir və Şuşa Bəyannaməsi ilə bunu rəsmiləşdirib. Azərbaycanın təhlükəsizliyinə Türkiyə, Türkiyənin təhlükəsizliyinə isə Azərbaycan tərəfindən təminat verilib.

Müharibə dövründə Moskvanın nümayiş etdiridiyi neytral mövqe ümid yaradırdı ki, onlar bu reallıqla barışıblar. Rusiyanın dövlət televiziyalarında Azərbaycanın əleyhinə aparılan təbliğat siyasəti ilə onlar bu ümidi puç etdilər. Bu, bir daha göstərir ki, onlar regionu öz nəzarətindən kənarda görmək istəmirlər.

O ki qaldı Azərbaycan Dövlət Televiziyasında Rusiya ilə bağlı sujetin nümayiş etdirilməsinə, bu, kifayət qədər obyektiv bir təhlil idi. Rusiyanın dövlət televiziyasında Azərbaycana qarşı qarayaxma kampaniyası aparıla bilər, Azərbaycanın dövlət televiziyasında Rusiya tənqid oluna bilməz? Bu hansı məntiqə, əxlaqa və ölçüyə uyğun gəlir?!

- Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı ehtimallarınız nədən ibarətdir? Azərbaycana qarşı Şimaldan hər hansı təhlükə gözlənilirmi?

- Artıq rəsmi Bakı Moskvaya bununla bağlı öz etiraz notasını təqdim edib. Yəqin ki, dövlət səviyyəsində müəyyən görüşlər və məsləhətləşmələr aparılacaq. Əgər Rusiyanın Azərbaycanla dost qalmaq niyyəti varsa və imzaladığı bəyannaməyə sadiqlik nümayiş etdirirsə, bu halda öz çirkin siyasətindən əl çəkməlidir. Rusiya bu gün dünyada təklənib və çox çətin bir dövrünü yaşayır. Belə bir həssas şəraitdə Azərbaycan kimi müttəfiqini itirmək ona sərf etmir. Bunda uduzan da yalnız onun özü olacaq.

Yox, əgər düşünürlərsə ki, Azərbaycanı da Belarus kimi öz nəzarətinə ala biləcəklər, yanılırlar. Bu, mümkün deyil. Çünki cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan müstəqil siyasət yürüdür və bu siyasətindən imtina etməyəcək. Diplomatik müstəvidə Türkiyə ilə müttəfiqlik şəraitində fəaliyyət göstəririk və bu bundan sonra da belə olacaq. Nəhayət, bununla Rusiya da, digər dövlətlər də barışmalıdır. Rusiya bu siyasətindən geri çəkilməlidir, əks halda bir daha söyləyirəm ki, ilk növbədə zərbə onun özünə dəyəcək.

- Prezident İlham Əliyevin Gürcüstana səfəri və səfər çərçivəsində qarşılıqlı əməkdaşlığa dair birgə bəyanatların səsləndirilməsi Azərbaycanın Qərbə doğru inteqrasiya kursu götürdüyünü söyləməyə əsas verirmi?

- Gürcüstan Azərbaycanın strateji müttəfiqidir və ölkəmiz hasil etdiyi neft-qazını Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya ixrac edir. Ölkələrimiz arasında çox ciddi iqtisadi və siyasi əlaqələr mövcuddur. Bu gün Gürcüstanda xeyli sayda soydaşımız yaşayır. Onların problemləri dövlətlərarası komissiya tərəfindən həllini tapır. Gürcüstan tərəfi soydaşlarımızın seçkilərdə fəal iştirakına, eləcə də onların seçkili orqanlarda aktiv şəkildə təmin olunmasına şərait yaradır.

Bu gün Gürcüstan ilə Rusiya arasında ciddi problemlər var. Rusiya Gürcüstanın iki bölgəsini – Abxaziya və Osetiyanı işğal altında saxlayır. Orada da müəyyən problemlər var. Rusiya tərəfindən həmin ərazilərlə bağlı da Ukraynada olduğu kimi, hərbi müdaxiləyə yol verəcəyinə dair məlumatlar yayılır. Bir daha söyləmək istəyirəm ki, Azərbaycan müstəqil və balanslaşdırılmış siyasət yürüdür və Rusiyanın kiminləsə probleminin olması o demək deyil ki, biz də həmin dövlətlərlə düşmən olmalıyıq. Azərbaycanın gələcəyi Türkiyə ilə birlikdədir və milli maraqlara söykənən birgə xarici siyasət bundan sonra da davam edəcək. Biz birmənalı şəkildə nə Qərbin, nə Rusiyanın, nə də hər hansı geopolitik oyunçunun yanına yer alacağıq.

- İranın da Azərbaycana qarşı təzyiqləri səngimək bilmir. Sizcə, Rusiya və İran Azərbaycana qarşı birlikdə hərəkət edirmi? Bu təzyiqlər arasında bir bağlılılıq varmı?

- Məlumdur ki, Rusiya və İran müttəfiq dövlətlərdir. Tamamilə mümkündür ki, onlar planlaşdırılmış şəkildə Azərbaycana qarşı təzyiqlərdən istifadə etsinlər. Düzdür, onlar müəyyən məsələlərdə fikir ayrılıqlarına malik olsalar da, Ukrayna məsələsində birlik nümayiş etdirirlər. İran Rusiyanı silahla təhciz edir, Ukraynaya qarşı təcavüzdə ona dəstək verir. Bu gün İranın daxilində çox ciddi problemlər hökm sürür. Əhali kütləvi şəkildə ayağa qalxıb və rejimə etiraz edir. İranda yaşayan azərbaycanlıların da fəallıq fəallıq nümayiş etdirməsi fars rejimini təşvişə salıb. Molla rejimi çalışır ki, öz daxili problemlərini xaricə çıxarsın. Digər yandan Azərbaycanın İsraillə də münasibətləri yüksəkdir və bu da İranı narahat edir. İrandan fərqli olaraq İsrail 44 günlük Vətən müharibəsində Azərbaycanı açıq şəkildə dəstəklədi. İran bu müttəfiqliyə xələl gətirmək iqtidarına deyil. Yaxşı olardı ki, onlar bunu başa düşsünlər və öz təxribatçı addımlarından əl çəksinlər. Bu cəhdlər əbəsdir və nəticəsiz qalacaq.
Ardını oxu...
Elm və Təhsil Nazirliyi şagirdlərin nizam-intizamını, davranışını tənzimləmək üçün qaydalar hazırlayıb.

Bu qaydalarda nədən bəhs olunur?

Yaradılması təklif edilən Nizam-İntizam Şurasının funksiyaları nə olacaq?

Bu barədə BBC News Azərbaycanca Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyevlə söhbət edib.

 
Ardını oxu...
İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb. Qızıl medalları isə ölkəmizə həmvətənlərimiz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli gətiriblər.

İtaliyada 20 yaşa qədər qadın şahmatçılar arasında keçirilən yarışda qızıl medal qazanmış Azərbaycan təmsilçisi Gövhər Beydullayeva ilə müsahibəni təqdim edirik:

– Xanım şahmatçılardan ibarət turnirdə qazandığınız qələbə ilə ilkə imza atdınız. Azərbaycana 20 yaşa qədər qadınlar arasında qızıl medalı gətirən ilk şahmatçı kimi hisslərinizi bilmək istərdim.

– Bəli, yaşıdlarım içərisində ilkə imza atdım və bu mənim üçün çox qürurvericidir. Azərbaycan Himnini oxutduğum və ölkəmi layiqincə təmsil etdiyim üçün sevinirəm. Həmçinin oğlanlar arasında da qızıl medalı qazananın azərbaycanlı olması bizi ikiqat sevindirdi.

İtaliyada bu cür şahmat turnirində Azərbaycan Himni iki dəfə oxundu və qalibiyyət bizim oldu.

– Turnir nə qədər davam etdi? Sıx təqvimdə mübarizə aparmaq çətindirmi?

– On bir turdan ibarət turnirdə hər ölkədən 20 yaşa qədər ən güclü şahmatçılar iştirak edirdilər. Turnir çox çətin idi. Gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq, qələbəyə nail oldum.

Təqvimim çox sıx idi, ondan öncə də bir çox turnirlərim oldu – Şuşada keçirilən şahmat turniri, klublar arasında Avropa çempionatı, qadınlar arasında Avropa çempionatı və milli yığmamızla birlikdə Olimpiya çempionatında iştirak etmişdim. Şahmat oynamaq mənim üçün çox həyəcanvericidir. İnsanıq, bəzən zehni yorğunluq ola bilir, lakin uğur qazandığımızda yorğunluğu unuduruq. Turnirə uğur qazanmaq məqsədilə getdikdə buna nail olub qayıdırıq.

– Turnirdə çıxış edən şahmatçıların şanslarını necə dəyərləndirirsiniz?

– İtaliyaya getməzdən əvvəl özümə çox inanırdım. Qalib kimi şanslarımın yüksək olduğunun fərqindəydim. Öz oyunumu, təbii ki, yüksək qiymətləndirirəm və turnirə ikinci, üçüncü yer üçün deyil, qalibiyyət üçün getmişdim. Qarşıma qoyduğum məqsədə də çatdım.

– Ən çətin qarşılaşmanız hansı ölkənin təmsilçisi ilə oldu?

– Ən çətin deməzdim, amma erməni şahmatçı üzərində təmiz qələbə qazandım, buna çox sevinirəm. Erməni şahmatçı ilə 9-cu turda qarşılaşdıq. Onu məğlub etdim. Bu oyun çox maraqlı keçdi və oyundan sonra çempionluğa şansım və istəyim daha da artdı.

– Qarşıda daha hansı şahmat yarışları var?

– Milli yığmamızla birlikdə Avropa çempionatında iştirak edəcəyik. Bu turnirdən sonra fərdi Dünya Kubokuna vəsiqə qazandım, bunu da qeyd edim. O turnirdə də ölkəmizi layiqincə təmsil etmək istəyirəm.

– Bu turniri karyeranızın il ərzində ən vacib yarışı adlandırmaq olar?

– Bəli, bu il mənim üçün çox uğurlu keçib deyə bilərəm. İlin əvvəlində kişilər arasında Avropa çempionatında iştirak etdim. Orada bir çox qrosmeysterlərə qalib gəldim. Bunu da uğurlu çıxışlarımdan hesab edirəm. Bu il qadınlar arasında Azərbaycan çempionu oldum. Milli yığmamızla birlikdə Olimpiadada çıxış etdik. Düzdür, medal götürə bilmədik, amma çox maraqlı oyunlar oldu.

– Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Shusha Chess 2022” beynəlxalq şahmat turnirindəki iştirakınızı necə dəyərləndirirsiniz?

– Turları uğurlu keçsəm də, sonuncu turda məğlubiyyət məni medalçılar sırasından kənarda saxladı. Lakin üzülmürəm, beşinci yerlə kifayətlənməli oldum. Amma o da maraqlı oyunlardan biri kimi yadımda qalıb.

– Siz daha əvvəl də Avropa çempionu olmuşdunuz, bu gün isə dünya çempionusunuz. Gələcək hədəfləriniz nələrdir?

– Daha əvvəl 14 yaşa qədər qızlar arasında Avropa çempionu idim, bu il isə 20 yaşa qədər qızlar arasında dünya çempionu adını aldım. Gələcəkdə də milli yığmamızla keçirilən çempionatlarda qalib olmağı hədəfləyirəm. Eləcə də dünya kubokunda qalib olmaq istəyirəm. Ölkəmizə gətiriləcək hələ çox medallar var və biz buna nail olacağıq.

Oxu.Az
 
Ardını oxu...
Oktyabrın 14-dən Azərbaycan jurnalistlərinin reyestrində qeydiyyat başlayıb. MEDİA kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki qaydada işləyə və istənilən dövlət qurumuna sorğu göndərərək cavab ala biləcəklər.

Lakin KİV-ə qarşı qarşı tələblər sərtdir. Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini xatırladıb ki, bu maddələrə görə, çap və onlayn media “qanunvericiliyə əsasən müvafiq cavabı” almaq üçün işə başlamadan 7 gün öncə Media Agentliyinə müraciət etməlidir. Bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. "Beləliklə, fəaliyyət göstərən KİV-lərin altı ay vaxtı var", - Həsənli qeyd edib.

Bəs KİV qeydiyyatdan keçmirsə , keçmək istəmirsə, və ya MEDİA-dan imtina alırsa, o zaman necə olacaq? Şəfiyeva Turan-ın bu sualına cavabında bildirib ki, media haqqında qanuna əsasən, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev suallarımızı cavablayıb.

* * *

Sual: Xalid bəy, belə çıxır ki, Media Reyestrinə qeydiyyat məcburidir?

Cavab: Media Agentliyinin rəsmilərinin açıqlamaları yekdil deyil, dolaşıqlıq var. Rəsmilərdən biri resyestrlə bağlı tələblərin yalnız reyestrə düşmək istəyində olan media və jurnalistlərə münasibətdə tətbiq ediləcəyini, başqa bir rəsmi isə 6 ay ərzində reyestrə qoşulmaq üçün müraciət etməyənlərin məhkəməyə çəkiləcəyini açıqlayıb. Bu, ilk növbədə qanunun dolaşıqlığını və onun icrasına məsul olanların özləri üçün belə anlaşılmaz məzmun daşıdığını təsdiq edir. Qanunun işığında qeydiyyatın məcburiliyinə gəlincə, belə tələbi, qaydanı tətbiq etmək istəyi ola bilər, çünki yeni qanunu qəbul etməyin məqsədi də elə daha çox nəzarət imkanı qazanmaq idi, ancaq məcburi qeydiyyat tələbinin qanun qüvvəyə minənədək fəaliyyətə başlamış medialara aid edilməsi tamamilə qanunsuzdur. Çünki, qanunun geriyə qüvvəsi yoxdur. Konstitusiyaya görə, fərdlərin və təşkilatların hüquqi durumunu yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi ola bilər. Bu baxımdan qeydiyyat məcburi ola bilməz, olacaqsa, bu, qanunsuz, Konstitusiyaya zidd praktika olacaq.

Sual: Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini əsas gətirib. Amma bu vaxta qədər bu barədə söhbət açılmırdı. Eyni zamanda deyilir ki, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Qanunun rəsmi orqanlardakı dərcində bu maddələr yox idi. Bu vaxta qədər də müzakirəsi aparılmırdı. Birdən-birə haradan ortaya çıxdı bu məsələ?

Cavab: Bu məsələ birdən-birə ortaya çıxmayıb. Söhbət 62-ci və 73-cü maddələrdən, eləcə də keçid müddəalarından gedir. Təəssüflər olsun ki, bu qanun, “yanğından mal qaçırırmış” kimi qaçaraq, gərəkli ictimai müzakirələr süzgəcindən keçirilmədən qəbul edildi. Həmin vaxt bizim hüquqşunas Ələsgər Məmmədli ilə birgə qanun layihəsinə təkliflər hazırlamaq üçün bir neçə saat imkanımız oldu, yeri gəlmişkən, 40 səhifəyə yaxın həmin təkliflərimizdən yalnız bircə ifadə nəzərə alındı. Həmin təkliflərimizdə sözügedən maddələrə də toxunmuşduq. 73-cü maddənin tamamailə silinməsini və yenidən işlənməsini təklif etmişdik. 62-ci maddənin də eyni qaydada sui-istifadələrə yol açmaq potensialında olması səbəbindən dəyişdirilməsini təklif etmişdik. Ancaq dediyim kimi nəzərə alınmadı. Qanunun narahatlıq yaradan, ifadə və media azadlığına yönəlik təhdidləri özündə ehtiva edən maddələri kifayət qədərdir. İndilik tətbiq edilməsi gündəmdə olan cəmi 2-3 maddədir. Zamanı gəlincə, bütün maddələr tədricən işə düşəcək və bundan əvvəlcə tənqidi medialar, sonra bu layihəni alqışla qarşılayan bütün yerdə qalan medialar, jurnalistlər də öz “nəsibini alacaqlar”.

Sual: Sizcə, bu qeydiyyat məsələsi və qeydiyyatdan keçməyən media orqanlarına 6 aylıq tələb qoymaqla nə etmək istəyirlər? Məqsəd nədir?

Cavab: Media, jurnalistika azadlığını mümkün olduğu qədər cilovlamaq. 90-cı illərdə başlıca məqsəd insanların başlıca informasiya qaynağı olan teleradio mediasını cilovlamaq idi. Bu məqsəd əldə edildi. Ardınca, teleradionun etimadlılığı xeyli aşağı düşdü, çap mediası, xüsusilə, qəzetlər insanların başlıca informasiya qaynağına çevrildi. Həmin vaxt çap mediasının cilovlanması başlıca məqsədə çevrildi. Uzun sürdü, amma bu məqsəd də əldə edildi. Bunun ardınca tədricən internet mediası insanların başlıca bilgi qaynağına çevrilməyə başladı. Bununla paralel olaraq, həmin media əsas hədəfə çevrilib. İnternet mediasının özəllikləri elədir ki, onu teleradio, çap mediasında olduğu kimi rahatlıqla ram etmək mümkünsüzdür. Burda ən effektiv vasitə insanları qorxutmaq, çəkindirmək, özünü senzuraya zorlamaqdır. Hazırda baş verənlərin üz qatında müxtəlif medialar görünsə də, başlıca məqsəd internet mediasının təsirini mümkün olduğu qədər azaltmağa nail olmaqdır.

Sual: Belə çıxır ki, qeydiyyat üçün müraciət edən media orqanının qeydiyyata alıb-almamaq səlahiyyətini də Reyestr özündə saxlayır? Bununla da istədiyi medianı çıxdaş etmək imkanı qazanmırmı?

Cavab: Belə çıxır deməzdim. Məhz belədir ki, Avropa Şurasına üzv olmaq ərəfəsində Azərbaycanda ləğv edilən Mətbuat nazirliyinin bərpasına çalışılır. Əgər reyestr mexanizmi dediyiniz kimi tətbiq ediləcəksə, elə bir rejim, mexanizm yaradılması hədəflənmiş olacaq ki, qanuni jurnalistika fəaliyyəti ilə yalnız dövlətin icazə verdiyi şəxslər məşğul ola bilsin. Yerdə qalanlar daimi olaraq, qanuni basqı altında saxlanılsın və tədricən, mühitə mümkün olduğu qədər hakim olsunlar. Amma bu, doğru yol deyil, azad olmayan media, cilovlanmış ifadə azadlığı ilə yaxşı, firavan ölkə inşa etmək mümkün deyil. Həm də əvvəldə dediyimiz kimi internet mediası özəl xüsusiyyətlərə malikdir, onu ya Çin, İran, Koreyadakı kimi söndürməlisən, ya da azad buraxmalısan.

Sual: Reyestrdən qeydiyyatdan keçməyən, qeydiyyatdan keçmək istəməyən, Reyestr tərəfindən çıxdaş edilən, məhkəməyə verilən, məhkəmə tərəfindən qapadılan media orqanlarının da Reyestri məhkəməyə vermək və qazanmaq perspektivi varmı?

Cavab: Bütün hallarda mübahisələndirmək olar. Əvvəldə qeyd etdiyimiz kimi, qanunun geriyə qüvvəsi məsələsi var. Konstitusiyanın tələbləri var. Qurulması hədəflənən mexanizm bu aspektdə qanuna uyğun deyil. Rahatlıqla mübahisələndirilə bilər və məhkəmələr ədalətli araşdırma apararlarsa, media, jurnalsitlər burda haqlı tərəf kimi təsdiqlənə bilər.

Sual: Beynəlxalq konvensiyalar bununla bağlı nə deyir?

Cavab: Bu elə məsələdir ki, ona qarşı həm BMT məhkəmə alətlərindən, həm də Avropa Məhkəməsi alətindən istifadə etmək olar. Ən effektiv vasitə Avropa Şurasına üzvlüyün Azərbaycana qazandırdığı imkanlardır. Avropa Konvensiyası ifadə azadlığı hüququna təminat verir, həmin hüquqdan necə yararlanmanın təfsirini isə Avropa Məhkəməsi öz qərarları vasitəsilə təqdim edir. Bu praktikaya görə, bir medianı reyestr şərtlərinə uyğunsuzluq kimi hansısa texniki səbəblər göstərməklə qapatmaq, onun fəaliyyətə başlamasına imkan verməmək, aşkar şəkildə ifadə azadlığı hüququnun pozuntusu, senzuradır, bunun başqa hüquqi qiyməti yoxdur. Məsələn, AİHM Əhməd Yıldırım Türkiyəyə qarşı işi üzrə qərarında ifadə azadlığına məhdudiyyətlərin məzmunla bağlı ola biləcəyini, məzmunu çatdıran vasitələrə məhdudiyyətin yolverilməzliyini elan edir. Yəni, hansısa məqaləyə, şərhə, xəbərə, şerə, romana, əsərə müəyyən şərtlərə əməl etməklə məhdudiyyətlər tətbiq edilə bilər, ancaq həmin məzmunları çatdıran vasitələrə - qəzetləri, saytları, kanalları qapatmaq ifadə azadlığı hüququ çərçivəsini aşmaq deməkdir.(Turan)
 
 
 
Ardını oxu...
“Oxuduğum mahnıların mövzusunun bəzilərini həyatda yaşamışam. Əgər onları yaşamasam məndə bu yaxşı alınmaz. O vaxt “Axtarma məni” mahnısı oxumuşdum. O illərdə həmin anları yaşayırdım. Bəlkə də bu bir mesaj, ismarış idi. Yəni “mən əvvəlki mən deyiləm, artıq dəyişilmişəm, axtarma məni” demək istəyirdim. Mən heç vaxt özüm üçün, öz həyatım üçün yaşamamışam. Sənətim üçün, balalarım, nəvələrim üçün yaşamışam. Bəzən efirlərə çox gec-gec çıxıram. O qədər zənglər gəlir, camaat məni həqiqətən də çox istəyir. Sonra özümü günahlandırıram ki, Mətanət, Allah sənin insafını kəssin, niyə gec-gec efirə çıxırsan? Gör sən nə qədər insanlara lazımsan”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, daha sonra əlavə edib.

“Uğura zəhmətimlə, dişimlə dırnağımla çatmışam. Daim əzablı yollardan keçmişəm. Kiçik bir şeyi özümə dərd edənəm. Haqqımda nəsə bir dedi-qodu olanda günlərlə yatmamışam. Öz-özümə deyirəm ki, kaş bunlar məndə olmazdı. Heç vaxt maskalanmamışam. Bir gün deyib-gülməsəm elə bilərəm ki, nəsə itirmişəm. Bəzən xətrimə dəyən insanın xətrinə dəyə bilmirəm. Deyirəm ki, ay Allah, niyə onun cavabını vermədim? O axı mənim xətrimə dəydi! Bəzən deyirəm ki, sən kimsən ki, mənim xətrimə dəyirsən? Heç doğma anam hansısa səhvimi üzümə demir. Bilir ki, mən çox həssas insanam, o dəqiqə fikir edəcəyəm” deyə o bildirib.

Əməkdar artist bildirib ki, artıq çəkidən xilas olduğu üçün sevinir.

“Bir adama deyirsən ki, nə gözəlsən?!O da deyir ki, sənin gözlərin gözəldir. Həqiqətən də bu sözdə böyük məna var, elə-belə deyilmir. Elə insan var ki, gözəlliyi duymur. Halbuki hamı ona gözəl deyir. Demək ki, onun iç dünyası gözəl deyil. Qəlbi qaradır. Son günlər mənə də yaman bu sözlər deyilir. Onu da etiraf edim ki, özüm də görünüşümü bəyənirəm. Bilsəydim illərdir elə bu çəkidə qalardım. Çalışıram ki, yeməyimi vaxtı-vaxtında yeyim, artıq çəki almayım” deyə müğənni bildirib.
 
Ardını oxu...
Xalq artisti Tünzalə Ağayeva Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Tünzalə xanım, yaradıcılığınızda nə kimi yeniliklər var?

- Əslində, sentyabra planlaşdırdığımız yenilikləri cəbhədəki vəziyyətə və şəhidlərimizə görə təxirə salmalı olduq. Bu addımı şəhidlərimizə hörmət əlaməti olaraq etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, analara səbr versin. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Mədəniyyət, incəsənət sferasında yaradıcılıq planları arxa plana keçdi. Onsuz, pandemiya da müəyyən mənada planlarımızı pozmuşdu.

Yaradıcılıq sahəsində çox yeniliklərimiz var. Konsert verməyi düşünürük. "Sevdi can səni" adlı klipimiz hazırdır. Yəqin yaxın günlərdə təqdim edəcəyik.

- Klipinizi ad günü ərəfəsində təqdim edəcəksiniz?

- Bəli, ad günüm yaxınlaşır, 46 yaşım tamam olur.

- Deyəsən, doğum gününüzü qeyd etməyi sevirsiniz...

- Qızım Fidan az öncə zəng edib ki, ad gününü konsert kimi keçirmə (gülür).

- Şou-biznes nümayəndələrini dəvət edəcəksiniz?

- Əlbəttə, şou-biznesdə çox yaxın və əziz həmkarlarım var. Onlarla oturub-durmağı, zarafat etməyi sevirəm. İnsanlara maraqlıdır ki, kim-kiminlə dostluq edir. Çünki tez-tez qarşılaşıram, insanlar sevinirlər və mənə yazırlar ki, nə yaxşı, incəsənət nümayəndələri arasında dostluq var. Halbuki şou-biznesdə daim rəqabət hökm sürür, özü də çox vaxt qeyri-sağlam... Rəqabət də paxıllıqlar, qalmaqallar üzərində qurulur, yalnız peşəkar və sağlam düşüncəli sənətçilər bir-birinin uğuruna sevinə bilirlər.

Müharibədə qələbə qazandıq, bu da bizə bir-birimizlə fəxr etməyi öyrətdi. Məncə, müharibə insanları bir az tərbiyə etdi, insanlara acı dərs keçdi. Torpağa şəhid qanı tökülübsə, onun qədrini bilməyə borcluyuq, bu, həm də iki fərqli düşüncəli rəssamın, sənətçinin, siyasətçinin, hətta müxalif fikirdə olan azərbaycanlının lazımi məqamda birləşməsi, həmrəy olması deməkdir.

Az öncə dəyərli hərbçimizlə danışdım, noyabrda zəfərimizlə bağlı xarici ölkələrdən birində tədbirimiz olacaq. Mən ona dedim ki, siz necə hərbi missiyanızı yüksək səviyyədə yerinə yetirirsinizsə, mən də özümü səhnənin əsgəri hesab etmişəm. 22 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsində ən aktiv incəsənət adamlarının siyahısına daxil olmuşam. Bir çox ölkələrə səfərlərə getmişik. Demişik, nə lazımdırsa, edəcəyik, hətta gecə yatmayacağıq. Səmimiyyətimə inanın, heç kim orada maddi qazanc gözləməyib.

Qarabağ məsələsinin ən gərgin dövrlərində erməni lobbisi dəfələrlə xarici ölkələrdə konsertlərimizə mane olmaq istəyib. 2007-2008-ci illərdə Yunanıstanın iki böyük şəhərində konsert verdik. Yunanıstandakı səfirimiz Rəhman Mustafayev konsertimizin təşkilində yaxından iştirak etmişdi. Həmin şəhərlərdən birində çoxlu erməni yaşayırdı. Türklər də vardı, amma əksəriyyəti ermənilər idi.

Ermənilər bizə mane olmağa çalışırdılar. Plakatlar açmışılar ki, konsert baş tutmasın. Bizi sorğulayırdılar ki, nə məqsədlə Azərbaycandan müğənnilər gəlib, siyasi maraq nədir? Biz sülhməramlılığımızı göstərdik və dedik ki, qapımız hər kəsin üzünə açıqdır. Konserti təşkil edən diplomatik nümayəndəliyimiz hər şeyi üzərinə götürmüşdü. Sağ olsun şəhərin meri, məsələyə o da müdaxilə etdi. Konsertimiz uğurlu keçdi.

Demək istəyirəm ki, müxtəlif hadisələr yaşamışıq, amma həmişə istəmişik ki, vətən bizim adımızdan, dilimizdən gözəl səslənsin.

- Siz vətənpərvər və savadlı müğənnilərimizdənsiniz. Ümumiyyətlə, siyasətlə nə dərəcədə maraqlanırsınız? Vaxtilə millət vəkiliyinə namizədliyiniz haqda da xəbərlər yayılmışdı...

- Xeyr, heç vaxt millət vəkilliyinə namizəd olmağı düşünməmişəm. Əgər belə fikrim olsaydı, indiyə qədər nəticəsi üzə çıxardı. Nədənsə hər seçki öncəsi bu suallar ortaya çıxır. Savadlı olmaq o demək deyil ki, mütləq millət vəkili olacaqsan... İnsan savad yiyəsi olmalıdır, bu, təbiidir.

Vətəni daxilən sevmək lazımdır. Hansısa postda oturduqdan sonra vətəni sevmək böyük yalançılıqdır.

Heç vaxt millət vəkili olmaq iddiasına düşməmişəm. Əks halda deyərdim, millət vəkili olmaq istəmişəm, sonra fikrimdən daşınmışam. Bəlkə ictimai aktivliyimə görə insanlara bu impulsu ötürmüşəm?

İlk illər millət vəkili olmağım haqqında xəbərlərə qıcıqlanırdım. Ən azı iki dəfə seçki öncəsi bu vəziyyəti yaşamışam. Hamı məni yaxından tanımır və fikirləşirlər ki, millət vəkili olmaq istəyir. Digər tərəfdən, siyasi fəaliyyətlə məşğul insanlar həmişə mənə deyirdilər ki, Tünzalə, heç vaxt "heç vaxt" demə. Demişəm ki, düz deyirsiniz, hansısa missiya naminə mən Tünzalə Ağayevanın zərrə qədər qatqısı olarsa, nə xoş mənə, gedib o işi görmək qabiliyyətindəyəm.

Millət vəkiliağır bir missiyadır. Sənə səs verənlərin etimadını, problemlərini, səsini çatdıracaqsan, həll edəcəksən. O zaman yaradıcılıq fəaliyyətim dayanacaq, sənətim ikinci-üçüncü plana düşəcək. Mən elə bir insanam ki, öhdəmdə olan işə canımı qoymalıyam...

- Yaxın günlərdə estetik əməliyyata üz tutduğunuz bildirilirdi. Bu, nə dərəcədə doğru idi?

- Tanınmışlar haqqında müxtəlif xəbərlər yayılır. Bu suala nə "hə", nə də "yox" demək istəyirəm. Hər zaman sağlam həyat tərzi keçirir, idmanla məşğul oluram. Günə pilates və idmanla başlayıram. Qadın vücudunun elə hissələri var ki, idman ona kömək etmir. O zaman estetik əməliyyata üz tutmalı olursan. Bu kimi hallar istisna, qadınlarımıza estetik əməliyyata qaçmağı tövsiyə etmirəm.

Mənə sual verirlər ki, burnunuzu niyə əməliyyat elətdirmirsiniz? Mən bu burnumla çox xoşbəxtəm... Barbara Streysand daim cazibədarlığını qoruyub, saxlayıb. Onun əməliyyat elətdirməyə pulu yoxdur? Var!

Burnum haqqında yüksək zövqlü insanlar deyirlər ki, Tünzalə, birdən həvəsə düşüb, burnunu əməliyyat elətdirərsən... Cavab verirəm ki, qətiyyən!

- Ümumiyyətlə, estetik əməliyyat elətdirməyi düşünürsünüz?

- Çox qocalarmsa, estetik əməliyyata getməliyəm (Gülür). Üzüm elə vəziyyətə gələ bilər ki, qırışlara nə botoks, nə də digər inyeksiyalar kömək edər...

- İndiki, yoxsa əvvəlki görünüşünüzü daha çox sevirsiniz?

- Hər zaman özümü sevmişəm, sadəcə, təcrübəm bu dərəcədə deyildi. Əvvəl indiki təcrübəm və həyat anlayışım olmayıb. Hər gün aynaya baxıb şükür edirəm...

- Hər kəs sizi güclü, iradəli xanım kimi tanıyır. Həqiqətən elədir?

- O qədər zəif hallarım olub... Yəqin sizdə bu əminliyi yaradan iradəli danışmağım və qəti mövqe bildirməyimdir. Uşaqlıqdan belə olmuşam. Məktəb illərim sovet dövrünə düşüb. Həmin Tünzaləyəm - rus məktəbində oxuyurdum, Molla Pənah Vaqifin qəzəlini öyrənib, gedib danışırdım. Deyirdilər ki, tədris proqramında bu dərs yoxdur, sən haradan öyrənmisən? Cavab verirdim ki, bizim evdə bu kitabdan var.

Həmişə evimizdə millətçilik təbliğ olunub. Ata babam millətçi olduğu üçün sürgün edilib.

- Mübarizlik sizə yəqin babanızdan keçib...

- Babam İosif Stalinin plakatına qamçı vurub. On görə babamı gecəylə aparıblar, nə ölüsünü, nə dirisini görən olub. Ailəsini də darmadağın ediblər.

- Bir qadın kimi xoşbəxtsiniz?

- Məncə, qadın kimi xoşbəxtəm. Bilmirəm kənardan necə görünürəm... Sevirəm və sevilirəm. Sevgisiz həyat olar?! Həyatımda sevdiyim şəxs var. Qadın ağaca, çiçəyə bənzəyir. Ona nəvaziş və qayğı göstərmək lazımdır. Qadın onda çiçək açır.

Bütün sevən qadınların problemləri ola bilər. Amma məsələni araşdıranda görürsən ki, günah qarşı tərəfdə deyil, özündədir.

- Son zamanlar cəmiyyətimizdə boşanmaların sayı artıb. Bu haqda nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, boşanma tərəfdarı deyiləm. Mən özüm də həyat yoldaşımdan ayrılmışam və heç kimə boşanmağı arzulamıram. Hər şeyin həll yolu var. Bu da bizim özümüzdədir. Səbəbi araşdırmalı və problemin hardan qaynaqlandığını öyrənməliyik. Özümüzə etiraf etməliyik ki, səhvimiz nədədir...

Eləcə də valideynlər düzgün istiqamətdə kömək etməlidirlər. Yeddi ilə yaxın ailəli olmuşam. İlk öncə qızım Fidanı münaqişədən, tramva yaşamaqdan qorumağa çalışmışam. O zaman qərara gəldim ki, nəzarəti ələ alacam və həyat yoldaşımdan boşanacam. Çünki iki insan ailə daxilində bir-birini xoşbəxt edə bilmirsə, qıcıq olursa, bir-birini anlamırlarsa, sözlərini düzgün qəbul etmirlərsə, bu ailə davam edə bilməz.

Bəlkə də qarşı tərəf hansısa sözü yaxşı mənada deyir, sən qəbul etmək istəmirsən. Faciə bu vaxt baş verir. Nə deyirsə, sənə xoş gəlmir... Onda sakitliyin naminə kənara çəkilib düşünmək lazımdır, düşmən olmaq yox. Axı, niyə ayrılıqlar düşmənçiliyə çevrilir? Problem ayrılmaqda deyil, daha dərindədir.

Məsələ ailə qurandan sonra bir-birini anlamaq və yaxud anlamamaqdadır. İnsanlar bir-birini düşmənçiliyə təhrik etməməlidirlər. Çünki ortada uşaq var. Ayrıldıq, niyə düşmən olaq?!

Mən heç vaxt qarşı tərəflə düşmənçilik iddiasında olmamışam. Yadıma gəlmir ki, onun haqqında hansısa saxta məqalə sifariş edib, yazdırım. O, uşağımın atasıdır.

- Qızınız Fidan atasıyla görüşürmü?

- Xeyr, qadağa qoymuşam. Bunun ciddi səbəbləri var. Fidan elə bir yaşdadır ki, hekayəmi dürüstülklə, ədalətli şəkildə bilir. Qızım bilir ki, heç kimin pis təbliğatını aparmamışam.

- Qızınız Türkiyədə təhsil alır. Yenə radioda çalışırmı?

- Bəli, univerisiteti bitirmək üzrədir, radioda çalışmaq tələbəlik dönəminin fəaliyyəti idi.

- Qızınız ad gününüzə gələcəkmi?

- Xeyr, Bakıya gələ bilmir, mən Türkiyəyə gedəcəm. Noyabrda da Fidanın doğum günü olacaq. Bəlkə ad günümüzü birlikdə qeyd etdik...

- Deyirlər ki, Bodrumda ikimərtəbəli villanız var...

- Bəlkə ətrafdan kiməsə hər şey asan gəlir. Amma mən həyatımı zəhmət üzərində qurmuşam. Hər kəsin gözünün içinə dik baxıram. Sözüm əsla başqasının zəhmətinə kölgə salmaq deyil, hər kəs özünə bir yol seçir. Türkiyədəki evim iki yox, bir mərtəbəlidir və onu da çoxdan almışam.

- Özünüz haqqında hansı şayiə sizi təəccübləndirib?

- İnsanlar vaxtilə təəccüblənirdilər ki, Tünzalə niyə yaylıqdadır? Yəqin saçı yoxdur. Üzü niyə görsənmir? Düşünürdülər ki, üzümdə problem var. Kökdür, yaxud arıq?..

- Həmkarınız Röya Ayxanla duet oxumaq fikriniz nə yerdədir?

- Doğrudan da neçə ildir bu mövzuda danışırıq. Röya Ayxan deyir ki, Tünzalə, ömrümü çürütdün, oxuyaq... Artıq üçüncü dəfədir müəllifi olduğum mahnını seçirik. Amma istəyirəm ki, mahnı hər birimizin ürəyincə olsun.

- "Səs Azərbaycan" yarışmasında münsif olan zaman xalq artisti Brilliant Dadaşova ilə problem yaşadığınız qeyd edilirdi. Bu nə dərəcədə doğru idi? Hazırda münasibətləriniz necədir?

- Yəqin ki, vizual görüntülər onu göstərirdi. "Səs Azərbaycan" yarışmasının formatı elə idi. Yarışda dörd münsif var idi və hər birimiz xoş danışsaq maraqlı çıxmazdı, kimsə əksinə getməlidir, ya yox?..

Brilliant xanımın və mənim, hər birimizin öz mövqeyimiz vardı. Bu mövqelərdə isə birləşən və birləşməyən öqtələrin olması təbiidi. Məncə, yarışmanın ən maraqlı buraxılışı bizim fikirlərimizin toqquşduöu veriliş idi.

Brilliant xanımla heç bir problemimiz yoxdur, onun səsini, mahnılarını sevirəm. Yarış emosional layihə idi, kulis arxası gərginliklər olurdu. Amma elə xarakterə sahibəm ki, mövqeyimi dəyişmirəm.

Bir peşəkar kimi qarşımda olan ifaçıya arqumentli şəkildə mövqeyimi bildirdim və gəncə fayda verəcək şəkildə mesaj ötürdüm.

- Tədbirlərin birində küsülü həmkarınız Aygün Kazımova ilə də bir araya gəlmişdiniz.

- Bəli, bir araya gəlmişdik, çünki Azərbaycan mədəniyyətinin təmsilçiləri idik. Mən həmişə deyirəm, kiməsə "Allah ürəyinə görə versin" deyəndə ürəkdən "amin" səslənə biləsən. Heç vaxt kiməsə nə düşmənçilik mövqeyində olmuşam, nə arxasınca danışmışam, nə də üz-üzə gələndə qeyri-etik davranmışam. Nə görmüşəmsə unutmağa çalışmışam... Mən sülhsevər insanam, düşmənçilik heç kimə fayda gətirmir.

- Tünzalə xanım pislikləri tez unudur?

- Bəli, pislikləri tez unuduram. Belə bir söz var, " Allahı və ölümü unutma, Sənə edilən yaxşılğı və pisliyi unutma".

- İranda Əxlaq Polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini haqda dünya ulduzları paylaşım etilər, saçlarını kəsdilər. Sizin qadın kimi fikriniz maraqlıdır.

- Mən də belə aksiyaların tərəfdarıyam. Məhsa Əmininin ölümündən çox sarsıldım. Bizim orada soydaşlarımız var. Bu, çox böyük faciədir. Lazım olsa, qadın azadlığı, qadın birliyi üçün biz də aksiyaya qoşularıq.

Orada tarixi torpaqlarımızın möhtəşəm gözəliyi var, Təbrizin, Ərdəbilin dəyərini kənara qoya bilmərik. Mənim ana tərəfim Cənubi Azərbaycanlıdır. Anamın atası uşaq olanda Bakıya köçüb, buradan da Tovuza... Tovuzda evlənib, anam dünyaya gəlib. Belə bir hekayəmiz var.
 
 
Ardını oxu...
Hərbi ekspert: "İranın təhdidlərini neytrallaşdıracaq siyasi addımlarla yanaşı, təhlükələri qarşılaya biləcək tədbirlər görməliyik"

İran Azərbaycanla sərhədə qoşunlarını cəmləşdirib və genişmiqyaslı hərbi təlimlər keçirməkdədir. Bir çox ekspertlər bildirirlər ki, bu, Azərbaycana əzələ nümayişi, siyasi mesaj xarakteri daşıyır. Çünki bu gün İranın Araz çayı vadisində belə miqyaslı hərbi təlimlərə vacib ehtiyacı görünmür. İran daxilində xalqın rejimə qarşı etirazları hər gün daha da çoxaldığı bir vaxtda İran daxili məsələlərinə köklənməlidir. Lakin əksinə, İran daxildəki gərginliyi azaltmaq əvəzində Azərbaycan sərhədinə qoşun yığmaqla regionda gərginliyin artmasına zəmin yaradır.

İran tərəfi təlimlərlə bağlı Azərbaycandakı narahatlığa əsas olmadığını bəyan edib. İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada qeyd edilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Araz çayı vadisində təlimləri qrafikə uyğun keçirilir: "Azərbaycan tərəfi təlimlərlə bağlı əvvəlcədən rəsmi şəkildə xəbərdar edilib".

Səfirlik xatırladıb ki, Azərbaycan və İran hərbi rəhbərliyi təlimlərlə bağlı müzakirələr aparıblar və başlanmış təlimlər çərçivəsində əməkdaşlıq baxımından bəzi təkliflər verilib.

“Dost və qardaş ölkələr olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər həmişə düşmənlərin geniş təbliğat obyekti olub. Lakin iki ölkə rəhbərlərinin sayıqlığı düşmənlərin öz məqsədlərinə çatmasına mane olub”, - bəyanatda vurğulanıb.

Buna baxmayaraq, Azərbaycan ictimaiyyətində İranın davranışları ilə bağlı narahatlıq və haqlı suallar var: Tehran Bakıya hansı mesajı ötürür, Azərbaycan hansı addımları atmalıdır?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-nın suallarını cavablandırarkən o qədər də optimist danışmayıb. Ekspertin sözlərinə görə, proseslər onu göstərir ki, Azərbaycanı yaxın dövrdə o qədər də rahat mərhələ gözləmir:

- Çətin dönəmə qədəm qoyuruq. Bu gün İran rejimi heç cür sakitləşmək niyyətində deyil. İranın son addımları bölgədə gərginliyin arta biləcəyi ehtimalını gücləndirir. 44 günlük müharibədə Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsi, torpaqlarını işğaldan azad etməsi rəsmi Tehranı narahat edir. İran istəmirdi ki, Azərbaycan ərazilərini azad etsin. Bir tərəfdən Azərbaycanın firavan olmasını arzulamayan İran digər tərəfdən 30 illik işğal dövründə ərazilərimizin sərvətlərindən faydalandı. Biz bilirik ki, bu müddət ərzində işğalda olan ərazilərimizdə nə əkib-becəriblər. Eyni zamanda, işğaldan sonra ərazilərimizdən nələr aparmadı ki... Yeraltı və yerüstü sərvətlərimizi taladı. İndi İran görür ki, əlindən bu sərvət çıxıb.

Tehran rejimini qıcıqlandıran daha bir məqam Azərbaycanın özünə inamının artması və Türkiyə ilə ən yaxın müttəfiqlikdir. Bunu Tehran rejimi həzm edə bilmir. Hesab edirəm ki, Azərbaycan ciddi tədbirlər görməlidir.

- Söhbət hansı tədbirlərdən gedir?

- İranın təhdidlərini neytrallaşdıracaq siyasi addımlarla yanaşı, təhlükələri qarşılaya biləcək tədbirlər görməliyik. İran hər halda Ermənistan deyil. Qoşunlarının sayına görə, gücünə görə Ermənistandan dəfələrlə böyükdür. Düzdür, orada 40 milyona yaxın Azərbaycan türkü yaşayır və bu amil bizim üçün önəmlidir. Bütün hallarda isə İranla hərbi konflikt bizim üçün lazım deyil.

- İranın belə addımlar atmaqla hansı mesajları verir?

- İsrailin müdafiə nazirinin Bakıya səfərindən sonra Tehranda xof yaranıb. Guya ki, sionist bir rejim gəlib Azərbaycanda oturub, İrana təhlükələr var və s. İran mediasında hər gün bu istiqamətdə təbliğat aparılır. lakin İran unutmamalıdır ki, avantüraya baş vursalar, onlar üçün də çətin olacaq. O mənada ki, bu gün İranı məhv etmək üçün startda olan ölkələr var. Vəziyyətin gərginləşməsində Tehran da maraqlı olmamalıdır. Bu qədər qoşunu sərhədə gətirmək, təlim keçirmək, əzələ nümayişi etdirmək İranın səhv addımıdır.

- İran səfirliyi açıqlama verib ki, SEPAH-ın təlimləri ilə bağlı Azərbaycan əvvəlcədən məlumatlandırılıb...

- Bu, qaydalardır: hansısa ölkə qonşu ölkənin sərhədlərində hərbi təlimlər keçirsə, o ölkənin hərbi rəhbərliyini məlumatlandırmalıdır. İran da bunu edib. Amma indi Tehrandan nə qədər deyilsə də ki, bu təlimlərin Azərbaycana aidiyyəti yoxdur, əksinə, daha çox var. Çünki bundan əvvəlki bəyanatlar, rəsmilərin açıqlamaları məqsədin nə olduğunu aydınlaşdırmağa imkan verir. Sual olunur: İran bu gün Azərbaycandan hansı təhlükələri görür ki, qoşunlarını sərhədə cəmləşdirir? Bu, ciddi məsələdir. Yenə də deyirəm, biz tədbirlərimizi görməliyik. Arxayınlıq yaranmamalıdır.

Müəllif: Anar Bayramoğlu
 
 
 

Ardını oxu...
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Yadigar bəy, həmişə iddia edirsiniz ki, Şuşa Teatrının tarixi 1873-cü ildən öncəyə söykənir. Bu faktın təsdiqinə çalışmısınızmı?

- Teatrsevərlər bilirlər ki, Şuşa Teatrının tarixi həqiqətən qədimdir. Biz Azərbaycan teatrının tarixini 1873-cü il mart ayının 10-dan qeyd ediriksə, görkəmli tədqiqatçı Qulam Məmmədlinin kitabında, Yaqub Əlioğlunun təqdim etdiyi sənədlərdə belə bir məlumat yer alır: “Mən bu yay – 1848-ci ildən söhbət gedir - Şuşada teatr və sirk truppalarının çıxışlarına baxdım”. Bu fikir Tiflisdə nəşr olunan qəzetdə bir jurnalist məqaləsində qeyd olunub. Belə çıxır ki, teatrın tarixi 1873-cü ildən daha əvvələ gedib çıxır.

Bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik, bizi Elmlər Akademiyasına yönləndirdilər. Onlar faktı təsdiqləmədilər. Eybi yox, amma bilənlər bilir. Təsdiqləsəydilər bütün sənədlər gərək dəyişilərdi.

Üzeyir Hacıbəylinin vəfatından bir il sonra, 1949-cu ildə Nazirlər Sovetinin qərarına əsasən maliyyə çətinliklərinə görə Üzeyir bəyin adını daşıyan Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə xitam verildi. Məhz həmin il Nazirlər Sovetinin digər sərəncamına görə Stepanakertdə (Xankəndi - red.) Maksim Qorki adına Teatr yaradıldı.

Yəni 1949-cu ildə bizim teatrı bağlayıb Xankəndində erməni teatrı açdılar. Bəs maliyyə çatışmızlığı vardı?.. Məsələ ermənilər olunca pul tapıldı? Elə o vaxtdan Şuşa teatrsız qaldı. Daha doğrusu, Şuşada dövlət statuslu teatr fəaliyyət göstərmədi. Amma bu mədəniyyət ocağında teatr ab-havası həmişə olub, şuşalılar teatr sevəndirlər, orada hər zaman özfəaliyyət, dram kollektivləri fəaliyyət göstərib.

İdarələrdə, müəssisələrdə, evlərdə tamaşalar nümayiş olunub. Faktdır ki, Şeksprin əsərlərini tərcümə edib Xurşudbanu Natavanın qızı Xanbikənin evində tamaşa oynayıblar.

1980-ci ildə təyinatla Ağdam teatrında həm aktyor işləyirdim, həm də Şuşa Mədəni-Maarif Texnikumunda dərs deyirdim. Gördüm ki, Şuşada yaxşı baza: musiqiçilər, aktyorluğu bitirib mənimlə birlikdə çiyin-çiyinə çalışan müəllimlər var. Onlar hərəsi bir tamaşa hazırladı. Mən bir az onlardan məhsuldar işləyirdim, daha çox tamaşa qoyurdum.

Müğənnilər, musiqiçilər toya el şənliyi deyirlər. Mən isə toy deyirəm. İnsan həyatının ən gözəl günlərindən biridir. Toyda oxuyub pul qazanırdım, həmin pulla həm ailəmi dolandırırdım, həm də tamaşaların dekorasiyalarının hazırlamasına, geyimə xərcləyirdim. Bunu bilənlər bilir. Şuşada yaxşı dostlarım vardı, teatrın ehtiyacı olan hər şeydə onların da çox dəstəyini görmüşəm. Bir sözlə, yerli qüvvələrin, imkanlıların və özümün toydan qazandığım vəsait hesabına özfəaliyyət deyil, peşakar səviyyədə teatrın fəaliyyətini davam etdirdim. Çünki mən Adil İsgəndərovun tələbəsi olmuşam, ondan görüb götürmüşəm.

1987-ci ildə bizə Xalq Teatrı statusu verildi. Bunu deməyə bilmərəm, çünki məhz Həsən Həsənovun və Polad Bülbüloğlunun sayəsində Şuşada Dövlət Teatrı yenidən açıldı.

Hər il Şuşada Vaqif poeziya günləri, mahnı bayramları keçirilirdi. Ssenarisi yazılırdı, quruluşçu rejissoru mən olurdum. O cümlədən “Xarıbülbül” festivalının... 1989-cu ildə Polad müəllimin təklifiylə Şuşada ilk dəfə “Xarıbülbül” festivalını keçirdik. Onun hazırlanmasında mənim və musiqiçi dostlarımın çox böyük əməyi oldu.

Festival üçün Şuşada muğamların adları yazılan yeddi hücrə yaradılmışdı. Kim hansı muğama qulaq asmaq istəyirdisə, həmin hücrəyə yaxınlaşırdı.

Bir də görürdüm ki, tədbirin başlamasına üç-dörd gün qalmış Bakıdan bir-birinə qoşulub bir neçə adam gəlib. Məlum olurdu ki, bunları nazirlikdən göndəriblər: biri bədii rəhbər, digəri rejissor, o biri ssenari müəllifi... Halbuki bütün işləri biz görmüşdük, onlar da sadəcə bizim elədiklərimizi sənədləşdirməklə məşğul olurdular. Yaxşı ki, o illəri əks etdirən fotolar qalıb.

Şuşa Teatrının açılması məsələsi gündəmə gələndə bu xidmətlərimə, təcrübəmə dayanaraq məni direktorluq üçün Bakıya təsdiqə göndərdilər. Mən isə direktor yox, teatrın rejissoru kimi qalmaq istəyirdim. Amma raykomun üç dəfə təkidindən sonra Bakıya gəldim. Deyirdilər, teatrı açdırmısan, indi özün də direktor ol. Heç kim özünü işə salmaq istəmirdi. Yadımdadır, Polad müəllimin kabinetinə girəndə gülümsəyib dedi: “İnnabı” oxuyan Yadigar... Məni yaxşı xatırladı. Çünki “İnnabı”nı Bülbüldən sonra Azərbaycanda mən oxumuşam.

Məni direktor kimi təsdiqlədi və dedi: “Sənə altı ay məşq - hazırlıq dövrü verirəm, iki tamaşa ərsəyə gətirin, premyerasına gəlib teatrın açılışını edək”.

Amma biz üç tamaşa hazırladıq: “Özümüz bilərik”, “Arşın mal alan”, “Uzun Həsən”. Açılış üçün də hər şey hazır idi, amma bu teatrı açmaq bizə müyəssər olmadı. Çünki gündə bir yol hadisəsi, gündə bir qəza, gündə bir ölüm... Hər şey bir-birinə qarışmışdı, gün təyin etmək olmurdu. Biz məşq elədiyimiz vaxtı qapını döyürdülər ki, səssiz olun, teatrın qarşısına meyit gətiriblər. Beləcə ara qarışdı, şəhərimiz işğal olundu.

- Siz ən son şəhəri nə vaxt tərk etdiniz?

- Mayın 8-i. 21 nəfərlik "Kuban" avtobusuna bəlkə 70-ə yaxın uşaq, böyük, qoca, qadın mindirmişdim.

Son ana kimi inanmırdıq ki, şəhərimiz işğal olunar. Mənim də camaatı avtobusla şəhərdən çıxarmağımda məqsəd o idi ki, atəş səngisin, sonra qayıdıb gələrik. Çıxardım, amma geri qayıtmaq bir də mümkün olmadı.

Avtobusu İsa bulağının üstündə Haçayal deyilən yerə qədər apardım. Ora çatanda Xaqani adlı oğlan - yol polisiydi - əgər məni dayandırmasaydı indi burda sizinlə söhbət edə bilməzdim. O, bizi dayandırdı və mən də əsəbləşdim, düşdüm aşağı, səbəbini soruşdum. Dedi, tələsmə, görək bizdən öncə gedən beş maşının aqibəti necə olacaq? Biz mübahisə edincə, o maşınları vurdular. Avtobusu orda qoyub hərə bir tərəfə dağılışdı. O oğlanın sayəsində sağ qaldıq.

- Ailəniz harda idi?

- Şəhər davamlı atəşə tutulurdu. Ona görə ailəmi Ağdamdakı evimizə aparmışdım.

- Hamı düşünə bilərdi ki, Şuşa alınanda ilk orda tamaşa göstərən məhz Şuşa Teatrı olacaq. Amma tamam başqa mənzərə ilə qarşılaşdıq. Bildiyim qədər “Xarıbülbül” festivalında da teatrınız çıxış etməyib...

- Teatr kollektivi olaraq deyil, qonaq kimi iştirak etmişəm. O da dava-qırğınla...

- Niyə dava-qırğınla?

- Mənə deyirdilər ki, sən ağdamlısan, Şuşaya da ancaq şuşalıları aparırıq. Deyirdim, hardan olsam da Aqil Abbas demişkən, Şuşa teatrının direktor vəzifəsinin maaşını alıram. Mən necə şuşalı deyiləm ki, orada torpaq sahəsi almışam, o boyda evim var?..

Axırda sonuncu sözümü deyib otaqdan çıxmışdım. Dedim oğlum, “Greenkart”la Amerikaya gedib orda yaşayır, amma prezidentin çağırışına qoşulub, bura gəlib müharibəyə gedəndə Ağdamdan deyil, Şuşa Hərbi Komissarlığından yola salındı. Dedim, indi siz deyin, mən haralıyam? Axı o festivalın 89-cu ildən bəri rejissoru mən olmuşam. Əvvəllər bunu demirdim, fikirləşirdim ki, bilənlər bu faktı dilə gətirərlər. Amma görürəm demirlər, ona görə məcbur olub özüm deyirəm.

- Yəqin o adamlar daha qalmayıb...

- Yox, qalanlar da var. Amma deyir, dünyada ən böyük bəla odur ki, özün qanan olub qanmaz buyruğuna baxasan. Həm də Şəhriyar demişkən, işi iş bilənə tapşırarlar. Pensiya yaşıma az qalıb. Şükürlər olsun ki, biz arzumuza çatdıq. 73 ildən sonra bu yay Şuşada Dövlət Teatrı kimi tamaşa oynadıq. Bu saat ölsəm “uf” demərəm.

- Ölməklə bağlı bir əhdiniz vardı. Yadıma düşdü...

- Bildim, nəyi deyirsiniz. Əhd etmişdim ki, Şuşada Qala divarının dibində “Sənsiz” oxuyub ölüm... Arzuma çatdım, “Sənsiz”i oxudum, amma ölmədim. Şuşanı görəndən sonra daha ölmək istəmirəm. İstəyirəm ki, 49-cu ildə bağlanan teatrın 73 ildən sonra Şuşada açılışını edək.

Mən Şuşadakı evimi teatra bağışlayıram. Tabuta yerləşmir ki, hara aparacam özümlə?.. Teatrın indiyə qədər məskunlaşdığı ünvanlar Şuşadakı evimdən balaca olub. 30 ildə bu teatrı orda-burda yerləşdirərək, qoruyub saxlamışıq. Elə vaxt olub, bir otağa sığışmışıq. Mənimsə orda iki mərtəbəli böyük evim var.

- Şuşadakı eviniz yaxşı vəziyyətdədir?

- Evimdə ermənilər hərbi komissarlıq yaratmışdılar. Birinci mərtəbədə də şəhərin keşişi yaşayıb. Ona görə də mənim evim dağılmayıb. İndi də salamatdır.

- Onu tikdirmişdiniz, yoxsa hazır ev idi?

- Tikdirmişdim. Betonunu əllərimlə qarışdırmışam. Rəhmətlik anam deyirdi ki, yazıq balam gedib toylarda, oxudu da demirdi, deyirdi, qışqırdı pul qazandı, gətirib verdi daşa-quma, o da qaldı erməniyə.

- Nə xoşbəxt insansınız ki, evinizi salamat görə bilmisiniz.

- Elədir. Şuşaya gedəndə evimi gördüm. Hazırda orda 20-dən çox adam yaşayır. O insanlar indi şəhəri yenidən qurub yaradanlardır. Qapını döyəndə dedim, icazə olar, gəlim. Tanıyanlar dedilər ki, bura sənin öz evindir, icazəyə hacət yoxdur. Dedim, təki siz yaşayın ki, buradan erməni aurası yoxa çıxsın.

Şuşada gözüm teatrın binasını axtarırdı, amma o binadan əsər-əlamət qalmayıb. İndi də əhd eləmişəm, Şuşaya qayıdanda evim teatrın evi olacaq. Şuşada teatrın yeni binası tikilənə qədər məşqimizi o evdə edə bilərik, tamaşamızı da oynayarıq. Sözüm sözdür.

Gün gələr bu müsahibəni Şuşada gerçəkləşdirərik. Əsas arzum odur ki, teatrı salamat halda Şuşaya qaytarım.
 
       
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Konkret.az-ın Analitik Qrupu “Azərbaycan” qəzetinin 15 oktyabr tarixində çıxan nömrəsini kəskin tənqid edib.

Qeyd olunub ki, qəzetdə yer alan rəsmi şəxslərin və deputatların məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq deyil. Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluqdur.

Ötən gün vitse-spiker Fəzail İbrahimli Milli Məclisdə çıxışı zamanı bu məsələyə də toxunub. O, həmin jurnalistlərin cəzalandırılması üçün çağırış edib.

Mövzu ilə bağlı Mətbuat Şurası idarə heyətinin etika komissiyasının sədri Qulu Məhərrəmli Yenisabah.az-a danışıb. O, faktlara söykənərək araşdırma aparan jurnalistlərin bu şəkildə təhdid olunmasının yolverilməz olduğunu deyib:

“Mən hesab edirəm ki, fakta əsaslanan yazılar, sanballı araşdırmalar, olduqca düşünülmüş, heç bir qərəz güdməyən araşdırma yazılarına görə heç kim jurnalistə təzyiq edə bilməz. Əgər biz hər hansı yazıda faktları təhrif etmiriksə, qərəzsiziksə, xüsusi bir məqsədimiz yoxdursa, davamlı olaraq bir obyekti tənqid atəşi altında saxlamırıqsa, heç kimin bizə ciddi iradı ola bilməz. Hansı səviyyədə olursa olsun, istər deputat olsun, istər hüquq-mühafizə orqanının işçisi olsun, istərsə də universitet müəllimi olsun əgər onunla bağlı konkret faktlara söykənən materiallar çap olunursa, araşdırmalar aparılırsa, jurnalistlərə təzyiq etmək, onları qorxutmaq, təhdid etmək doğru deyil. Bu statusundan asılı olmayaraq hər bir şəxsə aiddir. Konkret olaraq Milli Məclisdə səsləndirilən fikirlərə gəldikdə isə, fikrimcə, predmet ictimaiyyətə çox aydın təqdim olunmalıdır, jurnalistin qərəzi varsa, o üzə çıxarılmalıdır. Yox, əgər bunlar yoxdursa, jurnalistləri bu şəkildə təhdid etmək olmaz”.
 

Dünyapress TV

Xəbər lenti