Ardını oxu...
Sədrəddin Soltan: “Tehran daxildəki böhrandan diqqət yayındırmaq üçün etirazlarda Qərb “barmağı” axtarır”

İranda kütləvi etirazlar davam edir. Hicaba görə saxlanılan qızın ölümü ilə bağlı Rəşt şəhərində polis və etirazçılar arasında baş verən qarşıdurmadan sonra Tehranda Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyası keçirilib. Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Qarşıdurma yanğınlarla müşahidə edilir.

Analoji aksiya Məşhəd şəhərində də keçirilib. Qeyd edək ki, son günlər Məhsa Əminin əxlaq polisinin binasında ölümünə etiraz məqsədi ilə İranın bir çox şəhərlərində aksiyalar keçirilir. Kürdüstan əyalətinin Saqqız şəhərində bazarda mağaza sahibləri etiraz əlaməti olaraq mağazalarını açmayıblar. Müxtəlif şəhərlərdə qadınlar Əminin ölümünə etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsirlər.

AYNA qonşu ölkədə baş verənləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas ekspert Sədrəddin Soltanla müzakirə edib.

- Paytaxt Tehranda və İranın digər şəhərlərində yenidən kütləvi etirazlar baş qaldırıb. Cənub qonşumuzda nə baş verir?

- Son bir neçə ildə İranda etiraz aksiyaları müntəzəm olaraq baş verir. Bu aksiyalarının mahiyyətində isə sosial problemlərə etirazlar dayanır. Son hadisələr İranın Kürdüstan əyalətində 22 yaşlı bir gəncin əxlaq polisi tərəfindən qətlə yetirilməsi ilə başladı. Bu hadisədən sonra İranın müxtəlif şəhərlərində də anaoloji etiraz aksiyaları keçirilib. Xüsusilə, Kürdüstan əyalətində aksiyaların miqyası daha böyükdür. Polislə etirazçılar arasında tooquşmalar qeydə alınır. Rejim hicab qaydalarının pozulmasına görə insanları qətlə yetirir və son aksiyalar hakimiyyətin davranışına etirazdır.

Artıq əhali rejimin onların daxili işlərinə müdaxilə etməsindən təngə gəlib. Cəmiyyət artıq rejimin ailə məsələlərinə, insanların şəxsi həyatına müdaxiləsini qəbul etmək istəmir. 43 ildir davam edən bu siyasətə etiraz olaraq bu günə qədər çoxsaylı belə aksiyalar keçirilib. Son dövrlər isə bu aksiyaların miqyası daha da böyüyüb. Əxlaq polisi fəaliyyətini gücləndirir və əhali buna sərt formada etiraz edir. Məhsa Əminin qətlə yetirilməsi bu etirazlar üçün əsas impuls oldu.

- İddialar var ki, İrandakı etiraz aksiyalarında Qərbin də “barmağı” var. Bu iddiaları bölüşürsünüzmü?

- Bu gün dünyada siyasi nizam dəyişir və bütün diplomatik oyunçular çılpaq şəkildə öz maraqlarını ortaya qoyur. Lakin bu, o demək deyil ki, hər hansı ölkənin daxili etirazlarında mütləq hansısa kənar qüvvələrin rolu və iştirakı var. Kürdüstan əyalətində gənc xanımın qətlə yetirilməsini Qərb sifariş etmişdi? Qərb İranın əxlaq polisinə demişdi ki, get 23 yaşlı xanımı öldür? İran rejimi özü buna zəmin yaradır. Onlar insanların şəxsi həyatına müdaxilə etməsəydilər, bu aksiyalar da olmayacaqdı. Olduqca məntiqsiz bir bəhanədir ki, fars rejimi daim bundan istifadə etməyə çalışır. Çünki fərqindədir ki, insanlar artıq rejimin siyasəti ilə barışmaq niyyətində deyillər. Bunun qarşısını almaq üçün mənasız arqumentlərdən istifadə edirlər.

İran cəmiyyəti ictimai baxımdan aktiv cəmiyyətdir və dünya dəyişdikcə, onlar da dəyişməyə çalışırlar. 43 il qabaq baş vermiş inqilabın tələbləri həyata keçirilməyib. İranda inqilab islahatları yarımçıq qalıb. Cəmiyyət həyata keçirdiyi inqilabın nəticəsini görməyib. Günü-gündən ağırlaşan sosial, siyasi, iqtisadi, mədəni və s. sahələrdəki böhranlı vəziyyət öz növbəsində etirazlar doğurur. Bundan təbii ki, Qərb də öz maraqlarının təmin olunması istiqamətində istifadə edir. Misal üçün, gənc xanımın qətlə yetirilməsinə ABŞ dairələri, beynəlxalq təşkilatlar kəskin etiraz etdilər. Məhz molla rejiminin davranışları ABŞ və Qərbi buna təhrik edir. Fars rejimi 43 ildir islahat aparmır və həmişə olduğu kimi, daxildəki etirazlarda ABŞ, İngiltərə və İsrail “barmağı” axtarır.

- Rusiyaya qarşı təzyiqlər fonunda ABŞ-ın İrana qarşı da təzyiqlərə başlaması iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcəkmi?

- İranın Ali Dini Rəhbəri Əli Xameneyinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı verdiyi bəyanatlar bir daha sübut edir ki, İran Ukrayna məsələsində şimal qonşumuzun yanındadır və birmənalı şəkildə onu müdafiə edir. Və hərbi avadanlıq göndərməklə Rusiyaya açıq dəstəyini ifadə edir. Son günlər Ukrayna rəmsilərinin İranla bağlı söylədikləri - baxmayaraq ki, rəsmi Tehran bunu qətiyyətlə təkzib edir - İranın kimdən yana olmasını aydın şəkildə ortaya qoyur.

Ancaq bununla yanaşı, İranın öz maraqlarını Rusiyaya qurban verəcəyi qənaətində də deyiləm. Onların arasında əməkdaşlıq müəyyən bir yerə qədərdir. Bir müddət sonra maraqları toqquşacaq və yollar ayrılacaq. Çünki hər ikisi ağır sanksiyalara məruz qalır. Qarşıdakı dönəmdə hər iki ölkədə sosial-iqtisadi vəziyyət pisləşəcək. Bundan sonra İran ya Qərbin qarşısında boyun əyəcək, ya da anlaşmağa çalışacaq. Yaxın gələcəkdə İran il Rusiya arasında münasibətlər kəskinləşəcək.

- İranın Ermənistana dəstəyi davam edir. Sizcə, 44 günlük Vətən müharibəsindən sonra Tehranın ölkəmizə yönəlik təzyiqləri nədən qaynaqlanır?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra İranla Ermənistan daim müttəfiq münasibətlərində olub. Bu müttəfiqlik həm Azərbaycana, həm də Türkiyəyə qarşı yönəlib. İstər torpaqlarımız işğal altında olduğu dövrlərdə, istərsə də tarixi zəfərimizdən sonra İran daim Ermənistanı dəstəkləyib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindəki tarixi toponimlərinin adlarını bərpa etdi. Məsələn, Zəngəzur, İrəvan, Göyçə, Qarakilsə, Basarkeçər və digər erməniləşdirilmiş tarixi Azərbaycan torpaqları öz qədim adları ilə adlandırılmağa başlandı.

İran tərəfi tarixi Azərbaycan toponimlərinin bərpasından təşvişə düşüb. Fars rejimi Ermənistanın yürütdüyü siyasəti eynilə Güney Azərbaycanda həyata keçirir. Azərbaycana məxsus tarixi yer adları dəyişdirilərək farslaşdırılıb. Məsələn, Qaradağ mahalına Arazbaran, yaxud Muğana Parsabad adı verilib. İran Ərdəbilin yaşayış yerlərinin, çaylarının adlarını necə dəyişdiribsə, eyni addımları da Ermənistan atıb. Azərbaycan isə bu tarixi ədalətsizliyi aradan qaldırır. Göründüyü kimi, İran rejimi Azərbaycanın və Türkiyənin inkişafından narahatlıq keçirir və hər vəchlə buna mane olmağa çalışır. Bu siyasət bu gün də daam edir.

Müəllif: Azər Niftiyev
 
 

Ardını oxu...
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan arasında baş verən son gərginliklə bağlı AbzasMedia-nın suallarını cavablandırıb.

DİA.AZ sözügedən müsahibəni təqdim edir:

Elmar müəllim, Azərbaycan-Ermənistan arasında nə baş verir? Son hərbi gərginliklə bağlı nə düşünürsünüz?

- Biz əvvəldən də fikirləşirdik ki, delimitasiya və demarkasiya məsələlərini həll etməsək, belə hadisələr baş verə bilər. İki ildir uzadırdılar. Azərbaycan bildirir ki, sülh sazişi ilə bağlı məsələlərdə iştirak edəcək işçi qrupunun nümayəndələri hazırdır, ancaq Ermənistan tərəfi nala-mıxa vurur. Diplomatiyada sülhə məcburetmə anlayışı var. İlk məsələ Ermənistanla bağlıdır ki, əgər istəmirsinizsə belə hadisələr olsun, maraqlarınıza uyğun deyilsə, gəlin delimitasiya və demarkasiya məsələlərini həll edək. Gülməli şeylər danışırlar. Gah deyirlər ki, Qarabağ öz müstəqilliyini elan edir, sonra deyirlər ki, yox, Sovet dövründə adminstrativ xəritələr var idi, Moskvadan xahiş edək onu versinlər, onun əsasında işləyək. Yaxşı, əgər sən belə deyirsənsə, onda qəbul edirsən ki, həm Sovet dövründə, həm də ondan sonrakı illərdə Qarabağ Azərbaycanın tərkib hissəsi olub.

Müharibədən sonra Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, Ermənistan ordusu, hərbi infrastrukturu demək olar ki, sıradan çıxarılıb. Əgər Ermənistan belə zərbələr alırsa, niyə insidentlərdə maraqlı olmalıdır?

- Ona görə belə edirlər ki, Zəngəzur istiqamətində açılacaq koridora nəzarət etmək istəyirlər. Tranzit yoldan pul qazanmaq istəyirlər. Burada vergi və digər məsələlər var. Buradan nə qədər çox yük getsə, Ermənistanın dövlət büdcəsinə o qədər çox pul gedəcək.

Əgər Ermənistan yeni yaradılacaq kordidordan pul qazanmaq istəyirsə və təxribatları bunun üçün edirsə, belə olan halda da döyüşlərdə böyük vəsaitlər itirmir? Çünki son döyüşlərdə Ermənistanın sıradan çıxarılan hərbi infrastrukturu, texnikası bir neçə yüz milyon dollar dəyərində idi.

- Düz deyirsiniz, o da var. Fikir verdinizsə, elan etdilər. Bizim ordumuz təhlükəsizlik zonası yaradıb orada. Bunu ona görə ediblər ki, oradan Azərbaycanı atəşə tutmasınlar. Yüksəkliklər götürülüb. Belə bir təhlükəsizlik zonası yarada bildik. Əsas məsələ, orada şirkətlər işləyirdi, qızıl çıxarırdılar, onların da təhlükəsizliyi təmin edildi.

Bu təhlükəsizlik zonası harada yaradılıb?

- Təhlükə o tərəfdən gəldiyi üçün, əlbəttə ki, oradan. Son insidentdən əvvəl də Azərbaycan Müdafiə Nazirliyi elan edirdi ki, oradan Azərbaycan əraziləri atəşə tutulur. Bu o demək deyil ki, biz Ermənistanın ərazisinə keçmişik və s. Sadecə yüksəklikləri götürüb müşahidə edirlər ki, oradan silah keçməsin, yerləşdirməsinlər, bizi atəşə tutmasınlar.

Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalını qəbul etmişdi və Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün legitim əsas yaranmışdı. Sizcə, indi Azərbaycan diplomatik təmaslarda əlverişsiz vəziyyətə düşmür?

- Yox, inanmıram. Çünki hər ölkə öz təhlükəsizliyini qorumalıdır. Azərbaycanın mövqeyi burada yenə də möhkəmdir. Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh müqaviləsi var. Orada birinci odur ki, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, ikinci də odur ki, bir-birimizin ərazilərinə müdaxilə etmirik. Hansısa beynəlxalq təşkilat bu məsələni qaldırsa və ya sabah iki tərəfli danışıqlarda bu məsələ açılsa, Azərbaycan bildirəcək ki, biz təklifi vermişik, gəlin delimitasiya və demarkasiya məsələlərini həll edək, sülh sazişi imzalayaq.

Bəs necə düşünürsünüz, sizcə Ermənistan sülh sazişi imzalamağa razı olacaq?

Əlbəttə, yüzdə-yüz. Azərbaycan inkişaf etmək istəyir, Ermənistan da istəyirsə, gəlsinlər sülh sazişi imzalayaq. Sərhədlər açılsın, qonşuluq əlaqələri qurulsun.
Ardını oxu...
İlham Şaban: "İkinci böyük gəliri hökumət götürür..."

20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur. Pressklub.az Azərbaycanın neft-qaz sektorunun vəziyyəti, ötən illər ərzində əldə edilmiş gəlirlər, onların xərclənməsi və perspektivlərlə bağlı neft-qaz sektoru üzrə tanınmış ekspert İlham Şabanın fikirlərini öyrənib.

– İlham bəy, əvvəlcə qlobal enerji bazarındakı vəziyyətə baxışlarınızı öyrənmək istərdik. Çünki onun Azərbaycanın enerji bazarına təsirləri kifayət qədərdir. Bu təlatümlü dövr hələ çoxmu çəkəcək?

– Həqiqətən 2022-ci il dünya iqtisadiyyatı üçün gərgin oldu və belə də davam edir: postpandemiya dövrünün bu cür narahat və bəzi məkanlarda hətta əzablı yollarla irəliləyəcəyini yəqin keç kəs təsəvvürünə belə gətirmirdi, necə ki, ötən ilin sonlarında cari ildə neftin qiymətləri ilə bağlı verilən proqnozlar özünü doğrultmadı.

Proqnozların alt-üst olması isə cari ildə Avropa qitəsinin, həqiqətən II Dünya müharibəsindən sonra görmədiyi, görülməsi bəlkə də təsəvvür edilməyəcək bir duruma qədəm qoymasından qaynaqlanır. Bunun da bir səbəbi var: qəfil başlayan müharibə, özü də çox qanlı və irimiqyaslı bir müharibə. Onun fəsadları da ağırdır, bir xeyli fəsadları isə sonralar özünü göstərəcək. Özü də fəsadların aradan qaldırılması təkcə müharibənin başladığı kimi bitməsi xəbərinə bağlı deyil. Çünki Qərb dövlətləri ilə Sovet İttifaqının rəsmi varisi olan Rusiya Federasiyası arasında ötən əsrin 60-cı illərinin ortalarından başlayan enerji ticarəti artıq qürub dövrünə qədəm qoyur.

Bu il olmasa da, növbəti bir neçə ildə bu ticarətin hətta tam dayandırılması nöqtəsinə qədər inkişafı labüddür. Ticarət o yerdə inkişaf edir ki, satıcı və alıcı arasında qarşılıqlı etimaddan əlavə, mülayim münasibətlər də yaranır. Bu münasibətlər isə özünü sonradan siyasəti əlaqələrdə, mədəniyyətdə və turizmdə göstərir. Hazırda sadaladığım münasibətlər Qərblə Rusiya arasında artıq “illərlə tikilmiş körpülərin yandırılması” mərhələsində olmasa da, amma o körpülərdə gediş-gəlişin dayandırılmasına istiqamətlənib. Ötən il Rusiya Avropa bazarında 155 milyard kubmetr qaz satmışdı, cari il, Rusiya hökumətinin bu günlərdə səsləndirdiyi son qiymətləndirməyə görə, bu göstərici təqribən 50 milyard kubmetr az olacaq. Təbii ki, sonrakı illər daha da aşağı düşəcək.

Ona görə də xammal bazarları təlatümlü dövrlərini yaşayır və bazarda yaşanan hədsiz yüksək qiymətlər də onun nəticəsidir. Neft və qaz qiymətlərinin qlobal bazarda bahalı dövrü, hesab edirəm ki, hələ bir neçə il davam edəcək.

– Sizin dediklərinizdən belə başa düşmək olar ki, qlobal bazarda baş verənlər iqtisadiyyatı enerjidən asılı olan Azərbaycan üçün əlavə imkanlar yaradır.

– Bəli, gəlir baxımından birbaşa belədir. Rəsmi açıqlanan statistikaya görə, 2022-ci ilin 8 ayında Azərbaycanın neft gəlirləri 13,72 milyard dollar, qaz gəlirləri isə 10,32 milyard dollar təşkil edib. Ölkənin ümumi ixracı 26 milyard dollardan çox olub. Özü də bu o zaman baş verib ki, ölkədə hesabat dövründə əmtəəlik neft və kondensat hasilatı həcmləri 1 milyon 198 min ton azalıb. Bunu barelə çevirəndə bilirsinizmi nə qədər edir? Təqribən 9 milyon barel. Ona görə də bazarda qiymətin ölkəmizin əldə etdiyi qazanca çox böyük təsirləri var.

Dövlət Neft Fondunun təkcə bir layihədən – “Azəri-Çıraq-Günəşli” layihəsindən cari ilin 8 ayında əldə etdiyi gəlirə diqqət edək. Reallıqda bu, dövlətin payına düşən mənfəətdir – 6 milyard 629 milyon dollar. İndi baxaq ötən ilin 8 ayındakı nəticələrə – 3 milyard 488,5 milyon dollar. Artım 90% (!). Özü də qazancın az qala 2 dəfə artımı Azərbaycanın ən iri neft yataqları blokunda hasilatın 1 milyon tondan çox azalması fonunda baş verib.

– AÇG-dən söz düşmüşkən. Axı, Azərbaycanın “Neftçilər günü” elə bu layihə ilə bağlıdır. AÇG bir layihə kimi ona bəslənilən ümidləri doğrultdumu?

– Birmənalı olaraq, bəli. 28 il əvvəl Azərbaycan ilk neft müqaviləsini imzalayarkən qarşısına nə məqsədlər qoymuşdusa, onları reallaşdıra bilib: Yenicə müstəqilliyini qazanmış və digər postsovet ölkələrindən fərqli olaraq müstəqilliyinə ərazi bütövlüyünün sarsılması, 1 milyon qaçqın axını, hiperinflyasiya və hətta dövlət sektorunda belə əməkhaqlarının aylarla gecikdirilməsi kimi problemləri olan ölkənin arzusu nə ola bilərdi? Əlində olan mümkün potensialdan istifadə etmək, nəyisə kapitala çevirə bilmək və sadaladığım problemlərin aradan qaldırılmasına nail olmaq. Bəs Azərbaycanın qlobal bazarda kapitala çevirilə biləcək nəyi vardı? Nefti. Azərbaycan bundan istifadə etdi: “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqları üzrə bağladığı müqavilə əməliyyat şirkəti fəaliyyətə başlayandan 33 ay sonra ilk nefti verdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycan ilk partiya mənfəət neftini aldı və dekabrın 24-də Azərbaycan Prezidentinin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Fond xarici şirkətlərlə birgə hasilat fəaliyyətindən Azərbaycan dövlətinin payına düşən mənfəəti toplamalı və idarəçiliyində olan vəsaitləri artırılmalı idi.

2022-ci il 1 sentyabr tarixinə Neft Fonduna təkcə “Azəri-Çıraq-Günəşli” layihəsindən 162 milyard 2 milyon dollar vəsait daxil olub. Dediklərimi yekinlaşdırsaq, AÇG müstəqilliyini yenicə qazanmış ölkənin iqtisadi baxımdan dirçəlməsini təmin etdi, Azərbaycanın bir gənc ölkə kimi nəhəng ölkələrlə əlaqələrinin yaranmasına və bəziləri ilə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsini təmin etdi, ölkənin cəlbediciliyinin artması ona təkcə marağı artırmır, Azərbaycanda və regionda marağı olan ölkələrin təsirlərini də artırır. Bu baxımdan AÇG təkcə Azərbaycanın iqtisadi suverenliyinin onurğa sütunu rolunu deyil, həm də milli təhlükəsizliyimizin vacib elementi kimi ortaya çıxdı. Üç onillik işğalda olan ərazilərimizin azad edilməsi və onların bərpası kimi strateji məsələnin həllini isə xüsusilə vurğulamaq istərdim.

– Azərbaycanın AÇG-dən olan qazancı təkcə Neft Fonduna toplanan vəsaitlərdirmi?

– Yox. Azərbaycan AÇG layihəsindən bir neçə istiqamətdə gəlir əldə edir. Neft Fonduna daxilolmalar həmin gəlirin əsas hissəsidir, amma hamısı deyil. İkinci böyük gəliri hökumət götürür. Bu gəlir AÇG səhmdarlarının müqavilə şərtlərinə görə ödədikləri 25%-lik mənfəət vergisidir. Daha sonra AÇG müqaviləsində SOCAR 25%-lik payla iştirak edir, təbii ki, öz payına uyğun da mənfəət əldə edir.

Daha sonra Dövlət Sosial Müdafiə Fonduna AÇG layihəsi üzrə iştirakçıların, podratçıların və subpodratçıların ödədikləri köçürmələrdir. İndi bir göz önünə gətirin, 1995-ci ilin əvvəlindən – AÇG fəaliyyətə başlayandan vergi, təqaüd fonduna köçürmə, ağ mühasibatlıq deyilən şeylərin faktiki olmadığı bir ölkəyə “Əsrin müqaviləsi” maliyyə-hesabatlıq sistemində nə qədər yenilik gətirib və nə qədər vəsait büdcəyə cəlb edilib.

Bu da son deyil. Əsasən, son 15 ildə Azərbaycan şirkətlərinin, istər dövlət olsun, istərsə də özəl, aktiv surətdə AÇG-nin həyata keçirtdiyi layihələrdən hər il milyonlarla xidmət müqaviləsi çərçivəsində gəlirləri olmağa başladı. Özü də manatla deyil, dollarla.

– Amma nədənsə, belə məlumatların üzərindən hökumət sükutla keçir. Sizcə, hökumətin bunda marağı nədir? Nədən “Əsrin müqaviləsinin” ölkəmizə gətirdiyi gəlirlər bütün spektrləri ilə açıqlanmır?

– Təbii ki, bu suala dolğun cavabı yalnız hökumət özü verə bilər. Mənim müşahidə etdiyim odur ki, dövlət başçısının hökumətin qarşısında qoyduğu vəzifə qeyri-neft sektorunun inkişafı kimi strateji bir hədəfdir. Ona görə də hökumət bütün hesabatlarında qeyri-neft sektoru ilə bağlı məsələləri qabardır. Cəmiyyətə verilən mesaj isə budur ki, neft-qaz sektorunun hansı nöqtədən haraya gəldiyi məlumdur, indi onun gətirdiyi gəlirlərin qeyri-neft sahələrinin inkişafına necə xərclədiyimizə baxın.

Ümumən, burada pis bir şey yoxdur. Amma birinin rolunun artırılması digər sektorun iqtisadiyyatda tutduğu real mövqenin kölgədə qalması hesabına cəmiyyətə təqdim edilməsi də arzu olunan deyil.

Sizə sadəcə bir fakt açıqlayacam. Cari ilin 8 ayının nəticələrinə görə, Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun xüsusi çəkisi 92,82%-ə qədər artıb. Qayıdaq düz 10 il əvvələ, Dövlət Gömrük Komitəsinin 2012-ci ilin 8 ayının yekunlarına olan məlumata görə həmin göstərici 93,4% idi. Amma 10 il əvvəl Azərbaycan gündəlik olaraq 880 min barel neft və kondensat hasilatına malik idisə, Energetika nazirliyinin açıqlamasına görə, hazırda bu rəqəm 641 min bareldir. Yəni maye karbohidrogen hasilatında azalma tempi 27 faizdən çox olsa da, ölkənin ümumi ixracında neft-qaz sektorunun xüsusi çəkisi cəmi 0,62% azalıb.

– Niyə belədir?

– Çünki qaz hasilatımız artır. Neft azaldıqca onun yerini təbii qaz tutmağa başlayır. Son 5 ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 2 dəfəyə yaxın artıb və mavi yanacağa olan maraq onun qiymətini də artırdığından neft-qaz sektoru hökumətin əsasən də 2015-ci ildən başlayaraq qeyri-neft sektorunu “neft vəsaitləri” ilə geninə – boluna yaxşı mənada “sulamasına” baxmayaraq, yenə də öz mövqelərini qoruyub saxlaya bilir.

Bir sözlə, mən hər il təkrarladığım fikirlə söhbətimizi yekunlaşdırmaq istəyirəm: Azərbaycan neftçisi ona “Azneft” meydanında möhtəşəm heykəl ucaldılmasına layiq bir peşə sahibidir ki, onun fədakar əməyinin nəticəsi ilə kimdə məhəbbət hissi, kimdə qısqanclıq doğuran, kimdə isə qıcıq yaradan bir ölkə yaradılıb!
 
Ardını oxu...
Ərəstun Oruclu: "Həmin ölkələrlə kifayət qədər sərt danışılmalıdır. Əgər danışıqlar effekt vermirsə, səfirlik diaspor təşkilatlarını səfərbər etməli, belə hücumların qarşısını bu yolla almalıdır"

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına qarşı son günlər erməni radikalları tərəfindən hücumlar təşkil edilir. Ermənilər müxtəlif ölkələrdəki səfirliklərimizə yürüşlər təşkil edir, səfirlik binasına zorla soxulmağa cəhd göstərirlər. Məsələn, sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən basqın edilib. Hadisəyə etiraz olaraq Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı radikal erməni qruplarının törətdiyi cinayət səbəbilə XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Bundan əvvəl isə Livandakı səfirliyimizin qarşısında iki dəfə ermənilər təxribat törədiblər. Sentyabrın 16-da və 18-də törədilən təxribat cəhdinin qarşısı bu ölkənin hüquq mühafizə orqanları tərəfindən alınıb.

Sentyabrın 18-də Gürcüstandakı diplomatik nümayəndəliyimiz qarşıdında da ermənilərin təxribat cəhdi olub. Bir qrup erməni qadın səfirliyimizə yürüş etmək istəyib, lakin gürcü polisi bunun qarşısını alıb.

Diplomatik korpuslarımıza erməni radikallarının hücum səbəbləri, bəzən buna polisin etinasız yanaşması (Fransa polisi ermənilərin bu hərəkətinə etinasız yanaşdı - A.B), Azərbaycanın təhlükəsizliyi gücləndirmək üçün hansı addımları atmalı olduğu ilə bağlı AYNA-nın suallarını "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik bildirib ki, erməni diaspor təşkilatlarının belə radikal tədbirlərə əl atmasında məqsədləri Azərbaycanı "təcavüzkar dövlət" kimi təqdim etmək cəhdləri ilə bağlıdır:

- Bu aksiyalar sinxron şəkildə həyata keçirilir və fərqli ölkələrdə buna cəhdlər olur. Azərbaycanın ətrafında müvafiq informasiya mühiti yaratmaq istəyirlər ki, dünyaya neqativ şəkildə təqdim etsinlər. Bu, kompleks tədbirdir və bunun tərkib hissələrindən biri səfirliklər qarşısında aksiyalardır, səfirlik binalarına hücumlardır. Bununla yanaşı, xarici ölkələrin media orqanlarında, sosial şəbəkələrdə də paralel təbliğat həyata keçirilir. Sərhəddəki son toqquşmalardan sonra Azərbaycanı dünyada "təcavüzkar ölkə" kimi tanıtmaq yönündə təbliğatları geniş vüsət alıb. Özlərini isə "əzabkeş xalq", "təcavüzə uğrayan Ermənistan dövləti" kimi təqdim etməyə cəhd göstərirlər. Yəni ki, bu aksiyaların məqsədi budur. Beynəlxalq səviyyədə bunun təbliğatını aparmaqla məşğuldurlar.

- Maraqlıdır ki, ermənilərin bülə radikal tədbirlərinə bəzən göz yumulur. Məsələn, Fransadakı Azərbaycan səfirliyinə erməni hücumu zamanı bu ölkənin hüquq-mühafizə orqanları maneə yaratmadılar. Ümumiyyətlə, diplomatik nümayəndəliklərin təhlükəsizliyi necə qorunmalıdır, buna kim təminat verməlidir?

- Diplomatik missiyaların fəaliyyəti 1961-ci ildə qəbul olunmuş Diplomatik xidmət haqqında Vyana Konvensiyası əsasında tənzimlənir. Təhlükəsizlik və mühafizə məsələlərinə dair əlavə konvensiyalar var ki, onlara uyğun şəkildə səfirliklərin və diplomatik missiyaların mühafizəsi, təhlükəsizliyi bu missiyanı qəbul edən ölkə tərəfindən təmin olunmalıdır. Yəni ki, söhbət burada konkret olaraq, Azərbaycandan getmir. Azərbaycanın səfirliklərinin təhlükəsizliyinə və normal fəaliyyət göstərməsinə diplomatik missiyanın həyata keçirildiyi ölkə cavabdehlik daşıyıq. Səfirliyin yerləşdiyi ölkənin polisi bu işi həyata keçirməlidirlər. Ehtiyac yaranarsa həmin ölkənin xüsusi xidmət orqanları təhlükəsizliyin təmininə qoşulmalıdır. Müstəsna hallarda səfirliklər mühafizə üçün özəl şirkətlərə müraciət edə bilərlər. Amma şirkətlər səfirliklərin mühafizəsinin gücləndirilməsini yerli polis və digər xüsusi xidmət orqanları əməkdaşları ilə birlikdə həyata keçirməlidirlər.

- Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən basqınların qasrşısının alınması üçün bir çox təkliflər səsləndirilir. Bəzi ekspertlər bildirirlər ki, bütün ölkələrdəki səfirliklərimizdə özümüz mühafizəni təşkil etməliyik, hətta silahlı qorumaya almalıyıq. Lazım olduqda silaha davranılmalıdır ki, diplomatlarımızın can güvənliyini təmin edək. Bu nə dərəcədə mümkün variantdır?

- Dövlətin özünün diplomatik korpuslarının təhlükəsizliyini qoruya bilər. Amma diplomatik qayda və normalara görə, bunu yalnız səfirliyin daxilində təhlükəsizliyi təmin edə bilər. Hər bir ölkənin səfirliyinin daxili o dövlətin ərazisi sayılır. Lakin burada da silahdan istifadə və ya silahlı mühafizənin təmin olunması olduqca çətin prosedurdur. Və yalnız müstəsna hallarda mümkündür. Hətta səfirliyin daxilində dövlətin özünə məxsus təhlükəsizlik strukturları olduqları ölkənin polisi və təhlükəsizlik qüvvələri ilə koordinasiyalı işləməlidir. Silahla təminat məsələsi isə yenə deyirəm, çox nadir və müstəsna hallarda mümkündür. Çünki bu barədə hansısa beynəlxalq anlaşma və norma yoxdur.
Düzdür, müəyyən hadisələr olub ki, həmin hadisələr zamanı səfirlikdə silahlı mühafizə təşkil edilib. Məsələn, PKK terror təşkilatının başçısı Abdullah Öcalan Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunanda PKK tərəfdarları Avropada müxtəlif diplomatik nümayəndəliklərə hücumlar edirdilər. Türkiyənin BMT-dəki nümayəndəliyini tutmuşdular, digər ölkələrdəki səfirliklərinə hücumlar edirdilər. Xatırlayıram ki, belə hücumlardan biri də İsrailin Berlindəki səfirliyinə hücum təşkil edilmişdi. Amma İsrail səfirliyinin mühafizəçiləri silaha davranmış, bir neçə şəxsi öldürmüşdü. Xatırlamıram ki, atəşi açanlar kimlər idi. Çox güman ki, İsrailin özünün təhlükəsizlik xidmətinin əməkdaşları olmuşdu. O zaman da, Almaniyada ciddi skandal yaranmışdı. Nə qədər təəccüblü görünsə də, belə vandalizm aktlarına qarşı Konvensiyada adekvat tədbir nəzərdə tutulmayıb. Ona gör də silahdan istifadənin mümkünlüyü ciddi məsələdir, razılıq alınması çətindir.

- Azərbaycan diplomatlarının təhlükəsizliyini necə qoruçalıdır, bu istiqamətdə hansı addımları atmalıdır?

- Əslində səfirlik binasından kənarda diplomatlar son dərəcə müdafiəsizdir. Bu gün baş verənləri nəzərə alsaq, mənə elə gəlir ki, Azərbaycan hökuməti həmin ölkələrin rəsmiləri ilə danışıqlar aparmalıdır, onlardan səfirliyin təhlükəsizliyini tələb etməlidir. Bu, son dərəcə vacibdir. Məsələn, Londonda səfirliyə hücum edilirsə, Britaniya polisi passiv müşahidə edirsə, yaxud Parisdə davamlı şəkildə səfirliyə hücum edilirsə, Paris polisi buna müdaxilə edilmirsə, o dövlətlərdən buna görə hesabat istənilməlidir. Dediyim kimi, dövlətin öz diplomatlarını müdafiə imkanları son dərəcə məhduddur. Diplomatlar yalnız səfirliyin daxilində təhlükəsizliyi mümkündür, amma orada da odlu silahdan istifadə məhdud, hətta qeyri-mümkündür. Hesab edirəm ki, məsuliyyəti diplomatik missiyanı qəbul edən ölkələr daşımalıdır. Həmin ölkələrlə kifayət qədər sərt danışılmalıdır. Əgər danışıqlar effekt vermirsə, səfirlik diaspor təşkilatlarını səfərbər etməli, belə hücumların qarşısını bu yolla almalıdır. Bir diasporun başqa bir dövlətin səfirliyinə hücum etməsinə şərait yaradılırsa, o zaman səfirliyin öz diasporunu səfərbər etməkdən başqa yolu qalmır. Yəni ki, başqa yol yoxdursa, diasporaanın köməyi ilə hücumların qarşısı alınmalıdır.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
DİA.AZ əməkdar artist Cavanşir Məmmədovun “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Cavanşir bəy, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal sizə qarşı iddialarla çıxış edib. Bu məsələ ilə bağlı nə doğrudur, nə yalandır, bir də sizdən eşidək. Bu adam kimdir?

- 8 aydır ki, bu məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində istintaq işi gedir. İstintaq yekunlaşdı, mən ona olmazın yaxşılığını, hörmətini etdim ki, tutulmasın. Həmin 130 min dolarda mənim də, başqa yoldaşların da pulu var. Şahidlər, bank çekləri var. Sübutların hamısı istintaq materialı kimi verilib, onun səs yazıları da istintaq materiallarında var. O adam 6 cür fərqli izahat verib. Birində deyir ki, mən qəsdən Cavanşir müəllimin evinin yanında ev tutdum ki, pulunu mənimsəyə bilim. Bunu ərizəsində özü deyir. Dediyi ittihamların biri də düz deyil.

- Bəs onunla tanışlığınız necə olub?

- Bu adam pandemiyadan qabaq gəldi, birlikdə Türkiyədən mal gətirdiyi adam var idi. Gəldi dedi ki, onun toyu olacaq, çox cüzi məbləğə gedib toyunda oxudum. Tanışlığımız da elə oradan başladı. Mən küçədə dayananda yaxınlaşıb demişdi ki, toyda gəlib oxuyarsanmı? Mən də dedim küçədə söhbət etməzlər, sənət adamıyam, qapım hamıya açıqdır, gəl qalxaq evə.

Danışdıq, toy “Xarıbülbül”ün bağçalı zalında idi. Toyda gedib cüzi məbləğə oxuduq. Tanışlığımız belə oldu. Sonra bildik ki, toyu olan həmin oğlana da 2700 manat pul “atıb”.

Sonra pandemiya başladı, həmin vaxt gəlib mənə dedi ki, Türkiyədə bacımın toyudur, gəlib oxuyarsanmı? Mən bildirdim ki, gəlib orda türk mahnıları oxumalıyam, Azərbaycan mahnılarını başa düşməyəcəklər, həm də oraya getsəm gərək kollektivimdən ən azı 5-6 nəfəri özümlə götürüm, onların bilet pulu var, qısası razılaşmadım. Sonra dedi ki, pandemiyadır nə işlə məşğul olursunuz, əlavə biznesiniz filan varmı? Dedim ki, xeyr, yoxdur.

Həmin vaxt o kirayədə qalırdı, mənim də “Tarqovıy”da “Mado” restoranı ilə üzbəüz 4 otaqlı evim var, dedim ki, get onun 1 otağında qal, pul da lazım deyil. Gedib orada qaldı, anamın ruhuna and olsun ki, bir manat da pul götürməmişəm. Sonra iddia etdi ki, mən orada qalmamışam. Şahidlərin izahatında da orada qaldığı təsdiq olunur.

Mən koronavirusa yoluxmuşdum və yoldaşımla xəstəxanada idim. Həmin vaxt o da koronavirusa yoluxdu, mənə zəng vurdu, onu öz həyat yoldaşımın yanındakı palataya yerləşdirdim, qara bazardan müalicəsi üçün 3500 manatlıq dərmanlar aldım. Onu yağın balın, qaymağın içərisində saxlayıb, ayağa qaldırdım.

- Bəs o adam Azərbaycanda nə işlə məşğul idi?

- Onun 3-cü sinfə qədər təhsili var, özü də dələduzdur. Biznesmen filan deyil, gətirib Sədərəkdə kiməsə mal verirdi....

Bir də bunun dükanda işləyən bir dostu olub. Onun da Türkiyədə fabriki olub. O da deyirdi ki, pandemiya dövründə bir səhifə işlədirdi. Dedi ki, fabrikdən mən istədiyim malları düzəldək və gətirək burada bir yerdə bu işlə məşğul olaq. Mənim də bir dənə yerdən bir manat gəlirim yoxdur, 10 baş ailədir. Onu dolandırmaq lazımdır.

- Necə oldu bəs pulları aldı sizdən?

- Dedim ki, o puldan sən də qazanacaqsan? Dedi, bəli. Özü də söylədi ki, qardaşımın da pulu buradadır və aybaay oraya pul göndərirəm.

- Pulları səhm adıyla aldı sizdən?

- Bəli, səhm adıyla aldı. Başa düşürsünüz, səhm adıyla aldı və dedi ki, ayda 700 manat pul verəcəyəm sizə. Mən də dedim ki, pandemiyadır, bir manat gəlirim yox, nə ilə dolanım mən?! Maşını da satmağa qoymuşdum. O vaxtı satılmırdı, elə indi də satılmayıb.

Nə isə. Ona 10 min dollar verdim. Gətirdi bu 2 ay ərzində pulunu vaxtında verdi. Bunu ki, orada ölümdən qurtarmışam deyə, artıq mən buna inanıram, bel bağlayıram, “baba-baba” deyib qucaqlayır məni, başıma fırlanır. Evlərinə də zəng edib deyib ki, baba məni pandemiyadan qurtardı və s. Üstündən 2-3 ay keçdi. Mənə dedi ki, 30 min ver, ayda sənə daha artıq verim, qazancım çox olsun ki, artıq da verim. Mənim öz pulumu mənə verirmiş, sən demə. Başına gələn başmaqçı olar, bilməmişəm. Mənim də vur-tut evdə 100 min dollar pulum var. Maşını satmışam, bir də ki, mən 50 ildir “Kufədə qazilik edirəm”, 69 yaşım var. O pul mənə lazımdır axı, qara günüm-ağ günüm var.

50 ildə o pul nədir ki? Qazandıqlarımla uşaqları yerbəyer etmişəm. İndi də tək adamam.

- Və sonradan səhm adıyla yenə də pul verdiniz?

- Verdim, gətirib vaxtında da verirdi. Deyirdi, baba, pulu niyə saxlayırsan evdə? Varındırsa, ver, qoy, sənə ayda 10 min manat verim. Dedim, nəyə verərsən? Dedi ki, 100 min dollar versən, ayda 10 min manat verərəm. Əslində, 100 min dollara 10 min dollar verilməlidir belə baxanda. Çünki dollar verəndə dollarla da qaytarmalıdır. 10 min manatın da 6 min dollar edir.

Mən də düşündüm ki, 10 baş ailəni dolandırmaq var. Nə isə 100 min dolları evimdə verdim. Özü də nəvələrimin, yoldaşımın, qızımın yanında. Dedim ki, yazın səsini, yazdılar da. İstintaq işində var, onun icazəsi ilə yazılıb, xəlvəti yox.

Nəvəm həmin səs yazısında deyir ki, babam sənə 100 min dollar verdi? Deyir, hə, aldım.

- Amma şikayət ərizəsində yazıb ki, 20 min manat qaytarmışam...

- Yox, 20 min qaytarmayıb, Baş Polis İdarəsində bir gün yatdı, səhəri gəldi 10 min dolları verdi ki, azadlıqda gəzsin. Mənə yalvar-yapış etdi, ağlayırdı, əllərimdən öpürdü ki, qoyma, məni tutsunlar, mən işləyim burada, verim pulu. İndi getdi girdi həmin restorana, 8 ay orada işlədi, orada 15 min “atdı”.

- Restoranın adı nə idi?

- “032” nömrəli restoran.

- Siz ona ümumilikdə 100 min dollar verdiyinizi dediniz. Amma orada daha böyük məbləğdən söhbət gedir...

- Ümumilikdə ona 140 min dollar verilib. Başqa adamlardan da alıb.

- Sizin vasitənizlə?

- Bəli, elə mənim ətrafımda olan adamlara, hətta qonşualra da deyib ki, pulunuzu verin, Cavanşir bəyin pulu məndədir. Onlar da pandemiya dövründə işləmirlər. Sonra Türkiyəyə gedib telefonunu da bağladı.

- Pulları götürdü getdi?

- Yox, pulları hesabına köçürdü və getdi. Bildirdi ki, kartımda problem var, getdi Türkiyəyə. Həmin ərəfədə biz də Türkiyəyə getməliydik. Bizim biletlərimiz təbii ki, ayrı alındı, hətta biz ona kömək göstərirdik. Həmin ərəfə dedi mən də gedim sizinlə Türkiyəyə, kartımda problem yaranıb, burada pul çıxarmaq olmur və s. Hansı ki, bunların hamısı yalan şayiə idi. Orada da şantajlar, təhdidlər, bıçaq çəkmələr və s. Yəni kiməsə nəsə desəniz, sizi öldürəcəyəm və s. Onda yoldaşımla qızımı hədələyib. Gördüm, yoldaşım mənimlə qorxa-qorxa danışır. O dedi ki, mən Bakıya qayıtmayacağam.

- Deməli, getdi Türkiyəyə qayıtmadı.

- Hə, mən də yığıram, telefonu söndürülüb. Yoldaşıma deyirəm ki, bu niyə telefonu söndürüb? Deyir, o getdi o öz yerlərinə. Həmçinin, orada yoldaşımla qızımın üzərində nə qədər pul var idisə, bütün pullarını alıb ki, verin mənə, kartıma qoyum, çıxarıb sizə gətirəcəyəm. Hətta iddiada onu əlavə etməmişik.

- Bəs nə vaxt ayıldınız ki, bu, bizi aldadır?

- Telefonu söndürəndə. Telefona zəng edirəm, götürdü, dedim, Mustafa, bir gün qalıbdır, pulu göndərəcəksən? Dedi, göndərəcəyəm, narahat olma. Yoldaşım da mənə dedi ki, o, Qaziantepə gedib. Gördüm, o da mənimlə birtəhər danışır. Ayın 31-i oldu, 1-i oldu, 2-si oldu. Dedim, indi ola bilər də nə isə. Axırda yığdım onu, dedim, Mustafa, ayıbdır axı, mən durum buradan oraya gəlim? Yəni mənim qızımla yoldaşımı elə vəziyyətə qoymuşdu ki, buradan onlara pul göndərdik ki, onlar Bakıya dönsünlər. Yemək pulları belə yox idi, onların otelinə buradan yemək sifariş edirdi nəvəm. Sonda köməklik etdim, onlar qayıtdılar Bakıya. Həmin ərəfədə də bildim ki, qayıtmaq fikri yoxdur. Mənimlə danışdı, dedi ki, pulu verəcəyəm, narahat olmayın, problemlərim var və s. Həmçinin, onun kiçik yaşda övladı da var, onu da atıb gedib, öz həyat yoldaşını da şərləyib. Övladı da qalıb onun anasının yanında.

Hətta dedim ki, uşağı da gətir, qoy, qalsın sənin yanında. Oyuncaqlar göndərdik uşağına, yazığım gəldi. Biz ona etibar etmişdik axı.

- Bildiniz ki, sizi aldadır nə etdiniz?

- Axırıncı dəfə zəng etdikdə Mustafa deyən kimi telefonu söndürdü. Hər birimizin nömrəsini qara siyahıya əlavə etdi.

Bir neçə saat sonra nəvəm zəng etdi ki, heç olmasa yarısını gətir, evdə vəziyyət yaxşı deyil. Polisə müraciət edəcəyimizi bildirdik.

Polisə şikayət edəcəyimi bildirdikdə, polisi saymadığını və heç kimi tanımadığını dedi. Əlavə etdi ki, “qardaşımı da bıçaqlamışam, heç burda da polis mənə bir şey demir”.

Baş Polis İdarəsinə gəldik və şikayət ərizəsi yazdıq. Bizə bildirdilər ki, şübhəli şəxsi xaricdən bura gətirə bilmərik. Konstitusiyada belə bir qanun olmadığını qeyd etdilər. Azərbaycana gəldiyi zaman istintaqa cəlb olunacağını söylədilər.

O “Jasmin Park”da bizdən götürdüyü pul ilə ev almışdı. Türkiyəyə qaçdıqda maklerlə evin satışı barədə razılığa gəlib. Maklerə etibarnamə verərək evi satmasını və pulu ona göndərməsini xahiş edib. Hadisədən xəbər tutduğumuz zaman mənzillərə nəzarət edən səlahiyyətli şəxs ilə görüşdük. Mənzilin sahibi gəldikdə bizə xəbər etməsini bildirdik.

Satışa çıxarılan mənzilə alıcı çıxdıqda sahibkarın şəxsən burada olmasının vacib olduğu vurğulanıb. Azərbaycana gəldiyi zaman isə axtarışda olduğu üçün aeroportda saxlanıldı və həbs olundu. İki dəfə gəmi ilə qaçmağa cəhd edib.

Onun mənim kürəkənim olması ilə bağlı iddiaları yanlışdır və əsassızdır. Dünən hazırlıq məhkəməsi keçirildi. Sentyabrın 29-u yenidən məhkəmə keçiriləcək. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əmələ görə onu 10 ilə qədər azadlıqdan məhrum etmə gözləyir. Götürdüyü məbləği ödəmədiyi təqdirdə yenidən azadlıqdan məhrum olunacaq.
Ardını oxu...
Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video cəmiyyətdə birmənalı qarşılanmadı.

Bəs həmin görüntüləri kim çəkib?

Bu və digər qaranlıq məqamlara BAKU TV-nin hazırladığı sujetdə qazi, jurnalist Rey Kərimoğlu aydınlıq gətirib.

O, “Üzbəüz” verilişində maraqlı faktlara toxunub.

Daha ətraflı süjetdə:

 

Ardını oxu...
“Peşəkar ordu bir gecədə bu qədər döyüşçü itiribsə, ya ciddi irəliləyiş var, ya ciddi xəyanət! Yayılan videolarda yeni ərazilər, yeni əsirlər görünür. Bu o deməkdir ki, artıq Azərbaycanın geriyə yolu yoxdur. Gözü yaşlı tale dövrümüz bitib, gözü qanlı tarix dövrümüz başlayıb. Tarix yazanlarımızın dirisinə də, ölüsünə də eşq olsun!”. Bu sözlər sərhəddə baş verən döyüşləri dəyərləndirən şair Aqşin Yeniseyə məxsusdur.
Şairin motivasiya məqsədli bu paylaşımı bir çox sosial şəbəkə istifadəçisi tərəfindən təqdir olunsa da, əks mövqedə dayanan həmyerlilərimiz də olub. Onlar şairi dövlətin haqsız mövqeyini müdafiə etməkdə ittiham edib.

DİA.AZ-ın məlumatına görə, Aqşin Yenisey isə “Şərq”ə müsahibəsində deyib ki, bu və gələcəkdə ehtimal olunan döyüşlər onu göstərir ki, Qarabağ müharibəsi bizim üçün bitmiş hesab olunsa da, ermənilər və onların havadarları üçün bitməyib. Belə halda müharibənin heç bir alternativi qalmır:

- Ölkənin daxilində siyasiləşdirilmiş məlum sürülərin apardığı təbliğat da xalqın Qarabağ mövzusunda yekdil fikrini parçalamağa yönəlikdir. Məqsəd Azərbaycanın siyasi və hərbi gücünü xalq gücündən ayırmaqdır. İdeoloji mübarizəni psixoloji mübarizə səviyyəsinə endirməkdir. Ümumiyyətlə, Qarabağ konfliktinin adı dəyişib. 30 ildir bu konflikt münaqişə adlandırılırdı, indi isə onun adı haqlı olaraq Vətən müharibəsidir. Bu çox ciddi çağırışdır. Azərbaycan Ordusu bu gün öz vəzifəsini icra edir. Ölkənin suverenliyinə olan təhdidlərin qarşısını alır. Ordunun vəzifəsi budur. Təəssüf ki, bəzi vətəndaşlarımız tarixləri işğalçı müharibələrlə dolu olan və bü gün beynəlxalq gücü təmsil edən dövlətlərin kərənayını çalırlar. Bu beynəlxalq güclər 30 ildir ki, Azərbaycanda bəşəri dəyərlərin milli əcinnələrini yetişdirməklə məşğuldurlar. Yəni müharibənin daha təhlükəli forması da ölkənin daxilində gedir. Bu döyüşlər təkcə sərhədlərin xaricindəki düşmənləri deyil, eyni zamanda daxildəki düşmənləri də təmizləmək üçün tarixi bir zərurətdir. Bu müharibə Azərbaycan dövlətinin tarix qarşısında verdiyi "dövlət imtahanı"dır. Bu imtahandan "kəsilmək" indiyə qədər Azərbaycan uğrunda tökülən qanlara hörmətsizlikdir. Bu gün Azərbaycanı öz torpaqları uğrunda döyüşməkdən yayındırmağa çalışan Fransa yüz il İngiltərə ilə taxt-tac uğrunda müharibə aparan bir ölkədir. Bu gün Azərbaycanı havadarlıq etdiyi Ermənistana qarşı “ərazi iddiası etməkdə” beynəlxalq səviyyədə şərləməyə çalışan Fransanın Birinci Dünya müharibəsində öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməsini haqlı mövqe kimi müdafiə edən fransız yazıçısı Moris Barres deyirdi: “Yanlış tərəfdə də olsa, həmişə öz ölkəmin haqlı olduğunu müdafiə edərəm!”

Barres tək deyildi. Modern çağın, demək olar ki, bütün aydınları öz ölkəsinin, öz dövlətinin haqlı, haqsız mövqeyinin dəstəkçisi idi. Fransız filosofu Jülen Benda özünün “Aydınların xəyanəti” kitabında bu aydınları özü hərbi strateq olan Makiavellidən tutmuş cəbhəyə könüllü əsgər kimi yollanan Nitsşeyə qədər bəşəri dəyərləri milli dəyərlərə qurban verməkdə qınayırdı. Amma cifayda!

Qərb dəyəri dedikdə Qərb aydınlarının bu milli duruşuna da baxmaq lazımdır. Yoxsa Qərb humanizmini milli tumanizm (LGBT, eşcinsəllik, feminizm və s.) səviyyəsində təbliğ etməyin “beynəlxalq yaltaqlıq”dan başqa adı olmayacaq.
Əgər lazım gələrsə, Azərbaycan Ordusu bundan sonra yüz il də müharibə aparmağa hazır olmalıdır. Necə ki, İsrail dövləti özünü əbədi müharibələrə hazırlamaqla məşğuldur.

- Siz həm də zabitsiniz və döyüş təcrübəniz var. Bu gün insanları ən çox narahat edən bir gecəyə 50 şəhidimizin olmasıdır. Məhz bu fakta söykənən bəzi qruplar hətta ordumuz və dövlətimizlə bağlı antimilli mövqe belə sərgiləyir. Hansı hallarda itkilərin çox olma ehtimalı var?

- Ordu səngərdən çıxdısa, itkilərinin sayı çoxalır. Bu, əzəli müharibə qanunudur. İki-üç il əvvəl PKK ünsürləri ABŞ-ın hərbi dəstəyi ilə Suriya ilə sərhəd ərazilərdən Türkiyənin sərhəd bölgəsini raket atəşinə tutur, mülki əhalini qorxu içində saxlayırdı. Türk ordusu bu təhdidi aradan qaldırmaq üçün Suriya ərazisinə girməyə məcbur oldu. Bu gün eyni hal Ermənistan-Azərbaycan sərhədində baş verir. Və Azərbaycan Ordusunun vəzifə borcudur ki, düşmənin atəş nöqtələrini nə yolla olur-olsun susdursun. Xalq öz övladını əsgərliyə buna görə göndərib. Siyasi manipulyasiyalar isə təkcə şəhidlərin sayı üzərindən aparılmır, həm də onların nəşi üzərindən aparılır. Qərbin, Rusiyanın, İranın əlinə oynayanlar şəhidlərin dəfn mərasimlərini, şəhid ailələrini özlərinin iyrənc məqsədləri üçün istifadə edirlər. Bu cür adamlar üçün şəhidlərin sayının 50 və ya 500 olmasının heç bir fərqi yoxdur. Onlara Azərbaycan dövlətinin əleyhinə yararlana biləcəkləri elementar bir fakt lazımdır.

- “Bu döyüşlər təkcə sərhədlərin xaricindəki düşmənləri deyil, eyni zamanda daxildəki düşmənləri də təmizləmək üçün tarixi bir zərurətdir” –deyirsiniz. Bəs necə? Erməni ilə mübarizə aparmaq daha asandır, ən azı açıq səngərdir. Daxildə kimin əli kimin cibindədir, bəlli deyil. Şəhid dəfnlərini məzhəbçilər basıb. Şəhid atası, şəhid anası imkan verin balamı ağlayım deyir, Hüseynçilər isə qulaqardı edib Xiyabanda, vida mərasimlərində şaxsey-vaxsey deyir. Kimiləri xaricdə oturub Azərbaycanı Ermənistan ərazisinə təcavüz etməkdə ittiham edir. “5-ci kolon”un “xidmət”ləri isə saymaqla bitmir.

- Bu şəxslərin əksəriyyəti psixoloji problemləri olan vətəndaşlarımızdır. "Savaş sənəti" kitabının müəllifi general Sun Tzu da hələ qədim dövrlərdə çinlilərə bir ölkəni daxildən dağıtmaq üçün belə psixlərin əvəzsiz güc olduğunu söyləyirdi. Bunu ötən gün feysbukda da yazmışdım. Kritik məqam yaranan kimi Azərbaycana açıq-aşkar düşmən mövqeyi sərgiləyən Qərbin, Rusiyanın və İranın cəmiyyətimizə bir faydası var ki, ölkədə psixi pozuntuları olan nə qədər adam varsa hamısına yiyə durub, çörək verirlər.

- Ermənistan-Azərbaycan sərhədindəki prosesin arxasında hansı qüvvələrin “əli”ni müşahidə edirsiniz?

- Mən bu sahənin adamı deyiləm, yanlış təhlilə yol verərəm. Bu məsələnin daha çox xarici siyasətlə məşğul olan adamlara dəxli var. Ordu və vətəndaş üçün erməninin arxasında hansı gücün durmasının nə əhəmiyyəti var? Bəyəm erməninin arxasında Rusiya yox, ABŞ, ya da Fransa duranda güllə yarası öldürmür? Bizim üçün daha əhəmiyyətli olan Azərbaycan əsgərinin yanında və arxasında dayanmaqdır.
Ardını oxu...
Mariya: "Hər kəs mənim fiziki gücümü bilir. Özüm ağırlığında olan bəzi əşyaları fiziki olaraq daşıya bilmirəm"

Qaranquş ləqəbli 24 yaşlı Mariya hərbi həkimdir və Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adı altında başlatdığı müharibənin ikinci günündən Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. UNIAN “Qaranquş”la cəbhədə günlərin necə keçdiyi, əsgərlərin ən çox rast gəlinən xəsarətləri, dəstək, gündəlik həyat və qadının ordudakı yeri barədə danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan əvvəl Mariya (işğal olunmuş ərazilərdə qalmaq məcburiyyətində qalan qohumlarını təhlükəyə atmamaq üçün qız soyadını demir) öz yaradıcılığı ilə məşğul olurdu: şəkillər çəkirdi və kitab yazırdı. Lakin müharibənin ikinci günü Mariya könüllü olaraq Silahlı Qüvvələr sırasına qatıldı. “Qaranquş” Donbassın ən qaynar nöqtələrində döyüş təcrübəsi qazanıb. Bu gün Xarkov vilayətində bir bölmədə xidmət edir.

- Səni cəbhəyə getməyə nə vadar etdi?

- Yəqin ki, bütün könüllülər kimi, ölkəmin hücuma məruz qalması, mənim də kənarda dayanmağım mümkün deyildi. Ona görə də yoldaşımla səfərbərlik məntəqəsinə getdim və orduya yazıldım. Nənəmin işğal altında olan Melitopolda, anam və atamın Zaporojyedə olması, cəbhə xəttinin də onlara çox yaxın olması da həvəsləndirdi. Vətəni qorumağı özümə borc hesab edirəm.

- Bəs yaxınlarınız cəbhəyə getməyiniz xəbərini necə qarşıladılar?

- Qohumlarım, düzünü desəm, əvvəlcə zarafat etdiyimi zənn etdilər. Rusiya Federasiyasının qoşunları Kiyev vilayətindən tamamilə çıxarıldıqda, mənim Silahlı Qüvvələrdə xidmətə davam etmək fikrindən vaz keçəcəyimi düşünürdülər. Amma geriyə yol yox idi, sona qədər getməyə qərar verdim.

Atam hərbçi, anam isə müəllimdir. Anam ürəyimin səsinə qulaq asıb xidmətə getməyimə çox da təəccüblənmir. Onlar təbii ki, narahat oldular, amma sonda mənim seçimimlə razılaşdılar və indi dəstəkləməyə çalışırlar. Baxmayaraq ki, öz-özümə “Hər şeyi at, get evə, nəyinə lazımdır, sən kövrək qızsan!” deyən məqamlar olur... Amma inanıram ki, biz bu dəhşətlə və qonşularımızın davamlı təhdidləri ilə indi mübarizə aparmasaq, bu, əbədi davam edə bilər.

- Orduya gedəndə ilk təəssüratınız necə oldu? Qərarınızdan peşmansınız?

- Xidmətə girəndə ilk təəssürat... Bunu demək çətindir. Sadəcə xaos idi, müharibənin ilk günləri heç nə aydın deyildi, hamı çılğınlıq içində idi. Daimi qayğılar, daim harasa qaçmaq, nəsə etmək. Çox az yuxu, çox yorğun. Onda mənə hər şey çətin görünürdü.

Əslində Silahlı Qüvvələrin sıralarına qoşulduğum üçün heç vaxt peşman olmamışam və bu qərarı özüm üçün tamamilə düzgün hesab edirəm. Çox vaxt burada nə etdiyimi düşünürəm. Çünki, prinsipcə, fiziki göstəricilərim pis deyil, deyək ki, əsgər olmaq üçün yaxşıdır.

Oğlanlar - hamısı iri, sağlam, hündür və mən də beləyəm - 1 metr 60 sm, 40 kq, özümdən böyük bel çantası ilə gedirəm... Özümə tez-tez bu sualı verirəm, amma həmişə düzgün seçim etdiyim cavabını alıram. Çünki biz Donbassda olarkən çoxlu sayda insanı xilas etdim, bir çox uğurlu tibbi evakuasiyalar həyata keçirdik.

- Hərbi həkim kimi tam olaraq harada təhsil almısınız?

- Mən artıq müharibə zamanı, xüsusi olaraq hərbçilər üçün taktiki tibb kurslarda oxumuşam. Bu kurslar hərbçilərlə yanaşı çalışacaq və döyüş tapşırıqlarını da yerinə yetirəcək insanlar üçün nəzərdə tutulub.

- Döyüş zamanı həkim necə kömək edir?

- Döyüş və ya atəş zamanı ilk tibbi yardımın göstərilməsi qadağandır. Ümumiyyətlə, sovet döyüş filmlərində tibb bacılarının güllələrin altından yaralıları çıxarması heç də görünmür. Əslində bu, həm qanunla, həm də həkimlərin işlədiyi protokollarla qadağandır. Ona görə də, yaralı olsa, top atəşi və ya döyüş zamanı edə biləcəyimiz yeganə şey həmin insanın özünə kömək etməsidir. Əks təqdirdə, ya gözləməlisən, ya da komandirdən yaralıya kömək etmək, onu şərti "sarı zona"ya - az-çox təhlükəsiz zonaya çatdırmaq fürsətini verməsini xahiş etməlisən. Bu, bir növ hasar, beton plitə, ağac, hər hansı bir şey ola bilər ...

- Zəhmət olmasa, vəzifələriniz haqqında danışın, döyüş həkiminin funksiyalarına nələr daxildir?

- Əsasən, bir taqım həkimi kimi mənim rolum əgər biz sıfırdan bir az da olsa və sakit bir mühitə çıxarılsaq, bölməni müalicə etməkdir. Yəni kimsə xəstədirsə, kimin qarnı ağrıyır, kiminsə boğazı ağrıyır, onlara yardım etməkdir.

Mən sənədlərə əməl edirəm - kimin evə buraxıldığı və ya xəstəxanaya yerləşdirildiyinə baxıram. Əmin olmalıyam ki, bütün yaralılar həkim nəzarətində olsunlar və onlarda hər şey qaydasında olsun.

Söhbət döyüş mövqelərindən gedirsə, mənim vəzifəmə ilkin tibbi yardım göstərmək, yaralıların döyüş meydanından çıxarılması daxildir.

- Siz yalnız tibbi fəaliyyət göstərirsiniz, yoxsa digər döyüşçülər kimi döyüş tapşırıqlarını da yerinə yetirirsiniz?

- Həkimlər əslində döyüş tapşırıqlarını yerinə yetirirlər. Eyni şəkildə atırlar, eyni şəkildə piyada 10 kilometrlərlə yol gedirlər. Yəni burada hər şey çox dəyişkəndir. Vurmalıyamsa, təbii ki, bunu edəcəm, vuracam.

- Döyüş şəraitində kömək etdiyiniz ilk insanı xatırlayırsınızmı?

- Mən həkiməqədər yardım göstərdiyim hər bir insanı xatırlayıram. Allaha şükürlər olsun ki, onların sayı göründüyü qədər çox deyildi.

Ağır xəsarət alan ilk xəstələr eyni anda iki nəfər idi. Birinin sağ alt əzasından qəlpə yarası vardı. Digərinin sol qolunda qəlpə yarası var idi, demək olar ki, açıq sınıq, kifayət qədər ciddi zədə və qarın nahiyəsindən qəlpə yarası var idi. Deyə bilərəm ki, o an əsəbi və narahat deyildim, çünki özümə və hərəkətlərimə kifayət qədər arxayın idim.

Ardını oxu...

Təbii ki, kiçik bir həyəcan var idi, amma ümumiyyətlə, artıq köməyə ehtiyacı olan insanları görəndə başa düşdüm ki, mən bu xəsarətlərin öhdəsindən gələ bilərəm. Belə deyək, fikirləşirdim ki, indi hər şeyi yoluna qoyacağam. Prinsipcə, belə oldu, hər şey mükəmməl keçdi, evakuasiya uğurla keçdi. Məni narahat edən yeganə şey ətrafdakı bəzi insanların şok vəziyyətində olması, panikaya düşməsi idi. Qaçdılar, mənim başıma yığıldılar, bu, çox problem yaratdı. Həmin an ərim onları dağıdaraq mənə kömək etdi ki, daha böyük panika yaratmasınlar. Ən böyük panikanın çiyinlərindən tutub sarğı axtarması idi, sonra özünə gəlib nəsə etmək üçün qaçdı.

- İşinizdə ən çox hansı xəsarətlərlə rastlaşmısınız?

- Tez-tez parçalanmış lezyonlar qarşıma çıxır. Bir parça bədənin bəzi hissəsində olduqda adətən kütləvi qanaxma ilə nəticələnir. Və kütləvi qanaxma ən çox görülən öldürücü haldır.

- Yaralılardan hansını əvvəlcə təxliyə etmək üçün seçirsiniz?

- Əvvəlcə kimin təxliyə ediləcəyi ilə bağlı seçim demək olar ki, yox idi. Bütün yaralıları dərhal təxliyə edirik.

- Amma təəssüf ki, hər kəsi xilas etmək mümkün olmur. Döyüş həkimləri seçimi necə edirlər?

- Allaha şükür, indiyə qədər elə bir təcrübəm olmayıb ki, kimsə qucağımda ölsün. Hamını çıxarmışıq, hamı sağ qalıb. Və bu böyük xoşbəxtlikdir. Birinci insan öləndə mən hələ də bilmirəm bu haqda nə hiss edəcəm. Ümid edirəm ki, belə bir insan olmayacaq.

- Belə ağır şəraitdə döyüş ruhunu qoruyub saxlamağa nə kömək olur?

- Necə saxlamaq olar? Əslində əsas odur ki, yaxınlarınızın dəstəyi var. Birlikdə xidmət etdiyim həyat yoldaşım var, bu baxımdan çox şanslıyam. Və təbii ki, qohumlarımızı xatırlayırıq, ailəmizi düşünürük, gələcək üçün bəzi planlar qururuq. Bunlar dayanmağa kömək edən amillərdir. Unutmamaq lazımdır ki, həyat təkcə müharibədən ibarət deyil. Müharibə nə vaxtsa bitəcək və siz yaşamağa davam etməli olacaqsınız, ona görə də nəyisə planlaşdırmaq və gələcəyinizi, hətta indi də öz düşüncələrinizlə qurmaq vacibdir.

- Hazırda cəbhədə tibbi yardımla bağlı vəziyyət necədir?

- Tibbi yardım baxımından mənə elə gəlir ki, bütün materiallar heç vaxt kifayət etməyəcək. Yırtılmayacaq qədər keyfiyyətli turniketlər yoxdur. Buna görə də, mənim fikrimcə, turniketlər, tıxama stikerləri və termostatlar həmişə kifayət etməyəcək bir şeydir və mən bir az daha çoxunu istərdim. İndi də turniket almaq üçün yerlər axtarıram, çünki bilirəm ki, mənim bölməmdəki bütün oğlanlar üçün əlimizdə olanlar kifayət qədər deyil.

- Sosial şəbəkələrdə gördüm ki, vəsait toplayırsınız. Bu kampaniya nə üçündür?

- O deyil ki, mən xüsusi olaraq könüllülüklə məşğulam. Amma müəyyən auditoriya topladım və buna görə müəyyən üstünlük var, insanların məni eşidə biləcəyi, anlayış göstərməsi halı var. Mən bölməmizin ehtiyacları üçün vəsait toplayıram. Bunlar bədən zirehləri, avtomobillər, boşaltma kəmərləri sistemləri və hər cür başqa şeylər ola bilər. Bəzən digər bölmələrə kömək edirəm. Görəndə ki, orada həqiqətən də real insanlar və ya tanıdığım adamlar var, xəbəri yayıram.

- Bizə həyatınızdan danışın. Belə kövrək qadın çəbhədə necə sağ qalır?

- Bu normaldır, prinsipcə, mən sağ qalıram. Əslində oğlanlarımız şəndirlər, demək olar ki, həmişə müsbət notdadırlar. Onlarla xidmət etmək əyləncəlidir (gülür).

Gigiyena ilə bağlı problemlər var, çünki xüsusilə isti suda yuyulmaq həmişə mümkün deyil. İndi də soyuq olacaq...

Qidalanma ilə bağlı da problem indi yoxdur. Donbassdakı səngərlərdə vaxt və imkan olanda əlimizdə olandan bişirirdik. Adətən bir növ bitkiyə ət konservləri əlavə edilirdi, hər şey qarışdırıldı - ətli yemək alınırdı. Bir dəfə şorba, plov var idi, o müddətdə başqa belə şeylər bişirməyə vaxtımız yox idi. İndi vəziyyət bir az fərqlidir. Aşpazların bizim üçün yemək hazırladığı yerdəyik. Gündə üç dəfə yemək yeyirik, əgər uzaqda olmasaq. Əks halda - enerji barları, enerji içkiləri və quru yeməklərlə keçinirik.

- Dediniz ki, ərinizlə eyni bölmədə xidmət edirsiniz. Cəbhədə münasibətləriniz dəyişmədi ki?

- Münasibətlərimiz daha açıq və səmimi olub. Çünki eyni səngərdə yaşayırsansa, yaxınlaşmamaq mümkün deyil. Fizioloji ehtiyacları, xarici vəziyyəti, bir insanın onsuz da pis görünüşü olanda, bir ay yuyunmayanda, hətta qoxulara fərqli səviyyədə alışmağa başlayırsınız. Əvvəllər çox mehriban olduğumuzu düşünürdümsə, indi buna nə ad verəcəyimi də bilmirəm...

- Hələ də belə bir stereotip var ki, əsgərlik qadın işi deyil. Bu məsələyə münasibətiniz?

- Bu ifadə tez-tez eşitmişəm, mənə də ünvanlanıb. "Sən bura aid deyilsən, qadınsan, kövrəksən, arxada bir yerdə olmalısan və s" çox deyilib. Amma reallıqlar elədir ki, qadınlar əslində xidmətdə öz vəzifələrinin öhdəsindən kifayət qədər yaxşı gəlirlər və bu, faktdır.

Çoxlu qadın var - həm tüfəngçi, həm həkim, həm snayper, həm də siqnalçı. Hərbinin hər sahəsində çoxlu qadın var. Əlbəttə ki, kişilər daha çoxdur, amma yenə də bu, qadın cinsinin nümayəndələrinin öz vəzifələrinin öhdəsindən daha pis gəlməsi demək deyil. İndi elə oldu ki, mən də daxil olmaqla, üç taqım həkimimiz var, amma şikəstlərə baxan həkim yox idi. Mən şirkət həkiminin vəzifələrini yerinə yetirirəm, çünki digər həmkarlarımdan ikisinin tibb təhsili olmasına və kişi olmasına baxmayaraq, bunun öhdəsindən ən yaxşı şəkildə mən gəlirəm. Bölük komandiri məni həkiməqədər qayğı və bütün bu prosesi idarə etməkdə ən çox təcrübəyə malik olan şəxs kimi qeyd etdi. Yəni ki, əslində mən həmkarlarımdan heç də pis deyiləm, bəzi hallarda isə daha yaxşı işləyirəm.

- Heç cinsə görə ayrı-seçkilik yaşamısınızmı?

- Belə bir şey yoxdur. Hər kəs mənim fiziki gücümü bilir. Məsələn, mən demək olar ki, özüm ağırlığında olan bəzi əşyaları fiziki olaraq daşıya bilmirəm. Və buna normal yanaşırlar.

- Kişilər arasında təksən. Bu qədər güclü cinsin nümayəndələri arasında olmaq rahatdırmı?

- Bölükdə qızlar var, çoxu qərargahda xidmət edir. Bəli, mən bir qadınam, amma bu o demək deyil ki, mənə qarşı pis rəftar və ya ayrı-seçkilik edirlər. Məni çox isti qarşıladılar. İndi biz mühazirələr oxuyuruq, taktiki təbabətlə məşğul oluruq. Döyüşçülərin çox xoşuna gəlir, maraqlanırlar, çoxlu suallar verirlər. Əslində bu, xoşuma gəlir. İşimin nə qədər vacib olduğunu başa düşəndə ​​çox sevinirəm.

Ardını oxu...

Bu bölmədə kifayət qədər ciddi uşaqlar var, onların artıq döyüş təcrübəsi mövcuddur. Bunun nə olduğunu və niyə olduğunu başa düşürlər. İnsanlar onlara verdiyiniz məlumatla həqiqətən maraqlananda çox gözəldir. Və təbabət və təxliyə məsələlərinə vicdanla yanaşırlar. Mən desəm ki, ilkin tibbi yardım qablarını yoxlamaq lazımdır, əslində onlar gəlib növbə ilə qablarını göstərəcəklər.

- Hərbi qulluqçunun ilk yardım çantasının içində nə olmalıdır?

- Əsgərlərin döyüş ilk yardım dəstlərində iki turniket olmalıdır. Eyni zamanda, ümumiyyətlə hələ də zirehdə, boşaltma kəmər sistemlərində iki əlavə var. İlk yardım dəstinə homeostatik sarğılar, okklyuziv stikerlər, sıxıcı elementli İsrail sarğıları, adi sarğılar, həmçinin nazofarenks borusu olmalıdır. Bunlar əsas alətlərdir.

- Silahlı Qüvvələr sıralarına daxil olmağa hazırlaşan qadınlara nə məsləhət görərdiniz?

- Silahlı Qüvvələr sıralarına daxil olmaq istəyən qızlara əvvəlcədən məşq etməyi və hazırlaşmağı məsləhət görə bilərəm. Həm fiziki, həm də mənəvi cəhətdən. Bu, göründüyü qədər sadə deyil, ona görə də işləmək istədiyiniz istiqaməti əvvəlcədən seçməyi və bu sahədə müəyyən biliklər əldə etməyi məsləhət görürəm. Çox uyğun olacaq. Onu da deyim ki, taktiki tibb kursları və mülki həyatda atıcılıq kursları çoxdur.
Ardını oxu...
Müəllif: Turan Abdulla
 
 


Ardını oxu...
Tanınmış və sevilən müğənni Almaz Saraylı Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Almaz Saraylı... Bu ad illərdir bir çoxlarına tanışdır. Yadımdadır, mən o vaxt balaca uşaq idim, üzünüzü görməsəm də adınızı əzbər bilirdim. Hər dəfə evdə sizin Bakı kəndlərində qız toylarına getməyinizdən danışardılar. Hətta anamın, xalalarımın da toylarını siz oxumusunuz. Məncə illər sizi heç dəyişməyib. Müğənnilik sənətinə necə və kimlərin təsiri ilə başladınız?

- Öncə müsahibə üçün sizə və kollektivinizə təşəkkür edirəm. Mən qarmon sinfini bitirib, bir neçə il müəllim işləmişəm. Sonra da məndə oxumağa həvəs oyanıb. Nə bilim, Allah vergisidir də. Nə oxumuşam, necə oxumuşam, necə müğənni olmuşam, bunu tamaşaçılarım deyə bilər. Xalq artisti Ağaxan Abdullayevlə toylarda bir səhnəni paylaşmaq mənə də nəsib olub. Sabir Əliyevlə, Məmmədbağır Bağırzadə ilə də işləmişəm. Allah onlara qəni-qəni rəhmət etsin. Onların hərəsindən bir şey öyrənmişəm, götürmüşəm. Gərək hər şey daxildən gəlsin. Mən hələ indi də nələrsə öyrənirəm.

- Bəlkə də barmaqla sayılan sənətçilərdənsiniz ki, efirlərə çıxmadan məşhurluq qazanmısınız. Bu gün də sizi efirlərdə çox nadir hallarda görürük. Dəvət edən yoxdur yoxsa başqa bir səbəb var?

- Efirlərə çox dəvətlər gəlir. Hər birinə təşəkkür edirəm. Əlbəttə ki, efirdə bilməliyəm ki, mənim yanımdakı qonaq kim olacaq? Ona görə də heç kimin xətrinə dəymədən öncə bunu soruşuram. Özüm də efir həvəskar deyiləm, çalışıram ki, az-az görünüm. 3 aydan bir efirlərə çıxıram. Lap əvvəldən belə olmuşam. Mahnılarım dillər əzbəridir. Allahımdan çox razıyam ki, mənə gözəl ürək verib. Heç kimin xətrinə dəymədən öz həyatımı yaşayıram. Bu gün də toylara dəvət alıram. Görsəm ki, səsim işləmir, xalq məni toylara dəvət etmir, heç vaxt buna görə fikir etmərəm. Sevənlərim mənə bəs edir. Xalqımızın xoş günləri təki çox olsun, mən də onları bu balaca səsimlə gedib təbrik edim.

- Almaz xanım, sizi tamaşaçılara sevdirən əsas xüsusiyyət nədir?

- Bu neçə illər ərzində hər zaman Azərbaycan qadını adını uca tutmuşam. İstər geyimimlə, istər danışığımla, istərsə də başqa hərəkətlərimlə. Heç kimin arxasınca bir söz danışmamışam, heç kimin bostanına daş atmamışam, kiminsə şəxsi həyatına müdaxilə etməmişəm. Bütün sənət dostlarımı da olduqları kimi qəbul etmişəm. Bir dəfə eşidə bilməzsiniz ki, hansısa sənətçinin arxasınca nəsə danışım. Hətta bilirəm ki, sənəti yoxdur, amma yenə də danışmamışam. Sual belə ünvanlayıblar, yenə də üstündən keçmişəm. Mən efirə çıxanda hər ailənin qonağı oluram. Onlar mənim geyimimə də, oxumağıma da, səsimə də fikir verirlər. Səsimdə bir az xırıltı ola bilər, bu səsdir, hər bir kəsdə olur. Mənə elə gəlir ki, sadaladığım bu xüsusiyyətlər məni tamaşaçılara sevdirib.

- Toyda oxumaq çətindir, yoxsa səhnədə?

- Mənim üçün fərq etməsə belə toyda oxumaq daha çətindir. Səhnəyə çıxanda sənə başqa bir enerji gəlir. İstədiyimi oxuya bilirəm. Efirlərdə 5 dəqiqədən artıq oxumaq olmur. Bilmirəm bu müddət ərzində təsnif oxuyum, ya muğam, ya mahnı. Xanım İsmayılqızından, rəhmətlik Tahir Əkbərdən o qədər gözəl mahnılar almışam ki. Yarım saat, 40 dəqiqə mənə vaxt versinlər, görün nələr oxuyuram. İndi toy mahnıları oxuyuram, deyirlər ki, “hə toy oxuyanıdır”. İstərdim ki, öz musiqiçi kollektivimlə efirlərdə görünüm. Fonoqram oxuyanda utanıram. Hətta mikrofon verirlər, onu da götürmürəm. Çünki ayıbdır, mikrofonu nə üçün yalandan əlimdə tutum ki?! Guya canlı oxuyuram?!

- Şou-biznesdə bəzi hallarda kimlərəsə “filankəs toy müğənnisidir” deyib, tənə edənlər, indi özləri bütün günü toylardadır. Bu sözlər bəzi hallarda sizə pis təsir etmir?

- Xeyr, mən deyilən bu sözlərin heç birinə qulaq asmıram. Bu gün hamı toylara gedir. Müğənni ya toyda olar, ya da səhnədə.

- Almaz xanım, mən bilirəm ki, sizin qohumlardan bu sahədə olan insanlar var. Onlardan bir neçəsinin adını çəkə bilərsiniz?

- Mənim nəslimizdən bir neçə xalq artisti çıxıb. Xalq artisti, rəqqas Əlibaba Abdullayev anamın əmisidir. Nailə Mirməmmədli mənim əmim qızıdır. Allah ona rəhmət etsin. Gözəl səsli Elnarə Xəlilova, Mina xalam nəvələridir.

- Prodüsseriniz varmı?

- Xeyr, prodüsserim yoxdur, buna heç ehtiyac da duymuram. Toyları da özüm danışıram, işlərimi də özüm görürəm. Görün müğənnilərin ətrafında prodüsserlərlə bağlı nə qədər söz-söhbət oldu. Adamın heç qohumunun özü üçün ürəyi yanmır, prodüsser sənin üçün nə edəcək?! Prodüsser ilk növbədə iş görməlidir, pul fikirləşməməlidir. Təbii ki, iş olanda pul da gələcək.
Ardını oxu...
ABŞ-da resessiya riski mövcud olsa da, bundan yan keçmək mümkündür.

APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Cenet Yellen CNN-ə müsahibəsində bildirib.

Yelen bildirib ki, Federal Rezerv Sistemi (FED) inflyasiyanı cilovlamaq üçün maliyyə siyasətini sərtləşdirir. Bu da resesssiya riskini artırır.

“Biz resessiya riskini görürük. Lakin bizim əmək bazarımız etibarlı olduğu üçün bunun öhdəsindən gələ bilərik. Lakin inflyasiya çox yüksək həddədir və biz bunu azaltmalıyıq” – deyə iqtisadçı bildirib.

Qeyd edək ki, iyun ayında ABŞ-da son 40 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İyulda isə inflyasiya nisbətən azalaraq 8,5%-ə enib. FED inflyasiyanın qarşısını almaq üçün uçot dərəcəsini artırıb.
 

Dünyapress TV

Xəbər lenti