Ardını oxu...
Azər Qasımlı: “Sərhəddəki hərbi toqquşmalara uzun müddət ara veriləcək”

Sentyabrın 13-15-də Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribat və nəticədə baş verən silahlı toqquşma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqların, sülhə doğru əldə olunan xırda razılaşmaların üzərindən xətt çəkmiş oldu. Düzdür, hazırda yenə müəyyən danışıqlar aparılır, amma diplomatik gərkinlik hələ də yaşanmaqdadır.

Artıq tərəflərin ritorikasında da dəyişikliklər müşahidə olunur. Rəsmi Bakının İkinci Qarabağ müharibəsindən sonra təklif etdiyi sülh gündəliyindən İrəvan hər vəchlə yayınmağa çalışır. Vaxt uzatmaq baxımından siyasi oyunlar oynayan Nikol Paşinyan hökuməti müxtəlif bəyanatlarla prosesi pozmaqdadır.

Yaşanan diplomatik gərginliyi, Bakının və İrəvanın mövqeyi ilə bağlı məsələləri AYNA-ya müsahibəsində şərh edən Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı xatırladıb ki, müharibədən sonra xırda atəşkəs pozuntularını nəzərə almasaq, xeyli müddət sakitlik hökm sürürdü:

- Rusiyanın hərbi kontingenti Qarabağda yerləşdirilib və hər iki tərəf də bunu qəbullanmışdı. Qərbin də bölgədə aktivliyini görmürdük. Xatırladım ki, bu il ABŞ-ın Minsk Qrupunun bərpası ilə bağlı çıxışları oldu. Ondan bir il əvvəl, məsələn, 2021-ci ilin Novruz bayramında Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunun mətninə diqqətlə baxsaq, görərik ki, orada Minsk Qrupunun adı çəkilmir. Halbuki müharibədən əvvəl ABŞ-dan gələn məktublarda həmsədrlik institutunun problemin həllində iştirakı məsələsi var idi və s. 2021-ci ildə isə bunu görmürdük, ta ki, bu ilin yayınadək. Bunun səbəbi o idi ki, hər kəs situasiyanın bu şəkildə qalmasından yana idi. Müharibədən sonra yaranan status-kvo qəbul edilirdi. Eyni zamanda, Qərb Ukrayna ətrafındakı prosesləri izləyirdi. Böyük ehtimalla, Qərbin strategiyası o idi ki, Ukrayna məsələsi həll ediləndən sonra postsovet məkanının digər bölgələrinə diqqət ayırsınlar. Bir növ, Ukrayna postmünaqişəsini gözləyirdilər.

Belə alındı ki, sentyabrda Ermənistan-Azərbaycan sərhədində toqquşmalar baş verdi və bu, Qərbi münasibət bildirməyə vadar etdi. Bundan əvvəl də Qarabağda müəyyən insidentlər baş verdi - Fərrux dağı ətrafındakı hadisələr oldu. Fərrux dağı hadisəsindən sonra Qərbin Azərbaycana təzyiqi başlamış oldu. Çünki güclü tərəf Azərbaycandır, Qərb düşünür ki, Bakıya təzyiq daha məqsədəuyğundur. Rusiya Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Moskva susqunluq göstərdi. Qərb də təbii ki, başa düşür ki, müəyyən oyun gedir. Bu səbəbdən də ABŞ Minsk Qrupunun bərpasını yenidən gündəmə atdı.

- Minsk Qrupunun bərpasında İrəvan maraqlıdır. Görünür, ABŞ bu məsələdə Ermənistana dəstək verir...

- Sentyabr döyüşlərindən sonra ABŞ Ermənistana açıq dəstək nümayiş etdirdi. Amma bu, hələlik sözdə olan dəstəkdir. Nensi Pelosinin Ermənistana səfəri də İrəvana dəstəkdir. Düzdür, bir çoxları bunu Konqresə keçirilən seçkilərdə erməni lobbisindən dəstək almaq üçün atılan addım kimi qiymətləndirdi. Amma bu, savadsız və məntiqsiz dəyərləndirmədir. Nəzərə almaq lazımdır ki, Pelosi 30 ildən çoxdur ki, Konqresdədir. İndiyə qədər erməni dəstəyi lazım deyildi, indi lazım oldu? Belə məsələdə manipulyasiya etmək lazım deyil. ABŞ Ermənistana dəstəklə yanaşı, təbii ki, diplomatik kanallar vasitəsilə də rəsmi Bakıya təzyiq etdi. Məsələn, Blinkenin İlham Əliyevə telefon zəngi. Böyük ehtimalla, bizim bilmədiyimiz, mediaya açıq olmayan kontaktlar olub, mesajlar verilib. Hazırda vəziyyət budur və indiki durum həm Paşinyanın, həm də Əliyevin ritorikasında dəyişikliyin olmasına gətirib çıxarıb.

Bir önəmli məsələ də var. Madam ki, Paşinyan BMT-dəki çıxışında Əliyevə "Ermənistanın hansı xəritəsini doğru hesab edirsiniz, təqdim edin" deyir, buna cavab verilməlidir.

- Söhbət hansı cavabdan gedir?

- Düşünürəm ki, Paşinyan bu çıxışı ilə müəyyən mənada sülhə çağırış etdi. Bunu sülhə çağırış kimi qəbul etmək mümkündür. İkincisi, bunu Ermənistan tərəfindən "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyə bilərik" mesajı kimi qəbul etmək mümkündür. Paşinyan bir növ topu Azərbaycan tərəfinə atdı və bütün dünyaya bəyan etmiş oldu ki, İrəvan sülhdən yanadır. İndi top bizim meydançadadır. Hesab edirəm ki, Azərbaycanın, Əliyevin cavabı belə olmalıdır: "Siz Azərbaycanın sərhədlərini, ərazisini necə görürsünüz, həmin xəritəni göstərin". Çünki son yüz ildə Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul olunan iki xəritəsi olub: biri 1919-cu ildə Paris konfransında qəbul olunmuş xəritədir - hansı ki, o xəritədə Zəngəzur bizim ərazidir. İkinci xəritə isə 1991-ci ildə, müstəqilliyimizi bərpa edəndə BMT-yə göndərdiyimiz xəritədir - hansı ki, buna əsasən BMT Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Düzdür, bu xəritədə Zəngəzur bizim ərazi deyil, amma Qarabağ Azərbaycanın ərazisi kimi qəbul olunub. Orada heç bir dəhlizdən söhbət getmir - nə Zəngəzur dəhlizindən, nə Laçın dəhlizindən. İndi rəsmi Bakı bu sualı İrəvana ünvanlamalıdır: "Siz Azərbaycanın ərazisini hansı xəritəyə əsasən qəbul edirsiniz?". Bu sualın Paşinyana verilməməsi Bakının sülh istəmədiyi kimi yozula bilər.

- Azərbaycan Prezidenti Laçında çıxış edərkən xəritələrin olduğunu dedi və bildirdi ki, Bakının İrəvana təkliflərinə cavab verilmir. Bundan sonra Paşinyanın BMT-də xəsritə ilə bağlı sual verməsi erməni Baş nazirin növbəti oyunu deyil?

- Oyundur, ya deyil - göndərilən suala sualla cavab verilməsi məqsədəuyğundur. Paşinyan BMT-də iki məsələyə toxundu. Dünya ictimaiyyətinə dedi ki, "biz demokratik ölkəyik, Azərbaycan bizim demokratiyamızı həzm etmir və s". İkinci mesajı o idi ki, "Azərbaycan bizim ərazilərimizə soxulub, mülki obyektləri vurub və s". Yəni ki, Azərbaycanı aqressor kimi təqdim etdi. Təbii ki, buna Bakıdan cavab verilməlidir. Yenə deyirəm, xəritə ilə bağlı sual verirsə, biz də o iki xəritəni qoymalıyıq ortaya və deməliyik: "buyurun, hansı xəritə əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız". Baxaq görək, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı.

Hər iki xəritədə Qarabağ Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisidir, problem də Qarabağla bağlı idi. Zəngəzur məsələsi sonradan gündəmə gəlib. Azərbaycan Ermənistana bu sualı verəcəksə, özünü sülhdən yana kimi göstərəcək və top yenidən Paşinyanda olacaq. Paşinyan da çıxıb deməlidir ki, "Azərbaycanın ərazisini filan xəritəyə əsasən qəbul edirik". Bəli, bunun yanında deyə bilər ki, Qarabağda ermənilər yaşayır, onların təhlükəsizliyi məsələsi və sair - bu, başqa məsələdir. Hansı xəritəni qəbul etsə, İrəvan Qarabağı Azərbaycanın ərazisi kimi tanımış olacaq. Qarabağdakı ermənilərin təhlükəsizliyi, onların sülh içərisində yaşaması, Azərbaycan vətəndaşlığı və s. bunları sonradan danışmaq olar. Yox, əgər Paşinyan desə ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Qarabağ Azərbaycan ərazisi deyil, bu zaman Azərbaycan tərəfi açıq şəkildə dünyaya bəyan edə bilər ki, Paşinyanın BMT-dəki bəyanatları yalandır, səmimi deyil, manipulyasiyadır.

O zaman deyə bilərik ki, Ermənistan Qarabağa dəhliz istəyirsə, biz də Naxçıvana dəhliz istəyirik, Qarabağdakı ermənilərin hüquqlarını istəyirsə, biz də Zəngəzurdan vaxtilə deportasiya olunan azərbaycanlıların ata-baba yurdlarına qayıdışını, orada təhlükəsizliklərinin təminini istəyirik. Necə olur, Qarabağdakı ermənilər insandır, onların hüquqları var, Zəngəzurdan qovulmuş azərbaycanlılar insan deyil, hüquqları yoxdur? Bu şəkildə danışmaq lazımdır. Amma açığını deyim ki, bu formada danışıqları görmürəm. Amma Paşinyanın BMT-də Bakıya mesaj verməsini müsbət qiymətləndirirəm və hesab edirəm ki, o, dolayı yolla sülhə yaxınlaşmaq istədiyini bildirdi.

- Amma müharibədən sonra rəsmi Bakı İrəvana 5 maddədən ibarət sülh təklifi göndərib. Brüsseldə də liderlər arasında görüşlər keçirilib, müəyyən razılaşmalar əldə edilib. Eyni zamanda, ortada müharibəni bitirən Üçtərəfli Birgə Bəyanat var. Hansı ki, 9 bəndlik bu Bəyanatın müddəalarının çoxu Ermənistan tərəfindən icra edilməyib. Demək olmazmı ki, İrəvandan gələn sualların cavabı öncədən verilib?

- Bilirsiniz, əvvəl təklif verildi, İrəvan da öz istəklərini qeyd etdi. Amma sonradan Brüssel görüşlərində nələr müzakirə olundu, nələr razılaşdırıldı, açığı, bunlardan ictimaiyyət tam məlumatlı deyil. Qapalı qapılar arxasında nələrin danışıldığı, Putinin tərəflərlə nələri müzakirə etdiyini biz bilmirik. Mən açıq olanı deyirəm ki, Paşinyan sual verib, buna cavab verilməlidir.

Digər tərəfdən, Rusiyanın proseslərə susqunluğu müşahidə edilir ki, bunu Qərb görür. Məsələn, Fərrux dağının nəzarətə götürülməsində Moskva susqunluq nümayiş etdirdi. Halbuki həmin ərazi Rusiya sülhməramlılarının nəzarətinə daxil idi. Boş bəhanədir ki, Rusiyanın Ukraynada başı qarışıb. Rusiyanın nə qədər başı qarışsa da, Rusiya Rusiyadır. Onun Azərbaycana da, Ermənistana da təzyiq alətləri nə qədər istəsən, var. Qərb bunu görür və qiymətləndirməsini aparır. Rusiya isə onu görür ki, Ermənistanda onlara qarşı nifrət çoxalır, etirazlar var. Bu baxımdan, Qərb də, Rusiya da təzyiqlərini göstərir.

- Biz görürük ki, Ermənistanda revanşist çağırışlar var. Azərbaycan Prezidenti isə son bəyanatlarında təhlükənin, təxribatın qarşısının dərhal və sərt şəkildə alınacağını bildirdi. Eyni zamanda, Ermənistanın müəyyən hərbi hərəkətliliyi barədə də məlumatlar mövcuddur. Bütün bu proseslər, tərəflərin ritorikası yenidən genişmiqyaslı toqquşmanın baş verməsi ilə nəticələnə bilərmi?

- Toqquşmaların olması ehtimalı yarı-yarıyadır. Azərbaycanda analitika ilə məşğul olanların bir qismi hesab edir ki, bu xətt davam etdiriləcək. Söhbət hərbi toqquşmalar xəttindən gedir. Çünki bunun arxasında dayanan Rusiyadır. Məqsəd də odur ki, kommunikasiyalar açılsın, Rusiya hərbçiləri də həmin yollarda yerləşdirilsin. Bu gün Rusiyanın kommunikasiyaların açılmasına ciddi ehtiyacı var. Yeri gəlmişkən, İlham Əliyev Laçındakı çıxışı zamanı Üçtərəfli Birgə Bəyanata istinad etdi. Bu, çox önəmlidir. Həmin sənədə istinad edilməsəydi, yenə düşünmək olardı ki, tarixi ərazimiz olan Zəngəzurun qaytarılması prosesi gedir. Onu qeyd edim ki, Zəngəzurun qaytarılması mümkünsüz görünür. Buna nə Rusiya, nə də İran imkan verər. Eyni zamanda, bu, beynəlxalq aləmdə bizim əleyhimizə işləyən, böyük fəsadlar yaradan bir hal olardı. Qarabağ məsələsində də biz uduza bilərik. Ona görə də Zəngəzurun qaytarılması ağlabatan deyil. Azərbaycan Prezidentinin də 10 noyabr sənədinə istinad etməsi o deməkdir ki, söhbət Zəngəzurun qaytarılmasından getmir. Bəyanatda nə qeyd edilmişdisə, onun həyata keçirilməsi istinilir. Orada isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol olacaq, orada da rus hərbçilər nəzarəti ələ götürəcəklər. Əslində, edilmək istənilən budur. Rusiyanın susqunluğu əslində bununla bağlıdır, çünki özünün planıdır.

- Ermənistan isə israrla dəhlizi vermək istəmir...

- Bəli. Paşinyan bilir ki, bununla Ermənistan sanki ikiyə bölünəcək, ortadan yol keçəcək və ona da gəlib ruslar nəzarət edəcəklər. Paşinyan da olacaq Rusiyanın Ermənistandakı növbəti oyuncağı. Necə ki, Paşinyandan əvvəl hakimiyyətdə olanların hamısı Moskvanın oyuncağı olub. İkinci Qarabağ müharibəsi həm də ona görə baş verdi ki, Paşinyan başqa siyasi oyun oynamağa başladı, özünü Rusiyanın oyuncağı etmək istəmədi. Kimsə onu savadsız, küçə adamı kimi görə bilər, hiyləgər kimi qəbul edə bilər, amma fakt faktlığında qalır. Rusiyanın nə Köçəryanla, nə Sarkisyanla belə problemləri var idi, Moskvadan nə deyilirdisə, onu yerinə yetirirdilər. Amma Paşinyan yayınır, hər deyiləni yerinə yetirmir.

Dediyim odur ki, bir qism analitik hesab edir ki, kommunikasiyalar açılanadək toqquşma xətti davam edəcək. İkinci kəsim isə hesab edir ki, - bu kəsimə mən də daxiləm - böyük ehtimalla, hərbi toqquşmalara xeyli ara veriləcək. Düşünürəm ki, rəsmi Bakı da anlayır ki, bunun ciddi fəsadları olacaq. Sərhəddəki toqquşmadan sonra Pelosinin İrəvana gəlişi, Makronun bəyanatı, Blinkenin zəngi, mövqeyi siqnallardır. Belə vəziyyətdə Azərbaycan rəhbərliyi çox da riskə getmək istəməz. Amma müəyyən dövr keçəndən sonra hərbi toqquşmalar baş verə bilər.

- İrəvan sülh istəyirsə, yenidən təxribata niyə gedir?

- Kim deyir ki, Ermənistan ordusu tam olaraq Paşinyanın, onun hakimiyyətinin nəzarətindədir?! Əlbəttə ki, burada Rusiyanın təsiri, Rusiyaya bağlı zabitlər var. Bəlkə sentyabr təxribatını Rusiyanın oradakı adamları törətdilər, biz bunu dəqiq bilmirik. Digər tərəfdən, Ukraynadakı müharibədən də çox məsələ asılıdır. Rusiyanın vəziyyətinin necə olacağı qətiləşməyib. Hesab edirəm ki, yaxın müddətdə olmasa da, müəyyən müddətdən sonra hərbi toqquşmalar baş verəcək.

- Bu, sülhün əldə edilməyəcəyi proqnozudur?

- Rusiya faktoru sülhün əldə olunmasına imkan vermir. Sülhə yaxın müddətdə nail olunması çətindir. 44 günlük müharibənin nəticələri var idi, o baxımdan ki, biz torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Mənfi nəticə isə o oldu ki, Rusiya hərbi kontingenti Qarabağda yerləşdi. Hesab edirəm ki, Rusiya hərbi kontingenti Qarabağdan çıxmayacaq. Ya da elə bir fundamental dəyişiklik olmalıdır ki, hərbçilər oradan çıxsınlar. Ukraynada gedən müharibə həmin fundamental dəyişikliyi yarada bilər. Bütün hallarda isə Qarabağda rus hərbçilərinin olması mənfi nəticədir. Neçə ki, onlar oradadır, sülhün əldə olunması mümkünsüz görünür.

Belə baxanda, bu gün Ermənistanın bizə verəcəyi heç nə yoxdur. Sabah İrəvan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə, Paşinyan çıxıb bəyan etsə ki, "Qarabağ Azərbaycandır", bu, Qarabağın məsələsinin həlli demək olmayacaq. Çünki Rusiya faktiki olaraq hərbi baxımdan Qarabağdadır. Rusiya çıxıb deyəcək ki, burada Qarabağ erməniləri var, onların hüququ var, müqəddəratı təyin etmə məsələsi var və s. Hətta Lavrov bir dəfə demişdi ki, delimitasiya və demarkasiya məsələsi Azərbaycanla Ermənistanın məsələsidir, bunun Qarabağa bağlılığı yoxdur.

- Yəni biz həm də məsələmizi Rusiya ilə həll etməliyik...

- Əlbəttə! Sabah Paşinyan desə ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq, bu halda da Xankəndi bizim nəzarətimizə verilməyəcək. Rusiya bunu istəmir. Paşinyan Ermənistanda satqın kimi damğalanacaq, xəyanətkar kimi onun hakimiyyətdən qovulması düyməsi basılacaq. Burada həmçinin oyun bir az da bunun üzərindədir. Biz Qarabağ məsələsini bundan sonra Rusiya ilə danışmalıyıq, çünki Ermənistanla danışmağın mənası yoxdur. İki il ərzində Paşinyan bir dəfə Xankəndiyə gedib? Təbii ki, yox. İmkanı olsa, gedərdi. Amma getmir, ona görə ki, birincisi, Qarabağ erməniləri onu görmək istəmir, ikincisi, Rusiya ona imkan vermir.

Düşünürəm ki, sülhün əldə edilməsi üçün Rusiyanın əlinə oynamaq yox, sülh axtarışları edilməli idi və edilməlidir. Addım-addım sülhə doğru getmək lazımdır. Eyni zamanda, Rusiya ilə konkret danışılmalıdır ki, nəzarətimizdə olan ərazilərdə suverenliyin bərpası hansısa yolla həll edilməlidir. Biz elə etməməliyik ki, münaqişə Fələstin-İsrail davası kimi uzansın, yüz illərə qədər davam etsin. Yaxın Şərqdəki münaqişələr o qədər uzanıb ki, artıq dövlətlər arasında sülh üçün hansısa ortaq məxrəcə gəlmək də mümkün olmur. Biz məsələni o nöqtəyə gətirib çıxarmamalıyıq. Paşinyan ermənidir, amma Köçəryandan, Sarkisyandan yaxşıdır da. Bu, bir şansdır ki, Paşinyan hakimiyyəti ilə problemi ölü nöqtədən çıxara bilək. İmkan verməyək ki, bu, Fələstin-İsrail, İran-İsrail probleminə oxşasın.

Məsələ uzansa, ortaq məxrəcə gəlmək çətin olacaq. Yenə nifrət, yenə kin, şiddət, atəşkəs pozulması, demarkasiya əvəzinə bombaların atılması - bu, bizə lazımdır? Məncə, lazım deyil. Bizə lazımdır ki, əvvəlki anlayışlar kənara qoyulsun, keçmişdə olan anlayışla davranmayaq. Məsələn, dəhliz anlayışı keçmişin anlayışıdır - Minsk Qrupunun, Rusiyanın bizə sırıdığı anlayışdır. Düşünürəm ki, nə Laçın, nə də Zəngəzur dəhlizi olmalıdır. Münasibətlər elə qurulmalıdır ki, Cənubi Qafqazda sərhədlər şəffaf olsun. Ermənilər Azərbaycan ərazisindən gəlib Gürcüstana, Rusiyaya, İrana və s. gedə bilsinlər, azərbaycanlılar da qarşı tərəfdən Türkiyəyə, Gürcüstana və s. gedə bilsinlər.

Vaxtilə avropalılar bir-birini qırıblar, Fransa ilə İngiltərə arasında yüz il müharibə olub, amma bu gün mənzərə fərqlidir. Avropalılar bu prosesi keçib, bir-birinə nifrətdən, davadan, kindən vaz keçiblər. Və indiki Avropanı qura biliblər. Biz Cənubi Qafqazda "Avropa dünyası" qurmalıyıq. Amma nifrət, kin, düşmənçilik davam etsək, Cənubi Qafqaz Avropa kimi olmayacaq, Yaxın Şərq kimi olacaq. Cənubi Qafqazın Yaxın Şərq olmasına imkan vermək olmaz.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
Rusiyadakı səfərbərlikdən sonra ölkədən qaçan rusiyalıların taleyi necə olacaq?
Rusiya əhalisinin bir hissəsinin xaricə köçməsi ilə bağlı nəzərəçarpacaq proses gedir. Məsələn, son günlər təkcə Şimali Osetiya ilə Gürcüstan arasındakı yüksək dağlıq Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə on minlərlə insan Rusiyanı tərk edib. Hazırda Gürcüstanda 250 mindən çox rus var. Onların bir qismi daha sonra Türkiyə və ya Avropa ölkələrinə köçəcəklər. Digər hissəsi isə Gürcüstanda məskunlaşmağa, bizneslə məşğul olmağa çalışır.

Bir çoxları ailəsi ilə köçür. İnsanlar aviabilet qıtlığı səbəbindən bütün Rusiya ərazini öz avtomobillərində keçirlər. Sərhəd yaxınlığında onlarla kilometr tıxac olduğundan ruslar maşınlarını atır, ya da onu satıb yola piyada davam edirlər.

Rusiya mənbələrinin məlumatına görə, səfərbərlik elan ediləndən sonrakı bir neçə gün ərzində ölkəni 261 min nəfər tərk edib və bu axın davam edir. Yəni Rusiyanın qarşıdakı həftələrdə və aylarda nə qədər vətəndaşını itirəcəyi hələlik məlum deyil.

Ortaya maraqlı sual çıxır: Gürcüstanda, Türkiyədə, Yunanıstanda və əgər qəbul etməyə razı olsalar, Avropada bu insanların əksəriyyətini nə gözləyir? Belə görünür ki, çox az adam bundan sonra onlarla nə olacağını dərk edir. Beləliklə, məlum olur ki, onların əksəriyyəti üçün bu mühacirət son addım – ümidsizlik addımıdır. Vətənini tərk etmək qərarına gələn bu yüz minlərlə Rusiya vətəndaşının aqibəti necə olacaq? Onların əksəriyyəti yenidən vətənə qayıtmaq üçün açıq-aydın ümid etdikləri rejim dəyişikliyini harada və hansı şərtlər altında gözləyə biləcək?

Hazırda Varşavada yaşayan rusiyalı müstəqil ekspert, sosial antropoloq Denis Sokolov bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:
Ardını oxu...
– Düşünmürəm ki, bu insanların çoxu yaxın gələcəkdə başlarına nə gələcəyi ilə bağlı özlərinə hesabat verirlər. Onlar sadəcə olaraq səfərbərlikdən qaçırlar. Çünki getmək istəyən və xaricdə gələcəklərini qismən də olsa necə qura biləcəklərini təsəvvür edənlərin çoxu artıq gediblər. İndi isə o zaman hansısa səbəbdən getməyən, vaxtı olmayanlar qaçırlar. Məsələn, onlar zamanında ona görə gedə bilməyiblər ki, daşınmaz əmlak satmağa hazırlaşıblar, ya da Rusiyadan kənarda hansısa iş tapacaqlarına, yaxud biznes təşkil edəcəklərinə ümid ediblər. Budur, o zaman gedə bilməyənlər, indi gedirlər.

Əksəriyyət, təbii ki, öz ölkələrindən kənarda nə edəcəklərini dərk edərək deyil, sadəcə müharibədən qaçır.

Ona görə də, bu problem humanitar problem olaraq həm bu insanların özlərinin, həm də qaçdıqları ölkələrin hökumətlərinin qarşısına çıxacaq. Düşünürəm ki, yaxın gələcəkdə sadəcə olaraq qaçqın vəziyyətinə düşmüş ruslarla necə davranmaq barədə müzakirələr başlayacaq. Baxmayaraq ki, Rusiyanın özündə hələ müharibə yoxdur, onları Avropadakı müharibə qaçqınları olan ukraynalılarla eyniləşdirmək versiyası var. Ya da, buna bənzər başqa hansısa başqa konstruksiyalar olacaq. Amma bütün hallarda bu, müzakirə olunacaq problemdir və insanlar artıq bu barədə düşünürlər. Mən bilirəm ki, Avropa İttifaqında, Birləşmiş Ştatlarda və Kanadada bu insanlarla nə etmək barədə artıq kifayət qədər düşünürlər. Aydındır ki, onlardan İT mütəxəssisi olanlar asanlıqla iş tapa biləcəklər. Hətta Kanadaya getməklə bağlı təklifləri də var. Amma gəlirlərini məsafədən işləməklə əldə edə bilməyən və ya hər hansı yeni yerdə təşkil etməyə öyrəşməyənlər isə ciddi problemlər yaşayacaqlar.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik əslində qismən deyil, ümumi xarakter daşıyır - çağırışlar 50 yaşına çatmış şəxslərə də, xidmət etməyənlərə də, tələbələrə də gəlir. Cəmiyyətin reaksiyası - sərhədlərdə növbələr və yaxın həftələrə bütün aviabiletlərin alınması onu deməyə əsas verir ki, ruslar əlinə silah alıb cəbhəyə getməyə həvəsli deyillər. Bununla belə, çoxları çağırış vərəqəsini götürüb hərbi toplanış məntəqələrinə gəlir.

“Sever.Realii”nin müxbirləri hərbi komissarlıqlarda, toplanış məntəqələrində baş verənləri müşahidə ediblər.

"AzPolitika.info" onların hazırladıqları reportajı ixtisarla təqdim edir:

Kalininqraddakı hərbi komissarlıq şəhərin mərkəzindən bir qədər aralıda yerləşir. Artıq fərmandan iki gün sonra girişdə kiçik növbə var, binanın qabağına on nəfərə yaxın toplaşdı. Düzdür, onların yarısı orta yaşlı qadınlardır. Qadınlar eşitdiklərindən həyəcanlanıb vəziyyəti aydınlaşdırmağa gəliblər.

Qeyd edək ki, Kalininqrad vilayətində 4500 nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.

"Başa düşmədik ki, çağırış vərəqəsini kim və nə vaxt almalıdır. Ərlərimiz, uşaqlarımız var, amma hələ heç nə aydın deyil". Təxminən 40 yaşlı qadın mobil telefonla danışa-danışa jurnalistlərə deyir.

"Həyat yoldaşım hələ də çağırış vərəqəsi almayıb və yaşına görə məcbur deyil, amma mən vəziyyətə aydınlıq gətirmək istəyirəm. Bilirsiniz, indi elə bir qarışıqlıq var ki, hər şey ola bilər...", - o əlavə edir.

Təxminən 30 yaşlarında olan tünd paltarlı gənc çaşqın baxışla ətrafa nəzər salaraq deyir: "Dünən bir məktub aldım. Başa düşdüyümə görə, indi tibbi müayinədən keçməliyəm. Mən tikintidə işləyirəm, məzuniyyət götürdüm və indi bilmirəm işə gedəcəyəm, yoxsa döyüşə göndəriləcəyəm. Məndən olsa getməzdim. Mən olanlara yaxşı baxmıram. Hərbi çağırış mənə əsl sürpriz oldu”.

Toplaşanların əksəriyyəti susur. Onların əhval-ruhiyyəsi bu payız gününün havasına uyğundur - tutqun. İnsanlar suallara cavab verməkdən çəkinirlər. Orta yaşlı kalininqradlı müxbirin çağırış vərəqəsinin ona, yoxsa oğluna gəlib-gəlmədiyi barədə sualını belə cavablandırdı: "Niyə bizi incidirsiniz? Əgər kömək edə bilsəm, sizə kömək edərdim, başqa cavabım yoxdur".

Oxşar mənzərə hərbi qeydiyyat və çağırış idarəsindən başqa şəhər sakinlərinin simasında da hökm sürür. Əksəriyyət səfərbərlik qərarını könülsüz, həvəssiz dəstəkləyirlər. Az adam müxbirlərə özünü təqdim etməyə hazırdır və hamı şəkil çəkdirməkdən imtina edir.

Kalininqradlı Mixail hündürboyludur, 36 yaşı var, hərbi xidmətdə olmayıb, 3 övlad atasıdır. Şirkətlərin birində yemək servis xidmətini həyata keçirir. O, tezliklə çağırış vərəqəsini almayacağına əmin deyil: "İndi söz verirlər ki, vətəndaşların ancaq müəyyən kateqoriyası xidmətə gedəcək. Amma mən heç nəyə inanmıram. Bu gün bir şey deyə bilərlər, sabah başqa şey”.

Zahirən güclü və ağıllı olan başqa bir kalininqradlı, yaşına görə nəzəri olaraq birinci mərhələnin səfərbərliyinə düşür. Onun 27 yaşı var, lakin bir sıra meyarlara uyğun gəlmir: bəzi xəstəlikləri var və hərbi ixtisası yoxdur. Onun artıq çağırış vərəqəsi almış tanışları var.

"Onlar indi ölkəni tərk etmək üçün bilet almağa çalışırlar. Onlara ancaq rəğbət bəsləmək olar. Amma son günlər uçuşların qiyməti xeyli artıb və biletlər, məsələn, Gürcüstana həftələr əvvəldən satılıb", - o qeyd edir.

Kalininqrad vilayətindən olan Aleksandra isə rəfiqəsinin 21 yaşlı oğlunun çağırış vərəqəsi aldığını deyir: "Bu, onun yeganə oğludur, atasız böyüdüb. Rəfiqəmin düşdüyü vəziyyətdən dəhşətə gəlirəm. O deyir ki, oğlu sahib olduğu hər şeydir və onun sink tabutda "şərəflə" üstünə göndərəcəklərindən çox qorxur”.

Riyaziyyat müəllimi Valentina Savelyevnanın iki kürəkəni hərbi xidmətə cəlb olunublar. Onların hər ikisi yaxın keçmişdə hərbi qulluqçu olublar: "Mən sadəcə günlərdir yatmamışam. Birinci kürəkən artıq pensiyaya çıxmaq üçün sənədləri tərtib edirdi. Az qalmışdı, amma indi sənədlərini büküb dedilər ki, Vətənə lazımdır. Hələlik hərbi qulluqçular təqaüdə göndərilmir. İkinci kürəkəni isə Suriyada döyüşüb. İstəmədiyi halda çox müharibələrdə döyüşüb. Bu illərdə o qədər çox şey gördüm ki... Onların yeni hərbi münaqişələrə göndəriləcəyini düşünmürdüm. Kürəkənlərimin hər ikisi çox yaxşı insanlardır, mən onlardan dəlicəsinə narahatam və hətta yaxın gələcək haqqında düşünməyə qorxuram".

Kalininqradlı Dmitri Zolotarev uzun illərdir ki, anbardar işləyir. 10 il əvvəl müqavilə əsasında sərhəd qoşunlarında xidmət edib. Beş illik müqavilə müddəti bitdikdən sonra onu yeniləməyib, ehtiyatda olan gizirdir:

- Təbii ki, hamının ucdantutma cəbhəyə göndərilməsi və döyüşməyə məcbur edilməsi xoşuma gəlmir. Bu hərbi sistemi bəyənmədiyim üçün işdən çıxdım, həftələrlə səngərlərdə yaşamaqdan bezdim. Bütün bunları pis bir yuxu kimi unutdum.

- Ölkəni tərk etmək və ya gizlənmək barədə düşünmüsünüz?

- İndi harasa getməyə pulum yoxdur. Avtomobil servisinə gedib maşınımı satmağı təklif etdim, cəmi 30 min rubl saydılar. Gizlənməyə qalınca, bu da çıxış yolu deyil. Gizlənəcəyəm, bəs sonra nə olacaq? Ailəm var, işləməliyəm. Gizlənib meşədə köbələk toplayacam?!

Baqrationovsk sakini Janna qardaşına çağırış vərəqəsi gəldiyini deyir: "26 yaşı var, hərbi xidmət keçib. Amma əsgərlikdə olanda sağlam idi. İndi belində problem var, heç nə qaldıra bilmir, onurğa sütunu əzilib. Amma bu, onların heç vecinə də deyil! Hərbi Komissarlığa zəng etdik, onlar bizə cavab verdilər ki, yararsızlıq barədə rəy daha əvvəl verilməli idi. İndi heç nə soruşmurlar. Oğlanları ora aparıb sadəcə öldürürlər. Onlar insanları sağlamlılıq, yararlılıq keyfiyyətinə görə seçib aparmalıdırlar. Bunların heç biri sadəcə geri qayıtmayacaq”. Göz yaşlarına boğulan xanım əlavə edir ki, qardaşı yük maşını sürücüsüdür: "Belindən əlavə dizinin altında maye var, ayağını yerə basanda bərk ağrıyır. İndi MRT çəkəcəklər, amma nəticələr nəzərə alınmaya bilər, çünki hamını ard-arda çəkirlər. Amma axıra qədər gedəcəm, onu xilas etmək üçün hər şeyi edəcəyəm. Qardaşım çağırış vərəqəsinə imza atmayıb, ya cərimə, ya da həbs ola ola bilər. Başa düşürəm ki, gec-tez hamı gedəcək..."

Sergey Tsurko Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin regional bölməsinin rəhbəridir. Həm də təcili yardım sürücüsü işləyir, 46 yaşı var. Bazar ertəsi hərbi komissarlıqdan ona zəng vurublar deyiblər ki, sabah əşyalar ilə birgə hərbi toplanış məntəqəsinə gəlsin: "Deyəsən onlar tamamilə dəli olublar. Mən hətta ikinci kateqoriyaya da uyğun gəlmirəm, yaşım 45-i keçib. Mən təcili yardım maşınında işləyirəm, yeniyetmələr arasında intiharların qarşısını almaqla məşğulam. Mənim dörd övladım var, biri xəstədir. Mən komissarlıqdan zəng edənə bunları dedim, eləcə də rəsmi çağırış vərəqəsini almadığımı bildirdim. Cavab verdilər ki, hər halda səhər saat 9-da gəlməlisən, bəlkə səni başa düşərlər". Mən getməyəcəyəm, dəliyəm, xəstəyəm?! Ümumiyyətlə, bizə heç kim müharibə elan etməyib, niyə o zaman hamını tutub aparırlar?"

Sankt-Peterburqda Rijski prospektində yerləşən Admiralteiski və Kirovski rayonlarının hərbi komissarlığı səfərbərlik elan edildikdən dərhal sonra bağlansa da, sentyabrın 26-da yenidən qapılarını açıb. Hərbi Komissarlığın binasında çarter avtobusu fəaliyyət göstərir. Çantalı adamlar onun yanında siqaret çəkirlər. Növbədə əsasən hər yaşda və bədən quruluşunda gərgin kişilər var. Cavanlar azdır, əsas hissəsi saçları ağarmış qocalardır. Hər kəsin əlində sənədləri olan qovluqlar var.

Bir müddət sonra növbə canlanır: məlumat pəncərəsində sənədlərini almağa çalışan gənc qadının isterik qışqırtısına hamı maraqla qulaq asır: “Rəisi çağırmasanız, Müdafiə Nazirliyinə gedib orada hay-küy salacağam. Buraya başqa şəhərdən gəldim, 20 minə bilet aldım! Niyə? Sizin səfərbərliyinizlə mənim də işim var, niyə burada məni incidirsiz?" 15 dəqiqəlik qarşılıqlı təhdid və təhqirlərdən sonra xanım məlumat pəncərəsindən istədiyi kabinetə istiqamət alır. Orada ona deyirlər ki, sənədlər üçün saat 17.00-da qayıtsın, halbuki həmin vaxt hərbi komissarlıq artıq vətəndaşlar üçün bağlanmalı idi.

Bütün izdihamda yalnız bir nəfər könüllü sayıldı. Təxminən 30-a yaxın yaşı olan hündür bir kişi içəri girir, qışqırır: “Mən könüllüyəm, hara getməliyəm?” Dərhal hərbi komissarlığın əməkdaşı ilə qol-qola dəhlizdə hardasa yoxa çıxdılar. Növbədəkilər onu ifadəli baxışlarla və mənalı sükutla müşayiət etdilər.

Hərbi komissarlığın binasının yaxınlığında, spirtli içki dükanının yanında bir qrup adam dairəvi şəkildə toplaşıb. Yerdə bir şüşə konyak, bir şüşə kola, kolbasa dilimləri və bulka var. Onlar sakitcə süzüb içir, müxbirlərlə danışmaqdan imtina edərək, reklama ehtiyac duymadıqlarını ifadə edirlər.

Bir kişi isə parkdakı skamyada oturub, bir qadın onun skamyasının ətrafında irəli-geri gəzir, bir saniyə oturur, yenidən ayağa qalxır və əsəbi şəkildə yeriməyə davam edir. Hər ikisi 40 yaşlarında görünür.

"Oğlumuzu bura çağırmışdılar. Gizlənmək, qaçmaq mənasızdır”, - ana deyir.

Bir qadının əlində isə sənədləri olan əzilmiş dosye titrəyir. Tezliklə oğulları binandan çıxır, adı Fəriddir, 24 yaşındadır, 20 yaşında hərbi xidməti başa vurub. Qərar gəlib ki, səfərbərliyə çağırılmazdan əvvəl müqavilə ilə özü orduya getsin. Fəridin hamilə həyat yoldaşı da yanındadır, uşağının bir aya doğulacağını deyir. Xanım etiraf edir ki, Fəridi dəfələrlə xidmətə getməkdən çəkindirib, amma xeyri olmayıb. Bütün ailə Fəriddən qorxur, amma ordudan yayınmanın məsuliyyətini anlamırlar. Gələcək əsgərin özü də narahatdır, amma çıxış yolu görmür: “Qorxuludur, əlbəttə qorxuludur, amma başqa seçim yoxdur. Getmək lazımdır. Başqa variant yoxdur, məncə".

Bazar ertəsi səhər onlarla insan Moskva prospektində Sankt-Peterburq hərbi komissarlığının yaxınlığında toplaşıb.

Hərbi komissarlığın yaxınlığında jammerlər yerləşdirilib və binanı təkcə Milli Qvardiya deyil, həm də polis və hərbçilər qoruyur.

Subaylar qrup halında toplaşıb hissə-hissə necə sərxoş olacaqlarını müzakirə edərkən, cütlüklər divara söykənərək qucaqlaşırlar.

"Mən yaxşıyam, çağırış kateqoriyam birinci deyil, ərazi müdafiəsində olacam, amma bizi Stalinqrada göndərirlər. Ümumiyyətlə, istirahətə gedirik ki, işdən dincələk", - saçları keçəl qırxılmış çağırışçı deyir.

Yan tərəfdə hərbi geyimli bir oğlan ağlayan qızı sakitləşdirir. Onun birinci çağırış kateqoriyası var. Dediyinə görə, o müharibəni dəstəkləmir, lakin çağırış vərəqəsini birbaşa onun əlinə veriblər. Onun qaçmaq imkanı olmayıb, səmimi şəkildə ümid edir ki, insanları öldürmək və sonradan peşman olacağı şeylər etmək məcburiyyətində qalmayacaq.

Vasileostrovski rayonunun hərbi komissarlığının yaxınlığındakı həyətlərdə çağırışçıları nahardan sonra yola salırlar. Yas tutanlar Sankt-Peterburq meydanına toplaşıblar, səhər saat 7-dən içirlər.

İzdiham arasında bir nəfər müxbirə deyr ki, on nəfərə yaxın adam 32 yaşlı “keçəl yoldaşını” yola salmağa gəliblər. O, ötən həftə çağırış vərəqəsi alıb, qaçmamaq qərarına gəlib və hərbi komissarlığa gəlib. "Bəs necə? Sonra tapıb 10 il verəcəklər..."

Hazırladı: Rasim Əliyev

"AzPolitika.info"
 

Ardını oxu...
Şair Nüsrət Kəsəmənlinin oğlu, aktyor Rəşad Kəsəmənli Vətən müharibəsində iştirak edən, Prezident tərəfindən 3 medalla təltif edilən qardaşı oğlu Cavidan Kəsəmənlinin Gənc Tamaşaçılar Teatrının direktoru tərəfindən işə qəbul edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. DİA.AZ-ın məlumatına görə, aktyor Rəşad Kəsəmənli Qaynarinfo-ya müsahibəsində bildirib ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcək.

- Rəşad bəy, qazi Cavidan Kəsəmənlinin Gənc Tamaşaçılar Teatrında işə götürülməməsinin kökündə nə dayanır?

- Ona qarşı münasibətin kökündə heç nə dayanmır, yəni əslində, biz də bilmirik səbəb nədir. Əgər səbəbi bilsək, özümüz onu ictimaiyyətə açıqlayarıq. Bəlkə kiminsə Cavidanı işə götürməyi üçün onu tapşırmasını istəyir? Bu bizə çatmır. Bir insanı işə götürmək üçün hansı şərtlər var? Yaxud da götürməmək üçün hansı? Onları da deməyirlər. Sınaqdırsa, direktor onu onu da eləmədi. Cavidan 4 dəfə onun yanına gedib, bir dəfə onu sınamayıblar. Sınamadan onu işə götürüb-götürməməyə necə qərar verə bilərsən? Sonra da deyirsən ki, götürəcəyik, amma hələ ştatda yer yoxdur. Üstündən bir həftə keçməmiş Naidə İslamzadə 4 nəfəri ştata götürür. Bu nə deməkdir? Bu o deməkdir, sənin ştatda yerin olub, amma Cavidanı yola vermisən. Yaxşı həmin 4 nəfəri nələrə əsaslanıb ştata götürmüsən və nələrə əsaslanıb Cavidanı işə götürməyibsən? Bax, bizə qaranlıq qalan məsələlər budur. Biz bu suallara cavab istəyirik. Deməli, bu məsələdə başqa səbəb var. Çıxıb, həmin səbəbi açıqlasın. Çıxıb desin ki, Cavidanda istedad yoxdur. Onu da deyə bilməz. Çünki istedad yoxdur fikirini demək üçün nələrəsə əsaslanmalıdır. Axı onun qabiliyyətini bilmirsən.

- Deyirsiniz ki, Cavidana "teatrda yer yoxdur” deyən direktor ondan bir həftə sonra 4 nəfəri teatra işə götürüb?

- Bəli. Həmin işə götürdüklərini sınamısan? Tutaq ki, onları sınamısan? Bəs onları Cavidanın istedadı ilə müqayisə eləmisən? Mən onun işə götürdüyü şəxslərlə heç bir ədavətim yoxdur, Allah onların işlərini avand eləsin. Amma haqq-ədalət var. Bilsinlər ki, bu haqsızlıq nə vaxtsa onların qarşısına çıxacaq. Elə edin ki, sonda peşman olmayasınız.

- Yaranmış vəziyyətlə bağlı hansı addımları atmaq fikiriniz var?

- Bu məsələni yarımçıq qoymaq fikirimiz yoxdur. Haqsız olsaydıq, bu qədər dirəşməzdik, haqlıyıq ki, haqqımızı tələb edirik. Azərbaycanın dövlət başçısına arxalanıb ona bir məktub hazırladıq. Ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət edəcəyik. Hətta Mədəniyyət Nazirliyinə də müraciət edəcəyəm ki, bu haqsızlığa cavab versinlər. Buna bir məntiqli açıqlama gətirilməlidir. Cavidan kimi onlarla istedadlı aktyor var ki, kənarda qalıblar. Niyə?

- Cavidan deyir ki, onun üstünlükləri direktorun teatra işə götürdüyü şəxslərdən üstündür?

- Üstəlik Cavidan 44 günlük müharibə iştirakçısıdır. Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Onun istedadına müəllimləri bələddir. Bundan əlavə, magistraturanı bitirib. Görün Cavidanın nə qədər üstünlükləri var. Müharibədən 3 medalla qayıdıb. Onlar dövlət başçısının fərmanını da saymırlar. Dövlət başçısı nə demişdi, müharibədə iştirak edən hər bir gənci öz peşəsinə uyğun işlə təmin eləsinlər. Niyə eləmirlər? Prezidentin də tapşırığını saymırlar? Bunlar bu dərəcədə özlərinə arxayındırlar.

- Əgər başqa bir teatrdan Cavidana işlə bağlı təklif gəlsə necə, sizcə, qəbul edər? Yoxsa GTT-da işləməyi qarşısına məqsəd qoyub?

- Əlbəttə, qəbul edər. Məsələ GTT rəhbərinin ona həm də bir qazi olaraq haqsızlıq etməsidir. Odur ki, bu məsələnin sonuna kimi getmək lazımdır. Teatr dövlətindir... Amma elə davranırlar, sanki şəxsi obyektləridir.
Ardını oxu...
44 günlük Vətən müharibəsi barədə çox fikirlər deyilib, müxtəlif bəzəkli sözlər yazılıb. Lakin üzərindən iki il keçməsinə rəğmən hələ də müharibənin bəzi gizli məqamlarının üstü açılmayıb. Hələ də ağıllarda xeyli suallar qalıb. Pressklub.az olaraq, 44 günlük müharibənin elmi-nəzəri təhlili məqsədilə türkiyəli hərbi ekspert, hazırda Türkiyənin Bahçaşehir universitetinin müəllimi, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Abdullah Ağardan müsahibə aldıq.

– Abdullah bəy, Vətən müharibəsinin başlanmasına qədər də Ermənistan silahlı qüvvələri təxribatlar törədir, atəşkəsi pozurdular. Tez-tez eşidirdik ki, lazım gələndə düşməni torpaqlarımızdan qovacağıq. Elə genişmiqyaslı müharibədən bir ay əvvəl – 2020-ci ilin iyulunda Tovuz istiqamətində ağır və qanlı toqquşmalar olmuşdu. Antiterror-sülhə məcburetmə əməliyyatının məhz 27 sentyabr tarixində başlanmasının, sizcə, konkret səbəbi nədir? Niyə 27 iyul və ya avqust yox, məhz sentyabr ayı seçildi, dağlıq ərazidə yay fəslində döyüşə başlamaq payızda başlamaqdan daha məntiqli və əlverişli görünmürmü?

Qeyd edək ki, müharibənin başlanması tarixi ilə bağlı iki populyar mülahizə geniş yayılıb: a) Polad Həşimovun şəhadəti müharibənin başlanmasına təkan verdi; b) Generalın şəhadəti planlaşdırılmış əməliyyatın gecikməsinə səbəb oldu. Sizcə, bunlardan hansısa doğrudurmu?

– Bu sualın diplomatik və hərbi cavabları var. Hərbi cəhətdən onu deyə bilərik ki, bəli, yayda və yazda dağlıq relyefdə döyüş aparmaq digər mövsümlərə nisbətən daha əlverişlidir. Lakin bir məsələ də var ki, Tovuzda cənab general-mayor Polad Həşimovun şəhadəti ilə nəticələnmiş təxribata dərhal, yerindəcə cavab verilmişdi. Daha genişmiqyaslı bir cavab üçün, yəni müharibə refleksi üçün ordu rəhbərliyi ilə müşavirələr keçirilməli, hazırlıq səviyyəsi yoxlanılmalıdır. Həmçinin əməliyyat planı müzakirə edilməli, mümkünsə kəşfiyyatçılardan və ya PUA-lardan düşmənin hərbi istehkamları və canlı qüvvəsi, texnikası və coğrafi yerləşməsi müəyyən edilməlidir. Təkcə bunlar haradasa bir ay vaxt tələb edən işlərdir. Qaldı diplomatik aspektə, o mənim sahəm deyil, lakin onu deyə bilərəm ki, ən azından region dövlətlərinin müharibəyə müdaxiləsi diplomatik baxımdan məhdudlaşdırılmalı idi. Ali Baş Komandan İlham Əliyev hərbi və diplomatik missiyalarını uğurla icra etdi.

Polad paşanın şəhadətinə gəldikdə, mən bu məsələnin “casus-belli”, yəni müharibə səbəbi olduğunu hesab edirəm. Ermənistanın Tovuz əməliyyatına baxsaq, görərik ki, onun əsas hədəfi Azərbaycanın qərb rayonlarına sızıb, Kürə axan çaylara hökm etməyə çalışmaqdır. Nəticədə Ermənistan həm Kür çayına minimal da olsa nəzarət imkanı qazanacaq, həm də Azərbaycanda bu hərbi uğursuzluq Baş Komandan Əliyevin hakimiyyətinə zərbə olacaqdı. Bu, o dövrün dünya nizamına uyğun, tamamilə geosiyasi bir həmlə idi. Ermənistanın nə ağlı, nə də gücü bu həmləni düşünüb, icra etməyə yetməzdi. Burada plan Azərbaycanın içərisinə sızmaq və hakimiyyəti laxlatmağa nail olmaq idi. Lakin dövlət başçısı həm bu prosesi, həm də sonrasında başlanan müharibəni çox peşəkar şəkildə idarə etdi.

– O vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Vətən müharibəsində hərbi əməliyyatlara az müddət də olsa, rəhbərlik etmək səlahiyyəti olub. Bəs onun bilavasitə müharibə dövründə, döyüşün qızğın çağında vəzifədən kənarlaşdırılmasına səbəb nə idi? Hərb tarixində belə hallara çox rast gəlməzsən. Burada əsas məqsəd nə olub?

– Məncə, bu suala Azərbaycanda daha yaxşı cavab verərlər. Lakin işin siyasi tərəfinə girmədən onu deyə bilərəm ki, müharibənin ilk həftəsində orduya gələn tapşırıqların icrasına kənar müdaxilələr bir çox hərbi uğursuzluqlara səbəb oldu. Çox güman, Sadıqovu da buna görə müharibənin ilk mərhələsində vəzifədən uzaqlaşdırdılar. Bir də döyüşən ordunun generallarının ictimai nüfuzu döyüş ruhunun yüksəlməsi üçün çox vacib məsələdir. Ona görə bu qərar da strateji və doğru qərar kimi nəzərdən keçirilməlidir.

– Müharibənin ilk günləri üzücü və narahatlıqlarla dolu idi. Bəzi ekspertlər artıq blits-kriqin alınmadığını və bununla Azərbaycanın qələbə şansını itirdiyini deyirdilər. Birinci böyük uğur xəbərini – Cəbrayıl rayon mərkəzinin alınmasını biz döyüşlərin 8-ci günü aldıq. Başlanğıc niyə belə ağır oldu? Bu müharibədə Azərbaycanın tətbiq etdiyi taktikanı necə izah edir və qiymətləndirirsiniz?

Bir də, ordumuzun düşmənə şimal və cənub istiqamətindən eyni vaxtda hücuma keçməsini qədim türk dövlətlərinin müntəzəm istifadə etdiyi “aypara taktikası” ilə eyniləşdirən ekspertlər az olmayıb. Bunu necə şərh edərdiniz?

– Tamamilə doğrudur. Müharibənin ilk 3 günündə Azərbaycan ordusunun itkiləri digər günlərə nisbətən qat-qat çox oldu. Hətta bəzi əməliyyatlar uğursuzluqla nəticələndi. Ordu ən idealist, vətənpərvər və peşəkar hərbi qulluqçularını bu günlərdə itirmişdi. Bu itkilər ordunu ruhdan salsa idi, Allah qorusun, döyüşdə məğlubiyyətə gətirib çıxara bilərdi. Lakin Azərbaycan əsgərinin əzmi və Xüsusi Təyinatlı Qüvvələrin həyata keçirdiyi sızma əməliyyatları döyüşün taleyini dəyişdi.

Qeyd edim ki, itkilərin çox olmasının əsas səbəbi erməni istehkamlarının güclü olması idi. Müharibənin ilk günlərində aydın oldu ki, Ermənistan tərəfi 30 il bu müharibəyə hazırlaşıb. Təsəvvür edin, mən Füzulidə gördüyüm erməni istehkamlarını dünyanın heç bir yerində görməmişəm. Bir xətt deyil, böyük bir sahədir. Kilometrlərlə ərazidə bir istehkam sistemidir. Bunu bir həmləylə adlamaq, məşhur “Ohanyan xətti”ni itkisiz yarmaq mümkün deyildi.

İlk ciddi uğurun müharibənin 8-ci günündə gəlməsinin səbəbləri ermənilərin güclü müqaviməti və Azərbaycan ordusunun döyüş taktikası ilə əlaqədar idi. Belə ki, bu müqaviməti qırmaq, düşməni çaşdırmaq üçün ordu şimal və cənub cəbhələrində paralel döyüş aparırdı. Məsələn, bir gündə Hərbi Hava Qüvvələri tərəfindən həm Ağdərə, həm də Cəbrayıl bombalanırdı. Diqqət yetirsəniz, oktyabrın 7-də Suqovuşan, 8-də Cəbrayıl işğaldan azad edilirdi. Nəticədə ermənilər qüvvələrini vahid bir istiqamətə yönəldə bilmir, özünümüdafiədə problemlərlə üzləşirdi. Bir həftə ərzində həm Ağdərə-Kəlbəcər, həm də Füzuli-Cəbrayıl-Hadrut yolunun açılması isə Azərbaycan ordusunun əsas strateji məqsədi idi. Və buna da nail olundu.

Müharibədə bir çox taktikalardan istifadə edilir. Azərbaycan ordusu əsasən çoxlu manevrlər, aldatmalar edirdi. Sağ göstərib, sol vururdu. Düşməni çaşdırırdı. Eyni zamanda, müharibənin gedişatında azad edilən ərazilərə baxanda, bəli, əməliyyatın ayparaya bənzər bir stildə gerçəkləşdirildiyini deyə bilərik. Lakin “Aypara taktikası” müasir hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb. Bundan Malazgirtdə geniş istifadə edilib. Düzənlik ərazilər üçün yararlı taktikadır. Lakin Qarabağ müharibəsi təkcə düzənlik ərazilərdə getmirdi. Ona görə də bununla bağlı hərb elmi baxımından konkret nəsə demək çətindir.

– Azərbaycan ordusu rəhbərlik tərəfindən qarşıya qoyulan döyüş planını uğurla yerinə yetirdi. Bəs, sizcə, düşmən necə döyüşürdü? Onun ordumuza qarşı ən ciddi müqaviməti hansı ərazilərdə baş tutdu? Ordumuz üçün azad edilməsi ən çətin ərazi hansı olub?

– Doğrusu, mən Azərbaycanda belə bir ümumiləşdirilmiş fikrə rast gəlirəm ki, ermənilər qorxaqdır, onlar adi bir hücumda mövqelərini qoyub qaçıblar, müqavimət göstərməyiblər və s. Bunların heç biri doğru deyil. Xüsusilə 44 günlük müharibədə erməni ordusunun iddia edildiyi qədər zəif olmadığı üzə çıxdı. Ermənilərin istifadə etdiyi silahların funksionallığı qeyd edilməlidir, habelə onların istehkamları çox güclü idi. Məsələn, Azərbaycanın verdiyi şəhidlərin 90%- i erməni artilleriyasının dəqiq atəşləri nəticəsində şəhadətə yüksəlib. Xüsusilə onlar minaatan, tank, haubitsa və digər silahlardan çox dəqiq istifadə edirdi. Ermənilər çox professional şəkildə müdafiə olunurdu. Azərbaycan uzun illər bu hücuma hazırlaşdığı kimi, Ermənistan da müdafiəyə hazırlaşmış, “Ohanyan xətti”ni qurmuş, möhkəm istehkamlar tikmişdi. Azərbaycan ordusu hücuma keçən anda bu istehkamlardan kilometrlərlə uzaqdan minaatan, haubitsa və digər artilleriya vasitələrindən endirilmiş zərbələrlə ermənilər hücumu dəf etməyə, özlərini qorumağa çalışır, isti döyüşə meyl etmir, lakin mövqelərində möhkəm dururdular. O baxımdan, müharibə başlayanda, xüsusilə Suqovuşan və Füzuli-Cəbrayıl yolunun açılması uğrunda gedən döyüşlər çox ağır oldu.

Ən çətin istiqamət isə deyərdim, Füzuli idi. Yenə Azərbaycanda belə bir fikrə rast gəlirik ki, ordunun cənubdan hücumu erməniləri çaşdırıb. Xeyr, belə deyil. “Ohanyan xətti” heç də erməniləri arxayın salmayıb. Onlar bir faktın fərqindəydilər ki, bu xətt boyu yüksəkliklərin öz əllərində olması onlara vizual və hərbi üstünlük versə də cənubdakı düzənlik ərazilər Azərbaycan ordusuna üstünlük qazandırır. Azərbaycan Baş Qərargahı, çox güman, əməliyyat planını müzakirə edərkən bu düzənlik ərazinin ordunun mexanikləşdirilmiş bölmələrinin intensiv hərəkəti üçün uyğun olduğunu düşünüb. Ona görə əməliyyat zamanı bu istiqamətə daha çox qüvvə toplayıb.

Müharibə başlanan andan etibarən Azərbaycan ordusunun bu istiqamətdə ilk hədəfi Qaraxanbəyli kəndi idi. İlk hücum zamanı bu istiqamətdəki erməni postları ələ keçirildi. Müəyyən qədər irəliləyən Azərbaycan bölmələri cinahlardan hücum təhlükəsi ilə qarşılaşsa da, ermənilər ilk gün bunu həyata keçirə bilmədilər. Ermənistan ordusu ilk müdafiə mövqelərini itirsə də, Qaraxanbəyli üzərində vizual və atəş nəzarətini qoruyub saxlaya bilmişdi. Buna görə də günorta saatlarında kəndin 4 km şimalındakı Azərbaycan bölmələrinin hücumu bizim üçün gözlənildiyindən ağır nəticələndi. Nəticədə II ordu korpusu komandanlığı düşmənin diqqətini Qaraxanbəylidən çəkmək üçün Köndələnçayın cənub sahilində yerləşən Aşağı Seyidəhmədli kəndinə hücum başladı. Azərbaycan bölmələrinin Füzuli istiqamətində digər hücum istiqaməti isə Horadiz kəndi oldu. Müharibənin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz kəndi, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edildiyi elan edildi. Lakin ermənilərin əks-hücumları başladı. Azərbaycan ordusu yenidən itkilər verdi. Bu kəndlər istiqamətində döyüşlər daha üç gün davam etdi. Nəticədə, çox çətin də olsa, Cəbrayıl-Hadrut yolu açıldı.

Yəni, Füzulini azad etmək çox ağır bir əməliyyat idi. Bundan savayı, Suqovuşan əməliyyatı da olduqca çətin idi. Talış kəndi Azərbaycan ordusunun nəzarətinə keçəndən sonra Madagiz istiqamətində döyüşlər başladı. Lakin burada sıx meşəliklərdə ağacların üzərində düşmən kameraları quraşdırılmışdı. Yəni geri çəkilən ermənilər Azərbaycan ordusunun hər addımını, təminat yollarını, üstün və zəif tərəflərini müəyyənləşdirə bilirdi. Hakim yüksəkliklərin onların nəzarətində olması da işi çətinləşdirən məqamlardan idi. Erməni artilleriyası iş başında idi. Xeyli sayda Azərbaycan BMP-si, tankı bu əməliyyatda vuruldu. Lakin Hərbi Hava Qüvvələri və Birinci Ordu korpusu arasında olan koordinasiya, havadan və qurudan endirilən zərbələr, uğurlu taktiki gedişlə düşmən ordusunun mühasirəyə alınması Suqovuşana gedən yolu açdı. Tonaşen, Qırmızıbazar döyüşləri isə bundan daha ağır oldu.

– Ordu daxilində XTQ başda olmaqla, elit hərbi birləşmələrin keçirdikləri əməliyyatlar müharibənin taleyini həll etməkdə böyük rol oynadı. Onların mövcudluğu və hazırlıq səviyyəsi barədə nəinki düşməndə, heç bizim öz cəmiyyətimizdə də o vaxtadək geniş məlumat yox idi. Belə elit birləşmələrin hazırlanmasına nə zaman, kimin təşəbbüsü ilə başlanılmışdı?

Bu elit hərbi birləşmələrin 30 ildən çox ayağımızın dəymədiyi torpaqları doğma məhəllələri kimi tanımaları və bununla da Kirs, Daşaltı, Ömər aşırımı, digər çətin zirvələri rahatlıqla aşması necə mümkün oldu? Bunun üçün bələdçilərdən istifadə edildiyi barədə söylənilənlər doğrudurmu, yoxsa başqa sirlər var?

– Azərbaycan ordusu daxilində hər zaman elit hərbi birləşmələr mövcud olub. Mən onları birinci Qarabağ müharibəsində əyani görmüşəm. Xüsusilə, o vaxtlar Əfqanıstan təcrübəsi keçmiş milis işçiləri (OMON) və ordu zabitləri torpaqların müdafiəsində böyük qəhrəmanlıq nümayiş etdirmişdilər. Bildiyimə görə, 1992-ci ildən burada xüsusi təyinatlı batalyonlar mövcud olub. Hətta Şuşa fatehi Hikmət Mirzəyevin özü o zamanlar bu batalyonlardan birinin komandiri olub. Lakin 1999-ci ildə XTB-lər ayrıca bir qurum kimi XTQ adı altında birləşdirilib. Onların təlim proqramı isə Türkiyədə, komando kurslarında keçilib. Yanlış bilmirəmsə, XTQ bir qurum kimi müdafiə naziri Səfər Əbiyevin dövründə formalaşdırılıb. Bunu da əlavə edək ki, II Qarabağ döyüşlərində sadəcə Müdafiə Nazirliyinin tərkibindəki XTQ yox, Daxili Qoşunların “Kobra” dəstəsi, Hərbi Dəniz Qüvvələrinin “Dəniz Pişikləri”, Xarici Kəşfiyyatın “Yarasa” dəstəsi və digərləri iştirak edib. Bu dəstələrin formalaşdırılması və hazırlanması isə dövlətin özünmüdafiə refleksidir.

Digər sualınızla bağlı isə bildiyimin çox azını deyə biləcəm. Sadəcə, onu bilin ki, bu, çox yaxşı hazırlanmış bir əməliyyat idi. 30-35 yaşında hərbçi o dağları əlinin içi kimi tanıyırsa, deməli, nə zamansa ya orada olub, ya da oranı gecə-gündüz izləyib.

Bundan savayı, könüllü döyüşçülərin içərisində birinci Qarabağ müharibəsinin iştirakçılarının olması da təsadüfi deyil. Dövlət bu şəxslərdən, əlbəttə, bələdçi kimi istifadə edib. Xüsusilə Zəngilan və Cəbrayılda dövlət sərhədi ətrafında aparılan əməliyyatların uğurlu olmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olan və bu coğrafiyanı əlinin içi kimi tanıyan şəxslərin müstəsna xidmətləri olub.

– Strateji və coğrafi baxımdan yüzilliklərlə alınmaz qala sayılan Şuşa son 30 il ərzində həm işğal edildi, həm də işğaldan azad olundu. Şəhərin işğal və azad edilməsi əməliyyatları arasında, sırf hərb elmi baxımından, hansı ortaq və fərqli cəhətlərı görürsünüz?

– 1992-ci ildə ermənilərin başlatdığı Şuşanın işğalını hədəfləyən əməliyyat taktiki-strateji hücum yox, sadəcə, fürsətdən istifadə idi. Belə ki, Azərbaycandaki siyasi hərc-mərclikdən ermənilər istifadə etmiş, çox kiçik bir qrupla müdafiə olunan şəhərə girməyi bacarmışdılar. Azərbaycan ordusunun Şuşaya girişi isə XTQ-nin Daşaltı sıldırımından şəhər həbsxanasına gedən uğurlu və bir o qədər də riskli taktiki həmləsi nəticəsində baş tutub. Ona görə də bu iki əməliyyat arasında şəhərin tutulmasından başqa heç bir ortaq cəhət mövcud deyil, əsas fərqli cəhətsə Azərbaycan ordusunun hərb tarixində bənzəri görülməmiş bir iz qoymasıdır.

– 1994-cü il atəşkəsindən Vətən müharibəsinə qədər Quru qoşunlarımız müxtəlif illərdə və miqyaslarda düşmənə qarşı lokal hərbi əməliyyatlarda iştirak edib. Lakin bu illər ərzində Hərbi Hava Qüvvələrimiz, aprel döyüşləri də daxil olmaqla, belə əməliyyatların heç birində belə iri miqyaslı döyüş tapşırığı yerinə yetirməyib. Vətən müharibəsində isə Su-25 və Miq-29-larımız, hərbi helikopterlərimiz və öndə Bayraktar-lar olmaqla, PUA-larımız çox fəal iştirak ediblər və bəzi iddialara görə, düşmənin məğlubiyyətində bu amil həlledici əhəmiyyət kəsb edib. Ümumilikdə, hərbi aviasiyamızın 44 günlük müharibədə fəaliyyətini necə qiymətləndirərdiniz?

– Bayraktar TB-2-lərin Qarabağa qədər Liviya və Suriyada uğurları göz önündə idi. Azərbaycan hökumətinin ən uğurlu addımlarından biri müharibədən əvvəl bu PUA-ları hərbi arsenalına qazandırması oldu. Əlbəttə, bu PUA-lar Azərbaycan ordusunun daha az itki verməklə düşmən üzərində hava nəzarətini gücləndirməsinə imkan verdi və döyüşün taleyi üçün həlledici rol oynadı.

Lakin vətən müharibəsindən sonra dünya ictimaiyyəti, xüsusilə Qərb NATO üçün böyük bir müəmma olan rus mənşəli Hava hücumundan müdafiə sistemlərinin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən necə sıradan çıxarılmasını müzakirə etməyə başladı. Bunun yalnız Bayraktarlar vasitəsilə reallaşdığını düşünürsünüzsə, yanılırsınız. Bunun üçün xüsusi olaraq “AN-2 aldatma manevri” taktikasından və yeni uçuş tavanı formulundan istifadə edilib. İçi boş AN-2-lər düşmən istiqamətə göndərilir, mücrünün ağzı açılır və üstü torpaqla örtülmüş Ermənistan HHM-ləri mövqelərini tərk edib, bunları vurmağa başlayırdı. Bu zaman havada səssiz uçan PUA-lar Erməni HHM-lərinin yerini müəyyən edirdi. Bombardmançı Su-25-lərsə dərhal lazer bombalarla səmaya qalxır, ağzı açılmış mücrünün düz içərisinə raketlərlə zərbələr endirirdi. Bu “Açıq Mücrü” əməliyyatı idi.

Sizə bir maraqlı faktı açım. Cəbrayılın qərbində basdırılmış halda Ermənistana məxsus 100-ə yaxın tank, haubitsa, minaatan, TOR və s. silahlar vardı. AN-2 manevrləri nəticəsində bu məlumat əldə edilmişdi. Ardınca isə günlərlə hava qüvvələri Bayraktarlarla birlikdə bu ərazini bombaladı və Ermənistanın külli miqdarda hərbi ehtiyatı məhv edildi. Cəbrayılın azad edilməsində bu əməliyyatın xüsusi rolu vardı.

Bundan savayı, 7 km-lik uçuş tavanı olan Su-25-lər 44 günlük müharibədə 9-10 km hündürlükdən uçaraq, Ermənistanın HHM-lərindən yayına və uğurlu əməliyyatlar icra edə bildilər. Sizə deyim ki, bu, Su-25 təyyarələri tarixində bir ilk idi.

MİQ-29-lar isə ölkənin hava məkanına daxil olmağa cəhd edən erməni təyyarələrinə qənim kəsilmişdi. Eyni təyyarələrdən istifadə edən iki MDB üzvünün hava savaşını izlədiyimiz zaman niyə üstün tərəfin Azərbaycan olduğunu düşünürdük. Sonra anladıq ki, aradakı əsas fərq təyyarəni idarə edən pilotlardadır. Azərbaycanlı pilotlar ermənilərə nisbətən daha peşəkar, soyuqqanlı və döyüş əzmi ilə uçurdular. Bunu həm MİQ-29, həm SU-25, həm də helikopter pilotlarına aid etmək olar. Azərbaycan helikopterləri döyüşün getdiyi ərazinin coğrafi şəraitindən asılı olaraq, olduqca aşağıdan uçub, düşmənlə üz-üzə duran quru qoşunlarına havadan dəstək verirdilər. Xüsusilə Ağdərə istiqamətində onlar misilsiz qəhrəmanlıq göstərdilər.

Beləliklə, bütünlükdə Azərbaycanın Hərbi Hava Qüvvələri bu müharibədə Qarabağın azad edilməsində böyük bir missiyanı icra etdi.

– Xarici mətbuat, xüsusilə Fransa, Rusiya və ərəb KİV-ləri erməni mediasının səsinə səs verərək, bir amili də qabardırdılar: müharibədə Azərbaycanın guya Suriyadan gətirilmiş muzdlulardan, habelə Türkiyəyə məxsus F-16-lardan istifadə etməsi. Düzdür, Azərbaycanın təkidlə tələb etməsinə baxmayaraq, heç kim ortaya bir dənə sübut qoya bilmədi. Amma Azərbaycana qarşı təbliğat vasitəsi olaraq xarici mətbuatda bu tezisdən hələ də istifadə olunmaqdadır. Siz onları necə dəyərləndirərdiniz. O “muzdlular və F-16-lar” necə oldu?

-Muzdlu əsgərlərmi? Azərbaycan ordusu 3 minə yaxın şəhid verib. Bu, təqribən 44 gün ərzində günə 50 şəhid vermək deməkdir. Bunların içində bir dənə olsun nəşi düşmən tərəfdə qalan xarici olmadımı ki, ermənilər əlində bayraq edib dünyaya səs salsın?

F-16-lara gəldikdə isə müharibədən 1 ay əvvəl Türkiyəyə məxsus bu qırıcılar Azərbaycana gətirib. Lakin onların müharibədə iştirak etsəydi, bunu ən azından lentə almaq mümkün olardı. 44 günlük müharibədə “War Gonzo” başda olmaqla bir çox ermənipərəst bloger və jurnalistlər Azərbaycanın aviazərbələri ilə bağlı görüntüləri yayırdılar. F-16-ların qatıldığı tək bir hərbi əməliyyat olsaydı, yəqin ki, onların əlində bununla bağlı bir fakt qalardı.

Üstəlik, F-16-lar ermənilərə yox, üçüncü qüvvələrə qarşı Azərbaycana gətirilmişdi. Prezident İlham Əliyev 2020-ci ilin 26 oktyabr tarixli çıxışında bu məsələyə toxunmuşdu. O demişdi ki, həmin F-16-lar təlimlər zamanı Azərbaycana gətirilib və müharibə başladığı üçün qalıblar. Kənardan müdaxilə olarsa, bunu edənlər həmin F-16-ları qarşılarında görəcəklər.

– Bir özəl sual: taktiki və coğrafi baxımdan, hansı ərazinin azad Qarabağın bütünlüklə nəzarətimizə qaytarılması üçün açar rolu oynadığını, yaxud oynayacağını düşünürsünüz?

– Mən şəxsən, 29-30 sentyabrda Aşağı Seyidəhmədli-Qaraxanbəyli istiqamətində başlanan hücum və bu hücumla paraleldə Ağdərə-Talış istiqamətindəki postların nəzarətə götürülməsi ilə başlanan əməliyyatı ən strateji hərbi əməliyyatlar arasında görürəm. Müharibə başlanandan 3 gün sonra Azərbaycan ordusunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadizə daxil olması çox vacib idi. Ermənilər əsas hücumun Füzulidən gələcəyini güman etdi. Lakin Azərbaycan XTQ-si gözlənilmədən Cəbrayılın Nüzgar kəndini azad etdi, ardınca Böyük Mərcanlıya daxil oldu.

Böyük Mərcanlının azad edilməsi ilə Füzuli istiqamətindən hücum dayanır və plan dəyişir. Hərbi bölmələrin qarşısında yeni hədəf kimi Füzulini almaq yox, Cəbrayıl-Hadrut istiqamətindən yolu açmaqla bütün cənub-şərq cəbhəsini mühasirəyə almaq tapşırığı qoyulur. Bu tapşırığın uğurla icra edilməsi nəticəsində əvvəl Füzuli, sonra Hadrut mühasirəyə düşür. Zəngilan və Qubadlıya, habelə Şuşa və Laçına gedən yol açılır. Mən ona görə də Cəbrayılın Böyük Mərcanlı kəndinin azad edilməsini müharibənin qırılma nöqtələrindən biri hesab edirəm.

Bütünlükdə Qarabağ üçünsə hazırda ən strateji ərazinin Əsgəran olduğunu düşünürəm. Ağdama, Xocalıya və Xankəndinə çox yaxın olduğuna görə Əsgəran Qarabağın qalan hissəsinə nəzarəti təmin etmək baxımından əlverişlidir.

– Zəfərdən 2 il sonra Azərbaycan ordusunun qarşısında Qarabağda daha hansı hərbi vəzifələr durur? Ordumuz perspektivdə erməni terroruna qarşı effektiv mübarizə imkanlarına malikdirmi? Bu imkanları artırmaq naminə ordu daxilində kontr-gerilla (əks-partizan) qüvvələrinin hazırlanmasına ehtiyac varmı?

– Müharibədə hərbçi qardaşlarımız bəzi xəritələri ələ keçirib. Bu xəritələrdə ermənilərin strateji hücum planları var. Bu planlar Azərbaycanı üçə bölməyə hədəflənib. Bunların birində bir hərbi birləşmənin Araz kənarından Xəzərə doğru necə irəliləməsi göstərilir. Bir başqasında Azərbaycanın qərb rayonlarını işğal etmək üçün metodlar izah olunur. Əgər belə bir düşmənlə həmsərhədsizsə və Qarabağ məsələsini həll etməyə çox yaxınsızsa, hər zaman ehtiyatlı olmalısınız. Bizdə belə bir deyim var: Su yatar, düşmən yatmaz. Həmçinin ermənilərin tarixində Daşnaksütyun, Arabo, Asala kimi təşkilatlar məhz terrorçu dəstələr kimi tanınıb. Lakin bununla belə, mən rəsmi Bakının planlarının olmadığını düşünmürəm. Hər halda, belə təhlükələrə qarşı komando birlikləri yaradılıb. Türkiyənin uzun illər terrorla mübarizədə əldə etdiyi zəfərlərdə məhz komandoların xüsusi rolu olub. Həmçinin onu da qeyd edim ki, artıq ermənilər normal yaşamaq istəyirsə, bu cür əməllərdən əl çəkməlidir. Çünki son iki ildə minlərlə gənclərini öz hikkələrinə qurban veriblər. Artıq bəsdir. Hər kəs bildi, bir daha bilsin ki, Qarabağ Azərbaycandır…
Nicat İsmayılov
 
Ardını oxu...
Əhməd Obalı: “Etriazların səbəbi odur ki, nə siyasi azadlıqlar, nə söz azadlığı, nə də sosial rifah var”

İranda hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyalar bir həftədir davam edir. Etirazlar İranın demək olar ki, bütün vilayət və şəhərlərinə yayılıb. 130-dan artıq şəhərdə keçirilən aksiyalarda hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar baş verməkdədir.

Qarşıdurmalarda onlarla ölənin, yüzlərlə yaralananın olduğu haqda məlumatlar var. İran hakimiyyətinin internetə məhdudiyyət qoyması səbəbindən ölkə daxilindən məlumat almaq o qədər də asan deyil. Amma mənbələr bildirirlər ki, ölkədə böyük qarşıdurmalar yaşanır ki, bunun vətəndaş müharibəsinə çevriləcəyi ehtimalı istisna deyil.
ABŞ-da yaşayan Güney Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalı proseslərlə bağlı AYNA-nın suallarını cavablandırıb. Onun sözlərinə görə, İranda sosial vəziyyətin ağırlığı, insanlara basqılar, azadlıqların olmaması, gələcəyə ümidlərin azalması etirazların vüsət alacağının anonsu idi:

- Gözlənilirdi ki, ciddi etirazlar baş verəcək. Sadəcə dəqiq zamanı və etirazların qığılcımının nə olacağı bəlli deyildi. Təxminən 2 ay əvvəl ictimai rəy sorğusu keçirilmişdi. Əhaliyə sual belə idi: etirazlar olarsa, küçələrə çıxacaqsınızmı? Təsəvvür edin ki, əhalinin 70 faizə qədəri “hə” cavabı vermişdi. İranda ən ağır vəziyyət olanda belə, sorğularda iştirak edənlərin 35-40 faizi “bəli” deyirdisə, bu dəfə 70 faiz etirazlara qatılacağını söyləmişdi. Bəlli idi ki, insanlar rejimin siyasətindən boğaza yığılıb. Etirazların dərinləşəcəyini və genişlənəcəyini bu sorğu əvvəlcədən proqnozlaşdırırdı. Məhsa Əmini hadisəsi sadəcə bir qığılcım oldu.

- Tehran rejimi bu aksiyaların xarici qüvvələr tərəfindən təşkil edildiyini bildirir. Bu, nə qədər həqiqətəuyğundur?

- İran rejimi hər zaman yalan informasiyalarla manipulyasiya edib, indi də bununla məşğuldur. Etirazçıların davranışı ilə bağlı da düzgün olmayan məlumatlar yayırlar. Məsələn, xüsusi təyinatlıları insanların üzərinə yeridir, buna qarşı hansısa küt alətdən istifadə edən etirazçını “hüquq-mühafizə qüvvəsinə silah işlətdi” kimi təqdim edir. Belə hadisələr var, müəyyən yerlərdə yanğınlar var. Amma bu, bir-iki faktdır, hansı ki, İran rejimi bunun kütləvi olduğunu bildirir. Əslində isə etirazçılar tamamilə silahsızdır.

Xarici qüvvələrin təşkilinə gəlincə, təsəvvür edin ki, İranın 130-a qədər şəhərində etirazlar keçirilir. Belə miqyaslı və dərin etiraz aksiyalarını heç bir xarici qüvvə təşkil edə bilməz. Tehran rejiminin iddiaları hər zamankı kimi absurddur. Daxili narazılığı, insanlara basqını, sosial vəziyyətin ağırlığını görməyən, görüb, amma susan rejimin belə açıqlaması normaldır. İran rejimi deməyəcək ki, bizə xalq etiraz edir. Ona görə də xarici qüvvələrin üzərinə atması anlaşılandır. Lakin yenə deyirəm, bu qədər genişlikdə aksiyanı xarici qüvvələrin təşkil etməsi inandırıcı deyil. İran hökumətinin özü bəzən tərif aksiyaları, mitinqləri keçirirdi, rejimə “sədaqəti” nümayiş etdirmək istəyirdi. Amma meydanlara bu qədər insan çıxara bilmirdi. Demək istəyirəm ki, rejimin özü də belə böyük mitinqlər təşkil edə bilməz, nəinki xarici qüvvə təşkil etsin.

- Aksiyalar xaotik şəkildə keçirilir, hansısa bir lider görünmür. Lidersiz etirazların hansı effekti ola bilər?

- Həqiqətən də, bu aksiyaların lideri, rəhbəri yoxdur. Çünki millətin özü ayağa qalxdı, kimsə onları qaldırmadı. Səbəb də odur ki, yenə deyirəm, nə siyasi azadlıq var, nə söz azadlığı var, nə sosial vəziyyət yaxşıdır. İnsanlar təbii ehtiyaclarını ödəməkdə, məişət şəraitini yaxşılaşdırmaqda çox çətinlik çəkirlər. Qadınlar zülm altındadırlar. Bu narazılıq dalğası bir gündə yaranmayıb, illərdir yığılan problemlərin yaratdığı enerjinin fontan vurmasıdır. Necə deyərlər, spontan baş verən hadisələrdir. Millətin lidersiz etiraza qalxmasının şahidiyik. Əlbəttə, ya millətin içərisindən kimsə çıxıb liderlik təşəbbüsünü götürəcək, ya da xaricdə yaşayan mücahidlərdən kimlərsə hansısa komitə formasında yaranacaq, proseslərə təsir edəcək. Bu gün isə öndə siyasilər yox, millətdir. Siyasilər millətin arxasındadır, qabağında deyil.

- Beynəlxalq aləmin İrandakı proseslərə münasibəti birmənalı deyil. Xarici aləm İranın dağılmasını, yoxsa hazırkı rejimin davam etməsini dəstəkləyir?

- Proseslər yeni başlayıb. Aksiyaların yönü hələlik bəlli deyil. Rejim yıxılacaqmı, yoxsa etirazlar durdurulacaqmı - bu suallar açıq qalır. Xarici qüvvələr baş verənləri izləmə mövqeyindədirlər. Onlar da sonunu gözləyirlər ki, nə baş verəcək. İran rejiminə dəyən ziyan artıq dəymiş oldu. Rejim aksiyaları yatıra bilər, amma hakimiyyətin kökünün nə qədər zəif olduğu ortaya çıxdı. Dünyada bundan İrana qarşı siyasi baxımdan istifadə ediləcəyini gözləmək olar. Sivil dünya millətinə bu qədər zülm etmiş İran rejimi ilə əvvəlki kimi əlaqədə olmayacaq. Hər zaman ortada bir məsələ qalacaq: bu rejim getməlidir. Gec, ya tez, bu, baş verəcək.

- İranda vətəndaş müharibəsi gözləniləndirmi?

- İnsanlar beziblər. Bu baxımdan, hər yola əl atıla bilər. Rejim ya gərək siyasətini dəyişə, sosial vəziyyəti yaxşılaşdıra, real addımlar ata, ya da ki, məsələ daha da böyüyəcək. İstisna etmirəm ki, gərginliklər vətəndaş müharibəsinə çevrilsin. Tehran rejimi gərək papağını qarşısına qoyub fikirləşsin. Vətəndaş müharibəsinin baş verməməsini istəyirsə, rejim getməlidir.

- Sizcə, Tehran rejimi siyasətini dəyişəcəkmi?

- Bir xatırlatma edim: SSRİ dağılmamışdan cəmi 5 il əvvəl Qorbaçov siyasətinin dəyişdiyini elan etdi, islahat həyata keçirəcəyini dedi. Hətta bu istiqamətdə müəyyəna addımlar da atdı. Amma faydası olmadı. Çünki diktatura rejimləri və ideoloji dövlətlər öz içərisində islahat apara bilmir. Çünki belə rejimlərin öz daxillərində məhdudiyyət siyasəti hökm sürür. O məhdudiyyətlər dağılmasa, millət razı qalmayacaq. İran rejimi milləti razı sala bilməz.

- Güney Azərbaycan türkləri bu proseslərdə necə iştirak edirlər?

- Düzdür, aksiyalar milli məsələ ilə başlamayıb. Təkcə Azərbaycanın şəhər və vilayətlərində yox, İranın bütün regionlarında rejimə etiraz edilir. Amma azərbaycanlılar da bu aksiyalarda öz məsələlərini qaldırırlar, öz şüarlarını səsləndirirlər. “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə etiraz dalğasına qoşulan soydaşlarımız mücadilələrini aparırlar.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün “Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Bakupost.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Media Reyestri ilə bağlı ən çox maraq doğuran sualları cavablandırıb.
O, hansı jurnalistlərin reyestrə daxil ediləcəyini, onların hansı güzəşt və üstünlüklərdən yararlana biləcəklərini izah edib.
Daha ətraflı:

 

Ardını oxu...
DİA.AZ siyasi və təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun hafta.az-a müsahibəsini təqdim edir:

-Ərəstun bəy, Ukraynada Rusiya ordusunun yüzlərlə məntəqədən çıxarılmasıyla cəbhədə ciddi dönüş yaranmasından sonra Ermənistanın Azərbaycanla sərhəddə təxribatı nəticəsində yaranmış qanlı qarşıdurma, ardınca Qırğızıstan-Tacikistan sərhədində yenidən alovlanan silahlı münaqişə... Və bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri... Bu hərbi və siyasi olaylar arasında geo-siyasi baxımdan hansı bağlılıq, əlaqə görürsüz?..

-Sadalanan hərbi və siyasi proseslər; istər Ukrayna-Rusiya konflikti və bunun ardınca Ukraynanın əks-hücuma keçərək Rusiyanı ciddi məğlubiyyətlərə uğratması və həmən bu mərhələdə Azərbaycan-Ermənistan sərhədində gərginlik və nəhayət, Tacikistan-Qırğızıstan münaqişəsinin alovlanması və s. onu göstərir ki, artıq Rusiya Qərb istiqamətində, yəni Ukraynadakı məğlubiyyətini anladığından digər istiqamətlərdə revanş götürməyə can atır. Bəs həmin istiqamətlərin mahiyyəti nədən ibarətdir?..

Ümumiyyətlə, Ukrayna konfliktinin başlıca səbəblərindən biri Rusiyanın böyük Şərq-Qərb dəhlizini Qara dəniz və Ukrayna üzərindən kəsmək cəhdi idi. Amma NATO-nun, Qərbin, xüsusilə də ABŞ-ın müqaviməti nəticəsində bu cəhdin qarşısı alındı. Yəni hələlik alınmaq üzrədir. Və belə görünür ki, tamamilə alınacaq da... Artıq hərbi strateji vəziyyət Ukraynanın xeyrinə dəyişməyə başlayıb. Və Moskva üçün sözügedən dəhlizi kəsməyin iki yolu qalır; bunun biri Mərkəzi Asiyadır, digəri isə Cənubi Qafqazdır. Bilirik ki, Mərkəzi Asiyada Rusiya ilk cəhdi bu ilin yanvarında Qazaxıstanda etdi. Amma orada Çin çox aktiv şəkildə proseslərə müdaxilə edərək Rusiyanı faktiki olaraq Qazaxıstandan sıxışdırıb atdı. Və bu gün də görünür ki, Qazaxıstanda verilən qərarlar, bəyanatlar, atılan addımlar birmənalı və açıq şəkildə anti-Rusiya xarakteri daşıyır. Belə olduqda bölgədəki vəziyyəti gərginləşdirmək və Mərkəzi Asiyada destablizasiya yaratmaq üçün Rusiya iki zəif həlqə olan Qırğızıstan və Tacikistana əl atdı. Özbəkistanı manipulyasiya etmək asan deyil. Türkmənistan isə bu proseslərdən bir qədər araılıdır və bəhs edilən dəhlizə aidiyyatı cüzidir. Odur ki, bu dəfəki hədəf Tacikistanla Qırğızıstan seçildi. Qeyd edilən münaqişələr bir-biri ilə birbaşa əlaqəlidir və məhz Rusiya tərəfindən qızışdırılır.

Dediyim kimi, Şərq-Qərb dəhlizini kəsən digər yol Cənubi Qafqazdan keçir. Və Rusiya buradakı Ermənistan-Azərbaycan konfliktini yenidən alovlandırmaq, bölgəyə qoşun yeritmək və Yaxın Şərq istiqamətində keçən kommunikasiyaları nəzarətə götürmək məqsədi güdür. Hələlik bu da alınmır. Biz gördük ki, məhz elə Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT çərçivəsində Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridilməsinə razılıq vermədi...

Deməli, bütün sadalanan konfliktlərdə əlaqə birbaşadır...

Nensi Pelosinin bölgəyə səfərinə gəldikdə bu, öncədən planlaşdırılmış səfər idi. Bu, yeni səfər deyildi. Sadəcə olaraq Ermənistanla sərhəddəki son qarşıdurmanın ardınca baş tutdu. Və Pelosi, başqa sözlə, ABŞ göstərdi ki, Ermənistan üzərindən bu və ya digər dəhlizin açılmasında maraqlı deyil. Və İrəvandan səslənən bəyanatlar da buna açıq işarədir. Artıq Ermənistanda Rusiyanı KTMT-dən çıxmaqla hədələyirlər. Və erməni ictimai-siyasi dairələrində açıq şəkildə anti-Rusiya siyasi xətti yürütmək haqqında müzakirələr gedir...

-Sizcə, bütün bu baş verənlərdən sonra Zəngəzur dəhlizinin tezliklə açılması mümkün olacaqmı?

-Son baş verənlər, yəni Ermənistanın Qərbdən, xüsusən ABŞ-dan dəstək alması onu göstərir ki, Zəngəzur dəhlizinin açılması tezliklə mümkün olmayacaq. Və ümumiyyətlə, bunun mümkün olub-olmayacağı özü böyük bir sualdır. Mən belə görürəm prosesi... Hər bir halda bundan sonra Ermənistana qarşı “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq xeyli dərəcədə çətin olacaq. Bir şərtlə ki, Ermənistanın daxilində hansısa destablizasiya baş verməsin. Amma nəzərə alsaq ki, ABŞ-ın da Ermənistana təsiri yetərincədir, Ermənistandakı Paşinyan hökuməti Amerikayönlü hökumətdir, ABŞ da böyük geo-siyasi xəritədə fəaliyyət göstərən super güc kimi, əlbəttə, öz tərəfdaşlarını qoruyacaq. O cümlədən də Paşinyan hökumətini... Yəni bütün bunlar Zəngəzur dəhlizinin açılması prosesini nəinki gecikdirmiş olur, ümumiyyətlə, dediyim kimi həmin prosesi şübhə altına alır...

-Yəqin ki, bu gedişlə Rusiya “sülməramlı” hərbi kontingenti ərazimizdən çıxarılmamış Xankəndi, Xocalı və s. məntəqələrimizin yurisdiksiyamıza keçirilməsi də mümkün olmayacaq?

-Rusiyanın dırnaqarası “sülhməramlı”larının nəzarətində qalan Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərə gəldikdə, təbii ki, həmin ərazilər bu gedişlə Azərbaycanın nəzarəti altına keçməyəcək. Ən azı, ona görə ki, belə bir addım atılacağı halda Rusiya ilə Azərbaycanın Ermənistana qarşı mövqeləri üst-üstə düşsə belə, bu, Rusiyanın maraqlarına zidd olacaq. Ona görə zidd olacaq ki, həmin bölgələrin Azərbaycanın yurisdiksiyasına keçməsi Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsidir. Məlumdur ki, bu halda oradakı erməni əhali birdəfəlik çıxıb gedəcək. Və yalnız Azərbaycana etnik təmizləmə və s. kimi mövzularda təzyiqlər ediləcək. Amma eyni zamanda bunlarla paralel Rusiya da bölgəni tamamilə tərk etməli olacaq. Və xüsusilə də nəzərə alsaq ki, bu gün Rusiyanın özünün Ermənistanda hərbi-siyasi mövcudluğu sual altına düşüb, əlbəttə ki, Kreml Qarabağı nəinki tərk etmək haqda düşünəcək, buralarda daha da möhkəmlənməyə çalışacaq...

- Azərbaycanla son silahlı toqquşmalar zamanı erməni ordusunda da baş vermiş çoxsaylı canlı itkilərdən sonra Ermənistandakı mövcud hakimiyyətə rusiyayönümlü müxalifətin təpkiləri ilə paralel Qərbin, ABŞ-ın dəstəyi də olduğundan, yəqin ki, artıq Paşinyanın devrilməsi gözlənilmir?

-ABŞ-ın açıq dəstəyi olduğu bir halda Paşinyanın hakimiyyətdən uzaqlaşdırmaq rusiyayönümlü müxalifət üçün çətin olacaq. Onu da unutmayaq ki, Nensi Pelosi son dövrdə Ermənistana səfər edən yeganə ABŞ təmsilçisi deyil. Bundan öncə təsir imkanları baxımından Pelosidən heç də geri qalmayan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru da İrəvana səfər etmiş, Paşinyanla görüşmüşdü... Belə olduğu halda, əlbəttə ki, Paşinyanın mövqeləri güclənir. Yenə də xatırlatmaq yerinə düşər ki, Ermənistan Amerikanın ən böyük səfirliyi yerləşən 3 ölkədən biridir. Deməli, amerikalılar heç də asanlıqla öz tərəfdaşları olan Paşinyanın devrilməsinə imkan verməyəcəklər. Xüsusilə, Rusiyanın indiki vəziyyətində, onun sisteminin, dövlət maşınının sınmış olduğu bir durumda Paşinyanın devrilməsi inandırıcı görünmür. Və eyni zamanda nəzərə alsaq ki, ABŞ-Ermənistan münasibətlərinin bu dərəcədə yaxınlaşması Amerika, Fransa və digər Qərb ölkələrindəki, həmçinin Yaxın Şərq ölkələrindəki erməni diasporunun marağındadır. Odur ki, həmin rusiyapərəst müxalifət qrupları təklənmiş vəziyyətdə qalacaq. İnanmıram ki, yalnız Rusiyadan dəstək almaqla onlar Paşinyanı devirə bilsinlər. Paşinyan ordunu da xeyli dərəcədə təmizləyib. Artıq Ermənistan ordusunda da güc yolu ilə dövlət çevrilişi edəcək güclü bir rusiyapərəst komanda qalmayıb. Düzdü, Moskvaya bağlı bu və ya digər adamlar var. Amma onlar artıq açar fiqurlar rolunda deyillər...

- Ukrayna ordusunun son irəliləyişləri ilin sonunadək Putinin siyasi səhnədən getməsinə gətirib çıxara bilərmi?

-Əvvəlcədən də demişdik ki, Ukrayna ordusunun uğurları, qələbəsi Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Və bu məsələ də artıq reallaşmaqdadır. Təkcə Ukraynada deyil, bir sıra müxalif Rusiya mənbələrində də Putinin hakimiyyətdən gedəcəyi bir aksiom kimi təqdim olunur. Bu isə artıq ölkənin daxilindəki ab-havaya təsir etmək və ictimai rəyi buna hazırlamaq deməkdir. Yeri gəlmişkən, hətta Kreml təbliğatçılarının da tonu dəyişib. Artıq onlar tamam başqa şeylər danışır və başqa addımlar atırlar. Putinin əsas, şəxsi qoçusu olan Ramzan Kadırovun da ritorikası dəyişib. Eləcə də Putinin ən yaxın çevrəsindəki ən təsirli adamlar, görünən budur ki, artıq psixoloji baxımdan onun siyasi səhnədən getməyinə hazırdırlar. Bəs Putinin özü buna hazırdırmı? Mənə elə gəlir ki, yola salınmaq məqamı çatanda artıq onun rəyini soruşan olmayacaq...

Onu da deyim ki, bəlkə də bu hadisə ilin axırından da tez baş verdi. Bunu da istisna etmirəm.
 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 18-də Yerevanda səfərdə olarkən bildirib ki, Ermənistanın sərhədlərinə və suverenliyinə hücum edilib.

“Ermənistan bizim üçün vacibdir və biz Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını qətiyyətlə pisləyirik”, – Pelosi deyib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını çoxdan və açıq şəkildə bəyan edib.

“Səfərimizin məqsədi Ermənistanın ABŞ-dan nə gözlədiyini və müdafiə sahəsində əməkdaşlıqda bizim hansı dəstəyi verə biləcəyimizi və nə edə biləcəyimizi anlamaqdır. Qərarı Ermənistan verir və qəbul edərsə, biz kömək etməyə hazırıq”, – Pelosi bildirib.

Pelosi ilə birlikdə gələn deputat Ceki Speer bildirib ki, Nümayəndələr Palatasında Azərbaycanın hərəkətlərini pisləyən qətnamə irəli sürüb edilib. “Ümid edirəm ki, tezliklə qəbul olunacaq.

Ermənistan qarşısında öhdəliklərimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”.

 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, “18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir”.

Vaşinqtonda mənzillənən azərbaycan-əsilli jurnalist Aleks Raufoğlu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

***

– ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda səsləndirdiyi bəyanatlar nəyə hesablanıb? Bu bəyanatları səsləndirməkdə spikerin məqsədi nədir? Bu bəyanatları rəsmi ABŞ-ın mövqeyi hesab etmək olarmı?
Ardını oxu...
-İcazənizlə, suallarınıza sonuncudan başlamaqla cavab verim. Xeyr, xanım Pelosinin bəyanatları ABŞ Administrasiyasının rəsmi mövqeyini ifadə etmir, bunun üçün Ağ Ev və Dövlət Departamentindən səslənən açıqlamalara diqqət etmək yetərlidir. Yerevanda nümayiş edilən ritorikanın rəsmi mövqedən fərqlənməsi ABŞ sistemində nadir nümunə deyil. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Konqress üzvləri kimi, Spiker də müxtəlif mövzularda Ağ Evin siyasətindən fərqli yanaşma nümayiş etdirməkdə azaddırlar – hətta Oval Ofisdə oturan şəxslə eyni partiya maraqlarını bölüşmüş olsalar belə.

Bəyanatların məğzinə gəldikdə, xanım Pelosinin açıqlamalarında Azərbaycan tərəfinin mövqeyinə (haqlı, yaxud haqsız—fərq etməz) istinad olunmamasının səbəbləri ilk növbədə Azərbaycan üçün düşündürücü olmalıdır. Təəccüblü hal idi ki, Azərbaycanın Vaşoinqtondakı diplomatları xanım Pelosinin çıxışlarına yalnız faktdan sonra və yumşaq desək, “Tvitter tənqidçiləri” səviyyəsində reaksiya vermək məcburiyyətində qaldılar. Pelosinin bəyanatları o cümlədən bizim illərdir dediyimizi — ABŞ Konqresində Azərbaycanın pullu lobbiçilik səylərinin səmərəsiz olduğunu isbat etdi.

Sualınızın digər hissəsinə gəldikdə, bir qayda olaraq, ABŞ Spikerinin böhran nöqtələrinə səfərləri beynəlxalq ictimai rəyi münaqişələrə cəlb etmək baxımından önəm daşıyır. Bütün həftə ərzində baş xəbər lentlərini Ukraynaya və Kraliçanın ölümünə həsr etmiş Qərb mediası şənbə və bazar günləri aydın səbəbdən Azərbaycan-Ermənistan münaqişəsini manşetlərinə çıxardılar, baxmayaraq ki, iki tərəf arasında atəşin dayanması barədə razılaşma bu səfərdən 48 saat öncə artıq əldə olunmuşdu.

Bu mənada, spikerin səfərini özlüyündə, diqqəti problemə cəlb etmək baxımından əlamətdar saymaq olar. Azərbaycan tərəfi bu fürsətdən düzgün yararlanmaq üçün, ilk növbədə səfərdə iştirak etmiş Konqress üzvləri ilə vaxtında işləməli, öz mövqeyini də diqqətə çatdırmalı idi. Spikerin ofisinin də açıqladığı kimi, bu səfər əslində, bir ay öncədən nəzərdə tutulmuşdu, sadəcə olaraq vaxt qeyri-münasib dövrə təsadüf edib. Azərbaycan diplomatlarının bu ziyarətdən xəbəri var idimi? Olmayıbsa – pis, olub heç nə etməyiblərsə – daha da pis.

-Bu bəyanatları səsləndirərkən Nensi Pelosi düşünmədimi ki, ABŞ Azərbaycanı itirə bilər?

– İlk növbədə, bəyanatların səsləndirildiyi məkanı nəzərə alaraq, anlaşılandır ki, məqsəd Ermənistanı itirməmək olub, amma Vaşinqtondakı ümumi sentiment belədir ki, bu, heç də mütləq Azərbaycanı itirmək bahasına edilməməlidir. ABŞ-da gözəl anlayırlar ki, son bir neçə həftə ərzində post-Sovet regionunda münaqişə ocaqlarının ardı-ardına alonlanması təsadüfi deyil. Ukraynada məğlubiyyətlə üzləşmiş Rusiya bu vəziyyətdən bəhrələnməklə, ABŞ dövlət katibinin də bir neçə gün əvvəl dediyi ki, “regionu qarışdıra bilər.”

Azərbaycandan fərqli olaraq, Ermənistan Moskvanın artan təzyiqləri fonunda Qərbdən uzadılan əli rədd etməmək yolunu tutub. Azərbaycan da Putin Rusiyası tərəfindən təklənməməkdə maraqlıdırsa, siyasətini nəzərdən keçirməlidir.

– Son vaxtlar ABŞ- Azərbaycan münasibətlərində buzlar əriməyə başlamışdı. İndi bu bəyanatlarla yenidən münasibətləri gərginləşdirmək kimlərə sərf edir? Bu kimi bəyanatlarla ABŞ Azərbaycanı Rusiyaya tərəf itələmir?

– Spikerin bəyanatları rəsmi münasibətlərin gərginləməsi üçün səbəb olmamalıdır. Bunu edənlər ən pis halda, bəhanə axtarışındadırlar, ən yaxşı halda isə, ABŞ siyasi sisteminə sadəcə olaraq bələd deyillər.

Rusiyaya gəldikdə, bu ölkə təkcə son 7 ayda Ukraynadakı əməllləri ilə özünü dünya siyasətindən təcrid edib və İran, Şimali Koreya kimi rejimlərin imdadına sığınıb. Kremlə tərəf “itələnməyi” ABŞ heç düşməninə də arzulamazdı.

-Son olaraq, ABŞ Azərbaycan münasibətlərinin normal məcraya düşməsi üçün hər iki tərəf hansı addımları atmalıdır?

– Münasibətlərin indiki halda, məcrasından çıxdığını iddia etmək doğru olmazdı. Hərçənd, etiraf etmək lazımdır ki, tərəflər arasında səmimiyyət indi hər zamankından daha önəmlidir.

Qarabağ nizamlaması ABŞ-Azərbaycan münasibətlərinin fokuslandığı istiqamətlərdən yalınız biridir və bütün digər sahələrdə olduğu kimi, bu iş də diplomatik yaradıcılıq tələb edir.

Bu yaxınlarda söhbət etdiyim sabiq ABŞ diplomatlarından biri münaqişə ətrafındakı dialoqların əvvəlki illərdən fərqini təxminən aşağıdakı formada izah etmişdi.

“Əvvəllər tərəflər bizimlə təmasda qarşı tərəfin fikrinin pis olduğunu nəzərə çatdırırdı, indi isə qarşı tərəfin özünün pis olduğunu”. Fərq bundadır.

Mario Puzonun “Xaç atası” əsərində Don Korleonenin dediyi kimi, “düşmənlərinizə nifrət etmək kimi səhvə yol verməyin. Bu, sizin mühakimənizi dumanlandırır”.

Ardını oxu...
 
 

 
“Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir”.

 

Bunu REAL TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, iki ilə yaxın müddətdə sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib:

“Sülh müqaviləsinin hazırlanması təşəbbüsü cənab Prezident tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Son olaraq sentyabrın 19-da mənim Nyu-Yorkda Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu. Bu görüşün bir neçə istiqaməti var idi ki, bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlaması olmuşdu. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmin görüşdə nümayiş etdirdik. Bizim bu təklif ABŞ tərəfindən də yüksək qiymətləndirildi. ABŞ Dövlət Departamentinin də açıqlamasına diqqət yetirsəniz, orada tərəflərə sülhlə bağlı danışıqların davam etdiririlməsiylə bağlı çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın”.

Ceyhun Bayramov müsahibəsində sentyabrın sonunda Ermənistanın XİN rəhbəri ilə görüşünün olub-olmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

“Görüşün keçirilməsi üçün iki tərəf iştirak etməlidir. Brüsseldə liderlər arasında baş vermiş sonuncu görüşdə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi öz öhdəliklərinə sadiqdir. Bütün baş verənlərə rəğmən, hesab edirik ki, sülh gündəliyini irəli aparmaq lazımdır. Biz bu görüşün keçirilməsinə hazırıq. Bununla bağlı təklifimizi bildirimişik. Görüş baş tutmasa, bu, Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması olacaq. Bundan əlavə indiki mərhələdə nəsə demək çətindir”.



 

XalqXeber.Az
 

Dünyapress TV

Xəbər lenti