Ardını oxu...
Bir qrup məcburi köçkün qadın Nazirlər Kabinetinin onları müavinətdən məhrum edən qərarının ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Teref.az bildirir ki, Abzas Media-ya bu barədə feminist fəal Nisə Hacıyeva məlumat verib.

Hacıyevanın sözlərinə görə, Nazirlər Kabinetinin məcburi köçkünlər üçün ayrılan müavinətlərlə bağlı qərarında qeyd olunub ki, məcburi köçkün qadınlar analoji statusu olmayan şəxsə ərə getdiyi, həmçinin sonradan boşandığı zaman onlara müavinət verilmir.

Feminist fəal deyir ki, bu, qanunvericilikdə olan ayrıseçkilikdir:

“Bundan əvvəl 2002-ci ilin qərarına görə də məcburi köçkün qadınlar məcburi köçkün olmayan kişi ilə evləndikdə onların müavinəti kəsilirdi. Lakin həmin qərarda bu, bir az qəliz ifadə olunmuşdu. 2017-ci ilin qərarında isə ətraflı belə bir bənd əlavə olundu.

Bununla bərabər, məcburi köçkün statusunun verilməsi haqda qaydalarda qeyd olunub ki, yalnız atası məcburi köçkün olan uşaqlara məcburi köçkün statusu şamil olunur. Amma təcrübədə ümumiyyətlə məcburi köçkün olmayan şəxslə evlənmiş məcburi köçkün qadınların statuslarını da bərpa etmirlər. Bu halda da qadınlar nəinki müavinəti itirirlər, həmçinin digər imtiyazlardan da məhrum olurlar. Məsələn, pulsuz təhsil və sairə”, – deyə Hacıyeva bildirib.

Feminist fəal deyir ki, müavinətin geri qaytarılması ilə bağlı bəzən qadınlar məhkəməyə müraciət edib, ilk instansiyalarda məhkəmə onların şikayətini təmin etməsə də, Ali Məhkəmə şikayəti təmin edib, müavinəti geri qaytarıb.

Onun sözlərinə görə, bu, yalnız məhkəməyə gedən qadınlar üçün keçərli olub:

“Ümumilikdə isə gərək qərar dəyişilsin ki, bütün məcburi köçkün qadınların hüquqları bərpa olunsun. Bunun üçün də Konstitusiya Məhkəməsinə müraciət edilib. Tələblər ondan ibarətdir ki, Nazirlər Kabinetinin qərarında 2.4-cü bənd ləğv olunsun və məcburi köçkün qadınların kiminlə evlənməsindən asılı olmayaraq müavinətləri kəsilməsin, valideynlər arasında ayrıseçkilik qoyulmadan övladlara məcburi köçkünlük statusu şamil olunsun.

Hər iki şikayətdə vətəndaşlar Konstitusiyanın 25-ci maddəsi ilə təsbit edilmiş bərabərlik hüququnun bərpasına istinad edirlər”, – deyə Nisə Hacıyeva bildirib.

Hüquqşünas Səməd Rəhimli deyir ki, ayrıseçkilik həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağan olunur. Onun sözlərinə görə, məcburi köçkün qadın məcburi köçkün olmayan biri ilə evlənəndə onlar üçün nəzərdə tutulan imtiyazları itirirsə, bu heç bir şübhə olmadan bərabərlik hüququ və diskriminasiya qadağasının pozulmasıdır.

“Həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə, eyni zamanda, bu konvensiyanın 12 saylı əlavə protokoluna əsasən bərabərlik hüququ təsbit edilir və diskriminasiya qadağan olunur. Eyni zamanda, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 26-cı maddəsi də bunu qadağan edir”, – deyə hüquqşünas bildirib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, mövzu məcburi köçkünləri əhatə etdiyi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət edək. Komitənin mətbuat xidmətindən sorğumuza cavab veriləcəyi bildirilsə də, sonradan zənglərimizə cavab verilmədi.
 
Ardını oxu...
Türkiyədə koronavirus pandemiyası dövründə tibbi maskadan istifadə qaydalarının və başqa qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələr artıq geri qaytarılır. Bununla bağlı ölkənin Konstitusiya Məhkəməsinin qərarı var. Qərara əsasən, vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər.

Rəsmi məlumatlara görə, koronavirus pandemiyası dövründə maska taxmadığına və komendant saatını pozduğuna görə Türkiyədə 1 milyon 388 min 865 nəfər cərimələnib. Ümumi cərimə 3 milyard lirə olub. Hər dörd nəfərdən biri isə cəriməsini ödəyib.

Rəsmi məlumatlarda habelə bildirilir ki, 1 milyon 67 min 485 nəfərin ödəmədiyi 2.7 milyard lirəlik cərimə qanun çərçivəsində silinib. Bu çərçivədə Türkiyədə epidemiya dövründə 321 min adamın ödədiyi 309 milyon lirə cərimə sahiblərinə geri qaytarılmalıdır.

2020-ci ilin martından Azərbaycanda da koronavurus səbəbindən karantin rejimi elan edilib. Rejim tam ləğv edilməsə də, maska və ona uyğun qadağalar götürülüb. Rəsmi qurumlar həmin vaxt cərimə edilənlərin ümumi sayı və cərimənin yekun məbləği ilə bağlı məlumatları tam açıqlamırlar.

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosunun bu mövzuda suallarını cavablandırarkən məsələyə bir neçə aspektdən yanaşmağın tərəfdarı olduğunu bildirib: “Türkiyədə yalnız cərimələrə münasibətdə deyil, həm də bir sıra hallarda kredit öhdəliklərindən və dövlət qarşısında yaranmış maliyyə öhdəliklərindən azad etmək haqda amnistiya aktları qəbul edilir. Azərbaycanda belə bir təcrübə vətəndaşlara deyil, hüquqi şəxslərə münasibətdə, əsasən, kommunal xidmətlər üzrə öhdəliklərinin silinməsi ilə müşahidə edilir”.

R.Həsənov sual edir ki, pandemiya dövründə vətəndaşların üçdə ikisi kölgə iqtisadiyyatının bir parçası idisə və yaradılan sistem vasitəsilə lazım olan icazələri ala bilmirdisə, belə halda nə baş verməli idi: “İnsanlar o zaman seçim qarşısındaydı, məcburən iş üçün çıxırdılar və cərimələnirdilər. Ona görə uzunmüddətli dövrdə hökumətin apardığı siyasətin nöqsanları olaraq ortaya çıxan səbəbləri nəzərə alaraq, vətəndaşlara münasibətdə həmin cərimələr ləğv edilə bilər. Belə olanda digər bir məsələ çıxacaq: cərimə ödəyənlərə münasibətdə nə baş verəcək? Yalnız qalan borclara amnistiya tətbiq ediləcəkmi?”.

İqtisadçı düşünür ki, Azərbaycanda da pandemiya ilə əlaqədar yalnız qalan borcların silinməsi deyil, ödənmiş cərimələrin qaytarılması qərarı da qəbul edilməlidir: “Amma indiki şərtlər daxilində belə qərarı gözləmirəm”.

Hələlik, belə təkliflərə Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Rüfət Quliyev Turana bildirib ki, oktyabrda parlamentin iclasları başlayanda məsələni həmkarları ilə müzakirə edəcəyi istisna deyil: “Amma gəlin əvvəlcə cərimələrin təsnifatını araşdıraq, doğrudanmı, maska taxmamağa görə cərimələnənlər var? Çünki pandemiya illərində maska taxmağın qaydaları vardı, bəzi yerlərdə təlimatla, səhiyyə müəssisələrində isə məcburi idi. Yəni, mən küçədə, kafedə, restoranda kiməsə yaxınlaşıb maskaya görə nəsə dediklərini görməmişəm”.

“Amma cərimələnənlər olubdur axı” sualına “bilirəm, bütün dünyada maska taxmayanlar, gigiyenik şərtləri pozanlar cərimələnirdi. Bu, hər yerdə var idi”,-deyən R.Quliyev əlavə edib ki, bütün hallarda araşdırmaq lazımdır cərimələr harada və nə vaxt olub, bundan sonra suallara cavab vermək olar.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 10-nə qədər 830 mindən çox insanın bu virusa yoluxduğu, onlardan 10 min 300-ə yaxınının vəfat etdiyi bildirilir. Ölkədə xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Hərçənd ÜST bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son aylar bu virusa yoluxma kəskin azalıb.
 
Ardını oxu...
"Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün yeni tədris ilində aviabiletlərin qiyməti endirilməlidir”.

TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib. Ekspert təəssüf hissi ilə qeyd edib ki, cəmi bir aydan sonra yeni tədris ilinin başlanmasına baxmayaraq, ali təhsillə bağlı bir sıra problemlər hələ də öz həllini gözləməkdıdir:

"Onlardan biri də xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlıdır. Lakin bu mövzu gündəmə gətirilmir. Cəmi bir aydan sonra dərslər başlayacaq, lakin quru yollar bağlıdır, yalnız təyyarə ilə harasa gedib-gəlmək mümkündür. Bu hədindən artıq bahalı biletlər deməkdir, tələbələrin özləri və ailələri üçün çətinlik yaradan amildir”.

Ekspert əlavə edib ki, bu problemlə bağlı təhsilini yarımçıq qoyan, donduran, imtina edən gənclərin sayı da çoxluq təşkil edir:

"Rusiya, Türkiyə, yaxın çevrədə təhsil alan tələbələr bu səbəbdən təhsilini yarımçıq qoyublar. Belə getsə yəqin ki, imkanı olmayan tələblərin hamısı təhsildən imtina edəcəklər. Bu da vaxt, maliyyə, motivasiya, bəlkə də gələcək itkisi olacaq. Bir müddət əvvəl problem Milli Məclisdə qaldırılmışdı. Deputat Ceyhun Məmmədov bununla bağlı fikir səsləndirib, təklif irəli sürmüşdü ki, xaricdə oxuyan tələbələrlə bağlı müəyyən bir stimullaşdırıcı addımlar atılsın, güzəştlər paketi həyata keçirilsin. İlk növbədə aviabiletlərin qiyməti ilə bağlı təklif vermişdi. Bildirilmişdi ki, xaricdən Azərbaycana gələn soydaşlarımızın biletlərinə müəyyən endirimlər edilsin. Həqiqətən də onlar çıxılmaz vəziyyətdədirlər”.

Elmin Nuri bildirib ki, həmin tələbələrin əksəriyyətinin maliyyə imkanları olmadığından onlar iki ildir ailələri ilə görüşə bilmir:

"Xaricdə oxuyan tələbələrlə bağlı təkcə aviabiletlərin qiyməti ucuzlaşmamalıdır. Bu istiqamətində işlər görülməyib. Amma bununla bağlı bir neçə təklif irəli sürərdim. Birinci, əgər onlarla bağlı güzəştlər paketi hazırlansa, nəqliyyat xərclərinin aşağı salınması müsbət hal ola bilər. İkinci, nəzərə alaq ki, bu gənclər həm də aktiv, dinamik təbəqəyə aiddirlər, ictimai fəallığı digərlərindən daha çox olan şəxslər siyahısındadırlar. Onlara ölkəmizi yaşadığı yerdə Azərbaycanın həqiqətlərini müsbət istiqamətdə dünyaya yaymaqdan ötrü əlavə maddi dəstək vermək lazımdır. Onlar da bu vəsaitin qarşılığında ildə bir dəfə müəyyən bir hesabatla çıxış edə bilərlər. Bu hər iki tərəf üçün faydalı ola bilər”.

Elmin Nuri hesab edir ki, onların təhsil aldıqları ölkələrdə yerli diasporlarımızın vasitəsi ilə əlaqələri genişləndirmək üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır:

"Bu, həmin tələblərin maddi durumuna da təsir göstərməlidir. İstəlinən ölkədə azərbaycanlı iş adamları var. Həmin iş adamları bu proqramlara dəvət edilməli, onların ianələri intelektual tələbələrə yatırılmalıdır. Bu, ölkəmiz adına böyük uğur ola bilər. Digər tərəfdən, xaricdə oxuyan tələbələrin ən azı 50%-i üçün müəyyən təqaüd proqramı hazırlamaq olar. Simvolik olaraq onlara aylıq təqaüd ayrılsa, aviabiletləri özləri də ala bilərlər. Belə təkliflərin sayını daha da artırmaq mümkündür".
 
Ardını oxu...
Azərbaycanda ağır yaralı hərbçilərə əlil əsgər statusunun verilməsindən imtina adi haldır. Yüzlərlə ağır yaralanmış Qarabağ müharibəsi əlillik dərəcəsinin təyin edilməsin nail ola bilmir. Amma elə olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunla verdiyi əlil statusunu geri alır.

2021-ci il iyunun 25-də Qarabağda ağır yaralanan əsgər Fuad Mahir oğlu Həsənov uzun müayinə və müalicələrdən, sümüklərin düzgün bitişməməsindən və cərrahiyyə əməliyyatından sonra 5 illik etibarlılıq müddəti göstərilən üçüncü dərəcəli əlillik dərəcəsi alıb.

Belə ki, həkimlər düşmən mərmisinin qopması nəticəsində onun sağ ayağının zədələndiyini qeyd edib.

Ayaq damarları atrofiyaya uğrayıb, yara, posttravatik artroz başlayıb, yəni ayaqlar öz vəzifəsini yerinə yetirə bilmir.

Əlilə verilən sənəddə yüngül işlərdə işləməyin mümkünlüyü qeyd edilirdi.

Həsənov iki il ərzində aldığı müavinətlə yaşa bilib, normal iş həyatına qayıtması üçün ayağının normal hərəkət qabiliyyətinin bərpasına və ailəsini dolandırmaq üçün pul qazana biləcəyinə ümid edib.

25 may 2023-cü il tarixində isə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin həmin komissiyası bədəndə əvvəllər müəyyən edilmiş xəsarətləri təsdiqləyrək Həsənovu əlillik dərəcəsindən məhrum edib.

Səbəb isə belə göstərilir: komissiyanın qoyduğu diaqnoz əlilliyə səbəb olmur.

“Sağlam əlil” Fuad Həsənov kömək üçün “Turan”a müraciət edib.

Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov Həsənovun işi ilə tanış olduqdan sonra qurumun rəsmi rəyini “Turan”a göndərəcəyini vəd edib.

Bir həftəlik susqunluqdan sonra “rəy bu gün olacaq” deyə söz verdi, amma yenə dediyini yerinə yetirmədi.

Bizə məlum olmayan səbəblərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyi əsgərə əvvəllər verilmiş əlillik dərəcəsindən imtina qərarını şərh etməkdən imtina edir.

Belə ki, Dövlət Agentliyi Fuad Həsənova 5 il müddətinə təyin edilmiş əlilliyin iki ildən sonra ləğv edilməsinə aydınlıq gətirməyib.

Mətbuat həmçinin qarnından yaralanan əsgər Davud Bağırzadə ilə bağlı da oxşar vəzyyətin olduğunu yazıb. Ona verilən rəydə bildirilir ki, mərminin partlaması nəticəsində nazik bağırsağına dəyən ziyan əlillik dərəcəsinin verilməsinə səbəb olan fəsadlar yaratmır.

“Qarabağ Müharibəsi Əlilləri” ictimai birliyinin sədri Rey Kərimoğlu “Turan”a müsahibəsində veteranlara əlil statusunun verilməsində problemlərin olması ilə razılaşıb, buna səbəb qanunvericiliyin mükəmməl olmamasıdır.

“2015-ci ildə Milli Məclis və Nazirlər Kabineti əlillik meyarları haqqında müddəaya 413 saylı əlavələr qəbul edib. Sonra 90 xəstəlik əlillik təyin olunan xəstəliklər siyahısından çıxarılır. Sonra xəstəliklərin siyahısı yenidən genişləndirildi. Amma problem gördüyümüz kimi qalır”, – deyə Rey Kərimoğlu bildirib.
Ardını oxu...
 
Ardını oxu...
Dərhal qeyd edim ki, bu, MİDA-nın onlayn mənzil satışı deyil
Sabah, 8 avqust saat 11.00-da valideynlərin uşaq bağçalarında onlayn növbə tutması prosesinə start veriləcək.
Məlum olduğu kimi Elm və Təhsil Nazirliyi artıq 2-ci ildir ki, bağçalara qəbulu elektron formada təşkil edir.
Ötən bir həftə ərzində valideynlər ETN-nin bağçalara qəbulla bağlı www.bq.edu.az resursunda qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçmək hələ növbə tutmaq hesab olunmur.
Məhz sabah əsas məsələ, bağçalara qəbulla bağlı onlayn növbə tutulması mərhələsi başlayır.
Bir valideyn maksimum 3 bağça seçə bilər.
Prinsip belədir ki, kim bu sistemə birinci daxil olub, siyahıdakı bağçanı seçə biləcəksə onun uşağının bu bağçaya düşmə şansı daha çox olacaq.
Yəni, MİDA sistemində olduğu kimi, burada da kim İT-dən daha cəld və çevik istifadə edə bilirsə onun şansı daha yüksək olacaq, növbə siyahısındakı yeri daha yuxarıda olacaq.
Xatırladıram ki, növbə siyahısında başda olmaq da hələ bağça seçmək anlamına gəlmir.
Qaydalara görə ilk öncə müəyyən qanuni üstünlüklərə malik olan vadieynlərin uşaqları bağçalara qəbul ediləcək. Ondan sonra isə həmin onlayn növbə siyahısı əsasında qəbul apatrılacaq.
Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi isə minimum 5 gündən sonra həyata keçiriləcək.
Əlbəttə, onlayn proses korrupsiya və rüşvət risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bağçalara qəbul Bakı şəhər İcra Hakimiyyətlərinin nəzarətindıə olduğu zaman bu sahədə xeyli neqativlər formalaşmışdı.
Təqdirəlayiqdir ki, ETN bağçalara, 1-ci siniflərə, hazırlıq qruplarına qəbulla bağlı bir sıra rəqəmsal həllər yaradıb və effektiv də tətbiq edilir.
Bununla belə, İT bacarıqlarla bağlı bir çox valideynlərin seçim imkanlarının da öncədən məhdud olması müəyyən riskləri yaradır.
Odur ki, ETN-nin, Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin bu risklərin minimuma endirilməsi üçün, valideynlərə bərabər imkanların yaradılması üçün, şəffaflığın və informasiya açıqlığının, ictimai nəzarət imkanlarının yaradılması üçün əlavə tədbirlər görməsi də faydalı olardı.
Osman Gunduz
Teref.az
 
 
 
Ardını oxu...
Naxçıvanda Fövqəladə Hallar Nazirliyindən (FHN) əmək stajı ilə təqaüdə çıxmış bir qrup şəxsin pensiyası ləğv olunub. Bu qrupa 2013 və 2017-ci illər arasında təqaüdə çıxan 47 nəfər daxildir. Teref.az yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a təqaüdü kəsilmiş əməkdaşlar məlumat verib. Onlar deyir ki, Naxçıvanın ƏƏSM Nazrliyi təqaüdlərin dayandırılması ilə bağlı onlara tutarlı səbəb göstərməkdən imtina edir.
Şikayətçilərdən Yusif Tağıyev deyir ki, təqaüdü kəsilənlərin əksəriyyəti 1-ci Qarabağ müharibəsi veteranıdır:
“2017-ci ilin fevral ayı mən Şərur rayon FHN–dən xıdmət kecmənin tələblərinə uyğun öz xıdmətımı başa vurdum. Sənədlərimi DSMF-yə təqadim etdim və son 24 ayın hesabına görə mənə pensiya təyin edildi. 2023-cü ıl ıyul ayına qədər pensıyamı alırdım. İyulun 5-də Şərur rayon DSMF-dan bıldırdılər kı, sızın pensıyanız ləğv olunub. Digər yoldaşlarla da əlaqə saxladım. Onlara da eyni məzmunlu məktub gəlib. Bizlərdən çoxunun 25 ildən artıq iş stajımız var. Çoxları 10 ildir ki, pensiya alırdı”.
FHM-in digər keçmiş əməkdaşı M. Babayev deyir ki, şikayət üçün yığışıb Naxçıvan DSMF-ə getsələr də heç bir nəticəsi olmayıb:
“2015-cü ildə staja görə təqaüdə çıxmışam. 10 ildən artıqdır ki, pensiya alıram. İndi pensiyamızı kəsiblər. Pensiyamızın kəsilməsinin səbəbini isə açıqlayan yoxdur. Şikayətə gedəndə bizi fondun rəhbəri bizi qəbul etdi. Dedi ki, Bakıdan gələn yoxlamanın göstərişi ilə təqaüdlər ləğv olunub. Guya o vaxt bizlərə səhv təyinat verilib. Ləğv olunma ilə bağlı qərarı tələb etsək də, bizə verməkdən imtina etdilər. İndi əlimizdə əsas yoxdur ki, məhkəməyə şikayət edə bilək. Nə edəcəyimizi bilmirik. Mənim evdə ankoloji xəstəm var və onun dərmanlarını aldığım təqaüdlə çatdırırdım. İndi necə olacaq, bilmirəm”.
Keçmiş FHN əməkdaşları prezidnt İlham Əliyevə müraciət edərək, təqaüdlərinin bərpa olunmasında onlara yardımçı olmasını xahiş edirlər.
Teref.az
 
Ardını oxu...
İstehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçilərə dəymiş ziyanın əvəzi hansı hallarda ödənilir?
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam,qismən) olan işəgötürən: işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması ilə əlaqədar dəymiş zərərin, müalicə olunması üçün çəkdiyi xərclərin, müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərcləri, eləcə də AR-nın Mülki Məcəlləsi ilə müəyyən edilmiş və sair xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi ilə əlaqədar həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanun-lə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda, işəgötürənin işçi qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:
3.2. ziyanın həqiqətən vurulduğu aşkar olduqda;
3.2.təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;
3.3. təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır:
5. Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədərkən, şəxsi məqsədi üçün hər hansı işlə məşğul olarkən, suda çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin özlərinin təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, narkotik vasitələrin, psixotrop və sair pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr.
Azər Quliyev,hüquqşunas
Teref.az
 
Ardını oxu...
DİA.AZ: - Göyçay rayon sakini, 1-ci Qarabağ müharibəsi iştirakçısı Şamilov Şahmar Qərib oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Göyçay rayon sakini Şamilov Şahmar Qərib oğlu 1-ci Qarabağ müharibəsi iştirakçısıyam. Həyat yoldaşım il yarım öncə xərçəng xəstəliyindən vəfat edib. Himayəmdə iki azyaşlı yetim övladım var. Uzun illərdir ki, kirayələrdə qalırıq. Dəfələrlə sabiq icra başçılarının qəbulunda olmuşam. Heç kim dərdimizə əlac etməyib. Nəhayət Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olundu. Camaat arasında söz-söhbət gəzirdi ki, "yeni başçı çox yaxşı insandır, hamının şikayəti ilə yaxından maraqlanaraq əlindən gələn köməkliyi edir". Mən də öz növbəmdə onun qəbuluna getdim. Deyilənlərin tam əksinə şahid oldum. O, mənə bildirdi ki, rayon İH-da vətəndaşları fərdi evlə təmin etmək üçün vəsait yoxdur. Halbuki ondan yeni mənzil deyil, sadəcə övladlarımla birgə qala biləcəyimiz kiçik bir sığınacaq istəyirdim. Bu minvalla, nə az, nə çox, ümumilikdə üç dəfə onun qəbulunda oldum. Həqiqətən də Mehdi Səlimzadənin zamanını xatırladım. Baxmayaraq ki, o da köməklik göstərməmişdi. Ancaq, ən azından tabeçiliyində olan əməkdaşlara köməklik göstərilməsi üçün tapşırıq vermişdi. Necə deyərlər: Yağmasa da guruldamışdı. Natiq Ağayev isə tamamilə laqeyd yanaşdı. Onun vətəndaşla olan münasibətini hər xatırlayanda, Mehdi Səlimzadənin ölənlərinə rəhmət oxuyuram. Hansıki istəsəydi, bizə yardım edərdi. Çünki, nə qalmağa evimiz, nə də işim var. Məsələn, Göyçay "Şəhər Təsərrüfatı Birliyi"ndə sosial işlər mövcuddur. İki yetim balam isə məmur özbaşınalığı ücbatından qarın dolusu çörəyə belə həsrətdir. Hazırda kirayə qaldığımız mənzilin sahibi tezliklə buranı boşaltmağımızı tələb edib. Bu gün icra başçısı mənə "Nəyimə gərəkdir, get işlə, uşaqlarına bax", - deyir. Sabah gələcəklər ki, oğlunu ver, əsgər aparırıq.
Mən mətbuat vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya üzümü tutaraq bildirirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən bizə haray yoxdur. Sizdən çox xahiş edirəm, bizim sığınacağa yerləşdirilməyimiz və mənim sosial işlə təmin olunmağım üçün köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxslərin də mövqelərini işıqlandırmağa hazırıq...



         
Ardını oxu...
“Azərlotoreya” dövlət səviyyəsində fırıldaqla, vətəndaşları aldatmaq və soymaqla məşğuldur və maləsəf ki, “Azərlotoreya”nın bütün bu hoqqabazlığına eyni səviyyədə – yəni DÖVLƏT SƏVİYYƏSİNDƏ susmaqla məşğuldurlar”.

Bu açıqlama ilə dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy özünün “facebook” səhifəsində çıxış edib.

Baş redaktor daha sonra fikrinə belə davam edib: “Elə buna görə də bu gün yetim kasıbın ciblərinin küncündəki son qəpik-quruş da açıq şəkildə “Azərlotoreya” tərəfindən QARƏT OLUNUR və buna da hüquqi don geyindirilir.

“Azərlotoreya”nın dövlət himayəsində olduğunu sübutlayan məqamlar yetərincədir. Məlumdur ki, Azərbaycanda QUMAR rəsmən qadağan olunub və onun bütün formalarına Azərbaycan qanunları ilə CƏZA müəyyən olunub. “Azərlotoreya”nın təşkil etdiyi bütün işləklərin də adı QUMARDIR… bunun əksini kimsə sübut edə bilməz.

Amma buna rəğmən bu gün “Azərlotoreya” nəninki Azərbaycanda açıq fəaliyyətdədir, hətta DÖVLƏT TELEVİZİYASI qarışıq, bütün radio-televiziyalarda, KİV-lərdə açıq şəkildə reklam və təbliğ olunur.

BUNA NƏ DEYƏ BİLƏRİK?

Təbii ki, bunun da bir adı var: HİMAYƏ OLUNAN QUMAR BİZNESİ…

Himayədar isə maləsəf, DÖVLƏT adından çıxış edirmiş kimi görünən bir qrup işbaz məmurdur. Hər halda bu faktın nəhayətdə gərəkən qurumların da diqqətini cəlb edəcəyinə ümid etməkdəyik. Çünki başqa yolumuz yoxdur…

Şəxsən mənə görə, “Azərlotoreya” camaatımız üçün narkotikdən daha təhlükəlidir…”

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…
 

Dünyapress TV

Xəbər lenti