Azərbaycanda miqrasiya ilə bağlı alternativ rəqəmlər nə deyir?
Azərbaycanda miqrasiya prosesləri ilə bağlı etibarlı statistika cəmiyyətə açıqlanmır. Reallığı əks etdirən rəsmi rəqəmlərin yoxluğu müstəqil tədqiqatçıların da bu istiqamətdə təhlil aparmasını çətinləşdirir. Bunları nəzərə alaraq, bu yazıda alternativ göstəricilər hesabına ölkədə miqrasiya trendlərinin müəyyənləşdirilməsinə cəhd edilib.

Rəsmi rəqəmlər nə deyir?

Cədvəl 1: Dövlət Statistika Komitəsinin əhalinin beynəlxalq miqrasiyası ilə bağlı açıqladığı rəqəmlər

İllər Ölkəyə daimi yaşamaq üçün gələnlər Ölkədən daimi yaşamaq üçün gedənlər Miqrasiya artımı (azalması)
1991 66,300 106,400 -40,100
1992 35,700 49,900 -14,200
1993 16,300 28,500 -12,200
1994 8,600 19,600 -11,000
1995 6,200 16,000 -9,800
1996 5,800 13,200 -7,400
1997 7,500 15,700 -8,200
1998 5,400 10,500 -5,100
1999 4,800 9,100 -4,300
2000 4,400 9,900 -5,500
2001 2,600 7,300 -4,700
2002 1,200 4,300 -3,100
2003 2,500 3,800 -1,300
2004 2,400 2,800 -0,400
2005 2,000 2,900 -0,900
2006 2,200 2,600 -0,400
2007 2,000 3,100 -1,100
2008 3,600 2,500 1,100
2009 2,300 1,400 0,900
2010 2,200 800 1,400
2011 2,200 500 1,700
2012 2,200 200 2,000
2013 3,100 800 2,300
2014 1,900 800 1,100
2015 2,700 1,600 1,100
2016 3,200 1,700 1,500
2017 3,100 1,900 1,200
2018 3,200 1,600 1,600
2019 2,000 1,600 0,400
2020 1,700 600 1,100
2021 2,400 600 1,800
2022 2,900 1,100 1,800

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi rəqəmlərə görə, müstəqillik dövründə ölkədən ən böyük miqrasiya elə müstəqilliyin ilk ilində 1991-ci ildə baş verib. Həmin vaxt 106 mindən çox insan ölkəni tərk edib. 1999-cu ilədək ölkəni tərk edənlərin sayı 10 min nəfərdən çox olub. Rəsmi rəqəmlərə görə, ölkəyə böyük neft gəlirlərinin daxil olmağa başladığı dövrdən – 2000-ci illərin ortalarından etibarən ölkəni tərk edənlərin sayında azalma baş verib. 2003 və 2010-cu illər arasında rəsmi rəqəmlər ölkəni hər il oralama 2 min 700 nəfərin tərk etdiyini göstərir. Neft qiymətlərinin yüksək olduğu devalvasiyaya qədərki dövrdə – 2011 və 2014-cü illər arasında ölkəni tərk edənlərin sayı min nəfərdən də az olub.

İl ərzində iki devalvasiyanın qeydə alındığı və iqtisadi böhranın baş verdiyi 2015-ci ildən etibarən isə ölkəni tərk edənlərin sayı yenidən artıb. 2015-2022-ci illərdə rəsmi rəqəmlərə görə hər il ortalama 1 min 200 Azərbaycan vətəndaşı ölkəni birdəfəlik tərk edib. Ölkəyə gələnlərin sayı isə rəsmi rəqəmlərə görə 2001-ci ildən etibarən ciddi dəyişməyib və illik ortalama 2 min 400 nəfərə bərabər olub.

Rəsmi rəqəmlər etibarlıdırmı?

Rəsmi rəqəmlər 2014-cü ildən bəri hər il ölkəni tərk edənlərin sayının 2 min nəfərdən az olduğunu göstərir. Lakin, müxtəlif alternativ rəqəmlər bu göstəricilərin həqiqiliyini sual altına alır. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir neçə ay öncəki çıxışında bildirib ki, təkcə diaspora komitəsinin sistemində qeydiyyatlı olan və xaricdə çalışan həkimlərin sayı iki min nəfərə yaxındır. Komitənin sistemində qeydiyyatlı olmayan həkimlərin də sayının kifayət qədər çox olduğunu nəzərə alsaq, məlum olur ki, xarici ölkələrdə həkim kimi çalışan azərbaycanlıların sayı belə bir neçə min nəfərə bərabərdir.

Türkiyənin miqrasiya qurumunun məlumatına görə isə, hazırda Türkiyədə rəsmi yaşayış icazəsi ilə yaşayan Azərbaycan vətəndaşlarının sayı 64 min nəfərdən çoxdur (onlardan təxminən 13 min nəfəri tələbə kimi rəsmi yaşayış icazəsi alıb). Bu göstərici ilə Azərbaycan vətəndaşları Türkiyədə ən çox rəsmi yaşayış icazəsi alan ilk altı ölkədən biridir. Nəzərə almaq lazımdır ki, Türkiyədə rəsmi yaşayış icazəsi olmadan yaşayan Azərbaycan vətəndaşlarının da sayı kifayət qədər çoxdur.

Rusiya vətəndaşlığı alan şəxslərlə bağlı açıqlanan göstəricilər bu ölkədə də azərbaycanlı miqrantların sayının çox olduğunu təsdiqləyir. Rusiya Daxili İşlər Nazirliyi 2020-ci ildə açıqlamışdı ki, 2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər 50 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığı alıb. Yəni, hər il ortalama 10 minə yaxın azərbaycanlı Rusiya vətəndaşlığı əldə edir. Bu ölkədə rəsmi miqrasiya qeydiyyatında olanların sayının isə bir neçə il öncə 600 min nəfərdən çox olduğu açıqlanmışdı.

Azərbaycan vətəndaşlarının miqrasiya etdiyi əsas istiqamətlərdən biri də Avropa ölkələridir. Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) Avropa Birliyi ölkələrinə miqrasiya ilə bağlı hesabatından aydın olur ki, azərbaycanlı miqrantlar Avropada daha çox Polşada məskunlaşıb. 2020-ci ilin statistik göstəricilərinə görə, həmin il 4 min 817 Azərbaycan vətəndaşı Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi əldə edib, bunun isə 30.4 faizi (1 min 469 nəfər) Polşanın payəna düşüb. Hazırda Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlılaırn sayı 13 min nəfəri ötüb.

Bütün bu rəqəmləri Azərbaycandan xarici ölkələrə miqrasiya edən şəxslərin sayıln rəsmi açıqlanan göstəricidən qat-qat çox olduğunu göstərir. Agora Analitik Kollektivin 400 gənc arasında keçirdiyi onlayn sorğunun nəticələri də ölkədə xarici ölkələrə miqrasiyaya marağın böyük olduğunu göstərmişdi. Respondentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavablar göstərir ki, onların cəmi 11%-i Azərbaycanda, 89%-i isə digər ölkələrdə yaşamaq istəyir.

Alternativ rəqəmlər nə deyir?

Miqrasiya trendlərini izləmək baxımından istifadə edilə biləcək göstəricilərdən biri illər üzrə ölkədə doğulan şəxslərlə hazırda ölkə əhalisi arasında həmin illərdə doğulmuş şəxslərin sayının müqayisəsidir. Bu müqayisəni aparmaq üçün Dövlət Statistika Komitəsinə Azərbaycanda əhalinin hər bir yaş üzrə sayını əks etdirən göstəricilərin əldə edilməsi ilə bağlı sorğu göndərilib. Qeyd edək ki, 2019-cu ildə keçirilən siyahıyaalmanın nəticələri əsasında 2022-ci ildə Azərbaycanda əhali sayı ilə bağlı göstəricilər yenilənib. Bu baxımdan, cədvəldə əks edilən rəqəmlərdə siyahıyaalmanın nəticələri nəzərə alınıb.

Cədvəl 2: Azərbaycan əhalisi arasında 2001-2022-ci illərdə doğulanların və həmin il ölkədə qeydə alınan doğumların sayı

İl Hazırda əhali arasında həmin ildə doğulanların sayı Həmin il ölkədə doğulanların sayı Fərq
2022 122 300 122 900 – 600
2021 111 300 112 300 – 1 000
2020 125 400 126 600 – 1 200
2019 139 400 141 200 – 1 800
2018 137 300 139 000 – 1 700
2017 123 200 144 100 – 20 900
2016 136 900 159 500 – 22 600
2015 149 300 166 300 – 17 000
2014 162 500 170 600 – 8 100
2013 166 100 172 700 – 6 600
2012 162 100 174 500 – 12 400
2011 169 600 176 100 – 6 500
2010 164 700 165 700 – 1 000
2009 180 900 152 200 28 700
2008 165 900 152 100 13 800
2007 157 600 152 000 5 600
2006 148 700 149 000 – 300
2005 145 100 142 000 3 100
2004 145 200 131 700 13 500
2003 132 600 113 500 19 100
2002 126 800 110 800 16 000
2001 123 300 110 400 12 900


Cədvəldən göründüyü kimi, 2018-2022-ci illərdə ölkədə doğulanların sayı ilə bu ilin əvvəlinə ölkə əhalisi arasında həmin illərdə doğulanların sayı arasında kəskin fərq yoxdur. Amma, ölkə iqtisadiyyatında ciddi böhranın yaşandığı 2015-2017-ci illərdə doğulanların sayı ilə hazırda ölkədə olan həmin illərdə doğulanlar arasında ciddi fərqlər var.

Rəsmi rəqəmlər göstərir ki, 2015-2017-ci illərdə ölkədə 470 min uşaq doğulsa da, hazırda ölkə əhalisi arasında həmin illərdə doğulanların sayı 409 mindir. Yəni, 2015-2017-ci ildə Azərbaycanda doğulanlardan ən azı 61 min nəfəri hazırda ölkədə deyil. Təbii ki, doğulanlar və mövcud əhali arasındakı fərqin səbəbi sadəcə miqrasiya deyil. Həmin illərdə doğulanlar arasında sonradan vəfat edənlər də var. Lakin, vəfat edənlərin sayı bu qədər kütləvi olmadığı üçün hesab etmək olar ki, yaranmış fərqin əsas səbəbi məhz sosial-iqtisadi səbəblərlə baş vermiş miqrasiyadır. Bu göstəricilərdən aydın olur ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatında baş verən böhran onminlərlə ailənin ölkədən köçməsinə yol açıb.

2000-ci illərin əvvəllərindən 2009-cu ilədək isə əks prosesin baş verdiyi görünür. Hazırda ölkədə bu illərdə doğulanların sayı həmin il ölkədə qeydə alınan doğum sayından daha yüksəkdir. Bu isə onu göstərir ki, ölkəyə böyük neft gəlirlərinin daxil olmasından devalivasiyaya qədər ki, “neft bumu” dövründə ölkəyə xarici ölkələrdən köçənlərin sayı artıb. Bu artımın daha çox Rusiya və Gürcüstanda yaşayan etnik azərbaycanlılar hesabına təmin edildiyini düşünmək olar. 2001 və 2009-cu illər arasında rəsmi rəqəmlərə görə, Azərbaycanda 1 milyon 214 min doğum qeydə alınıb. Hazırda ölkədə həmin illərdə doğulanların sayı isə 1 milyon 326 min nəfərə bərabərdir.

Cədvəl 3: Azərbaycan əhalisi arasında 1960-1978-ci illərdə doğulanların və həmin il ölkədə qeydə alınan doğumların sayı

İl Hazırda əhali arasında həmin ildə doğulanların sayı Həmin il ölkədə doğulanların sayı Fərq
1978 136 500 148 900 – 12 400
1977 126 300 146 900 – 20 600
1976 121 300 147 200 – 25 900
1975 122 600 141 900 – 19 300
1974 120 500 139 100 – 18 600
1973 112 500 138 600 – 26 100
1972 109 200 137 800 – 28 600
1971 113 700 146 300 – 32 600
1970 116 600 151 000 – 34 400
1969 129 800 148 100 – 18 300
1968 120 600 159 000 – 38 400
1967 121 300 157 300 – 36 000
1966 115 500 166 600 – 51 100
1965 119 100 167 500 – 48 400
1964 125 400 176 600 – 51 200
1963 119 400 175 100 – 55 700
1962 119 100 168 400 – 49 300
1961 117 500 170 600 – 53 100
1960 116 200 165 900 – 49 700


Araşdırma çərçivəsində 1960-cı ildən etibarən doğum göstəriciləri analiz edilib. Yaş qruları və doğum üzrə göstəricilərdən məlum olur ki, 1960-1978-ci illərdə Azərbaycanda qeydə alınan doğulanlarla hazırda ölkə əhalisi arasında həmin illərdə doğulanlar arasında ardıcıl mənfi fərq var. Bu illərdə doğulanların sayının hazırda həmin ildəki doğum sayından kəskin geri qalmasının fərqli səbəbləri də var. Məsələn, yaşla əlaqədar təbii ölüm halları, birinci Qarabağ müharibəsində bu yaş qrupuna daxil olan şəxslərin aktiv iştirakı, münaqişə və SSRİ-nin dağılması səbəbi ilə etnik ermənilərin ölkəni tərk etməsi və s. Lakin, nəzərə almaq lazımdır ki, buna əks proseslər də baş verib. Həmin illərdə Ermənistandan qovulan etnik azərbaycanlılar Azərbaycan vətəndaşlığına keçib. Bu baxımdan, yaranan kəskin fərqin əsas səbəblərindən biri olaraq 90-cı illərdə (hansı ki, bu illərdə doğulanların gənclik dövrü həmin illərə təsadüf edir) uzun illər qüvvədə olan iqtisadi münasibələtlərin dağılması və yaranan sosial-iqtisadi problemlərlə də əlaqələndirmək olar. 1960-1978-ci illərdə Azərbaycanda 2 milyon 953 min doğum qeydə alınıb. Hazırda ölkə əhalisi arasında həmin illərdə doğulanların sayı isə 2 milyon 283 min nəfərdir. Yəni, aradakı fərq 670 min nəfərə yaxındır.
agora-az.org
 
 


 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər

Dünyapress TV

Xəbər lenti