Nazirlikdən bildirilib ki, yola saldığımız il ərzində 100 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
BAKI, 31 dekabr — Sputnik. Qarabağda qazanılan zəfərdən sonra bu qələbə sevincini Azərbaycan xalqına yaşadan şəhid və qazi ailələri də daim dövlətin qayğısı ilə əhatə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yola saldığımız 2023-cü ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə məşğulluq, sosial müdafiə, sosial təminat, tibbi-sosial ekspertiza, reabilitasiya, eləcə də digər sahələrdə göstərilən xidmətlərlə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, cari il ərzində icra olunan sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb. Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının:
• 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata,
• 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata,
• 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmışdır.
Bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300-ü təqdim edilib.
Həmçinin il ərzində 100 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Ümumilikdə Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək tədbirləri nəticəsində 126 min şəxsə dəstək yönümlü 322 min xidmət göstərilib. Onlardan,
• 104 min nəfərə 117 min sosial ödəniş təyin olunub,
• 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib,
• 453 hərbçi 472 yüksək texnologiyalı son nəsil protezlə,
• müharibə ilə əlaqədar əlilliyi olan 2058 şəxs 48 min reabilitasiya vasitəsi ilə,
• 21,9 min şəxs birdəfəlik ödəmə ilə təmin olunub.
• 20,5 min nəfərin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.
İkinci Qarabağ müharibəsindən sonra həmin sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 5800, ümumilikdə ötən dövrdə 14 600 mənzil və fərdi ev verilib. Həmçinin postmüharibə dövründə 424, ümumilikdə ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsinə və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması, həmçinin qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilib.
Ölkə başçısının tapşırıqlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin başlıca istiqamətlərindən biri şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin xüsusi diqqət və qayğı ilə əhatə olunmasıdır. Nazirlikdən bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, sosial təminat, tibbi-sosial ekspertiza, reabilitasiya, eləcə də digər sahələrdə göstərilən xidmətlər gələn il də davam etdiriləcəkdir.