Ardını oxu...
“Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına dəyişiklik edilib.

Bu, Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, siyahıda Azərbaycan Respublikasının Hərbi Komissarlıqları (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt mövcud olmayan hərbi xidmət vəzifəsi) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Mövcud hərbi xidmət vəzifəsi) yeni redaksiyada verilib.

Yeni siyahı ilə tanış olmaq üçün linkə (*https://nk.gov.az/az/document/6305/) daxil olun.
 
 
 
Ardını oxu...
Deputatların maaş artımı barədə yazmışdım. Həmin yazıya yalnız Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili münasibət bildirdi. Müxtəsər, münasibət ondan ibarət idi ki, deputatların rəsmi qazancı əslində guya cəmi 33% artıb. Bu rəqəm də az deyil, amma reallıqda artım daha çoxdur, təxmini 40%. Gəlin birgə hesablayaq. Özü də yalnız maaşı yox, deputatların pensiyasını da. Orada da maraqlı məqamlar var. Ən azı təəccüblənəcəksiz! Spiker, onun müavinləri, komitə sədrləri və s. vəzifəli deputatların qazancını ayrıca incələməyəcəyəm. Təbii, onların qazancı sıravi deputatdan çoxdur. Elə sıravi deputatın rəsmi qazancı və pensiyasını təhlil edək, kifayətdir.

1. Deməli, cari ilin 1 iyul tarixinədək “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinə əsasən deputatlarımızın əlinə aldıqları xalis qazanc 3903,13 manat təşkil edirdi. Belə ki:

- Deputatın vəzifə maaşı 1732,5 manat idi (spikerin vəzifə maaşının 70%-i);

- Vəzifə maaşının bir misli həcmində əlavə də alırdı, yəni 1732,5 manat;

- Nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il iki aylıq vəzifə maaşı məbləğində müavinət alırdı, yəni il ərzində 3465 manat, bu da ayda 288,75 manat edirdi;

- Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş məzuniyyət haqqından əlavə məzuniyyətdə olduğu zaman müalicə olunması və istirahət etməsi üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırdı (“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 29-cu maddəsinə əsasən), yəni il ərzində 3465 manat, bu da ayda 288,75 manat edirdi;

- Deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 50%-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırdı, yəni 866,25 manat.

Beləliklə, deputatın rəsmi aylıq cəmi gəliri 4908,75 (1732,5+1732,5+288,75+288,75+866,25) manat təşkil edirdi.

Bu məbləğdən təbii ki, məcburi tutulmalar olurdu:

- Sonuncu 866,25 manat istisna olmaqla qalan məbləğdən (4042,5 manat) gəlir vergisi. Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən 2500 manatdan 14% (350 manat), 1542,5 manatdan isə 25% (385,63 manat) vergi tutulurdu. Cəmi 735,63 manat;

- “Sosial sığorta haqqında” Qanunun 14.3.2-ci maddəsinə əsasən cəmi gəlirin (4908,75 manat) 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı – 147,27 manat;

- “Tibbi sığorta haqqında” Qanunun 15.10.1.2-ci maddəsinə əsasən cəmi gəlirin (4908,75 manat) 2%-i miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı – 98,18 manat;

- “İşsizlikdən sığorta haqqında” Qanunun 9.0.2-ci maddəsinə əsasən cəmi gəlirin (4908,75 manat) 0,5%-i miqdarında işsizlikdən sığorta üzrə sığorta haqqı – 24,54 manat.

Beləliklə, cəmi tutulmalar 1005,62 manat təşkil edirdi.

Beləliklə, iyulun 1-dək deputat əlinə xalis 3903,13 (4908,75-1005,62) manat alırdı.

2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən deputatın vəzifə maaşı 2485 manat oldu. Vəzifə maaşının iki misli həcmində də əlavə alacaq, yəni 4970 manat. Digər əlavələr ləğv olundu. Beləliklə, deputatın aylıq cəmi gəliri hazırda 7455 (2485+4970) manat təşkil edir.

Bu məbləğdən məcburi tutulmalar aşağdakı kimidir (yuxarıdakı qanunlara istinadları daha təkrarlamıram):

- Cəmi gəlirin (7455 manat) 2500 manatından 14% (350 manat), 4955 manatından isə 25% (1238,75 manat), cəmi 1588,75 manat gəlir vergisi;

- Cəmi gəlirin (7455 manat) 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı – 223,65 manat;

- Cəmi gəlirin (7455 manat) 2%-i miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı – 149,1 manat;

- Cəmi gəlirin (7455 manat) 0,5%-i miqdarında işsizlikdən sığorta üzrə sığorta haqqı – 37,28 manat.

Beləliklə, cəmi tutulmalar 1998,78 manat təşkil edir.

İyulun 1-dən deputat əlinə xalis 5456,22 (7455-1998,78) manat alır. Deməli, 3903,13 manat əvəzinə hazırda 5456,22 manat alır (təbii, spiker, onun müavinləri, komitə və komissiya sədrləri və müavinləri daha çox alır, məsələn, spiker təxmini 7800 manat). Bu isə 39,79%, yəni təxmini 40% artım deməkdir. Tahir Mirkişilinin dediyi kimi 33% deyil! Biz gizli saxlanılan qanun layihəsini yalnız dərc olunandan sonra tələsik hesablamalarımızda səhvə yol verə bilərik. Amma qanunu qəbul edənlər, layihələri guya aylarla müzakirə edənlər səhv etməməlidir!

İndi təsəvvür edin ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri (!) deputatların maaş artımını dəqiq bilmirsə (amma digərlərindən fərqli olaraq heç olmasa hesablayır, reaksiya verir, rəy bildirir), bu deputatlar qanunları, o cümlədən iqtisadiyyatımıza təsir edən (büdcə, vergi və s.) qanunları necə qəbul edirlər?! Layihələrə necə baxırlar, təhlil edirlərmi, başa düşürlərmi və s.? Yoxsa sadəcə düymə basmaqla məşğuldurlar? Heç olmasa “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tələb olunan qanun layihələrinin əsaslandırmasını dərc etsinlər (necə ki, sivil parlamentlər bunu edir). Ən azı layihələrin hamısını qabaqcadan dərc etsinlər. Özləri başa düşmürsə, biz izah edək!

3. Yeri gəlmişkən, Tahir Mirkişili qeyd etmişdi ki, deputatların maaşından həmkarlar ittifaqına da haqq tutulur. Bildiyim qədər, bu əmək haqqının 2%-dir. Yuxarıdakı hesablamadakı faiz nisbətinə bu, hər bir halda təsir etmir. Çünki əvvəlki gəlirdən də, mövcud gəlirdən də eyni faiz dərəcəsi ilə haqq tutulur. Əvəzində isə deputatlar həmkarlar ittifaqından istirahət mərkəzlərinə “putyovka”lar və s. alırlar. Axı deputatların sırasında Həmkarlar İttifaqları Konfederasiyasının sanki yerinə mismarlanmış sədri Səttar Möhbalıyev də var. Təbii, digər qurumlarda çalışan (təhsil alan) və Konfederasiyaya haqq ödəyənlərin xeyli hissəsi heç vaxt əvəzində bir şey görmür, amma deputatlar təbii, görür, özü də daimi əsaslarla!

Nəinki bütün dövlət qurumlarında və bəzi özəl müəssisələrdə (mühasiblərinin maymaqlığı səbəbindən) işləyənlərin maaşından, hətta tələbələrin də təqaüdündən məcburi qaydada həmkarlar ittifaqında haqq tutulur. Halbuki, qanuna görə könüllü olmalıdır (tələbəlikdən bilirəm ki, bir qayda olaraq, heç kəs həmkarlar ittifaqına ərizəsi ilə könüllü üzv olmur)! Bu barədə ayrıca yazı dərc edəcəyəm.

Burada isə əsas odur ki, sən demə, deputatlarımızın da həmkarlar təşkilatı var imiş! Görəsən rəhbəri kimdir? Deputatları hansı işəgötürənlə münasibətlərdə təmsil edir və qoruyur? Tam cəfəngiyatdır əlbəttə! Amma bunu (həmkarlar ittifaqına ödənilən haqqı) da bizə deputatların gəlirindən məcburi ödəniş kimi təqdim edirlər.

4. “Əmək pensiyaları haqqında” Qanunda “Qulluq stajına görə əmək pensiyasına əlavələr” adlı 20-ci maddə var. Həmin maddəyə görə dövlət sektorunda çalışanların bir qismi pensiyaya əlavələr alır. Onların sırasında deputatlar ən əlverişli imtiyaza malikdir. Belə ki, pensiyada olan sabiq deputatlara (vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə) fəaliyyətdə olan deputatların əmək haqqının, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80%-i miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Başqa sözlə, sabiq deputatlar mövcud deputatların aldığı əmək haqqının 80%-ni pensiya kimi alır. Məsələn, pensiyada olan müəllim və ya həkimin pensiyası fəaliyyətdə olan müəllim və həkimin aldığı əmək haqqına bağlı deyil. Amma deputatın pensiyası bağlıdır. Buna görə də deputat maaşının artması sabiq deputatların da pensiyasının artması deməkdir! Yəni deputatlarımız qanunlar özləri üçün əlahiddə imtiyaz yaradıblar. İndi necə inanaq ki, bunlar xalq adından və xalq üçün qanunlar qəbul edir?

Amma məsələ bununla da bitmir. Deputatların son maaş artımı pensiyaya 40%-dən də çox təsir edəcək. Çünki, məsələn, deputatların əvvəllər deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergilərdən azad olunan 866,25 manat məbləğində aldıqları aylıq pul təminatı əmək haqqı anlayışına daxil deyildi, buna görə də pensiya hesablananda nəzərə alınmırdı. Həmin məbləği (əvvəlki gəlirin təxmini 18%-i) nəzərə almadan sabiq deputatların pensiyası 50%-dən çox artıb! Beləliklə də, deputatların “vergi güzəştlərimizi də ləğv etmişik” arqumenti reallıqda pensiyalarının daha çox artmasına gətirib!

Deputatlarımızın pensiya hərisliyi isə hətta lətifə predmeti ola bilər. Belə ki, qeyd etdiyim kimi, mərhum deputatın sözügedən pensiyasını ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri alır. Yəqin, düşünürsüz ki, bu pensiyanı uzaqbaşı onların həyat yoldaşı alır, elə? Axı deputatların, bir qayda olaraq, yetkinlik yaşına çatmayan övladları olmur! Səhv edirsiz! Söz gəzir ki, bəzi deputatlar (o cümlədən sabiqlər) övladlığa uşaq götürür ki, pensiyasını vəfatından sonra o ala bilsin. Bir qayda olaraq, qohum olan uşaqları. Hətta nəvələrini də. Bunu araşdırıb ictimaiyyətə məlumat verməyi isə artıq mətbuatın öhdəsinə buraxıram...

P.S. Təbii ki, heç kəs deputatların əksəriyyətinin rəsmi maaşla dolanmasına inanmır. İnanmalı da deyilik. Çünki şəffaflıq yoxdur. Deputatlar və məmurlar gəlir və xərc bəyannamələri vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır, dövlət satınalmaları və güzəştli dövlət kreditləri qeyri-şəffafdır və s. və i.a. Çünki deputatlar müvafiq qanunları qəbul etmir. Sonra da deyirlər ki, guya xalq adından və xalq üçün çalşırlar. Buna görə də bizə yalnız onların rəsmi qazanclarını hesablamaq (səhv varsa, dəlilli bildirilsin!), qeyri-rəsmi gəlirləri haqda isə fərziyyələr qurmaq qalır...

Əkrəm Həsənov, Ekspert
pravda.az
Ardını oxu...
“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqlənib.

“Report” xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir) uyğun edilə bilər.
 
Ardını oxu...
İkinci Qarabağ müharibəsi iştirakçıları yerli icra hakimiyyətlərindən narazıdır.

Beyləqan sakini, 1985-ci il təvəllüdlü Elçin Paşayev də müharibə başlayandan sonra könüllü döyüşlərə getdiyini deyir. TEREF.AZ-ın məlumatına görə, o, Meydan TV-yə bildirib ki, heyvandarlıq və təsərrüffatla məşğul olmaq məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət edib.

Dediyinə görə, qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev hər dəfə ona müxtəlif bəhanələr gətirib:

“Pandemiyadan öncə Rusiyada yaşayıb, işləyirdim. Müvəqqəti olaraq Azərbaycana gəlmişdim. Sentyabrın 27-də müharibə başladı. Növbəti gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdim. Yalvardım ki, döyüşlərə qoşulmaq istəyirəm. Oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı kəllə-beyin travması ilə Əhmədbəylidəki hərbi hospitala yerləşdirilmişəm”.

Elçin Paşayev deyir ki, hospitalda uzun müddət qalmayıb, təkrar döyüş bölgəsinə qayıdıb:

“Həkimə dedim ki, əlim-ayağım yerindədir, məni burax, döyüşə gedirəm. O da dedi ki, siz şokdasınız, bir neçə gün də xəstəxanada yatmalısınız. Xəstəxanada qalmadım, təkrar gəlib Beyləqandakı N saylı hərbi hissəyə qoşulub, döyüşə getdim. Bütün hücum əməliyyatlarında iştirak etmişəm. Şuşaya qədər getmişəm, oradakı əməliyyatda da olmuşam. Dekabrın 27-də oradan tərxis olunmuşam”.

Keçmiş döyüşçü “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarını alıb.

Deyir ki, müharibə zamanı səhhətində yaranan problemlər indi onun normal yaşamağına, fiziki işlərdə çalışmasına mane olur:

“Əsəbi olmuşam, kiminsə əlinin altında işləyə bilmirəm. Sağ olsunlar, tanış-biliş iş verir. Amma bir ayın beş gününü zorla işləyirəm. Kənd təsərrüffatı ilə məşğul olmaq istəyirəm. Torpaq almaq üçün aidiyyəti quruma müraciət etmişəm, amma baxan yoxdur. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək olmur ki, dərdimi deyim. Bir il üç ay öncə heyvandaqlıqla bağlı adımı yazdırmışam. Hələ də heç bir cavab yoxdur. Mən demirəm ki, mənə milyonlar versinlər. Mən pula görə gedib, döyüşməmişəm. Sadəcə, şikayətimə baxıb, problemimi həll etsinlər”.

Beyləqan Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev Meydan TV-yə bildirib ki, bir qrup İkinci Qarabağ müharibəsi döyüşçüsü avqustun 3-də icra hakimiyyətinin qəbulunda olub:

“Onlar torpaq məsələsi ilə bağlı müraciət ediblər. Yaxınlarda problemləri həll olunacaq”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Sumqayıt sakini Asif Hüseynov isə torpaq sahəsi almaq məqsədilə bələdiyyəyə müraciət edib:

“Səkkiz il hərbi xidmətim olub, özüm də veteranam. Altı il Bakıda, bir il Qusarda, bir il isə Laçında işləmişəm. İkinci Qarabağ döyüşləri zamanı ön cəbhədə olmuşam. 2021-ci ildə torpaqla təmin olunmağımla bağlı Sumqayıt bələdiyyəsinə getdim”.

“Orada mənə dedilər ki, sən torpaqla təmin olunmalısan, amma haradan təmin edək? Dedilər ki, elə bir torpaq sahəmiz yoxdur. Hər dəfə də gedirəm, deyirlər ki, ilk olaraq şəhid ailələrinin müraciətlərinə baxırıq. İcra hakimiyyətinə də getdim, qəbul etmədilər”, – deyə o bildirib.

Meydan TV Sumqayıt Rayon İcra Hakimiyyəti və bələdiyyəsinə dəfələrlə zəng etsə də, cavab verən olmayıb.
Sumqayıt Bələdiyyəsinin Asif Hüseynovun müraciətinə verdiyi cavabda qeyd edilir ki, bələdiyyənin ehtiyat torpaq fondunda sərbəst torpaq sahəsi yoxdur.

“İlk növbədə şəhid ailələrinə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulur”, – məktubda deyilir.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə bildirib ki, qurum müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün proqram hazırlayaraq, aidiyyəti qurumlara göndərib:

“Qarabağ Qaziləri İctimai Birliyi olaraq on yeddi təklif göndərmişik. Təkliflərdən biri də odur ki, kənd təsərrüffatı rayonlarında şəhid ailələri, veteranlar, qazilər üçün torpaq sahəsi ayrılsın və onlara şəraiti yaradılsın. Onların eləsi var ki, arıçılıqla, digəri əkinçilik, yaxud da heyvandarlıqla məşğul olmaq istəyir. Onlara dəstək olunmalıdır. İcra hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin bəziləri heç bir iş görmürlər. Yaxud da qazinin birinə yardım edirlər, əllisi kənarda qalır”.
 

Dünyapress TV

Xəbər lenti