BMT-nin Beynəlxalq Əmək Təşkilatı yaydığı hesabatda iş vaxtının, iş saatının və iş vaxtı tənzimləmələrinin işçilərin rifahına və həmçinin işin səmərəliliyinə təsirini qiymətləndirib.
“Report”un yerli bürosu xəbər verir ki, BƏT keçirdiyi sorğuda COVID-19 pandemiyası dövründə tətbiq edilən qeyri-müntəzəm iş (“Flexible work”) tənzimləmələrinin işdəki məhsuldarlığı və potensial olaraq bir işin nəticəsini artırdığı məlum olub.
Hesabata görə, qlobal işçi qüvvəsində standart iş günü səkkiz saat və ya həftədə 40 saatdır. Hesabatda o da qeyd olunub ki, aparılan sorğu nəticəsində iş yerlərində işçilərin üçdə birindən çoxu müntəzəm olaraq həftədə 48 saatdan çox, 20 faizi isə həftədə 35 saatdan az işlədiyi məlum olub.
BMT-nin sözcüsü Stefan Dujarik jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Antoniu Quterreşin BƏT-nın sorğusunu yüksək qiymətləndirdiyini və qeyri-müntəzəm iş qrafikinin iş yerlərində daha məhsuldar olacağı barədə fikirləri dəstəklədiyini deyib. Sözcü əlavə edib ki, artıq yeni ildən etibarən BMT-nin müxtəlif strukturları qeyri-müntəzəm iş qrafikində işləməyə başlayıblar.