
Bu ayın sonu Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.
Əgər ölkə başçısı Kamran Əliyevə yenidən etimad göstərəcəksə, Milli Məclis onu ikinci dəfə baş prokuror kimi təsdiq edəcək.
Qeyd edək ki, Kamran Əliyevin Zakir Qaralovdan sonra bu posta təyinat alması, prokurorluq orqanlarında bir sıra müsbət dəyişikliklərə səbəb olub.
Belə ki, əvvəlki illərdən fərqli olaraq, gənclərin kütləvi şəkildə prokurorluq orqanlarına qəbulu və bu prosesdə rüşvətin qadağan olunması bu qurum haqqında cəmiyyətdə müsbət fikir formalaşdırıb.
Həmçinin ötən dövr ərzində vətəndaşıların prokurorluq orqanlarında müraciətlərinə baxılması prosesində də müsbət dinamika yaşanıb.
Hər ay vətəndaşlara birbaşa ünsiyyətdə olan Kamran Əliyev Baş Prokuror kimi bütün müraciətlərə diqqətlə yanaşır.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc da Gununsesi.info-ya müsahibəsində deyib ki, Kamran Əliyevin Baş Prokuror kimi fəaliyyətini qiymətləndirmək üçün, ilk növbədə, onun əvvəlki illərdə korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsini, peşəkarlığını nəzərə almalıyıq:
“Cinayətkarlığa qarşı mübarizə sahəsində önəmli sahələrdən biri-dövlət büdcə vəsaitləri, o cümlədən biznes qurumları və vətəndaşlarla münasibətlərdə kütləvi qanunsuzluqlara hüquqi qiymət verilməsi, məsuliyyət tədbirlərinin həyata keçirilməsi prinsipiallıq tələb edirdi. O vaxta qədər hakimiyyəti xaricdən tənqid edənlər daha çox kiçik ranqlı məmurların cəzalandırılmasını qabardaraq, qanunsuzlqulara qarşı daha sərt tədbirlər görülməsinə çağırırdılar. Doğrudur, onların məqsədləri hüquq deyil, siyasət idi və hər birinin öz planı vardı, lakin Ali icra hakimiyyəti orqanlarından məsələn, Mədəniyyət nazirliyi, eləcə də yerli icra orqanları rəhbərləri barəsində o vaxt sərt qərarlar qəbul edərkən təqsirləndirilən şəxslərin güclü təsir imkanları, ierarxik əlaqələri və ətraflarında aparılan informasiya kampaniyasını yenmək iradə tələb edirdi.
Şübhə yoxdur ki, məhz cənab prezidentin iradəsi-qanunun aliliyinin təmin edilməsi üçün nəzarətin həyata keçirilməsi, korrupsiyaya qarşı yüksək ranqlı şəxslərin cəzalandırılmasındakı fəaliyyəti Kamran Əliyevin təyinatında önəmli rol oynamışdı.
Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi sahəsində verilən səlahiyyətlər, o cümlədən, hüquq-mühafizə orqanları arasında uğurlu əməkdaşlıq mövqeyinin qurulması da Baş Prokurorun aktivinə yazılacaq müsbət addımlardır.
Vətəndaşların tələblərinə və müraciətlərinə gəlincə, bir faktı xatırlatmaq yerinə düşər. Administrasiya qarşısına gələn şikayətçilərlə sadə, insani bir formada münasibətin göstərilməsi, yolu birlikdə, piyada qət edərək inzibati binada onlara diqqət ayrılması və qaldırılan tələblərin həlli üçün müvafiq addımların atılması ənənəvi Baş Prokuror obrazındən fərqli müsbət hadisə idi.
Kamran Əliyev Əfv Komissiyasında müzakirələr zamanı humanist davranışlar nümayiş etdirir, müasirliyə və islahata təqdirlə yanaşır
Komitə sədrinin sözlərinə görə, Kamran Əliyev parlamentə və millət vəkillərinin çağırışlarına açıqdır: “Kommunikasiyalı adamdır, eləcə də Əfv Komissiyasında müzakirələr zamanı humanist davranışlar nümayiş etdirir, müasirliyə və islahata təqdirlə yanaşır.
Əlbəttə, hazırda vəətndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında müxtəlif problemlər inkaredilməzdir. Xüsusilə, Vətən müharibəsindən əvvəlki Baş prokurorluğun bir sıra yanlış qərarları ağır miras kimi hüquq sistemimiz üzərində daşınır.
“Prezidentimizin 2017 və 2019-cu ildəki verdiyi fərmanların icrası Azərbaycanın beynəlxalq hesabatardakı yerinə təsir edəcək mühüm islahat proqramıdır” deyən Zahid Oruc vurğulayır ki, ona görə də Baş Prokurorluğa qarşı aparılan sistemli informasiya kampaniyasının sifarişçilərini, icraçılarını və dəstək verənlərin siyasi məqsədlərini hər kəs baş düşsə də düşmən üzərində qələbənin ən yaxşı yolu Ədalətin Zəfər çalmasıdır: “Şəffaf, açıq və qanunlara əməl edərək, prokurorluq orqanlarında xidmət göstərmək, millətimizin hər bir nəfəri üçün şərəf işi olmalıdır.
Ulu Öndərin 90-cı illlərdə xilaskarlığı həm də qanunsuz birləşmələrin və silahlı dəstələrin hakimiyyət çevrilişi cəhdlərinə qarşı göstərdiyi qətiyyəti, o cümlədən, prokorluq orqanlarına hücumla onu linç etməyə qalxan qüvvələrin qarşısında yenilməzliyi və cəsarəti o qurumun fəaliyyətinin məhək daşıdır, pozulmaz konstitusion təməlidir.
Artıq 2020-ci ildən sonra yeni reallıq formalaşıb. Ali Baş Komandanın liderliyi ilə Vətən müharibəsində qazanılan parlaq Qələbəmiz azad torpaqlarda dövlət strukturlarının, o cümlədən, prokuroruluq orqanlarının fəaliyyətini mümkün edib”.
Zahid Oruc, həmçinin müstəqillik tarixmizdə ilk dəfə, torpaqlarımıza və xalqımıza qarşı təcavüzdə, onlarla cinayət əməllərində ittiham olunan şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmasını da xatırladaq deyir ki, o dövrün Baş Prokuror İsmət Qayıbovun ruhu indi sevinir ki, ərazi bütövlüyünü təmin edən bir dövlət işğalçıların əməllərinə təkcə hərbi meydanlarda deyil, həm də ədalət saraylarında qiymət verir:
“Göründüyü kimi, hüquq-mühafizə orqanlarının nüfuzu dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir edir, ölkəmizin beynəlxalq mövqeyini müəyyənləşdirir.
Ona görə də ictimai rəylə işləmək, cəmiyyətimizdən gələn çağırışlara açıq olmaq, media ilə fəaliyyəti gündəliyin birinci sırasında saxlamaq müasir idarəetmənin vacib tələbidir”.
Gununsesi.info