Ardını oxu...
Rusiya bərk buğda ixracına qadağa qoyur. Qərar gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq.

Azərbaycan buğda ehtiyatlarının böyük hissəsini Rusiyadan təmin edir. Rusiya Ukrayna müharibəsi başlayanda dünyada yaşanan taxıl böhranı çörəyin qiymətinin bahalaşması ilə nəticələnmişdi. Üstəlik, taxıl qıtlığı təhlükəsi də yaranmışdı. Onda söhbət əla növ buğdadan gedirdi. Bu dəfə ixraca qadağa qoyulan bərk buğdadır. Daha çox makaron istehsalında istifadə edilir. Amma Azərbaycanda bərk buğdadan çörək istehsalında da istifadə edənlər var.

Çörəyə bərk buğda qatmaq olarmı? Əsas sual: Rusiyanın qoyduğu qadağa çörəyin qiymətinin qalxmasına səbəb olacaqmı?
Ətraflı İctimai TV-nin süjetində:

 

 

Ardını oxu...
Dekabrın 16-da Rusiyanın “Qazprom” enerji konserni “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Məlumata görə, tədarükün gündəlik həcmi Çinin CNPC şirkəti ilə razılaşdırılmış müqavilə öhdəliklərini üstələyib.

"Qazprom" Çin tərəfinin tələbini tam yerinə yetirib və bununla da ÇXR-ə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atılıb.

Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. İxrac 2019-cu ilin dekabrında başlayıb.

Həcmləri artırmaq qərarı Çin istehlakçılarının artan tələbini ödəmək üçün qəbul edilib.
 
Ardını oxu...
Ukrayna ilə müharibədən sonra Rusiya bazarını tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki verib.

APA xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Yazıda qeyd edilir ki, analitiklər Qərb şirkətlərinin getməsi ilə “Rusiya iqtisadiyyatının boğulacağını” proqnozlaşdırırdılar.

Nəşr bildirib ki, Rusiya Prezidenti Vladimir Putin gözlənilən uğursuzluğu öz xeyirinə dəyişə bilib.

Vurğulanıb ki, əksər xarici şirkətlər yatırılan milyardları itirməmək üçün Rusiyada fəaliyyətini davam etdirirlər.

Bundan əvvəl Putin sanksiyalar nəticəsində təxminən 50 milyard dollar itirildiyini deyib.

O, bu rəqəmin böyük olduğunu bildirsə də sanksiyalar dövləti bəzi məsələlərdə "baş işlətməyə" məcbur edib deyə açıqlama verib.
 
Ardını oxu...
G7 ölkələri Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş ehtiyatlarının bir hissəsini müsadirə etmək imkanlarını fəal şəkildə araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” mənbələrə istinadən yayıb.

ABŞ-ın G7 komitələrində müzakirə edilən təklifinə görə, belə bir addım Rusiyanın təcavüzünü dayandırmaq üçün cavab tədbiri kimi beynəlxalq hüquqa uyğundur.

Vaşinqton hesab edir ki, Rusiya aktivləri ilə bağlı qərar qəbul etmək üçün az müddət var.

Eyni zamanda, əksər Avropa ölkələri hələ də investorların mənfi reaksiyasından ehtiyat edərək, vəsaitlərin birbaşa müsadirə edilməsinin əleyhinədirlər. Bununla belə, ABŞ və Aİ-də Ukraynaya yeni yardım paketlərinin təsdiqi ilə bağlı çətinliklər fonunda ehtiyatlardan istifadə ilə bağlı müzakirələr intensivləşib.
 
Ardını oxu...
“Azərbaycandan yaxın vaxtlarda, Türkiyədən isə iki-üç həftəyə Rusiyaya yumurta idxal olunacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.
O bildirib ki, bu, Rusiyada yumurtanın qiymətini tənzimləməyə imkan verəcək.

“Azərbaycandan yumurta tezliklə gəlməlidir. İki-üç həftədən sonra Türkiyədən yumurta müvafiq idxal rüsumu olmadan gələcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, – deyə Patruşev jurnalistlərə bildirib.
 
Ardını oxu...
Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq.

Bunu İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.

Nazir müavini qeyd edib ki, əldə olunan razılaşmaya əsasən, layihənin reallaşdırılmasına 2024-cü ilin əvvəlində, yarım ay sonra başlamağı planlaşdırırlar. Şəhriyar Əfəndizadə 162 km uzunluqdakı bu dəmir yolu xəttinin gələn il İran üçün ən vacib dəmir yolu xətti layihəsi olduğunu vurğulayıb.

Rəşt-Astara dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizi isə öz növbəsində Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını inteqrasiya edəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir.

APA
Ardını oxu...
Yaponiya 2024-cü ildə ölkə üçün rekord səviyyədə hesab olunacaq hərbi büdcəni təsdiq etməyi planlaşdırır.

Qeyd olunur ki, söhbət 7,7 trilyon yenlik (53 milyard dollarlıq - red) hərbi büdcədən gedir.

Mənbə yazır ki, bu məbləğ cari ilin hərbi büdcəsini əhəmiyyətli dərəcədə üstələyir.

Qeyd olunur ki, vəsaitlər Yaponiya istehsalı olan uzaqmənzilli raketlərin alınmasına, həmçinin Britaniya və İtaliyanın birgə istehsalı olan yeni nəsil döyüş təyyarəsinin hazırlanmasına sərf olunacaq.
Məlumatda həmçinin göstərilir ki, Tokio beş il ərzində ümumi müdafiə xərclərini 43 trilyon yenə (indiki məzənnə ilə 296 milyard dollara) çatdırmağı planlaşdırır.

Mənbə: Kyodo
 
Ardını oxu...
Dekabrın 14-də Nazirlər Kabinetinin iclasında qiymətlərin səviyyəsi, inflyasiyanın azalması müzakirə olunub. Bildirilib ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə, noyabrda ərzaq qiymətləri indeksi son bir ildə 10.6 faiz ucuzlaşıb. Azərbaycanda isə inflyasiyanın azalma tempinin ümumən dünyadakından zəif - 4 faiz olduğu bildirilir.

İclasda "Qiymət İzləmə Tətbiqi" ilə bağlı metodoloji çərçivə təqdim olunub, bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasına qərar verilib.

"Hələlik, ciddi ucuzlaşmanı hiss etmirik"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vahid Əhmədov da "Turan"a bildirib ki, Azərbaycanda, hələlik, BMT-nin göstərdiyi 10.6 faiz ucuzlaşmadan söhbət getmir: "Düzdür, arada bəzi kənd məhsullarında müəyyən ucuzlaşma oldu, amma ümumi götürəndə biz ucuzlaşmanı hiss etmədik. Deyirdilər ki, 2023-cü ildə inflyasiya 9.3 faiz, 2024-cü ildə 5.9 faiz olacaq. 2024-cü ildə mən qiymətlərdə müəyyən stabillik gözləyirəm. Rəqabət Məcəlləsi qəbul olunub, bu da bazara, qiymətlərə müəyyən təsir göstərəcək. Amma, hələlik, qiymətlərdə ciddi ucuzlaşmanı hiss etmirik".

"Dünyada qiymətlər ucuzlaşanda Azərbaycanda..."
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında qəribə bir tendensiyaya diqqət çəkir: "Dünya bazarında nəyinsə qiyməti artan kimi bu, həmən Azərbaycandakı qiymətlərə təsir edir... Dünyada qiymətlər ucuzlaşanda bu, Azərbaycana həmən yansımır".

Onun fikrincə, ən böyük problem idxal inhisarçılığı, idxalda monopolist şirkətlərin hegemonluğudur. "Bizdə dövlət orqanları inhisarçılıqdan danışanda niyəsə gedib pərakəndə satış nöqtələrini yoxlayır. Bu, çox mənasız yanaşmadır. Həmin satış nöqtələri inhisarçı ola, qiymət sövdələşməsinə gedə bilməz. Ölkədə qiymətləri, əsasən, topdansatış bazarının iştirakçıları qaldırır".

İqtisadçı qeyd edib ki, qanunvericiliyə görə, pərakəndə satış yerlərində qiymət tənzimlənməsi mümkün deyil: "Heç kəs gəlib almanı niyə bu qiymətə satdığınızı soruşa bilməz. Sadəcə rəqabətli mühit yaranmalıdır ki, bazar oyunçuları özləri qiymət qaldırmasın".

Mənbə: AzadlıqRadiosu ©
 
Ardını oxu...
“Ötən ildən başlayaraq Ermənistanda sürətlənən iqtisadi artım dinamikası bu il də davam edir” kimi bir iddia var. Ermənistan Mərkəzi Bankı bu il ölkə üzrə iqtisadi artım proqnozunu 8,3 faizə qədər yaxşılaşdırıb. Qurumun sədri Martin Qalstyan bu barədə məlumatı iki gün əvvəl keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirib ki, Mərkəzi Bank həmçinin ölkənin 2024-cü il üçün iqtisadi artım proqnozunu 5,6 faizdən 6,1 faizə qədər yaxşılaşdırıb.

Oktyabrın sonunda Mərkəzi Bank 2023-cü ildə Ermənistan iqtisadiyyatının 7,2 faiz artacağını proqnozlaşdırmışdı. Ermənistanın 2023 və 2024-cü illər üçün büdcəsində isə ÜDM-in 7 faiz artımı nəzərdə tutulur. Beynəlxalq Valyuta Fondu 2023-cü ildə Ermənistanda iqtisadi artımı 7 faiz, 2024-cü ildə 5 faiz, Dünya Bankı müvafiq olaraq 6,6 faiz və 4,1 faiz proqnozlaşdırır.

Martin Qalstyan onu da bildirib ki, Ermənistanda iqtisadi artım sırf Rusiya ilə bağlıdır. Artıq ikinci ildir ki, Rusiyadan vətəndaşların və biznesin Ermənistana davamlı axını qeydə alınır. Ölkənin iqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, təkcə 2022-ci ildə Ermənistan təxminən 110 min rus qəbul edib. Onların çoxu İT və xidmət sektorunda çalışan fiziki şəxslərdir.

Ermənistan Mərkəzi Bankının məlumatları İctimai və Mülki Təşəbbüslərə Dəstək Mərkəzinin (CPOGI) analitik hesabatının nəticələrini təsdiqləyir. Hesabatda bildirilir ki, Ermənistandakı rus köçkünləri çılğınlıqla mal və xidmətləri istehlak edirlər. Bu, Ermənistan iqtisadiyyatının iki əsas sektoruna - xidmət sektoruna və pərakəndə satışa irihəcmli gəlir gətirir.

Lakin son aylarda Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuqlaşması fonunda bir sıra göstəricilərdə azalma qeydə alınmaqdadır. Belə ki, oktyabrda Rusiyadan Ermənistana pul köçürmələrində ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azalma müşahidə olunub. Martin Qalstyanın dediyinə görə, ölkədən köçənlərin axını və ya axınının dinamikası necədir, bunu dolayı əlamətlə - pul köçürmələrinin axını ilə qiymətləndirmək olar. Ümumilikdə, yanvar-oktyabr aylarında Ermənistana pul köçürmələri 2020-22-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə təxminən 20 faiz artıb: “Amma oktyabrı ayrıca götürsək və 2022-ci ilin oktyabrı ilə müqayisə etsək, görərik ki, ruslardan (Ermənistan Respublikasının qeyri-rezidentləri) Ermənistana pul köçürmələri baxımından təxminən 40 faiz azalma var”.

Qeyd edək ki, oxşar mənzərə turizmdə də müşahidə olunur: yanvar-noyabr aylarında (2022-ci ilin eyni dövrü ilə müqayisədə) turist axınında 40 faizdən çox artım müşahidə olunsa da, təkcə noyabrda (2022-ci ilin noyabr ayı ilə müqayisədə) artım yalnız 4 faizdir. Bu isə o deməkdir ki, turist axınının artımı xeyli səngiyib.

Ermənistanda qeydə alınan iqtisadi artımda Rusiyanın payının nə qədər olduğunu kiçik bir araşdırma ilə sübut etmək mümkündür. Belə ki, 2022-ci ildə Ermənistanın ÜDM-i əhəmiyyətli dərəcədə artaraq 19,50 milyard dollar təşkil edib. Bu isə 12,9 faizlik artım deməkdir. Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Ermənistan Mərkəzi Bankı ÜDM-in artımının 5 faiz olacağını gözləyirdi, hətta sonra “Rusiya iqtisadiyyatı ilə əlaqələr” səbəbiylə proqnozunu 1,6 faizə endirmişdi.

Ermənistanın 2022-ci il büdcəsində artım 7 faiz, inflyasiya 4 faiz səviyyəsində proqnozlaşdırılmışdı.

Ermənistan ÜDM-in strukturuna nəzər saldıqda, görünür ki, 2022-ci ildə əlavə dəyərin artımını demək olar ki, bütünlüklə 6 sahə - maliyyə, ticarət, rabitə və texnologiya, istehsal, nəqliyyat və tikinti təmin edib Eyni zamanda bu sektorlar da bir-biri ilə bağlıdır. Məsələn, ticarətin ümumi həcmi 17 faiz, o cümlədən pərakəndə ticarət 2,6 faiz, topdansatış ticarət (turizm, nəqliyyat və xarici ticarətlə bağlı) 26,6 faiz, avtomobil ticarəti isə 1,5 dəfə artıb. Daşınmaz əmlak əməliyyatları tikintini müəyyən bir geriləmə ilə izləyir, lakin eyni tendensiyanı əks etdirir. İT sektoru, eləcə də bank sektoru xarici bazara əsaslanan artımın böyük hissəsini yaradıb.

İki həssas sektorda - səhiyyə/sosial təminat və kənd təsərrüfatında isə azalma müşahidə edilib ki, bu da ÜDM artımının mütləq həyat səviyyəsinin yüksəlməsinə çevrilmədiyini göstərir. Buna onu da əlavə edə bilərik ki, inflyasiya 8,6 faiz olduğu halda dollarda qiymətlər 25,5 faiz, avroda isə 40,5 faiz artıb ki, bu da xarici valyutada gəlir əldə edənlərin yaşayış dəyərinin kəskin yüksəlməsi deməkdir. Bu təbəqəyə ilk növbədə İT sektoru təmsilçiləri, xaricdəki qohumlardan transfert alanlar, eləcə də immiqrantlar və turistlər daxildir ki, bu da ümumilikdə Ermənistan əhalisinin təxminən 15 faizini təşkil edir.

2022-ci ildə Ermənistanda maliyyə və sığorta fəaliyyəti sahəsində əlavə dəyər 47 faiz artıb. Bu sahədə xidmətlərin dəyəri 49 faiz artaraq 776,5 milyard dram və ya 1 milyard 775 milyon dollara çatıb. Bu məbləğin 80 faizi bankların payına düşüb və nəzərə alsaq ki, sektorun dövriyyəsindəki artım dram artımı ilə üst-üstə düşüb, o zaman sektorun aylıq hesablanan real dövriyyəsi 2 milyard dollara yaxınlaşacaq. Bir il ərzində bank sektorunun dövriyyəsi 67,7 faiz, xalis nominal mənfəəti 3 dəfə artıb. Bu artım da bilavasitə Ermənistana Rusiyadan axın, pulköçürmələrinin artması, nəhayət, əsasında Rusiyaya reixrac dayanan ticarətin kəskin artımı ilə bağlıdır.

Ermənistanın xarici ticarətindəki dəyişiklikdən çox yazılıb. 2022-ci ildə nominal ifadədə malların ixracı 78 faiz artaraq 5,36 milyard dollara, malların idxalı isə 63,5 faiz artaraq 8,77 milyard dollara çatıb. Xarici ticarət saldosu mənfi qalıb və 2,35 milyard dollardan 3,4 milyard dollara yüksəlib. Mənfi saldonu Rusiyadan pulköçürmələri xeyli dərəcədə kompensasiya edib. Nəzərə alsaq ki, 2022-ci ildə Ermənistan sənayesi cəmi 7,3 faiz artıb, kənd təsərrüfatı isə 0,7 faiz azalıb, daxili resurslar hesabına ixracın belə əhəmiyyətli artımının mümkün olmadığını rahatlıqla demək olar. Bu şəraitdə hətta valyuta məzənnəsinin dəyişməsi və inflyasiya belə ixracın fiziki ifadədə 56 faiz, idxalın isə 33 faiz artımını təmin edə bilməz.

İxracın artımının yarısı Rusiyanın payına düşüb və üçüncü ölkələrdə istehsal olunan malların təkrar ixracını təmsil edir. Bu artımın Ermənistan daxilində hasilatla demək olar ki, heç bir əlaqəsi yoxdur.

Bu ilin ötən dövründə də Ermənistanda iqtisadi artım sürəti kifayət qədər yüksəkdir. Belə ki, 2023-cü ilin ilk üç rübündə ölkə ÜDM-i 6 trilyon 506 milyard dram (indiki məzənnə ilə 16 milyard 185 milyon dollar) təşkil edib. Bu isə 2022-ci ilin ilk üç rübü ilə müqayisədə 9,8% faiz (inflyasiya nəzərə alınmadan nominal ifadədə - 12,9 faiz) artım deməkdir.

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə (2023-cü ilin yanvar-sentyabr ayları) iqtisadi aktivlik göstəricisi 9,7 faiz artıb. Bu göstərici ÜDM-ə yaxındır və yalnız dolayı vergiləri (ƏDV və aksiz vergisi), həmçinin bank və digər maliyyə xidmətlərini nəzərə almır.

İlk 3 rübdə ən çox artım otellər və restoranlar, həmçinin istirahət və əyləncə sahələrindədir. Onlardan birincisinin dövriyyəsi (vergilər istisna olmaqla) təqribən 160 milyard dram, ikincinin dövriyyəsi 200 milyarddan bir qədər çox olub. Bu isə o deməkdir ki, xidmət sektorunun dövriyyəsi illik ifadədə 13,4 faiz artıb. Belə artımda adları çəkilən sahələrdəki yüksək inflyasiya da mühüm rol oynayır.

Doqquz ayda Ermənistanın kənd təsərrüfatı məhsulu istehsalında azalma qeydə alınıb - təxminən 10 faiz.

Mədənçıxarma sənayesində istehsal 256 milyard dramdan 214 milyard drama (təxminən 530 milyon dollar) qədər azalıb. Əsas səbəb dünyada misin qiymətinin aşağı düşməsindən sonra mədənlərdə mis filizi hasilatının azalmasıdır (13 faizdən bir qədər çox). 2022-ci ilin ilk aylarında onlar bir ton üçün 9,5 min dollar və yuxarı təşkil etdiyi halda, son bir neçə ayda təxminən 8 - 8,5 min dollara qədər ucuzlaşıb. Tikintidə fəallığın artmasına baxmayaraq, ilin əvvəlindən tikinti materiallarının istehsalı da azalıb.

Rüblük dinamikada keçən ilin sonunda sənaye məhsulunun həcmi sürətlənsə də, 2023-cü ilin əvvəlindən aşağı düşüb və hətta 2023-cü ilin üçüncü rübündə hələ 2022-ci ilin eyni dövrü üçün səviyyələrə çatmayıb.

Beləliklə, Ermənistanda qeydə alınan iqtisadi artım iqtisadiyyatın mühüm sahələrindəki istehsalın artımından deyil, daha çox xarici faktorlara bağlı sahələrdən qaynaqlanır. Buna görə də yerli və xarici ekspertlər onu dayanıqlı olmayan tendensiya kimi qiymətləndirirlər.

Onu da qeyd edək ki, Qərb Rusiyaya reixracın qarşısını almaq üçün tədbirləri kəskinləşdirir. Eyni zamanda G7 və Avropa İttifaqı tərəfindən yanvarın 1-dən etibarən Rusiyadan almaz idxalına qadağa qoyulur. Bu isə Ermənistanın idxal-ixrac, həmçinin emal sektorundza böyük payı olan almaz biznesinin ciddi şəkildə məhdudlaşmasına gətirib çıxaracaq faktordur. Nəhayət, Rusiya ilə yollarını ayırmaq niyyətində olan Ermənistanın bu ölkə ilə qarşılıqlı ticarətinin həcmində son aylarda müşahidə olunan azalmanın növbəti dövrdə daha da sürətlənməsi gözlənilir. Bu da ölkənin iqtisadi göstəricilərində ötən ildən qeydə alınan yaxşılaşmanın əks proseslə əvəz olunmasına gətirib çıxaracaq.

Müəllif: Dünya SAKİT - Mənbə: “Yeni Müsavat”
 
Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib. Sahibkarların diqqətinə çatdırılıb ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksəkriskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət nədən ibarətdir?

Qurumdan bildirilir ki, yanvarın 1-dək təsdiq üçün rəsmi qaydada müraciət etməyən müəssisələrdən baytarlıq nəzarətinə aid - mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulların ölkəmizə idxalı mümkün olmayacaq.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Məhz qanunun tələblərindən irəli gələrək, agentlik təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edib.

Buna baxmayaraq, agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Ona görə də müvafiq qiymətləndirmə aparılmayan və təsdiq edilməyən məhsulların idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq və idxalçı şirkətlərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

“Ətraflı məlumat tələb olunmalıdır”

Məsələ ilə bağlı fikirlərini Bizim.media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu vacib bir qərardır:

“İndiyə qədər kim nə istəyirdisə, ölkəmizə idxal edirdi. Amma növbəti ildən bu belə olmayacaq. AQTA idxalla məşğul olan şirkətlərdən tələb edir ki, gətirdikləri məhsullar barədə ətraflı və səhih məlumatlar təqdim etsinlər. Təsadüfi deyil ki, məhsul satdığımız bütün ölkələr bizdən bu cür sənədləri tələb edir. Hər bir istehsalçı məhsul haqqında ətraflı və zəruri məlumatı verir.

Ona görə də Azərbaycan da növbəti ildən qanuna uyğun olaraq bu tələbləri irəli sürür. Yeni qaydalar nə qədər vacib olsa da, bu, ilk aylarda istehlak bazarındakı qiymətə müəyyən təsir göstərəcək. Yəni qiymətlər müəyyən qədər artacaq. Amma sonrakı dövrdə qiymətlər sabitləşəcək”.

Akif Nəsirli onu da qeyd edib ki, bu qərarın icrası yerli istehsal üçün də bir stimul olacaq:

“İdxalın azalması hesabına yerli sahibkarlar bazara daha çox məhsul çıxaracaqlar. Hesab edirəm ki, qida sahəsində idxalın müəyyən qədər məhdudlaşdırılması ölkə iqtisadiyyatına müsbət töhfə verəcək. Çünki idxal qaydalarının sərtləşdirilməsi imkan verəcək ki, analoji məhsullar yerlərdə daha çox istehsal edilsin. Bütün hallarda biz keyfiyyəti kəmiyyətə qurban verməməliyik”.
 
 
 

Dünyapress TV

Xəbər lenti