Ardını oxu...
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ötən ilin tendensiyasını davam etdirərək yanvar ayında da düşməkdə davam edib.

Belə ki, ərzaq qiymətlərinin baza səviyyəsi buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəbindən cüzi də olsa azalıb.

Dünya bazarında bəzi ərzaq mallarının qiymətində aylıq dəyişiklikləri ölçən FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvarda orta hesabla 118 bənd təşkil edib ki, bu da dekabrla müqayisədə 1 %, bir il əvvəl ilə (Yanvar 2022) müqayisədə isə 10,4 % aşağı düşüb.

FAO-nun Taxıl Qiymətləri İndeksi, tədarük edən ölkələr arasında güclü rəqabət səbəbindən qlobal buğda ixrac qiymətlərinin düşməsi səbəbindən əvvəlki ayla müqayisədə 2,2 % azalıb.

Argentinada əkin şəraitinin yaxşılaşdırılması və məhsul yığımına başlanması ilə əlaqədar olaraq qarğıdalı qiymətləri kəskin şəkildə aşağı düşüb.

Ətin qiyməti indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 1,4 % azalaraq yeddinci aydır ki, enişini davam etdirib.

Eyni zamanda, FAO şəkər qiyməti indeksində artım qeydə alıb - yanvarda müvafiq indeks əvvəlki ayla müqayisədə 0,8 % artıb.

Bəs niyə dünya bazar qiymətlərindəki azalma ölkəmizdəki qiymətlərə təsir etmir?

Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ölkəmizdə ərzaq məhsullarının qiymətinin artmasına səbəb inhisarçılıqdır:

“Dünya bazarında baş verən qlobal iqtisadi rəqabətlərdən dolayı bir çox ərzaq məhsullarının qiyməti uçuzlaşır. Lakin ölkəmizdə 3 ildir ki, çörəyi qiymətinin 10 qəpik ucuzlaşmasından başqa heç nə görməmişik. Taxıl bazarında un və buğdanın qiyməti təxminən 40 faiz ucuzlaşıb. Buna baxmayaraq ölkəmizdə isə çörəyin qiyməti 10 faiz ucuzlaşıb. Bu qida məhsulu yalnız "Zavod çörəyi" adı ilə tanınan çörəklərə şamildir. Bundan başqa ölkəmizə idxal olunan bitki yağları, ət, şəkər kimi məhsulların qiyməti ucuzlaşmayıb, əksinə artıb. Bunun da əsas səbəbi məhz inhisarçılıqdır”.

Ekspert bildirib ki, daxili bazarda kənd təsərrüfatı məhsuların istehsalı ildən-ilə azalır:

“Hər il ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalında azalma baş verir. Ölkə daxilində istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarı ödəməyə gücü çatmır. Ona görə də ölkəmiz idxaldan asılı olan bir dövlətə çevrilir. Məhz idxalçıların da əksəriyyəti inhisarçılardı. Nəticədə dünya bazarında ərzaq məhsulların qiyməti nə qədər ucuzlaşsa da, daxili bazarda ucuzlaşma baş vermir”.
 
Ardını oxu...
Azərbaycanda 2014-cü ilin yanvar və fevral aylarında xarici valyutaya tələbatın yüksəlməsi davam edib.

Bəs xarici pul vahidlərinə kütləvi ehtiyacın yaranması nə ilə bağlıdır? Milli valyutanın ABŞ dollarına qarşı məzənnəsində dəyişiklik ola bilərmi?

İqtisadçı Eyyub Kərimli hesab edir ki, xarici valyutaya və əsasən də dollara tələbatın artması ilin əvvəlində ölkəyə idxal olunan məhsulların artması, idxalın dövriyyəsinin artması ilə daha çox əlaqələdir:
“Bu da dollara tələbatı artırır. Dollara tələbatın artması da manatın məzənnəsinə qarşı müəyyən təzyiqlər yarada bilər”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın
istefasından sonra onun keçmiş müavini Fatih Karahanı banka rəhbər təyin edib.
Bu barədə Prezidentin hökumətin rəsmi qəzeti “Resmi gazete”də dərc olunan sərəncamında
deyilir.
Prezident tərəfindən imzalanan sərəncam dərc olunduğu andan qüvvəyə minib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan dünən istefa verib
 

Ardını oxu...
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,26 % artaraq 86,5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb

Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan neftinin qiyməti dünya birjalarında ayrıca müəyyənləşdirilmir:

"Bu daha çox brend markalı neftə bağlıdır. Azərbaycan nefti daha keyfiyyətli olduğu üçün brenddən baha satılır. Buna görə də dünya birjalarında neftin qiyməti hansı istiqamətə gedirsə, "Azeri Light" o istiqamətdə davam edir. Son zamanlar geosiyasi qarşıdurmanın artması, Husilərin hücumu, Qırmızı dəniz və Hörmüz boğazının ətrafında olan gərginlik neft qiymətlərini artırıb. Əgər neft qiymətlərinin artımı bu gərginlik fonunda davam edərsə, "Azər Light"ın da qiyməti artacaq. Gərginliyin azalması nəticəsində isə qiymətlərin aşağı düşməsinin şahidi olacayıq. Yəni"Azər Light" markalı neftin qiyməti dünya birjalarına uyğun olaraq müəyyənləşir və siyasi gərginliyə görə artım tendensiyası müşahidə edilir".
 
Ardını oxu...
Azərbaycan bankları ölkənin regionlarında kredit verməyə elə də həvəs göstərmirlər.

Bunu Azərbaycan Mərkəzi Bankının kreditləşmə ilə bağlı açıqladığı statistika da göstərir.

Belə ki, 2023-cü ilin sonuna bankların kredit portfeli 23,2 milyard manat təşkil edib ki, bunun da 17,7 milyard manatı və 76 %-i Bakı və onun ətrafında formalaşıb. Bəs banklar niyə regionlarda kredit vermək istəmir? "Report" mövzunu iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri Elman Sadıqov deyir ki, regionlarda kredit verməyin riski Bakı ilə müqayisədə yüksəkdir: "Nəinki Bakı ilə regionlar arasında, hətta ayrı-ayrı rayonlar arasında risk dərəcələrində fərq var. Məsələn, Aran rayonlarında risk daha yüksəkdir. Çünki biznes mühiti zəifdir, dövriyyə azdır və bu rayonlarda yaşayanlara verilmiş kreditlər vaxtında və yaxud ümumiyyətlə geri qaytarılmaya bilər. Şimal və Şimal-Qərb rayonlarımızda isə risk nisbətən aşağıdır. Çünki, həmin rayonlar iqtisadi baxımdan aktivdir, turizm obyektləri mövcuddur və vətəndaşlar aldıqları kreditləri normal qaytara bilərlər".

Bundan başqa, onun sözlərinə görə, regionlarda yaşayan əhalinin maliyyə savadlılığı, kreditə yanaşması (məsuliyyəti) paytaxtla müqayisədə zəifdir: "Bakı və onun ətrafında yaşayanların çoxu bilir ki, kredit götürübsə onu vaxtında qaytarmalıdır, əgər qaytarmasa ona qarşı hüquqi tədbirlər görə bilərlər, girov qoyduğu əmlakı əlindən çıxa bilər. Regionlarda yaşayanlar dediyim məsələlər barədə elə də düşünmürlər. Çünki, rayon yerində hamı-birini tanıyır, kiməsə qarşı sərt addımlar atmaq, əmlakını əlindən almaq çətindir. Mental amillər var. Kəndlərdə bir evdə bir neçə ailə yaşayır. Bunların evsiz qalması məsələsi var. Dədə-baba evləridir. Digər tərəfdən rayonda, kənddə heç kim "bankda batan ev"i almaq istəmir. Yəni, regionlarda müsadirə edilmiş əmlakları satmaq asan deyil. Halbuki, Bakıda girov əmlakların satılması problem deyil".

Digər ekspert Xalid Kərimli də hesab edir ki, bankların Bakı və onun ətrafına fokuslanması təkcə risk amili ilə bağlı deyil, həm də paytaxt və regionların iqtisadi inkişafı arasındakı fərqdən qaynaqlanır: "Bakıda yaşayanların gəlirləri regionlarla müqayisədə xeyli yüksəkdir. Paytaxtda orta aylıq əmək haqqı regionları azı 30-40 % üstələyir. Bütün iqtisadiyyat demək olar ki, Bakıda cəmləşib. Şirkətlərin çoxu buradadır. Üstəlik, regionlardakı daşınmaz əmlakların çoxunun qeydiyyatı yoxdur. Bu da onların girov qoyulmasına mane olur. Bakıda isə əmlakın qeydiyyatı sarıdan vəziyyət xeyli yaxşıdır".
 
 
 
Ardını oxu...
"Azsığorta" Açıq Səhmdar Cəmiyyəti "EuroHome" tikinti materialları bazarını yenidən məhkəməyə verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ASC bu dəfə bazar və onun rəhbərinə qarşı yeni iddia qaldırıb.

Belə ki, "Azsığorta" məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas), hüquqi şəxsin müflis olması üzrə) ilə bağlıdır.

Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov tanınıb.

Məhkəmə işi icraata götürülüb və iddia hakim Vüsalə Baxışovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl "Azsığorta" sığorta müqaviləsi üzrə mübahisələr ilə bağlı bazarı, rəhbərini və onun oğlunu məhkəməyə verib.

Xatırladaq ki, "EuroHome" ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.

Azay Möhnətov həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir. İş adamının ölkədə nəhəng bina tikintisi ilə də məşğul olduğu qeyd edilir.
 
Ardını oxu...
Türkiyə bankları Rusiyadan olan müştərilərlə bağlı siyasətlərini sərtləşdirib. Bəzi maliyyə təşkilatları şirkətlərin hesablarını bağlamağa başlayıb və kart almağı planlaşdıran şəxslər üçün tələbləri artırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə Türkiyə ilə ticarət edən biznes sahibləri, maliyyə məsləhətçiləri və biznes assosiasiyalarının nümayəndələri məlumat verib.

“Bloomberg” və “Kommersant” nəşrləri yazırlar ki, artıq ilin əvvəlində biznes qurumları Rusiya ilə Türkiyə arasında ödənişlərin dayandırılmasından şikayət edirdilər. “Vedomosti”nin həmsöhbətləri bildiriblər ki, hazırda hesablaşmalar dondurulub.

Ötən il dekabrın 22-də ABŞ Prezidenti Co Baydenin Maliyyə Nazirliyinə Rusiyaya qarşı sanksiyaları pozan banklara cəzalar tətbiq etmək səlahiyyəti verən fərmanından sonra yerli bankların siyasəti kəskin şəkildə dəyişib.

"Dekabrdan əvvəl Türkiyədə Rusiya ilə hərtərəfli işləyən iki bank, qismən əməkdaşlıq edən daha iki bank vardı”, - Türkiyə ilə ticarət aparan və eyni zamanda Rusiya biznes assosiasiyalarından birinə yaxın olan mənbə bildirib. Onun sözlərinə görə, birinci kateqoriya bankları SDN siyahısına (ən ciddi məhdudiyyətlər səviyyəsinə malik bankların qara siyahısı) daxil edilməklə hədələyiblər. Bundan sonra onlar Rusiya bankları ilə əlaqəsi olan şirkətlərin əhəmiyyətli hissəsinin müxbir hesablarını bağlamağa başlayıblar. Həmsöhbətin sözlərinə görə, qismən əməkdaşlıq eən banklar da münasibətləri kəsməyə başlayıblar. Lakin əsas hədəf Ukraynada “xüsusi əməliyyat” başlayandan sonra müştəri olanlardır. Mənbə qeyd edib ki, şirkətlər bankdan 30 gün ərzində bütün münasibətləri dayandırmaq və hesabları bağlamaq tələbini əks etdirən bildirişlər alırlar.

“Dövlət bankları "yaşıl siyahı" adlanan mallara - ərzaq və əczaçılıq məhsullarına görə ayrı-ayrılıqda ödənişlər həyata keçirirlər. Lakin bu, yalnız milli valyutalarda həyata keçirilir”, - mənbə aydınlıq gətirib.

Rusiya banklarının birində Türkiyə departamentinə rəhbərlik etmiş biznes məsləhətçisi İsgəndər Mirqalimov nəşrə bildirib ki, hazırda şirkətin qeydiyyatdan keçdiyi ölkədən asılı olmayaraq, banklar Rusiya mənşəli korporativ müştərilərə xidməti dayandırıb. Onun sözlərinə görə, əvvəllər bunu bir neçə özəl bank, eləcə də 2-3 dövlət bankı edirdi, indi isə əksər maliyyə təşkilatları sanksiyalar siyahısına düşməmək üçün Rusiya biznesinin maraqlarına uyğun ödənişləri dayandırıblar.

“Şirkətlərə faktiki olaraq bankla əməliyyatları tamamlamaq və hesabı bağlamaq tövsiyə edilməyə başlayıb. Bu, ilk növbədə Türkiyə bankları vasitəsi ilə ödənişlər və çatdırılmalar üçün tranzit yurisdiksiya kimi istifadə edən bizneslərə, eləcə də neft və qaz treyderlərinə aiddir”, - Mirqalimov aydınlaşdırıb.

Bundan əlavə, Türkiyə bankları fiziki şəxslər üçün hesabların açılması şərtlərini sərtləşdirib. “Əgər əvvəllər bu problem deyildisə və kartlar hamıya verilirdisə, indi yeni müştərilərdən yüksək depozit saxlamaq tələb olunur”, - o əlavə edib.

Böyük ticarət brokerlərindən birinin sahibi “Vedomosti”yə bildirib ki, türk bankları 2022-ci ildən Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb, lakin indi bu proses intensivləşib. Həmsöhbət qeyd edib ki, əgər əvvəllər söhbət ilk növbədə sanksiyalar siyahısındakı şirkətlərdən gedirdisə, indi digər təşkilatlarla əlaqələrə xitam verilir.

Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının direktoru Aleksey Eqarmin bildirib ki, Rusiya təşkilatları Türkiyədə müəyyən ödənişlərin həyata keçirilməsinin qeyri-mümkünlüyü ilə üzləşiblər, hazırda müvafiq departamentlər səviyyəsində problemin həll yolunu tapmaq üçün danışıqlar aparılır. O, qeyd edib ki, Türkiyədə çoxlu sayda rusiyalı hesab açıb, lakin vicdanlı müştərilərlə yanaşı, vicdansızlar da kartlar alıb. “Onlar şübhəli fəaliyyət göstərirlər. Eqarmin xatırladıb ki, bir çox hesablar pozuntularla və ya lazımi şəxsi məlumat verilmədən açılıb. Təbii ki, bu cür müştərilərə qarşı məhdudiyyətlər tətbiq edilir. Banklar xidmət tələb edən ruslara qarşı daha həssas olurlar”, - o bildirib. Eqarmin qeyd edib ki, baş verənlər Qərbin təzyiqi ilə deyil, tənzimləyicilərin mövqeyi ilə bağlıdır.

Sibir İxrac-İdxal Şirkəti ASC-nin İdarə Heyətinin sədri Nikolay Dunaev da təsdiq edib ki, sanksiyalara riayət olunması ilə bağlı yeni təlimatların yayımlanmasından və ABŞ nümayəndə heyətinin Ankaraya səfərindən sonra türk bankları Rusiya müştərilərinə münasibətdə siyasətini dəyişib. Xüsusilə onun şirkətinə xidmət göstərən banklardan biri dollarla ödənişləri dayandırıb. Onun sözlərinə görə, yalnız “yaşıl dəhliz”ə aid olan ərzaq, əczaçılıq məhsulları və tekstil məhsulları üzrə milli valyutalarla hesablaşmalar davam edir. Dunaev qeyd edib ki, digər məhsul növləri üzrə ödənişlər tamamilə dayandırılıb.

Rusiyanın digər biznes assosiasiyasının nümayəndəsi “Delovaya Rossiya” da vəziyyəti oxşar şəkildə təsvir edib.

Rusiya-Türkiyə Dialoq Assosiasiyasının prezidenti, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının ixtisaslaşmış işçi qrupunun rəhbəri Arsen Ayupov isə Rusiya şirkətlərinin hesablarının kütləvi şəkildə bağlanması barədə eşitmədiyini deyib. “Əgər belə bir proses başlasa, bu, çox ciddi həyəcan siqnalı olardı”, - o qeyd edib. Eyni zamanda o, bütün mal və xidmət qrupları üzrə ödənişlərin dayandırılmasından, o cümlədən yükdaşıma və s. ödənişlərinin mümkünsüzlüyündən şikayətlənib.

“Vedomosti” Türkiyə Mərkəzi Bankına, Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinə, eləcə də Türkiyənin iri banklarına – “Vakıf bank”, “İş bankası”, “Deniz bank”, “Emlak katilim”, həmçinin Rusiya Mərkəzi Bankının nümayəndəsinə sorğular göndərib.

Problem niyə yarandı?

“Vedomosti”nin bütün həmsöhbətləri eyni fikirdədirlər ki, Türkiyə bankları ilə münasibətlər ABŞ Prezidenti Co Baydenin dekabrın 22-də “Rusiya Federasiyasının zərərli fəaliyyətinə qarşı əlavə tədbirlərin görülməsi haqqında” fərmanından dərhal sonra pisləşib. Burada ABŞ Xəzinədarlığı daha geniş əsaslarla xarici bankların fəaliyyətini əngəlləmək səlahiyyətini alır. Yetər ki, maliyyə qurumu Rusiyanın texnoloji məhdudiyyətlərini aradan qaldırmaq üçün heç olmasa dolayı yolla əməliyyatda iştirak etsin və ya onun istehsal fəaliyyətinə töhfə versin.

“Türkiyədə bankların sayı çox deyil, təxminən 50 bank fəaliyyət göstərir. Ona görə də SDN siyahısına ikidən çox bankın düşməsi ölkənin bütün maliyyə sektorunun konfiqurasiyasını ciddi şəkildə dəyişəcək”, “Vedomosti”nin həmsöhbətlərindən biri qeyd edib.

Yanvarın 29-da prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş tutacaq və Ukrayna mövzuları danışıqların əsas mövzularından biri olacaq. Daha əvvəl Ankaradakı diplomatik mənbə “RİA Novosti”-yə bildirib ki, Prezident Putinin Türkiyəyə səfəri təxminən fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı olacaq. Prezidentin mətbuat katibi Dmitri Peskov “Vedomosti”nin Putinin Ərdoğanla ödənişlərin dondurulması məsələsini müzakirə edib-etməyəcəyi barədə sualına cavab verməyib.

“Yeni Türkiyə Araşdırma Mərkəzi”nin direktoru Yuri Mavaşev bildirib ki, Türkiyənin maliyyə tənzimləyiciləri - Maliyyə Nazirliyi və Mərkəzi Bank heyəti son illərdə ən qərbyönümlü şəxslərdən ibarətdir. Ötən il Ərdoğanın seçkilərdə qalib gəlməsindən sonra vəzifələrinə başlayan həm maliyyə naziri Mehmed Şimşək, həm də Mərkəz Bankının sədri Hafizə Ercan uzun müddət Amerika strukturları ilə əməkdaşlıq ediblər. Nazir Şimşək uzun müddət “Merrill Lynch”də strateq olub, Erkan isə “Goldman Sachs” və “First Republic”də yüksək vəzifələrdə çalışıb. Mavaşev hesab edir ki, bu təyinatlar Ankaranın iqtisadi məsələlərdə ABŞ-yə daha az inad göstərəcəyinə dair siqnal idi. Türkiyə Mərkəzi Bankı yeni rəhbərin təyinatından sonra siyasətini 180 dərəcə dəyişib. 22 iyun 2023-cü ildə Ercanın sədrliyi ilə keçirilən ilk iclasda tənzimləyici uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb. Faiz artımı 2021-ci ildən bəri ilk dəfə baş verdi, baxmayaraq ki, Ərdoğan yüksək inflyasiyaya baxmayaraq, faiz artımının əleyhinə idi. İndi bu nisbət 45 faizdir.

Mirqalimov qeyd edib ki, Türkiyə bankları fürsətləri olanda alternativ ödəniş sistemlərinə - Rusiya Mərkəzi Bankının SPFS və Çinin CIPS sisteminə qoşulmaqdan imtina ediblər. İndi onlar üçün bunu etmək daha çətindir, çünki indi bu, yalnız Rusiyaya sanksiyalardan yayınmağa kömək etmək cəhdi demək olacaq. Bu isə banklar üçün çox böyük riskdir. Erarmin isə qeyd edib ki, Türkiyənin əsas tərəfdaşları ilk növbədə ABŞ və Aİ-dir. Demək olar ki, bütün türk banklarının Rusiyaya dost olmayan ölkələrin maliyyə təşkilatları ilə müxbir əlaqələri var. Onlar rus müştəriləri ilə əməkdaşlığı davam edəcəyi təqdirdə bankları əlaqələri kəsməklə hədələyirlər.

Problemi necə həll etmək olar?

“Sanksiyalara əməl olunmasına nəzarətin gücləndirilməsini nəzərə alaraq, hazırda ödənişlərin həyata keçirilməsi üçün yalnız bir adekvat alternativ var - “Böyük bazar” adlanan yerdən istifadə etməklə ödənişlər”, Mirqəlimov təklif edib. Əslində, bu, ödəniş svoplarından istifadə edərək qarşılıqlı hesablaşmaların çoxtərəfli sistemidir. Biznes çevrələri ümid edirlər ki, vəziyyətdən çıxış yolu tapılacaq, çünki Türkiyə və Rusiya köhnə tərəfdaşlardır və ölkələr arasında ticarət dövriyyəsi yalnız son illərdə artıb.

Ayupov həmçinin müxbir bankçılığın dondurulacağını gözləyir, lakin bunun üçün vaxt və hökumətin ən azı mərkəzi banklar və nazirliklər səviyyəsində müdaxiləsi tələb olunur. Onun sözlərinə görə, hələlik ödənişlər alternativ yurisdiksiyalar vasitəsilə həyata keçirilir. “Lakin sanksiyalara görə ödənişlərin dayandırılması məsələsini həll etmək üçün yalnız milli ödəniş sistemləri vasitəsilə və yalnız milli valyutalarla işləyəcək Rusiya-Türkiyə bankı yaratmaq lazımdır”, - o əlavə edib.

Rasim Əliyev

“AzPolitika.info”

         
Ardını oxu...
“Rəqabət Məcəlləsinin işləməsi üçün aparılacaq yoxlamalar tədqiqat xarakteri daşıyacaq”.

Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, dünyada adətən bu yoxlamaların nəticələrinə görə cərimə və ya başqa tənbeh tədbiri görülmür:

“Sadəcə olaraq, nəticələr analtik mərkəzə ötürülür və orada təhlillər aparılır. Yəni hansısa addımların Rəqabət Məcəlləsi ilə ziddiyyət təşkil edib-etmədiyi yoxlanılacaq.

Məsələn, sahibkar maya dəyəri 10 manat olan hər hansısa bir məhsulu 9 manata satır. Deməli, onun imkanları olmasına rəğmən qarşı tərəfi çökdürmək üçün ziyanla işləyir. Belə olan halda isə qarşı tərəf də məhsulunun qiymətini 9 manata endirməyə məcbur qalır. O isə qiyməti 9 manata endirsə, zərərə düşəcək və müflis olacaq.

Burada məhsulunu maya dəyərindən aşağı satan sahibkar Rəqabət Məcəlləsini pozmuş olur. Soruşmaq lazımdır, o nə üçün məhsulunu maya dəyərindən aşağı qiymətə satır? Bazarda qiymətlər aşağı düşəndə zərərlə satmaq başqa məsələdir. Bu, situasiyadan asılı olan işdir. Amma məqsədyönlü şəkildə maya dəyərindən ucuz satmaq rəqiblərini çökdürmək hədəfi daşıyır”.

O qeyd edib ki, Rəqabət Məcəlləsinin tələb etdiyi çərçivədə yoxlamalar mütləq aparılmalıdır və aparılacaq:

“Amma Rəqabət Məcəlləsinə o qədər də ümid bəsləmirəm. Çünki Rəqabət Məcəlləsi rəqabət mühiti olan yerdə işləyə bilər. Azərbaycanda isə rəqabət mühiti minimum səviyyədədir.

İndiki şəraitdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də yoxlamalar həyata keçirə bilir. Hazırda Rəqabət Məcəlləsinin qəbul edilməsi su olmayan hovuzda adamlara üzgüçülük öyrətməyə bənzəyir”.

Akif Nəsirli Rəqabət Məcəlləsinin ölkədə ucuzlaşamaya səbəb olacağına inanmadığını söyləyib:

“İlk növbədə inhisarçılıq aradan qalxmalı və rəqabət mühiti yaranmalıdır. Rəqabət mühiti yaransa, Rəqabət Məcəlləsi olmasa da, ucuzlaşma olacaq. Ona görə də mən ucuzlaşma gözləmirəm.

Sadəcə, kənd təsərrüfatı malları bol olarsa, müəyyən mənada ucuzlaşma qeydə alına bilər. Bunun isə Rəqabət Məcəlləsi ilə əlaqəsi yoxdur. İstənilən halda, bolluq ucuzlaşmaya gətirib çıxarır. Bu qanun sadəcə olaraq, sahibkarı qorumaq üçündür. Yəni sahibkarların ədalətli rəqabət aparması üçün Rəqabət Məcəlləsi qəbul olunub”.
 
Ardını oxu...
Qırmızı dənizdə davam edən böhran qlobal ticarət üçün böyük təhlükə yaradır və artıq daşıma xərclərinin 300 faiz artmasına səbəb olub. Neft və qaz nəhəngi olan Böyük Britaniyanın BP şirkəti Yəmən husilərinin ticarət gəmilərinə hücumlarının artmasından sonra Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracağını bildirib. Onu da qeyd etmək lazımdır ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.

Hazırda Qırmızı dənizdə vəziyyətin gərginləşməsi və qlobal ticarəti təhdid edən amillər bütün diqqətləri təhlükəsiz və etibarlı nəqliyyat marşurutuna - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna və ya Orta Dəhlizə yönəldir. Bunu Azərbaycan üzərindən daşınan yüklərin artım dinamikası da təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınan yüklərin həcmi 9 milyon 11 min ton olub və əvvəlki ilə nisbətən 20 faiz yüksəlib.

ABŞ və Britaniyanın Yəmənə zərbələri, Qırmızı dənizdə baş verənlərin dünya neft bazarına və Azərbaycana təsiri necə olacaq?

Məsələ ilə bağlı danışan iqtisadç-ekspert Natiq Cəfərli Referans.Az-a deyib ki, artıq dünya bazarında 73 dollara qədər ucuzlaşan Azərbaycan nefti bu gün 85 dollara satılır:

“Qırmızı dənizdə baş verən gərginlik neft qiymətinə təsir göstərib. Burada tək məsələ tankerlərə hücum təhlükəsi deyil. Qırmızı dənizdən və Hörmüz boğazındən keçə bilməyən tankerlər Avropaya çatmaq üçün Afrikanın ətrafında fırlanırlar. Bu 14-15 gün əlavə vaxt itkisinə səbəb olur, bu da daşınma qiymətlərini artırır. Daşımaçılar bunu qiymətin üzərinə qoymağa çalışırlar, bu da doğrudur. Çünki onlar başqa cür bu ziyanı qarşılaya bilməzlər. Buna görə də bu gərginliyin davam etməsi bir müddət neft qiymətlərinə təsir edəcək və qiymətlərin artmasına səbəb olacaq”.

İqtisadçı qeyd edib ki, hazırda neft qiymətlərinin artmasına təkan yaradan amillər fundamental səbəb deyil. Onun sözlərinə görə, neft qiymətlərinə fundamental təsir göstərən əsas səbəblər dünya iqtisadiyyatının vəziyyətidir: “Yəni iqtisadiyyatda artım olanda, istehlak artanda qiymətlər artır, istehlak azalanda neft istehlakı azalır və neftin qiyməti düşür. Hazırda həm Çində, həm Avropa Birliyində həm də Amerikada iqtisadi görüntü heç də yaxşı deyil. Avropa, ümumiyyətlə, represiya dönəmini yaşayır, iqtisadi artım 1 faizə yaxındır. Çində gözləntilər 5,8 və ya 6 faizə yaxın idi, 4 faizə yaxın olacağı bildirilir. Amerikada hələlik 3 faizə yaxındır, amma orda da iqtisadiyyatda müəyyən qədər ləngimələr olması gözlənilir”.

Azərbaycanda neft qiymətlərini dövlət tənzimlənir. Bizdə dünyada neft qiymətləri ucuzlaşanda da neft qiymətləri düşmür, bahalaşanda da qiymət qalxmır. Azərbaycanda Tarif Şurasının və hətta Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Zatən Azərbaycanda benzinin və dizel yanacağının qiyməti yaxın vaxtlarda qalxıb. O zaman neft qiymətləri dünyada 112 dollar idi, indi 85 dollardır. Amma bütün ehitmallara rəğmən bizdə neft və benzin qiymətlərini bazar müəyyənləşdirmir. Tarif Şurası qərar verməyənə qədər qiymətlər artmayacaq – deyə Natiq Cəfərli əlavə edib.
 
 
 

Ardını oxu...
Prezident İlham Əliyev yanvarın 29-da Xanlar Ağalarovu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edib. Xanlar Ağalarov bundan öncə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Bulvar İdarəsi 2008-ci il yanvarın 10-da yaradılıb. Bu fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanıldı. Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac və gül növləri əkildi. Onların arasında olan ekzotik bitkilər (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar və s.) bulvarın gözəlliyini daha da artırır. Ərazidə yeni attraksionlar və kino nümayişi ilə bağlı məkanlar da var. Burada özünəməxsus istirahət növü olan dəniz gəzintisi də təşkil olunur. Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Avroviziya musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Bakı İdman Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Şəhər sakinlərinin istifadəsinə verilən Yeni Bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılıb. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxil edildi.

2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində bulvarın iki istiqamətdə genişləndirilməsi işi başa çatdı. Birinci istiqamət Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində genişləndirilən “Bayıl Bulvarı”, digər istiqamət isə Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan Ağ Şəhər Bulvarıdır. Bakı “Ağ Şəhər” Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. “Bayıl Bulvarı”nın uzunluğu 9,2 kilometr, sahəsi 123,394 hektardır. Yeni bulvar ərazisində yenidənqurma və abadlıq işləri nəticəsində müxtəlif istirahət və iaşə obyektləri ilə yanaşı müasir mədəniyyət obyektləri də inşa edilib. Bu gün Bakı Bulvarının ərazisi 215.164 hektar olmaqla, uzunluğu 16,7 kilometrə çatdırılıb. Dövlət başçısının sərəncamları ilə 2016-cı ildə Əfqan Şahmarov Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib, həmin posta İlqar Mustafayev təyin olunub. O zamandan bu vəzifəni İ.Mustafayev icra edirdi.

Bakı Bulvar İdarəsi uzun müddət Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərsə də sonradan bu qurum birbaşa Nazirlər Kabinetinin tabeçiliyinə verilib. Görəsən, rəhbər dəyişikliyi bulvardakı xüsusilə iaşə obyektlərindəki qiymətlərə təsir edəcəkmi?

Xatırlatmaq yerinə düşər ki, qiymətlərin baha olması ilə bağlı media vasitəsilə dəfələrlə narazılıq bildirilsə də, idarədən verilən cavab dəyişməz olaraq qalıb:

“Qiymət siyasətini Bulvar İdarəsi yox, sahibkarlar özləri müəyyən edir. Bu, bazar iqtisadiyyatı şəraitində hər bir sahibkarın özünün müəyyənləşdirdiyi qiymətdir. Qiymət tələb-təklif əsasında formalaşır. Biz sadəcə tövsiyə veririk, onların işinə qarışa bilmərik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Müsavat”a şərhində qeyd etdi ki ictimai iaşə müəssisələrində qiymətlər tələb-təklif əsasında müəyyənləşir. V.Bayramov qiymətlərin müəyyənləşdirilməsinin xərcə və tələbə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırdı: “Dənizkənarı Bulvar İdarəsi Milli Parkın ərazisində yerləşdiyi üçün dövlət büdcəsindən vəsait ayrılır. Vurğulamaq yerinə düşər ki, bulvarın bərpası, müasir standartlara uyğun olaraq yenidən qurulması üçün büdcədən vəsait ayrılır. Bu o deməkdir ki, infrastrukturun formalaşdırılmasında büdcədən ayırmaların xüsusi rolu var. Bu baxımdan, qiymətlərin əlçatan olması olduqda vacibdir. Təbii ki, Milli Parkda istirahət etmək istəyən vətəndaşların sayı çoxdur. Lakin bu o anlama gəlməməlidir ki, iaşə obyektləri bu amildən istifadə edərək yüksək qiymət müəyyənləşdirməlidir. Birmənalı şəkildə qiymətlər müəyyənləşdirilən zaman vətəndaşlara xidmət fəlsəfəsi, eyni zamanda dövlət büdcəsindən ayrılan vəsait amilləri nəzərə alınmalıdır. Hesab edirəm ki, Milli Parkda qiymətlərin optimallaşdırılması və vətəndaşlar üçün əlçatan olması üçün daha sistemli işlərin görülməsinə ehtiyac var. Bu istiqamətdə real addımların atılması məqsədəuyğundur”.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Dənizkənarı Bulvar İdarəsi iaşə obyektlərinin idarəedilməsi ilə mükəlləfdir, lakin bir çox hallarda söhbət birbaşa idarəçilikdən getmir: “İaşə obyektləri başqa şirkətlərə icarə verilir. Bu baxımdan, qiymətlərin müəyyənləşməsində icarə haqqının ciddi rolu olur. Dövlət orqanlarının qarışa biləcəyi məsələ qiymətləri tənzimləmək yox, icarə qiymətlərini monitorinq etmək ola bilər. Bu, tam şəffaf prosedur olmalıdır. Amma təəssüf ki, bununla bağlı heç bir məlumat yoxdur. İctimaiyyətə açıq məlumatlar verilmir. İaşə obyektləri kimə, hansı qiymətə icarə verilir? Sözügedən obyektləri işlədənlər isə icarə haqqının yüksək olmasından narazıdırlar. Yəni qiymət siyasətinə birbaşa müdaxilə etmək mümkün deyil. İaşə obyekti özəl şirkətə icarəyə verilibsə, qiymətlərin müəyyənləşdirilməsi sərbəstdir. Şirkətin yeganə öhdəliyi qazancından vaxtlı-vaxtında, doğru-dürüst vergi verməkdir”.
 

Dünyapress TV

Xəbər lenti