Ardını oxu...
Əhali 2024-cü ilin ilk yarısında “Access Bank”dan 9,9 milyon manat, şirkətlər isə 12,28 milyon manat depoziti geri çəkib.

Bu barədə bankın hesabatında göstərilir.

Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,46 milyon manat olduğu halda, ilin ilk yarısında bu rəqəm 832,89 milyon manata kimi azalıb.

Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 196,82 milyon manata enib. Başqa sözlə, bank bu ilin ilk 6 ayında fiziki şəxslər üzrə depozit portfelinin 1,2 %-ni, hüquqi şəxslər üzrə portfelin 6,2 %-ni itirib.

Ümumilikdə isə “Access Bank”ın əmanət portfeli bu il 21,85 milyon manat azalıb. Bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,1 % azalaraq 1 milyard 51,5 milyon manatdan 1 mlrd. 29,7 milyon manata enib.

Depozit portfelinin azalmasına baxmayaraq bank kredit təşkilatları və maliyyə institutları qarşısında öhədliklərini 144,2 milyon manatdan 197,5 milyon manata kimi artırması onun cəmi öhdəliklərini də artırıb.

Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 478,7 milyon manata, öhdəlikləri 1 milyard 313 milyon manata yüksəlib. Bankın 115,7 milyon manat bölüşdürülməmiş zərəri isə onun cəmi kapitalını 164,9 milyon manat manata endirib.

Vətəndaşların və şirkətlərin “Access Bank”dan xeyli miqdarda depoziti geri çəkməsi, əmanət portfelinin azalması bankın bağlanmasına gətirib çıxara bilərmi?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”a bildirib ki, istənilən bankdan gözlənilmədən, yaxud qısa müddət ərzində müştərilər kapitalını geri çəkəndə o bank texniki defoltla üzləşə bilər:

“Burada da göründüyü kimi əgər vətəndaşlar birdən-birə kütləvi şəkildə vəsaitlərini geri çəkirlərsə, bu təhlükəlidir. Məlumdur ki, “Access Bank” da kapitalı cibində saxlamır. İstənilən bank kapitalı vətəndaşlardan depozit kimi götürür və haradasa, bir investisiya portfelində yerləşdirir.

Bildirim ki, gözlənilmədən vətəndaşlar kapitallarını geri çəkdikləri zaman nağd vəsaitin olmaması səbəbindən gərgin bir vəziyyətə yol açılır.

Nəticədə arzuolunmaz vəziyyət yaranır ki, sonda bank vətəndaş qarşısında götürdüyü öhdəliyini yerinə yetirə bilmir və beləliklə də, texniki defolt yaşanır.

Yaxud da fövqəladə hal, forsmajor formasında, gərək Mərkəzi Bank müvəqqəti yardım etsin ki, o bank vətəndaşlar qarşısında götürdüyü öhdəliyini yerinə yetirə bilsin.

Sonradan öz kapitalını yerləşdirdiyi digər mənbələrdən geri çəksin. Yəni arzuolunmaz vəziyyətdir, yaxşı hal deyil. Bankı uçuruma gətirib çıxara bilər”.
 
Ardını oxu...
Oğuz-Qəbələ-Bakı su kəməri; sosial iqtisadi effektivliyin qiymətləndirilməsi üzrə ilkin tədqiqat
Bakı, Noyabr 2008-ci il
Bu layihənin iqtisadi nöqteyi-nəzərdən tədqiqatı zamanı cavabı tapılmayan əsas suallardan biri də şüşəlifli poliestr borular istehsal edən “Azkompozit” şirkətinin yaradılması oldu. Hökumət ölkə əhəmiyyətli sosial layihə çərçivəsində tamamən özəl sektora məxsus olan müəssisə yaratdı. Bu şirkətin yaradılması da müəyyən suallar doğurdu;
- Həmin müəssisə yalnız bir layihənin gerçəkləşdirilməsi üçün formalaşdırıldı, yəni analoji materialların kənardan gətirilməsi sərfəli olmadığı üçün bu addım atılmışdı, yoxsa ortada hansısa maraqlar olmuşdu?
- Həmin müəssisə həm də sonrakı dövrlərdə ölkə iqtisadiyyatının ixrac potensialını artırmaq məqsədi güdürmü?
Daha ətraflı:
https://nhmt-az.org/frontend/pages/oil-income-inner.php...
Mirvari Gahramanli
 
Ardını oxu...
Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Xidmətdən verilən məlumata görə, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır.

Bildirilir ki, məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Belə ki, internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.

Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.

Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.
 
Ardını oxu...
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 2 524 ədəd minik avtomobili, 290 ədəd isə yük avtomobili istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 35.3%, yük avtomobili istehsalı isə 42.2% artıb.

Qeyd edək ki, bir müddət öncə bütün dövlət təşkilatları yerli avtomobil alırdılar, sonradan məmurlar yenidən xaricə maşınlara üz tutdular.

Maraqlıdır, hazırda Azərbaycanın istehsal etdiyi avtomobilləri vətəndaşlar, yoxsa dövlət qurumları alır?

Nəqliyyat eksperti Aslan Əsədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobil istehsalı əslində azdır:

"Azərbaycanda isatehsal edilən avtomobillərin sayı idxalla tərs mütənasibdir. Ölkədə nəqliyyat vasitələrinin istehsalı əslində zəifdir.

Düzdür, bizim vətəndaşlarımızdan bu avtomobilləri alırlar. Amma bu satışın çox aşağı faizini özündə əks etdirir.

Bildirim ki, bəzi qurumlar tərəfində hansı avtomobillər, hansı məqsədlə alınıb, təyinatı nədir, bütün bu sualları öz hesabatlarında cavablandırırlar. İndi bunu bəyan edən də var, etməyəndə. Bu məhz onların səlahiyyətində olan bir məsələdir".

Qeyd edək ki, cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 373 ədəd minik, 62 ədəd isə yük avtomobili təşkil edib.

Xatırladaq ki, bu dövrdə ölkədə 352 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1% azdır.
 
 
 
Ardını oxu...
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, iyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bildirilib ki, 2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ardını oxu...
Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur.
Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: “Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi”.
Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: “Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar”.
 
Ardını oxu...
Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 430-2 440 ABŞ dolları (4 131-4 148 manat) arasında dəyişir.

O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır.

Bəzən əhali banklara vəsait qoymaqdan çəkinir, pulunu banka əmanət etmək istəmir. Maraqlıdır, belə olan halda əlində müəyyən qədər vəsait olan şəxsə dollar almaq daha sərfəli olar, yoxsa qızıl?

İqtisadçı Fuad İbrahimov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, manatın ucuzlaşması tarixçəsini yenidən yaşaya bilərik:

"Ümumiyyətlə, 2-3 min vəsaitlə perspektiv qurmaq çətindir. Ən başlıcası, o pulun elə özünü qorumaq lazımdır. Nəzərə almaq lazımdır ki, hazırda manatın məzənnəsi dayanıqlıdır, hər hansı təhlükə fonu yoxdur, amma iqtisadiyyatdır, hər şey ola bilər.

Növbəti ilin yarısına qədər hər hansı devalyasiya gözlənilmir. Amma neftdən asılılığımızı nəzərə alaraq, manatın ucuzlaşması tarixçəsini yenidən yaşaya bilərik".

Onun sözlərinə görə, qızıl ardıcıl olaraq bahalaşır, dinamik artım var, amma bu, təhlükənin olmayacağı demək deyil:

"Ancaq nəzərə almaq lazımdır ki, qiymətlərin qəfləti aşağı düşməsi halı var. Yəni qızılın da qiyməti qəflətən aşağı düşə bilər. O ki qaldı banklara, onlar ən dayanıqlı vəziyyətdədir. Banklara vəsaiti yerləşdirsəniz, yatırımın məbləğindən asılı olaraq, əmanətləri sığortalasınız, heç bir risk yoxdur. Dövlətimiz buna zamindir. Yəni əslində, ən etibarlısı bankdır".

Onun sözlərinə görə, dollar da, qızıl da olsa, müəyyən qədər risklər var:

"Evlərin necə sığortalanması göz qabağındadır. Hər hansı bir yanğın, oğurluq kimi nəsə olanda sığorta onu qarşılamır. Belə vəziyyətdə təklif vermək asan deyil. Ancaq banklar əmanətləri sığortalayır, dollar etibarlıdır, amma kifayət qədər gəlir gətirmir, qızıl da anidən ucuzlaşa bilər. Beləliklə, bu üç mənbədən də istifadə etmək olar, amma seçim vətəndaşındır".
 
Ardını oxu...
Avqustun 5-də maliyyə bazarları böyük itkilərlə üzləşdi. Qlobal indekslərin 15%-dək azaldığı bir şəraitdə (Yaponiyanın TOPIX indeksi 10,6%, "Nikkei" 13,4%, Tayvanın "Taiex" indeksi 8,4%, Koreyanın "Kospi" indeksi 8%, "MSCI Asia Pacific Asian" fond indeksi 4,9%) Azərbaycanın əsas strateji xammalının - neftin qiyməti minimum həddə endi.
Vəziyyətə ümumi şəkildə nəzər salsaq, görərik ki, cari iqtisadi tənəzzül bir sıra ölkənin koronavirus pandemiyasından sonra maliyyə bazarlarında üzləşdiyi ən çətin vəziyyətdir. Bu hətta 1987-ci ilin oktyabrında baş verən ümumdünya birja böhranından daha ağır qiymətləndirilir. Həmin dövrdə bütün ölkələr üzrə maliyyə itkisi təqribən 1,71 trilyon ABŞ dolları həcmində idisə, hazırda təkcə ABŞ-nin texnologiya nəhəngləri birja açılışının ilk dəqiqələrində öz bazar dəyərlərini düz 1 trilyon dollarını əldən verdi.

Məsələn, "Nvidia" öz bazar dəyərini 300 milyard dollardan çox, "Apple" 224 milyard, "Amazon" 109 milyard itirdi. "Meta", "Microsoft", "Alphabet", "Tesla" və digər bir sıra texnologiya şirkəti isə ümumilikdə 995 milyard dollar zərərlə üzləşdi. Birjanın sonrakı mərhələlərində şirkətlər öz səhmlərinin müəyyən hissəsini geri qazandı və böhranın çərşənbə axşamı başa çatdığı bildirildi

Mütəxəssislərin fikrincə, böhranın səbəblərindən biri ABŞ-də işsizlik səviyyəsinin 4,3%-ə çatması ilə bağlı artım proqnozudur. Bu məqam dünya iqtisadiyyatının balansına, şübhəsiz, təsir göstərib. Eyni zamanda, ABŞ iqtisadiyyatında resessiya təhlükəsi, milyarder Vorren Baffettin özünün "Apple"dakı səhminin yarısını satmaqla bağlı qərarı, habelə Yaponiya fond bazarında gerilmə də böhranın səbəbləri kimi vurğulanır.

Digər tərəfdən, süni intellekt texnologiyalarına külli miqdarda investisiya və şişirdilmiş gözləntilər də birjalar üçün böyük təhlükə yaradır. "Goldman Sachs" investisiya bankının təhliinə əsasən, qabaqcıl texnologiya şirkətlərinin Sİ-yə xərclədikləri vəsaitn özünü qətiyyən doğrultmur. "Elliott Management" hedc fondunun da təhlili diqqətə çatdırır ki, Sİ üzrə avadanlıq təchizatı bazarının əsas fiquru sayılan "Nvidia" şirkətinin səhmləri məhz həddən artıq şişirdilmiş süni intellektin güdazına gedib.

ABŞ-nin "Navigator Principal Investors" investisiya şirkətinin baş icraçı direktoru Kayl Şostakın sözlərinə görə, baş verənləri dramatikləşdirməyə ehtiyac yoxdur. O həmçinin böhranı Yaxın Şərqdəki münaqişələrlə əlaqəndirib.

"ABŞ iqtisadiyyatında resessiya riski 25%-dən çox deyil. Zənnimcə, avqustun növbəti həftələrində maliyyə bazarlarında vəziyyət hələ dəyişkən qalacaq. Yaxın Şərqdəki münaqişənin kritik mərhələsi başa çatdıqca əsas indekslər canlanacaq", - direktor bildirib.

Britaniyanın "Financial Times" qəzeti yazır ki, "mərkəzi banklar tənəzzülə gətirib çıxaracaq çaxnaşmanın qarşısını almaq üçün fond bazarı iştirakçıları arasında müsbət düşüncələr yaratmalıdır":

"Xüsusilə dünyanın mərkəzi banklarının rəhbərlərinin iştirakı ilə avqustun 22-24-də Vayominq ştatında keçiriləcək Cekson Hol İqtisadi Siyasət Simpoziumda həvəsləndirici bəyanatlar verilməlidir".

Qəzetin analitikləri vurğulayırlar ki, maliyyə bazarlarında qeyri-müəyyənlik tamamilə aradan qalxmaması şəraitində biznes fəallığı zərər görəcək və nəticədə kredit şərtləri təkcə ABŞ-də deyil, digər ölkələrdə də sərtləşəcək.

"ABŞ-də işsizlik artımı proqnozu, Federal Ehtiyat Sisteminin faiz dərəcəsini (5,25-5,5) aşağı salmaması və Yaxın Şərqdəki ağır geosiyasi şərait "təsadüfi" şəkildə birləşərək, bu böhranı əmələ gətirdi", - qəzet diqqətə çatdırır.

Beləliklə, hazırda əsas məsələ aparıcı bankların böhrana qarşı hansı mövqedən yanaşacağıdır. Nəzərə alsaq ki, maraqlar xeyli ziddiyyətlidir və onlara sistemli şəkildə cavab vermək çətindir. Ehtiyatsız atılacaq hər addım yeni qlobal iqtisadi böhrana gətirib çıxara bilər - şahmatdakı "suqsvanq" vəziyyəti kimi.

Məsələnin Azərbaycanla bağlı tərəfinə gəldikdə isə, bu əsasən neft sahəsinə aiddir. Ümumiyyətlə, neft üzrə ən böyük şirkətlər səhmlər itirdikcə neftin qiyməti düşür. Məsələn, ötən ay "Brent" markalı neftin 1 barreli 78 dollardan aşağı düşərək, təqribən 10% dəyər itirib. Azərbaycanda isə 2024-cü ilin I yarısında "Azəri-Çıraq-Günəşli" yatağından alınan neftin, "Şahdəniz"dən alınan qaz və kondensatın satışından ümumilikdə 3 milyard 972 milyon 165 min dollar gəlir götürülüb ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 25% azdır.

Məlumat üçün bildirək ki, SOCAR 2023-cü il ərzində dünyanın ən böyük texnologiya şirkətlərinə investisiyalarını artırıb. Dövlət Neft Fondunun IT səhmlərinə investisiyasının ümumi məbləği 1 milyard 627 milyon ABŞ dolları həcmindədir:

- "Apple" (496 milyon dollar - 11,3%);

- "Microsoft" (438 milyon dollar - 16,9%);

- "Alphabet/Google" (258 milyon dollar - 14,3%);

- "Amazon" (233 milyon dollar - 18%);

- "Nvidia" (202 milyon dollar - 13,4%).

SOCAR-ın portfelinin belə şaxələndirildiyini nəzərə alsaq, səhmlərin dəyərinin düşməsindən hər hansı ciddi risk yaratmır. Şirkət 1500-ə yaxın müxtəlif qlobal şirkətin səhm portfelinə malikdir; 17 növ xarici valyuta ilə 60-dan çox ölkənin iqtisadiyyatına investisiya qoyur. Ən əsası isə, investisiyaları spekulyativ hadisələri nəzərə almadan uzunmüddətli mənfəət planı çərçivəsində həyata keçirir.

Firudin Həmidli
AzVision.az
 
 
 
Ardını oxu...
"BP-nin Azəri-Çıraq-Günəşli (AÇG) yatağında neft hasilatını artırması ixracı artıracaq və yüksək enerji qiymətləri Azərbaycan dövlət büdcəsini dolduracaq".

Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.

Qeyd edilib ki, Yaxın Şərqdəki gərginlik təbii qaza tələbin güclü qaldığı bir vaxtda xam neft qiymətlərinə artan təzyiq göstərib. Əsas karbohidrogen istehsalçısı və ixracatçısı kimi bu dinamika Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək.

"Neft və Qaz komandamız “Brent” neftinin 2024-cü ildə orta hesabla 85 dollar/barel, 2025-ci ildə isə 82 dollar/barel olacağını proqnozlaşdırır", - FS-nin şərhində əlavə edilib.

Mövcud artım sosial layihələrə imkan yaradacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, əslində bu proqnozun yerinə yetirilməsi zaman alacaq:

“Çünki hələlik bizdə hasilat düşür. Yeni texnologiyaların tətbiqi ilə hasilatın artması doğurdan da baş verəcəksə, təbii ki, bu Azərbaycanın neft gəlirlərinin müsbət mənada artmasına səbəb ola bilər. Ancaq indi xeyli azalma var.

Yəni neft gəlirləri kəskin azalıb, çünki hasilat düşüb. Əgər bu, yaxın illərdə baş verəcəksə, həmin əlavə neft gəlirləri təbii ki, Azərbaycanda bir çox sosial layihələrin həyata keçirilməsinə yardımçı ola bilər”.
 
Ardını oxu...
Körfəz ölkələri kənd təsərrüfatı məhsullarımız üçün çox əlverişli bazardır. Lakin ixracla bağlı maneələr bu istiqamətdə potensialımızdan tam yararlanmağa imkan vermir. Ekspertlər isə bu qənaətdədirlər ki, münbit bazarın tapılmasında sahibkarlar da fəal olmalıdırlar.

Azərbaycan Qətərə alma ixracını beş min dəfədən çox artırıb. Bu ilin yanvar-may aylarında ölkəmiz 22,25 milyon ABŞ dolları dəyərində 33 min 367 ton alma ixrac edib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 faiz, kəmiyyət olaraq - 3,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyaya 19,2 milyon ABŞ dolları dəyərində 28 min 526 ton, Özbəkistana 1,2 milyon ABŞ dolları dəyərində 1 360 ton, Qazaxıstana 589 min ABŞ dolları dəyərində 1 438 ton, Birləşmiş Ərəb Əmirliklərinə 736 min ABŞ dolları dəyərində 1 316 ton, Qətərə 181 min ABŞ dolları dəyərində 215 ton alma satıb. 2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 faizi Rusiyanın payına düşüb. Rəqəmlərdən də göründüyü kimi, ən çox məhsul ixracımız Rusiyayadır. Lakin Körfəz ölkələri də Azərbaycan meyvələri üçün yaxşı bazar ola bilər. Bəs biz bu potensialdan necə istifadə edirik? Bu sahədə çatışmayan nələr var? İxracı genişləndirmək üçün hansı addımlar atılmalıdır?

“İxrac müqavilələri imzalanır”

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən bildirildi ki, bu ilin ilk yarısında Azərbaycan Körfəz ölkələrinə 944 min ABŞ dolları dəyərində alma ixrac edib: “2023-cü il üzrə bu göstərici bir milyon ABŞ dolları idi. Təkcə Qətərə 2024-cü ilin yanvar-iyun aylarında alma ixracının dəyəri 181 min ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Körfəz ölkələri arasında almanın ən çox ixrac olunduğu istiqamət BƏƏ bazarıdır. İlin ilk yarısında sözügedən ölkəyə 736 min ABŞ dolları dəyərində alma ixrac edilib. Körfəz ölkələrinə Azərbaycan meyvələrinin və digər məhsulların ixracı üçün əlverişli potensial var və bu potensialdan istifadə edilir. Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Azərbaycan Ticarət Evi bu prosesdə önəmli rol oynayır. Daha bir ticarət evimiz isə Dubayda fəaliyyət göstərir”.

Agentlikdən verilən məlumata görə, ixrac potensialının artırılması üçün sahibkarların sərgilərdə iştirakı təmin olunur: “Biz Körfəz bazarında olan ixrac potensialının effektiv reallaşdırılması istiqamətində bu ölkələrdə baş tutan sərgilərdə “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə sahibkarlarımızın iştirakını təmin edirik. Belə ki, 2024-cü ilin fevralında Dubayda baş tutan “Gulfood 2024” sərgisində Azərbaycandan 20-dən çox şirkət iştirak edib. Əlavə olaraq, bu ilin 21-23 may tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “The Saudi Food Show 2024” sərgisində də 20 şirkətin vahid ölkə stendi ilə iştirakı təmin olunub. Hər iki sərgidə kənd təsərrüfatı məhsulları ixracatçıları iştirak ediblər. Qeyd edilən sərgilər sayəsində ixrac müqavilələri imzalanır, təcrübə mübadiləsi aparılır, yerli məhsullarımızın ixracı həyata keçirilir”.

Əsas maneələr

Həmçinin bildirildi ki, istənilən sahədə olduğu kimi, bu sahədə də bəzi maneələr mövcuddur: “Əsas maneələr logistika xərcləri və marşrutlardır. Xüsusilə tez xarab olan məhsulların ixracı zamanı bu daha çox hiss olunur. Daşınma xərclərinin yüksək olması məhsulların rəqabət qabiliyyətli olmalarına maneə olur. Nəticədə sahibkarlar ixracı reallaşdıra bilmirlər. Bu maneələrin aradan qaldırılması istiqamətində hazırda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Bu kontekstdə əsas məsələlərdən biri də logistika subsidiyalarının verilməsidir. Nəzərdə tutulan subsidiya mexanizmi Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və bu dəstək tədbiri ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq”.

Sahibkar özü münbit bazar tapmalıdır

İqtisadçı Akif Nəsirli də hesab edir ki, Körfəz ölkələri Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün münbit bazarlardandır: “Həmin ölkələrin əksəriyyətində əhalinin gəlirləri yüksəkdir. Həmçinin ölkəmizdə bitən məhsulların çoxu o coğrafiyada mövcud deyil. Azərbaycan bu potensialdan istifadə etməlidir. Lakin indiyə kimi o qədər də istifadə edə bilməmişik”.

A.Nəsirlinin sözlərinə görə, sahibkarların bu ölkələrə çıxmamasının əsas səbəblərindən biri təcrübəsiz olmalarıdır: “Sahibkarlar gözləyirlər ki, bununla bağlı dövlət addım atsın, ölkə başçısı həmin ölkəyə səfər etsin, sahibkarları da özü ilə aparsın, orada müqavilə bağlasınlar və sonra ixraca başlasınlar. Əslində sahibkar özü dünyanın münbit bazarlarını axtarıb tapmalıdir. Sahibkarlar bu istiqamətdə maarifləndirilməlidirlər”.

Standartlara uyğun məhsul istehsal etməliyik

Ekspert həmçinin qeyd etdi ki, dünya bazarına çıxmaq üçün standartlara uyğun məhsullar istehsal etmək lazımdır: “Məsələn, ölkəmizdə külli miqdarda qarpız yetişdirilir. Amma onların adicə nitratını yoxlasaq, standartlara uyğun gəlmir. Belə məhsulları xaricə çıxarmaq çətindir. Bu da sahibkarların uzaqgörən olmamasından irəli gəlir. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə idarələri mövcuddur. Onlar bu məhsulların istehsalında aqrotexniki qaydaların, innovativ becərmə üsullarının tətbiq edilməsi, dünya standartlarına uyğun orqanik məhsulların yetişdirilməsi məsələsini sahibkarların qarşısında qaldırmalıdır. Məsələn, Qətərə alma ixrac edirik. Amma baxmalıyıq ki, başqa hansı məhsulları ixrac edə bilərik”.

Zərif Salmanlı
kaspi.az
 

Dünyapress TV

Xəbər lenti