Ardını oxu...
Ağsu Rayon İcra Hakimiyyəti “2023-cü ildə Ağsu şəhərində aparılacaq işıqlandırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub.

Qalib şirkətə 154 934 manat ödəniləcək.



Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ardını oxu...
“Həm buğda idxalı, həm dəyirmanlarda buğdanın üyüdülməsi və unun çəkilməsi, həm də çörəyin bişirilməsi hamısı zəncirvari şəkildədir. Yəni bu sahədə adları müxtəlif olan bir neçə şirkət fəaliyyət göstərir və onların, ən azı, sindikat razılaşması ehtimalı böyükdür. Ona görə də bu şirkətlər arasında rəqabət yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yaydığı son hesabata əsasən, bu ilin 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949.278 ton buğda idxal olunub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalma deməkdir. 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.

Qeyd edək ki, dünya bazarında 1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb.

Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.

Öz növbəsində, A. Nəsirli vurğulayıb:

“Unun qiyməti düşəndə bu, bütün mağaza və firmalarda özünü büruzə verir. Çörəyin qiyməti düşəndə də bunu görə bilirik.

Hadisələri kənardan müşahidə edən sıravi vətəndaşa isə elə gəlir ki, bunların hamısı bir mərkəzdən idarə olunur. Əslində, doğrudan da belədir. Məsələn, buğdanın qiyməti Rusiya-Ukrayna müharibəsindən sonra fantastik qiymətdə qalxdı. Həmin dövrlə indiki dövrü müqayisədə az qala 200 dollara qədər ucuzlaşma olub. Doğrudur, Rusiya buğdası bir qədər ucuz idi, amma dünya bazarında unun 1 tonunun qiyməti 450 dollara qədər qalxmışdı”.

Ekspertin sözlərinə görə, bu qədər enmədən sonra bu gün 220 dollara da Rusiyadan buğda almaq olur:

“Rusiyada buğdanın ixracı çoxalıb. 2 il bundan əvvəl cəmi 30 milyon ton buğda ixrac edirdisə, indi 50 milyon ton. Ukraynanın qida zəncirindən çıxması ilə buğda daşınması dayandı və digər ölkələr bunu kompensasiya etdi. Hətta Hindistanda, eləcə də ABŞ-ın özündə buğda istehsalı genişləndi. Bu gün dünyanın buğda problemi yoxdur. Təxminən 780 milyon ton buğdaya dünyada ehtiyaca varsa, hazırda 800 milyondan ton buğda istehsal olunub”.

Mütəxəssis bildirib ki, rəqabət mühiti olan ölkələrdə unun, buğdanın və çörəyin qiyməti kifayət qədər aşağı düşüb:

“Ancaq Azərbaycanda rəqabət mühiti olmadığına görə təkcə çörək deyil, digər məhsulların da maya dəyəri aşağı düşəndə bu, qiymətə təsir etmir. Çünki bazar inhisarçı bazardır və inhisarçı bazarın sahibkarı ilə rəqabətli bazarın sahibkarının düşüncəsində böyük fərq var. İnhisarçı bazarda sahibkar yalnız dövriyyəni diqqətdə saxlayır ki, dövriyyə azalanda qiymətlər sabitləşir, dövriyyə çoxalanda isə qiymətləri bahalaşdırır. Çünki onlar mənfəətlərinin daha çox olmasını istəyirlər. Amma rəqabətli bazarda sahibkar özündən daha çox qarşı tərəfə diqqət edir və onunla mübarizəyə köklənir. Bu sahibkarlar xərcləri artırmadan keyfiyyəti yüksəltməyin yollarını axtarır. Eyni zamanda müxtəlif yollarla qiymətin aşağı düşməsinə imkan axtarır. Belə olan halda dünya bazarında buğdanın qiyməti düşəndə rəqabət mühitində də qiymətlər aşağı salınır”.

“Lakin bizdə çox təəssüf ki, inhisarçı bazardır. Ona görə də dünya bazarında gedən bahalaşma prosesi bizim bazarda informasiya əsasında özünü göstərir. Yəni bahalaşan mal ölkəyə gəlməmiş informasiya əsasında inhisarçılar qiyməti qaldırırlar. Amma qiymət düşəndə onlar buna əhəmiyyət vermirlər. Çünki dünya bazarında ucuzlaşma ilə məhsulun maya dəyərinin azalmasından yalnız inhisarçı mənfəət götürür. Bu mənfəətin cəmiyyətə gəlib çıxması üçün isə mütləq şəkildə rəqabətli bazar olmalıdır”, – deyə A. Nəsirli fikirlərini tamamlayıb.
 
Ardını oxu...
Pərviz Heydərov yazır…
Gələn il dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqlarının kompleks şəkildə artacağı gözlənilmir. Belə ki, minimum aylıq əməkhaqqı 345 manat səviyyəsində qalacaq. Heç minimum aylıq pensiya məbləği (280 manat) də artırılmayacaq.
Amma yaşayış minimumu ilə ehtiyac meyarısa cari ildəki ilə müqayisədə 9,7% yüksəldilərək 246 manatdan 270 manata çatdırılacaq. Bu ilin əvvəlində ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23% artırılaraq 246 manat edilməklə ölkə üzrə yaşayış minimumu səviyyəsi ilə bərabərləşdirildi.
Qeyd edə bilərlər ki, qanunvericiliyə əsasən yaşayış minimumu ilə ehtiyac meyarı göstəriciləri qarşıdan gələn hər il üçün yenidən hesablanaraq növbəti ilin dövlət büdcəsi ilə birgə müəyyən edilərək təsdiq edilir.
Minimum aylıq əməkhaqqı isə hökumətin qərarından asılıdır. Yəni, illərlə artırılmaya da bilər, bir ildə iki dəfə də artırıla bilər. 2019-cu ildə olduğu kimi…
Son beş ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, əməkhaqqı fondu 2,3 dəfə artırılıb.
Və minimum əməkhaqqı 130 manatdan 345 manata, əmək pensiyası isə 110 manatdan 280 manata çatdırılıb. Müstəqillik əldə ediləndən bəri son beş ildə baş tutan bu artımlar qədər yüksəliş tempi qeydə alınmayıb.
Minimum əməkhaqqı artırılarkən həm dövlət, həm də özəl sektorda maaşlar artırılır. Birincisi bu, ölkə üzrə ən aşağı əməkhaqqı səviyyəsi sayıldığından işəgötürən bundan aşağı maaş təklif edə bilmir, ikincisi də sözügedən göstərici büdcədən təşkilatlarında çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını müəyyən edir.
Söhbət, maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən 700 min nəfər işçidən gedir. Girişdə ona görə qeyd etdim ki, yeni il əməkhaqlarının kompleks şəkildə artacağı gözlənilmir.
Bəs, növbəti ildə minimum əməkhaqqı niyə artırılmayacaq? Buna mane olan nədir?
Bu ilin yanvar ayının birindən sözügedən göstərici 345 manat edilərkən buna münasibətdə ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, bu, hələ qaneedici deyil və bütün addımlar imkan daxilində atılır.
Bəli, minimum əməkhaqqı bir yanvar 2023-cü il tarixdən 15%, yəni 300 manatdan 345 manata deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi.
Ən azı bir fakta görə ki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı göstəricisini orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı öhdəlik götürüb. Ancaq bu, belədirmi? Xeyr. Cari ilin sonuna ölkədə orta aylıq əməkhaqqı göstəricisinin 930 manat təşkil edəcəyinin proqnoz edildiyini nəzərə alsaq, hazırda bu rəqəmin 37% də təşkil etmədiyini görərik.
Niyə? Çünki bu istiqamətdə düşünərək addım atmaq lazımdır. Əsassız artım, ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.
İkincisi və ən mühümü isə minimum əməkhaqqının artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü, yəni xərclərini artırır. Söhbət, onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir.
Düzdür, növbəti ildə sözügedən göstəricinin artırılmayacağı sırf bu səbəblərlə bağlı deyil. 2024-cü ilin nəzərdə tutulan dövlət büdcəsinin həcmi bu ildəkindən heç də çox deyil. 2024-cü ilin dövlət büdcəsi həcm baxımından öz sələfi olan bu ilin dövlət büdcəsindən çox az səviyyədə artıq təşkil edir.
Gəlir ilə xərclərin artması müvafiq olaraq heç 1% təşkil etmir.
Və növbəti ildə dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur ki, bu məbləğ cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat çoxdur. Yəni, 6 %…
Müqayisə üçün qeyd edim ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu məbləğ baxımından ötən ildəkindən 1 milyard 31,5 milyon manat çoxdur. Yəni, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən iki dəfə aşağı təşkil edir.
Çünki, neft-qaz sektorundan vergi daxilolmaları azalır. Növbəti ilin dövlət büdcəsində neft sektorundan vergilərin iki dəfəyə qədər azalacağı gözlənildiyindən ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnoz göstəricisindən 7,5% geriləyəcək.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, neft sektorundan vergi daxilolmaları iki milyard manatdan artıq həcmdə, yəni iki dəfəyə qədər azalma baş verdiyindən, bu, bizi narahat etməlidir.
“Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilat enir, qazın qiyməti səmərəli deyil.
Bu səbəbdən də, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert gələn il cari illə müqayisədə 1 milyard manat artıq olacaq. Belə ki, 2024-cü ildə gəlirlər strukturunda ARDNF-dən transfert 12 milyard 781 milyon manat – 2023-cü il üzrə proqnozdan 8,9% çox təşkil edəcək.
Bundan əlavə, 2021-ci ilin əvvəlindən başlanan inflyasiya və bahalaşma prosesi nisbətən səngiyib. Və bunun gələn il də davam edəcəyi gözlənilir. Cari ilin sonuna inflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyini dəqiq söyləmək mümkün olmasa da gələn il bunun reallaşacağı əminliklə göstərilir.
Cari ilin yanvarın 1-dən tətbiq edilən artımlar isə ötənilki bahalaşma və inflyasiya səviyyəsindən yüksək idi. Rəqəmlər nöqteyi-nəzərindən inflyasiya və bahalaşma prosesinin səngiməsi səbəbindən builki artımlar hələ tam “yemə” çevrilməyib.
Ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisinin artım səviyyəsi də bunu müəyyən mənada təsdiq etməyə imkan verir. O baxımdan ki, qeyd olunan göstəricinin bu il üçün 930 manat, gələn ilin yekununa isə 980 manat təşkil edəcəyi bildirilir.
Demək istədiyim budur ki, hökumət həm də bu sarıdan minimum əməkhaqqı artımına getməyi düşünmür. Lakin, minimum maaşın və əməkhaqqının artırılmayacağı heç bir sahədə maaş və əməkhaqqı artımlarının baş verməyəcəyi demək deyil.
Hər şey ilin gedişatından asılı olacaq.
İl ərzində heç nə istisna deyil, o cümlədən minimum əməkhaqqının artırılacağı da…
Xeberal.az
 
Ardını oxu...
“Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib, utilizasiya çox ciddi problemdir”.

Bunu Milli Məclisin ötən gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, 2024-cü ilin sentyabr ayından məsələnin həllini tapması gözlənilir: “Burada əsas məsələ odur ki, ədalətli həll üçün mexanizm yaradılmalıdır. Çünki bu, kütləvi məsələdir”.

Vüqar İskəndərov tıxac probleminə də toxunub: “Bakı şəhərinin mərkəzində tıxaclar əsas problemdir. Buna yol açan problemlərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq...”

Doğrudan da ölkəmizdə istismar müddətini başa vurmuş, köhnə avtomobillər üstünlük təşkil edir. Bununla yanaşı, köhnə maşınlar da bahalaşmaqda davam edir. Səbəb odur ki, yeni maşınlar çox bahadır, daha dəqiqi, məsələn, Gürcüstandan 7-8 min dollara alınan maşın üçün təxminən eyni miqdarda da gömrük rüsumu tələb olunur. Bu səbəbdən insanlar köhnə maşınları istifadə etməyə məhkum olur.

İli yeni, yaxud hibrid maşınların gömrük rüsumları azaldıla bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hökumət bu yöndə müəyyən addımlar atsa da, ümumilikdə ölkədəki avtomobil parkının ən azı 50 faizinin yenilənməsinə hələ ki hüquqi baza yoxdur: “Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılışına görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi bu il mayın 1-dən qüvvəyə minən qərarla dayandırılıb. Bu o deməkdir ki, istehsal ili 2014-cü ildən əvvəlki illərə aid olan minik avtomobillərinin Azərbaycana idxalını qadağan olunub. Hökumətin bu qərarı qəbul etməsində əsas məqsədi ətraf mühitə və atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Bu, təqdirəlayiq addımıdır. Lakin bundan sonra atılması gərəkən addımlar da atılmalı idi. Ölkəyə gətirilən bütün hibrid avtomobillər də ƏDV-dən azad edilməli idi. Bu baş vermədiyindən, hələ də Azərbaycan yollarında sovet istehsalı olan, yaşı 40-ı haqlamış maşınlar şütüyür. Vətəndaşların 20-30 min manat ödəyib ortabab hibrid avtomobillər almağa maddi imkanları da yetərli deyil”.

Natiq Ələsgərov qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə 1 milyon 400 minə yaxın minik avtomobili mövcuddur: “Bu avtomobillərin təxminən 1 milyon 300 mini şəxsi minik avtomobilləridir. Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 135-dir. Bu göstərici üzrə 1000 nəfərə düşən avtomobillərin də 118-i 20 il və daha əvvəl istehsal olunub. Yəni ölkədə maşın parkının 82 faizi köhnədir. Əlbəttə ki, bu azərbaycanlıların köhnə maşın sürmək sevdasından irəli gəlmir. Azərbaycan vətəndaşının bu gün istehsal ili təzə olan avtomobil almağa, sadəcə, pulu yoxdur. Halbuki qonşu Gürcüstanda avtomobil parkı yerli hökumətin apardığı məqsədyönlü siyasəti nəticəsində yenidir. Gürcüstan yollarında sovetdən qalma avtomobil görmək də mümkün deyil. Olsa-olsa reritet maşınları görmək olar”. Natiq Ələsgərov deyir ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər avtomobil parkının ən azı 30-40 faizini müasirləşdirməyi, yəni köhnə avtomobillərin istismardan yığışdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsinin artırılmasını hədəfləyib: “Ölkəyə daha təhlükəsiz və ekoloji baxımdan yararlı avtomobillərin idxalına üstünlük verilməsi nəzərdə tutulur. Bu siyasətə uyğun olaraq yeni nəsil ekoloji təhlükəsiz avtomobillərin vergi-gömrük güzəştləri ilə əhatə olunması nəzərdə tutulsa da, hələ ki bu yöndə real addımlar atılmayıb. 2022-ci ildə Milli Məclisdə istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılması qərarı verildi. Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadıldı. Əlbəttə ki, bu qərarı alqışlanmalıdır. Amma gəlin baxaq, son 3 il ərzində istehsal olunmuş hibrid avtomobillərin qiyməti neçəyədir və Azərbaycanda köhnə avtomobil sahiblərinin neçə faizi təzə hibrid avtomobil ala bilər? Qərar özlüyündə hökumətin bu yöndə hansasa addım atmaq niyyətindən doğub, amma nəticə etibarı ilə Azərbaycanda köhnə avtomobil parkının yenilənməsinə uzağı 1-2 faiz civarında töhfə verə bilər. Halbuki qəbul edilmiş qərarda istehsal ili 3 il deyil, 10 il göstərilsəydi, bu gün Azərbaycan yollarında hibrid avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə çox olardı”.

Natiq Ələsgərov deyib ki, Vergi Məcəlləsinin 164.1.41-ci maddəsinə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 1 yanvar 2019-cu il, satışı isə 1 yanvar 2022-ci il tarixindən ƏDV-dən azad edilib: "Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli 411 nömrəli qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərriki ilə işləyən minik avtomobillərinin idxal-gömrük rüsum dərəcəsi 0%-ə endirilib. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.41-2-ci maddəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib, idxal gömrük rüsumu 0 %-ə endirilib. Həyata keçirilən stimullaşdırma və təşviq tədbirləri o qədər də effektiv olmayıb. Belə ki, 2021-ci ildə elektrik mühərrikli minik avtomobillərinin sayı 160-dan 2022-ci ildə 486-a çatıb. Hibrid mühərrikli minik avtomobilinin idxalı isə daha çox artıb. 2021-ci ildə onların sayı 805 ədəd təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 3500-ə çatıb. Azərbaycanda 1 milyon 400 min minik avtomobili olduğunu nəzərə alsaq, hökumətin atdığı addımların effektivliyini də göz önünə gətirmək çətin deyil".

Natiq Ələsgərov deyib ki, hökumət avtomobil parkının yeni nəsil maşınlarla əvəz edilməsi yolu ilə köhnə buraxılış ilinə malik avtomobillərin idxalını məhdudlaşdırmaqda qərarlıdır. Ötən müddət göstərdi ki, bu qərarlılıq vətəndaşların köhnə maşınlardan düşüb yenilərinin sükanı arxasına keçməsini təmin etmir. Üstəlik, qarşıdakı illərdə buraxılış ilinin 10 ildən də aşağıya qədər endirilməsi nəzərdə tutulur, ancaq bunun əvəzində elektro və hibrid avtomobillərin daha sərfəli və əlçatan idxalına şərait yaradılması məqsədilə gömrük və vergi güzəştlərinin tətbiqi də artırılmalıdır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda ölkədə "Avro-5", "Avro-6" standartlarına cavab verən maşınlara xüsusi üstünlük verilməsi və onların idxalında vergi və gömrük rüsumlarının azad olunması nəzərdə tutulur. Bu məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə və Dövlət Gömrük Komitəsinə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması tapşırılıb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalı 3 il müddətinə ƏDV-dən azad edilib. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı da 3 il müddətinə ƏDV-dən azad edilib. Dövlət başçısının ötən il müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" modelinin qurulması və bu məqsədlə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə mühərrikinin həcmi 2500 kubsantimetrədək olan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub. Hazırda isə aidiyyəti nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərindən ibarət işçi qrupu tərəfindən ekoloji cəhətdən təmiz və təhlükəsiz avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə infrastrukturun qurulması, maliyyə əlçatanlığının təmin edilməsi, eyni zamanda idxal zamanı əlavə güzəştlərin tətbiqi istiqamətində kompleks tədbirlərin müəyyən edilməsi üzrə işlər aparılır. Ümid edək ki, nəticələr vətəndaşların xeyrinə olacaq".

Qeyd edək ki, Gömrük Komitəsi bu istiqamətdə təhlillər apararaq yaxın illərdə maşın parkının daha da gəncləşdirilməsi üçün istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin idxalına əlavə güzəştlərin olunmasını istisna etmir. Belə ki, 3 il güzəşt müddətinin daha da artırılması, ƏDV, idxal və satışlar üzrə rüsumların əhatəsinin genişləndirilməsi nəzərdən keçiriləcək. Həmçinin maliyyə əlçatanlığının təmin olunması məqsədilə həmin avtomobillərin kredit şərtlərinin yumşaldılması nəzərdə tutulur. Dövlət Vergi Xidmətində hesab edirlər ki, vergi və gömrük güzəştlərinin tətbiqinin növbəti illərdə daha da artırılması sayəsində elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı artacaqdır ki, bu da avtomobillərin bazarda qiymətinin aşağı düşməsinə və nəticədə əlçatanlığı artıracaq, habelə ekoloji mühitə öz müsbət töhfəsini verəcək.
 
Ardını oxu...
Azlıq yüksək əməkhaqqı alır, əksəriyyət isə orta səviyyəyə də çatmır

2023-cü il başa çatmaq üzrədir və ölkədə növbəti maliyyə dövrü üçün dövlət büdcəsinin hazırlanması tam sürətlə aparılır. Və bunun fonunda ənənəvi olaraq vətəndaşlarımızın pensiya, maaş və sosial müavinətlərin gələcəyi ilə bağlı suallar ön plana çıxır.

Son illər əhali minimum əməkhaqqı və pensiyaya hər ilin əvvəlində yenidən baxılmasına vərdiş edib. Yerli təcrübədə minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin indeksləşdirilməsi adətən “sosial paketlər” adlanır, baxmayaraq ki, nəzəri cəhətdən bu tərif adətən əlavə sosial müavinətlərin verilməsi kimi başa düşülür.

Media və hökumət əhalinin rifahını xeyli yaxşılaşdıran dörd sosial paketdən danışır. Düzdür, bu müavinətləri, sözün əsl mənasında, yeyən son illərin rekord inflyasiyasını unudurlar.

Buna görə də gəlin, “sosial islahatlar paketləri”ni bir kənara qoyub, müntəzəm indeksləşdirməni müzakirə edək. Nəzəri olaraq, minimum əməkhaqqı və minimum pensiya adətən inflyasiyanı nəzərə almaq üçün tənzimlənir. Lakin gələn il Hesablama Palatasının bu yaxınlarda açıqladığı proqnozlara əsasən, minimum əməkhaqqı və pensiyaya yenidən baxılmayacaq və onlar 345 və 280 manat səviyyəsində qalacaq. Pensiya minimumu yalnız ilin əvvəlində pensiya ödənişlərinin əmək haqqı artımı və inflyasiya səviyyəsinə qədər artırılmasının vahid mexanizmi çərçivəsində indeksləşdiriləcək.

Yadında olmayanlar üçün: pensiyamıza yenidən belə baxılır - sığorta ödənişləri, yəni ələ alınan məbləğlər maaş artım tempinə uyğun olaraq, pensiya kapitalı isə qiymət artımına uyğun olaraq artırılır. Amma pensiyaların indeksləşdirilməsi üçün əsas təşkil edən bu göstəricilərin hər ikisi bu il ötən illə müqayisədə xeyli aşağıdır. Məsələn, Mərkəzi Bank inflyasiya proqnozlarını 4,3 faizə, Maliyyə Nazirliyi isə 5,3 faizə endirib. Eyni zamanda, Hesablama Palatası pensiyaların indeksləşdirilməsinin 10,7 faizi ötməyəcəyini gözləyir.

Ali audit orqanının məlumatına görə, orta aylıq əmək pensiyası 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ildə 331,75 manat, 2022-ci ildə 372,13 manat təşkil edib. 2023-cü ilin sonuna qədər ölkədə orta pensiyanın 435 manata yüksələcəyi gözlənilir. Hesablama Palatası onu da bildirir ki, gələn il orta əməkhaqqı 980 manat təşkil edəcək. Yada salaq ki, ötən il orta əməkhaqqı 839,4 manata çatıb, bu il isə 930 manat məbləğində proqnozlaşdırılır.

“Keçən illə builki orta nominal əməkhaqqı arasındakı fərqi nəzərə alsaq, yeni ildə pensiyalar 10,7-11 faiz arasında artacaq”, - deyə iqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya bildirib.

Onun sözlərinə görə, gələn il maaşların 5,37 faiz artaraq 980 manata çatacağı gözlənildiyi üçün 2025-ci ildə pensiyalar daha 6 faiz artacaq: “Bu gün 400 manat alan pensiyaçı gələn ilin yanvarından 440 manat alacaq, bir ildən sonra onun pensiyası da eyni sürətlə artaraq 470 manat olacaq. Bütün bu hesablamalar orta əməkhaqqının artım tempinə əsaslanır”.

Bunun fonunda pensiya yaşının aşağı salınması ilə bağlı çox danışılır. Lakin iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bütün bunlar qeyri-peşəkar səviyyədə müzakirə olunur: “Azərbaycanda əsas problem pensiya yaşı deyil, pensiyaların az olmasıdır. Bir çox sahələrdə çalışanlar, xüsusən də dövlət sektorunda çalışanlar təqaüdə çıxmaq istəmirlər. Yeri gəlmişkən, bu sahədə 900 minə qədər insanımız var”.

“Vətəndaşlarımızın pensiyaya çıxmağa tələsməməsinin səbəbi pensiyaların azlığı ilə bağlıdır. Bu, çox ciddi problemdir və onu həll etmək əvəzinə pensiya yaşı məsələsini birdən-birə gündəmə gətirmək yanlış və məntiqsizdir. Axı biz insanların pensiya yaşını qaldırmazdan və ya endirməzdən əvvəl normal pensiyanın qayğısına qalmalıyıq ki, o, xərclərə və əhalinin real həyat səbətinə uyğun olsun”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, orta əməkhaqqı və pensiyanın hesablamaları etibarlı deyil, çünki rəqəm bunun üçün ayrılan bütün vəsaitləri işçilərin və ya pensiyaya çıxan vətəndaşların sayına bölmək yolu ilə əldə edilir. Analitiklərin fikrincə, azlıq nisbətən çox yüksək maaş və pensiya alır, əksəriyyət isə orta səviyyəyə də çatmır.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Bir müddət öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli cari ilin 9 ayı ərzində 1031 tenderin nəticəsinin ləğv olunduğunu bildirmişdi.
Səbəb olaraq satınalmalarla bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edildiyi göstərilmişdi.
Bu, həmin dövrdə imzalanan müqavilələrin 14.2 faizini təşkil edirdi.
Əlbəttə , bunlar ciddi rəqəmlərdi, diqqət cəlb edəndir, güman ki, onların ləğvi Antiinhisara da asan başa gəlməyib.
Amma, düşünürəm ki, reallıqda bu rəqəm daha çoxdur. Güman etmək olar ki, Antiinhisar Dövlət Xidməti bu nəticələri də yalnız daxil olan müraciətlər əsasında ləğv edib.
Müşahidələrimizə əsasən qeyd edə bilərik ki, son dövrlərdə vəziyyət elədir ki, bir çox tender iştirakçıları öncədən separat sövdələşmə apararaq tenderləri qazanırlar. Yəni, ciddi rəqiblərə bildirilir ki, artıq "danışılıb" və onların tenderə qoşulması mənasızdır.
Bəzi dövlət qurumlarının isə uzun illərdi ki, öz şirkətləri, hətta şirkətlərinin "şirkətləri" də formalaşıb.
Layihələrin dəyəri bəzən bir neçə dəfə şişirdilir.
Xüsusilə də, müşahidələr göstərir ki, İKT sektorunda, İT sahəsində satınalmalarla bağlı problemlər daha da çoxalıb, vəziyyət pisliyə doğru dəyişib.
Effektivlik və səmərəlilik hədsiz azalıb.
Ən biabırçı hallar isə texniki şərtlərlə bağlı olur.
Texniki şərtlər bilərəkdən elə tərtib olunur ki, öncədən kimin qalib gələcəyini müəyyən etmək olur.
Ümid edirəm satınalmalarla bağlı yeni qanunun qəbulundan sonra Antiinhisar Dövlət Xidməti dövlət nəzarətini gücləndirəcək, şəffaflığı və ictimai nəzarət imkanlarını genişləndirəcək.
Osman Gunduz
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Milli Məclis siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənədi I oxunuşda təsdiqləyib.

AzFakt.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Layihədə qeyd edilib ki, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Hazırda isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdır.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
 

Ardını oxu...
Şimali Makedoniya ilin sonuna qədər qaz saxlanclarını Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları ilə birləşdirəcək qaz kəməri layihəsi üzərində işə başlayacaq.

Bu barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski Vyana İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Biz qonşu ölkələrlə, xüsusən də Yunanıstanla birlikdə strateji layihələr üzərində işləyirik və ilin sonuna qədər Şimali Makedoniyaya Trans-Adriatik Boru Kəmərinə, Revituzadakı LNG terminallarına, eləcə də Aleksandrupolisdə tikiləcək yeni terminala qoşulmağa imkan verəcək yeni boru kəməri layihəsinin həyata keçirilməsinə başlayacağıq. Bu, ölkənin enerji müstəqilliyini və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edəcək”, - D.Kovaçevski deyib.

Qeyd edək ki, 2022-ci ildə Aleksandrupolis şəhərində üzən maye qaz terminalının tikintisinə başlanılıb. Yeni terminal 2023-cü ilin sonuna kimi fəaliyyətə başlamalıdır, onun gücü ildə 5,5 milyard kubmetr təbii qaz olacaq. Revituza adasındakı mövcud terminal Afinanın qərbində yerləşir.

Xatırladaq ki, 31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya məqsədli qazın tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox ixracı təmin edir ki, bunun da 8 mlrd. kubmetri İtaliyanın payına düşür. Yunanıstan və Bolqarıstan isə hərəyə 1 milyard kubmetr paya malikdirlər.
TASS
 
 
 
Ardını oxu...
"Əgər hər addımda adi mal və xidmətlərin qiymətlərinə dövlətin müdaxilə etməsinə ehtiyac yaranırsa, deməli “bazarın görünməyən əli”ndə problem var.

Mərkəzi Bankın plastik kartdan vəsaitin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirməsilə, kommersiya banklarından SMS xəbərdarlıq tarifinin 250 faiz artım xəbəri gəldi.

Maraqlıdır, SMS benzin istəmir, su istəmir, elektrik istəmir, rabitə tarifləri də stabildir.

Sual yaranır, bəs niyə qalxdı? Bəlkə kartlardan nağdlaşdırılmə haqqları aşağı salınma səbəbindən əldən çıxacaq gəliri digər yolla kompensasiya etmək üçün?"

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, "Mərkəzi Bank buna da müdaxilə edə bilərmi?" sualına belə cavab verib:"


“Yox” cavabı doğru olmaz. Amma bilməliyiki ki, istehlak səbətinə daxil olan 528 adda mal və xidmətin qiymətinə hansı istiqamətdə dövlət müdaxiləsinə ehtiyac artırsa, o istiqamətdə biz bazar iqtisadiyyatının ana prinsiplərindən uzaqlaşırıq".
 
Ardını oxu...
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, ifadəsində “Azərbaycan Beynəlxalq Bankı”ndan adına 3 dəfə kredit götürüldüyünü deyib:

“Cahangir Hacıyevin sürücüsü olmuşam. Mənə zəng elədi ki, sənədləri götürüb banka getməliyəm. Mən də getdim, 3 dəfə kredit kartı verdilər. İçində olan məbləğdən xəbərim olmayıb. 2017-ci ildə işdən çıxmışam”.

Hazırda həbsdə olan Cahangir Hacıyevin şahid qismində dindiriləcəyi gözlənilsə də o, məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, Gununsesi.info Hacıyevin məhkəməyə qatılması üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldüyünü yazıb.

Ancaq məhkəmədə məlum olub ki, Hacıyev istintaqa ifadəsini təsdiqləyib.
Onun prosesdə ifadəsi elan olunub.

Cahangir Hacıyev ifadəsində bildirib ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır.
Noyabrın 13-də məhkəmədə dindirilən şahidlər bildirib ki, onlar gedib Beynəlxalq Bankın müxtəlif filiallarında böyük məbləğdə kredit götürmələri haqda sənədlərə imza atıblar. Ancaq onlara pul verilməyib.
Məsələn, C.Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev deyir ki, Beynəlxalq Bankın rəhbərinin tapşırığıyla gedib kredit sənədlərini imzalayıb. Onun sözlərinə görə, adına kredit ayrılsa da, pulu bankdan almayıb:
“Bildiyimə görə, o kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı…”
Keçmiş deputat D.Xəlilovun rəhbərlik etdiyi tekstil fabrikində – “İntertekstil”də fəhlə işləmiş Abuzər Əliyev də bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib. Amma özünün bundan xəbəri olmayıb. 2015-ci ildə sağlamlığında problem olan uşağını Gürcüstana müalicəyə aparanda sərhəddə saxlanılıb. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:
“İdarədə bilmişəm ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib. 2010-cu ildə bir həftəydi işə girmişdim. Dedilər ki, şəxsiyyət vəsiqəni də götür, gedib bankda sənədlərə qol çəkəcəksən. Getdim, heç bilmədim ki, kredit məsələsinə qol çəkmişəm…”
Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub.
“Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə prezidentin fərmanıyla o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”, – C.Hacıyevin sözləridir.
D.Xəlilov və A.Cavadov başqalarının adına kredit kimi götürülmüş 6 milyon 600 min manatı mənimsəməkdə ittiham olunur. Onların məhkəməsində Beynəlxalq Bank da zərərçəkmiş qismində tanınıb. Amma bankın nümayəndəsi 6.6 milyon manatlıq ziyanla razı deyil. O, iddia edir ki, dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır:
“Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə istintaq dövründə Beynəlxalq Bankın zərərçəkmiş qismində tanınanması haqda qərarda da dəymiş ziyan 17 milyon 765 min göstərilib. Biz 6 milyon 600 min manatı qəbul eləmirik”.
“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edir. 2015-ci ildə Beynəlxalq Bankın problemli kreditlərinin həll olunmasından ötrü prezident fərmanıyla yaradılmış “Aqrarkredit”in nümayəndəsi deyir ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər:
“Biz “Aqrarkredit” olaraq, bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır”.
Prokuror isə bildirib ki, ziyanın məbləği artırılanda ittiham da ağırlaşır. Məhkəmə özbaşına ittihamı ağırlaşdıra bilməz. Çünki məhkəmə işə verilən ittiham çərçivəsində baxır:
“İttihamın ağırlaşdırılması üçün vəsatət verilməlidir ki, iş istintaqa qaytarılsın…”
Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib.
Son 8 ildə D.Xəlilov üçüncü, A.Cavadovsa ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi bundan öncə bir dəfə C.Hacıyevlə birlikdə mühakimə olunub.
C.Hacıyev də 2015-ci ildən bu yana iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt D.Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.
Adları çəkilənlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.
 

Dünyapress TV

Xəbər lenti