55 ilin sirri: Dünyanı şoka salan 3 dəqiqəlik qarət
İsitntaqa 171 min polis cəlb edilib, 3 dəfə artıq pul xərclənib - 300 milyonun taleyi hələdə müəmmalıdır...
Çox böyük məbləğdə pulu nəinki heç kimi öldürmədən və ya yaralamadan, hətta hədə-qorxu
gəlmədən, heç bir silahdan, hətta cib bıçağından istifadə etmədən oğurlamaq mümkündürmü?
Yəqin ki, indi hamı bu suala müsbət cavab verər və internet üzərindən fırıldaqçılıq yolu ilə
nağdsız məbləğin oğurlanmasını nəzərdə tutardı.
Amma haqqında danışacağımız hadisə internetin olmadığı 1968-ci ildə baş verib. Özü də nağd
pul oğurlanıb və həm də daşınan zaman bank işçilərinin gözü qarşısında aparılıb. Üstəlik,
dediyimiz kimi, heç kimi öldürmədən, yaralamadan, hədələmədən, silahdan istifadə etmədən
oğurlanıb.
***
Tokio yaxınlığındakı Kokubunji şəhərində yerləşən “Nippon Trust Bank”ının (hazırda “Mitsubishi
UFJ Trust and Banking” adlanır) filialının müdiri 1968-ci il dekabrın 6-da bir məktub aldı.
Məktubdakı mətnin bəzi yerləri əllə yazılmışdı, bəzi yerləri isə çap məhsulundan kəsilən
hərflərdən tərtib olunmuşdu.
Məktubu oxuyan müdirin ürəyi çırpınmağa başladı. Məktub müəllifi ondan ertəsi gün saat 17:00-
da bankın xanım əməkdaşını 3 milyon yenlə göstərilən yerə göndərməyi tələb edirdi. Əks halda,
müdiri evinin və rəhbəri olduğu filialın partladılacağı ilə hədələyirdi.
Qısa tərəddüddən sonra müdir polislə əlaqə saxladı və baş verənləri nəql etdi. Ertəsi gün
göstərilən yerə mülki formada 50 polis göndərildi. Amma pulu gətirən bank əməkdaşı olan qıza
(əslində isə o da polis idi) heç kim yaxınlaşmadı. Polis bu hadisəni arxasında ciddi heç nə
durmayan xuliqanlıq kimi qiymətləndirərək əməliyyatı ləğv etdi.
Bununla belə, yaddan çıxartmaq olmaz ki, 1968-ci il müasir tarixdə xüsusi yer tutur. O zaman
Fransadakı “Qırmızı may” hərəkatı bir çox ölkələrdə ciddi əks-səda doğurmuşdu. Gənclər
mövcud sistemə qarşı üsyan edirdilər və bu zaman əsas nifrət obyektlərindən biri də banklar
olurdu. Ona görə də, filial müdiri və əməkdaşları hadisəni polis qədər kiçiltmədilər.
***
Məktubdan dörd gün sonra – dekabrın 10-da filialın dörd əməkdaşı səhər 09:15-də bankdan 294
milyon 307 min 500 yen məbləğində pul götürüb yola düşdülər. Bu pul “Tokyo Shibaura Electric”
(hazırkı “Toshiba”) şirkətinin Fuçü şəhərində yerləşən zavodunun əməkdaşlarının illik mükafatı
kimi nəzərdə tutulmuşdu. Onlar xüsusi avtomobildən deyil, adi “Nissan Cedrik”dən istifadə
edirdilər. Pullar üç düralümin çamadana qoyularaq, yük yerinə yerləşdirilmişdi.
Əgər bank əməkdaşları məktub məsələsini ciddi qəbul edib filial binasında müəyyən qədər
narahatlıq hiss edirdilərsə (məktub müəllifi müdirin evi ilə yanaşı həmin binanı da partladacağını
vəd etmişdi), binadan kənarda pul daşıyan zaman özlərini daha təhlükəsiz sayırdılar.
Ümumiyyətlə, Yaponiyada cinayətkarlıq səviyyəsi aşağı idi. Burada Amerikadakı kimi basqınlara,
soyğunlara çox nadir hallarda rast gəlinirdi. İnkassatorların adi maşından istifadə etmələri də
bununla bağlı idi.
Səfər də problemsiz keçirdi, təkcə güclü yağış müəyyən diskomfort yaradırdı. Onlar artıq yolun
yarısını qət etmişdilər və sakit bir küçə ilə gedirdilər. Hərəkət istiqamətində sol tərəfdə Fuçü
həbsxanasının hasarı yüksəlirdi, sağ tərəfdə isə yaşayış binaları var idi.
Bu zaman sürücü arxa görünüş güzgüsündə polis motosikletinin yaxınlaşdığını gördü. Polis
onları ötərək qarşılarını kəsdi və saxlamaq işarəsi verdi. Dayanandan sonra yaxınlaşdı və filial
müdirinin evinin partladıldığını xəbər verdi. Daha sonra əlavə etdi ki, polisdə olan məlumata
görə, onların maşınına partlayıcı qoyulub və o, informasiyanı yoxlamaq üçün gəlib.
İnkassatorlara isə təhlükəsizlik məqsədilə bir qədər uzaqlaşmaq göstərişi verdi.
İntizamlı yaponlar polisin göstərişini yerinə yetirdilər. Bu zaman sürücü açarı yerində saxladı.
Yük yerinin və çamadanların da açarı orada idi.
Polis əvvəlcə mühərrik yerinə baxdı, sonra maşının altına uzandı. Birdən oradan qığılcım və
tüstü çıxmağa başladı. Polis hövlnak sıçrayaraq “dinamit, buradan uzaqlaşın” qışqırdı. Bank
işçiləri daha təhlükəsiz məsafəyə qaçdılar. Qarşıdan gələn avtomobilin sürücüsü tüstünü görüb
yanğınsöndürən balonla köməyə tələsdi. Amma polis sükan arxasına oturdu, maşını işə salaraq
hadisə yerindən uzaqlaşdı. İnkassatorlar onun dinamit qoyulmuş maşını yaşayış binalarından
uzaqlaşdırmaq istədiyini düşündülər və cəsarətinə heyran qaldırlar. Üstəlik, belə cəsur insanın
öləcəyinə güman edərək, kədərləndilər.
Amma onlar nə qədər gözləsələr də, partlayış səsi eşidilmədi. Maşın uzaqlaşsa da, bayaq
dayandığı yer nədənsə hələ tüstülənirdi. İnkassatorlar yaxınlaşanda yerdə tüstü bombası
gördülər…
Artıq ürəklərinə müəyyən şübhələr sızmağa başlamışdı. Bütün polis motosikletləri kimi ağ
rəngdə olan motosikletə diqqət yetirəndə isə onun kustar üsulla rəngləndiyini gördülər və hər
şeyi anladılar: özünü polis kimi göstərən adam heç bir zorakılığa əl atmadan gözlərinin önündə
300 milyon yenə yaxın pul oğurlamışdı. Bütün əməliyyat 3 dəqiqə çəkmişdi.
İnkassatorlardan biri yaxınlıqdakı yanacaqdoldurma stansiyasını qaçdı, oradan filiala zəng
edərək hadisəni danışdı. Filialdan da 110 nömrəsinə zəng edərək polisi xəbərdar etdilər.
***
Həyəcan təbili ilə yollarda təcili yoxlamalar təşkil edilsə də, soyğunçunu isti izlərlə tapmaq
mümkün olmadı. İlk növbədə ona görə ki, polis qara rəngli “Nissan Cedrik” axtarırdı, cinayətkar
isə soyğundan az sonra maşını dəyişmişdi. Polis bunu yalnız “Cedrik”i tapanda anladı.
Araşdırmalar nəticəsində cinayət süjetinin aşağıdakı kimi olduğu aydınlaşdı.
Soyğunçu noyabrın 30-dan dekabrın 1-nə keçən gecə oğurladığı yaşıl “Toyota Corolla” (polislər
ona “Corolla-1” deyirdilər, çünki ikincisi də vardı) avtomobili ilə inkassatorları bir qədər
izləyəndən sonra onu ataraq “Yamaha Sports 350 R-1” markalı motosikletə minib. Həmin
motosiklet də 20 gün əvvəl oğurlanıb. Soyğunu həyata keçirin şəxs hadisə yerindən
uzaqlaşandan sonra isə düralümin çamadanları tünd göy rəngli “Toyota Corolla”ya (“Corolla-2”)
yükləyib. “Corolla-2” və boş çamadanlar yalnız 1969-cu il aprelin 9-da – cinayətdən 4 ay sonra
tapıldı.
Dörd inkassatorun ifadələri əsasında soyğunçunun fotorobotu hazırlandı. Amma ondan istifadə
cəhdi faciə ilə nəticələndi. Cinayətdən 3-4 gün sonra polis 19 yaşlı bir oğlandan şübhələndi.
İnkassatorlar da onun soyğunçuya çox oxşadığını dedilər. Adı gizli saxlanılan və sadəcə S.
deyilən oğlan kalsium sianid içərək dekabrın 15-də intihar etdi. Sonra isə inkassatorlar etiraf
etdilər ki, soyğunçunun sifətini yaxşı xatırlamırlar. Polis S.-in cinayətdə əli olmadığı qərarına
gəldi.
Bu cinayət Yaponiya tarixində ən irimiqyaslı istintaqa səbəb oldu. Prosesdə bu və ya digər
şəkildə 171 min polis iştirak etdi. Cinayətkara məxsus olduğu güman edilən barmaq izləri 6
milyon adamın barmaq izləri ilə tutuşduruldu, amma bir nəticə hasil olmadı. İki polisin fiziki
tükənmədən öldüyü deyilir.
İstintaq aparılan müddətdə minlərlə adam şübhəli şəxs qismində yoxlanıldı, bir neçə nəfər
saxlanıldı, amma heç birinin cinayətlə əlaqəsini sübut etmək mümkün olmadı. Oğurlanan pullar
arasında 2000 ədəd 500 yenlik əskinasların nömrəsi məlum idi, amma onların da haradasa
ortaya çıxması qeydə alınmadı.
Analoji cinayət üçün istintaq müddəti 7 il idi. Həmin dövr ərzində istintaqa 972 milyon yen
xərcləndi ki, bu da oğurlanan məbləğdən üç dəfə çox idi. 1975-ci il dekabrın 10-da cinayət
məsuliyyətinə cəlb etmə müddəti bitdi, amma cinayətkar müəyyən olunmadı.
1988-ci il dekabrın 10-da isə mülki məsuliyyət müddəti də bitdi. İndi soyğunçu hətta pulların geri
istəniləcəyindən çəkinmədən ortaya çıxa bilərdi, nömrəsi məlum olan pulları da xərcləyə bilərdi,
amma bu, baş vermədi. 300 milyon yenlik oğurluğun üstü indiyə qədər açılmayıb.
***
Oğurlanan məbləğ 1968-ci ildəki mübadilə kursuna görə 817 min ABŞ dollarına bərabər idi. Bu
isə indiki 8 milyon dolların alıcılıq qabiliyyətinə ekvivalentdir. Müqayisə üçün bir rəqəm: o zaman
universiteti bitirən gənc yaponun start maaşı 10 min dəfə az – 30 600 yen olub.
Hazırladı: Yadigar Sadıq
pressklub.az
 
 
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti