Azərbaycan vətəndaşları üçün gəmi ilə səyahət populyar olmasa da, mümkündür. Xüsusilə, Türkmənistan uzaq görünmür. Türkmənbaşı şəhərinə başqa məntəqələrlə müqayisədə daha tez çatmaq olar. Amma bizim üçün çox böyük əngəl var. Türkmənistana viza almaq olduqca çətin görünür. Özü də bu halda “bizim üçün” ifadəsi heç yerinə düşmür. Çünki Türkmənistan az qala bütün ölkələrə bu münasibəti göstərir. Yəni ora viza almaq mümkünsüzə çevrilir.
Bizimyol.info xəbər verir ki, sosial platformalardakı səyahət qruplarında Türkmənistana getmək imkanları da az müzakirə olunmur. Çünki dil, mədəniyyət, məsafə yaxnlığı diqqət çəkir. Amma Türkmənistana getmək istəyən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti məyus olur. Onlara, adətən, mənfi cavab verilir.
Səyahətsevərlərdən Aygül Salehova Türkmənistana rəfiqəsinin toyuna getmək fikrindədir. Buna görə səyahət qrupunda insanlardan tövsiyə istəyib. Cavablara baxanda Türkmənistan hökumətini qınamamaq olmur. Bu ölkəyə turist kimi getmək yolları görünmür. Yalnız rəsmi səviyyədə tədbir olmalıdır ki, xarici dövlət vətəndaşı bu yolla sərhəddi aşa bilsin.
Səyahət eksperti, xeyli ölkəyə səfər etmiş Elşən İsmayılov bildirir ki, Türkmənistana getmək xəyalı qurmağa tələsmək lazım deyil. Məsələnin alınması tamamilə imkansızdır: “Səfirlikdə tanış yoxdursa, mümkün deyil”.
Əminə Bədəlli Aygül Salehovaya boşuna əziyyət çəkməməyi məsləhət görüb. Vüsal Əkbərov indiyə qədər səyahət qruplarında yalnız bir nəfərin Türkmənistan vizası aldığını görməsini yazıb. Fəridə Axundova atasının təcrübəsini qeyd edib. Onu xidməti pasportda viza olduğu halda sərhəddən geri qaytarıblar.
Aygül Salehova bildirir ki, ona rəfiqəsi ilə qan qohumluğu olmadığına görə viza ala bilməyəcəyini deyiblər. Türkmənistanda yerli vətəndaşlar yalnız qohumlarına dəvət göndərə bilirlər. Amma bu da sonrakı prosesi asanlaşdırmır. Hətta qohumlara da viza verilməyə bilər. Bundan başqa, qohum Türkmənistana gəlmək səbəbini ciddi şəkildə əsaslandırmalıdır. Həmin şəxsin ölkə daxilində izlənilməsi də mümkündür. Rəsmi tərəfi isə odur ki, qonaq əvvəlcədən səyahət planını da təqdim etməlidir. Bir sözlə, Türkmənistana qohum kimi viza almaq belə, cəhənnəm əzabıdır. Üstəlik, orada özünü rahat hiss edə bilməzsən.
Türkmənistan son illər öz vətəndaşlarına ümumvətəndaş pasportu almaqda çətinlik yaradır. İnsanlar illərlə növbə gözləyir. Bunun süni əngəl olduğu sirr deyil.