Ardını oxu...
Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi dia.az saytının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu barədə saytın rəhbəri Məhəmməd Ərsoy (Zamanov) bildirib.

Noyabrın 3-də sayt sahibinin Media Reyestrində qeydiyyatdan keçmək üçün qanunla müəyyən edilmiş 6 ay müddətində müraciət etmədiyi üçün Medianın İnkişafı Agentliyi saytın fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırıb.

Bakı Apellyasiya Məhkəməsi noyabrın 14-də keçirilən ilk iclasdına iddianı təmin edib. Ərsoyun sözlərinə görə, o, səhhətində yaranan problemlərə görə iclasın 10 gün təxirə salınmasını istəyib.

“Lakin dünən mənim iştirakım olmadan məhkəmə prosesi keçirilib və bu qərar qəbul edilib”, o bildirib və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini qeyd edib.

Ərsoy qeyd edib ki, sayt fəaliyyətini davam etdirəcək.

“Mən artıq demişəm ki, mən jurnalist deyiləm. Mən blogerəm və dia.az sayt deyil, bloqdur. Fəaliyyətimizi dayandırmayacağıq”, o bildirib.

Media hüququ sahəsi üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, "Media haqqında" qanun bloqçuluq fəaliyyətini tənzimləmir.

"Lakin məhkəmənin qərarı qanuni qüvvəyə minərsə, az domenində saytın fəaliyyəti dayandırıla bilər. Bu halda bloger Azərbaycandan kənarda domenlərdə qeydiyyatdan keçə bilər", ekspert qeyd edib .

Digər ekspert Xalid Ağəliyev isə məhkəmənin qərarının tələsik olmasına diqqət çəkib. Belə ki, bəzi saytlar bir ilə yaxındır ki, Media Reestrinə daxil edilməsindən imtina ilə bağlı şikayətlər üzrə məhkəmə qərarlarına nail ola bilmir.

“Təəssüf doğuran haldır ki, məhkəmə praktikasında mediaya qarşı ən sərt tədbirlər 5-10 dəqiqə davam edən formal iclaslar vasitəsilə tətbiq olunur. Hansı KİV növü olursa olsun, onları belə asanlıqla bağlamaq olmaz. Bu, ifadə və media azadlığının açıq şəkildə pozulması deməkdir”, - ekspert Amerikanın Səsinə bildirib.

Bir müddət əvvəl Medianın İnkişafı Agentliyinin kommunikasiyalar şöbəsinin müdiri Səidə Səfiyeva bildirib ki, Agentlik media subyektlərinə qarşı bu strukturun nizamnaməsində nəzərdə tutulmuş tədbirlər görür.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb.

2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Qanuna görə media subyektləri və jurnalistlər 6 ay ərzində Media Reyestrinə müraciət etməli idilər.

Bundan başqa, "Media haqqında" Qanuna Venesiya Komissiyası mənfi rəy verib. Komissiyanın rəyində qeyd olunub ki, qanun mürtəcedir və Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanun qəbul oluna bilməz.

Qanunun Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olunduğunu əsas gətirən jurnalistlər və media rəhbərləri - Şəmşad Ağa, Ülvi Həsənli və Vüqar Qurdqanlı Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Onların müraciətində qeyd olunub ki, Konstitusiya Məhkəməsi qanunun Konstitusiya və Konvensiyaya uyğunluğunu mübahisələndirməlidir. Lakin üstündən bir neçə ay vaxt keçsə də, Konstitusiya Məhkəməsi hələ də işə baxmayıb.

Beynəlxalq təşkilatlar, Avropa Şurasının həmməruzəçiləri və Avropa Şurası Nazirlər Komitəsi də qanunun mürtəce olduğunu əsas gətirərək dəyişdirilməsini tələb ediblər.
 
Ardını oxu...
Polis basqınına bir neçə gün öncə azərbaycanlılarla ermənilər arasında dava səbəb olub.

Rusiyada azərbaycanlıların toplaşdığı kütləvi tədbirlərə basqınların təşkil olunması davam edir.

Sankt-Peterburqda azərbaycanlıların 500 nəfərlik toy məclisinə basqınından sonra bu dəfə analoji hadisə Voronej şəhərində baş verib. Şəhərin həmyerlilərimizə məxsus restoranlarından birində təşkil olunan doğum günü məclisinə Rusiya xüsusi təyinatlı polis dəstəsi “SOBR” və “Rosqvardiya” basqın edib. Məclis iştirakçılarının sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizə hərbi komissarlıqda qeydiyyata durmaq haqqında bildiriş verilib.

APA-nın məlumatına görə, həmyerlilərimizin məclisinə xüsusi təyinatlı polis basqının səbəbi 10 gün bundan öncə Voronejin başqa bir restoranında azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava olub. Belə ki, həmyerlilərimizə məxsus restoranda müğənni Şəbnəm Tovuzlunun “Qarabağ Azərbaycandır!” adlı mahnısının səslənməsi restoranda qonaq qismində iştirak edən ermənilərin etirazına səbəb olub. Bu zaman azərbaycanlılarla ermənilər arasında dava düşüb. 15-20 erməni azərbaycanlılara hücum edib. Soyuq və travmatik silahların tətbiq edildiyi dava nəticəsində ermənilərdən bir neçə nəfər xəsarət alıb və xəstəxanaya düşüb. Faktla bağlı cinayət işi açılıb və davada iştirak edən azərbaycanlılar axtarışa verilib.

Noyabrın 14-də isə Voronej sakini, Niyaz Zahidov adlı azərbaycanlı 45 yaşını qeyd edən zaman xüsusi təyinatlı polis dəstələri və “Rosqvardiya” ermənilərlə davada iştirak etmiş azərbaycanlıların axtarışı məqsədi ilə məclisə basqın edib. Lakin polis axtardığı azərbaycanlıları orada tapa bilməyib. Məclis üzvlərinin sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizin bir neçəsinə hərbi komissarlıqda qeydiyyata durmaq üçün bildiriş təqdim olunub.

Voronejdəki Azərbaycan diasporunun sədri Mehdi Mehdiyev bildirib ki, heç də yerli mətbuatın yazdığı kimi, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilməyib. Onun sözlərinə görə, Teleqram kanalları və yerli media bilərəkdən hadisəni şişirdir: “5 nəfərə yaxın azərbaycanlıya, hansı ki, yaxın vaxtlarda Rusiya vətəndaşlığını əldə ediblər, onlara hərbi komissarlıqda hərbi qeydiyyata durmaları tövsiyə olunub və bu barədə bildiriş verilib”.
Diaspor rəhbəri onu da qeyd edib ki, azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi davanı erməni diasporu milli zəmində münaqişə kimi təqdim etməyə cəhd edib. Moskvadan Rusiya Erməniləri İttifaqının vitse-prezidenti bu məqsədlə Voronejə gəlib. Lakin Azərbaycan diasporunun səyi nəticəsində məlum mübahisənin milli zəmində deyil, məişət zəminində baş verdiyinə region rəhbərliyini inandırmaq mümkün olub.

Mehdi Mehdiyev deyib ki, noyabrın 14-də azərbaycanlıların doğum günü məclisinə polis basqınının həyata keçirilməsinə kimi də Voronejdə məlum kütləvi davada iştirak edən həmyerlilərimizin axtarışları aparılıb. O, Peterburqdakı hadisədən fərqli olaraq, bu dəfə şimal qonşumuzun hüquq-mühafizə orqanlarının azərbaycanlılarla kobud rəftar etmədiyini vurğulayıb: “Heç kəsə qarşı zorakılıq, kobud rəftar edilmədi. Sakitcə sənədləri yoxladılar. Yeni vətəndaşlıq almış azərbaycanlılara Rusiya qanunlarına uyğun olaraq hərbi qeydiyyata durmaq tövsiyə olunub və üç gün müddətində hərbi komissarlıqda qeydiyyata durmaları haqqında bildiriş verilib”.

Diaspor rəhbəri əlavə edib ki, noyabrın 15-də Voronejin “Alekseyevski” adlanan bazarında polis “oblava” keçirib: “Bazarda təkcə azərbaycanlılar deyil, digər ölkələrdən olan miqrantlar da çalışır. Miqrantlardan sənədləri düzgün olmayanlar şöbəyə aparılıb. Sənədləri qaydasında olmayan miqrantlar ölkədən deportasiya olunacaqlar”.

Mehdi Mehdiyev baş verənlərin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyənlərin işi olduğunu söyləyib. Voronejdə Azərbaycan icmasının 30 ildən çoxdur fəaliyyət göstərdiyi vurğulayan diaspor rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün çoxlu işlər görülür.

“Voronejdə yaşayan azərbaycanlılar şəhərin və vilayətin ictimai həyatına inteqrasiya olunub və bu, region rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”, - Mehdiyev fikrini yekunlaşdırıb.
 
Ardını oxu...
Azərbaycanda bəzi otellərdə nikah kağızı tələb olunur.

Adının çəkilməsini istəməyən hotel sahibi bildirib ki, rəhbərlik olaraq nikah kağızı tələb etmək məcburiyyətində qalır:

"Gün ərzində gənc və ya olğun yaşda cütlüklər gəlir. Çoxunda nikah kağızı olmur, sabah problem olanda polisə dərdini izah et ki, öz xoşları ilə gəliblər. Dəfələrlə belə hallarla qarşılaşırıq. Bəzən isə polislər nikah kağızını niyə tələb etmədiyimizi soruşurlar. Biz də vəkil və hüquqşünas deyilik ki, polisin verdiyi suala cavab verək".

Bəs qanunda bu barədə nə deyilir ? Otellərdə nikah kağızının tələb olunması qanunidir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrində qeyd edilir ki, oteldə qalmaq istəyən vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər. Cütlüklərdən oteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur.

Mülki Məcəllənin 400.2-ci maddəsinə əsasən, otel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqların qəbulundan imtina edə bilməz. Bu maddəyə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən, yaxud onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.

Lakin görünən odur ki, bəzi otellərdə nikah şəhadətnaməsi olmayan cütlüklərin gecələməsinə maneə yaradılır. Otel xidmətlərindən istifadə edən şəxslər sosial şəbəkələrdə nikah şəhadətməsinin olmaması səbəbindən icəri buraxılmadıqlarından, yaxud da daha yüksək məbləğ ödəyəndən sonra buraxıldıqlarından şikayətlənirlər.

Vəkil Amid Kərimov Cebhe info-ya bildirib ki, otellərdə nikah kağızının tələb olunması qanunsuzdur:

“Hətta vətəndaşın ixtiyarı var ki, ona xidmət göstərmədiyi üçün məhkəməyə müraciət edib oteldən şikayəti olsun. Bəzi otellərdə nigah kağızı tələb olunmasının səbəbini soruşanda bildirirlər ki, bu, otelin daxili qaydasıdır. Amma bu, tam qanunsuzdur, otelin daxili qaydası ölkə qanunlarının müvafiq bəndini poza bilməz. Vətəndaş belə halla qarşılaşırlarsa, oteli məhkəmə verməyə tam hüququ var. Qərarı isə məhkəmə verər".

Bəziləri düşünürlər ki, otellərdə nikah kağızının tələb olunması özəl münasibətlərə, şəxsi həyata müdaxilədir.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, belə düşünmək yanlışdır:

“Otelin öz təyinatı var. Ondan başqa məqsəd üçün istifadə etmək otelin imicini korlayır. Məsələn, ötən əsrin 70 - 80 - ci illərində Bakıda bir necə belə otel vardı. Adları çox bədnam idi. Bu sahədə otellərin vasitə olması arzuedilən hal deyil. Otel öz nüfuzunu qorumaq barədə daha çox düşünməlidir, nəinki azad seksin yayılmasında vasitə olmalıdır. Azad seksin yayılması isə həm tibbi, həm də mənəvi cəhətdən təhlükəlidir".
Ardını oxu...
Əziz Əzizov bazarı yenidən açmaq istəyir?Bu yaxınlarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Hövsan qəsəbəsində açdığı və genişləndirdiyi bazar barədə yazmışdıq.

Qəsəbənin əsas küçəsində qanunsuz meyvə-tərəvəz ticarəti ilə məşğul olanların fəaliyyəti nəticəsində həmin ərazidə nəqliyyatın və insanların gediş-gəlişinə maneə yaradılması, antisanitariya hökm sürməsi yazıda xüsusi qeyd edilmişdi. Bir qədər sonra problemlə bağlı tədbir görüldü və həmin bazar dağıdıldı. Lakin bazara çevrilən ərazi boşaldılsa da, işğal edilən torpaq hissədə son iki həftədə heç bir iş görülməyib. Halbuki hələ illər əvvəl orada əkmək üçün ağac və kollar gətirən Suraxanı Rayon İcra Hakimiyyətinin işçiləri onları mağazalrın qabağındakı yerə qablarda düzüblər.
Ardını oxu...
Sakinlər deyirlər ki, onların bazara çevrilən səkilərin kənarında hələ də əkilməməsi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun həmin bazar yenidən açmaq niyyətindən xəbər verir. AzToday.az xəbər verir ki, həmin ərazidə al-ver edənlərin yavaş-yavaş, bir-bir, iki-iki qayıtması halları da bunu sübut edir.

Hövsan əhli isə əsas səkinin yenidən işğal edilməsindən narahatdır. Çünki bu halda qəsəbənin bu başından o başına getməyə ciddi çətinlik çəkən sakinlər üçün bu bazarın yenidən dirçəldilməsi, eyni zamanda infeksiya və xəstəlik mənbəyinə çevriləcəyi üçün faciəyə bərabərdir.
 
Ardını oxu...
Alimlərin araşdırmalarına görə, dünyanın bir hissəsi tamamilə susuz qala bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, son iki onillikdə Yer kürəsi daha tez quruyur.

Cənub yarımkürəsində Şimal yarımkürə ilə müqayisədə daha əhəmiyyətli quruma müşahidə olunub. Bu proses çox güman ki, vaxtaşırı baş verən və hazırda Sakit okeanda üstünlük təşkil edən və okeanın şərq hissəsində suyun temperaturunun artmasına səbəb olan El-Nino ilə bağlıdır.

Cənub yarımkürəsi dünya quru ərazisinin yalnız dörddə birini əhatə edir. Lakin əvvəlki araşdırmalara görə, qlobal su mövcudluğuna Şimal yarımkürəsindən daha böyük təsir göstərir.

Alimlər xəbərdarlıq edirlər ki, Cənub yarımkürəsində quraqlıq ciddi problemlər yarada bilər. Quraqlıq həm də Afrikanın çox hissəsində əsas problemdir.
 
 
 
Ardını oxu...
Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Saleh Azər oğlu Əliyev polis əməkdaşları tərəfndən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin müdafiəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır.

Dövlət başçısının müvafiq fərman layihəsi ölkənin “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.

İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir.
Xatırladaq ki, 83 yaşlı N.Nazarbayev 30 il Qazaxıstan prezidenti olub. 2019-cu ildə o, istefa verdiyini elan edərək, respublikada islahatları davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə işarə edib.

Mənbə: TASS
 
Ardını oxu...
Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb. Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib. Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.
 

 

Ardını oxu...
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, yaxınlarının məzarını ziyarətə gələnlər gözlərinə inana bilməyiblər.

Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb. Doğmalarını orada dəfn edənlər deyirlər ki, bir müddətdir kimlərsə məzarlıqdakı güldanlara qənim kəsiliblər.
Güldanların tamah məqsədilə oğurlandığı güman edilir. Məzarlığın nəzarətçisi Bəxtiyar Cavanşirov deyir ki, artıq məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Dəfn edilənlərin yaxınları tezliklə oğurluq edənlərin saxlanmasını istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.

Əslində isə...

Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir.

Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.

“Endirim” sözü varsa, aldadılma faktı var

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.Media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirdi:

“Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni, məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyəttini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır.

Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətlərdən ən azı 2 dəfə yuxarıdır”.

Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:

“Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.

Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar

“Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.

Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizinin öz hüquqlarını bilmir:

“Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.

Dünyapress TV

Xəbər lenti