Ardını oxu...
"Rossiya-24” telekanalının müxbiri Boris Maksudovun qətli Kiyev rejiminin növbəti cinayətinə çevrilib, cinayətkarlar cəzadan qaça bilməyəcəklər".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Maksudovun vəhşicəsinə öldürülməsi minlərlə dinc insanın həyatına görə məsuliyyət daşıyan Kiyevdəki neonasist rejiminin növbəti ağır cinayətidir.

Təqsirkarlar ədalətli, qanuni cəzadan qaça bilməyəcəklər”- deyə Zaxarova qeyd edib.

Zaxarova vurğulayıb ki, Kiyev Rusiya hərbçilərini və jurnalistlərini prioritet hədəflər hesab etməkdə davam edir və onları fəal şəkildə ovlayır.
Diplomat xatırladıb ki, Ukraynanın məqsədli şəkildə hədəf seçdiyi müxbirlər, fotoqraflar və operatorlar mülki şəxslərdir.
Onun sözlərinə görə, Kiyev onları aradan qaldırmaq üçün açıq şəkildə terror üsullarından istifadə edir:

"Qərb kuratorlarının və qərəzli insan haqları strukturlarının tənqidindən qorxmur və bunu açıq şəkildə nümayiş etdirir".

Diplomat Maksudovun ailəsinə və yaxınlarına, habelə peşə borcunu yerinə yetirərkən həlak olan bütün jurnalistlərə başsağlığı verib.
 
Ardını oxu...
Ermənistan baş naziri Nikol Paşinyan siyasi rəqiblərini sıradan çıxartmaq üçün tələsir, çünki sosial-iqtisadi böhranın dərinləşməsi istər-istəməz erməni müxalifətini də gücləndirəcək... Yaxın aylarda kütləvi iğtişaşlar baş verəcəyi təqdirdəsə, indiki radikal-revanşist müxalifət Ermənistan parlamentini tamamilə nəzarətə götürə və dövlət çevrilişini reallaşdıra bilər...
Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin “regiona eniş zolağı” rolunu öz üzərinə götürüb. Hazırda rəsmi İrəvan ənənəvi Rusiyanın forpostu atatusundan israrla imtina etməyə üstünlük verir. Bunun əvəzindəsə, Rusiyanın beynəlxalq düşmənlərinin “təhlükəsizlik çətiri” altına sığına biləcəyinə böyük ümidlər bəsləyir.
Halbuki, bu ümidlərin indiki situasiyada daha çox “utopik xəyal”lardan uzağa gedə bilmədiyi inkaredilməz reallıqdır. Hər halda, ABŞ və Qərbin Rusiya ilə müttəfiqlik münasibətlərindən imtina etmiş Ermənistanı öz “təhlükəsizlik çətiri” altına aldığını tsədiqləyə biləcək heç bir real əlamət mövcud deyil. Və bu, Paşinyan hakimiyyətinin xarici siyasət kursunun qarşıya qoyulmuş hədəflərdən uzaq qaldığını göstərir.
Ancaq rəsmi İrəvanın siyasi-diplomatik uğursuzluğu yalnız bununla məhdudlaşmır. Belə ki, Paşinyan hakimiyyəti hazırda Ermənistanı yalnız xarici kreditlər hesabına ayaqda tutmağa çalışır. Son məlumatlara görə, hazırda Ermənistanın xarici borcları 10 milyard dollar həddini artıq çoxdan keçib. Və Ermənistan kimi kiçik və zəif dövlət üçün bu, olduqca təhlükəli reallıqdır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti xarici kreditlər hesabına Ermənistanın həm daxili, həm də xarici borclarını qapatmağa cəhd göstərir. Paşinyan hakimiyyəti üçün bu, yaxın perspektiv baxımından, yeganə çıxış yolu kimi görünür. Ancaq orta və uzaq perspektiv nəzərə alındıqda, Ermənistanın böyük sürətlə, “siyasi-iqtisadi uçuruma” doğru sürükləndiyi şübhə doğurmur.
Hər halda, Ermənistan xarici maliyyə qaynaqlarından aldığı borcları əvvəl-axır qaytarmalı olacaq. Çünki müasir dünyada heç bir dövlətə boşuna para vermirlər. Ermənistan iqtisadiyyatı isə nəhəng xarici borcları ödəyəcək qədər güclü deyil. Əksinə, Ermənistan iqtisadiyyatı dövlətin ehtiyaclarından belə çox-çox geri qalır. Bu baxımdan, Ermənistan iqtisadiyyatı xarici investisiyalara möhtacdır.
Ən önəmli məqamsa, bunun da indiki situasiyada mümkün variant olmaması ilə birbaşa bağlıdır. Çünki bir tərəfdən Ermənistan iqtisadiyyatı Qərb investisiyaları üçün cəlbedici deyil. Digər tərəfdənsə, Rusiya Ermənistan iqtisadiyyatını demək olar ki, tamamilə öz nəzarəti altına ala bilib.
Yəni, rəsmi İrəvan onilliklər boyu Rusiyadan aldığı silah-sursatı və enerji resurslarına görə borclarını Ermənistan iqtisadiyyatını Kremlin ixtiyarına verməklə ödəmək məcburiyyətində qalıb. Ona görə də, hətta Qərb investisiyaları üçün cəlbedici olsaydı belə, Rusiyanın nəzarətində olan Ermənistan müəssisələrinə sərmaye yatırılmazdı.
Təbii ki, belə situasiya rəsmi İrəvanı yalnız Ermənistanı borclandırmaqla, mövcud problemləri ən yaxın dövr üçün həll etmək məcburiyyətində buraxır. Nəticədə Ermənistan Rusiya ilə paralel olaraq, Qərbin də girovuna çevrilməkdə davam edir. Bu baxımdan, Paşinyan hakimiyyəti Ermənistan iqtisadiyyatını inkişaf etdirmək, ölkə əhalisinin sosial rifah vəziyyətini müsbətə doğru dəyişmək şansından da uzaqdır. Və Ermənistanın blokada şəraitində olduğunu da nəzərə aldıqda, Paşinyan hakimiyyətinin düşdüyü situasiyanı təxmin etmək çətinlik törətməz.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan vaxtilə sosial-iqtisadi narazılıqların doğurduğu siyasi böhranın sayəsində Ermənistanda inqilab törədərək, hakimiyyətə gəlmişdi. Ancaq erməni baş nazir inqilabi vədlərinin heç birisini yerinə yetirə bilməyib. Əksinə, Ermənistanı sosial-iqtisadi cəhətdən daha da ağır vəziyyətə salıb və əhalinin rifah halını özünün inqilab etdiyi dövrdə olduğundan da aşağı çəkib. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanda yeni inqilabi situasiya üçün münbit şərait yetişdirib.
Ermənistanda mövcud olan sosial-iqtisadi vəziyyəti təsəvvür etmək üçün baş nazir Nikol Paşinyanın hökumət üzvləri ilə iclas keçirtdiyi salonda elektrik enerjisinin tez-tez kəsilməsinə diqqət etmək belə, yetərlidir. Əslində, erməni baş nazir ölkədə situasiyanın “sosial partlayış” həddinə çatdığını anlamamış deyil. Ancaq bu vəziyyəti müsbətə doğru dəyişmək üçün maliyyə-iqtisadi resurslara malik deyil. Və bu səbəbdən də, tezliklə Ermənistanda dərin böhranın yaranacağını, kütləvi iğtişaşların baş qaldıra biləcəyinə də şübhə etmir.
Hər halda, baş nazir Nikol Paşinyanın gələn ilin ilk yarısında növbədənkənar parlament seçkiləri keçirtmək niyyətinə düşməsi də belə düşünməyə tamamilə əsas verir. Ermənistan mətbuatının hökumət dairələrindəki mənbələrə istinadən yaydığı məlumata görə, siyasi elitada bu məsələ artıq intensiv şəkilədə müzakirə edilməyə başlayıb. Üstəlik, hökumətin iclasında erməni baş nazirin bu barədə açıq mətnlə niyyətini bəyan etdiyi bildirilir.

Ancaq baş nazir Nikol Paşinyanın öz niyyətini məhz Ermənistan müxalifəti ilə əlaqələndirdiyi də iddia olunur. Erməni baş nazir vurğulayıb ki, növbədənkənar parlament seçkilərində yenidən qalib gələcəyinə, indiki müxalifəti isə tamamilə sıradan çıxara biləcəyinə şübhə etmir. O, parlamentə yeni müxalif qüvvələrin gətirilməsi ilə siyasi səhnənin dəyişəcəyini və qanunverici orqanın isə daha təhlükəsiz olacağını düşünür.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın belə bir siyasi manevr etmək şansının olduğu da qətiyyən istisna edilmir. Çünki erməni baş nazir əlində cəmləşdirdiyi administrativ resursları işə salmaqla, öz hakimiyyətini nisbətən möhkəmləndirmək imkanlarını qoruyur. Və əgər, erməni baş nazir bu niyyətini reallaşdıracaqsa, deməli, yaxın vaxtlarda konkret addımların atılmasına da başlanılacaq.
Hər halda, baş nazir Nikol Paşinyanın bir qədər tələsməsinin qaçılmaz olduğu qətiyyən şübhə doğurmur. Çünki sosial-iqtisadi böhranın dərinləşməsi istər-istəməz erməni müxalifətini də gücləndirir. Kütləvi iğtişaşlar baş verəcəyi təqdirdəsə, indiki radikal-revanşist müxalifət Ermənistan parlamentini tamamilə nəzarətə götürə və dövlət çevrilişini reallaşdıra bilər. Və bu səbəbdən də, erməni baş nazir Ermənistanda siyasi proseslər nəzarətdən çıxmamış öz rəqiblərini sıradan çıxararaq, “sözəbaxan parlament” modeli ilə hakimiyyətini möhkəmləndirmək barədə düşünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”
 
 
 
Ardını oxu...
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da hər iki dövlət arasında sərhəd bölgəsində baş tutacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, Ermənistan XİN rəhbərliyi Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa verib. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif edib.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycanla Ermənistanın dövlət rəsmiləri arasında birbaşa görüşlərin keçirilməsi müsbət hal hesab oluna bilər:

“Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların keçirilməsi, o cümlədən dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın növbəti görüşünün sərhəd bölgədə baş tutması müsbət hal sayıla bilər. Çünki prosesdə üçüncü tərəflər vasitəçilik etdiyi zaman maraqlar çoxalır, təbii ki, bu da problemin həll olunmasına əngəl yaradır. Bu baxımdan, ikitərəfli görüşlərin keçirilməsi ölkəmizin maraqlarına uyğundur”.

O ki qaldı ikitərəfli görüşlərin ciddi nəticələrinə, ekspert hesab edir ki, bu, o qədər də asan məsələ deyil:

“Bu istiqamətdə xeyli çətinliklərlə üzləşə bilərik. Hər iki ölkənin sərhəd ərazilərindəki mürəkkəb relyef və qeyri-müəyyənliklər bu prosesin vaxtını kifayət qədər uzadacaq. Heç təsadüfü deyil ki, Azərbaycanın Gürcüstanla sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası tam başa çatmayıb”.

Sülh müqaviləsi ilə bağlı bu kimi görüşlərin keçirilməsinə gəlincə, O.Qasımov bunun yalnız Ermənistandan asılı olduğunu vurğulayıb:

“Son üç il ərzində Moskva, Brüssel və Vaşinqton formatları çərçivəsində sülh müqaviləsi ilə bağlı danışıqlar aparılıb. Təəssüf ki, bu formatların heç birində real nəticələr əldə olunmayıb. Baxmayaraq ki, bir müddət ərzində həm Brüssel, həm də Vaşinqton formatına ümidlər var idi. Amma son zamanlar ABŞ və Avropa İttifaqının rəsmilərinin Azərbaycana qarşı qərəzli münasibət sərgilədiyini görürük. Həmçinin Brüssel və Vaşinqton formatında Ermənistan ciddi şəkildə dəstəklənir.

Bununla yanaşı, ABŞ və Avropada Azərbaycana qarşı təbliğat aparılır. Azərbaycan da bunları əsas alaraq hər iki formatın növbəti görüşlərində iştirakdan imtina edib. Lakin bir neçə gün öncə Azərbaycan növbəti təşəbbüsünü irəli sürdü. Belə ki, Azərbaycan Ermənistana neytral zonada və ya sərhədin hər hansı bölgəsində birbaşa görüşün keçirilməsini təklif edib. Hesab edirəm ki, sülh müqaviləsi ilə bağlı belə görüşlərin keçirilməsi mümkün ola bilər.

Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək iqtidarında olarsa, o zaman ikitərəfli görüşlərdə müsbət nəticələr əldə oluna bilər. Amma hələlik Ermənistan tərəfinin bu istiqamətdə siyasi iradə nümayiş etdirməsini görmürük. Bu da prosesi müəyyən qədər uzadacaq”.
 
 
 
Ardını oxu...
“Fransa suverenlik və sərhədlərə hörmət prinsipləri əsasında Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün çalışır”.

Cebhe.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbəyə istinadən yazıb.

Bildirilir ki, Fransa bununla bağlı Avropa və ABŞ-dakı tərəfdaşları ilə birlikdə işləyir. Ancaq detallar açıqlanmır.

O da xatırladılır ki, ötən ay Fransa Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı yeni müqavilələr imzalayıb.

Qeyd edək ki, Azərbaycan Fransanı Cənubi Qafqazda sabitliyi pozduğunu bildirir.

Politoloq Murad Sadəddinov Cebhe.info-ya açıqlamasında Fransanın Cənubi Qafqazda sülh yaratmaq planı barədə yayılan məlumatların qeyri-ciddi səsləndiyini deyib.

Ekspert hesab edir ki, Fransanın tərəflər arasında sülh yaratmaq belə bir niyyəti olsa idi, bunu real şəriati nəzərə almaqla həyata keçirməliydi:

“Reallıq agentliyin yazdığını əks etdirmir. İstər 44 günlük müharibə dövründə, istər ondan sonra, eləcə də sentyabr ayında aparılmış son antiterror əməliyyatları vaxtlarda biz Fransanın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, BMT tərəfindən qəbul olunmuş sərhədlərinə hörmət etdiyini görməmişik. Fransanın bütün fəaliyyəti bunun əleyhinə olub.

Dəfələrlə Fransa BMT-nin Təhlükəsilik Şurasında öz səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycanın əleyhinə qərarların qəbul edilməsinə cəhdlər edib. Bu qərarlar “Reuters”in qeyd etdiyi kimi, Cənubi Qafqazda sərhədlərə və suverenliyə hörmət prinsiplərini əks etdirmir. Fransa hazırda dünyanın 13 ölkəsində müstəmləkə siyasəti aparmaqla BMT Baş Assambleyasının qəbul etdiyi sənədlərə qarşı çıxır.

Yəni “Reuters”in yazdıqları reallığı əks etdirmir. Fransanın Ermənistana silah satması ilə bağlı məlumata gəlincə, rəsmi Paris bu addımı ilə sülh prosesinə ciddi zərbə vurur. Hələ də Ermənistanda mövcud olan separatçı qüvvələrə dəstək verir. Bu baxımdan, Fransanın Cənubi Qafqazda vasitəçi qismində fəaliyyətinə xitam verir”.
 

Dünyanın istənilən guşəsində baş verənlərdən Ağ Evdə oturanlar ətraflı xəbərdardır. ABŞ-ın özündə fəaliyyət göstərən təşkilatların atdığı addım barədə isə anında yox, qabaqcadan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xəbəri, daha doğrusu razılığı olur. Amma əksər hallarda bir çox təşkilatların və şəxslərin fəaliyyətinə təkcə MKİ yox, həm də rəsmi Vaşinqton göz yumur.

Ona görə ki, ABŞ dövlətinin birbaşa deyə bilmədiyini həmin adamların və təşkilatların dili ilə ortaya atırlar. Deyilən hansısa fikir problem yaradanda isə rəsmi Vaşinqton işin altından çox asanlıqla sıyrılıb çıxır. Bəhanə gətirir ki, “ABŞ demokratik dövlətdir və hər kəsin fikir azadlığı var”.

Amma siyasətdən az-çox başı çıxan hər kəs çox yaxşı bilir ki, ABŞ-da dövlətin istək və gizli planlarını rəsmi qurumlar yox, hansısa QHT-lər həyata keçirir. Məsələn, Soros fondu, USAİD, NED və digər bu kimi təşkilatlar məhz ABŞ-ın üzdə olan nümayəndələridir.
Bu təşkilatlar dünyanın müxtəlif ölkələrində dövlət çevirilişləri həyata keçirir, “narazı elektoratı” maliyyələşdirirlər. Beləcə, QHT-lərin əli ilə rəsmi Vaşinqton dünyada müəyyən düzən qurmağa çalışır. “Ərəb Baharı”, rəngli inqilablar da məhz belə təşkilatların əli ilə reallaşdırılıb.

USAİD-in rəhbəri Samanta Pauer İrəvanda nə axtarır?

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauer son 2 ayda iki dəfə Ermənistana səfər edib. Halbuki, xanım Samantanı indiki vaxtda Qəzza bölgəsində və yaxud Ukraynada görsək, daha düzgün olardı. Çünki hər iki bölgədə sadə insanların maddi və mənəvi dəstəyə ehtiyacı var.

Di gəl ki, Pauer bu qaynar bölgəyə yox, davamlı olaraq Ermənistana gəlir. Səbəb isə aydındır. USAİD dara düşənlərə yardım etmək niyyətində deyil. Bu təşkilatın məqsədi narazı elektoratı ABŞ-ın siyasi maraqları üçün istiqamətləndirməkdir.

Məlum olduğu kimi, ermənilər 44 günlük müharibənin nəticələrindən və 19 sentyabr lokal antiterror tədbirlərindən çox narahat və narazıdır. Bu narazılığı görən USAİD həmin narazı elektoratın revanş istəyini alovlandırmaq üçün İrəvanı “su yolu”na döndərib. Yəni, USAİD ermənilərə can yandırmır, sadəcə ermənilərdən alət kimi istifadə etməyə çalışır.

Məqsədsə odur ki, Ermənistandakı narazı elektorat həm Azərbaycana, həm də Rusiyaya qarşı daha aqressiv olsunlar. Və bu aqressiya müharibəyə qədər inkişaf etsin.

Bu da təsadüfi deyil.

ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxartmaq və özü bu bölgəyə girmək istəyir. Digər tərəfdən Azərbaycanın bölgəyə gətirdiyi sülh Ağ Evin qətiyyən ürəyincə deyil. ABŞ özünü supergüc və dünyanın ağası kimi aparır. Ona görə də çalışır ki, dünyada bütün proseslər rəsmi Vaşinqtonun ssenarisi ilə inkişaf etsin.

Amma Azərbaycan Ağ Evin planlarını pozub, müstəqil şəkildə və təkbaşına bölgəyə sülh gətirib. Bunu həzm edə bilməyən Co Baydenin komandası Azərbaycana müxtəlif təzyiq yollarını işə salıb. Bu variantlardan biri də USAİD-in əli ilə bölgədə müharibəni yenidən alovlandırmaqdır. Ona görə də USAİD-in rəhbəri Samanta Pauer özünün ikinci ofisini İrəvanda “açıb”.

Samanta Paueri Vardanyanla nə bağlayır?

Xanım Pauerin qısa təqdimatı belədir: O erməni milyarder, Azərbaycan xalqının düşməni Robert Vardanyanın yaxın dostudur. Bu iki fərdin çox isti və “işgüzar” münasibətləri var.

Məlum olduğu kimi, Vardanyanın bir zamanlar "Aurora" adlı bir “humanitar” təşkilatı vardı. Nə təsadüf ki, bu təşkilat bir neçə il qabaq təsis etdiyi mükafatlardan birini məhz elə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerə verib. Mükafatın dəyəri isə nə az, nə çox düz 1 milyon ABŞ dollarıdır. Yəni “mükafat” USAİD-ə yox, məhz Samanta Pauerə verilib.

Erməni oliqarx niyə ABŞ xüsusi xidmət orqanlarının agentinə bu qədər pul verib?

Məsələ indi aydın olur. Vardanyan xanım Pauerə 1 milyon dollar rüşvət verməklə həm özünü Beynəlxalq sanksiyalardan xilas edib, həm də dar gününü sığorta etdirmək istəyib. Təsadüfi deyil ki, USAİD rəhbərinin İrəvana son səfəri zamanı müzakirə olunan məsələlərdən biri də Azərbaycanın həbs etdiyi Vardanyan və digər separatçıların “hüquqlarının müdafiəsi” məsələsi olub.

Bundan əlavə, Vardanyan həbs olunduqdan sonra ilkin ifadəsində USAİD rəhbəri ilə “yaxın təmaslar”ını etiraf etmişdi. Üstəlik, erməni oliqarxın Samanta Pauerin vasitəçiliyi ilə ABŞ dövlət orqanları ilə əlaqələrinin olması da ortaya çıxmışdı.

Yəni, Pauer Vardanyanın verdiyi və verə biləcəyi “mükafatlar” qarşılığında onu həbsdən xilas etməyə çalışır. Bu isə nə beynəlxalq hüquqa, nə də ki, USAİD-in nizamnaməsinə uyğun gəlmir. Amma “iştaha diş altındadır”.

İmkan varsa, Pauer niyə növbəti milyonları qazanmasın?!

Təbii ki, Samanta Pauer Vardanyanın azadlığı üçün birbaşa Azərbaycandan xahiş edə bilmir. Buna ən azından onun cəsarəti çatmır. Üstəlik, bu ABŞ-ın və onun əlaltısı olan USAİD-in “prinsipləri”nə uyğun gəlmir. Ona görə də xanım Pauer İrəvana gəlib orada qızışdırıcı tədbirlər həyata keçirir.

Samantanın imkanı olsa, İrəvanın mərkəzi meydanında “Vardanyana azadlıq” şüarı ilə aksiya da keçirər. Bu istək təkcə Vardanyana və onun milyonlarına olan sevgidən qaynaqlanmır. Burada qaranlıq və çirkin məqamlar da var.

Belə ki, Vardanyan təkcə xanım Pauerlə yox, ABŞ-ın çox yüksək çinli məmurları ilə iş birliyində olub. Birgə çox çirkin planlar cızıb, məkrli oyunlar oynayıblar. Məhz bunun hesabına Vardanyan beynəlxalq sanksiyalardan “yayınıb”.

USAİD rəhbəri və digər ABŞ rəsmiləri də narahatdır ki, Vardanyan Azərbaycanın əlini gücləndirəcək faktları ifşa edə bilər. Bunun qarşısını almaq üçün xanım Pauer məşhur kinodakı kimi Vardanyana “qorxma, mən səninləyəm”, - deyir. Üstəlik, Qərbi ifşa edəcək faktları üzə çıxartmamaq üçün mesajlar göndərir.

Məlumdur ki, həm Vardanyan, həm Arutyunyan, həm Saakyan, həm də Qukasyan son 30 ildə təkcə USAİD-lə deyil, ABŞ-ın bir çox rəsmi və qeyri rəsmi qurumları ilə çox oyunlar qurub, çirkli pullar yuyublar. Bu qorxunc faktların üzə çıxacağından narahat olan USAİD rəhbərləri və digər ABŞ rəsmiləri “qara məni basınca, qoy qaranı mən basım” məntiqi ilə hərəkətə keçiblər.

USAİD-in rəhbəri Samanta Pauer və ABŞ-ın bir çox rəsmləri bir məqamı unudurlar ki, Azərbaycan Qərbin şirin vədinə heç zaman uymayıb. Məhz bu səbəbə görə Azərbaycanın işğal altında olan torpaqları Qərbin, daha doğrusu ABŞ-ın müdaxiləsi hesabına yox, Azərbaycan xalqının və dövlətinin iradəsi sayəsində azad oldu.

Bölgədə axan qanın qarşısı kəsildi.

ABŞ-dakı bəzi qüvvələr də Azərbaycanın bu hünərindən çox narahatdır. Üstəlik, okeanın o tayındakılar Azərbaycanın atacağı növbəti addımlardan qorxurlar. Ona görə də Samanta Pauer başda olmaqla digər qüvvələr “qabaqlayıcı və sığortalıyıcı” tədbirlər görürlər. Amma nə fayda. Azərbaycanı haqq yolundan döndərəcək qüvvə yoxdur.

Mənbə: Bizim.Media
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Ermənistanın müdafiə naziri KTMT-nin Müdafiə Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Torosyanın sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Mənbə: gazeta.ru
 
Ardını oxu...
“Hazırda Rusiyaya qarşı tam açılım siyasəti yürüdən Nikol Paşinyan Qarabağla bağlı Moskvaya qarşı demarş edir. Artıq bunu sərbəst şəkildə etməkdədir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, məlum olduğu burada əsas istiqamətlərdən biri Qərbin hərbçilərinin missiya adı altında Zəngəzura gətirilməsi idi:

“Aİ-nin Ermənistandakı missiyası ötən ilin payızında İrəvan-Brussel arasındakı Praqa razılaşmasına görə 3 aylıq Zəngəzurda yerləşdirilmişdilər. Sonra da onların müddətinin uzadılması vaxtı isə əlavə heç bir sənəd imzalanmamışdı. Fevralın 20-dən noyabrın 20-dək hüquqi əsas olmadan bölgədə qalan Aİ missiyasına bugünlərdə leqallıq verildi.

Zaur Məmmədov

Ermənistanla Avropa İttifaqı arasında missiyanın statusu haqqında sazişdə təsbit olunan əsas məsələ odur ki, avropalı missionerlər diplomatik status alırlar. Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir.

Aİ-nin Ermənistandakı diplomatik missiyası faktiki olaraq daha 100 nəfər artacaq. Gələcəkdə isə sayları 500 nəfərə qədər artırıla biliər. Qərbin xüsusi missiyasının nümayəndələrinin diplomatik toxunulmazlığı olacaq. Onların baqajında axtarış aparıla bilməz və beləliklə, yük adı altında silahdan tutmuş, casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək”.
Ardını oxu...
Üç gün əvvəl ABŞ-də yaşayan İran şahzadəsi Rza Pəhləvi tanınmış bloger Patrik Bet-Davidə verdiyi üç saatlıq müsahibədə İranın çağdaş siyasi tarixi ilə bağlı bir çox maraqlı, hətta sensasiya sayıla biləcək açıqlamalar verib.

Bu barədə “Azad İran” “Youtube” kanalı məlumat yayıb.

“SAVAK-ın həbs etdiyi şəxslər Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) rəhbərliyi altında Livanın Biqa vadisindəki Fələstin düşərgəsində terrorçuluq təlimi keçən Əli Xameneyi kimi adamlar idi”, - deyə Rza Pəhləvi şah dövründə ölkənin təhlükəsizlik orqanı olan SAVAK-ın siyasi müxalifləri təqib etməsi və zindana atması barədə sualı cavablandırarkən bildirib.

Şahzadənin hazırkı İran rəhbəri haqqında dediyi bu sözlər Ayətullah Xameneyinin Sovet İttifaqı və onun DTK ilə əlaqələri barədə müzakirələrə yol açıb, o cümlədən Xameneyinin vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində oxuması ilə bağlı mövzu yenidən gündəmə gəlib.

Xameneyinin KQB-nin himayəsində olan və o dövrün terminologiyası ilə desək, üçüncü dünya ölkələri üçün SSRİ-nin hədəflərinə uyğun elitanın formalaşdırılmasına xidmət edən sözügedən universitetdə təhsil alması barədə fikirlər 2010-cu il fevralın 5-də Rusiyanın “Russia Today” (RT) dövlət televiziya kanalının yaydığı bir reportaja əsaslanır.

Kanalın müxbiri Marina Zarubin Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin 50 illiyi ilə bağlı ingilis dilində hazırladığı süjetdə bildirir ki, universitetin məzunları arasında çoxlu yüksək səviyyəli və tanınmış siyasi xadimlər vardır, bu sırada İranın ali lideri Əli Xameneyi və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas qeyd oluna bilər.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib.
Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
“Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib. Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - məlumatda vurğulanıb.

Məsələ ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, Ermənistanın təklif etdiyi sülh müqaviləsi Azərbaycanın düşüncələrinə uyğun deyil:

"Eyni zamanda qarşıya qoyulan öhdəliklər də müqavilədə yer almır. Məsələn, 8 kəndin qaytarılması, təhlükəsizliyin təminatı, keçmiş vurulan zərərlərə görə reperasiyanın ödənilməsi, kommunikasiyalara yönəlik iradənin olması əsas öhdəliklər idi. Bütün bunların olmaması yeni problemlərdən xəbər verir. Rusiya formatında, Qərb raundunda görüşlərdən nəticə çıxmadısa, bunu Tiflisdə davam etdirmək mümkün idi. Buna da Nikol Paşinyan hakimiyyəti razı olmadı. Ermənistanın atdığı addımlar yeni müharibə istəyindən irəli gəlir. Bu baxımdan bunlar da fiaskoya uğrayacaq təkliflərdir və aldatma xarakteri daşıyır.
İndiki məqamda sülh daha çox Ermənistana lazımdır. Əgər Ermənistan hərbi ritorikaya üstünlük verirsə, Azərbaycan da öz siyasi gücünü artırır. Eyni zamanda BMT nizamnaməsinin icazə verdiyi həddə müəyyən imkanları Azərbaycan nəzərdən keçirə bilər. Həmçinin, buna qanuni güc tətbiqi də daxildir".
Ardını oxu...
İsrail televiziya kanalı Kanal 14-ün aparıcısı Şai Golden bir çox ölkələri təhdid edib. Netanyahuya yaxınlığı ilə tanınan kanalda aparıcı tək-tək ölkələrin adını çəkib.

Bakupost.az xəbər verir ki, aparıcı Qəzzadan sonra digər ölkələrdə də savaş olacağını bildirib.

“Bütün öldürülən yəhudilərin intiqamını ağlınıza gəlməyən soyqırımla alacağıq.

Hələ xəbəriniz yoxdur. Livan, ABŞ, İran – biz gəlirik. Hər yerə gələcəyik. İstəyir bütün dünya bizi boykot etsin, ABŞ daxil hər kəsi qarşımıza alacağıq. Biz əvvəl-axır sizi yox etməyə gələcəyik. Paylaşın bunu, mən xəbərdar etdim” – deyə aparıcı içindəki nifrət və vəhşəti bölüşüb.
 

Dünyapress TV

Xəbər lenti