Ardını oxu...
Ermənistan nümayəndə heyətinin COP29-a qatılacağını istisna etmirəm. Tədbir hələ 8 gün davam edəcək.
Bakıdakı tədbirə açılışdan sonra qatılan rəsmilər də var. Ermənistanı təmsil edə biləcək rəsmi ona görə ilk gündən COP29-a qatılmayıb ki, açılışda Qarabağın işğaldan azad edilməsinə dair Prezident İlham Əliyevin çıxışındakı fikirləri dinləməli və toplantıda azad olunan şəhərləri göstərən filmi izləməliydi.
Yəqin baş nazir Nikol Paşinyan düşünüb ki, bu halda başçılıq etdiyi hökumətə qarşı radikal müxalifət fəallaşacaqdı. Ona görə də tədbirin açılışında iştirak etməməyə qərar veriblər.
Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyatı yoxdur. Nikol Paşinyan çox çalışırdı ki, Bakı İrəvanla yarımçıq sənədi imzalasın və o COP29-da iştirak etsin.
Bu baş vermədi. Danışıqlar isə COP29-dan sonra dayandığı yerdən davam edəcək.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Qərb dövlətləri arasında narahatlığın mövcudluğu müşahidə edilir. Xüsusilə də, Avropa məkanında olduqca ciddi təlaş hökm sürür. Belə ki, Qərb siyasi dairələri qeyri-müəyyən mərhələnin başlanmaq üzrə olduğuna əmindirlər. Bu mərhələnin inkişaf istiqamətləri barədə isə hələlik elə bir ciddi aydın təsəvvürlərə malik deyillər. Və bu baxımdan, Qərb siyasi dairələrində yeni situasiyanın arzuolunmaz nəticələrinə indidən hazırlaşmaq istiqamətində müəyyən addımların atılmasına cəhdlərin göstərildiyi də nəzərə çarpır.

Onu da qeyd etmək lazımdır ki, Qərbdə, xüsusilə də, Avropa məkanında yaşanan siyasi-iqtisadi dalğalanmanın əsas səbəbi ABŞ-da keçirilmiş növbəti prezident seçkilərində Donald Trampın yenidən qalıb gəlməsi hesab olunur. Çünki Ağ Evin yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq yeni sahibi seçkiqabağı Avropa Birliyi üçün olduqca təhlükəli vədlər vermişdi. Üstəlik, Qərb siyasi dairələri hesab edirlər ki, Ağ Evin yeni sahibi öz vədlərinin mütləq əksəriyyətinə sadiq qalmaqda israrlı mövqe tuta bilər. Və xüsusilə də, Avropa Birliyi ABŞ-ın Tramp administrasiyası tərəfindən vəd edilən yeni xarici siyasət kursuna qətiyyən hazır deyil.

Məsələ ondadır ki, yeni prezident Donald Tramp Avropa Birliyi ölkələrinin təhlükəsizlik maraqlarının təmin olunmasına ABŞ-ın dövlət büdcəsindən fantastik məbləğlərin sərf olunmasını yolverilməz hesab edir. Onun fikrincə, hər bir dövlət öz milli təhlükəsizlik maraqlarına yetərincə maliyyə vəsaiti xərcləməlidir. ABŞ bunu onların əvəzinə etməyə qətiyyən borclu deyil. Və bu, o deməkdir ki, Tramp administrasiyası Avropa Birliyinin təhlükəsizliyinə xərclənən maliyyə vəsaitlərini maksimum səviyyədə məhdudlaşdırmağa, hətta ümumiyyətlə, kəsməyə hazırlaşır.

Ona görə də, indi Avropa Birliyi ölkələri milli təhlükəsizlik problemlərini həll etmək üçün əlavə maliyyə qaynaqları yaratmaq məcburiyyətində qalıblar. Son illərə qədər ABŞ-ın Avropadakı hərbi bazaları və NATO-nun "təhlükəsizlik çətiri" sayəsində hərbi xərclərini minimuma endirmiş bu ölkələr indi qeyri-adi situasiya ilə üzləşiblər. Hər halda, Avropa Birliyi ölkələri hazırda "təhlükəsizlik vakuumu"nda qala biləcəklərini anlamağa başlayıblar. Və bu, Qərb ölkələri üçün ən arzuolunmaz yeni hərbi-siyasi çağırışların sırasına daxildir.

Mövcud situasiyanın təhlükə səviyyəsini Ukrayna savaşında qeyri-müəyyən vəziyyətin yaranması daha da artırır. Çünki Avropa Birliyi Rusiyaya qarşı artıq bumeranq effekti verməyə başlamış ağır iqtisadi sanksiyalar tətbiq etsələr də, Ukrayna ordusunun silah-sursatla təchiz olunmasına külli miqdarda maliyyə vəsaiti xərcləsələr də, yekun nəticələr hələlik ümidverici deyil. Tramp administrasiyasının Avropa ölkələri üçün bufet zona rolunu oynayan Ukraynanı qurban verərək, Rusiya ilə sülh anlaşmasına cəhd göstərməsi situasiyanı daha da qəlizləşdirir. Və "qoca qitə"yə qarşı Rusiya təhlükəsini yenidən aktuallaşdırır.

Belə vəziyyətdə Avropa Birliyi ölkələri üçün dərhal hərbi xərcləri maksimum səviyyədə artırmaqdan başqa çıxış yolu qalmır. Halbuki, Avropa Birliyi ölkələrdə mövcud olan həyat şərtləri şəraitində bunu etmək o qədər də asan məsələ deyil. Belə ki, Avropa məkanında əhali yüksək həyat standartlarına vərdişlidir. Avropa Birliyi ölkələrinin hərbi xərcləri artırması üçün isə hazırda sosial təminat paketlərini arxa plana keçirməkdən başqa maliyyə qaynağı tapmaq çox çətindir. Və bu, Avropa ölkələri üçün həm də daxili sosial-siyasi təlatümlər vəd edir.

Məsələ ondadır ki, sosial xarakterli xərclərin azaldılmasının Avropa ölkələrində əhalinin ciddi narazılığına səbəb olacağı qətiyyən şübhə doğurmur. Üstəlik, bunun ilkin əlamətləri artıq müşahidə olunmağa başlayıb. Belə ki, Almaniya, Fransa, Hollandiya və s. kimi ölkələrdə sosial xarakterli maliyyə ayırmalarının hərbi təhlükəsizlik maraqlarına yönəldilməsi ciddi ölkədaxili etirazlara yol almaqdadır. Və Avropa dövlətləri bütün daxili müqavimətə baxmayaraq, bu prosesi davam etdirməyə məcburdur.

Göründüyü kimi, Avropa məkanında situasiya qəlizləşməyə başlayıb. Prezident Donald Trampın hələ səlahiyyətlərinin icrasına başlamadan ABŞ üçün müəyyən etdiyi yeni siyasi prioritetlər bu məkanı artıq qarışdırmaq üzrədir. Bəzi məlumatlara görə, hazırda Avropa məkanında sosial-iqtisadi böhran yaranmağa, siyasi təlatümlər ön plana keçməyə başlayıb. Avropa Birliyi ölkələrinin ortaq valyuta vahidi olan avro ABŞ dollarına münasibətdə dəyər itirir. "Qoca qitə"nin önəmli nəhəng şirkətləri isə müflis olmaq təhlükəsinə sürətlə yaxınlaşır. Və bu, Avropa Birliyinin çöküşünə belə, yol aça biləcək təhlükəli prosesin yalnız başlanğıcı hesab olunur.

Məsələ ondadır ki, sosial-iqtisadi böhranın ilkin əlamətləri Avropa məkanında radikalizmi və ultramillətçi siyasi cərəyanların güclənməsinə də münbit şərait yaradır. Belə situasiya yaxın gələcəkdə bu məkanda kütləvi iğtişaşlarla yanaşı, siyasi-ideoloji xarakterli hakimiyyət dəyişikliklər də vəd edir. Yəni, Qərb siyasi dairələrinin bütün dünyaya "dərs keçməyə" vərdiş etdikləri dəyərlər arxa plana keçmək üzrədir. Və bu, Avropa Birliyi məkanını tezliklə adətən, başqa ölkələri ittiham etdikləri avtoritarizmə doğru sürükləyə də bilər.

Digər tərəfdən, Avropa Birliyi iqtisadiyyatının zəifləməsi daha böyük problemlər də vəd edir. Belə ki, indiki situasiyanı dəyişmək mümkün olmazsa, Avropa Birliyinin mövcudluğu da böyük təhlükələr qarşısında qala bilər. Çünki iqtisadi daralma növbəti mərhələdə Avropa Birliyinin rəqabət potensialına sarsıdıcı zərbələr vəd edən əsas neqativ faktorların sırasına daxildir. Xüsusilə də, Avropa Birliyi ABŞ və Çin ilə iqtisadi rəqabətdə mövqelərini qorumaq məcburiyyətindədir. Və buna nail olunmazsa, Avropa Birliyində mərkəzdən qaçma prosesi, daha sonrakı mərhələdə isə ümumiyyətlə, parçalanma, çöküş reallığa çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
        
Ardını oxu...
“Ukrayna Qərbə arxalana bilər”, amma... – “Məsuliyyətli siyasətçiyəm, bunu tək etməyəcəyəm”
Almaniya kansleri Olaf Şolts Kiyev və digər tərəflərin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsi üzrə danışıqlar aparmağa hazırdır. Bu barədə kansler Almaniyanın ARD telekanalındakı proqramda deyib.

“Bəli, yeri gələndə Rusiya Prezidenti ilə danışacağam. Ancaq mən məsuliyyətli bir siyasətçiyəm, bunu tək etməyəcəyəm”, deyən Şolts danışıqları “tezliklə” bərpa etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti ilə dialoqa başlamazdan əvvəl bir sıra təmaslar qurulacaq və digər tərəflərlə, o cümlədən Ukrayna ilə danışıqlar aparılacaq: “Ukrayna bizə - Qərbə arxalana bilər və tək qalacağından qorxmamalıdır. Eyni zamanda, bu müharibənin genişlənməsinin qarşısını almaq üçün hər şey ediləcək. Təbii ki, biz bu müharibənin qeyri-müəyyən müddətə davam edib-etmədiyini və ya onu bitirmək üçün yolların tapıla biləcəyini öyrənmək üçün bir yol olub-olmadığını görməliyik”.

Qeyd edək ki, Şoltsla Putin arasında sonuncu danışıq 2022-ci ilin dekabrında baş tutub. Kansler Rusiya liderini qoşunları Ukrayna ərazisindən çıxarmağa və münaqişənin diplomatik yolla həllinə davam etməyə çağırıb.

Oktyabrın ortalarında Almaniya kansleri artıq Rusiya hakimiyyəti ilə Ukraynadakı hərbi münaqişənin həlli yollarını müzakirə etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, Rusiya tərəfi ilə danışıqlar Almaniyanın ən yaxın müttəfiqləri ilə koordinasiya əsasında aparılmalıdır və qərarlar “Ukraynanın arxasından” qəbul edilə bilməz.

Oktyabrın əvvəlində “Die Zeit” nəşrinin Almaniya hökumətindəki mənbələri Şoltsun ​​Ukraynanı müzakirə etmək üçün yaxın həftələrdə Putinə zəng etməyi planlaşdırdığını bildirib. Almaniyanın xarici işlər naziri Annalena Berbok daha sonra Rusiya Prezidentinin Almaniya kansleri ilə “danışmağa hazır olmadığını” söyləyib.

Bundan əvvəl Şolts Ukraynadakı müharibəni daha tez bitirməyə və Rusiya ilə sülh sazişini müzakirə etməyə çağırmışdı. “La Repubblica” yazırdı ki, o, Ukraynada müharibəyə son qoymaq üçün kansler plan hazırlayıb ki, bu da Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etmir. Nəşr qeyd edirdi ki, Şolts Almaniyanın daxili siyasətində öz mövqelərini möhkəmləndirmək üçün “Dünyanın kansleri” kimi tarixə düşmək və “Ukrayna kartını oynamaq” istəyir.

Öz növbəsində, Qərb və Ukrayna rəsmiləri arasında olan “Financial Times” mənbələri bildiriblər ki, maliyyə, silah-sursat və Ukrayna ordusunun təchizatı ilə bağlı problemlər səbəbindən Qərb və Kiyev münaqişənin Almaniya ssenarisi üzrə həlli imkanlarını getdikcə daha çox nəzərdən keçirir. Söhbət Ukraynanın itirdiyi əraziləri qaytarmadan münaqişənin başa çatacağı, Kiyevin nəzarətində olan hissənin isə NATO-ya qoşulacağı və Alyansın təhlükəsizlik zəmanətlərinə tabe olacağı ilə bağlı razılaşmalardan gedir.

Müəllif: Turan Abdulla
 
 
 
Ardını oxu...
Ermənistan lobbisi və kapitulyant Ermənistan ABŞ-da Donald Trampın növbəti 4 illik prezidentliyi dövrünə hazırlaşır. Bu xüsusda şübhəsizi, onların yaxın-uzaq hədəflər var. Əlbəttə ki, Azərbaycanın milli maraqları ilə uzlaşmayan hədəflər. Söhbət xüsusən də faşist ideologiyalı, iki qonşu xalqın barışığını istıməyən erməni diasporu və onun kapitulyant ölkədəki uzantılarından, o cümlədən radikal-revanşistlərdən, daşnaklardan gedir...

“Ermənistan Azərbaycanla müharibəyə hazır deyil”.

Bunu özünü hərbi ekspert sayan Leonid Nersisyan yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan belə bir duruma tezliklə hazır olmayacaq. “Hələ üzərində işləməli olduğumuz çox şey var. Kiçikmiqyaslı toqquşmalar mümkündür, amma söhbət daha böyük, genişmiqyaslı müharibədən gedirsə, hələ çox iş görməliyik. Anlamaq lazımdır ki, hər şeyi bir gündə etmək mümkün deyil, vaxt lazımdır”, - Nersisyan bildirib.

Erməni revanşistin məntiqinə diqqət edin. Nersisyan sülhün yox, müharibənin xiffətini çəkir! Müharibə üçün darıxır. Bu dığa heç də demir ki, Ermənistana müharibə yox, sülh lazımdır, deyir ki, biz hələlik müharibəyə hazır deyilik, bu yöndə ciddi işləməliyik və...

Və günün birində Azərbaycana qarşı yeni işğalçı müharibəyə başlasınlar. Bundan ötrü “hüquqi” əsasları da var əllərinin altında – Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyası. Məhz elə bu məqsədlə - gələcək hədəf naminə həmin müddəanı konstitusiyadan çıxarmırlar.

Ötə yandan, Nersisyan tək deyil. Gerçəkdə o, erməni toplumundakı dominant ovqatı, Türkə nifrəti ifadə edir...

Az öncə “Gellup”un keçirdiyi sorğu müəyyən etmişdi ki, ermənilərin böyük əksəriyyəti konstitusiyadan ərazi iddiası barədə bəndin çıxarılmasının qəti əleyhinədir. Nə demək bu? Əlbəttə ki, gələcək üçün, münasib vaxt üçün müharibə sifarişi, revanşizm sifarişi!

Əgər Ermənistan rəhbərliyi də vaxtaşırı bəyan edirsə ki, “Bakının konstitusiya tələbinin sülh müqaviləsinə heç bir dəxli yoxdur, bu, bizim daxili işimizdir”, üstəgəl, İrəvan yaxın keçmişin qalığı olan bədnam Minsk Qrupundan hələ də bərk-bərk yapışıbsa, o zaman Paşinyan iqtidarının revanşist zümrə ilə aşağı-yuxarı eyni mövqedə olduğuna şübhə qalmaz...

O səbəbə iki gün öncə, Zəfər Günündə Prezident İlham Əliyev bir daha İrəvana ismarış göndərdi ki, Ermənistan silahlanmanı dayandırmalıdır. Gözlənildiyi kimi, qonşu ölkədə bu mesaj yenə süngü ucunda qarşılanıb. “Motiv” də budur ki, Azərbaycan silahlanırsa, Türkiyə, İtaliya kimi NATO dövlətlərindən silah-sursat, hərbi texnika alırsa, Ermənistan niyə eynisini edə bilməz?

Edə bilməz, ona görə ki, Azərbaycan işğaldan təzəcə qurtulmuş və heç bir ölkəyə, o cümlədən Ermənistana torpaq iddiası olmayan dövlət. 44 günlük müharibədə Müzəffər Ordumuzun İrəvana kimi getməsinə, yaxud sərhəd boyu Ermənistan tərəfdən “təhlükəsizlik zolağı” yaratmasına heç bir maneə yox idi.

Ermənistanın silahlanması isə qonşusuna hələ də ərazi iddiası olan dünənin işğalçı ölkəsinin, təcavüzkar siyasətdən imtina etmək istəməyən bir ölkənin silahlanması və müharibə hazırlığı. Aradakı əsas fərq bu, cənab haylar. Bizim də, dünyanın da gözünə kül üfürə bilməzsiniz...

Odur ki, erməni tərəfi nə qədər gec deyil, Bakının xəbərdarlıqlarını ciddiyə almalı, daşı ətəyindən tökməli və siyasi populizmlə məşğul olmağa son qoyub sülh müqaviləsinin imzalanması yönündə real addımlar atmalıdır, nəinki savaş hazırlığını davam etdirməlidir.

Elə addımlar ki, müharibəni deyil, məhz sülhü yaxınlaşdırsın. Əks təqdirdə günün birində Ermənistan adlı qondarma dövlətin özünün varlığı sual altına düşəcək və müharibə əleyhdarı olan Tramp da ona kömək edə bilməyəcək...

Musavat.com
 
 
 

 

Ardını oxu...
  

 

Şabranlı sahibkar Mansur İbrahimov videomüraciət yayaraq ölümlə təhdid edilməsi, bu haqda ona məlumatların çatdırılmasını açıqlayıb.

 Musavat.com xəbər verir ki, sahibkar videomüraciətində ona qarşı şərləmə kampaniyası aparıldığını, polis və prokurorluq orqanlarına əsassız şikayətlər göndərildiyini, yaşadığı ünvana şərləmə kampaniyasında iştirak edən qadınların göndərilərək ailə üzvlərinin təhqir olunduğunu açıqlayıb.

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevi 6 ildir ki, məhkəməyə vermişəm. İddialarıma baxılır, artıq bir əmlakımla bağlı qərar verilib, özümə qaytarılır. Belə bir vaxtda barəmdə Şabran Polis İdarəsinə, Şaban Prokurorluğuna əsassız şikayətlər verilir. Üstəlik qapıma qadın göndərib ailə üzvlərimə, ünvanıma təhqiredici ifadələr dedizdirirlər. Artıq eşidirəm ki, fiziki təzyiqlər də göstərəcəklər. Mənə qarşı nələr edəcəklərini çatdırırlar”.

Mansur İbrahimov bildirib ki, ona qarşı şər-böhtan kampaniyasında iştirak etmək üçün 25-ə yaxın şəxs səfərbər olunub: “Baş prokuror Kamran Əliyevdən, Dövlət Təhlükəsizliyi Xidməti rəisi Əli Nağıyevdən, daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənə qarşı şər-böhtan kampaniyasını durdurmaq üçün müvafiq ciddi tədbirlər görülsün”.

Qeyd edək ki, Mansur İbrahimov 2019-cu ildən başlayaraq Şabran rayonunda əlindən alınmış əmlaklarının geri qaytarılması üçün məhkəməyə üz tutub. Ötən 6 ildə qarşı tərəf olan sabiq deputat İlham Əliyev daha çox məhkəmə proseslərinin süni şəkildə uzadılmasına xidmət edən iddialarla çıxış edib.

Mansur İbrahimov deyir ki, sabiq deputatın qaynatası Ramiz Mehdiyev vəzifədə olduğu illərdə Şabranda onun  şirkətləri və 100 hektarlarla meyvə bağları əlindən alınıb.

Ardını oxu...

“Hazırda Sumqayıt Kommersiya Məhkəməsində iddialarıma baxılır. Kürəkən hər dəfə məhkəmələrə bir əsassız iddia verməklə prosesin mümkün qədər uzadılmasını, bununla da bağlarımın özünün istifadəsində saxlamasına çalışır. Başa düşür ki, gec-tez bağ torpaq sahələrimi geri qaytarmalı olacaq. Ona görə də fiziki məhvim, eyni zamanda şər-böhtan kampaniyasına başladıb. Ən son Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinin əsassızlığı bilir, buna baxmayaraq məqsədli şəkildə məhkəməyə müraciət etməklə vaxt qazanır: “Bu adam məhkəməyə müraciət etmək hüquqdan sui-istifadə edir, üstəlik hər bir məhkəmə prosesinin də mümkün olan bütün vasitələrə əl atmaqla uzadır. Oktyabrın 30-na təyin olunan proses də istisna olmadı. Bu dəfə də məhkəməyə vəkilinin atasının ölümü ilə bağlı məlumat veriblər. Əsassız yerə məhkəmə prosesini uzatmaq üçün çoxsaylı belə məlumatlar verdiklərindən, vəkilinin atasının ölüm xəbərinə də inanmıram. Ona görə də müvafiq araşdırılma tələbi ilə məhkəməyə rəsmi qaydada müraciət etmişəm.

Noyabrın 6-da təyin edilən prosesdən əvvəl də elektron məhkəmə sisteminə sənədlər yerləşdirdilər, işin dayandırılması üçün iddia verdilər. Bütün bunlar 1 məqsədə xidmət edir – 100 hektarlarla bağ sahələrim İlham Əliyevin nəzarətində maksimum uzun zaman saxlaya bilsinlər! Bu, Azərbaycan məhkəməsindən, məhkəməyə müraciət etmək hüququndan sui-istifadədir. Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova rəsmi qaydada müraciət edirəm ki, sabiq deputatın Azərbaycan məhkəməsindən sui-istifadəsinin qarşısını alsın”. 

Mansur İbrahimov deyib ki, Ramiz Mehdiyevin kürəkəninin məqsədi ona məxsus olan, illər öncə ələ keçirdiyi torpaqlarımdakı bağlarda əkdiyi ağacların meyvəsini yığıb satmaq, külli miqdarda vəsaiti ələ keçirməkdir: “Bu adam məhkəmələrə heç bir əsası olmayan vəsatətlər, iddialar verməklə hüquqdan sui-istifadə edir. Günü-günə, ayı-ilə calayırlar ki, bağlarımdan meyvələri yığıb satsınlar. Azərbaycan məhkəmələrindən öz maraqlarının təmin edilməsi üçün bu şəkildə istifadə edir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti də məhz buna xidmət edir. Sadəcə bu yolla vaxtı uzadır ki, bağlarımda bacardıqca çox qalıb meyvələri talasınlar. Tonlarla gilası, almanı, armudu və ən müxtəlif meyvələri mənə məxsus bağlardan oğurlayıb, satırlar. Bütün bu oğurluqlar vaxt uzadılması hesabına baş tutur. Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə mənim iddiama baxılarkən qarşı tərəf dəqiq bilirdi ki, haqsızdır, məhkəməni uduzacaq. Daha Ramiz Mehdiyev də vəzifədə deyil ki, məhkəmə sədrlərinə zəng edib kürəkəni üçün istədiyi hökmü, qətnaməni verdirə bilsin. Ona görə də məhkəmədə vəkili bir-birindən əsassız, iş üçün heç bir əhəmiyyət kəsb etməyən vəsatətlər verirdi.

Təsəvvür edin, vəsatətlərdən biri təsisçinin prosesə dəvət olunması, digəri zəbt olunmuş torpaqların yerləşdiyi bələdiyyə sədrinin prosesə çağırılması, daha biri mənim şikayətlərim üzrə başlanmış cinayət işindən sənədlərin tələb olunması ilə bağlı idi. Həm də hər 3 vəsatətlə bağlı prosesin təxirə salınmasını, yenidən vaxt qazanmalarına şərait yaradılmasını istəyirdilər. Məhkəmə hər 3 vəsatəti araşdıraraq əsassız olması səbəbindən rədd etdi. Buna qədər də təyin olunan 3 proses İlhamın vəkilinin təqdim etdiyi vəsatətlər və xahişlər səbəbindən baş tutmamışdı. Hər dəfə bir səbəblə prosesin təxirə salınmasını xahiş edirdilər ki, bağlarda meyvə yetişsin, yığıb satsınlar! Bütün güclərini prosesin maksimum uzanmasına səfərbər etmişdilər. İndi də Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməklə bağlarımdan çıxmalarını ləngitməyə çalışırlar”.

Onun sözlərinə görə, proses süni şəkildə, hüquqdan sui-istifadə edilməklə uzandıqca zəbt olunan bağları Mehdiyevin kürəkəninin nəzarətində qalır və bağlardakı ağacların meyvələri yığılaraq satılır, böyük gəlir də müvafiq olaraq onun cibinə gedir.

Ramiz Mehdiyevin kürəkəni deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində sahibkar Mansur İbrahimova məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib. Bu haqda sahibkarın dediklərindən sitat: “Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı. “Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması barədə məlumatların – xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu. Bilindi ki, Mehdiyevin kürəkəni mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı iddiaya baxılır. DİN-in bu araşdırmasına qədər, 2020-ci ilin sentyabrında Şabran Rayon Məhkəməsində mənim Mehdiyevin kürəkəninə qarşı zəbt olunmuş bağ torpaq sahələrimin geri qaytırılmasına dair iddiama baxılıb şikayətim təmin olunmuşdu. Məhkəmə qaydasında qət olunmuşdu ki, sabiq deputat mənim torpaqlarımdan çıxarılmalıdır.

Mehdiyevin kürəkəni həmin qətnamədən apellyasiya şikayəti verdi. Şikayətə hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxıldı, sabiq deputatın şikayəti qanunsuz və əsassız olduğundan rədd edildi. Sabiq deputat bu dəfə Ali Məhkəməyə şikayət verdi və işin kommersiya xarakterli olmasını əsas gətirməklə kommersiya instansiyasına verilməsini tələb etdi. Bütün bu şikayətlər, qarşılıqlı iddialar hüquqdan, qanunlardan sui-istifadə, sırf məhkəmələrin süni şəkildə uzadılmasına xidmət edən addımlardır.

Məhkəmələrin gedişində sabiq deputatın ətrafı açıq şəkildə deyirdi ki, məhkəmələri özləri uzadırlar ki, vaxt udsunlar, zəbt olunan torpaqların mümkün qədər çoxu onların istifadəsində qalsın. Hər ötən il mənim torpaqlarımda əkib-becərdiyim ağaclardan meyvələri yığıb satır, külli miqdarda gəlir əldə edirlər. Buna görə də heç bir əsası olmayan şikayətlərlə məhkəmələri uzadırdılar. Sabiq deputatın Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia da bu qəbildən idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Almaz Süleymanova onun bu şikayətini də rədd etdi. Vaxt, zaman isə gedir. İllərdir ki, zəbt olunan torpaqlarımı Azərbaycan dövləti mülkiyyətimə qaytara bilmir. Mehdiyevin kürəkəni bu gün də özünü qanunlardan üstün bilir”.

Mansur İbrahimov bildirmişdi ki, 2011-ci ildə Mehdiyevin kürəkəni Kərim Məmmədov və Məhəmməd Balaqadaşov vasitəsilə onunla tanış olub. O zaman sabiq deputat ona şəriklik təklif edib. Şərti də bu olub ki, o, sərmayə qoyacaq, Mansur İbrahimov isə şirkətin genişlənməsini təmin edəcək:

“Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, kürəkənin təklifi ilə razılaşmalı oldum. İttiham olunan şəxs “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki sabiq deputat vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdılar. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. kürəkən cibində deputat mandatı qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də Mehdiyevin kürəkəninin özbaşınalığı ilə bağlı şikayət etməmişdim. 2019-cu ilin avqustunda sabiq deputat mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram, digər sahələrdə işimi genişləndirərəm. Lakin ittiham olunan şəxs alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlə bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var. Bundan başqa, Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. O, həmin məbləği mənə ödəməlidir. Sumqayıt Kommersiya Məhkəməsində kürəkənə qarşı iddia tələbim bu olmuşdu ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com


Ardını oxu...
  

Türkiyə Orta dəhlizlə bağlı özəl təmsilçi təyin etməyə hazırlaşır və bu yöndə iki qardaş ölkə səylərini birləşdirir; logistikalar uğrunda geostrateji savaşın dərinləşdiyi vaxtda bu xəttin açılması Azərbaycana geniş imkanlar verəcək

Yeni dünya düzəninin diktə etdiyi müasir çağırışlar şəraitində böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizlik səbəbindən Rusiya və Ukrayna ərazisindən keçən bir sıra mühüm nəqliyyat dəhlizlərinə maraq xeyli azalıb. Belə bir şəraitdə Orta dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin cəlbediciliyi artıb. “Yeni Müsavat” xatırladır ki, Orta dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılıb. Hazırda Orta dəhliz Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. 

Torpaqlarımızın işğaldan azad olunması Ermənistanın uzun illər blokadada saxladığı Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat əlaqəsinin təmin olunmasına imkan yaradır. Bu isə artıq tarixi zərurətə çevrilən Zəngəzur dəhlizi vasitəsilə mümkün olacaq. Zəngəzur dəhlizi blokadanı yarmaqla yanaşı, Orta dəhlizin mühüm seqmenti kimi Türkiyəyə, oradan da Avropaya çıxışı xeyli asanlaşdıracaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta dəhlizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta dəhliz vasitəsilə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək. 

Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, üzv ölkələr arasında ticarətin inkişafı və Ortaq dəhlizin effektiv istifadəsi üçün xüsusi təmsilçi təyin edilməsi yönündə Prezident İlham Əliyev Şuşa sammitində təklif irəli sürüb. Ərdoğan bununla bağlı özəl təmsilçi təyin etməyə hazırlaşdıqlarını nəzərə çatdırıb: “Bununla bağlı xüsusi addım atmağa hazırlaşdığımızı bildirmək istəyirəm”. Şübhəsiz ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta dəhliz vasitəsilə gələn yükləri ötürmək imkanları daha da genişlənəcək. Türkiyənin Orta dəhlizlə bağlı özəl təmsilçi təyin etməyə hazırlaşması həm də o anlama gəlir ki, Zəngəzur dəhlizinin açılması üçün Bakı və Ankara səylərini birləşdirəcək.

Bu koridorun açılması prosesinin Ağ Evin yeni lideri Donald Tramp dönəmində sürətlənəcəyi də ehtimal edilir. Ərdoğan “dostum Trampı təbrik edirəm” mesajını verdi, həmkarı Əliyev də onu təbrik etdi, üstəlik, ABŞ-ın yeni seçilən prezidenti Baydendən fərqli olaraq qatı ermənipərəst deyil, dəhlizin işə düşməsi üçün dəstək verəcəyi və Ermənistana təzyiq göstərəcəyi gözlənilir. Əgər Fransa əngəl olmağa davam etməsə...

“Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycanın Zəngəzuru götürmək fürsəti mümkündür”,  - politoloq Suren Sarkisyan deyib. Onun sözlərinə görə, bunun fonunda çəkindirici mexanizmlər də nəzərə alınmalıdır. “Bəli, Azərbaycanın imkanı olacaq, lakin çətinliklər də olacaq”, - erməni analitik deyib. 

Ardını oxu...

Oqtay Qasımov

Siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a dediyinə görə, Ərdoğanın bu fikri çox maraqlıdır: “İlk dəfə idi ki, bu niyyət bəyan olunurdu. Söhbət tək Zəngəzur dəhlizindən getmir, bu yol Orta dəhlizin bir komponentidir, ümumiyyətlə, bu logistikanın fəaliyyəti üçün xüsusi təmsilçilikdən danışılır. Məncə, iki ölkə potensiallarını bir araya gətirərək, bu istiqamətdə praktiki addımlar atacaq. Bilirsiniz ki, dəhlizin işləməsi üçün tariflər və bir sıra məsələlər də həll olmalıdır. Türkiyə bu dəhlizin dayanıqlı və təhlükəsiz işləməsində maraqlı olan tərəfdir. Ona görə ortaq mövqelərin birləşdirilməsi göz qabağındadır”.  

O.Qasımovun fikrincə, Trampın dəhlizin açılmasına dəstəyini əminliklə söyləmək çətindir: “Çünki ziddiyyətli siyasətçidir, proqnozlaşdırıla bilən şəxs deyil. Onun əsas prinsiplərindən biri Çinlə olacaq. Tramp əvvəlki hakimiyyəti dövründə də Çinlə ticarət savaşı aparmışdı, Amerikanın əleyhinə mənfi saldonu aşağı salmağa çalışırdı. Çünki ABŞ-ın istehsalı Çindən aşağı idi. O baxımdan Trampın Çinin marağı olan Orta dəhlizə dəstək verəcəyini indidən proqnozlaşdırmaq çətindir. Amma Avropa İttifaqı bu məsələdə maraqlıdır və maliyyə ayırmaq qərarı verib. Sadəcə, elə bir qlobal nəqliyyat layihəsidir ki, Amerika özünün maraqlarından çıxış edəcək. Bütün hallarda ABŞ Orta dəhlizin açılmasının qarşısını ala bilməyəcəyini bildiyi üçün hansısa şəkildə öz iştirakını təmin etməyə çalışacaq”. 

Ardını oxu...

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırma Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, Orta dəhliz ümumi bir marşrutdur, bütün yol Azərbaycan ərazisindən ibarət deyil: “Azərbaycan bu yolun açılması üçün xüsusi təmsilçi olması ideyasını təklif edib. Orta dəhlizlə bağlı müxtəlif platformalarda ayrı-ayrı ölkələrin nümayəndələri, liderləri fikirlər səsləndirir, amma pərakəndəlik müşahidə olunur, ona görə də koordinasiya xarakterli iş aparmaq üçün təmsilçi təyinatına ehtiyac var. Bu təmsilçi Türkiyədən, yaxud Azərbaycandan olmaya bilər. Yəni bir qrup yaradıla bilər, dəhlizin açılmasında iştirakçı ölkələrdən bir təmsilçi seçilə bilər. Əsas məsələ budur ki, ortada bir niyyət var”. 

X.Bəşirov hesab edir ki, Türkiyə və Azərbaycan ortaya konkret mövqe qoyurlar: “Çünki dəhlizin reallaşması üçün 4 il keçib, hansısa halqada qırılma görünməkdədir. Bu yubanma var və dəhlizin yerləşdiyi yolda yerləşən hər bir ölkənin bu koordinasiya mərkəzində yanaşması vacibdir. O zaman daha aydın şəkildə diaqnoz qoyula bilər ki, dəhlizin açılmasına əngəl olan səbəblər və ya qüvvələr kimlərdir. Biz bunu müəyyən edərək iş aparmalıyıq”. Siyasi şərhçi Orta dəhlizin açılmasının qaçılmaz olduğunu düşünür: “Bütün hallarda bu logistika işə düşəcək. Burada müxtəlif güc mərkəzlərinin fərqli baxışları var. Amma ümumən Çindən Avropaya qədər nəhəng, qısa və gəlirli bir kommunikasiya hərəkətdə olacaq. Təbii ki, malların tez bir vaxtda, daha az xərclə çatdırılmasına kömək edəcək. Zəngəzur dəhlizi bu marşrutun bir hissəsidir. Hazırda Ermənistan yola nəzarəti Rusiyaya vermək istəmir, İran əleyhinə çıxır, ona görə də mürəkkəb vəziyyət yaranıb”. 

Emil SALAMOĞLU, 
“Yeni Müsavat”

 

Ardını oxu...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı müxtəlif mövzular müzakirə edilib. Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir. Bu mövzu Fransa Prezidentinin ötən il Qazaxıstana səfər zamanı da müzakirə edilib. Məsələ burasındadır ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ehtiyacı var. Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini təşkil edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən Parisin diqqəti Qazaxıstana yönəlib.
Fransanın EDF şirkəti Qazaxıstandanda ilk atom elektrik stansiyasının inşasında iştirak etmək istəyir. Astana Fransa şirkətinin tikintidə iştirakını mümkün sayır. Ancaq Kasım-Jomart Tokayevin mövqeyi belədir ki, atom elektrik stansiyasının tikintisində bir neçə dövlətin şirkəti iştirak etməlidir. Bu Astananın yürütdüyü balans siyasətinə də uyğundur. Misal üçün Rusiyanın “Rosatom” şirkəti də Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak etmək istəyir. Çin də bu prosesdən kənarda qalmaq istəmir. 2023-cü ildə Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü rekord həcmdə olub. 2023-cü ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2,46 milyard dollar təşkil edib. Bu 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Rusiya və Çin Qazaxıstandan uran idxalını daha da artırmağa çalışırlar. Belə olan halda Fransanın Qazaxıstandan uran almaq istəyi Moskva və Pekində narahatlıqla qarşılanacaq. Digər tərəfdən Fransa şirkətinin Rusiya və ya Çin şirkəti ilə birgə atom elektrik stansiyasının tikintisinə birgə iştirakı da mümkünsüz görünür.
Kasım-Jomart Tokayevin Makronla görüşdən əvvəl Fransanın “Le Figaro” dərgisində məqaləsi yayımlanıb. Tokayev həmin məqalədə iki ölkə arasındakı münasibətləri strateji adlandırıb. Tokayev məqalədə “Orta dəhliz” layihəsinin əhəmiyyətini vurğulayaraq bunun Asiya və Avropa arasında ticarət və enerji körpüsü adlandırıb.
Tokayev Fransaya uran idxalını mümkün sayır. Bununla bərabər Qazaxıstan Prezidentinin məqalədə “Orta dəhliz”in həmiyyəti barədə fikir yürütməsi təsadüfi deyil. Çünki, Qazaxıstan Fransaya uran satmağa qərar verərsə, bu məhz “Orta dəhliz” vasitəsilə Avropa ölkəsinə çatdırıla bilər. Yəni Qazaxıstan uranı “Orta dəhliz”in tərkib hissəsi olan Azərbaycan üzərindən Fransaya çatdırılmalıdır. Bunun reallaşması üçün isə Fransa Azərbaycan siyasətini korrektə etməlidir.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
Ardını oxu...
Gürcüstanda parlament, Moldovada prezident seçkiləri keçirildi. Gürcüstanda da, Moldovada da həm hakimiyyət, həm müxalifət Avropa İttifaqına inteqrasiya tərəfdarı kimi çıxış edir. Sadəcə, Gürcüstanda hakimiyyət, Moldovada müxalifət tərəf Rusiya ilə də münasibətləri normallaşdırmaq tərəfdarıdır. Amma ümumi bir cəhət sanki var: Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin saxtalaşdırıldığını deyir və nəticələri tanımır. Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin nəticələrini mübahisələndirib. Maraqlı cəhət budur ki, Gürcüstandakı Qərbpərəst və Moldovada Rusiyapərəst müxalifət var. Belə bir tablo alınır: Gürcüstanda Rusiyapərəstlər, Moldovada Qərbpərəstlər qalib gəlib. Ancaq nə Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası öz qələbəsinə ürəkdən sevinə bilib, nə Moldovada Mayya Sandu prezident seçilməsinə görə şadyanalıq edə bilir. Gürcüstan parlament, Moldova prezident respublikalarıdır. Ancaq hökumətlərin yönəldiyi geopolitik vektorlar tam fərqli olsa da, hər ikisində seçkidən sonra siyasi böhran yaranıb. Gürcüstanda müxalifət mandatlarından imtina etdiyinə və parlamenti boykot qərarı verdiklərinə görə, qanunverici orqan toplaşa bilmir, yeni baş nazir təqdim olunmur və hökumətin formalaşdırılması ləngiyir. Moldovada vəziyyət bir qədər fərqlidir; Mayya Sandu prezident kimi səlahiyyətlərinə başlaya bilər. Amma müxalifət iddia edir ki, seçkinin və ölkənin taleyini Qərb ölkələrində məskunlaşmış moldovanlar - diaspor həll edir. Müxalifət məhkəməyə belə bir dəlil təqdim edir: Avropada, Rusiyada da moldovan diasporaları sayca, demək olar, eynidir: təxminən 500 min nəfər. Ancaq Moldova Mərkəzi Seçki Komissiyası (ölkənin Milli Təhlükəsizlik Xidmətinin və Xarici İşlər Nazirliyinin fəal müdaxiləsi ilə) Avropada Moldova seçkiləri üçün 200 məntəqə yaradıldığı halda, Rusiyada 2 məntəqə yaradılıb. Yəni fərq 100 dəfədir. Bu, Sandunun qələbəsini şübhə altına alır. Hətta artıq ona "Avropadakı moldovan diasporunun prezidenti" də deməyə başlayıblar. Çünki ölkə içərisindəki səslərin çoxunu müxalifətin namizədi Aleksandr Stoyonoqlo toplayıb. Sandu yalnız Avropadakı moldovanlar daha çox ona səs verəcək deyə, o ölkələrdə Rusiyadakına nisbətdə 100 dəfə çox məntəqə açmışdı. Rusiyadakı moldovanlar isə əksərən Stoynoqloya səs verəcəkdilər, o zaman Sandu deyil, rəqibi prezident olacaqdı.

Bunu niyə belə müqayisəli və həm də detallı yazırıq? Çünki hər bir ölkənin daxili siyasi təhlükəsizliyi artıq ön plana keçir. Bu, əvvəllər də olub; böyük ölkələr bir-birinin və kiçik ölkələrin seçkilərinə həmişə öz maraqlarına uyğun yön verməyə çalışıb. Bu, yeni bir şey deyil. Ancaq indiki beynəlxalq münasibətlərə baxsaq, seçkilər artıq hibrid müharibə alətinə çevrilib. Rəqib ölkələr bir-birinin seçkisini idarə etməyə cəhd edir. Bu, mümkün olmadıqda onu pozmağa çalışırlar. Rusiyanın 2020-ci ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqda indi yalnız tənbəl ekspertlər danışmır. Hətta indiki seçkilərlə də bağlı oxşar səslər eşidilir. Rusiyanın Fransa seçkilərinə, ABŞ-ın Çin Kommunist Partiyasının qurultayına və sair müdaxiləsi haqda da fikirlər söylənilir. Hazırda dünyanın 60-dan çox ölkəsində seçki var. Bunların da başında, təbii ki, ABŞ prezidentinin seçilməsi gəlir. Əgər əvvəllər gücü çatan dövlət başqa ölkələrin seçkilərinə qarışıb, öz adamlarını yerləşdirməyə çalışırdısa, indi isə vəziyyət çox dəyişib: dünyanın güclü dövlətləri bir-bir ilə mübahisələri müharibəyə çevirirlər. Bir-birinin sabitliyinə, siyasi təhlükəsizliyinə təhdid yaradırlar. Seçkilər artıq gah bu, gah o tərəfdən (hər tərəfdən) işğal alətinə çevrilir. Ən qorxulu tendensiyalardan biri budur: ölkələrin hökumətlərini, parlamentlərini hərəsini öz xalqları deyil, başqa ölkələrin hökumətləri seçməyə başlayıb. Əslində bu, elə çoxdan beləymiş, sadəcə, indi daha açıq-aydın görünür, demək...

Bahəddin Həzi, Bizimyol.info
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin bir müddət əvvəl keçirdiyi tenderlərin nəticələri ləğv olunub. Lakin bu proses təkcə nəticələrin ləğvi ilə bitməyib, həm də Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin bir sıra qadağaların tətbiq edilməsinə səbəb olub. Tribunainfo.az xəbər verir ki, Gəncə Birləşmiş Xəstəxanasının keçirdiyi iki tenderin ləğvi ilə bağlı dövlət xidməti 3 maddə tətbiq edib.
Şəhərdə yerləşən Z.Məmmədov adına xəstəxanananın cari təmiri və avadanlıqlara baxışın keçirilməsi və texniki aktın hazırlanması, rentgen aparatlarının torpaqlama müqavimətinin və otaqlarında hava axınının ölçülməsi və oksigen qovşaqlarının illik texniki xidməti və hissələrinin satın alınmaları üzrə iki açıq tenderin ləğvlərinin birinci səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 4.1.2-ci madddəsi olub. Həmin maddədə qeyd edilir ki, dövlət büdcəsi təsdiq edildikdən sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Amma satınalan tərəf bu işi ümumiyyətlə görməyib.
Ardından AİİBNX Səhiyyə Nazirliyinin keçirdiyi tenderdə həmin qanunun 38.2-ci maddəsini də pozub. Bu maddədə qeyd edilir ki, Gəncə Birləşmiş Xəstəxanasının tenderinə məsul olan Səhiyyə Nazirliyi prosesi həyata keçirərkən, qeyri-obyektivliyə yol verib, iddiaçılardan birini saxlayıb. Dövlət xidməti belə qənaətə gəlib ki, Gəncədə keçirilən tender Səhiyyə Nazirliyinin bu hallara yolverməsi səbəbindən ləğv olunmalıdır. Üstəlik, tender keçirən komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməyəcəklər.
Amma Səhiyyə Nazirliyinin problemləri bununla da bitməyib. AİİBNX son iki gündə nazirliyin daha iki tenderini də ləğv edib. Ləğv olunan hər iki tender SN-in balansında olan İnnovasiya və Təhcizat Mərkəzinin elan etdiyi müsabiqə olub. Belə ki, tibb müəssisələri üçün ümumi profil təyinatlı tibbi sərfiyyat mallarının satın alınması ilə bağlı 397.099,50 manatlıq tender iştirakçı sayının normaya uyğun olmaması olub.
İkinci tender isə İnnovasiya və Təchizat Mərkəzində istifadə üçün nəzərdə tutulmuş lisenziyaların satın alınmasını əhatə edib və 75.760,72 manatlıq tenderin ləğvi lisenziyasız şirkətlərin tenderə qatılması olub.
 
Ardını oxu...
  

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp olub.

APA xəbər verir ki, bu barədə “Fox News" məlumat yayıb. Məlumata görə, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.

Bundan sonra nələr gözlənilir? Tramp dünyaya və dünyada gedən münaqişələrə nə vəd edir?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Dünyapress TV

Xəbər lenti