Yelo Bank aşağı vəzifəli işçilərin bayrampayını rəhbərlikdə yer alan şəxslərə və mediaya bəxşiş göndərir. Bunu adlarının çəkilməsini istəməyən bir neçə bank əməkdaşları sarkazm.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildiriblər. Onların sözlərinə görə, bank öz mənfəəti üçün iqtisadi oyunlara başlayıb. “Bankda mühafizə, xadimə, sürücü kimi işləyənlərin maaşı 550-700 manat arasıdır. Hazırkı iqtisadi durumu nəzərə alaraq bu maaşla Bakıda yaşamaq çox çətindir. Bundan ziyadə, inzibati işçilərin əksəriyyəti kirayə yaşayır. Əksər işçiləri isə, bank onlara kredit ayırmaqla borclandırıb. Bütün bunlara rəğmən Yelo Bank sözgedən işçilərə bayrampayı ayırmır. Bank rəhbərliyi əsaslandırır ki, siz heç bir qazanc gətirməyən işçilərsiniz.” – deyə bank əməkdaşları bildirir.
Onlar həmçinin bildirir ki, bizə ayrılmayan pay hesabına bank şikayətçilərin səsini boğur. “Bizlərə qazanc gətirməyən işçi deyərək bayrampayı ayırmayan bank rəhbərliyi həmin pulları rəhbərlikdə yer alanlara və mediaya ayırır. Bankın rəhbər heyətinin üzvləri bayramla əlaqədar 5000-10000 manat əlavələr alırlar. Bunu onların bankdakı xidmətlərinə bağlayırlar. Digər bir tərəfdən isə bayramlarda bir çox media qurumlarına bəxşişlər göndərilir. Təbii ki, bu bəxşişlər məqsədli şəkildə göndərilir. Bankla aralarında problem olan və bank tərəfindən haqsızlığa uğramış müştərilər əsl həqiqəti ictimaiyyətə və dövlət qurumlarına çatdırmaq üçün mediaya üz tuturlar. Bu zaman bir çox media qurumları bank tərəfindən göndərilən bəxşişə görə şikayətçinin problemini ictimailəşdirməkdən boyun qaçırırlar.” – deyə bank işçiləri qeyd edirlər.
Qeyd edək ki, Yelo Bank Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur. Həmin bank əvvəllər “Nikoil Bank” adı altında fəaliyyət göstərib. Bu ad altında uğur qazana bilməyən və nüfuzdan düşən bank rebrending edərək “Yelo Bank” adı altında fəaliyyətə başladı.
Qarşı tərəfin söz haqqını tanıyaraq fikirlərini dərc etməyə hazırıq.
Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin Səbuhi və Seymur adlı əməkdaşlarından şikayət daxil olub. Rayonun Kürkənd kənd sakini Əhmədova Esmira Məhəmməd qızı bildirir ki, çağırış yaşlı oğlu Rəhimov Nicat Rəfi oğlunun uşaq yaşlarından psixi pozuntusu var. Adı Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olub, müalicələr alıb, “qırmızı reseptlə” ağır psixotrop, sakitləşdirici dərmanlar qəbul edib. Nicatı hərbi komissarlığa çağıranda vaxtilə ona yazılmış həkim göstərişlərini, reseptləri təqdim edib. Bundan sonra çağırışçıya Bakı şəhərindəki 1 saylı Psixiatriya Xəstəxanasına müayinə üçün göndəriş verilib.
Ananın sözlərinə görə, Nicat Rəhimov müayinə ediləndən sonra qoyulan diaqnoza görə o, hərbi xidmətə yararsız hesab edilib. Buna baxmayaraq, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları Səbuhi və Seymur valideyndən 2500 manat rüşvət istəyiblər. E.Əhmədova oğlunun gerçəkdən xəstə olduğunu xatırlatmaqla, o qədər pulu verməyə imkanı olmadığını bildirib. Bundan sonra onlar tələblərini 1500 manata qədər azaldıblar. Esmira xanımın sözlərinə görə, çox get-gəldə qalmaqdan bezərək onların rüşvət tələbini yerinə yetirməyə qərar verib ki, süründürməçilikdən canı qurtulsun. Bildirir ki, 1200 manat pulu şəxsən özü rayon şöbəsində Səbuhiyə, 300 manatı isə etibarnamə verdiyi vəkil Nurəddin vasitəsilə Seymura çatdırıb. Ona söz veriblər ki, fevralın 15-dən sonra Nicatın hərbi xidmətə yararsızlığının təsdiq olunduğu hərbi biletini verəcəklər. Lakin sonra SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları Nicat Rəhimovu yenidən müayinə üçün Bakıya aparıblar. Bu isə onun anasının təəccübünə səbəb olub.
E.Əhmədova məsələni aydınlaşdırmaq üçün şöbəyə üz tutub. Rəis Pərviz Feyzullayevin kabinetində o, Səbuhi və Seymur üzləşdirilib. Təbii ki, işbazlar çağırışçının valideynindən pul aldığlarını boyunlarına almayıblar. Bu hal Esmira xanımı çox hiddətləndirib və o, məsələni KİV-də ictimailəşdirmək qərarına gəlib. Şikayətçi həmçinin qeyd edib ki, Səbuhi-Seymur cütlüyü ondan başqa da bir çox vətəndaşları hərbi xidmətdən yayındıracaqlarını vəd edərək pullar alıblar.
Gələn sayımızda bu qruplaşmanın «xaladelnik» ustasının nəvəsindən aldığı 9000 manat, «Çaxırsatan Mübariz»dən aldığı 6500 manat barədə geniş məqalə dərc edəcəyik.
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi rəhbərliyinin özbaşınalığından DİA.AZ olaraq dəfələrlə yazmışıq. Amma görünəni odur ki, "Azəriqaz" rəhbərliyinin bu barədə susqunluğunu açıq HİMAYƏ kimi qəbul edən yerdəki məmurlar özlərini göydəki Allah bilib özbaşınalıqlarını daha da irəli aparıblıar. Bu da nəticəsi. Vəziyyət o həddədir ki, bu dəfə sözügedən idarədən sıravi vətəndaşlar, "Azəriqaz" abonetləri yox, elə həmin idarənin öz çalışanları giley edir. “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi nin işçisi Məmmədov İlkin Vidadi oğlu bildirir ki, həmin idarənin Baş mühəndisi Zaur Məmmədov onu və ailə üzvlərini açıq şəkild təhqir edib və bununla yetinməyərək, təhqir etdiyi işçinin qovulmasına da nail olub.
DİA.AZ bildirir ki, bununla əlaqədar sözügedən idarənin əməkdaşları etiraza qalxaraq bu haqsızlığın durdurulması üçün "Azəriqaz" rəhbərliyi qarşısında tələblərini irəli sürüblər və işi dayandırdıqlarını bəyan ediblər.
Göyçay rayon 106 Peşə Liseyinin yataqxanasında məskunlaşan bir qrup şəxs video müraciət edərək məhz ölkə başçısı cənab İlham Əliyevdən kömək istəyirlər.
Onların bildirdiyinə görə, dəfələrlə rayonda fəaliyyət göstərən aidiyyəti qurumlara öz etirazlarını bildirsələr də, problemləri həll olunmur ki, olunmur. "Azərsu" ASC Göyçay Su Kanal İdarəsi (Kazım adlı cavabdeh) vətəndaşlara büdcədə vəsait olmadığını, ona görə də köməklik göstərə bilməyəcəklərini deyirlər. Üstəlik bina Elm və Təhsil Nazirliyinin balansında olduğu üçün, nazirliyə müraciət etmək lazım olduğunu tövsiyə edirlər. Həmçinin, Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nin Mənzil Sahəsi də qəzalı durumda olan yataqxana qətiyyən təmir işləri aparmaq istəmir. Halbuki binanın kanalizasiya sistemi yararsız vəziyyətdədir. Bir sözlə, məsuliyyətdən yayınmaq məqsədilə hər bir idarə cavabdehliyi digər qurumun üzərinə atmaqdadır.
Eyni zamanda sakinlər deyir ki, onlar Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin də qəbulunda olublar. İcra başçısı problemin həlli istiqamətində öz tapşırığını versə də, Göyçay Su Kanal İdarəsi yataqxana sakinlərinə nə su verir, nə də ki, binanın divarlarını rütubətli və nəmişlik içərisində saxlayan dərilmiş kanalizasiya borularının təmir olunmasına köməklik göstərirlər...
Qazax rayon şəhid Famil Əhmədov adını daşıyan küçənin sakinləri tərəfindən 32gun.az-a şikayət daxil olub.
Sakinlərin şikayətində qeyd edilib ki, 3 il bundan öncə küçəyə su təchizatı və kanalizasiya sistemləri qoşularakən qazıntı işləri aparılıb.
Küçəyə borular döşəndikdən sonra qazılmış yerlər doldurulub və sadədəcə çınqıl, qırmadaş ilə möhkəmləndirilib. Ancaq nədənsə Qazax Rayon İcra Hakimiyyəti asfaltlama işlərini 3 ildir yubadir. Hazırda küçənin asfalt örtüyü bərbəd haldadır.
Sakinlər icra Hakimiyyətinə hər müraciət etdikdə isə plan əsasında işlərin getdiyi yaxın zamanda həmin küçəyə də asfalt örütüyü çəkiləcəyi bildirilib. Lakin vədlərinə 3 ildir əməl edilmir.
Onu da bildirmək lazımdır ki, rayonda "40 pilləkənin üstü" deyə tanınan şəhid Famil Əhmədovun adını daşıyan küçə ümummilli lider Heydər Əliyevin adını parkla üz-üzədir. Yağış zamanı da yığılan sular, digər çirkab suları Heydər Əliyevin adını daşıyan parka doğru axır.
Məsələ ilə bağlı Qazax Rayon İcra Başçı Rəcəb Babaşovun birinci müavini Alıyev Məmməd Oruc oğlu ilə danışdıq, Başçının müavini saytımıza danışarkən rayon daxilində asfaltlama işinin Qazax Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini deyib.
Həmçinin M.Alıyev "Yaxın zamanda Prezident İlahm Əliyev Qazaxa gələcək. Bu zaman ondan xahiş edəcəyik ki, küçələrə kanalizasiya işləri çəkilib, asfaltlama işləri üçün köməklik göstərsin" deyə bildirib.
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Cəbrayıl rayonu, Çələbilər kəndindən məcburi köçkün, hazırda Binəqədi rayonu, Şosse 7, döngə 9 ünvanında məskunlaşmış Minayə Ələkbər qızı Beydullayeva qəyyumluğunda olan nəvəsi Qabil Əli oğlu Əliyevin 2020-2021-ci il tarixlərində özünün xəbəri olmadan oxuduğu təhsil müəssisəsinin - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və onun biznes ortağı olan ATEF MMC-nin direktoru Talıb Əlixanbəyovun cinayət əməllərinə məruz qaldığını bildirib.
Belə ki, nəvəsinin 2018-2022-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik fakültəsində təhsil aldığını deyən şikayətçinin sözlərinə görə, Qabil Əliyevin xəbəri olmadan qeyd olunan universitetin rəhbəri Fuad Hacıyev tərəfindən onun adına qeyri-qanuni şəkildə 8 alış aktı ilə 186 min manat dəyərində 21 ton 956 kq mis satılıb: "Nəvəm universitetdə təhsil aldığı müddətdə heç bir işlə məşğul olmayıb. Lakin özünün xəbəri olmadan oxuduğu təhsil müəssisəsinin rəhbəri Fuad Hacıyev və onun biznes ortağı olan ATEF MMC-nin rəhbəri Talıb Əlixanbəyovun həyata keçirdiyi saxta biznes maraqlarının qurbanına çevrilib. Onu da qeyd edim ki, Fuad Hacıyevlə Talıb Əlixanbəyov öz adamları vasitəsiylə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin adlarına onların xəbəri olmadan, müxtəlif vaxtlarda alış aktları ilə külli miqdarda mis alqı-satqısı həyata keçiriblər. Onların bu çirkin əməlləri necə həyata keçirmələri barədə sonradan bizə məlum olub ki, nəvəm Qabil Əliyevin oxuduğu qrupun "starısta"sı Məmməd Nəsib oğlu Nəsibov tərəfindən tələbələrin şəxsiyyət vəsiqələri yığılaraq dekanlığa verilib. Dekanlıqdan isə şəxsiyyət vəsiqələri ATEF MMC-nin maliyyə şöbəsinə göndərilib ki, saxta yolla mis alqı-satqısı həyata keçirilsin".
Məsələdən 11.06.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri Vüsal Qarayev tərəfindən nəvəsi Qabil Əliyevin adına vergi borcu ilə bağlı gələn məktubdan sonra xəbər tutduqlarını vurğulayan Minayə Beydullayeva qeyd edib ki, üzləşdikləri problemlə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və ATEF MMC-nin rəhbəri Talıb Əlixanbəyova, həmçinin müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsələr də indiyədək bu barədə heç bir tədbir görülməyib: "Bir məsələni də deyim ki, Fuad Hacıyev və Talıb Əlixanbəyovun rəhbərlik etdikləri qurumlarda böyük maliyyə saxtakarlıqları mövcuddur. Bizə məlum olan odur ki, onların əməliyyatları tələbələrin xəbəri olmadan həyata keçirməkdə məqsədləri 200 min manatlıq alqı-satqını keçməmək və 18 faiz ƏDV-dən yayınmaq olub. Həmçinin, onu da nəzərinizə çatdırım ki, məsələ ilə bağlı adını çəkdiyim hər iki şəxsin qəbuluna gedib görüşmək istəsək də onlar müxtəlif bəhanələrlə görüşdən yayınıblar. Bu cinayət əməli ilə bağlı aidiyyatı dövlət qurumlarına teleqram və şikayət ərizələri ünvanlasaq da, heç bir tutarlı nəticə əldə olunmayıb. Bu işlə bağlı Respublika Prokurorluğunun Baş İstintaq İdarəsindən çağırılaraq izahatımız alınıb. Lakin bunun üzərindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq, işi aparan Məhərrəm adlı müstəntiq tərəfindən heç bir qanuni tədbir görülməyib".
Beləliklə, Minayə Beydullayeva "Hürriyyət" vasitəsiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova və ombudsman Səbinə Əliyevaya müraciət edərək, onlardan məsələnin ciddi şəkildə araşdırılmasını, nəvəsi Qabil Əliyevin xəbəri olmadan onun adından istifadə etmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbəri Fuad Hacıyev və ATEF MMC-nin rəhbəri Talıb Əlixanbəyovun qanunamüvafiq formada cəzalandırılmasını, hüquqlarının bərpası ilə əlaqədar göstəriş verilməsini xahiş edib.
Bakı məktəbində şagirdlər arasında insident yaşandığı iddia olunur. Hadisənin martın 10-da Yasamal rayonu 158 nömrəli orta məktəbdə Azərbaycan və rus bölümündə təhsil alan şagirdlər arasında yaşandığı bildirilir.
TEREF.AZ bildiir ki, Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə olayın baş verdiyi gün Elm və Təhsil Nazirliyinin nümayəndlərindən ibarət komissiya məktəbdə olub.
Bu zaman 9 və 11-ci sinif şagirdləri arasında mübahisə yaşanıb. İnsident zamanı şagirdlərdən birinin əlində bıçaq olduğu da bildirilir.
Mübahisəni sakitləşdirmək üçün araya girən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərova üz nahiyyəsindən ciddi xəsarətlər alıb.
Mənbə bildirir ki, mübahisənin hansı səbəbdən və məhz komissiyanın məktəbdə olduğu vaxtda baş verməsi bir qədər müəmmalı görünür. Amma ciddi olay olduğundan məktəbə ərazi üzrə polis əməkdaşları çağırılıb. Olay iştirkçılarından və zərərçəkəndən izahatlar alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən hər hansı cavab ala bilmədik. Daha sonra 158 nömrəli orta məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə saxladıq.
Mehriban xanım sualımızı eşidər-eşitməz “nə sözünüz varsa, buyurun məktəbə gəlin, danışaq” deyə bildirib. Zərərçəkən Nəzakət Cəfərova isə məsələni nə təsdiq, nə də inkar edib. O, şagirdlərdən ibarət tədbirdə iştirak etdiyi üçün məsələyə sonra münasibət bildirəcəyini qeyd edib.
Yazıda adı keçənlərin mövqeyini dərc etməyə hazırıq.
"Bir şikayətlə bağlı sizə yazıram. Hazırda "Badam" klinikasında çalışan Nuranə Baxışevanın əməlləri barədə... Artıq xəstələri də bezidirib, həkimləri də..." Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: "Bu xanım həmin klinikada çalışan oftalmoloq-cərrah Ruslan Məmmədovla isti münasibətdə olduğundan öncədən çalışdığı "Dünya" Göz xəstəxanasındakı həkimləri pisləyərək pasientləri əsasən Ruslanın yanına göndərib. Bir müddət sonra bu hal duyulub və onu klinikadan kənarlaşdırıblar. Bu zaman isə R.Məmmədov onun işə götürülməsinə kömək edib. Sözügedən klinikada isə digər həkimlərin işini “buraraq” yenə xəstələri Ruslan Məmmədova yönləndirməyə davam edib. Klinikadı həkimlər isə ondan şikayətçi olandan sonra Nuranə buradakı işindən də olub. Daha sonra N. Baxışeva “Batı Göz” klinikasında işə düzəlib. Bir müddət sakit qalsa da, eyni halları orada da təkrarlayıb. Oradakı işindən də olub. Ruslan Məmmədov onun işsiz qaldığını görəndən sonra çalışdığı “Badam” Medical Center-in rəhbərinin dəyişilməsindən istifadə edərək Nuranənin yenidən burada çalışmasına vəsilə olub. Sığorta işçiləriynən işləyən Nuranə hazırda göndəriş yazan həkimlərə qanunsuz yollarla təsir edərək bütün pasientləri "Badam" klinikasına və Ruslan Məmmədova göndərməyə razı salır. Digər həkimləri və xəstəxanaları şərləyir, onları güvənilməz adlandırır. Xahiş edirəm, məsələni işıqlandırasınız. Nuranə Baxışeva barəsində bir tədbir görülməsi, bu haqsızlığa və qeyri-insani davranışa əngəl olmaq üçün yardım edəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Azərbaycanda bəzi dövlət qurumlarının təşkil etdiyi tenderlərdə ciddi qanun pozuntularına yol verilir.
Ölkədə son illərdə həyata keçirilən köklü islahatlar uzun müddət dövlət büdcəsinə qənim kəsilən rəsmi qurumların fəaliyyətində dönüş yaratmalı olsa da, əksinə, dövlətin vəsaitlərinin qanunsuz mənimsəmə hallarının artdığı müşahidə edilməkdədir.
Yenicag.az-ın əldə etdiyi məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsi də büdcə pullarının talanmasında xüsusi aktivliyi ilə seçilən qurumlar sırasındadır.
Qeyd edək ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında minlərlə xüsusi texnika var. Həmin texnikalar üçün ehtiyat hissələri və şinlərin alınması, yanacaqla təchiz edilməsi üçün hər il çoxsaylı tenderlər həyata keçirilir.
Adından da göründüyü kimi, Sanitariya və Texniki Təmizlik İdarəsinin əsas funksiyalarından biri də qarlı-şaxtalı havalarda yollarda təhlükəsiz hərəkətin təmin olunması üçün xidmət göstərməkdir. O baxımdan sözügedən İdarə bu məqsədlə hər il texniki duz və qum məhsullarının alınmasına yüz minlərlə manat vəsait xərcləyir. Ancaq iddialara görə, milyonlarla vəsaitin sərf olunduğu tenderlər, əslində, formal xarakter daşıyır.
Sanitariya və Texniki Təmizlik İdarəsinin yekunlaşdırdığı son tenderi araşdırdıqda, prosesin həqiqətən, formal olaraq həyata keçirildiyi barədə iddiaların heç də əsassız olmadığı qənaəti yaranır. Yenə də iddialara əsasən, adıçəkilən İdarənin sifarişçi olduğu satınalmalarda qalib elan etdiyi şirkətlərin böyük əksəriyyəti “otkat” məqsədi ilə yaradılan təşkilatlardır. O cümlədən tenderlərdə qalib elan edilən MMC-lərin qanuni təmsilçilərinin əksəriyyəti isə “proxy” şəxslərdir. Sadəcə, o şəxslərin adlarına yaradılan MMC-lər vasitəsilə bəzi məmurlar büdcədən böyük pullar mənimsəyirlər.
Sanitariya və Texniki Təmizlik İdarəsinin yekun vurduğu son satınalmada da yuxarıda qeyd etdiyimiz xarakterli kifayət qədər şübhəli məqamlar var. İdarə “Xüsusi təyinatlı müxtəlif avtonəqliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması” lotu üzrə 2023-cü ilin mart ayının 9-da 194.998 manatlıq tenderə yekun vurub.
Həmin tenderdə 2013-cü ilin avqust ayında yaradılan “PEYK-KN” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib elan edilib. Şirkətin hüquqi ünvanı olaraq Binəqədi rayonu, Azadlıq prospekti ev 165 mənzil 62 göstərilib. Şirkətin qanuni təmsilçisi isə Hacı Asif Hacı oğludur.
Əlbəttə, bura qədər hər şey normal görünə bilər. Lakin bu şirkətin qanuni təmsilçisi Hacı Asif Hacı barədə Daxili İşlər Nazirliyinin (DİN) 2009-cu ilin oktyabrın 15-də yaydığı press-relizdə olduqca ilginc məlumat yer alır. Nazirliyin yaydığı məlumatda deyilir:
“Oktyabrın 16-da Binəqədi rayon sakini Hacı Asif Hacı oğlu qısqanclıq zəminində arvadı Ziyafəti taxta parçası ilə döyərək qətlə yetirmişdir. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Asif tutulmuşdur”.
Maraqlıdır, 2009-cu ildə xüsusi amansızlıqla insan qətlə yetirmiş şəxs necə olur ki, 4 il sonra şirkət yaradaraq Sanitariya və Texniki Təmizlik İdarəsinin 200 min manatlıq tenderində qalib elan edilir?
Ehtimal ki, “PEYK-KN” MMC-nin qanuni təmsilçisi Hacı Asif Sanitariya və Texniki Təmizlik İdarəsinin digər tenderlərində qalib elan edilən MMC-lərin bir çoxlarının qanuni təmsilçiləri kimi “proxy” şəxsdir və onun ümumiyyətlə, adına belə bir MMC-nin yaradıldığından xəbəri belə yoxdur.
Qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı qismində yaradılıb.
Bu dövlət müəssisəsi əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın tam ödənilməsi məqsədi ilə həmin sahə üzrə göstərilən xidmətin təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə artıq uzun illərdir, Rafael Mehralıyev rəhbərlik edir. Maraqlıdır ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun vəzifə baxımından tabe olduğu Rafael Mehralıyevin həmyerlisi və qohumu olduğu bildirilir.
Göründüyü kimi, Sanitariya və Texniki Təmizlik İdarəsinin həyata keçirdiyi tenderlərdə qanunsuzluqlara yol verilməsinə və şübhəli məqamların olduğuna dair iddialar yetərincə ciddi xarakter daşıdığı üçün onlara qurum tərəfindən münasibət bildirilməsi zəruridir. Lakin həmin iddialara aydınlıq gətirilməsi məqsədi ilə Sanitariya və Texniki Təmizlik İdarəsinə rəsmi qaydada sorğu göndərsək də, qurum tərəfindən müraciətimizə hələ cavab verilməyib.