Prezident Administrasiyasında niyə qəbula qadağa qoyulub?
Səmayə Əliyeva və anonim əlaltıları qazilərə növbədənkənar şiddət göstərirlər

Fuad Ələsgərovun səlahiyyətinə xitam verilib?

Qədim dönəmlərdən qalma deyimdir, deyərlərdi insanlar dəli olanda mollanın yanına gedər, bəs molla dəli olanda hara getsin? İndiki çağla elə çulğaşır ki! Vətəndaşlar, qazilər, şəhid ailələri, əlillər hüquqsuzluqlarını, dərdlərini deməyə Prezident Administrasiyasına üz tutur, PA-nın Vətəndaş Qəbulu Mərkəzində isə zorakılıqla, kobud hüquq pozuntusu ilə üzləşirlər. Kobud insan hüququ pozuntusuna baxın, PA-nın qəbul mərkəzinin 39-cu otağında xidmət edən Səmayə Əliyeva 2 ildir 1-ci dərəcəli Qarabağ qazisinin qəbul hüququna qaziyə xəsarət yetirtməklə, növbəsini “yandırmaqla” qadağa qoyub.

2022-ci ildə Səmayə Əliyeva ümumiyyətlə heç kəsin qəbuluna yazmayıb. Elə bil, PA bunun şəxsi obyektidir!(?) 2023-cü ilin 30 mayında və ya mayın 30-da bu dövlət xidmətçisi qazinin növbə nömrəsini “yandırıb”, ondan sonra gələn şəxsi otağına çağırıb. Etiraz edəndə isə əlaltıları 1-ci dərəcəli Qarabağ qazisinə yüngül xəsarət yetiriblər. Bu ilin 8 fevralında Səmayə Əliyevanın şiddət metodu daha da “püxtələşib”. Qəbula yazmaq adı ilə telefonla Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşını və çöldən 2 polis çavuşunu çağırıb, qəbula yazmaq yerinə, qaziyə zor tətbiq etdirib. Təhlükəsizlik Xidmətinin əməkdaşı atası-babası yerində olan 1-ci dərəcəli Qarabağ qazisinin altından stulu çəkib, 2 çavuş qazini zorla qəbul otağından çıxarıb. 5 aydır bu zorakı xidmətə nə Prezidentin Təhlükəsizlik Xidməti, nə DİN, nə Ombudsman, nə MM-in insan hüquqları komitəsi, nə PA-nın özü, nə məhkəmə qiymət verir.

05.07.2024-cü ildə saat 11-40 radələrində PA-nın Vətəndaş Qəbulu Mərkəzində qəbula yazılmağa yenə də 39-cu otaq nişan verilib. Qazini 3-cü mərtəbəyə liftlə müşayiət edən xanım əməkdaşa Səmayə Əliyevanın zəngi bu yol liftdən düşməyə imkan verməyib. Artıq Səmayə Əliyeva özbaşınalığını daha da təkmilləşdirib, əvvəllər liftdən çıxandan sonra növbəni “yandırırdısa”, indi “yandırma” liftdən çıxmamış gerçəkləşir. Əlqərəz, Səmayə Əliyevanın qərəz xidməti 1-ci dərəcəli qazini 1-ci mərtəbədəki 10-cu otağın qarşısında yarım saata yaxın gözlətməyə məcbur edib. Yarım saatlıq Səmayə Əliyevanın instruktajı sonucunda adını deməkdən imtina edən 10-cu otaq xidmətçisi qəbula yazmaqdan imtina edib. “Səbəb” də bu olub ki, Prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov artıq səlahiyyətsizdir, səlahiyyətinə MHŞ üzvü kimi 2023-cü ilin dekabrından xitam verilib.(?) Bəs səlahiyyət yiyəsi kimdir? Heç kim. Bəs hərbi məsələlər üzrə köməkçinin qəbulu? Ona da olmaz, nədən məhkəmə məsələlərinə Fuad Ələsgərov baxır, o da ki səlahiyyətsizdir. (?) İndi gəl bu “növbədənkənar şiddət xidməti”ndən nəsə anla görək, necə anlayırsan? Məhkəmələrlə bağlı şikayətlərə Fuad Ələsgərov məsuldur, amma həm də məsul deyil, səlahiyyəti əlindən alınıb.(?)

Əlqərəz, yenə Səmayə Əliyevanın qərəz xidməti Konstitusiyadan üstün oldu, 1-ci dərəcəli Qarabağ qazisinin qəbul hüququna qadağa qoyuldu. Qazinin baş prokurorluğun 161 -əlaqə mərkəzinə (961 dəstəyi götürməməklə xidmətdən imtina etdi), PA-nın 1111 , Ombudsmanın 916 qaynar xəttinə Səmayə Əliyevanın və anonim özbaşınalıq yardımçılarının qəbul hüququna qadağadan şikayətləri qeydə alındı və tədbir görüləcəyi bildirildi. Görək də... Hələ ki ölkədə özbaşınalıq, “növbədənkənar şiddət xidməti” gerçək səlahiyyət yiyələridir. Prezident isə bütün məmurların xalqa xidmət etməli olduğunu, özünün də 1 nömrəli xidmətçi olduğunu illərdir vurğulayır. Görəsən, xalqa xidmətdə 1 nömrəli şəxs olduğunu bildirən Prezidentin Administrasiyasında qəbul hüququna necə və neçəyə qadağa qoyulur? PA-nın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu suala cavab verməkdə çətinlik çəkməz yəqin. Axı onun səlahiyyətinə xitam verilməyib!

Məğrur BƏDƏLSOY

P.S. Təhlükəsizlik postundan girəndə kor gözlüyüm “şübhəli” kimi saxlanıldı. Əvvəllər astma dərmanım postdan buraxılmırdı...
/hurriyyet.az/
 

Dünyapress TV

Xəbər lenti