
Bakı bulvarının “Azneft” meydanına açılan hissəsindən baxanda Çəmbərəkənd təpələrində ucalan “Ağ ev” aydın görünür. Ölkə siyasi istəblişmentinin mərkəzi sayılan bu binanın pəncərələrinin birindən uzaqlara - Xəzərin sularının səma ilə birləşib üfüqdə incə bir xətt yaratdığı yerə baxan bir adam dayanıb. Qaşları çatılmış, gözləri qıyılmışdır, baxışları gərgindir – nə barədə isə dərin düşüncələrə daldığı açıq-aşkar sezilir. Amma az sonra dodağı qaçır, bığının altından qımışır və qırışığı açılır…
***
Dövlətlər var ki, dinməz-dinməz, amma zamanı gələndə sinəsidolu nəfəs alar, ortalıq silkələnər. Türkmənistan da o səssiz ölkələrdəndir. İllərlə “əbədi neytral” adı altında nəfəsini tutub yaşayan bu ölkə, görünür ki, indi ya nəfəs almağa məcburdur, ya da boğulmağa.
Son günlər Avropa Birliyinin 12 milyard avroluq “Gateway” adlı investisiya paketi haqqında xəbərlər diplomatik dairələrdə xeyli canlanma yaradıb. Qazaxıstan, Özbəkistan və Türkmənistan üçün nəzərdə tutulan bu paket, ilk baxışda adi bir iqtisadi yardım proqramı kimi görünür. Amma diplomatiya səhnəsində heç nə göründüyü kimi deyil.
Bu yardım paketinin bölgüsü hələ açıqlanmasa da, istiqamətlər məlumdur: nəqliyyat, enerji, su, rəqəmsal infrastruktur, yaşıl iqtisadiyyat... Avropa kağız üzərində “Orta Asiyaya sabitlik gətirir.” Amma əslində, bu paketlə Avropa Rusiya və Çin orbitindəki türkmən xəttini kəsmək, onu Türk Birliyi və enerji diplomatiyası vasitəsilə Avropa orbitinə çəkmək istəyir.
İndi deyəcəksiniz ki, Avropa nədən Türk Birliyinə qahmar çıxmaq istətəməlidir ki? Axı türk birliyi damokl qılıncı kimi başlarının üstündədir.
Cavabı çox sadədir. Xəritəyə baxsanız, hər şeyin çox bəsit olduğu anlaşılar. Amma bu ilk baxışda belə qavranır. Əslində, burada oyunçular göz önündə deyil - diplomatik lövhədə görünməyən bir fiqur var: İlham Əliyev.
Onun Qarabağla bağlı diplomatiyası, uzun illər çəkilmiş səssiz xəritənin qələbəsi idi. Bu gün isə həmin səssiz zəka Xəzərin o tayında işləməyə başlayıb. Türkmənistanın Avropaya çıxışı yoxdur. Onu qapalı tutan Rusiya, içə çəkən Çin, qorxudan boğan İran... Bir nəfəslik hava varsa, o hava Xəzərdən gəlir. Xəzərdən gələn yeganə yol isə Azərbaycan üzərindən keçir.
Əgər Avropa bu üç ölkəyə yardım edirsə, bu yardımı yerinə çatdırmaq üçün Bakıdan keçməlidir. Yəni Brüssel Türkmənistana pul verirsə, kilidi Bakı açır. İlham Əliyevin diplomatik zəkası isə məhz burda özünü göstərir: kilidi heç kimin xəbəri olmadan dəyişmək.
Türkmənistanın guya Avropaya yaxınlaşması əslində, Türk birliyinə daxil olmasının başqa adıdır. Rusiya ilə qarşı-qarşıya gəlmədən, Çini qıcıqlandırmadan və “biz sadəcə enerji daşıyırıq” deyə-deyə ideoloji xətt də daşınır.
Bu, geosiyasi təkərli arabanın yeni formasını yaradır:
Türkiyə – Azərbaycan – Türkmənistan – Avropa.
Amma bu arabanın sükanı Bakının əlindədir. Çünki qaz borusu, dəhliz, liman, gömrük, etimad və sabitlik Azərbaycandadır.
Avropa bu yardımı niyə edir? Rusiya-Ukrayna müharibəsindən sonra qaz asılılığını azaltmaq üçün. Çin qarşısında daha çevik mövqe tutmaq üçün. İranla sərhəddə tarazlıq yaratmaq üçün. Amma Avropa bütün bu məqsədlərə çatmaq üçün Bakı ilə oynamaq məcburiyyətindədir.
İndi diplomatiyanın maraqlı nöqtəsi odur ki, Avropa Türkmənistana pul verir, amma qazancın ən böyüyü Azərbaycana çatır. Bunu Brüsseldə də bilirlər, amma onu da bilirlər ki, Bakı olmadan bu oyunu oynaya bilməzlər.
Bir diplomat vaxtilə demişdi: “Səssiz olanlar, çox zaman ən güclü danışanlardır”. Bu gün Türkmənistan hələ də səssizdir. Amma onun yerinə Bakı danışır. Yavaş, ardıcıl və strateji dildə.
Əgər bu plan tutarsa – və görünən odur ki, tutur – Türk dünyası ilk dəfə ideoloji yox, real iqtisadi və diplomatik struktur olaraq formalaşmağa başlayacaq. Və bu birliyin arxasında yalnız qardaşlıq yox, zəka ilə qurulmuş enerji, logistika və geosiyasi şəbəkə dayanacaq.
Bəli, bu səssiz səhnənin rejissoru Bakıdadır. Və adı çox çəkilməsə də, İlham Əliyev bu səhnəni qarşıdurmasız zəfərlə idarə edən oyunçudur.
İndi isə tamaşa başlasın...
Müəllif: Elçin Şıxlı - AYNA.AZ