Konstitusiya Məhkəməsinin SEÇKİ BƏHANƏSİ... - AXI NİYƏ?
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə “Emiland” MMC-dən (VÖEN- 1502123641) hakimlər üçün xüsusi, rəsmi geyim forması satın alacaq.
Yeniavaz.com xəbər verir ki, Konstitusiya Məhkəməsi satın alacağı geyimlər üçün “Emiland” MMC-yə 13 min 499 manat 20 qəpik ödəyəcək.
Konstitusiya Məhkəməsinin hazırda 9 üzvünün olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bir ədəd rəsmi geyim formasının qiyməti 1 500 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Konstitusiya Məhkəməsindən verilən açıqlamada bir mənbədən satınalma metoduna səbəb kimi satınalma predmetinə təcili tələbatın yarandığı göstərilib.
Konstitusiya Məhkəməsindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamı ilə 2024-cü il 7 fevral tarixinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin olunması ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin həmin seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçmə həyata keçirilir. Andiçmə və digər tədbirlərdə Kosntitusiya Məhkəməsinin hakimləri xüsusi, rəsmi geyim formasında iştirak etməlidir. Müddətin məhdudluğu nəzərə alınaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq Kosntitusiya Məhkəməsinin hakimləri üçün xüsusi, rəsmi geyim formasının əldə edilməsi məqsədilə bir mənbədən satınalma metodu tətbiq edilir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin açıqlamasından da göründyü kimi, prezident seçkilərinin keçirilməsi ilə bağlı məlumat 2 ay əvvəldən məlum olub. Bu müddət isə ən azından kotirovka sorğusunun keçirilməsi üçün kifayət edir. Konstitusiya Məhkəməsi prezident seçkilərinin keçirilməsi ilə bağlı məlumat açıqlandıqdan sonra – 25 dekabr tarixində giriş-çıxış, video müşahidə və serverə texniki xidmətin göstərilməsi ilə bağlı kotirovka sorğusu elan edib. Sənəd qəbulu yanvar ayının 12-nə kimi davam edib. Zərflərin açılışı isə yanvar ayının 15-də baş tutub. Açıqlanan məlumatlardan da göründüyü kimi cəmi 20 gün ərzində kotirovka sorğusu vastəsiylə tender müsabiqəsinin keçirilməsi baş tutub. Bu səbəbdən Konstitusiya Məhkəməsinin 2 ay əvvəldən məlum olan bir tədbir üçün bir mənbədən satınalma metodu ilə məhsul alması başa düşülən deyil.
Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsinə geyim forması satacaq “Emiland” MMC 10 avqust 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 103 min 270 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Teymur Əliyev, ev 86-da yerləşir. Şirkətin qanuni təmsilçisi Hüseynov Hikmət Nazim oğludur.
 

Dünyapress TV

Xəbər lenti