Ağstafa şəhəri, Azər Yusifli küçəsi sakini Yusifov Elməddin Bayram oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qarşı həyata keçirilən cinayət faktının üstünü açmamaqda maraqlı insanlar var:
“Mən, Yusifov Elməddin Bayram oğlu, Ağstafa şəhəri, Azər Yusifli küçəsi, ev nömrə 1-də yaşayıram. 2022-ci il iyun ayının 15-dən 16-na keçən gecə, təxminən saat 3 radələrində mənə məxsus olan 09-BR-717 markalı VAZ 2107 maşınım yandırılmışdır.
Bu, məndə əsaslı şübhələr oyatdı. Dərhal məsələ ilə əlaqədar Yanğından Mühafizə İdarəsinin 101 “qaynar xətt”inə məlumat verdim. Qısa müddətdə Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəldi, yanğın söndürüldü. Həmin vaxt DİN-in əməliyyat və təhqiqat qurupunun əməkdaşları da hadisə yerinə gəldilər. Araşdırma nəticəsində məlum olmuşdur ki, maşınımın döşəməsinə neft və yağ tökərək yandırılmış və maddi olaraq 10 min manat dəyərində ziyan vurulmuşdur.
Onu da nəzərinizə çatdırıram ki, maşınım yandırılmamışdan əvvəl, şinlərinə müxtəlif vaxtlarda qəsdən kəsici-deşici alətlə təxminən 5-6 dəfə ziyan vurulmuşdur. Olanlarla əlaqədar DİN-in 102 xidmətinə məlumat vermişəm. Nəticədə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşı, baş leytenant Əlövsət müəllim (soyadı qeyd olunmur – red.) şinlərin deşilməsi ilə bağlı izahatımı almışdır.
Maşını bazarın ətrafında, kameranın yanında saxlamışdım. Bu barədə Əlövsət müəllimdən xahiş etmişdim ki, kameranı açıb baxsın və şinləri deşənin kimliyi bilinsin. Polis əməkdaşı bir neçə dəfə bəhanələr gətirərək, baxış keçirmədi. Əsəblərimi sakitləşdirə bilməyib ona bildirdim ki, bundan sonra mənim maşınıma və özümə kim bir xəta yetirərsə, məsuliyyəti birbaşa siz daşıyırsınız.
Bu söhbətin üstündən təxminən 20-25 gün keçəndən sonra maşınımı qəsdən yandırdılar.
Əlimi hər yerdən üzərək Sizə müraciət edirəm, prpblemimi işıqlandırın, mənə kömək edin.
İki dəfə cənab general Vilayət Eyvazovun, bir dəfə Arzu Daşdəmirovun qəbulunda olmuşam. Lakin işimdə heç bir dəyişiklik olmamışdır. Ağstafa rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov və müavini Qurban müəllim mənə deyir ki, “get, kimə istiyirsən müraciət et”. Vüqar müəllim və Qurban müəllim barəsində Bakı Şəhər Prokurorluğuna öz ərizəmlə müraciət etmişəm. Oradan mənə dedilər ki, narahat olma, məsələn həll olunacaq. Lakin üzərindən 2 ay keçməsinə baxmayaraq, hələ bir cavab yoxdur.
Sizin qəzet vasitəsilə cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanıma müraciət edirəm. Xahiş edirəm ki, mənim işimə baxılması ilə bağlı müvafiq qurumlara tapşırıq verəsiniz.
Heç bir yerdə işləmirəm, ata yurdunda qalıram, çətinliklə 2 əsgər böyüdürəm. Xahiş edirəm mənə kömək olun. Cinayətkarların tapılmasını, mənə dəyən zərərin qarşılanmasını istəyirəm”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.