“Azərlotoreya”nın “Misli” adı altında Azərbaycanda yaydığı qumar oyunları insanların həyatını məhv etməkdə davam edir...
Təəssüf ki, sadəlöhv insanlar maddi problemlərdən qurtulmaq üçün “Poz-qazan” tipli aldadıcı oyunlara və “Misli”nin təklif etdiyi qumara üz tutur ki, bu yolun sonu da qaranlıq tunel, faciədir.
Poliqon xəbər verir ki, artıq narazıların sayı genişlənir, biçarə insanlar sosial şəbəkələrdə etiraz səslərini uzatmaqla yanaşı, digərlərini qumardan, mərc oyunlarından çəkindirməyə çalışırlar. Belə şikayətlərdən və narazılıqlardan bir neçəsini sizə təqdim edirikş. Qeyd edək ki, bu şikayətlər sosial şəbəkələrdə mərc aludəçilərinin toplaşdığı səhifələrdə paylaşılır. Və bu cür şikayətlərin sayı-hesabı yoxdur.
Diqqətimizi çəkən bu şərhdə istifadəçu çıxılmaz vəziyyətdə olduğunu deyir, insanlardan kömək istəyir: “Salam, dostlar. Düzdür, bura yardım qrupu deyil. Amma yenə də yazıram. 135 manat borcum var. Daha doğrusu, zəhərə qalmış “Misli” çökdürdü məni. Özümə də söyüş qoydum artıq. Bir də oynayanı... Nə isə. Sözümün canı odur ki, borcumu ödəyə bilmirəm. Bir sözlə, sizdən yardım istəyirəm. Kimin nəyə gücü çatarsa... İnanların da canı sağ olsun, inanmayanların da. Sadəcə, olanı deyirəm”.
Daha bir şikayətçi oyunların mərc şirkətlərinin təsiri ilə “fırladıldığını” deyir: “Bu axşam bir daha şahidi olduq ki, indiki dövrdə qumar oynayırlar, futbol deyil. “Siti” (“Mançester Siti” nəzərdə tutulur) ilk hissədə 0:2 uduzur, gəlir 2-ci hissədə 3:2 qələbə qazanır. PSJ (Fransa paytaxtının təmsilçisi) ilk hissədə 0:1, fasilədən sonra düz 90+8-ci dəqiqədə 1:1, “Barselona” ilk hissə heç-heçə, oyunu isə qələbə qazandı. Vallah, nə deyim, bu işlərin başını buraxmaq lazımdır”.
Kənan adlı qrup iştirakçısı isə daha böyük məbləğ uduzub və digərlərini bu bəladan xilas etməyə çalışır.
“Deməli, qardaşlar və bacılar! 23 yaşımda səkkiz illik qumar həvəsini deyim, qumar bağlılığını deyim, nə deyim bilmirəm... Amma burda artıq başını buraxıram. Ən azından əlimdən gələn hər şeyi edəcəyəm. Məktəndə, sonra universitetdə xırda pullarla başladım mən də sizin kimi. Sonra pulların miqdarı da böyüdü, risklər də artdı. Həyat yaşanmaz oldu. Və bu 8 ildə azı 15 min manat öz pulumu, 14 min də borc pulu uduzmuşam. Artıq neynəyəcəyimi bilmirəm. Yaşanası həyat var hələ. Belə yaşanmır. Yazmaq məqsədim odur ki, bəlkə bu yola təzə başlayanlar var. Məni görüb, bu oyunun başını buraxın. Bu gün kupon sıxırdım, kazino-filan oynayırdın. 7-8 minlik xeyrim də vardı. Amma bu qumardır. Dayanmasını bilmədinsə, ya gedəcək, ya da bəxtsizlik olacaq. Həmişə oynadan udur...”
Necə deyərlər sitatın sonu. Ümid edirik ki, bu sətirlərini oxuyanlar bir daha düşünəcək, “Azərlotoreya”nın “Poz-qazan” və “Misli” tipli qumar oyunlarının toruna düşməyəcəklər.
Mənbə: Poliqon.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır