“Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tamamilə qanunauyğundur və Konstitusiyanın müvafiq tələblərinə cavab verir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov deyib.
Millət vəkili növbədənkənar prezident seçkilərinin baş tutması fonunda 2024-cü ildə ölkədə bir sıra konstitusional dəyişiklərin də həyata keçiriləcəyi ilə bağlı yaranmış iddialara münasibət bildirib.
Xatırladaq ki, sosial şəbəkələrin Azərbaycan seqmentində gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı iddialar da geniş vüsət alıb.
E. Nəsirova görə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsinin ilk cümləsində də qeyd olunub ki, “ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi yalnız ölkə Prezidentinin səlahiyyətində olan məsələdir”:
“Eyni zamanda Seçki Məcəlləsinin 179-cu maddəsində də eyni yanaşma var. Yəni məsələnin hüquqi tərəfi bəllidir və belə bir səlahiyyət Prezidentdə var. Növbədənkənar prezident seçkilərin keçirilməsi dünya praktikasında da tez-tez təsadüf olunan bir haldır. Ancaq bəzən sosial şəbəkələrdə hadisə və prosesləri qabaqlamaq tendensiyası da müşayiət olunur. Biz prezident seçkilərindən dərhal sonra referendum, ondan sonra isə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələrin getdiyini görürük. Bu məsələlər də cənab Prezidentin səlahiyyətinə daxildir. Referendumla bağlı da həm sosial şəbəkələr, həm də mətbuatda çoxsaylı müzakirələr olub. Bir sıra məsələlər var ki, onların referendum yolu ilə həlli vacibdir”.
YAP-çı deputatın sözlərinə görə, nəzərə alsaq ki, ölkə Prezidenti hərtərəfli və irimiqyaslı islahatlar kursunu həyata keçirib və onun da mühüm tərkib hissəsi siyasi islahatlardır, belə olan halda deyə bilərik ki, referendum keçirilə bilər, lakin bunun nə zaman keçiriləcəyi bəlli deyil və bu, ancaq cənab Prezidentin səlahiyyətində olan məsələdir:
“Bu məsələlər geniş müzakirə olunur. Referendum keçiriləcəyi təqdirdə, əgər birbaşa parlament seçkiləri ilə bağlı məsələlər müzakirə olunarsa, belə olan vəziyyətdə parlament seçkilərinin keçirilməsi də mümkün ola bilər, amma bunun nə zaman olacağını heç kim bilmir. Seçki Məcəlləsinə görə növbədənkənar parlament seçkilərinin keçirilməsi ancaq 2024-cü ilin noyabr ayına təsadüf edə bilər. Lakin bu olmasa, aidiyyəti üzrə 2025-ci ilin fevralında parlament seçkiləri keçiriləcək.
Fikrimcə, bu məsələyə ölkə başçısının məşhur ifadəsi ilə yanaşmaq lazımdır. Prezident İlham Əliyev daim söyləyir ki, o, nəyi necə və nə vaxt etməyi gözəl bilir. Ona görə də məsələyə elə bu prizmadan yanaşsaq, düzgün olar”.