“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Azərbaycanının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.
Qeyd edək ki, bir sıra hallarda şəhid ailələrinə güzəştlərlə bağlı müəyyən problemlər də özünü göstərir. Belə ki, bugünlərdə “Facebook” sosial şəbəkəsində bir şəhid ailəsi ilə bağlı məqam öz əksini tapıb.
Qeyd edilir ki, şəhid Bəhruz Azər oğlu Tağızadənin bacısı təhsil haqqını ödəyə bilmir və ona heç bir güzəşt edilmir. Buna əsas səbəb kimi də bacının şəhid ailəsi statusundan yararlana bilməməsi göstərilir.
DİA.AZ-ın məlumatına görə, şəhid Bəhruz Tağızadənin bibisi Rəsmiyyə Tağızadə Cebhe.info-ya həqiqətən də belə bir problemin yarandığını bildirdi:
“Qanunla şəhidin bacısı ailə tərkibi sayılmadığına görə ona güzəşt şamil olunmur. Biz universitetdə dekanlıqda olduq və bizə bildirdilər ki, mövcud problemlə bağlı iş adamları, ƏƏSMN, YAŞAT Fondu kimi yerlərə müraciət etsək, bəlkə kömək olar. Hazırda şəhidin bacısının 17 yaşı var, təhsil haqqını necə ödəyəcək?
Onun təhsil haqqını ödəyən də şəhid atasıdır. Məntiqlə götürdükdə düşündük ki, bacısına da güzəşt olunmalıdır. Bildirdilər ki, dəstək ancaq Tələbə Kredit Fondu vasitəsilə ola bilər. Ancaq o da yenidən geri ödənilməlidir. Biz də dəstək üçün imkanlı şəxs tapa bilmirik. Bu il atası borcla ödəniş edib. Ödəniş haqqı 3 min manatdır”.
Xatırladaq ki, bir müddət öncə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun da bu statusdan yararlana bilməməsi barədə məsələ qaldırılmışdı.
Ümumiyyətlə, şəhidin ailə üzvü olaraq qardaş və bacının həmin statusdan yararlana bilməsi üçün qanunda dəyişiklik mümkündürmü?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Cebhe.info-ya bildirib ki, dəfələrlə bununla bağlı məsələ səslənib:
“Hökumət səviyyəsində qərar çıxarılmalıdır. Büdcə çəkisi bir neçə 100 min, yaxud milyonu keçməyən qərarın sosial mənəvi dəyəri qat-qat böyükdür. Bu sahədə qanunda dəyişikliyin tərəfdarıyıq”.
Azərbaycan Qarabağ Müharibəsi Əlil Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov isə bildirib ki, şəhidin ailə tərkibi olaraq atası, anası və həyat yoldaşı, övladları verilən statusdan yararlana bilər:
“Ancaq qardaş-bacısı statusdan istifadə edə bilmir. Ailə üzvünün təhsil aldığı ali təhsil ocağı ondan ödəniş tələb edərsə, birbaşa cəzalandırılır. Şəhidin övladı ali məktəbə, magistraturaya qəbul olubsa, əvvəl 23 yaşa qədər idi, hazırda isə 25 yaşadək güzəşt var. Şəhidin bacı, qardaşı bu statusdan yaralana bilməməsinin bir səbəbi odur ki, məsələn, bir şəhidin 8 nəfər qardaşı ola bilər. Bu istiqamətdə qanuna dəyişiklik hələ ki, öz həllini tapmayıb.
Əgər şəhidin qardaşı, yaxud bacısının ailəsi də bu statusdan istifadə etsə, o zaman Azərbaycanda bu statusdan istiafdə etməyən insan qala bilərmi? Şəhid statusu özünə və ailəsinə şamil olunmalıdır. Bu yaxınlarda mənə rayonlardan bir şəhid qardaşı da müraciət etmişdi və mən bildirdim ki, status sizə şamil olunmur. Şəhidin 50 nəfər “qondarma” qohumu ola bilər, onlara bu statusun aidiyyəti yoxdur”.
Hüquqşünas Əsabəli Mustafayev də deyib ki, şəhid ailəsi üçün nəzərdə tutulan status qanuna əsasən qardaş və bacısına şamil olunmur.
Əgər təhsil haqqı ilə bağlı bir poblem yaranırsa, burada hər şey insanlıqdan asılıdır. Həmin şəhid bacısına fərqli yanaşa bilərdilər. Nəzərə alsaq ki, qardaşı şəhid olduqdan sonra onun bacısı ali məktəbə qəbul olub, bu, çox müsbət haldır. Çünki bir çox şəhid ailələri pessimit olur, öz gələcəkləri haqqında düşünmürlər, səy göstərmirlər. Ancaq həmin şəhid bacısı alqışlanmalıdır ki, özündə güc tapıb universitetə qəbul olub. Həmin universitet də bunu nəzərə almalı idi. İstənilən universitetdə elə bir fond var ki, istənilən xərci ödəyə bilər. Bundan başqa universitetlər buna getməsə, iş adamlarına müraciət olunsa, ictimaiyyət özündə təpər tapıb təhsil haqqını ödəyə bilər. Qanunda şəhid ailəsi olaraq kimlərə üstünlük verildiyi yazılıb. Dövlət gənclərin, xüsusilə qadınların təhsil almasında maraqlıdır.
Ona görə də həmin qanunvericilikdə müəyyən dəyişikliklər ola bilər.O üstünlüklər bütün şəhid qohumlarına tətbiq olunsa, əhatə dairəsi 10 minlərlə nəfər genişlənə bilər. Çünki hər bir şəhidin qardaşı, bacısı, onların da ailəsi var. Ola bilsin ki, ümumilikdə bu, dövlət büdcəsinə ağır yük olsun. Ancaq fikrimcə, təhsillə bağlı qanunvericilikdə üstünlük vermək olar. Məsələn, bir vaxtlar məcburi köçkünlərə təhsillə bağlı güzəşt edirdilər. Baxmayaraq ki, onların sayı 10 minlərlə idi. Hazırda şəhid ailəsinə də bunu tətbiq etmək olar”.