Ardını oxu...
 
 

 Yusif Babazadə 2015-ci ildə xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində ona ayaq ölçüsündən daha balaca hərbi çəkmə verdiklərini, uzunmüddətli istifadə nəticəsində isə sol ayağının baş barmağının qanqren olduğunu deyir. Bundan sonra o, Dövlət Sərhəd Xidmətinin Hospitalına göndərilib.

 

Y. Babazadə bildirir ki, əlillik dərəcəsi ala bilmək üçün Əlillərin Bərpa Mərkəzinə müraciət edib. Onun sözlərinə görə, ikinci qrup əlil kimi pensiyanı, elə iki il ala bilib. Bununla da pensiyası kəsilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov deyir ki, Y.Babazadənin tibbi göndərişi aidiyyatı tibb müəssəsi tərəfindən göndərilmədiyi üçün kəsilib.

Şikayətçi təkrar tibbi göndəriş almaq üçün Astara rayon Mərkəzi xəstəxanasına müraciət etdiyini, lakin bu sənədi ala bilmədiyini deyir. Sözügedən tibb müəssəsinin poliklinika şöbəsinin müdürü Gülnar Muxtarova isə bunun səbəbini belə izah edir ki, vətəndaşınhazırkı səhhəti əlillik təyinatına uyğun gəlmir.

Y.Babazadə yenidən əlillik dərəcəsi ala bilmir. Deyir, hələki döydüyü bütün qapılardan əliboş geri dönür.

Toplum TV

 

XalqXeber.Az
Ardını oxu...
Yola saldığımız köhnə il insanların bir-birinə qarşı neqativ davranışları ilə yadda qaldı.

Məktəblilərin sinifdə etdikləri davranış pozuntusundan tutmuş adi bir sözü "çəp" gəldiyinə deyə bir-birini bıçaqlayanlar, öldürənlər, "söhbətə çağıranlar" oldu.

Ailədaxili münaqişələr isə siyahıda ön cərgədədir. Vəziyyət elə həddə çatıb ki, insanlar bir-birinə amansız davranmasına, qətl, cinayət xarakterli əməllər törətməsinə haqq qazandırlar. Bu da növbəti belə davranışlar üçün zəmin yaradır. Yəni ildə hər kəsi düşündürən bir sual var. Yaranmış gərginliyi aradan necə qaldırmaq olar? DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, bu artıq cəmiyyətdə alışqanlıq həddinə keçib: "İnsanlar rahatlıqla o qədər birini öldürə, zərər yetirə bilirlər ki, bunu elə belə olmalıymış kimi qəbul edirlər. Yəni sıraradan, adi, bəsit davranış növü kimi qəbul edirlər. Kimin sözü, davranışı kimin xoşuna gəlmir, kim kimi həzm etmir, həmin dəqiqə silaha əl atır. Əvvəllər daha çox mətbuata odlu silahdan atəş açaraq digərinə zərər yetirmə xəbərləri çıxırdı. İndi bunlar yoxdur, yerini "soyuq” silahlar alıb. Mətbəx bıçağı, professional bıçaq və s. fərq eləmir. İndi məktəbli uşaqların belə çantasında bıçaq var. Çox üzülərək, təəssüflənərək etiraf edim ki, cəmiyyət bundan da betər yola doğru gedir. Getmir əslində, qaçır. "Bilinməzə", çuxura doğru o qədər sürətlə qaçır ki… Biz qarşısını ala bilmirik, önünə keçə bilmirik. Barmaqla sayılacaq az insan bundan narahat olur. İki gənc bir-birini bıçaqlayırsa, insanlar sadəcə başını yelləyərək, təəssüf etdiklərini bildirərək buna münasibət göstərirlər”.

Sosioloq bildirib ki, kimsə səbəblər axtarmır, bunun altında yatan gizlinlər barədə maraqlanmır:

“Kimsə həll yolları barədə maraqlanmır. Gərək cəmiyyətə göndərilən hər uşağın valideyni onun məsuliyyətini, davranışını əslində özünün davranışı olduğunun fərqinə vara. Valideyn nə cür tərbiyə verirsə, bu, onda özünü göstərir. Bəzən valideynlər məktəbi günahlandırırlar".

Sosioloqun fikrincə, müəllimlərin haqqı o qədər əllərindən alınıb ki, onlar artıq tərbiyə məsələsinə qarışa bilmirlər:

"Yalnız təhsillə kifayətlənməli olurlar. Bəzən təhsil prosesi çərçivəsində uşağa irad bildirən müəllimin özünə belə valideyn hücum edir. Əvvəllər belə halda valideyn müəllimin sözünün üstünə söz demirdi. Bu da haqlı olaraq müəllimə qarşı böyük simpatiya yaradırdı. Amma indi valideyn öz övladına o qədər ixtiyar verib ki, uşaqlar özündə istənilən şəxsi alçalda, istənilən şəxsə qarşı zorakılıq etmək iqtidarı görür. Uşaqlarin tərbiyəsində valideynlər bu qədər boşluq buraxır, bu elə də davam edəcək".

Lalə Mehralı hesab edir ki, bundan ağır vəziyyət gözlənilir:

“Belə davam etsə, uşaqlarımızın əksəriyyəti islah-əmək kaloniyalarına göndəriləcək. Bəziləri torpaq altına gedəcək. Yeniyetmələr o qədər bir-birinə qarşı amansız olublar ki, bu amansızlıq onlarda hardan yaranıb, niyə bu qədər qəddarlıq edirlər, bunun köku araşdırılmır. Əslində çox çeşid səbəb var. Bunu araşdırmaq üçün böyük qrup yaratmaq lazım gələcək. Bunun üçün institutların ixtiyarları artırılmalı olacaq. Dövlət sosioloq, psixoloq və digər aidiyyətlilərə imkanlar yaratmalıdır ki, cəmiyyəti bu çuxura gömülməkdən xilas etsinlər. Əgər belə davam etsə, barmaqla sayılacaq nümunəvi gənc qalacaq. Sözlərimi ona görə daha çox gənc nəsilə samil edirəm ki, yaşlı nəsil davranış pozuqluğu, səhv davranış nümayiş etdirdiklərini zamanla qəbul ediblər. Yaşlı nəslin nümayəndələri "əslində necə olmalı idi, necə oldu"nu dərk edirlər. Düşünürəm ki, daha çox gənclər təhlükədədir".
Ardını oxu...
Yanvarın 1-dən əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbukda yazıb.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb.
“Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq.
Bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq ediləcək.
Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub”, – R.Nəbiyev vurğulayıb.
 
 
 
Ardını oxu...
Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1600 manat;
2 ilədək - 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1400 manat;
2 ilədək - 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1200 manat;
2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
 
 
Ardını oxu...
Get-gedə ağırlaşan beynəlxalq iqtisadi sanksiyalar altında olan Rusiya və İran bir-biri və özləri kimi sanksiyalarla üzləşən ölkələrlə birlikdə ticarətin cəza tədbirlərini kompensasiya etməyin yollarını axtarırlar.

Beynəlxalq bank sistemindən, ixrac bazarlarından, beynəlxalq resurs və texnologiyalardan qoparılmış bu ölkələr öz ticarət münasibətlərini möhkəmləndirməyə, Şimali Koreya, Belarus, Venesuela və Birma kimi təcrid olunmuş ölkələrlə iqtisadi əlaqələr qurmağa çalışır.

“Alıb-satmaq istədikləri məhsulları yoxdur”

Ancaq ekspertlər deyir ki, bu qəbildən olan dövlətlər Qərbə qarşı durmaq üçün razılığa gəlmək istəsələr də, aralarında uzun zamandan bəri mövcud olan rəqabət, logistik çətinliklər və məhsullarının oxşarlığı hər hansı blok yaratmağa imkan vermir.

“Onlar coğrafi baxımdan bir-birinə yaxın deyil. Bir-birindən alıb-satmaq istədikləri məhsulları yoxdur. Üstəlik, bir-birini sevmirlər. Bu, içində olmaq istəmədiyiniz bir klubdur”, – ABŞ Xəzinədarlıq Departamentinin keçmiş əməkdaşı, hazırda “Castellum.A.I” konsaltinq şirkətinin baş icraçı direktoru (CEO) Piter Pyatetski (Peter Piatetsky) deyir.

İran sanksiyaların aradan qaldırılacağını gözlədiyi halda ilin əvvəlində ABŞ və Avropa İttifaqının (Aİ) yeni sanksiyaları ilə üzləşdi. Bu sanksiyalar ilk növbədə Tehranın Ukraynaya qarşı hücumda Rusiyanı dəstəkləməsi və ölkə daxilində hökumət əleyhinə etirazları amansızlıqla boğması ilə bağlıdır.

Ancaq Ukraynada müharibədən öncə də Tehran və Moskva sanksiyalardan yayınmaq üçün ticarət sövdələşmələri haqda düşünürdü.

Rəisinin vədi
“Həm İran, həm də Rusiya sanksiyaların hədəfindədir və onlar bu imkandan faydalana bilərlər”, – İranın Neft Nazirliyi yanvarda paylaşdığı tvitdə yazırdı. Həmin dövrdə rəsmilər Moskvada görüşərək iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edirdilər.

Noyabrda Tehranda Rusiya nümayəndə heyətini qəbul edən İran Prezidenti İbrahim Rəisi Moskva ilə əlaqələri “strateji” səviyyəyə qaldırmağa söz verib. O bunu “ABŞ və müttəfiqlərinin sanksiya və sabitliyin pozulması siyasətinə ən qətiyyətli cavab” adlandırıb.

Rusiyanın Ukraynaya qarşı aqressiyasını dəstəklədiyi və 2020-2021-ci illərdə ölkə daxilində hökumət əleyhinə etirazları boğduğu üçün sanksiyalara məruz qalan Belarus da bu il Moskva və Tehranla ticarət müqavilələri imzalamağı faydalı sayıb.

2014-cü ildə ölkə daxilindəki etirazları boğduğu üçün ABŞ və Aİ sanksiyalarına məruz qalan Venesuela bu il Tehranla 20 illik əməkdaşlıq müqaviləsi imzalayıb.

Çin
Hazırda “TD International” risk kəşfiyyat şirkətində aparıcı vəzifə tutan ABŞ hökumətinin keçmiş kəşfiyyat işçisi Bencamin Tsay (Benjamin Tsai) deyir ki, Belarus və Venesueladan başqa Şimali Koreya, Suriya və Myanmanın (Birma) da Rusiya və İranla ticarət əlaqələrinin olduğu bəllidir.

Onun sözlərinə görə, Çin “Rusiya və İrandan enerji idxaləndan faydalanır”, ancaq “Rusiya və İranı diplomatik və ideoloji məcralarda dəstəkləməklə yanaşı sanksiyaları pozmadan incə balans oyunu oynayır”. Tsai bunu Qərblə əlaqələri kəsməyin Çinə baha başa gələcəyi ilə izah edir.

Maraqlıdır ki, Rusiyanın Çinə daha çox neft ixrac etmək üçün qiymətləri aşağı salması İranın bazarına mane olur.

Çinlə Rusiya sentyabrda İranı rəhbərlik etdikləri Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv kimi qəbul etməyə razı oldular. Bu addım həm də ticarət əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.

Dollarsızlaşdırma
Sanksiya altında olan dövlətlər beynəlxalq yükdaşıma və maliyyə xidmətlərindən də yararlana bilmirlər. Buna görə də onlar öz aralarında ticarət üçün müxtəlif üsullara əl atırlar.

“Onlar barter, yaxud ABŞ dolları tələb etməyən ticarət növlərinə müraciət edə bilərlər. Məsələn, Qərbin sanksiyaları Rusiyanın ikitərəfli ticarətdə Çin yunanından istifadəsini artırıb. Rusiya qurumları eyni zamanda kriptovalyutalarla sanksiyalardan yayınmağa çalışırlar”, – Tsay deyir.

Rusiya və İran uzun zamandır ki, ABŞ dolları ilə aparılan ticarətdən yayına bilmək üçün alternativ valyuta yaratmağı götür-qoy edirlər.

Rusiya 2014-cü ildə Ukraynaya məxsus Krım yarımadasını ilhaq edəndən sonra sanksiyalara məruz qalmasından bəri SWIFT-in yerinə öz bank sistemindən istifadəyə cəhd edib.

Bu il Rusiya və İran dollarsızlaşdırma məqsədilə ikili ticarəti öz milli valyutalarında aparmaq və özlərinin elektron bank ödəmə sistemlərini – “Mir” və “Şetab”ı inteqrasiya etmək yönündə addımlar atıblar.

Ticarət alınmayanda…
İranla Rusiyanın sanksiya altında olan dövlətlərlə birbaşa ticarəti alınmayanda hərbi məhsullar, texnologiya və nou-hau mübadiləsinə əl atmağa başladılar.
ABŞ Şimali Koreyanı Rusiyanı hərbi sursatla təchiz etməkdə günahlandırır. İransa Rusiyaya Ukraynada istifadə üçün döyüş və “kamikaze” dronları satıb. Britaniya Rusiyanı İrana bunun əvəzində “müasir hərbi hissələr” verməkdə suçlayıb.

Ancaq Pyatetski deyir ki, bu cür sövdələşmələri kənara qoysaq, İran, Rusiya və sanksiya altında olan digər dövlətlərin özlərinin kənardan idxal etmədikləri, ticari dəyəri olan məhsulları yoxdur.

“…Bəli, bir-birinizlə iş görə bilərsiniz. Ancaq sənin qarşı tərəfə lazım olan bir şeyin yoxdur”, – Pyatetski deyir.

Əngəllər
Rusiya, İran və Belarusun hər üçü enerji istehsalçısıdır. Rusiyanın Hindistan və Çinə neft satışları isə İranın ixracatına mane olur. Həm Rusiya, həm də Belarus aparıcı gübrə ixracatçılarıdır. Bu isə Belarusun əsas ixracat məhsulu olan potaş (kalium mineralları) satışına əngəl yaradır. Rusiyanın daxili avtomobil sənayesi ciddi problemlərlə üz-üzədir. Tehran bu ölkəyə avtomobil və hissələr satmağa cəhd etsə də, İran maşınlarının təhlükəsizlik standartlarına uyğun olmamaqda ad çıxarması bu sövdələşməni şübhə altına alır.

Ötən il Moskva Tehrana təyyarə ixracı barədə razılığa gəlib. Ancaq bu sövdələşmə də sual altındadır.

“Rusiyada adamlar İran maşını sürmək, İranda isə insanlar Rusiya təyyarəsində uçmaq istəmirlər”, – Pyatetski deyir.

“Bu cür sanksiyalardan yayınma tədbirləri … rejimin ayaqda qalmasına kömək edə bilər, amma iqtisadi artıma yol açmayacaq. Sanksiya altında olan dövlətlərin bu “blokunun” Qərblə hər hansı şəkildə iqtisadi rəqabət apara biləcəyi ağlasığmazdır”, – Tsay deyir.
pressklub.az
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1800 manat dövlət rüsumu müəyyənləşib. Bu halda 15 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat dövlət rüsumu alınacaq.

Qanuna görə, 20 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1200 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat dövlət rüsumu müəyyənləşib.

Yuxarıda qeyd olunan müddətlər 2023-cü il yanvarın 1-dən 5 il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 5 iş günü azaldılmaqla tətbiq ediləcək.

Miqrasiya Məcəlləsinə əlavə edilən yeni – 69.1-1-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna ilə, qüvvədə olan qanunvericiliyə əsasən yenə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumi əsaslarla iş icazəsi 1 il müddətinə verilə, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə görə iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyaya keçirilir. Dəyişiklik bu qayda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tətbiq ediləcək.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
Ardını oxu...
“Əmək pensiyaları haqqında” Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər verir ki, həmin şəxsin heç bir stajı olmadıqda belə, o, pensiya hüququ qazanır.

Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.

Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur.

Yəni, qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.
Ardını oxu...
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.
 
Ardını oxu...
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1152-ci, 1243-cü, 1255-cü və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri M.Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü D.Novruzovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
 
Ardını oxu...
Qarabağ savaşı əlillərinə qarşı özbaşınalıq sosial-iqtisadi , hüquq –ədliyyə - məhkəmə sahəsində daha
qabarıq nəzərə çarpır. Təsəvvür edin, Qarabağ qazisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı
olmadan icra məmurunun rüşvət, tamah dələduzluğu ilə şantaj edilir və qanuni – hüquqi icra sənədi
olmadan pensiyası borc adına məktubla (?) yarıqat edilir , hələ də bu tutulan qazi haqqı geri
ödənilmir. Qarabağ qazisinin xeyrinə çıxarılan qanuni məhkəmə qərarı isə onlarla illərdir icra
olunmur.
Əlillərin sanatoriya – kurort yollayışları ilə təmin olunmasının təşkil edilməsindən isə Qarabağ savaşı
əlillərinə pay düşmür. Sadəcə Qarabağ qazilərinə xidmətdən imtina edilir. İmtinadan məhkəməyə
müraciət edəndə isə iddianın mümkün sayılmasından imtina edilir. Hüquq mühafizə orqanları da
inzibati icraat qaydasında işə baxmaqdan imtina etdiyindən, Ombudsman əlil hüquqlarını qorumağa
müvəkkillikdən imtina etdiyindən, Qarabağ qaziləri hüquqsuz, yardımsız durumdan çıxış yolunu
canlarına qıymaqda görürlər.
İndiyədək Qarabağ əlillərinin sanatoriya – kurort , istirahət hüquqları çox yüksək səviyyədə təşkil
olunub. Hətta Bakı da işində olmaqla, hər rayonun sosial müdafiəsi mərkəzlərinin Qarabağ əlillərinə
zəng edib, istirahət yerlərini təklif etmələri də qazilərin yaddaşındadır. Nə yazıq, indi istirahət,
sanatoriya-kurort müalicəsi elə yaddaşlardan yada düşür. Prezidentin 30.06.2020 -ci il tarixli fərmanı
ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin (SXA) Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələri ilə
əlillərin reabilitasiyası , onların sanatoriya-kurort putyovkaları ilə təmin olunmasının TƏŞKİL EDİLMƏSİ
görəvini daşıyan Agentlik Qarabağ əlillərinə xidmətdən imtina edir. İmtinanın səbəbini Nazirlər
Kabinetinin 12.08.2002 tarixli 128 saylı qərarı ilə izah edən SXA-nın Prezident fərmanını, qanunu NK-
nın qərarından aşağıda tutmasının yolverilməzliyi bir yana, yollayışla TƏMİN OLUNMANIN yollayışla
təmin olunmanı TƏŞKİL ETMƏKdən (qərəzlə və ya qərəzsiz) ayıra bilməməsi Qarabağ qazilərini
istirahətsiz, sanatoriya-kurort müalicəsindən mərhum duruma salıb. Yalnız ümumi xəstəliklərdən əlil
olanlara xidmət etməyə səlahiyyətli olduqlarını bildirən sosial xidmətçilər Qarabağ qazilərinə
xidmətin hansı qurumun üzərinə düşdüyünü də açıqlamırlar. Müdafiə Nazirliyi, DİN , digər hərbi – güc
qurumları da səlahiyyətsiz olduqlarını pensiya təminatının 2006-cı ildən ƏƏSMN-ə verilməsi ilə
əsaslandırırlar. Belədə gözlər Nazirlər Kabinetinə, dövlət hakimiyyətinə dikilir. BƏYƏM HÖKUMƏT
BİLMİR Kİ, QARABAĞ QAZİLƏRİNİN SANATORİYA – KURORT MÜALİCƏLƏRİNİN TƏŞKİL EDİLMƏSİ KİMİN
ÜZƏRİNƏ DÜŞÜR? Axı Qarabağ əlilini müalicə , reabilitasiya, istirahət maraqlandırır, dövlətin hansı
qurumunun bu işi etməsi yox? 23.12.2021 tarixli , 405 nömrəli NK qərarı ilə 12.08.2002 tarixli qərara
edilən dəyişiklik də bir ildir icra olunmur.
Qarabağ əlillərinə Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı və 29.12.2000 tarixli 597 saylı
sərəncamı ilə ayrılan, lakin verilməsindən imtina edilən toplam 36-40 manatlıq əlavənin verilməsi
birbaşa ƏƏSMN -in səlahiyyətlərinə aid olsa da, hələ də səlahiyyətlərindən yararlanmır. Eləcə də NK-
nın 09.01.2013 tarixli ərzaq payı normasının ikiqat artırılması haqqında qərarının Qarabağ qazilərinin
pensiyalarına əlavə edilməməsinin “səlahiyyətsizliyinin” yaşı 10 il olur. Prezidentin 23.12.2021 tarixli
fərmanı ilə vəzifə maaşına müəyyən edilmiş 20 faizlik əlavənin qazi -şəhid ailələrinin pensiyalarına
əlavə edilməsi də səlahiyyətdən qıraqda qalıb. Eləcə də indi ləğv edilən “Əmək pensiyaları haqqında”
qanunun 29.2 maddəsi kimi, 2019-cu ildə ləğv edilən 19 -cu maddə ilə nəzərdə tutulan 55-110 manat
arası əlavələr də 13 il 3 ay qüvvədə olmasına baxmayaraq Qarabağ qazilərinə verilməyib.
Hökumət nümayəndələri , deputatlar gələn ildən pensiyaların, sosial ödənişlərin artırılacağından
danışmaqdan doymur. Bəs Qarabağ qazilərinə ayrılan, lakin verilməsindən imtina olunan əlavələr
gələn ildən pensiyalarda görünəcək? Qarabağ əlillərinin sanatoriya -kurort, istirahət hüquqlarının
təminatı necə, konkret səlahiyyətli qurum müəyyən ediləcəkmi? Görəsən , hökumət Qarabağ
qazilərindən nə (pislik) görüb ki, onlara xidmətdən imtina edir? Dədəm Qorqudun kitabında dediyi
kimi, qılıncındanmı görüb, süfrəsindənmi?
Məğrur Bədəlsoy
P. S. Əlil – veteran təşkilatlarının 3-5 manat qarşılığında qazilərin hüquqsuzluğuna susmasını bir yana
qoyaq. Fikrimizcə, siyasi partiyalar Qarabağ qazilərinin Prezident fərmanı , NK qərarları , qanunlarla
haqq etdiyi , lakin verilməsindən illərlə imtina edilən pensiyaya əlavələrin təyinatı üzrə verilməsinə
çalışmalıdırlar. Hökumətin qazilərə xidmətdən imtinasına qeyri- hökumət təşkilatları sussa da, siyasi
partiyalar susmalı deyil, fikrimizcə. ..
DİA.AZ-dan: Məsələ ilə bağlı bütün aidiyyatı qurum və təşkilatları dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti