“ATƏT-in Minsk Qrupunu fransızlar və amerikalılar basdırıb”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatları, Fransa və Avropa İttifaqını Minsk qrupunun “dəfnində” ittiham edərək, onların Rusiya ilə hər hansı formatda əməkdaşlıqdan imtina etdiklərini qeyd edib.
Dekabrın 1-də Avropanın təhlükəsizlik məsələlərinə həsr olunmuş mətbuat konfransında Lavrov bildirib ki, Minsk Qrupunu artıq heç kim xatırlamır.
“Qərb bəyan edib ki, Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcək. Bununla da ATƏT-in Minsk Qrupunun artıq fəaliyyətini başa vurduğunu bəyan etdilər. Minsk Qrupu vaxtilə regionda nüfuzu olan, həm İrəvana, həm də Bakıya siqnal göndərə bilən, Rusiya və ABŞ-ın sədrliyi ilə işləməyə razılıq verən ölkələri bir araya gətirmək üçün yaradılıb. Fransa da müəyyən mərhələdə ATƏT-in Minsk qrupunun həmsədri oldu. Həmsədrlər o zamandan bu yana çox faydalı işlər görüblər, onlar Ermənistan və Azərbaycan liderləri ilə həm ayrı-ayrılıqda görüşüblər, həm də birgə tədbirlər keçiriblər”, – Rusiya XİN rəhbəri bildirib.
Lavrov vurğulayıb ki, 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Rusiyanın vasitəçilik səyləri ilə atəşkəs əldə olunub, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yüksək səviyyəli görüşləri nəticəsində bir sıra digər razılaşmalar əldə olunub. O, bununla yanaşı əlavə edib ki, “biz digər oyunçuların bu proseslərə qoşulmaq üçün əsəbi cəhdlərinin şahidi olduq”:
“Bizim bununla bağlı heç bir problemimiz yoxdur. İrəvan və Bakı ilə təmaslarımızda qeyd etdiyimiz yeganə şey o oldu ki, Qərb xüsusi hərbi əməliyyata başlayandan sonra Vaşinqton və Parisin dili ilə Rusiya ilə heç bir yerdə, heç bir formatda əməkdaşlıq etməyəcəyini bəyan etdi. Bununla da ATƏT-in Minsk Qrupunun artıq fəaliyyətini başa vurduğunu bəyan etdilər. Ona görə də, erməni tərəfdaşlarımız hərdən Minsk qrupunun adını çəkəndə deyirik ki, bu məsələ bizə ünvanlanmamalıdır. Bu sual ABŞ-a, Fransaya ünvanlanmalıdır, çünki onlar bundan sonra bu qrupu toplamayacaqlarını bəyan ediblər. Və təbii ki, sual Azərbaycana ünvanlanmalıdır, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik səyləri mənasızdır”.
Lavrov qeyd edib ki, Brüsseldə demarkasiya komissiyasının iclası keçirilir, nəzakətli insanlar olan ermənilər və azərbaycanlılar iclasa qatılırlar. Lakin Brüsseldə keçmiş sovet ölkələrinin xəritələri yoxdur, onlar yalnız Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındadır.
“Sülh müqaviləsi ilə də eynidir. Onlar Avropa Siyasi Birliyi Forumu üçün Praqaya getdilər, burada demarkasiya və sülh sazişinin BMT Nizamnaməsinə və 1991-ci ilin dekabrında qəbul edilən Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə əsaslanmasına dair sənəd imzaladılar. Bütün keçmiş sovet respublikaları Alma-Ata Bəyannaməsi ilə Müstəqil Dövlətlər Birliyini yaratdılar və Sovet İttifaqının müttəfiq respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etdilər. Başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi. Və sənəd çərçivəsində həm Ermənistan, həm Azərbaycan, həm Fransa, həm də cənab Mişel Alma-Ata Bəyannaməsini ilkin şərt olmadan tanıdıqları təsdiqləyəndə, bu, əlbəttə ki, sonrakı işi asanlaşdırdı. Çünki Qarabağın statusunun necə olacağı məsələsi öz həllini tapdı. Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyinin son vaxtlar daha çox statusdan deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin olunmasının zəruriliyindən danışır. Azərbaycan tərəfi buna hazırdır, onlar Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlara təminat verməyə hazırdırlar. Minsk qrupunu isə heç kim xatırlamır”, – Lavrov bildirib.
Press Klub