
Cənubi Qafqaz ölkələri yalnız bölgənin ənənəvi etnik münaqişələrini aradan qaldırmaq və tam əməkdaşlıq etməklə üzləşdikləri təhlükələri neytrallaşdıra və Sovet İttifaqı dağılandan etibarən arzuladıqları sabitliyə çata bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Cənubi Qafqaz üçün təhlükələr” başlıqlı məqalədə göstərilib ki, Cənubi Qafqaz ölkələri əməkdaşlıq etsələr yerləşdikləri regiona nəzarəti gücləndirmək, eləcə də sülh və sabitliyə nail olmaq üçün lazımi geosiyasi tarazlığa nail ola biləcəklər. Təhlükəsizlik məsələlərində Azərbaycan, Gürcüstan və Ermənistan, iqtisadi sahədə Azərbaycan, Türkiyə və Gürcüstan, hətta Türk Dövlətləri Təşkilatı kimi siyasi birliklər son nəticədə Cənubi Qafqaz ölkələrinin maraqlarının xarici güclərin maraqlarını üstələməsinə gətirib çıxaracaq.
Qeyd olunub ki, ABŞ-ın qlobal münaqişələrdən çəkilməsi Cənubi Qafqaz kimi regionlarda geosiyasi gərginliyi artıraraq güc boşluğu yaradıb. Cənubi Qafqaza geosiyasi aspektdən baxsaq görərik ki, Avropa və Asiyanın ticarət yolları və dəhlizləri arasında yerləşən bu həyati əhəmiyyətli bölgədə bir çox siyasi qüvvələr Qərblə birləşməyə can atır. Sabiq nazir Ermənistanın “Qərbə yaxınlaşmaq” istəyinə baxmayaraq xarici siyasətinin güvən doğurmadığını vurğulayıb. Buna görə də artıq onu müdafiə etmək üçün heç bir Qərb dövlətinin “əllərini çirkləndirməyə” hazır olmadığını bildirib.
Yazıda həmçinin qeyd edilib ki, Rusiya bölgədə öz təsirini saxlamaqda maraqlıdır, Türkiyə Azərbaycanla sıx əməkdaşlıqdan faydalanmaq istəyir, Fransa birmənalı olaraq ermənilərə dəstək verir, İran isə pusquda durub uyğun məqam gözləyir. Belə bir vəziyyətdə bir neçə güc sözügedən coğrafiyaya bir-birinə qarşı müdaxilə etmək qərarına gələrsə, bu, xaos və sonsuz münaqişələrlə nəticələnəcək. Bu mənada Cənubi Qafqaz ölkələrinə xüsusən də Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən arzuolunmaz şey qeyri-stabillikdir.
Məqaləni ətraflı şəkildə aşağıdakı bu linkdən oxumaq mümkündür.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, istər Fransa, istərsə də İran pusquda dayanıb uyğun zamanı gözləyir:
"Unutmamalıyıq ki, Rusiya da eyni kateqoriyadandır. Çünki sözügedən dövlətlərin hər üçünü antitürk ovqatı birləşdirir. Həmçinin İran, Rusiya və Fransa türk düşmənliyini gizlətmir və açıq şəkildə biruzə verir. Yalnız qardaş Türkiyə nəinki düşmənlik etmir, həm də qeyri-türklərə rəvan münasibət bəsləyir. Bu gün hər tərəfdən sıxışdırılan Gürcüstanın ayaqda qalmasında Azərbaycanla bərabər Türkiyənin də böyük rolu var. Məhz Ermənistanın xilası Ankaradan asılıdır. Eyni zamanda bunu rəsmi İrəvana hər zaman bildirir, hiss etdirir ki, daşı ətəyindən tökərək normal münasibətlərə keçsin. Lakin Fransa, İran və Rusiya əllərindən gələni edirlər ki, həm Cənubi Qafqazın 3 xalqı, yəni azərbaycanlılar, gürcülər, ermənilər daim münaqişə içində yaşasınlar. Üstəlik, onlar süni şəkildə də olsa, regionda varlıqlarını qorumaq istəyirlər. Sözügedən dövlətlər Cənubi Qafqazda etnik qarşıdurmaların daim ayaqda olmasında və körüklənməsində maraqlıdır".
Şərhçi vurğulayıb ki, əslində Fransanın Ermənistana verdiyi açıq dəstək bu ölkəni sevməsindən yox, türk düşmənliyindən qaynaqlanır:
"Həmin qüvvələr türkləri gərginlik içində saxlamaq məqsədi güdürlər. Ermənilər də elə bilir ki, fransızlar onları çox sevir. Elə bir şey yoxdur. Çünki Fransanın qızışdırıcılığı ilə baş vermiş bütün proseslərdə Ermənistan zərərə düşür. Gürcüstana gəlincə, Azərbaycan və Türkiyənin bu dövlətlə əla münasibətləri var. Adı keçən ölkələr müxtəlif formalarla Tbilisi ilə olan əlaqələri gərginləşdirməyə çalışır. Sadəcə olaraq, Gürcüstan hakimiyyətinin ağlı yetir ki, bu məsələdə irəli getməsin və münasibətlərin pozulmasına təkan yaranmasın".