Ehtiyat hissələri qaçaqmalçılıq yoluyla gətirildiyindən Rusiyanın mülki təyyarələri güvənli deyil
Fevralın 13-də - Rusiyanın Ukraynaya tammiqyaslı hücum başlatmasının üçüncü ildönümü ərəfəsində ABŞ Ədliyyə Departamenti bir Ohayo şirkəti ilə bağlı üç nəfəri həbs etdiyini açıqlayıb. Onlar ABŞ qanunlarını pozaraq toplam dəyəri 2 milyon dollar olan mülki təyyarə hissələrini Rusiyaya ixrac etməkdə suçlanırlar.

ABŞ fərd və qurumları son üç ildə, azı, beşinci dəfədir Rusiyaya təyyarə hissələri göndərmək üçün sxem qurmaqda ittiham edir. Bu sonuncu halda suçlananların hər üçü Rusiyaya təyyarə hissələri satan bir şirkətin filialı olan "Flighttime Enterprises"in indiki və keçmiş işçiləridir.

Dərin böhran var
Qaçaqmalçılıq hallarının artması Rusiyada mülki aviasiya sahəsində yaranmış geniş və dərin böhrandan xəbər verir.

Berkli Risk və Güvənlik Laboratoriyasının direktoru Lea Uolker deyir ki, Çin də ABŞ aviasiya sənayesini hədəf alır, ancaq əqli mülkiyyəti oğurlamaqdan ötrü kiber üsullardan yararlanır. Rusiya isə ehtiyat hissələri qaçaqmalçılıq yolu ilə əldə etməyə üstünlük verir.

ABŞ-də istehsal olunan "Boeing" və Aİ-də istehsal olunan "Airbus" təyyarələri Rusiya kommersiya donanmasının 2/3-ni təşkil etsə də, sərnişinlərin 90 faizə qədərini daşıyır. Bütün təyyarələr kimi, onların da sertifikatlı mütəxəssislər tərəfindən müntəzəm yoxlanmaya və rəsmi ehtiyat hissələrindən istifadə edilməklə təmir olunmağa ehtiyacı var.

Qərbin sanksiyaları bu təyyarələrə xidmət göstərilməsini və onların hissələrinin yenilənməsini mümkünsüz edir. Bu da Rusiya hava şirkətlərini ağır seçimlər qarşısında qoyur. Onlar ya yoxlama və təmir vaxtı çatan təyyarələri qalaqlayıb bir yerə yığmalı, sanksiyaların bitməsini gözləməli, ya sərnişinlərin həyatını təhlükəyə atmaq riski qarşısında təyyarələrdən istifadəni davam etdirməli, ya da sertifikatlı ehtiyat hissələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib, qanunu pozaraq mütəxəssislərə pul verməklə təyyarələrin texniki baxış və təmirini gerçəkləşdirməlidirlər.

Əsasən, son iki variant seçilib
Rusiya hava şirkətləri, əsasən, son iki variantı seçib. Nəticələr göz önündədir. Avadanlıq və mühərrikin sıradan çıxması kimi hallara get-gedə daha çox rast gəlinir.

Təkcə dekabrın 1-dən yanvarın 20-dək Rusiya mülki təyyarə parkında 11 təyyarənin mühərriki sıradan çıxıb. Bundan öncəki iki ay ərzində cəmi beş belə hal qeydə alınıb.

Yanvarın əvvəlində "Ural Hava Yolları" şirkətinin "Airbus A321" təyyarəsi Misirdə məşhur kurort şəhərlərindən birindən Yekaterinburqa yola düşərkən, mühərriki sıradan çıxdığı üçün hava limanına qayıtmalı olub. Olay zamanı heç kim xəsarət almayıb. Sanksiyalar "Ural Hava Yolları"nın rəsmi mütəxəssislər dəvət edərək mühərrikə baxış keçirməsinə imkan verməyib.

"Çox güman, təyyarə sanksiyalar aradan qaldırılanadək, ya da "Ural Hava Yolları" onu satanadək elə Misirdə paslanacaq", - bir rusiyalı pilot AzadlıqRadiosunun rus xidmətinə belə deyib.

Rusiyanın Novosibirsk vilayətinin Ubinskoye kəndi yaxınlığında qəza enişi edən "Ural Hava Yolları" təyyarəsi.

"Novaya Gazeta Europe" yazır ki, Rusiyada aviasiya insidentləri ötən il 25 faiz artıb. İlin ilk 11 ayında 208 belə insident baş verib. 2023-cü ilin eyni dövründə bu göstərici 161 olub. Ötən ilin rəqəmi hələ hesablanmayıb.

Azı, 90 belə insidentdə sistem pozuntuları üzündən təyyarəni yerə endirmək gərəkib. Bu halların çoxunda mühərrik və enmə avadanlığında nasazlıqlar qeydə alınıb.

Aviasiya mütəxəssisləri sanksiyalar aradan qaldırılmazsa, texniki baxış aparılmadığından bu il durumun daha da pisləşəcəyini düşünürlər.

Hər 18-24 aylıq, yaxud 3-6 min saatlıq uçuşdan sonra təyyarələrin strukturu, sistem və hissələri çox ciddi texniki baxışdan keçirilməlidir. Bu cür yoxlamalarda təyyarə bir neçə həftə boyunca istismarda olmur.

Hər 6-12 ildən bir təyyarələr sökülür, ehtiyat hissələri yoxlanır, gərəkirsə, təmir edilir, ya da əvəzlənir. "D Check" adlanan bu proses iki ayadək sürə bilər.

Ancaq bunların heç biri təyyarəni istehsal edən şirkətlərlə birbaşa əməkdaşlıq olmadan mümkün deyil. Bir rusiyalı uçuş güvənliyi eksperti AzadlıqRadiosunun rus xidmətinə deyib ki, sanksiyaların dördüncü ilinə qədəm basıldığı indiki dövrdə Rusiyanın mülki aviasiyası böhran nöqtəsinə gəlib çatıb.

Bu il Rusiya təyyarələrinin çoxunun qanuni istismar müddəti bitir?
"Əlimdə bütün Rusiya təyyarələrinin ömrünə dair dəqiq bilgi yoxdur, ancaq 2025-ci il onların çoxu üçün qanuni istismarın sonuncu ili olacaq". AzadlıqRadiosu rus xidmətinin materialları əsasında Todd Prinsin hazırladığı bu yazıda istinad edilən digər mütəxəssislər kimi, o da anonimlik şərtiylə danışıb.

Rusiya hava şirkətləri ABŞ və Avropadakı qeyri-rəsmi qaynaqlardan ehtiyat hissələrini qaçaqmalçılıq yolu ilə əldə etmək, qeyri-rəsmi texniki baxış aparmaq və uçuş tezliklərini azaltmaqla təyyarələrin istismar müddətini uzatmağa çalışır.

Əksər hallarda bu hissələr Türkiyə, Ermənistan və Qazaxıstan kimi üçüncü ölkələr vasitəsilə keçirilib.

Ukraynanın Krım bölgəsini Rusiyanın ilhaq etməsi və Donbas bölgəsində münaqişə yaratmasının ardınca son 10 ildə Moskva ilə Qərbin münasibətlərində gərginlik çoxalıb. Kreml ABŞ və Avropa təyyarələrindən asılı olmamaq üçün yerli aerokosmik sənayesinə investisiyalarını artırıb.

Bu gün Rusiyanın mülki təyyarə donanması 700 xarici təyyarədən və 150 "Sukhoi Superjet"dən ibarətdir. Ancaq sanksiyalar yerli təyyarələrə də təsir göstərir, axı onların da istehsalında Qərbin ehtiyat hissələrindən istifadə edilir.

"Superjet"in füzelyajı və qanadları Rusiyada hazırlanır, ancaq təyyarənin əsas hissələri – mühərrikləri, avionikası, elektrik sistemləri, eniş avadanlığı, yanacaq sistemləri Qərb istehsalçılarından gəlir.

Rusiya istehsalı olan PD-14 mühərrikli M-21-310 sərnişin təyyarəsi İrkutskda sınaq uçuşu zamanı.

Yerli istehsal təyyarələrin də ehtiyat hissələri Qərbdən gətirilməlidir
"Superjet"in C və D yoxlamaları Rusiya daxilində aparıla bilsə də, yenilənmə üçün gərəkən ehtiyat hissələr yenə Qərbdən gəlməlidir. Hava Yolları onları əldə etməkdə çətinlik çəkir.

"Həm xarici təyyarələr, həm də "Superjet"lər son nəticədə ehtiyat hissələri çatışmadığından yerdə qalacaq. "Superjet"lər yalnız bir il daha artıq davam gətirəcək", - daha bir uçuş güvənliyi ekspertinin sözləridir.

Rusiya Qərb aerokosmik texnologiyalarından asılılığını azaltmaq üçün MC-21 adlı yeni yerli təyyarə istehsal etməyi planlaşdırır.

2022-ci ildə hazırlanan hökumət planına əsasən, Rusiya 2030-cu ilədək 1036 təyyarə istehsal etməli idi. Onların arasında 270 MC-21, 142 "Superjet", 70 Tu-214 də olmalıydı.

Ancaq Qərbin qoyduğu texnoloji sanksiyalar, qismən də resursların müharibənin ehtiyaclarına yönləndirilməsi üzündən kütləvi istehsal illərlə ertələnib.

"Biz təyyarənin gövdəsini hazırlamaqda çox yaxşıyıq – sovet füzelyajları və qanadları ən güclüdür. Ancaq sanksiyalar üzündən mühərrik və avionikamız yoxdur", - rusiyalı pilot belə deyir.

Texnoloji baza yetərsizdir
MC-21-lərin xarici hissələrini dəyişmək xüsusilə çətindir. Təyyarə Amerika mühərrikləri və avionikası ilə dizayn olunub. Onları əvəzləmək üçün Rusiyanın texnoloji bazası yetərli deyil.

"Mühərrik texnologiyası sahəsində biz 40 il geridəyik. Mürəkkəb materiallarla bağlı durum da elədir", - bunu uçuş güvənliyi eksperti vurğulayıb.

Rusiyanın böhran içərisində olan bir çox digər yerli sektoru kimi, bu sahədə də rusiyalılar öz təyyarə mühərriklərini istehsal edən Çinə üz tuta bilərlər. Ekspertlərə görə, Çin Rusiyanı güvənli mühərriklərlə təchiz edə bilsə, MC-21-in gələcəyi ola bilər, ancaq bu 2029-cu ildən tez baş verməyəcək.

Çinin C919 təyyarəsində hazırda Qərb mühərriklərindən istifadə olunur. Bu da onu Rusiya üçün əlçatmaz edir. Ancaq Çin bu il, yaxud gələn il yerli mühərrik istehsal etməyi planlaşdırır.

"Son nəticədə Çinin təcrid olunmuş dövlətlər – İran, Şimali Koreya və Rusiya üçün təyyarəsi olacaq", - AzadlıqRadiosuna danışan ekspertlərdən biri belə deyib.
pressklub
 
 
 

Bölmənin digər xəbərləri

06 Mart 2025 Verdyan İlham Əliyevə müraciət etdi: - Mənə sığınacaq verin
06 Mart 2025 PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb
06 Mart 2025 Medvedev Zelenskini və Aİ rəhbərliyini bu sözlərlə təhqir etdi
06 Mart 2025 ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür - "Financial Times"
05 Mart 2025 Cinayətkarlar Putindən daha təhlükəlidir - Tramp
05 Mart 2025 İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
04 Mart 2025 "Sabah hər şeyi danışacam, Putin Rusiyasına..." - Tramdan gözlənilməz açıqlama
04 Mart 2025 Avropanın nüvə silahı olacaq? - Makrondan gözlənilməz TƏKLİF
04 Mart 2025 Zelenski Trampdan üzr istəyəcək? - Özü danışdı
03 Mart 2025 USAID bağlanmazdan əvvəl Ermənistana vəsaitin böyük hissəsini köçürüb
03 Mart 2025 Netanyahunun evi qarşısında aksiya - Minlərlə israilli nə istəyir? + FOTO
03 Mart 2025 Uolts: Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə bilər
03 Mart 2025  Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
02 Mart 2025 Jurnalistlər hesab edirlər ki, Zelenskə kostyumla bağlı verilən sual Ağ Ev tərəfindən əvvəlcədən hazırlanmışdı.
02 Mart 2025 Vensin böhtanı faktlarla təkzib edildi...
01 Mart 2025 Zelenski Trampla görüşü şərh edib
01 Mart 2025 25 Amerikan ştatının adının anlamı
01 Mart 2025 Adnan Oktar bəraət aldı - “Haber Global”
01 Mart 2025 Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan olundu
01 Mart 2025 İngilis dili ABŞ-də rəsmi dil ola bilər

Dünyapress TV

Xəbər lenti