"Rejissor Azərbaycan aktyorlarından çox razıdır..."
“İkinci dəfədir ki, Rusiya istehsalı olan ekran işində rol alıram. Əlbəttə ki, bir aktrisa kimi bu mənim üçün çox gözəl hissdir. Birinci işim Belarusiya və Rusiyanın birgə istehsalı olan “Ərik acısı” serialı “Domaşnıy” kanalının sifarişi ilə çəkilirdi. Fevral ayında nümayiş etdirildi. Bu serialın rejissoru Aleksandr Moxov idi. Rejissoru Sergey Çekalov olan “Didərginlər” adlı serialın çəkilişlərinə isə may ayından başlamışıq. Mənim çəkilişlərim eyni məkanda olduğu üçün artıq bitib. Amma aktyor yoldaşlarım müxtəlif məkanlarda çəkildiklərinə görə gedib gəlirlər. Azərbaycandan ilk dəfə idi ki, 15-ə yaxın aktyor Rusiyada seriala cəlb olunurdu. Buna görə mən Səbuhi Məmmədova təşəkkürümü bildirib, onu təbrik edirəm ki, belə bir layihədə prodüsserlik edib. Səbuhi Məmmədov “Azərbaycan aktyorlar agentliyi”-nin rəhbəridir. O əlindən gələni edir ki, Azərbaycan aktyorları müxtəlif ölkələrin film və seriallarında rol alsınlar. Bu ekran işlərindən ikisi də mənim yaradıcılıq payıma düşdü. Ümid edirəm və buna çox inanıram ki, davamlı olacaq”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Hüsniyyə Mürvətova deyib.

“Əlbəttə ki, bir aktrisa kimi mənim üçün çox maraqlıdır ki, başqa bir dövlətin filmində, serialında çəkilib, əcnəbi rejissorla işləyirəm. Bu həm də çox məsuliyyətlidir. Orada məsuliyyət birə-yüz artmalıdır. Artır da. Çünki sən burada təkcə özünü yox, Azərbaycan aktyorlarını, aktyor məktəbini təmsil edirsən. Birinci işimdən də, çəkildiyim “Ərik acısı” serialının rejissoru Aleksandr Moxov da işimizdən çox razı qaldı. Serial çox yüksək reytinq qazanaraq tamaşaçılar tərəfindən çox böyük sevgi ilə qarşılandı. “Didərginlər” serialının rejissoru Sergey Çekalov da işimizdən çox razı idi. Hətta serialın prodüsseri şəxsən özümə dedi ki, rejissor Azərbaycan aktyorlarından çox razıdır. Rolum çox maraqlıdır. Tarixi bir serialdır. Davamı Azərbaycanda da çəkiləcək, oktyabr ayında ölkəmizə gələcəklər” deyə aktrisa bildirib.

Sənətkar yerli seriallara çəkilməməsi ilə bağlı suala bu cür cavab verib.

“Düşünmürəm ki, mən yerli seriallardan uzaq düşmüşəm. İctimai televiziyada yayımlanan “Gündəlik” (rejissor Pərviz Həsənov) serialına çəkildim. 3 mövsümdür efirə gedən “Molla Nəsrəddin”-də çəkildim. Dövlət Televiziyasının sifarişi ilə “Şuşanın səsi” (layihə rəhbəri Elnur Məmmədov, rejissoru Nazim Məmmədov) verilişi üçün Xurşidbanu Natəvanın obrazını canlandırdım. Ola bilər ki, mən qonorarı çox istəyirəm. Bəlkə də bu qonorar onları qane etmir. Çox çəkilməməyimin səbəblərindən biri bu ola bilər. Amma tam uzaqlaşmamışam. Mən inanıram ki, hansısa bir rejissora lazım olsam yenə də davamlı olaraq çəkiləcəm. Həm də teatrda da mənim rollarım var. Teatrla ciddi şəkildə məşğulam. Gündəlik seriala çəkilmək çox çətindir. Çox həyəcanlı olursan. Mən Rusiyada bilirsiniz niyə rahat çəkilirəm? Bilirəm ki, 15 günlük məhz bu işə görə bura gəlmişəm. Mənim işim gedib istirahət etmək və setə gəlib seriala çəkilməkdir. Çox rahat oluram və çəkilirəm. Azərbaycanda olanda isə həm teatrdakı məşqlərə qaçıram, həm dublaya, həm serial çəkilişlərinə, üstəlik də tədbirlərə gedirsən. Çatdırmaq çox çətin olur. Mən seriallara o qədər də can atmıram. Film mənim üçün daha maraqlıdır. Sonuncu çəkildiyim film “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) oldu. Xalq artisti Məmmədsəfa ilə birlikdə oynamışdıq. Ssenarisi də festivalda birinci yerə çıxmışdı” deyə əməkdar artist bildirib.

Hüsniyyə Mürvətova bildirib ki, Bakı Bələdiyyə Teatrında çalışdığı üçün qürur duyur.

“Amaliya xanımın dünyadan getməsi təkcə bizim teatrımız üçün deyil, ümumilikdə Azərbaycan üçün böyük bir itkidir. Biz böyük bir sənətkarı itirmişik. Bizim Bakı Bələdiyyə Teatrı fəaliyyətini çox gözəl davam etdirir. Amaliya xanımın ruhunu şad etmək üçün biz var gücümüzlə işləyirik. Sentyabr ayının 10-da biz mövsümü mənim də baş rolda oynadığım Çingiz Aytmatovun “Ana tarla” əsəri ilə açacağıq. Çox gözəl tamaşalarımız hazırlanır, premyeralarımız olur. Biz artıq Azərbaycana səs salmış teatrıq. Bütün bu səylərimiz də ona görədir ki, Amaliya xanımın ruhu şad olsun. Onun yaratdığı teatr yaşayır. Amaliya xanımın qızı Aynur Muxtarova çox böyük səylə onun işini davam etdirir. Xalq artisti, teatrımızın baş rejissoru Mərahim Fərzəlibəyovun rejissorluğu ilə bir-birindən gözəl tamaşalarımız təhvil verilir. Hər şey çox gözəldir. Şükürlər olsun Allaha” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti