“Bir müddətdir ki, xəstə yatağındayam. Yaş artıq öz işini görür. Nə qədər yaşamaq olar? Bütün xəstəliklərim bir-birinə qatışıb. 3-4 aydır ki, yorğan-döşəkdəyəm. Televiziyaya da gedə bilmirəm. Böyrəklər bir az əziyyət verir, ürəyim bir az. Allah bilən məsləhətdir, nə vaxt məni bu dünyadan aparsa, o vaxt da gedəcəyəm. Bunu Allah bilir. Ölüm haqdır. Ən vacibi odur ki, bu dünyada ölüm var. İnsan xəstə olub, əziyyət çəkir, bax bu pisdir. Yaradıcı adam üçün xəstə yatmaq pisdir”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib.
“Azərbaycanda yeganə xalq artisti tarzən qadınam. Mədəniyyətimizin inkişafı üçün çox əziyyətlər çəkmişəm. İndi işləməyə nə var ki? Televiziyalarda yollar açıqdır, cah-cəlallıq var. Biz bunları zülmlərlə qazanmışıq. İndi hər şey var, amma sənət yoxdur. Əsl sənət haqda danışanlar da yorulub. Sənətdən danışan da yoxdur. Bu məni çox narahat edir. Müğənnilərə baxıram, aparıcılar onları elə təqdim edir ki, deyirəm ki, bunlardan yəqin yoxdur. Onların nə vurğu işarələri, nə diksiyaları, nə də ki, danışıqları gözəldir. Müğənninin aylarla, illərlə üzərində işləyirdim. Mən onlara başa salırdım ki, filan mahnını oxusanız, daha yaxşı olar. Hər müğənninin səsinə, zövqünə görə mahnını onlara verirdim” deyə sənətkar deyib.
Xalq artisti bildirib ki, “Lalə” qızlar ansamblına xanımları seçərək götürüb.
“Vaxtilə ansambla maneçilik törədən çox xalq artistləri olub. Allah rəhmət etsin, başda elə Əhməd Bakıxanov idi. Bilirsiniz niyə? Bizim ansamblımız üzə çıxan kimi onların səviyyəsi aşağı düşdü. Deyirdilər ki, bu ansambla ehtiyac yoxdur. 7-8 nəfər var ki, onlar daim mənimlədir. O qədər sadiq olmayanlar oldu ki. İndi bəziləri efirə çıxır, heç “Lalə” qızların adını çəkmir. Naxələfdirlər də. Buradan fəxri adlar alıb, konsertlər veriblər. Müğənni tayfasının 90 faizi sədaqətsiz insanlardır. Bu onlarda adətdir. Mən hər xanımı, qızları ansambla götürməmişəm. Yolunu azanlar olub ki, onları bu başdan yola salmışam. Görmüşəm ki, bu qız mənə layiq deyil. Balıq başından iylənər. Mən özüm əgər möhkəm, ciddi durmasaydım onlar üstündə, yollarını azardılar. İlk növbədə məni müğənninin əxlaqı maraqlandırır. Bir ana 3 qızını saxlaya bilmir, gör nə qədər xanımlar mənim ansamblımdan gəlib-gedib. Xalq artisti Nəsibə Zeynalovanın xahişi ilə ansamblıma bir müğənni götürdüm. Şəkiyə qastrol səfərinə getmişdik. Gördüm ki, həmin qız yoxdur. Qız gəldi, əlində bir çörək, bir dənə də kolbasa. Məndən icazəsiz getmişdi. Hələ indiyə qədər heç bir qız məndən icazəsiz harasa getməyib. Ona dedim ki, yığış, yol pulunu da verirəm, get Bakıya. Yalvardılar ki, cavandır, bilməyib. Onu Bakıya göndərmədim. Bakıya çatan kimi o qızı ansamblımdan çıxardım” deyə sənətkar bildirib.