Bu insan 14 yaşından mahir bir döyüşçü kimi yetişmişdi və qılınc oynatmaqda, ox atmaqda, döyüşkənlikdə öz yaşıdlarından əhəmiyyətli dərəcədə fərqlənirdi. 15 yaşından atasının hərbi səfərlərində iştirak edir və şücaətinə görə ona kəşfiyyat dəstəsinin komandiri vəzifəsi həvalə edilir. 16 yaşında isə Azərbaycan əyalətinin xanı olur və 1 il Cənubi Azərbaycanı idarə edir. Ağa Məhəmməd xan bütün döyüşlərdə əlində qılınc ön cərgədə döyüşürdü, ölənə qədər bu cəsur vərdişindən əl çəkmədi.
Ağa Məhəmməd xan olduqca inadkar, fərasətli və savadlı bir sərkərdə idi. 1759-cu ildə atasının öldürülməsindən sonra 17 yaşlı Ağa Məhəmməd qacarları başına toplayıb zəndlərə qarşı dörd il partizan savaşı aparmış, 1763-cü ildə Kərim xan Zəndin 4 minlik qoşununa qarşı 500 nəfərlik dəstəsi ilə döyüşmüş, qeyri-bərabər döyüşdə doqquz yara alsa da mühasirəni yarıb xilas ola bilmişdi. Aldığı doqquz yaradan biri də qasıq nahiyəsindən dəydiyi üçün xacəliyinə səbəb olmuşdu.
Gənc yaşlarından xacə olması, atasının ölümü və Zəndlərə girov düşməsi şah Qacarı həyatdan küsdürməmiş, əksinə, daha da mübariz, çalışqan və inadkar olmasına səbəb olmuşdu. Zəndlərin girovluğunda keçən 16 illik həyatında fransız dilini mükəmməl öyrənmiş, din, fəlsəfə ilə dərindən maraqlanmış və hərbi bacarıqlarını daha da artırmışdı. O, həmçinin islam dininin mahir bilicisi idi. Hətta Qurana təfsirlər yazması haqqında məlumatlar da var. Əminliklə deyə bilərik ki, Azərbaycan tarixində Ağa Məhəmməd şah Qacar qədər intellektual ikinci bir hökmdar olmayıb.
Gənc yaşlarından keçirdiyi ağır həyat və qarşılaşdığı məhrumiyyətlər onu mübarizəsindən daşındırmadı, mübarizəyə başlamaq üçün uyğun zamanı gözlədi. Həmin zaman yetişənə qədər özünü mübarizəyə hərtərəfli hazırladı. 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra yenidən aktiv mübarizəyə başladı və 1794-cü ildə İranın tamamını hakimiyyəti altına aldı. Qısa müddətdə şimali Azərbaycanı da nəzarətinə alan şah Qacar parçalanmış səltənəti yenidən bir bayraq altında birləşdirən sonuncu türk hökmdarı oldu. Əgər şah İsmayılın bütövlük mübarizəsində yanında onu yetişdirən lələləri var idisə, şah Qacarın yanında özündən savadlı, bacarıqlı kimsə yox idi. Ağa Məhəmməd şah Qacar İranda 130 illik türk hakimiyyətinin əsasını qoyaraq türkün sonuncu fatehi kimi tarixə həkk oldu.
Ağa Məhəmməd şah bütün xüsusiyyətlərilə türk hökmdarı idi. Onun qoyduğu Qacar yasasına görə vəliəhd olan şahzadələr hər iki tərəfdən türk qanı daşımalı və taxta çıxana qədər mərkəzi Təbriz olan Azərbaycan vilayətini idarə etməli, Azərbaycan mühitində, türklərin əhatəsində yetişməli idi. Təsadüfi deyil ki, türk dilində ana dili kitabları ilk dəfə İranda Qacarların hakimiyyəti zamanı nəşr edilmişdi. Şah Qacarın əmri ilə türk dilində atalar sözləri, zərb-məsəllər toplusu olan "Əmsali Türkanə" adlı kitab yazılmışdı.
Şah Qacar din əhli idi. Ömrünün böyük bir həssəsini at belində hərbi səfərlərdə keçirməsinə baxmayaraq ibadətini vaxtı-vaxtında yerinə yetirərdi. Din xadimlərindən tiryək əleyhinə fətva vermələrini tələb etmişdi. Dünyəvi elmlərlə bərabər güclü mədrəsə təhsili almışdı. Əhli-beytə, xüsusilə də Hz. Əliyə sonsuz məhəbbəti vardı. Əhli-beytə ehtiram əlaməti olaraq Kərbəlaya su çəkdirmiş, İmam Hüseynin məqbərəsini təmir etdirmişdi. Vəsiyyətinə uyğun olaraq Nəcəfdə Hz.Əli ilə yanaşı dəfn edilib.
Elbrus Vahidov
Teref.az