Anamızın dilini SİZDƏNMİ ÖYRƏNƏCƏYİK...

"Dil qoruyucuları" adı altında şəxsi ambisiyalar naminə qadağalar, məhdudiyyətlər, pisləmələr, lağlağılıqlarla Azərbaycan dilini etibarsızlaşdıranlar əfv olunmamalıdırlar...
Musiqi zövqündəki müxtəlifliyin, tərbiyənin keyfiyyətinin dilin leksik-qrammatik, orfoepik, stilistik və ya sintaktik quruluşu ilə heç bir əlaqəsi yoxdur...

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Mahnılarımız monitorinq aynasında” tədbirinin müşayiəti ilə yazıçı Seyran Səxavət, Rəsul Rza üslubuna "xor" baxıb. O, şair-ədəbiyyatşünas, professor Vüqar Əhmədi bir növ top atəşinə tutub. Gəlin, diqqət və müqayisə edək:
Vüqar Əhməd: “Şeir-sənət keşiyisən, Göy Xəzərin beşiyisən, Abşeronum mənim” ("Abşeronum mənim" şeiri)

Rəsul Rza: 
"Hər qarışın şair qızın
Natəvandan xəbər verir.
Sən nəğmələr beşiyisən,
sən muğamlar keşiyisən." ("Şuşam mənim" şeiri)

Seyran Səxavət: 
"Bu nədir? Şeir-sənət keşiyi nə deməkdir? Abşeron elə Xəzər dənizinin içindədirsə, necə Xəzərin beşiyi olur?"
S. Səxavət dolayısilə şairə "dərs" də verib: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, vəssalam".
Belə ağıl və idrak sahibləri ilə təmasda olduqda adam XXI əsrdə yaşadığına inanmır.
S.Səxavətin Monitorinq Mərkəzinin tədbirində asıb-kəsdiyi "Sən tel ol, mən daraq" misrası isə şairə, dramaturq, əməkdar incəsənət xadimi Kəmalə Ağayevaya məxsusdur!
Təsəvvür edin, tədbirdə heç bir monitorinqçi və ya alim-akademik bu fikirlərə etirazını da bildirməyib. Biganəlik olan yerdə sakit ölüm var. Deyəsən, nəsibimiz sükut içində tənəzzülümüzdür!
İndi yaradıcı insanlar nə etsinlər? Əllərinə qələm alanda Monitorinq Mərkəzini xatırlasınlar? Qadağa öfkəsi ilə od püskürən simaları hiss və duyğularına hakim kəsdirsinlər?! Yaradıcı insanlar kompleks yaşasınlarmı?! Bəlkə duyğu ümmanlarından ayrılıb təxəyyüllərini gölməçəyə atsınlar və başlasınlar monitorinqin "azman" fəaliyyətini nəzmə çəkməyə?!
Bu qəbil iradlar yaradıcı insanların psixologiyasına depressiv təsir göstərmək, onların dilin zənginliklərindən geninə-boluna istifadə etmək imkanlarını məhdudlaşdırmaq və Azərbaycan dilinin qıt obrazını yaratmaq niyyətini ehtiva edir. Naşılıqdandır, ya nədəndir, bilmirəm. Bir onu bilirəm ki, çox zərərli və təhlükəli fəaliyyətdir. Heç sovet dövründə də dilimizə, yazı qaydalarımıza qarşı akademşəbəkənin yaşatdığı zilləti yaşatmayıblar, əksinə, dilimiz tam sərbəst olub, gözəlliyini, əlvanlığını və orijinallığını qoruyub saxlayıb.
Hələ bu harasıdır? Dövlətin büdcəsindən maliyyələşən qurumun audio-vizual fona malik cazibədarlıqla dolu formal tədbirində müğənnilər önündə səlahiyyət nümayiş etdirmək, öz mənəm-mənəmliklərini diktə etmək naminə Azərbaycan dilini gözdən salmaq və etibarsızlaşdırmaq meyilləri açıq-aydın görünür. Hansısa akademşəbəkə üzvlərinin reklamı niyə Ana dilinin sıxma-boğmaya salınması və döyəclənməsi hesabına olmalıdır axı?
Deliriyadan əziyyət çəkən bu "dil qoruyucuları" görün, dilimiz haqqında hansı təsəvvürü formalaşdırırlar?!
“Azərbaycan dili bu gün reanimasiyadadır, can verir”. Bu nə həqarətdir? Qurum bu etibarsızlığı, ümidsizliyi reklam etmək üçünmü yaradılıb?! Dövlət bunun üçünmü böyük vəsaitlər ayırıb?!
Reanimasiyada olan da, can verən də, başını itirən də, üstəlik, kliniki ölüm keçirən də sizsiniz! Uşaqlarınızı, nəvə-nəticələrinizi rus bölməsində oxudursunuz, oxudun, öz işinizdir, amma adamın vicdanı olar, dil təəssübkeşi cildində gözümüzü dikdiyimiz, yeganə varlıq səbəbimiz olan dil açdığımız doğma dilimizi gözdən və etibardan salmaq fəaliyyətinizə son qoyun!
Gedin, öyrəndiyiniz dillər vasitəsilə faydalı işlərlə məşğul olun! Sizə heç kim mane olmur!
Beş manatdan ötrü yuxarı instansiyanı belə bir qurumun mövcudluğunun zəruriliyinə inandırıb vəzifə və səlahiyyət əldə etmək, sonra şəxsi ambisiyalarınızı gerçəkləşdirmək cəhdlərinizdən əl çəkin!
Hər şey göz qabağındadır!

P. S. Təsisatın hər tədbiri, nəticə etibarilə, dilimizə həqarət motivlərini şirnikləndirirsə, deməli, rəqəmlərlə parıltı yaradıb gözə kül üfürən istənilən qurumun fəaliyyəti haqqında ciddi düşünmək və ölçü götürmək zəruridir!


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri,
professor İdris Abbasov

Dünyapress TV

Xəbər lenti