170 mükafat qazanan məşhur karikaturaçı AZAL-ı topa tutdu: -
Beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli AZAL-ın bilet qiymətlərinin yüksək olması səbəbindən Çexiyadakı sərgisinin açılışına bilet ala bilməyib.

TEREF.AZ bildirir ki, karikaturaçı özü bu barədə Cebhe.info-ya danışıb.

Onun sözlərinə görə, avqustun ilk həftəsində açılışı gözlənilən sərgi üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarı olub. Bu da onun imkanlarına uyğun deyil:

"Bunu tək mən demirəm, millət vəkilləri, siravi vətəndaşlar - hər kəs tərəfindən AZAL-ın qiymətlərinin yüksək olması dəfələrlə vurğulanıb. Mənim əsərlərimin avqust ayında Çexiyada sərgisi açılacaq. Təsəvvür edin, sərginin açılışında iştirak etmək üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarıdır. Mənim də imkanlarım buna uyğun gəlmir axı. Təkcə mənim yox, əksəriyyətin imkanı bu dəqiqə AZAL-ın qoyduğu qiymətlərə uyğun gəlmir. AZAL hazırda insanların cibini soymaqla məşğuldur. Qonşu Gürcüstan, Türkiyə ilə müqayisə edin, görün, nə qədər qiymət fərqi var.

Bu qədər də olmaz. Mən karikatura sahəsində Azərbaycana 170-dən mükafat gətirən insanam, bir çox ölkələrdə dəfələrlə mənim sərgilərim olub. Bu sahədə ölkəyə bu qədər mükafatı heç kim gətirməyib. Amma mən ölkəni tərk edə, sərgimə gedə bilmirəm. Gedib kiməsə deməliyəm ki, mənə təyyarə bileti alsın? Vallah, ayıbdır. İnsanlar AZAL-ın əlindən dad edir, qiymətləri çox yüksəkdir".

O bildirib ki, Çexiyadakı səfirliyimizə də bununla bağlı müraciət edilib, lakin məktub cavabsız qalıb:

"Mənim sərgimi açan təşkilat qonaqlama və otel xərclərini ödəyir. Amma deyirlər ki, bizim maddi imkanlarımız təyyarə biletini almağa çatmır. Təşkilat bizim Çexiyadakı səfirliyimizə də müraciət edib, amma səfirlikdən neçə müddətdir bir cavab yoxdur. Bəzən öz-özünə peşman olursan ki, hansısa bir sahədə ölkəni təbliğ etmək mənəmi qaldı? Mədəniyyət Nazirliyində quyuya daş atırsan, səs-soraq çıxmır".

O, ölkədə karikatura sahəsinin dəyərləndirilməməsindən də gileylənib:

"Zamanında Qənirə Paşayeva da haqqımda Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Özüm də dəfələrlə müraciət etmişəm ki, mənim fəxri ada layiq görülməyimə haqqım var. Hamısı deyir, haqqın var. Ay qardaş, haqqım varsa, haqqımı niyə vermirsən? Mən gəlib sənə yalvarım, haqqımı istəyim? Cənab Prezident mədəniyyət sahəsində çalışan hər bir insana köməyini göstərir. Yaradıcı insan kimi nə emalatxanam var, nə Prezident təqaüdü. Mən bu sayğısızlıqdan, Mədəniyyət Nazirliyinin yaradıcı insana sahib çıxmamasından ölü kimiyəm. Braziliyadan yazırlar, Seyran, biz Azərbaycanı tanımırdıq, sənin sayəndə bilmişik. Türkiyədən yazırlar, sənə öz ölkən niyə sahib çıxmır? Bu ayıbdır".
 

Dünyapress TV

Xəbər lenti