Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 545,1 milyon ABŞ dolları məbləğində satış olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,4% azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 356,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 4 % azdır.
Maraqlıdır, banklar niyə hərracda dollar almır? Vətəndaşların dollar almağa pulu yoxdur?
TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib ki, rəqəmlər şəfafflığı ehtiva etmir:
"Bankların bu gün valyuta almamasının səbəbi ondan ibarətdir ki, valyuta mübadilə məntəqələri var.
2015-ci ildən kütləvi şəkildə vətəndaşlarımızda dollarlaşma getdi, çünki manatda ucuzlaşma vardı. Artıq bir çox kommersiya banklarında da nağd ABŞ valyutasının satışı dayandırılıb. Hazırda hər bir vətəndaş il əvvəlində müəyyən olunmuş məbləğdə valyuta ala bilər.
Beləliklə, biz süni şəkildə "qara bazar"ı formalaşdırmışıq. Artıq insanlar rəsmi dövriyyədən keçmədən, banka müraciət etmədən "qara bazar" vasitəsilə problemlərini təmin edirlər.
"Qara bazar" deyəndə qaçaqmalçılığı nəzərdə tutmuruq. Onlar sivil, sosial şəbəkə üzərindən fəaliyyət göstərirlər, bu da rəsmi dövriyyəyə düşmür. Buna görə də rəsmi statistik məlumatlarda əngəllər baş verir. Tələbat həmişə var, çünki Azərbaycan idxaldan asılıdır. Kifayət qədər xaricdən gələn məhsullar valyuta ilə ödənilir. Bu baxımdan rəqəmlər şəfafflığı ehtiva etmir".