"Seçimimiz yoxdur. Artıq gələn il pulumuz qalmayacaq. Bizə xarici investorlar lazımdır".
"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış rusiyalı milyarder Oleq Deripaska Rusiyanın Krasnoyarsk şəhərində keçirilən iqtisadi forumda deyib.
Həyəcan təbili çalan rusiyalı milyarder qeyd edib ki, Rusiya iqtisadiyyatının gələcəyi ölkədəki idarəetmədən və hüququn aliliyindən asılı olacaq.
Özü də Qərbin sanksiyalarına məruz qalan və Kremlə yaxın iş adamı sayılan Deripaska bildirib ki, Rusiya üçün indidən sonra yalnız "dost ölkələrin" bazarlarına çıxış imkanı qalır. Lakin həmin bazarların da oyun qaydaları sərtdir: "Hesablaşmalarla bağlı problemlər olacaq. Sanksiyaların çox ciddi təzyiqi var".
Rusiyalı milyarder siyasi oyunları qurtarıb, iqtisadiyyatla məşğul olmağın zəruriliyini qeyd edib: "Biz artıq Rusiyanın dünyadakı xüsusi yeri barədə xülyalara son qoymalı və öz işimizlə məşğul olmalıyıq".
Deripaska həmçinin, Rusiyadakı məmurların, ən əsası isə çoxsaylı güc strukturları əməkdaşlarının dəfələrlə ixtisar olunmasını təklif edib.
Qeyd edək ki, tanınmış iş adamının bu açıqlamaları Rusiya mətbuatında və sosial şəbəkələrində böyük əks-səda doğurub və geniş müzakirələrə səbəb olub.