Zəlzələ Türkiyə iqtisadiyyatını necə “vuracaq”? - ARAŞDIRMA
Zəlzələnin iqtisadi nəticələrini qiymətləndirən ekspertlərin fikrincə, zəlzələ 2023-cü ildə iqtisadi artımı 1 faizə qədər azaldacaq. İnflyasiyanın yeni yüksəlişləri də “qapıdadır”.

Cebhe.info xəbər verir ki, Türkiyə tarixində ən ağır itkilərə yol açan zəlzələ fəlakətinin ölkə iqtisadiyyatına təsiri ilə bağlı müzakirələr davam edir. Hətta ən optimist hesablamalara görə, on milyardlarla dollar itki proqnozlaşdırılır və zəlzələdən zərər çəkmiş şəhərlərin normal vəziyyətə gəlməsi üçün uzun illər lazım ola biləcəyi bildirilir. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, zəlzələdən zərər çəkmiş 11 vilayətdən ibarət olan bölgənin ÜDM-dəki payı 9,8 faiz, əhalisinin sayı isə təxminən 14 milyon nəfərdir. Fəlakət bölgəsində iqtisadiyyat həm kənd təsərrüfatı, həm heyvandarlıq, tekstil, dəmir-polad və enerji olmaqla sənaye istehsaından formalaşır.

Məsələn, təkcə Kahramanmaraş Türkiyənin iplik istehsalının 36 faizini həyata keçirir. Yaxın Şərq bazarlarının ixrac bazası olan Qaziantep isə dünya tək hissə xalça istehsalının 60 faizinə ev sahibliyi edir. Türkiyənin ümumi sitrus meyvələri istehsalının üçdə biri Adananın payına düşür.

Hatay isə Türkiyənin ən böyük dəmir-polad zavoduna ev sahibliyi edir və sitrus meyvələri istehsalının 21 faizini qarşılayır. Son illərdə turizm və qastronomiyada ön plana çıxan Şanlıurfa taxıl, pambıq və mərcimək istehsalında liderlik edir. Yaxın Şərq ölkələri ilə bağlı hesabat və təhlillər dərc edən Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun bu yaxınlarda dərc etdiyi hesabatda zəlzələdən sonra Türkiyənin yaxın gələcəkdə yeni bir valyuta böhranı ilə üzləşəcəyini gözləyənlərin sayının artdığı bildirilib.

İqtisadçı Dr. Murat Kubilay tərəfindən hazırlanan hesabatda Türkiyə iqtisadiyyatının xarici maliyyə şoklarına qarşı həddindən artıq həssaslıq nümayiş etdirdiyi və bu vəziyyətin daxili gözləntilərə mənfi təsiri vurğulanıb. Kahramanmaraş zəlzələsinin iqtisadiyyata təsirini 2011-ci ildə Van zəlzələsi və ya 1999-cu ildəki Mərmərə zəlzələsi ilə müqayisə etməyin doğru olmayacağını vurğulayan iqtisadçı Murat Kubilay bildirib ki, Van zəlzələsi çox məhdud ərazidə baş verib:


“Mərmərə zəlzələsi Türkiyənin istehsal və maliyyə mərkəzində olub. Bu zəlzələ nəhəng bir əraziyə təsir edib, amma maliyyə sistemi işləyir, təchizat zəncirində ciddi bir fasilə yoxdur. Ancaq real tablo hələ tam aydın deyil".

“2023-cü ildə artım 1 faizə qədər azala bilər”

Qeyd edilir ki, zəlzələdən əvvəl Cənub-Şərq bölgəsində kənd təsərrüfatı istehsalında ciddi problemlər var idi:

“Bir tərəfdən quraqlıq, digər tərəfdən 2023-cü ilin yanvar ayında 142 faizi keçən Kənd Təsərrüfatı Məhsulları İstehsalçı Qiymət İndeksi kənd təsərrüfatı istehsalında əhəmiyyətli bir yavaşlamaya işarə edir. Zəlzələdən sonra bölgədə xüsusilə yem problemi yaşanır. İstehsalçıların itirdiyi infrastrukturla yanaşı, zəlzələ nəticəsində tələf olan heyvanların sayı və bölgəni tərk edən fermerlər barədə də məlumat hələlik dəqiq deyil”.

İqtisadçının sözlərinə görə, zəlzələnin infrastruktura vurduğu ziyan 10 milyard dolları keçsə də, əsas mənfi təsir özünü Türkiyənin böyümə performansında göstərəcək:

“2023-cü ildə 3 faiz ilə 3,5 arasında böyüməsi gözlənilən Türkiyə iqtisadiyyatı bu artımın təxminən 2 faizini itirə biləcək. Yəni böyümə olmasa, təxminən 20 milyard dollar zərərimiz olacaq”.

“İnflyasiya 50 faizdən aşağı düşməyəcək”

Zəlzələdən sonra iqtisadiyyatla bağlı maraq doğuran digər bir məsələ isə inflyasiyanın nə qədər olacağıdır. İstehlak qiymətlərində 90 faiz, istehsalçı qiymətlərində isə 160 faizə yüksələn inflyasiya Türkiyədə hökumətin faiz dərəcələrini endirmə siyasəti ilə yanaşı, son 1,5 ildə sürətlə artıb. Noyabr ayında isə azalma tendensiyası müşahidə olunub. Son açıqlanan 2023-cü ilin yanvar ayı inflyasiyası illik əsasda istehlak qiymətlərində 57,68 faiz, istehsalçı qiymətlərində isə 86,46 faiz təşkil edib. Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən əvvəl bəyan etmişdi ki, hamı ilin sonunda inflyasiyanı 20 faiz hesablamalıdır. Bununla belə, ekspertlərin fikrincə, zəlzələnin yaratdığı dağıntılardan sonra bir çox mal və xidmətlərə ehtiyacın olması inflyasiyaya yüksələn təsir göstərəcək.

Murat Kubilaya görə, seçki gərginliyi və ya valyuta böhranı olmasa belə, inflyasiya ili ən yaxşı halda 50 faizlə bağlayacaq. Yəni xalqın alıcılıq qabiliyyətinin azalmasının davam edəcəyini vurğulayan Kubilay deyib: “Ancaq dövlət xərcləri üçün həm monetar genişlənmə, həm də əlavə vergilər gündəmə gələcək. Bunun inflyasiyaya sürətləndirici təsiri olacaq”.

Dollara yeni hücum

İqtisadiyyatda digər kövrək məqam xarici ticarət kəsiridir. 2022-ci ildə 110,2 milyard dollarlıq rekord kəsiri olan Türkiyə 2023-cü ilə də yaxşı başlamamışdı. Yanvar ayında 14,4 milyard dollarlıq xarici ticarət kəsiri olan Türkiyə iqtisadiyyatında qlobal enerji qiymətlərinin aşağı düşməsinə baxmayaraq, idxal hesabı artmağa davam edir. Zəlzələnin yaralarını sağaltmaq və milyonlarla zəlzələ qurbanının ehtiyaclarını ödəmək üçün ciddi tələb partlayışı olacağını ifadə edən iqtisadçıların fikrincə, bu, hökumətin dollar kursunda yeni hücumlara yol aça bilər. Bütün bunlara seçki tarixindəki qeyri-müəyyənliyin də əlavə olunduğunu bildirən Kubilay bu vəziyyətin zəlzələ fəlakətinin iqtisadiyyata təsirlərini artıracağını qeyd edir.

Hesablamalar fərqlidir

Zəlzələnin nəticələrinin 2023-cü ildə Türkiyə iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı müxtəlif hesablamalar var. ABŞ-ın sərmayə bankı “Morgan Stanley” tərəfindən zəlzələlərin Türkiyəyə mümkün makroiqtisadi zərəri ilə bağlı hazırladığı hesabatda Türkiyədə birbaşa yaşayış evlərinə dəyən zərərin dəyərinin 24 milyard dollar civarında olacağı proqnozlaşdırılır. Bəzi əlavə xərclər nəzərə alındıqda, bu rəqəmin 38 milyard dollara çata biləcəyini təxmin edən bank bu dövrdə idxalın artmasının cari hesab kəsirinə 9 milyard dollarlıq yük əlavə edə biləcəyini təxmin edir. Fəlakət modelləşdirmə şirkəti “Karen Clark & Company” zəlzələ sığortası çərçivəsində itkilərin 2,4 milyard dollar olacağını gözləyir. ABŞ-da yerləşən “JPMorgan” investisiya bankı da fiziki məhvin birbaşa dəyərinin ən azı 25 milyard dollar olacağını proqnozlaşdırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) də zəlzələlərin iqtisadi təsirlərinin Türkiyənin ÜDM-nin 1 faizinə qədər itkisinə səbəb ola biləcəyini açıqlayıb. Türk iş dünyasının olan TÜRKONFED-in hazırladığı 2023-cü il Kahramanmaraş Zəlzələ Fəlakət Vəziyyəti Hesabatı başlıqlı hesabatda Mərmərə Zəlzələsi məlumatlarından istifadə edilən metodologiya ilə Kahramanmaraş zəlzələlərinin 84,1 milyard dollar maddi ziyana səbəb olacağı hesablanıb.
1677004363_2.jpg
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq
24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Dünyapress TV

Xəbər lenti